Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-241/2023 04.11.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Ağdam rayonunun Göytəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Laçın rayonunun Qozlu kəndində qeydiyyatda olmaqla həbs olunanadək Ağdaş rayonunun Qolqəti kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 11,844 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlayıb daşımış, 30 mart 2023-cü il tarixdə saat 11:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən işlədiyi mağazanın qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında xidməti otaqda həmin tarixdə saat 11:39-dan 11:58-dək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qəhvəyi rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 11,844 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə saat 09:00 radələrində işlədiyi mağazada olan zaman oraya gəlmiş Ağdaş RPŞ-nin əməkdaşı polis şöbəsinə getməli olduğunu ona bildirmiş, o da razılaşmış və birlikdə rayon polis şöbəsinə getmişlər. Orada olan zaman ona silahının olduğunu, İran İslam Respublikasına casusluq, dövlət çevrilişinə cəhd etdiyini, başqa çıxış yolunun olmadığını, üzərinə narkotik vasitə yerləşdirəcəklərini deyib onu döyməyə, başıaşağı formada qollarına qandal bağlayıb ayaqlarının altına rezin dəyənək ilə vurmağa başlamışlar. Daha sonra polis əməkdaşları onun üzərinə narkotik vasitə yerləşdirmiş və ardınca da üzərində şəxsi axtarış aparmışlar. Bu zaman polis əməkdaşları əynində olan gödəkcənin sol yan cibindən bir ədəd büküm çıxarıb ondan həmin bükümün içərisində nəyin olduğunu soruşmuşlar, o isə bükümün içərisində nə olduğunu bilmədiyini və həmin bükümün ona məxsus olmadığını demişdir. Polis əməkdaşları bükümü açdıqdan sonra içərisindən qəhvəyi rəngli kütlə aşkar olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Daha sonra isə polis əməkdaşları sənədləri gətirib imza etməsini tələb etmişlər, o isə həmin sənədləri oxuduqdan sonra imza etməyi planlaşdırmış, lakin bu zaman polis əməkdaşı ona zərbə vurduğu üçün oxumadığı sənədlərə imza etmək məcburiyyətində qalmışdır. Narkotik vasitədən istifadə etməmiş və cibinə yerləşdirilən kütlənin narkotik vasitə olduğunu sonradan bilmişdir. İbtidai istintaq zamanı telefon danışıqlarına və mesajlara baxış keçirilmiş, lakin heç nə aşkar edilməmiş, habelə qan analizlərinin nəticəsində narkotik vasitədən istifadə etmədiyi müəyyən olunmuşdur. Videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitənin ona məxsus olmadığını bildirmiş, lakin sonradan polis əməkdaşları cinayət işinin materiallarına videoçəkilişi deyil, ancaq fotoşəkilləri əlavə etmişlər. On qarşı edilən qanunsuzluqlarla bağlı dövlət orqanlarına (qurumlarına) şikayət etmiş, habelə barəsində qətimkan tədbiri seçilən zaman narkotik vasitənin ona məxsus olmadığını və polis əməkdaşları tərəfindən üzərinə yerləşdirildiyini məhkəməyə bildirmişdir. Polis əməkdaşları onu Ağdaş RPŞ-nin inzibati binasına səhər saat 09:00 radələrində aparsalar da cinayət işinin materiallarında onun saat 11:00 radələrində aparıldığı qeyd olunmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə təxminən saat 11 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən mağazada olan zaman Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq Ağdaş Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər, o da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Ağdaş Yevlax RPŞ-yə getmişdir. Orada olan zaman hüquq və vəzifələri izah edilərək müdafiəçinin və iki nəfər hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan gödəkcənin sol yan cibindən içərisində nə olmasını bilmədiyi, qəhvəyi rəngli toz halında maddə olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. O, həmin maddənin nə olmasını bilmədiyini, qeyd olunan maddənin ona aid olmadığını, göstərilən sellofan bükümün onun üzərində olmasından xəbərsiz olduğunu, heç vaxt heç kəsə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını polis əməkdaşlarına bildirmişdir. Daha sonra elektron tərəzi vasitəsilə çəkilən zaman həmin bükümün çəkisinin 12,5 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş RPŞ-nin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 mart 2023-cü il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində məcburi köçkün kimi yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə Ağdaş RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində olan mağazalardan birinin giriş hissəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və hüquq və vəzifələri izah edilib müdafiəçi və hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman əynində olan gödəkcənin sol yan cibindən içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin nə olmasını bilmədiyini və üzərində olmasından xəbərsiz olduğunu bildirmişdir. Daha sonra elektron tərəzi vasitəsilə çəkilən zaman həmin bükümün çəkisinin 12,5 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və sonuncu ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 30 mart 2023-cü il tarixdə təxminən saat 11:30 radələrində Ağdaş Rayon Polis Şöbəsinin qarşısından keçən zaman polis əməkdaşı ona Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun polis əməkdaşları tərəfindən tutularaq rayon polis şöbəsinə gətirildiyini və üzərində şəxsi axtarış aparılmasının zəruri olduğunu bildirərək şəxsi axtarışın aparılmasında hal şahidi qismində iştirak etməsini təklif etmiş, o da razılaşmışdır. Bundan sonra Ağdaş RPŞ-də olan zaman Təqsirləndirilən şəxs, sonuncunun müdafiəçisinin və hal şahidi qismində dəvət olunmuş daha bir nəfər Ağdaş rayon sakininin də orada olması ona məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs, ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmiş, ardınca isə müdafiəçinin, onun və digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibindən içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə olan 01 ədəd sellofan büküm aşkar olunmuş və sonuncu həmin maddənin nə olmasını bilmədiyini demişdir. Daha sonra elektron tərəzi vasitəsilə çəkilən zaman həmin bükümün çəkisinin 12,5 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş şəhərində yerləşən işlədiyi “OBA” marketdə videomüşahidə kamerası quraşdırılmış, həmin videokameranın saatında nasazlıq olduğundan iki saata yaxın fərq olmuş və real saat 11 olduğu təqdirdə videokamerada saat 09 kimi qeyd olunmuşdur. 2023-cü ilin mart ayında iki-üç nəfər onun razılığı əsasında videomüşahidə kameralarının qeydə aldığı videogörüntülərə baxmış və sonra isə həmin yeri tərk edib getmişlər. Təxminən 20-25 gün sonra isə polis əməkdaşları oraya gəlmiş və həmin videogörüntüləri onlara təqdim etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 29 mart 2023-cü il tarixdə səhər saat 10:38 radələrində Laçın rayonu, Qozlu kənd icra nümayəndəliyindən Ədalət adlı şəxs ona zəng edərək qardaşı Təqsirləndirilən şəxs barəsində məlumatın istənildiyini bildirmiş, o isə qardaşı barədə məlumatları həmin şəxsə demişdir. Həmin tarixdə saat 18:50 radələrində Ağdaş rayonu, Qolqəti kənd bələdiyyəsindən Süleyman adlı şəxs ona zəng edərək qardaşı Təqsirləndirilən şəxs barəsində məlumat istəmiş, o da qardaşı barədə məlumatları həmin şəxsə demiş və ardınca isə bu haqda qardaşı Təqsirləndirilən şəxs məlumat vermişdir. 30 mart 2023-cü il tarixdə səhər saatlarında isə qardaşının tutulduğunu öyrənmiş, lakin qardaşı mobil telefona cavab vermədiyi üçün əlaqə saxlaya bilməmişdir. Daha sonra onlar Ağdaş RPŞyə gedib Təqsirləndirilən şəxs orada olub-olmadığı ilə maraqlanmışlar və polis əməkdaşları qardaşının orada olmadığını demişlər. Həmin tarixdə saat 14:00 radələrində isə qardaşının polis şöbəsində olduğu ona bildirilmiş, o da polis şöbəsinə getmişdir. Orada olan zaman ona və qardaşına onlarda olan videogörüntülərin təqdim edilməsi ilə bağlı təzyiqlər olunmuş və bundan sonra o, videogörüntünü polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30 mart 2023-cü il tarixli raportdan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş rayonu, Qolqəti kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30 mart 2023-cü il raportdan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Ağdaş rayonu, Qolqəti kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və narkotik vasitədən istifadə etməsi şübhəsi ilə həmin tarixdə saat 11:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan gödəkcənin sol yan cibindən içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə olan 01 ədəd sellofan büküm edilib götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 30 mart 2023-cü il tarixli 17/29 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 11,844 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 07 aprel 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, yəni satışı ilə məşğul olması və narkotik vasitələrdən istifadəsi etməsi müəyyən olunmuş, lakin onun narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 may 2023-cü il tarixli 796 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi, cinayət işinin başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və onun əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və onun əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı cinayət işinin ayrıca icraata ayrılması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 17 aprel 2023-cü il tarixli PHŞ-6-22/2-526/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 30 mart 2023-cü il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş rayonu, Qolqəti kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 30 mart 2023-cü il tarixdə müdafiəçinin və hal şahidlərinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində 30 mart 2023-cü il tarixdə təxminən saat 11 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən mağazada olan zaman Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının təklifi ilə rayon polis şöbəsinə getdiyini, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkcənin sol yan cibindən içərisində nə olmasını bilmədiyi, qəhvəyi rəngli toz halında maddə olan 01 ədəd sellofan bükümün aşkar olunduğunu, həmin maddənin nə olmasını bilmədiyini, qeyd olunan maddənin ona aid olmadığını, göstərilən sellofan bükümün onun üzərində olmasından xəbərsiz olduğunu, heç vaxt heç kəsə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını bildirmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə 30 mart 2023-cü il tarixdə saat 09:00 radələrində işlədiyi mağazada olan zaman Ağdaş RPŞ-nin əməkdaşının tələbi ilə rayon polis şöbəsinə getdiyini, orada olan zaman ona silahının olduğunu, İran İslam Respublikasına casusluq, dövlət çevrilişinə cəhd etdiyini, başqa çıxış yolunun olmadığını, üzərinə narkotik vasitə yerləşdirəcəklərini deyib onu döyməyə, başıaşağı formada qollarına qandal bağlayıb ayaqlarının altına rezin dəyənək ilə vurmağa başladıqlarını, daha sonra polis əməkdaşlarının onun üzərinə narkotik vasitə yerləşdirdiyini və ardınca da üzərində şəxsi axtarış aparıldığını, bu zaman polis əməkdaşlarının əynində olan gödəkcənin sol yan cibindən bir ədəd bükümü çıxarıb ondan həmin bükümün içərisində nəyin olduğunu soruşduğunu, bükümün içərisində nə olduğunu bilmədiyini və həmin bükümün ona məxsus olmadığını dediyini, polis əməkdaşları bükümü açdıqdan sonra içərisindən qəhvəyi rəngli kütlə aşkar olunduğunu, daha sonra tərtib olunan sənədlərə imza etməkdən imtina etdiyini, polis əməkdaşı ona zərbə vurduqdan sonra oxumadığı sənədlərə imza etmək məcburiyyətində qaldığını, narkotik vasitədən istifadə etmədiyini, cibinə yerləşdirilən kütlənin narkotik vasitə olduğunu sonradan bildiyini və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitənin ona məxsus olmadığını bildirdiyini, lakin sonradan polis əməkdaşları cinayət işinin materiallarına videoçəkilişi deyil, ancaq fotoşəkilləri əlavə etdiyini və polis əməkdaşları onu Ağdaş RPŞnin inzibati binasına səhər saat 09:00 radələrində aparsalar da cinayət işinin materiallarında onun saat 11:00 radələrində aparıldığının qeyd olunduğunu bildirmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə Ağdaş rayon prokurorluğunda araşdırma aparılmış, onun adına tərtib olunmuş “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan götürülmüş, həmçinin məhkəmə-tibb ekspertizasından keçirilərək müvafiq rəy alınmış və qeyd olunan müayinələr zamanı onun bədən səthində hər hansı xəsarət aşkar olunmamış, nəticədə həmin xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Bunlarla yanaşı, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində 30 mart 2023-cü il tarixdə təxminən saat 11 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən mağazada olan zaman Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının təklifi ilə rayon polis şöbəsinə getdiyini və qeyd olunanların videomüşahidə kameraları vasitəsilə qeydə alındığını bildirmişdir. Həmin xüsusatla bağlı baxış keçirilməsi haqqında 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, videogörüntü Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “OBA” market istiqamətindən Təqsirləndirilən şəxs işlədiyi mağaza istiqamətində aparılmış, videogörüntüdə tarix və saat kimi müvafiq olaraq “xx.xx.2023” və “09:03” qeyd olunmuş və göstərilən vaxtda Təqsirləndirilən şəxs saxlanılaraq aparılması əks olunmuşdur. Qeyd olunan xüsusatla bağlı şahid qismində dindirilmiş X5 ifadəsində Ağdaş şəhərində yerləşən işlədiyi “OBA” marketdə quraşdırılmış videomüşahidə kamerasının saatında nasazlığın olduğunu, iki saata yaxın fərq olduğunu və real saat 11 olduğu təqdirdə videokamerada saatın 09 kimi göstərildiyini bildirmişdir. Qeyd olunanlara əsasən təqsirləndirilən şəxsin göstərilən məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş Nəcəf Həşimovun və polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Qeyd olunanlarla yanaşı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 29 mart 2023-cü il tarixdə Laçın rayonu, Qozlu kənd icra nümayəndəliyindən Ədalət adlı şəxsin və Ağdaş rayonu, Qolqəti kənd bələdiyyəsindən Süleyman adlı şəxsin ona zəng edərək qardaşı Təqsirləndirilən şəxs barəsində məlumat istədiklərini, qardaşı barədə məlumatları həmin şəxslərə dediyini bildirmiş, qardaşının tutulmasını bununla əlaqələndirmiş və qeyd olunan şəxslər tərəfindən ona edilən zənglərin müvafiq çıxarışını təqdim etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan zənglərin edilməsi ilə Təqsirləndirilən şəxs tutulması arasında hər hansı səbəbli əlaqə yoxdur və adları qeyd edilən şəxslərin Təqsirləndirilən şəxslə bağlı məlumatları öyrənməyə çalışmasının səbəbləri müxtəlif ola bilər. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd olunanlar Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edən sübut növü kimi qəbul edilə bilməz. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək üzərində saxlayıb daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı, yəni Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 01 ədəd sellofan bükümdə külli miqdarda, yəni 11,844 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə heroinin bir bükümdə olması, başqa növ narkotik vasitənin və ya psixotrop maddənin, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 11,844 qram çəkidə narkotik vasitə heroin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Eyni zamanda, şəxsə məxsus mobil telefon nömrəsinə daxil olan və həmin mobil telefon nömrəsindən çıxan zənglərə və SMS mətnlərinə dair məlumatlar götürülmüş, lakin iş üçün hər hansı əhəmiyyətli hal müəyyən olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamış, onların bu xüsusatla bağlı verdiyi ifadələr ehtimallara əsaslanmışdır. Qeyd olunmalıdır ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan əldə etməsi şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməl CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Qolqəti kəndində yaşamışdır, 09 dekabr 2014-cü ildə doğulmuş Zeynəb Bəndəliyeva və 20 mart 2016-cı ildə doğulmuş Məhəmməd Bəndəliyev onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ümumilikdə götürdükdə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı olan cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarda xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X2 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasına, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasına və 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasına qoşulmuş bütün dövlətlər tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş, bu qəbildən olan cinayətin törədilməsini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 14 avqust 2023-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 30 mart 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 11,794 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71,94 (yetmiş bir manat döxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 71,94 (yetmiş bir manat döxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 11,794 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat döxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-241/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-241/2023
04.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver