Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-241/2025 06.10.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X9, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, Yevlax rayonunun Ərəş kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan X2 adına olmaqla, faktiki olaraq atası Şahid3 məxsus olan Mercedes Benz C180 minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax rayonunun Ərəş kənd yolu ilə Xaldan kəndi istiqamətində idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayıraraq, hərəkətdə olduğu zolağın ortası ilə onunla eyni istiqamətdə hərəkətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamadan, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib, keçib getməli və lazım gəldikdə həmin piyadaya çatmadan avtomobili dayandırmalı olduğu halda öz idarəetmə hərəkətləri ilə hərəkətin təhlükəsizliyini təmin etməyərək, ehtiyyatsızlıqdan hərəkətdə olan piyada X5 idarə etdiyi Mercedes Benz C180 minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan xx.xx.2005-ci il təvəllüdlü, Yevlax rayonunun Ərəş kəndində qeydiyyatda olan X10 aldığı xəsarətlərdən həmin gün aparıldığı Mingəçevir ŞMX PHŞ-da göstərilən tibbi yardımlara baxmayaraq, orada 13 fevral 2025-ci il tarixdə açıq kəllə beyin travması, baş beyinin yumşaq toxumalarına qansızma ilə ağırlaşan gicgah sümüyünün basılmış, kəllə əsası sümüklərinin xətti sınığı xəsarətləri ilə müşayiət olunan, ölümlə birbaşa səbəbli əlaqəli olan bədən xəsarətləri nəticəsində öldüyündən, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X3 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində yaşadığı Yevlax rayonunun Ərəş kənd ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı atasına məxsus Mercedes-Benz markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan piyada X5 vuraraq xəsarət yetirmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 19:30 radələrində o, Yevlax rayonu Xadan kəndində yerləşən işlədiyi "xxxx" MMC-nin inzibati binasına getmək üçün yaşadığı evdən çıxıb, atasına məxsus Mercedes Benz markalı avtomobillə evdən çıxmazdan əvvəl atasına avtomobillə iş yerinə dəyib, qayıdacağını bildirmiş və atası ona icazə vermişdir. O da həmin avtomobilə əyləşərək, yaşadığı Yevlax rayonunun Ərəş kəndində yerləşən evdən çıxıb, Yevlax rayonunun Xaldan kəndi istiqamətində hərəkət etməyə başlamışdır. İdarə etdiyi avtomobilinin sağ tərəf farasının işiğı sol tərəf faraya nisbətdə daha qısa məsafəni işıqlandırmışdır. Belə ki, avtomobilinin sol tərəf farası təxminən 15 metrlik məsafəni işıqlandırsa da, sağ tərəf fara təxminən 10 metr məsafəni işıqlandırmışdır. Avtomobilin sağ tərəf farasını tənzimləmək mümkün olmamış, buna görə də faranın istiqaməti yerə daha yaxın olmuşdur. Onun hərəkət etdiyi Ərəş-Xaldan kənd yolu isə işıqlandırma ilə təchiz olunmamışdır. Avtomobilində olan maqnitofonun ekranı elektron idarə edilən və işığı çox güclü olduğundan, işıq gözünə düşmüş, avtomobili idarə etməsinə maneçilik törətmişdir. O, Ərəş kənd yolu ilə Xaldan kəndi istiqamətində hərəkətdə olarkən, Mayis adlı həmkəndlisinin mağazasına çatmağına təxminən 15-20 metr məsafə qalmış, maqnitofonu söndürmək istəmiş, buna görə bir anlıq diqqətini yoldan çəkərək maqnitofona baxmış və bu zaman bir nəfərin yolun kənarı ilə piyada Xaldan kəndi istiqamətində normal yerişlə hərəkətdə olduğunu görmüşdür. Həmin şəxs idarə etdiyi avtomobilin ona yaxınlaşdığını görərək, sol tərəfə doğru çevrilmiş və yerində dayanmışdır. O, həmin şəxsi gec gördüyündən reaksiya göstərə bilməmiş və idarə etdiyi avtomobillə həmin şəxsi vurmuşdur. Zərbənin təsirindən sonradan həmkəndlisi olduğunu bildiyi X3 başı avtomobilin ön şüşəsinə dəymiş və Ələmdar yerə yıxılmışdır. O, dərhal avtomobili saxlayaraq, yerə düşmüş və avtomobillə vurduğu şəxsin X10 olduğunu bilmişdir. O, Ələmdarı gördükdə Ələmdar hərəkətsiz yerdə uzanmış və huşu özündə olmamışdır. O, hadisə törətdikdən dərhal sonra Mayisin mağazasının yanında yerləşən kafedən çıxan, atasının dostu Xəyal adlı həmkəndlisinin köməkliyi ilə Ələmdarı idarə etdiyi avtomobilin arxa oturacağına uzadaraq, Xəyalla birlikdə Mingəçevir ŞMX-ya aparmışdır. Hadisədən sonra Ələmdar Soltanov 6 gün müddətində Mingəçevir ŞMX-da qalmış, lakin xx.xx.2025-ci il tarixdə xəstəxanada ölmüşdür. Onun sürücülük vəsiqəsi yoxdur. Avtomobili idarə etməzdən qabaq spirtli içki qəbul etməmiş, sərxoş olmamışdır. O, maqnitofonu söndürdükdən sonra yola baxanda, Ələmdarı Soltanovu təxminən 3-4 metrlik məsafədə görmüşdür. Belə ki, o, maqnitofonu söndürmək üçün bir neçə saniyə maqnitofona baxmış və yenidən yola baxdıqda, 3-4 metrlik məsafədə Ələmdar görmüşdür. O, Ələmdarı görəndə hadisədən yayınmaq istəsə də, Ələmdarla aralarında qısa məsafə qaldığından heç bir reaksiya verə bilməmişdir. X14 avtomobilin sağ hərəkət zolağı, yolun kənarı ilə, asfalt örtüklə Xaldan kəndi istiqamətində hərəkətdə olmuşdur. Daha sonra suallara cavab verən Hidayət Bayramov bildirmişdir ki, idarə etdiyi maşının işıqlarında problem olmamışdır. Sürücülük vəsiqəsi olmamışdır. Piyadanı vurandan sonra görmüş, o da gec olmuşdur. Piyadanı vurandan sonra telefon işığı ilə nə olduğunu görmüş, daha sonra maşına qoyaraq, xəstəxanaya aparmışdır. Spirtli içki qəbul etməmişdir. Piyada ilə məsafəsi çox yaxın olmuşdur. Yolda işıqlandırma olmamışdır. Asfalt yaş, ətraf isə qaranlıq olmuşdur. Piyada sarı xətdən içəridə olmuşdur. Yasda iştirak etmişdir. Yolda başqa maşın olmamışdır. Piyadanın dayandığını, ya da hərəkət etdiyini bilməmişdir. Hüquqi varislə barışmağa cəhd göstərmiş, lakin onlar barışmamışlar. Zərərçəkəni Şahid1la birlikdə xəstəxanaya aparmışdır. Xəyal həmin ərazidə yaşayır. İbtidai istintaq zamanı verdiyi ifadəyə polis və ya müstəntiq təsir göstərməmiş və həmin ifadəni təsdiq edir. Hadisəni qəsdən törətməmişdir. Əməlindən peşmandır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqında müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinə inanır və onu ittiham hökmünün əsasına qoyur, çünki onlar Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun əldə edilmiş, ardıcıl və məntiqlidir, hadisədən sonra orada olmuş şahidlərin ifadələri ilə uzlaşır, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Təqsirləndirilən şəxs dindirmələri müdafiəçilərin iştirakı ilə aparılmış, ona hüquqları izah edilmiş və o, həmin hüquqlarından istifadə etməklə hadisə barədə ifadə vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirini müəyyən edilmiş hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, X10 onun oğludur. 07 fevral 2025-ci il tarixdə yaşadığı Yevlax rayonunun Ərəş kəndində baş verən yol nəqliyyat hadisəsi zamanı mərhum oğlu Ələmdar piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz markalı avtomobillə Ələmdarı vurmuş, nəticədə oğlu xəsarət almış və sürücü Hidayət Xəyal adlı həmkəndlisinin köməkliyi ilə Ələmdarı Mingəçevir ŞMX-ya aparmışdır. O, hadisəni bildikdən sonra dərhal Mingəçevir ŞMX-ya getmişdir. Mərhum oğlu 6 gün Mingəçevir ŞMX-da koma vəziyyətində qaldıqdan sonra 13 fevral 2025-ci il tarixdə vəfat etmişdir. Daha sonra suallara cavab verən Elgün Soltanov bildirmişdir ki, qarşı tərəf barışığa cəhd etmiş, lakin onlarla barışmamışlar. Təqsirləndirilən şəxs cəzasını çəkməsini istəyir. Məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, 07 fevral 2025-ci il tarixdə, saat 20 radələrində oğlu Hidayət idarə etdiyi Mercedes Benz markalı avtomobillə piyada hərəkətdə olan Ələmdar Soltanovu vurmuşdur. Həmin gün hadisədən əvvəl, saat 19:30 radələrində oğlu Hidayət iş yerinə getmək üçün ondan avtomobilini idarə etməyə icazə istəmiş, o da özünə məxsus olan və kreditlə aldığı, etibarnamə əsasında idarə etdiyi avtomobilinin açarını oğlu Hidayətə vermişdir. Ancaq 30- 40 dəqiqə sonra oğlu Hidayətin yol nəqliyyat hadisəsi törətdiyini bilmişdir. O, Hidayətə avtomobili idarə etməyinə icazə vermişdir. Hidayətin sürücülük vəsiqəsi olmamışdır. Daha sonra suallara cavab verən Şahid3 bildirmişdir ki, dəfn mərasimində iştirak etməmiş, lakin yas məclisində olmuşdur. Zərərçəkmiş xəstəxanada yatarkən köməklik göstərmiş, lakin edilən köməkliyi, pulu sonra geri qaytarmışlar. Hidayət əvvəllər də kəndin içərisində maşın sürmüşdür. Barışmağa çalışmış, amma qarşı tərəf razı olmamışdır. Barışıq üçün hər şeyə hazırdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid1 bildirmişdir ki, 07 fevral 2025-ci il tarixdə, saat 19:30 radələrində o, həmkəndlisi X6 məxsus olan mağazada sonuncunun arvadı Şahid2 ilə alış-veriş edən zaman küçədən qəza səsi eşitmiş və dərhal küçəyə çıxmışdır. O, küçəyə çıxdıqda həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz C180 markalı avtomobillə digər həmkəndlisi, piyada X5 yol nəqliyyat hadisəsi nəticəsində vurduğunu bilmişdir. Belə ki, o, hadisə yerinə yaxınlaşdıqda Ələmdarın yerdə uzanıqlı vəziyyətdə olduğunu, Hidayətin isə Ələmdara kömək etməyə çalışdığını, Hidayətin “kömək edin! Kömək edin!” deyə qışqırıb, kömək istədiyini eşitmişdir. O, dərhal onların yanına getmiş və Təqsirləndirilən şəxs kömək edərək Hidayətlə birlikdə Ələmdarı yerdən qaldırıb, dərhal Hidayətin avtomobilinin arxa oturacağına uzatmışdır. O, Ələmdarı gördükdə Ələmdarın burnundan bir qədər qan gəlmişdir. O, dərhal Şahid2 səsləyib, ondan su gətirməsini istəmişdir. Şahid2 su gətirdikdə, o, Ələmdarın üzünə bir qədər su vurmuşdur ki, huşu yerinə gəlsin. Lakin su vurmasına baxmayaraq, Ələmdarın huşu yerinə gəlməmişdir. X13 avtomobilinə yerləşdirdikdən sonra o, avtomobilin ön sərnişin oturacağında əyləşmiş və arxa hissəyə çönərək Ələmdarı tutmuş və onu taraz saxlamışdır. Onlar Ələmdarı avtomobilə yerləşdirdikdən sonra Hidayət avtomobili idarə etmiş və qısa müddət ərzində Ələmdarı Mingəçevir ŞMX-nın Acil şöbəsinə aparmışlar. Onlar Mingəçevir ŞMX-nın Acil şöbəsinin qarşısına çatdıqda, dərhal xəstəxanın tibb işçilərini çağırmış və xəstəxananın tibb işçiləri Ələmdarı xərəyə yerləşdirirərək, ilkin müdaxilə etmək üçün xəstəxananın Acil şöbəsinə aparmışlar. Bu hadisədən təxminən 5-6 gün sonra o, Ələmdarın vəfat etdiyini eşitmişdir. Daha sonra suallara cavab verən Şahid1 bildirmişdir ki, Hidayət ayıq və maşında tək olmuşdur. Zərərçəkmişi xəstəxanaya aparmağa Hidayətə köməklik göstərmişdir. Dükanla hadisə yerini asfalt yol ayırır. Hadisə baş verən küçədə işıqlandırma yoxdur. Yola ancaq mağazanın işığı düşür. Yolun digər tərəfində isə şəhid bulağının işığı vardır. Ancaq həmin vaxt bulağın işığının yanıb-yanmaması xatirində qalmamışdır. Həmin gün yağış yağmış və yer yaş olmuşdur, lakin hadisə vaxtı yağış olmamışdır. Hidayətin özü demişdir ki, köməklik edin, Ələmdarı xəstəxanaya aparaq. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid2 bildirmişdir ki, o, əri X6 məxsus olan, Yevlax rayonunun Ərəş kəndində yerləşən mağazada əri Mayis Mehdiyevlə birlikdə işləyir. Belə ki, günün müəyyən saatlarında mağazada əri Mayis Mehdiyev, müəyyən saatlarında isə o, işləyir. 07 fevral 2025-ci il tarixdə, saat 19:30 radələrində o, mağazada həmkəndisi Şahid1 ərzaq məhsulları satan zaman küçədən qəza səsi gəldiyini eşitmişdir. Əvvəlcə həmkəndlisi Şahid1 mağazadan çölə çıxmış, təxminən bir dəqiqə sonra isə o, çıxmışdır. O, çölə çıxdıqda, Şahid1 ondan dərhal su gətirməsini istəmişdir. Buna görə də geri qayıdıb, dərhal Xəyalın yanına gedərək ona plastik bidonda su vermişdir. Bu zaman yol nəqliyyat hadisəsinin baş verdiyini və həmkəndlisi Hidayətin idarə etdiyi avtomobillə Ələmdarı vurduğunu başa düşmüşdür. O, gətirdiyi su ilə Xəyal Ələmdarın üzünü yumuş və dərhal avtomobilə əyləşdirmişdir. Hidayət Ələmdarın təcili olaraq Mingəçevir ŞMX-ya aparılmalı olduğunu deyərək, avtomobilə əyləşmiş və avtomobili sürərək Ələmdarı aparmışlar. O, hadisədən təxminən 5-6 gün sonra Ələmdarın vəfat etdiyini bilmişdir. Daha sonra suallara cavab verən Şahid2 bildirmişdir ki, hadisə mağazanın qarşısında olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onun ifadələri ardıcıldır, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlər Şahid1, Şahid2, Şahid3 və Elgün Soltanovun ifadələri ilə uzlaşır, çünki onlar da göstərmişlər ki, 07 fevral 2025-ci il tarixdə zərərçəkmiş şəxs Ələmdar Soltanov yaşadığı Yevlax rayonunun Ərəş kəndində yolun kənarı ilə piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz markalı avtomobillə ehtiyyatsızlıqdan Ələmdar Soltanovu vurmuş və nəticədə Ələmdar Soltanov xəsarət alaraq, Mingəçevir ŞMX-ya yerləşdirilmiş və xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən Mingəçevir ŞMX-da vəfat etmişdir. Şahid ifadələri hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası onları dürüst hesab edir və hökmün əsasına qoyur, Təqsirləndirilən şəxs şahidlər tərəfindən böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Yevlax Rayon Polis Şöbəsinin (bundan sonra Yevlax RPŞ ) İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X1 cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 fevral 2025-ci il tarixli qərarı ilə. Həmin qərardan görünür ki, fakta görə CM-in 263-1.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (İ cild, i/v 1). Yevlax RPŞ-nın növbətçi hissəsinin məsul növbətçisi, polis leytenantı Orxan Ağazadənin xx.xx.2025-ci il tarixli raportu ilə. Həmin raportla müəyyən olunur ki, 07 fevral 2025-ci il tarixdə, saat 20:40-da Mingəçevir ŞMX-nın qeydiyyatçısı Kazımzadə telefonla məlumat verərək, Yevlax rayonunun Ərəş kəndində yaşayan 2005-ci il təvəllüdlü X10 başın qapalı travması, beyinin hematoması, komatoz vəziyyət xəsarətilə Mingəçevir ŞMX-ya daxil olmuşdur. İlkin məlumata əsasən, Yevlax rayonunun Ərəş kəndində avtomobil vurması nəticəsində xəsarət almışdır (İ cild, i/v 3). Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 07 fevral 2025-ci il tarixli protokolla. Həmin protokolda göstərilir ki, yol-nəqliyyat hadisəsi Yevlax rayonunun Xaldan-Ərəş kənd yolunun Yevlax rayonunun Ərəş kəndi ərazisindən keçən hissəsində, hadisə yerinə üzü Yevlax şəhəri istiqamətində baxdıqda yolun sağ hərəkət zolağında baş vermişdir. Həmin yerdə yolda hərəkət iki tərəflidir, yolun hərəkət hissəsi asfalt örtüklü, düz, quru və hamardır, hər iki tərəfə görünüş məsafəsi qeyri-məhdudur, yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun hər iki tərəfi asfalt olmaqla, sağ tərəfdə 2,45 metr, sol tərəfdə 2,90 metr ehtiyat hissəsi vardır. Hadisə yerinin baxışı Yevlax şəhəri, yəni Xaldan kəndi istiqamətinə görə keçirilmişdir. Hadisə yeri yaşayış sahəsi daxilidir, həmin yerdə yol hərəkətini tənzimləyən yol nişanı qoyulmuşdur. Maksimal hərəkət surəti 50 km/saatdır. Baxış zamanı hadisə yerində nəqliyyat vasitəsinə məxsus tormoz izi müşahidə olunmamışdır. Hadisədən əvvəl xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz C-180 markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu Xalda-Ərəş kənd yolu ilə Yevlax şəhəri, yəni Xaldan kəndi istiqamətinə görə yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olmuş, piyada X10 yolu sağdan sola doğru keçərkən Mersedes Benz C-180 markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü piyadanı vurmuş, nəticədə X14 aparıldığı Mingəçevir ŞMX-da xx.xx.2025-ci il tarixdə ölmüşdür. Hadisə zamanı Mersedes Benz C-180 markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin surəti saatda 50 km olmuşdur. Hadisənin baş verməsi üçün həmin vaxt yolda hərəkətdə olan digər nəqliyyat vasitələri təhlükəli şərait və maneə yaratmamışlar. Piyadanın vurulduğu yer Yevlax şəhəri, yəni Xaldan kəndi istiqamətinə görə yolun sağ hərəkət hissəsində baş vermiş, həmin yerin (piyadanın vurudludu yerin) yolun sağ kənarına kimi 1,20 metr məsafə olmuşdur. Mersedes Benz C-180 markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü üçün təhlükə sürücünün diqqətini yoldan ayırdığı və yolun sağ hissəsi ilə Yevlax şəhəri istiqamətində hərəkətdə olan piyadanın sol tərəfə doğru dönərək yerində dayandığı andan yaranmışdır və həmin andan piyada vurulma yerinə kimi orta yerişlə 1,20 metr məsafə qət etmişdir (İ cild, i/v 50-15). Yol nəqliyyat hadisəsi yerinə baxış protokoluna əlavə edilmiş hadisə yerinin sxemilə. Həmin sxemdən görünür ki, 07 fevral 2025-ci il tarixdə Yevlax rayonu Xaldan-Ərəş kənd yolunun Ərəş kəndi ərazisindən keçən hissəsində, Mayis Mehdiyevə məxsus mağazanın qarşısında, ikitərəfli hərəkət olan yolun üzü Yevlax şəhəri istiqamətində, yolun sağ tərəfindən sol tərəfinə doğru 1,2 metr məsafədə olan şəxsi Mersedes Benz C-180 markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun hər iki tərəfi asfalt olmaqla, sağ tərəfdə 2,45 metr, sol tərəfdə 2,90 metr ehtiyat hissəsi vardır. Hadisə yeri yaşayış sahəsinə daxilidir, həmin yerdə yol hərəkətini tənzimləyən yol nişanı qoyulmuşdur. Maksimal hərəkət surəti isə 50 km/saatdır (İ cild, i/v 10). Baxış protokoluna əlavə edilmiş fotocədvəllə. Həmin fotocədvəldən görünür ki, Yevlax rayonu Xaldan-Ərəş kənd yolunun Ərəş kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerində avtomobilə aid şüşə qırıntıları vardır. Hadisə yerinin kənarında Mayis Mehdiyevə məxsus ərzaq mağazası vardır. Təqsirləndirilən şəxs Mersedes Benz C-180 markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edərkən baş vermiş hadisə yerini göstərir (İ cild, i/v 11-15). Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 08 fevral 2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllə. Həmin protokol və fotocədvəldən görünür ki, istintaq zamanı Mersedes Benz C-180 markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Habelə, baxış zamanı avtomobilin ön sağ hissəsinin, ön qanad hissəsinin, sağ ön farasının və ön alın şüşəsinin sağ hissəsinin qırılması müəyyən edilmişdir (İ cild, i/v 16-17). Yevlax RPŞ-nın növbətçi hissəsinin məsul növbətçisi, polis mayoru Vüsal Ağayevin xx.xx.2025-ci il tarixli raportu ilə. Həmin raportla məlumat verilir ki, 13 fevral 2025-ci il tarixdə, saat 02:55-də Mingəçevir ŞMX-nın həkimi İsmayılov telefonla məlumat verərək, Yevlax rayonunun Ərəş kənd sakini 2005-ci il təvəllüdlü X10 xx.xx.2025-ci ildə Yevlax rayonu ərazisində yol nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli xəsarətlərlə Mingəçevir ŞMX-ya daxil olmuş, xx.xx.2025-ci il tarixdə aldığı xəsarətlər nəticəsində xəstəxanada ölmüşdür (İ cild, i/v 27). Meyitə baxış keçirilməsi haqqında 13 fevral 2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərlə. Həmin protokol və fotoşəkillərdən görünür ki, X3 meyiti təşrih masası üzərində arxası üstə uzadılmışdır. Meyit kişi cinsli olub, düzgün bədən quruluşludur. Boyu 167 sm-dir. ..Burun dəliklərində və ağız boşluğunda qan laxtası vardır. ..Bədən səthində başqa xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. X3 meyiti üzərində hər hansı bir zorakılıq əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 13 fevral 2025-ci il tarixli 05 nömrəli rəyi ilə. Həmin rəydə göstərilir ki, mərhum X3 meyitində aşkar edilmiş xəsarətlər (açıq kəllə beyin travması, baş beyinin yumşaq toxumalarına qansızma ilə ağırlaşan gicgah sümüyünün basılmış, kəllə əsası sümüklərinin xətti sınığı) bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir, sağlamlığa AĞİR zərər vuran xəsarətlərə aid edilir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələrə əsasən demək olur ki, kontakt anında zərərçəkmiş vəziyyətdə, sağ yan tərəfi avtomobilin ön qabarıq hissələrinə doğru olmuşdur. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beynin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün tibbi sənəddə qeyd edilən tarixini və vaxtını inkar etmir (İ cild, i/v 46-48). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2025-ci il tarixli 8/981 nömrəli rəyi ilə. Həmin rəydə göstərilir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Mersedes Benz C-180 markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Mercedes-Benz C180 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (İ cild, i/v 68-71). Məhkəmə kollegiyası aparılmış ekspertizanın nəticələrinin düzgünlüyünə və obyektivliyinə şübhə etməyə əsaslar tapmır, çünki həmin rəylər böyük iş stajına malik olan ekspertlər tərəfindən icra edilmiş, lazımi şəkildə rəsmiləşdirilmiş, elmi cəhətdən əsaslandırılmış, nəticələri aydın və başa düşüləndir, işin halları və materialları ilə, istintaq hərəkətləri və digər sənədlərlə uzlaşır. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 263-1.3-cü maddəsilə tövsif etməyə imkan verir. Çünki, o xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan atası Şahid3 məxsus Mercedes Benz C180 minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax rayonunun Ərəş kənd yolu ilə Xaldan kəndi istiqamətində idarə edərkən «Yol hərəkəti haqqında» Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini poub, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayıraraq, hərəkətdə olduğu zolağın ortası ilə onunla eyni istiqamətdə hərəkətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamadan, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib, keçib getməli və lazım gəldikdə həmin piyadaya çatmadan avtomobili dayandırmalı olduğu halda öz idarəetmə hərəkətləri ilə hərəkətin təhlükəsizliyini təmin etməyərək, ehtiyyatsızlıqdan hərəkətdə olan piyada X5 idarə etdiyi Mercedes Benz C180 minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə vurması və nəticədə Ələmdar Soltanovun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsindən başlayaraq müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrə inanır və onu ittiham hökmünün əsasına qoyur, çünki onlar Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun əldə edilmiş, ardıcıl və məntiqlidir, işin faktiki hallarına, hadisənin baş vermə mexanizminə uyğundur, şahidlərin ifadələri və işdə olan digər sübutlarla uzlaşır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, yol nəqliyyat hadisəsi yerinə baxış protokolu, hadisə yerinin sxemi və digər sübutlarla təsdiqini tapmışdır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X23 26 may 2025-ci il tarixli PHŞ-2072/25 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetdə dispanser müşahidəsində dayanmır (İ cild, i/v 66). Ona görə də məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs psixi cəhətdən sağlam olmasına şübhə yoxdur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq onun əməli CM-in 263-1.3-cü maddəsilə tövsif edilmiş və ona həmin maddə ilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəalarına uyğun olaraq, Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza təyin etmə məsələsinə gəlincə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Bu prinspdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CMin 263-1.3-cü (Bu Məcəllənin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 58.3-cü maddəsi). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu yoxdur (İ cild, i/v 67). Bundan başqa, Yevlax RİH başçısının Ərəş kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 16 iyul 2025-ci il tarixli 5-9-20/2-175/2025 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən Yevlax rayonunun Ərəş kəndində yaşayır və aşağıdakı tərkibdə ailə üzvləri vardır: X4-nənəsi, Şahid3-atası, X8-anası, X11-qardaşı (İ cild, i/v 108). Həmin nümayəndəlikdən verilmiş xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs kəndimizdə yaşadığı bu illər ərzində özünü sakit, mehriban, hamı ilə dil tapmağı bacaran bir gənc kimi göstərmişdir. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində bir müddət ofisant işləmiş, valideynlərinin yaxın köməkçisi olmuşdur. Kənd sakinləri, qonşuları, ailə üzvləri ondan razılıq edirlər. Ondan inciyən, narazılıq edən yoxdur. Haqqında nümayəndəliyə şikayət, məlumat daxil olmamışdır (İ cild, i/v 109). Məhkəmə kollegiyası CM-in 59.1.10-59.1.11 və 59.2-ci maddələrinə uyğun olaraq, Təqsirləndirilən şəxs cinayətin açılmasına fəal kömək etməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərmək məqsədilə onu öz avtomobili ilə xəstəxanaya çatdırmasını və onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına çalışmasını, habelə yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. İş üzrə CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Yevlax RQİ və TBŞ-nın xx.xx.2025-ci il tarixli 3- 13-16-11/2-1636/2025 nömrəli məktubunda göstərilmişdir ki, DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs sürücülük hüququ olmayan şəxs hesab edilir. DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır (İ cild, i/v 58). İşdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü (Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İİ hissəsinin 3-cü bəndində əsasən, “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan yaranır. Velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir (həmin mad. İV hissəsi). Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (Həmin Qanunun 34-cü maddəsinin İ hissəsi). Məhkəmə kollegiyasının qənaətinə görə, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edilməsinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti qaydalarını bilməyə bilər və təhlükəli vəziyyətlərə düzgün və peşəkar reaksiya verə bilməz. Bu isə həm özünün, həm də digər yol hərəkəti iştirakçılarının həyatını təhlükəyə atmaqla, yol hərəkətinin digər iştirakşılarının hüquq və təhlükəsizliyinə birbaşa təhdid yaradır. Digər tərəfdən, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsinin idarə edilməsi dövlətin nəzarət funksiyasını pozur. Şəxsin sürücülük vəsiqəsinə malik olması onu göstərir ki, o, sürücülük vərdişlərinə yiyələnmək üçün təlimdə olmuş, sınaqdan keçmiş və nəqliyyat vasitəsini idarə etməyə uyğundur. Nəqliyyat vasitəsini vəsiqəsiz idarəetmə isə məsələyə olan nəzarətin və hüquqi sistemin pozulmasına gətirib çıxarır. Bu isə hüququn aliliyinə və dövlətin nəzarət mexanizminə zərbə vurur. Sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsinin idarə edilməsi həm də, cinayətkarlığın artma riskini yüksəldir. Çünki, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən şəxs bəzən müvafiq yaşda olmayan, alkoqollu, psixotrop maddə təsiri altında olan və ya əvvəllər sürücülük hüququndan məhrum edilmiş bir şəxs ola bilər. Bu hallar əlavə hüquq pozuntularına səbəb ola bilər (Məsələn, qəza, xəsarət, ölüm və s.). Sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edilməsinin başqa bir ictimai təhlükəli tərəfi ondan ibarətdir ki, bu hərəkətlər ictimai etimadın pozulmasına səbəb olur. Belə ki, sürücülük vəsiqəsi olmayan şəxsin yol hərəkətində iştirakı ictimaiyyətdə qanunların icrasına inamı azaldır, digər vətəndaşlara "əgər o edə bilirsə, mən də edə bilərəm" düşüncəsini aşılaya və qanun pozuntularının normal hala çevrilməsinə gətirib çıxara bilər ki, bu da yolverilməzdir. Məhkəmə kollegiyası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin hüquqa zidd, təqsirli əməli nəticəsində bir nəfərin ölməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb belə qənaətə gəlir ki, CM-in ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 263-1.3-cü maddəsilə təqsirli bilinib, üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsindən başlayaraq özünü bu əməldə tam təqsirli bilmiş, cinayətin açılmasına fəal kömək etmiş, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərmək məqsədilə onu öz avtomobili ilə xəstəxanaya çatdırmış və onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına çalışmış, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etmiş, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmiş və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və hüquqi varisin ona qarşı heç bir şikayət və tələbinin olmamasına nail olmuş, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilmiş və əməlindən dərin peşmançılıq hissi keçirdiyini bildirmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə, yuxarıda qeyd olunan cəzanın təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı, müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. CM-in 45.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 263-1.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak və mülki iddia yoxdur. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 128 manat (İ cild, i/v 69) ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə uyğun olaraq, ekspertiza tədqiqatının dəyərini təşkil 128 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax RPŞ-nın Dövlət yol polisi bölməsinin cərimə meydançasında saxlanılan Mercedes Benz C180 minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid3 qaytarılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM E T D İ: Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 06 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinin mühafizəsini həyata keçirən mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş üç il müddətə şamil edilsin. İş üzrə bir yüz iyirmi səkkiz manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax RPŞ-in Dövlət yol polisi bölməsinin cərimə meydançasında saxlanılan Mercedes Benz C180 minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid3 qaytarılsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-241/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-241/2025
06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver