Məhkəmə qərarları › İş №1(091)-243/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-243/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-243/2025 17.11.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X10 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X18 və təqsirləndirilən şəxsin müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Əlisafa oğlunun iştirakı ilə xx.xx.1990-cı ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək, 02 il 05 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 ay 15 günündən vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi, 130 nömrəli evdə qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib, saxlamışdır. Belə ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1412,08 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edib, tərkiblərinə görə eyni olan həmin narkotik vasitə qurudulmuş marixuananın 7,08 qramını üzərində saxlamış, 1405,0 qramını isə Yevlax şəhəri ərazisində yerləşən «Mayak» yeməkxanasının yaxınlığında olan ağaclıq sahədə gizlədərək saxlamış, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:58-də narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri ərazisində yerləşən «Mayak» yeməkxanasının yaxınlığında Yevlax Rayon Polis Şöbəsinin (bundan sonra Yevlax RPŞ) polis əməkdaşları tərəfindən saxlanılaraq, orada həmin, gün saat 12:58-dən 13:06-dək olan müddət ərzində videoçəkilişlə Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib saxladığı 7,08 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana, həmçinin Yevlax RPŞ-nın polis əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 13:10dan saat 13:18-dək olan müddət ərzində videoçəkilişlə Yevlax şəhəri ərazisində yerləşən «Mayak» yeməkxanasının yaxınlığında olan ağaclıq sahəyə keçirilən baxış zamanı oradan 01 ədəd sellofan torbanın içərisində Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi və üzərindən aşkar edilmiş qurudulmuş marixuana ilə eyni tərkibli olan 1405,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla deyil, CM-in 234.1-ci maddəsilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Kür çayının qırağında olarkən, üzərində öz istifadəsi üçün 7,8 qram narkotik vasitə olmuşdur. Bu zaman əməliyyatçılar ona yaxınlaşıb, üzərinə baxmışlar. Ondan aşkar olunanları polislərə təqdim etmişdir. Daha sonra verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə ona məxsus olmuşdur. Həmin narkotiki Kür çayının qırağından tapmışdır. Narkotik vasitə olan marixuana istifadəçisidir. Özünü qismən təqsirli bilir. Polislər onu döymüşlər. Ona ağır ittiham irəli sürmək istədikləri üçün prokurorluğa şikayət etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, hərdən narkotik vasitə qəbul etmişdir. 2024-cü ilin avqust ayında Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində yerləşən köhnə körpüdən keçərək, Yevlax rayonu Yuxarı Qarxun kəndi istiqamətində balıq tutarkən orada olan meşəlik ərazidə 2 ədəd nəşə ağacı tapmışdır. Həmin nəşə ağacının yarpaqlarını yığıb, qurudaraq sellofan torbaya yığıb, öz istifadəsi üçün Yevlax şəhəri ərazisində yerləşən «Mayak» yeməkxanasının yaxınlığında, meşəlik ərazidə ağacların arasında gizlətmişdir. O, arada gedib, gizlətdiyi qurudulmuş marixuanadan götürüb, istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində tək «Mayak» yeməkxanasının yaxınlığında gizlətdiyi qurudulmuş marixuanadan istifadə etmək üçün götürməyə getmiş və həmin marixuanadan bir qədər götürüb, əynindəki şalvarın sağ yan cibinə qoyub, yaşadığı evə qayıdan zaman üç nəfər mülki geyimli şəxs ona tərəf yaxınlaşaraq, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu, ona görə üzərini yoxlayacaqlarını demişlər. O, üzərində yoxlama aparılmasına etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunduqdan sonra təklif olunmuşdur ki, axtarış aparılmazdan əvvəl üzərində narkotik vasitə, eləcə də qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etsin. Bundan başqa, yoxlama aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən ona üzərində videoçəkiliş aparmaqla, üstünün yoxlanılacağı izah edilmişdir. O, polisin qanuni tələblərinə tabe olaraq, üstündə yoxlama aparılmasına etiraz etməmişdir. Bundan sonra videoçəkilişlə üstünü yoxlayan zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülü əşyanı təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı meşəlik ərazidən tapdığı nəşə ağacından yığıb qurudaraq, meşəlik ərazidə gizlətdiyini, gizlətdiyi marixuananın bir hissəsini istifadə etmək üçün götürüb, gəldiyini bildirmişdir. Yoxlama zamanı üzərindən aşkar edilmiş qurudulmuş marixuana sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9 qramdan az olması müəyyən edilmişdir. Aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana qablaşdırılıb, möhürlənərək, götürülmüşdür. Bundan sonra polis əməkdaşları ilə birlikdə qurudulmuş marixuananın qalan hissəsini gizlətdiyi yerə getmişlər. Orada gizlətdiyi qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin qurudulmuş marixuanaya baxış keçirilmiş, daha sonra qurudulmuş marixuana sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1 kq 500 qramdan az olması müəyyən edilmişdir. Aşkar olunmuş 1 ədəd sellofan torbada olan marixuana qablaşdırılıb, möhürlənib, götürülmüşdür. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yevlax RPŞ-ya gəlmişdir. Polis şöbəsində təhqiqatçı onun və polis əməkdaşlarının iştirakı ilə üzərində çəkiliş aparılarkən çəkimiş videoyazıya və üzərində və gizlətdiyi yerdən aşkar edilmiş qurudulmuş marixuanaya baxış keçirmiş, təhqiqatçı üzərindən və gizlətdiyi yerdən aşkar olunmuş qurudulmuş marixuanaları ayrı ayrılıqda sellofan torbalarla birlikdə elektiron tərəzidə çəkmiş və ayrı ayrılıqda qablaşdıraraq ağ rəngli zərfə qoymuş, qurudulmuş marixuananın tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Üzərindən və gizlətdiyi yerdən aşkar edilərək götürülmüş, qurudulmuş marixuana özünə məxsusdur. Marixuana istifadəçisidir və həmin qurudulmuş marixuananı istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul deyildir və belə bir niyyəti olmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci madəsində nəzərdə tutlan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək, demişdir ki, Yevlax RPŞ-nın Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində və polis baş leytenantı rütbəsində xidmət edir. 11 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanması ilə məşğul olmaqda şübhəli olması barədə Yevlax RPŞ-nın əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olduğundan, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq, onun xx.xx.1990-cı ildə Yevlax rayonunda doğulmuş, Yevlax şəhəri, C.Kərimov küçəsi, 130 saylı evdə qeydiyyatda olmaqla, yaşadığını müəyyən etmiş və daxil olmuş məlumatı raportla Yevlax RPŞ-nın rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barədə müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax RPŞ-nın 11 iyun 2025-ci il tarixli əmri ilə onun, Yevlax RPŞ-nın CAB-ın əməliyyat müvəkkilləri X19 və Şahid2 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradıldqdan sonra Təqsirləndirilən şəxs barədə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin gün polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri ərazisində yerləşən «Mayak» yeməkxanasının arxa tərəfindəki meşəlik əraziyə gedən yola getmişlər. X31 şəhəri istiqamətində gəldiyini görüb, saxlamışlar və həmin vaxt, saat 12:58 radələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax RPŞ-ya məlumat daxil olduğunu, onun saxlanılıb üstünün videoçəkilişdən istifadə olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama keçirilərkən videoçəkilişin aparılmasına etiraz etməmişdir. Bundan sonra, saat 12:58-dən 13:06-dək onun üzərində yoxlama keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan yoxlama əməliyyat müvəkkili Tofiq Cəfərov tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özlərini təqdim etmişlər. O, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildikdən sonra ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansı qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olub-olmadığı soruşulmuş, olduğu halda təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülünü və sol cibindən isə 2 ədəd 5 manatlıq əsginas təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, onun üzərindən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümün içərisində nə olduğunu soruşduqda, Tural həmin bükümün içərisində narkotik vasitə - marixuana olduğunu, həmin marixuananı Kür çayının kənarındakı meşəlik ərazidə tapdığı nəşə ağacından yığıb, qurudaraq, meşəlik ərazidə gizlətdiyini, həmin gizlətdiyi marixuananın bir hissəsini istifadə etmək üçün götürüb, gəldiyini bildirmişdir. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi narkotik vasitəni də özü üçün istifadə edəcəyini, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra həmin 1 ədəd sellofan bükümün içərisinə baxdıqda içərisində tünd yaşıl rəngli kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə așkar edilmişdir. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkildikdə, çəkisi 9,05 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə həmin meşəlik ərazidə qurudulmuş marixuananı gizlətdiyi yerə getmişlər. Tural yulqun ağaclarının qarşısından gizlətdiyi 1 ədəd sellofan torbada olan marixuananı onlara təqdim etmişdir. Onlar həmin narkotik vasitə olan marixuanaya baxış keçirmiş, sonra isə həmin marixuana sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 1 kq 430 qram olmuşur. Aşkar olunmuş marixuana qablaşdırılıb, götürülmüşdür. Bundan sonra Yevlax RPŞ-nın inzibati binasına gəlmişlər. O, protokol tərtib etmiş, iştirakçılar isə imzaları ilə protokolun doğruluğun təsdiq etmişlər. Bundan sonra toplanmış materialları maddi sübutlarla birlikdə təhqiqatçı Vəkil Əsgərova təhvil vermişlər. Vəkil Əsgərov tərəfindən 11 iyun 2025-ci il tarixdə, saat 14:10-dan saat 14:23-dək olan müddət ərzində Yevlax RPŞ-nın inzibati binasında, xidməti iş otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasını və narkotik vasitə olan qurudulmuş marixuananı gizlətdiyi yerə baxış keçirilməsini video görüntülərinin özündə əks etdirən CD disklərə və üzərindən və gizlətdiyi yerdən aşkar edilən narkotik vasitələrə baxış keçirilmişdir. Həmin istintaq hərəkətində o və əməliyyat müvəkkili Şahid2 iştirak etmişlər. X2 tərəfindən isə “Panasonic” markalı video kamera vasitəsi ilə videoçəkiliş aparılmışdır. Həmin istintaq hərərkətində qablaşdırılan əşyalara yenidən baxış keçirirlərək narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr sellofan torbalarda ayrı ayrılıqda elektron tərəzidə çəkildikdə, çəkiləri 8,73 və 1 kq 390 qram qram olmuşdur. Həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr təhqiqatçı Vəkil Əsgərov tərəfindən maddi sübut əhəmiyyəti kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılıb, möhürlənərək götürülmuş, Vəkil Əsgərov zərfdə qablaşdırdığı maddənin qurudulmuş marixuana olubolmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs və Şahid2 həmin zərfin üzərinə imza etdikdən sonra baxış başa çatmış, Vəkil Əsgərov protokol tərtib edib, protokolu iştirakçılara oxumuş və o, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt şəxsin gözündə xəsarət olmuşdur. Videoçəkilişdə də bildirmişdir ki, 2 gün əvvəl evdə yıxılmışdır. Müstəntiq bununla bağlı ekspertiza da keçirmişdir. Şəxs müstəntiqə yıxıldığını bildirmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, yəni narkotik vasitələrin satışı ilə yox, istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Şəxsin üzərindən marixuana aşkar olunmuşdur, ancaq marixuananın miqdarını xatırlamır. Video çəkilş zamanı şəxsə sual vermişdir ki, əlavə saxladığın narkotik vasitə varmı, o da narkotik vasitənin olduğunu bildirmişdir. Bundan sonra gedib, həmin narkotik vasitəni götürmüşlər. Ancaq həmin narkotik vasitənin miqdarını xatırlamır. Xeyli narkotik vasitə olmuşdur. Əməliyyat məlumatı daxil olmuş, bu barədə rəhbərliyə məruzə edilmiş və qrup yaradılmışdır. Məlumatda adı çəkilən yerə getmiş, həmin yerdə şəxsi saxlamış və üzərinə baxış keçirmişlər. Baxış keçirilərkən üzərindən müəyyən miqdarda narkotik vasitə olan marixuana aşkar etmişlər. Şəxsə sual verilmişdir ki, əlavə narkotik vasitə varsa, təqdim et. O da başqa yerdə narkotik vasitənin olduğu bildirmişdir. Onlarda şəxsin həmin yerdə narkotik vasitə saxlaması barədə məlumat olmamışdır. Ancaq üzərində gəzdirməsi barədə məlumat olmuşdur. Şəxsə təzyiq olunmamışdır, ona sual vermişlər ki, əlavə saxladığın narkotik vasitə varmı, o da narkotik vasitənin olduğunu bildirmişdir. Səhv etmirsə, hadisə yerində çəkiliş olmuşdur. Şəxs saxlanılmış, sonra həmin yerə gedib, videoçəkiliş etmişlər. Videoçəkiliş iki dəfə olmuşdur. Sellofandakı marixuana şəxsi saxladıqları yerdən 40-50 metr kənarda olmuşdur. Təqsirləndirilən şəxs deməsə, həmin yeri axtarmaq fikirləri olmamışdır. Bununla bağlı şəxsə təzyiq və təsir olmamışdır. Həmin yerdə narkotik vasitənin saxlanması ilə bağlı onlarda məlumat olmamışdır. Əməliyyat məlumatı daxil olmuş və gedib şəxsi saxlamışlar. Əməliyyat məlumatı həmin gün daxil olmuşdur. Əməliyyat məlumatı daxil olmuş və dərhal əməliyyat tədbiri keçirmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 da oxşar məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid2 daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsi saxlayan andan videoçəkilişə başlamışlar. Şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, videoçəkiliş vaxtı və sonrakı müddətdə şəxsə qarşı heç bir zorakılıq hərəkəti olmamışdır. Şəxsə suallar vermişlər, o, könüllü şəkildə əməlini etiraf etmişdir. Şəxs ağacdan meyvə yığan zaman yıxıldığını bildirmişdir. Şəxsə əlavə narkotik vasitə saxlaması ilə bağlı sual verdikdə, o, saxladığını bildirmiş və onlara həmin yeri göstərmişdir. Şəxsi saxladıqları yerdən, təxminən 30-40 metr irəli getmişlər və o, taxtanın altındakı narkotik vasitəni götürüb, onlara təqdim etmişdir. Onlar da həmin torbaya baxış keçirmiş və möhürləyib götürmüşlər. Şəxsin 1430 qram narkotik vasitəni təqdim etməsi, ancaq onların təkliflərindən sonra olmuşdur. Onlar hər bir halda şəxsi saxladıqda narkotik vasitənin mənbəyi, əldə etmə məqsədi və kiməsə verməsi ilə bağlı suallar verirlər. Şəxs etiraf etməsəydi başqa formada, yəni əməliyyat məlumatları, sorğular və həmin əraziyə baxış keçirtməklə narkotik vasitəni aşkar edə bilərdilər. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı olmuşdur, amma miqdarı qeyd olunmamışdır. Şəxsi döyməmişlər. Şəxs etiraf etməsəydi, həmin narkotik vasitəni tapa bilməyəcəkdilər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid ifadələrini dinləyib tədqiq edən məhkəmə kollegiyası şahidlər Şahid1 və Şahid2 ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, birbirilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı göstərdiyi hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, şahidlər tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, şahid ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Yevlax RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili Şahid1 11 iyun 2025-cü il tarixli raportu ilə. Həmin raportdan görünür ki, Şahid1 Yevlax RPŞ-nın rəisinə müraciət edərək, bildirmişdir ki,Yevlax RPŞ-nın CAB-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1990-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər CM-in 234.2 və 237.1-ci maddələrilə məhkum olunmuş, subay, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, saxlamaqda və istifadəsi ilə məşğul olmada şübhəli bilindiyi üçün 11 iyun 2025-ci ildə, saat 12:58-də Yevlax şəhəri ərazisində “Mayak” yeməkxanasının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, üstü yoxlanılmış, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofona bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək, qablaşdırılmışdır. Əməliyyat-axtarış tədbirlərinin davamında Təqsirləndirilən şəxs Yevlax şəhərində yerləşən “Mayak” adlı yeməkxanasın yaxınlığında açıq ərazidə gizlətdiyi göy rəngli sellofan torbada, ümumi çəkisi 1 kq 430 qram qurudulmuş marixuanaya bənzər kütlə də aşkar olunaraq, üzərində müvafiq qeydlər aparılmaqla, tərəfimizdən qablaşdırılmışdır. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəklişlər DVD diskə qeyd olunmuşdur. Göstərilənlərə əsasən, müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyatı üzrə göstəriş verilməsi xahiş olunur (İ cild, i/v 04). Yevlax RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili Şahid1 11 iyun 2025-cü il tarixli digər raportu ilə. Həmin raportda bildirilir ki, etimad doğuran, məlum və qərəzsiz mənbəədən daxil olmuş məlumatda xx.xx.1990-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər CM-in 234.2 və 237.1-ci maddələrilə məhkum olunmuş, işsiz, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması bildirilir. Göstərilənlərə əsasən, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş olunur (İ cild, i/v 05). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 11 iyun 2025-ci il tarixli qərarla. Həmin qərardan müəyyən olunur ki, xx.xx.1990-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, saxlamaqda, istifadə etməsi ilə məşğul olması barədə, etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmduğundan və adi təhqiqat üsulları vasitəsi ilə zəruri məlumatların alınması və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsi qeyri-mümkün olduğundan, daxil olan məlumata əsasən, cinayət törədən şəxsin ifşa edilməsi və yaxalanması üçün vaxt məhdudluğu, törədilməsi ehtimal olunan cinayətin qısa müddət ərzində baş verə biləcəyi ehtimalının mövcudluğu, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən qısa müddətdə narkotik vasitənin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalı nəzərə alınaraq, hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, tədbirin gedişi zamanı o, tutulduqdan sonra üstünün yoxlanılması, əlməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbir davam etdirilməsi, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa edilməsi məqsədilə əməliyyat qrupunun yaradılması, qrupun tərkibinə CAB-ın əməliyyat müvəkkilləri, X4 və X19 daxil edilməsi, qrupa rəhbərliyin Yevlax RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili Şahid1 həvalə olunması, müvafiq əməliyyat aparıldıqdan sonra qərarın qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin qərarı əsasında keçirilməli olan tədbirdirsə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır (İ cild, i/v 06). Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 11 iyun 2025-ci il tarixli protokol və həmin tədbirin keçirilməsini özündə əks etdirən videogörüntü ilə. Həmin videogörüntü və protokoldan müəyyən olunur ki, Yevlax RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən 11 iyun 2025-ci il tarixdə, saat 12:58 dəqiqədən saat 13:06 dəqiqəyədək olan müddət ərzində Yevlax şəhəri ərazisində yerləşən «Mayak» yeməkxanasının yaxınlığında Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, baxış və götürmə aparılmış protokola əlavə edilmiş diskə baxış keçirilmiş, baxış zamanı həmin istintaq hərəkətində Yevlax RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili Şahid1, CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və X19 iştirak etmiş, Tofiq Cəfərov tərəfindən “Samsung” markalı telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Həmin yoxlama, baxış və götürmə zamanı NMQ-nın əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs saxlanılma səbəbini, üzərində yoxlama, baxış keçiriləcəyini izah edərək, yoxlama və baxış prosesinə başlamazdan əvvəl müdafiəçiyə ehtiyacının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs müdafiəçiyə ehtiyacının olmadığını bildirmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofanda olan bükülünü, şalvarının sol cibindən isə iki ədəd 5 manatlıq əsginası əməliyyat müvəkkili Şahid1 təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən başqa qadağan edilmiş əşya və predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofanda olan bükülüyə Şahid1 tərəfindən baxış keçirilmiş, həmin kütlənin yaşıl rəngli ot ovuntusuna oxşar narkotik vasitə - marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Kür çayının kənarında yabanı yalda bitmiş çətənə kolundan yığdığını və gələcəkdə istifadə etmək üçün üstündə gəzdirdiyini bildirmişdir. Əməliyyat tədbirinin gedişi zamanı Təqsirləndirilən şəxs əlavə olaraq saxlanıldığı yerin yaxınlığında narkotik vasitə olan qurudulmuş marixuana gizlətdiyini bildirmiş və 11 iyun 2025-ci il tarixdə, saat 13:10 dəqiqədə həmin əraziyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs «Mayak» yeməkxanasının yaxınlığında gizlətdiyi bir ədəd göy rəngli sellofan torbanın içərisində olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin ümumilikdə çəkisi 1 kq 430 qram olmuşdur. Daha sonra aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla, saat 13:18 dəqiqədə möhürlənib, götürülmüşdür (İ cild, i/v 10-13). Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında 11 iyun 2025-ci il tarixli protokol və buna dair videoçəkilşlə. Həmin videoçəkiliş və protokoldan müəyyən olunur ki, 11 iyun 2025-ci il tarixdə, saat 14:10 dəqiqədən 14:23 dəqiqəyə kimi Yevlax RPŞ-nın Təhqiqat bölməsinin təhqiqatçısı Əsgərov Vəkil Şahlar oğlu, Yevlax RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili Şahid1, həmin şöbənin CAB-ın əməliyyat müvəkkilləri Şahid2, KTQ-nın baş inspektoru X20 və Təqsirləndirilən şəxs iştirakları ilə həmin protokol ondan ötrü ki, Yevlax RPŞ-ya gətirilmiş Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanaya bənzər kütləni qanunsuz olaraq saxlamaqda, gəzdirməkdə və daşımaqda şübhəli bilindiyi üçün 11 iyun 2025-ci il tarixdə, saat 12:58-də Yevlax şəhəri ərazisində yerləşən “Mayak” adlı yeməkxanasın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, üstü yoxlanılmış və əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək, 1 ədəd zərfə qablaşdırılmışdır. Daha sonra Yevlax şəhəri ərazisində yerləşən “Mayak” adlı yeməkxanasın yaxınlığında mavi rəngli sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilərək qablaşdırılması, Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd ağ zərfə, 1 ədəd mavi rəngli sellofan torbaya və 2 ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində “Yevlax şəhər sakini Təqsirləndirilən şəxs aşkar edilmiş marixuanya bənzər kütlə” sözləri yazılmış 1 zərfdə narkotik vasitə olan marixuanaya bənzər yaşıl rəngli kütlə aşkar olunmuşdur. Həmin marixuanaya bənzər yaşıl rəngli kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisi 8,73 qram olmuşdur. Sonra isə həmin kütlə yenidən qablaşdırılaraq, möhürlənmişdir. Daha sonra mavi rəngli sellofan torba açılmış və torbada olan narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli kütlə tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi 1405 qram olmuş və qablaşdırılmışdır. Daha sonra 1 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. Videogörüntü 8 dəqiqə 10 saniyə olmuşdur. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. DVD-yə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər yaşıl rəngli kütləni NMQnın əməliyyat müvəkkili Şahid1 verdiyi əksini tapmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümdə olan marixuanaya bənzər yaşıl rəngli kütləyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri 2024-cü ilin avqust ayında Yevlax rayonundan keçən Kür çayının yaxınlığında yabanı halda bitmiş kollardan yığdığını, satmaq niyyətinin olmadığını, evində həmin marixunanı gizlətdiyini bildirmişdir. İkinci diskə baxış zamanı həmin görünütünün 07 dəqiqə 49 saniyə olması, Təqsirləndirilən şəxs kolluqdan bir ədəd metalın altından mavi rəngli sellofan torbanı götürüb, təqdim etməsi öz əksini tapmışdır. Həmin görüntüdə Təqsirləndirilən şəxs aşkar edilmiş marixuanaya bənzər kütləni də Yevlax rayonunda, Kür çayının yaxınlığından, yabanı halda bitmiş çətənə kollarından yığdığını və öz istifadəsi üçün saxladığını bidirmişdir (İ cild, i/v 17). Diskə baxış keçirilməsi barədə 14 iyun 2025-ci il tarixli protokollarla. Həmin protokollardan müəyyən olunur ki, Yevlax RPŞ-nın İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X25 və İstintaq bölməsinin rəisi X6 iştirakı ilə Yevlax RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən 11 iyun 2025-ci il tarixdə, saat 12:58-dən 13:06 dəqiqəyədək olan müddət ərzində Yevlax şəhəri ərazisində yerləşən “Mayak” yeməkxanasının yaxınlığında Təqsirləndirilən şəxs üzərinin yoxlanılmasına dair diskə, daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının iştirakı ilə narkotik vasitəni gizlətdiyi yeri göstərməsi və Yevlax RPŞ-nın təhqiqatçısı Vəkil Əsgərovun 11 iyun 2025-ci il tarixdə, saat 14:10-dan saat 14:23-dək olan müddət ərzində Yevlax RPŞ-nın inzibati binasında, xidməti iş orağında Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə, saat 12:58-də Yevlax şəhəri ərazisində yerləşən “Mayak” adlı yeməkxanasın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, üstünün yoxlanılması və əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilərək, qablaşdırılması, sonra isə Yevlax şəhəri ərazisində yerləşən “Mayak” adlı yeməkxanasın yaxınlığında mavi rəngli sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilərək qablaşdırılmasına dair videoçəkilişlərə baxış keçirilmişdir (İ cild, i/v 30-32). Məhkəmə kimyəvi ekspertizasının 12 iyun 2025-ci il tarixli 17/423 nömrəli rəyilə. Həmin rəylə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə...sözləri, adlar və imzalar yazılmış bir ədəd zərfin içərisindəki bir ədəd sellofan bükümdə, təmiz çəkisi – 7,08 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş və üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs aşkar edilmiş marixuanaya bənzər kütlə... sözləri, adlar və imzalar yazılmış bir ədəd göy rəngli sellofan torbanın işərisindəki, təmiz çəkisi – 1405,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd sellofan bükümdə və bir ədəd göy rəngli sellofan torbada olan qurudulmamış marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə narkoloji ekspertizanın 01 iyul 2025-ci il tarixli 1036 nömrəli rəyi ilə. Bu rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (İ cild, i/v 112). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1412,08 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edib, tərkiblərinə görə eyni olan həmin narkotik vasitə qurudulmuş marixuananın 7,08 qramını üzərində saxlaması, 1405,0 qramını isə Yevlax şəhəri ərazisində yerləşən «Mayak» yeməkxanasının yaxınlığında olan ağaclıq sahədə gizlədərək saxlaması, xx.xx.2025-ci il tarixdə, saat 12:58-də «Mayak» yeməkxanasının yaxınlığında saxlanılaraq, orada həmin gün saat 12:58-dən 13:06-dək olan müddət ərzində videoçəkilişlə əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisindəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 7,08 qram qurudulmuş marixuana, həmin gün, saat 13:10-dan 13:18-dək olan müddət ərzində isə videoçəkilişlə «Mayak» yeməkxanasının yaxınlığında olan ağaclıq sahəyə keçirilən baxış zamanı oradan 01 ədəd sellofan torbanın içərisinə olan satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi və üzərindən aşkar edilmiş qurudulmuş marixuana ilə eyni tərkibli olan 1405,0 qram külli miqdarda qurudulmuş marixuananın aşkar olunub, götürülməsində təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 234.1-1-ci maddəsilə tövsif edilməsinə imkan verir. Təqsirləndirilən şəxs dinləyən məhkəmə kollegiyası onun qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxladığı 1412,08 qram narkotik vasitəqurudulmamış marixuananın ona məxsus olmasını əsaslı hesab edir. Çünki, bu təqsirləndirilən şəxsin etirafedici ifadəsi, işdə olan digər sübutlar, ekspertiza rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında videogörüntü və protokollar, maddi sübutlar və digər istintaq sənədləri ilə təsdiq olunur. Lakin CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi ilə əlaqəli şəkildə şərh olunmasına dair qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin “qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma” adlı 234-cü maddəsinin “Qeyd” hissəsində göstərilmiş hərəkətlərin cinayət məsuliyyətindən azad etmənin şərtləri kimi nəzərdə tutulmasında məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının yerinin aşkar edilməsinin, tapılaraq qanunsuz dövriyyədən çıxarılmasının, onlardan istifadə olunmaqla törədilən cinayətlərin açılmasının və ya qarşısının alınmasının, cinayətkarların müəyyən edilməsinin asanlaşdırılması və təmin edilməsi üçün belə cinayətləri törədən şəxsləri istintaq orqanları ilə əməkdaşlığa stimullaşdırmaqdır. Həmin hərəkətlərin icra edildiyi halda şəxsin cinayət məsuliyyətindən azad edilməsinin səbəbi, bu hərəkətlərin icrası nəticəsində cinayət əməlini törətmiş şəxsin şəxsiyyətinin və ya onun törətdiyi əməlin öz ictimai təhlükəliliyini itirməsi ilə deyil, şəxsin törətmiş olduğu əmələ tənqidi münasibətinin yaranması, cinayət təqibi orqanlarının aşkar etmə ehtimalı çox az və ya belə ehtimalın olmadığı halda narkotik vasitələrin aşkarlanıb qanunsuz dövriyyədən çıxarılmasına, bu vasitələrdən istifadə olunmaqla törədiləcək cinayətlərin qarşısının alınmasına mühüm töhfə verməsi ilə bağlıdır. Bu halda ictimai təhlükəsizliyə ciddi təhdid hesab edilən maddə və vasitələr dövriyyədən çıxarılmaqla onlardan istifadə nəticəsində yaranacaq mənfi halların qarşısı alınır ki, bununla da ictimai qayda və təhlükəsizliyin təmin edilməsinə, əhalinin həyat və sağlamlığının qorunmasına nail olunur. Beləliklə, qanunverici narkotik vasitələr və psixotrop maddələrlə bağlı konkret cinayətlərin yayılma intensivliyi, onların aşkar edilməsinin mürəkkəbliyi və latentlik səviyyəsi, bu və ya digər hərəkətin müvafiq cinayətlərin açılması və qarşısının alınmasında, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında əhəmiyyətli rolunun olması və digər amilləri nəzərə almaqla cinayət məsuliyyətindən azad etməyə əsas olan həmin şərtləri Cinayət Məcəlləsinin 26-cı fəslinə daxil olan yalnız iki, 234 və 240-cı maddələri ilə bağlı nəzərdə tutmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq X3 hesab edir ki, tərkibində narkotik maddələr olan bitkilərlə bağlı törədilən əməllər (məsələn, daşıma, saxlama və s.) Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulan cinayət tərkiblərindən hər hansı birini əmələ gətirdiyi halda, belə bitkiləri könüllü surətdə təhvil verən və ya qanunvericiliklə müəyyən edilmiş digər şərtləri yerinə yetirən şəxs məhz həmin əmələ münasibətdə Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 nömrəli qərarının 25-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndində narkotik vasitələri, psixotrop maddələri və prekursorları, habelə 240-cı maddəsinin qeydinin 2-ci bəndində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri könüllü surətdə təhvil vermə dedikdə, həmin vasitələrə (maddələrə) real surətdə istədiyi kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələri (maddələri) hakimiyyət nümayəndəsinə hər hansı motivlə olursa-olsun, lakin öz iradəsinə uyğun olaraq təhvil verməsi başa düşülməlidir. Şəxsin tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində özündə olan və ya istintaq hərəkətinin aparıldığı məkanda saxlanılan narkotik vasitəni (psixotrop maddəni, prekursoru, narkotik vasitələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddəni) təhvil verməsi təqsirkarın barəsində CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin və ya CMin 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiq edilməsinə əsas vermir. Lakin şəxsin hər hansı bir əmələ görə, hətta narkotik vasitələrin və ya psixotrop maddələrin (güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayət əməlinin törədilməsində şübhəli olduğuna görə tutulması və yaxud ona münasibətdə bu və ya digər istintaq hərəkətinin aparılması faktı özü-özlüyündə CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin və ya 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiqini istisna edən hallar kimi nəzərdən keçirilməməlidir. Məsələn, xuliqanlıq etməsi ilə əlaqədar tutulmuş şəxsin evində, başqa məkanda narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə) saxlaması barədə məlumat verib səlahiyyətli şəxsə həmin vasitəni (maddəni) təqdim etməsi və ya narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətdə şübhəli bilindiyinə görə tutulmuş və ya belə şübhə ilə əlaqədar evində və ona aid həyətyanı sahədə axtarış aparılan şəxsin öz təşəbbüsü ilə və ya sorğu-sual zamanı üstündə və ya yaşadığı (müvəqqəti qaldığı) yerdə aşkar olunan narkotik vasitələrdən başqa cinayət təqibini həyata keçirən orqana məlum olmayan (yalnız şübhəliyə bəlli olan) digər məkanda (meşədə, başqalarına məxsus və ya sahibsiz tikililərdə, inşaat sahələrində, ona aid olmayan boş ərazilərdə və s. bu kimi yerlərdə) narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddələri) saxladığını bildirib həmin predmetləri təhqiqatın, ibtidai istintaqın aparılması həvalə edilmiş və ya digər səlahiyyətli şəxsə təqdim etməsi, bu hərəkətlər də şəxsin öz əməllərinə tənqidi münasibətini əks etdirdiyindən, eyni zamanda cinayət təqibini həyata keçirən orqanın aşkar etmək ehtimalı olmayan (lakin tutulmuş olsa da, həmin şəxsin sərəncamında qalmaqla onun tərəfindən müəyyən yollarla və yaxud azad edildikdən sonra idarə edilməsi imkanı itirilməyən) narkotik vasitənin (psixotrop maddənin, prekursorun, güclü təsir edən və ya zəhərli maddənin) qanunsuz dövriyyədən çıxarılmasını təmin edən davranış olduğundan, CM-in 234 və 240-cı maddələrinin qeydlərində nəzərdə tutulmuş stimullaşdırıcı normaların təsiri altına düşən hallar kimi nəzərdən keçirilməlidir. Belə hallarda, habelə narkotik vasitənin və ya psixotrop maddənin (onların prekursorlarının), eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli məddələrin bir hissəsini satdığı, qalan hissəsini isə qeydlərə uyğun qaydada könüllü təhvil verdiyi halda, şəxs tamamilə deyil, müstəsna olaraq könüllü təqdim etdiyi narkotik vasitəyə (psixotrop maddəyə, prekursora, güclü təsir edən və ya zəhərli maddəyə) görə cinayət məsuliyyətindən azad olunmalıdır. CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin mənasına görə, narkotik vasitəni və ya psixotrop maddəni, onların prekursorlarını könüllü təhvil vermiş və yaxud bu predmetlərlə əlaqədar olan cinayətlərin açılmasında və ya qarşısının alınmasında, onları törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs müvafiq əməlləri narkotik vasitəni (psixotrop maddəni, prekursoru) satmaq məqsədi ilə və ya belə məqsəd olmadan törətməsindən asılı olmayaraq cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarına nəzər salanda müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməkdə, saxlamaqda və istifadəsi ilə məşğul olmasında şübhəli olmasına dair əməliyyat məlumatı daxil olmuş və 11 iyun 2025-ci ildə, saat 12:58-də Yevlax şəhəri ərazisində “Mayak” yeməkxanasının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, üstü yoxlanılmış, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofona bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək, qablaşdırılmışdır. Əməliyyat-axtarış tədbirlərinin gedişində polis əməkdaşının Təqsirləndirilən şəxs “Bundan əlavə, səndə narkotik vasitə var, haradasa” sualına cavab olaraq, Təqsirləndirilən şəxs əli ilə gizlətdiyi narkotik vasitənin olduğu yeri göstərib, olduqları yerdən təxminən 2-3 dəqiqə getdikdə həmin yerə çata biləcəklərini bildirmiş və bundan sonra əməliyyat müvəkkillərini göstərdiyi istiqamətə, “Mayak” adlı yeməkxanasın yaxınlığına aparıb, açıq ərazidə gizlətdiyi, ümumi çəkisi 1 kq 430 qram qurudulmuş marixuananı götürüb, polis əməkdaşlarına könüllü təqdim etmişdir. Şahid1 ona verilən suallara cavab olaraq isə bildirmişdir ki, video çəkilş zamanı şəxsə sual vermişdir ki, əlavə saxladığın narkotik vasitə varmı, o da narkotik vasitənin olduğunu bildirmişdir. Bundan sonra gedib, həmin narkotik vasitəni götürmüşlər. Onlarda şəxsin həmin yerdə narkotik vasitə saxlaması barədə məlumat olmamışdır. Ancaq üzərində gəzdirməsi barədə məlumat olmuşdur. Sellofandakı marixuana şəxsi saxladıqları yerdən 40-50 metr kənarda olmuşdur. Təqsirləndirilən şəxs deməsə, həmin yeri axtarmaq fikirləri olmamışdır. Bununla bağlı şəxsə təzyiq və təsir olmamışdır. Həmin yerdə narkotik vasitənin saxlanması ilə bağlı onlarda qabaqcadan məlumat olmamışdır. Digər şahid Qoşqar İsgəndərli də ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsə əlavə narkotik vasitə saxlaması ilə bağlı sual verdikdə, o, saxladığını bildirmiş və onlara həmin yeri göstərmişdir. Şəxsi saxladıqları yerdən, təxminən 30-40 metr irəli getmişlər və Təqsirləndirilən şəxs taxtanın altında gizlətdiyi narkotik vasitəni götürüb, onlara təqdim etmişdir. Onlar da həmin torbaya baxış keçirmiş və möhürləyib götürmüşlər. Şəxsin 1430 qram narkotik vasitəni təqdim etməsi, ancaq onların təkliflərindən sonra olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı olmuşdur, amma miqdarı qeyd olunmamışdır. Təqsirləndirilən şəxs etiraf etməsəydi, həmin narkotik vasitəni tapa bilməyəcəkdilər. Beləlilklə, təhlil edilən sübutlardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə, saat 12:58-də narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri ərazisində yerləşən «Mayak» yeməkxanasının yaxınlığında Yevlax RPŞ-nın polis əməkdaşları tərəfindən saxlanılıb, videoçəkilişlə əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib, saxladığı 7,08 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı təqdim etdikdən sonra həmin narkotik vasitəyə real surətdə istədiyi kimi sərəncam vermə imkanına malik olduğu halda bu vasitəni hakimiyyət nümayəndələri olan polis əməkdaşlarına öz iradəsinə uyğun olaraq təhvil vermək məqsədilə polis əməkdaşının “Bundan əlavə, səndə narkotik vasitə var, haradasa” sualına cavab olaraq, heç bir kənar təsir olmadan, könüllü şəkildə gizlətdiyi narkotik vasitənin olduğu yeri göstərib, “Mayak” adlı yeməkxanasın yaxınlığında açıq ərazidə gizlətdiyi, ümumi çəkisi 1 kq 430 qram qurudulmuş marixuananı götürüb, polis əməkdaşlarına təqdim etmişdir. Sorğu-sual zamanı üstündə aşkar olunan narkotik vasitədən başqa cinayət təqibini həyata keçirən orqana məlum olmayan, yalnız şübhəli Təqsirləndirilən şəxs məlum olan digər məkanda - ona aid olmayan boş ərazidə narkotik vasitə saxladığını bildirib, həmin predmeti polis əməkdaşlarına təqdim etməsi onun öz əməlinə tənqidi münasibətini əks etdirdiyindən, eyni zamanda cinayət təqibini həyata keçirən orqanın aşkar etmək ehtimalı olmayan, lakin Təqsirləndirilən şəxs sərəncamında qalmaqla onun tərəfindən müəyyən yollarla və yaxud azad edildikdən sonra idarə edilməsi imkanı itirilməyən narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasını təmin edən davranış olduğundan, CM-in 234-cü maddəsinin qeydində nəzərdə tutulmuş stimullaşdırıcı normaların təsiri altına düşən hal kimi nəzərdən keçirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs müstəsna olaraq könüllü təqdim etdiyi narkotik vasitə 1405,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanaya görə cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs isə ona görə CM-in 234.1-1-ci maddəsilə təqsirləndirilmişdir ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1412,08 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edib, tərkiblərinə görə eyni olan həmin narkotik vasitə qurudulmuş marixuananın 7,08 qramını üzərində saxlamış, 1405,0 qramını isə Yevlax şəhəri ərazisində yerləşən «Mayak» yeməkxanasının yaxınlığında olan ağaclıq sahədə gizlədərək, saxlamışdır. Belə olan halda Təqsirləndirilən şəxs yalnız qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 7,08 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlayıb, daşımaqda təqsirləndirilə bilər. Bu həm də məhkəmə baxışının hədlərini müəyyən edən CPM-in 318.1-ci maddəsinin tələblərinə də uyğundur. Belə ki, həmin maddəyə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür (Həmin Qanunun 1.0.10-cu maddəsi). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 109.1-ci bəndinə əsasən isə təmiz halda 5 qram və daha artıq, lakin 500 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar və 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. İstinad olunan maddi və prossesual hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilməlidir. Qeyd olunanlarla yanaşı, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən sol gözünün üstündə olan xəsarətin hansı səbəbdən yaranması sualına verdiyi cavabda polislərin onu döymələrini bildirməsini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin bu barədə irəli sürdüyü dəlillərin heç bir əsası yoxdur. Belə ki, bununla əlaqədar olaraq ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası keçirilmiş və canlı şəxsin məhkəmə tibbi ekspertizasının 13 iyun 2025-ci il tarixli 311 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət (sol qaşın bayır bucağının əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Müxtəlif şəraitdə, o cümlədən öz boyu hündürlüyündən yıxılma nəticəsində törətməsi istisna edilmir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir (İ cild, i/v 84). Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verənə qədər heç bir zaman nə özü, nə də müdafiəçisi tərəfindən hər hansı bir qanunsuz rəftara, təzyiqə məruz qalması və ya hər hansı bir polis əməkdaşı tərəfindən döyülməsi barədə hər hansı bir orqana və ya şəxsə hər hansı bir şikayət və ya narazılıq ifadə edən müraciət etməmişdir. Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə, saat 12:58-də Yevlax RPŞ-nın polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılarkən aparılmış video görüntüdən müəyyən olunur ki, (07:29-cu dəqiqə) Təqsirləndirilən şəxs həmin vaxt sol gözünün üstündə olan xəsarətlə bağlı polis əməkdaşı Şahid1 sualına cavab olaraq bildirmişdir ki, “evdə tut ağacı var, yemək üçün ağaca çıxarkən oradan yıxılmışam.” Polisin “nə vaxt” sualına isə cavab olaraq demişdir ki, “dünən yox srağa gün”. Bundan əlavə, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə, saat 15:55-dən 16:04-dək üzərində şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə videogörüntüdən müəyyən olunur ki, qeyd olunan vaxt ərzində Təqsirləndirilən şəxs Yevlax RPŞ-nın təhqiqatçısı, polis mayoru Əsgərov Vəkil Şahlar oğlu, həmin şöbənin əməliyyat müvəkkilləri Şahid1, Qoşqar İsgəndərli, KTQ-nun baş inspektoru Sirac Fərəcov, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən (06:26-08:40-cı dəqiqələr) təhqiqatçının Yevlax RPŞ-ya gətirilərkən və ya RPŞ-da olarkən hər hansı fiziki təsir olub-olmaması barədə suala cavab olaraq "xxxx", sol gözünün üzərində olan xəsarəti harada alması ilə bağlı sualına cavab olaraq “bizdə evdə tut ağacı var, yemək üçün ağaca çıxarkən yerə düşmüşəm”, nə vaxt sualına isə “dünən” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs həmin zaman müdafiəçisi Müdafiəçi ona ünvanladığı sol qaşının üstündə qan izlərinin nə ilə bağlı olması, nə vaxt yaranması, hansı şəraitdə yaranması ilə bağlı sualına cavab olaraq bildirmişdir ki, “dünən evdə olub, yemək üçün evdə olan tut ağacına çıxarkən ayağım sürüşdü, yıxıldım yerə” deyə cavab vermişdir. Daha sonra müdafiəçinin “bəlkə kimsə səni vurub, döyüb, ya əməliyyatçılar saxlayanda vurublar səni, ya polis şöbəsinə gətiriləndə, yadakı burda, gətiriləndən sonra olub, elə bir hal varmı?” sualına da cavab olaraq bildirmişdir ki, "xxxx" (İ cild, i/v 31-37). Qeyd olunanlarla bərabər, X5 daxil olmuş 30 sentyabr 2025-ci il tarixli 3-16-17/37/2- 5582/2025 nömrəli məktuba əlavə edilmiş tibbi sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 14 iyun 2025-ci il tarixdə X7 yerləşdirilərkən tibbi müayinədən keçirilmiş və ona baxış zamanı dəri səthində çapıq və zədə aşkar edilməmişdir. Ancaq həbs olunmadan əvvəl sol çiynində, sol saiddə, qarnında sol tərəfdə çoxsaylı, öz-özünə kəsilmiş, beldə bir (bıçaq izi), sağ bazuda bir, burunda deformasiya, əldə çapıq toxuma, sağ baldırda bir ədəd köhnə sağalmış toxumanın olması aşkar edilmişdir. Bunlardan başqa, Yevlax RPŞ-dan daxil olmuş 15 oktyabr 2025-ci il tarixli 3-13-117/2- 21432/2025 nömrəli məktuba əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə Yevlax RPŞ-ya gətirildikdən sonra tibbi müayinədən keçirilmiş və onun üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nın polis əməkdaşlarının onu döyməsini bildirsə də, göstərilən bu xüsusat istinad sübutlarla öz təsdiqini tapmamışdır. Odur ki, müdafiə tərəfinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. X1 10 iyun 2014-cü ildə polis tərəfindən pis rəftara məruz qalması, tutulması və həbs olunmasının qanuniliyi barədə şikayəti üzrə Avropa Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarının 35-36-cı bəndlərində qeyd olunmuşdur ki, 20 avqust 2008-ci il tarixdə baş verdiyi iddia olunan pis rəftar (məsələn, polisin əlinin ovucu ilə ərizəçinin başına vurması) kimi rəftarlar həmişə izlərin qalmasına səbəb olmamalıdır. Lakin hazırkı işdə ərizəçi məhkəməyə pis rəftara dair iddiasını dəstəkləyən başqa sübut təqdim edə bilməyib. Bundan əlavə, o, şikayətini dəstəkləmək üçün istintaq zamanı verilmiş şahid ifadələrinə istinad etsə də, işdəki sənədlərdən və şahidlərin ərizəçinin polis tərəfindən döyülməsi ilə bağlı hər hansı bir ifadə verdikləri görünmür. Bu kimi halları və əlindəki bütün iş materiallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizəçinin 20 avqust 2008-ci il tarixində polis tərəfindən pis rəftara məruz qalması ilə bağlı sübutlar “əsaslı şübhə” standartına cavab vermir. Bu isə məhkəmənin ərizəçinin pis rəftara məruz qalması nəticəsinə gəlməyinə mane olur. Məhkəmə kollegiyası bu səbəbdən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsinin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiasını heç bir dəlillə möhkəmləndirə bilməməsini, həmin vaxt ona zorakılığın tətbiq olunmasına dair əsaslı şübhə yaradan halların müəyyən edilməməsini, əksinə onun qeyd olunan tarixdə polis tərəfindən pis rəftara məruz qalması ilə bağlı dəlilləri “əsaslı şübhə” standartına cavab verməyən hallar kimi qiymətləndirib, polis tərəfindən tutularkən pis rəftara məruz qalması nəticəsinə gələ bilmir və bu barədə iddialarını əsassız hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunan xəsarət onun tutulmasından əvvəl baş vermişdir. Ona görə də onun polisin qanunsuz təsirinə məruz qalması barədə şübhələr istisna olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək, hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. “Məhkəmə hökmü haqqında” qərarın 33-cü bəndində isə qeyd olunmuşdur ki, hökmün təsviri-əsaslandırıcı hissəsində, həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol və digər sübutlarla təsdiqini tapmışdır. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək onlarla razılaşmaya bilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fətullayev Azərbaycana qarşı iş üzrə 07 aprel 2022-ci il tarixli qərarının 83-cü bəndində qeyd olunmuşdur ki, məhkəmə həmçinin xatırladır ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsilə bağlı prinspi əks etdirən oturuşmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir. Məhkəmələr irəli sürülən hər bir arqumentə müfəssəl cavab vermək məcburiyyətində olmasa da, qərardan aydın olmalıdır ki, işin əsas məsələlərinə baxılıb və işin nəticəsi üçün həlledici olan arqumentlərə spesifik və açıq cavab verilib (Kərimov və digərləri Azərbaycana qarşı, № 24219/16). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq məhkəmə qərarlarının əsaslandırılmaması ilə bağlı məsələ adətən yerli məhkəmələr ərizəçinin qaldırdığı spesifik, müvafiq və vacib məqama məhəl qoymadıqda meydana çıxır (Neçiporuk və Yonkalo Ukraynaya qarşı № 42310/04, § 280, 21 aprel 2011-ci il). Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə, habelə həmin sübutların mötəbərliyini və ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Məhkəmə istintaqında onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində isə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. DİN-nin Baş Əməliyyat və Statistik İnfarmasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı Apellyasiya Məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinib, 02 il 05 ay 06 gün müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 ay 15 günündən vaxtından əvvəl şərti azad olunmuşdur (İ cild, i/v 97-98, 123-137). Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 21 iyul 2025-ci il tarixli282363/2 nömrəli məktubundan isə müəyyən olunur ki, Qaradağ Rayon Məhkəməsinin 7(002)-1159/2023 nömrəli 27 oktyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 ay 15 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını 11 oktyabr 2024-cü ildə çəkib qurtarmışdır (İ cild, i/v 138). CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (CM-in 83.1-ci maddəsi). Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur (CM-in 83.3.3-cü maddəsi). CM-in 15.3-cü maddəsində isə göstərilir ki, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi müddətdə qəsdən yenidən az ağır cinayət törətmişdir. Ona görə də onun əməlində cinayətin residivi vardır. Eyni zamanda, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yevlax RİH başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 130 ünvanında qeydiyyatdadır və arvadı X14, uzaqları xx.xx.2010cu ildə doğulmuş X11, xx.xx.2015-ci ildə doğulmuş X23, Bəkirov xx.xx.2017-ci ildə doğulmuş Ümid Tural oğlu, xx.xx.2019-cu ildə doğulmuş X15, xx.xx.2020-ci ildə doğulmuş X16, xx.xx.2021-ci ildə doğulmuş X17 və xx.xx.2024-cü ildə doğulmuş X9 ibarət ailə tərkibi vardır (İ cild, i/v 142-150). Həmin nümayəndəlik tərəfindən təqsirləndirilən şəxs barədə verilmiş xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 130 ünvanında yaşadığı müddətdə qonşularla yaxşı münasibət qurmağa çalışmışdır, küçənin və ətraf məhəllənin sakinləri ilə ünsiyyətdə olmuş, birgəyaşayış qaydalarına riayət etməyə çalışmışdır. Təqsirləndirilən şəxs yaşadığı müddətdə küçə və məhəllədə qismən yaxşı qonşu kimi səciyyələndirilmişdir (İ cild, i/v 140). Məhkəmə kollegiyası CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan və altı azyaşlı uşağının olmasını və yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Onun əməlində cinayətin təhlükəli residivinin olması isə CM-in 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran haldır. İşdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşıma) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri təhdidə çevrilərək fiziki mənada ayrı-ayrı şəxslərin, ümumilikdə isə cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbə vurur. Təqsirləndirilən şəxsin əməli fərd olaraq narkotik vasitədən istifadə etməklə öz tələbatının ödənilməsinə yönəlsə də, bu cinayət əməli bütövlükdə cəmiyyətə və bəşəriyyətə qarşı ciddi təhlükə yaradır. Cinsindən asılı olmayaraq insanları birinci növbədə ailəsi, sonra isə cəmiyyət üçün lazımsız varlığa çevirir. Məhz buna görə də Birləşmiş Millətlər Təşkilatının 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri bilinmişdir. Azərbaycan Respublikası da qeyd olunan konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı ciddi mübarizə aparıldığı bir dövrdə cəmiyyət üçün bəlaya çevrilmiş bu kimi cinayət törətmiş təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi kifayət qədər əsaslı və ədalətlidir. CM-in 234.1-ci maddəsində bu əməlin törədilməsinə görə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs himayəsində altı azyaşlı uşağının olmasını və yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, ədalət və humanizm prinsiplərinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə, saat 12:58-də şübhəli şəxs qismində tutulmuş və həmin vaxtdan etibarən həbsdədir. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. O da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, Yevlax RPŞ-da saxlanılan və tədqiqatdan sonra qalıq qalmış 1411,98 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərə əsasən iş üzrə ümumilikdə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir (İ cild, i/v 50). İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Yevlax RPŞ-da saxlanılan tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 1411,98 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üstünün yoxlanılması, baxış keçirilməsi zamanı maddi sübutun götürülməsi zamanı videoçəkilişin olduğu 1 ədəd kompakt disk, təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə zamanı videoçəkilişin olduğu 1 ədəd kompakt disk, onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişin olduğu 1 ədəd kompakt disk və telefon məlumatlarını özündə əks etdirən 01 ədəd konpakt disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə otuz beş manat doxsan yeddi qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar