Məhkəmə qərarları › İş №1(091)-246/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-246/2025

24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-246/2025 24.11.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X12, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonunun Mican kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edib, həmin bitkiləri kultivasiya etmək qərarına gəlmiş, bu məqsədlə 2025-ci ilin aprel ayının əvvəllərində, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda, İsmayıllı rayonunun Mican kəndində yerləşən yaşadığı evin arxa tərəfində əkilmiş müxtəlif tərəvəz bitkilərinin arasında 5 metr enində 7,2 metr uzunluğunda torpaq sahəsini kol-kosdan təmizləyərək, əkin üçün yararlı vəziyyətə gətirmiş və istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını həmin yerdə qəsdən qanunsuz olaraq əkib, su verməklə, alaq otlarından təmizləməklə və sair üsullarla aqrotexniki qaydada qulluq göstərərək, ümumilikdə külli miqdar təşkil edən, cəmi 29 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə, 29 santimetrdən 210 santimetrədək hündürlüyə çatdıraraq, qəsdən qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin (bundan sonra İsmayıllı RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, cəmi 3780,0 qram çəkidə, ümumilikdə külli miqdar təşkil edən 29 (iyirmi doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək, ifadəsində göstərmişdir ki, İsmayıllı rayonunun Mican kəndində qeydiyyatda olmaqla, ailəsi ilə birgə həmin ünvanda yaşayır. Yaşadığı evdə ondan başqa anası X2, arvadı X1, 2007-ci il təvəllüdlü oğlu X4 yaşayır. Digər 1999-cu il təvəllüdlü oğlu X5 təxminən 5-6 aydır ki, Bakı şəhərində yaşayır. Arabir kəndə gəlib, onları ziyarət edir. O, təxminən 3-4 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2025-ci ilin mart ayının sonlarında balıq tutmaq üçün yaşadığı kəndin ərazisində yerləşən “Əyriçay” çayına getmiş və həmin vaxt bir ədəd sellofan torba diqqətini çəkmişdir. Sellofan torbanı açdıqda içərisində çətənə bitkilərinin toxumları olduğunu görmüşdür. O, istifadə edərkən toxumları gördüyü üçün həmin toxumların çətənə bitkisinin toxumları olduğunu tanımış və əkmək məqsədilə toxumlar olan sellofan torbanı cibinə qoymuşdur. Evə gəldikdən sonra heç kimin görməməsi üçün həmin sellofan torbanı yaşadığı evin həyətində olan yarımtikilidə gizlətmiş və gələcəkdə istifadə etmək məqsədilə toxumları əkmək qərarına gəlmişdir. Bundan ötrü 2025-ci ilin aprel ayının əvvəllərində, dəqiq tarixi xatırlamadığı gündə, yaşadığı evin həyətində xüsusi yer düzəldərək, həmin toxumları basdırmışdır. Toxumları əkdikdən sonra mütəmadi olaraq onları sulamış, diblərini alaq otlarından təmizləyərək qulluq etmişdir. Ondan başqa heç kim ora nə əkdiyini bilməmişdir. Bir müddət sonra şitillər əmələ gəlmiş və yenə də bitkilərə su verib, diblərini alaq otlarından təmizləmişdir. Çətənə bitkiləri yetişəndən sonra onları qurudub saxlamağı planlaşdırmışdır. 11 iyun 2025-ci il tarixdə, saat 12 radələrində yaşadığı evin darvazasının döyüldüyünü eşidib, küçəyə çıxanda darvazanın qarşısında bir neçə şəxsin dayandığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib, İsmayıllı RPŞ-nın əməkdaşları olduqlarını, yanlarında olan Rəşid adlı şəxsin isə aqronom mütəxəssis olduğunu bildirmişlər. Polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə daxil olmuş əməliyat məlumatı əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbiri barədə qərarını göstərib, yaşadığı həyətyanı sahəyə baxış keçirəcəklərini demişlər. O, həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olmamasını bildirərək, bu barədə ərizə də təqdim etmişdir. Polis əməkdaşları videoçəkilişlə həyətinə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşduqda, o, buna heç bir etirazının olmadığını bildirmişdir. Razılığından sonra o, polis əməkdaşlarına çətənə bitkilərini əkdiyi yeri göstərmiş və polis əməkdaşları aqronom Rəşid adlı şəxsin iştirakı ilə əkdiyi çətənə bitkisinə baxış keçirmişlər. Baxış zamanı yaşadığı evin bostanında 5 metr enində 7 metr 20 santimetr uzunluğunda hazırladığı yerdə əkib-becərdiyi 29 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən həmin çətənə bitkiləri torpaqdan çıxarılıb, hündürlükləri ölçüldükdə, 29 santimetrdən 210 santimetrədək müxətlif hündürlüklərdə olması müəyyən edilmişdir. Polis əməkdaşları ona həmin çətənə bitkilərini hansı səbəbdən əkib-becərdiyini soruşduqda, öz istifadəsi üçün əkib-becərdiyini bildirmişdir.Çətənə bitkiləri bir ədəd torbada qablaşdırıldıqdan sonra üzəri möhürlənərək götürülmüşdür. Daha sonra yaşadığı evin həyətinə baxış davam etdirilmiş, lakin baxış zamanı hər hansı narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar olunmamış və götürülməmişdir. Bu barədə protokol tərtib edilmiş, o, tərtib edilmiş protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Sonra polis əməkdaşları onlarla birlikdə İsmayıllı RPŞ-ya gedəcəyini bildirdikdə, o, heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları ilə birlikdə İsmayıllı RPŞ-nın inzibati binasına getmişlər. Şöbənin inzibati binasında, növbətçi hissənin qarşısında müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmiş, yalnız üzərində olan Redmi 12 markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Aşkar edilmiş 1 qutu “Magna” markalı siqaret və yandıran özünə qaytarılmışdır. Bundan sonra tərtib edilən protokol uca səslə oxunmuş və o, müdafiəçisi ilə birlikdə həmin protokola imza etmişdir. Daha sonra suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, toxumları balıq tutarkən, sellofan paketdə tapmışdır. Orada 29 ədəd toxum olmuşdur. Hər ehtimala o qədər əkmişdir ki, toxumların hamısı bitməyə də bilər. Öz həyətində, tərəvəzlərin arasında əkmişdir. Onlar kənardan görünməmişlər. Toxumları aprel ayının əvvəllərində əkmişdir. Toxumların hansı növə aid olduğunu bilmir. Ailəsinin bundan xəbəri olmamışdır. Narkotik vasitə istifadəçisidir, gündəlik siqaret əvəzi ondan istifadə edir. Ancaq kiməsə verməmişdir. Əməlindən peşmandır, valideynlərinin yanında başıaşağı olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü madəsində nəzərdə tutlan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyul 2025-ci il tarixində ona Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkilib-becərilməsilə bağlı əməliyyat məlumatı daxil olmuş və o, bu baradə İsmayıllı Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla bildirmişdir. Daha sonra qrup yaradılmış, qrupda o, Şahid2, Şahid3 və Şahid4 iştirak etmişlər. Şəxsin yaşadığı ünvana gedib, qapını döymüşlər və o, gəlmişdir. Orada qərarı ona təqdim etmişlər və ərizəsini aldıqdan sonra həyətə baxış keçirmişlər. Şəxs könüllü şəkildə göstərmişdir ki, 29 ədəd çətənə bitkisi əkmişdir. Sənədləşmə işləri görüldükdən sonra İsmayıllı RPŞ-ya gəlmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin ondan hər hansı qanunla qadağan edilmiş əşya və predment aşkar olunmamışdır. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, həyətdən 29 ədəd çətənə bitkisi aşkar edilmişdir. Çətənə bitkilərinin ölçülərini xatırlamır. Çətənə bitkiləri bir yerdə əkilmişdir. Həmin bitkilərə qulluq olunmasını aqronom təsdiq etmişdir. Şəxs çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini və heç kimə satmadığını bildirmişdir. Əməliyyat tədbiri təxirəsalınmaz olduğu üçün əməliyyat-qeydiyyat işi açmamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs barədə daxil olmuş əməliyyat məlumatda onun yaşadığı evin həyətyanı sahəsində tərəvəz bitkilərini yetişdirdiyi yerdə narkotik vasitə əkib-becərməsi qeyd olunmuşdur. Həmin hal təxirə salınmadan dərhal rəhbərliyə məruzə olunmuş və müstəntiqin qərarı əsasında müvafiq əməliyyat istintaq qrupu yaradılmışdır. Qrupun tərkibinə müstəntiq, əməliyyatçılar və aqronom daxil edilmişdir. Həmin qərar əsasında 11 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Tədbir başlanmazdan əvvəl şəxs öz evində olmuşdur. Şəxsə əvvəlcədən müvafiq qərar elan edilmiş və o, həyətyanı sahəsinə baxış keçirilməsinə və axtarışın aparılmasına etirazının olmadığını bildirmişdir. Şəxsə qərar elan olunduqda, həmin narkotik vasitələrin əkib-becərilməsi ilə məşğul olduğunu səmimi olaraq könüllü etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs onları hadisə yerinə dəvət etmiş və özü könüllü olaraq həmin yeri göstərmişdir. Həmin bitkilər tərəflərindən aqronomun iştirakı ilə narkotik tərkibli bitkilər olması şübhəsilə sayılmış, videoçəkilişlə çətənə bitikiləri sayılaraq kökündən çıxarılmış və qablaşdırıldıqdan sonra iş yekunlaşmışdır. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, şəxs barədə daxil olmuş məlumat təxirəsalınmaz olmuşdur. Şəxs barədə əvvəllər bu qisimdə məlumatlar daxil olmadığına görə onun barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. Aşkar olunan çətənə bitkiləri iki kisəyə yığılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı onlara əvvəllər əməliyyat məlumatı daxil olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Şahid2 bildirmişdir ki, 11 iyun 2025-ci ildə əməkdaşa daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunmuş və müvafiq qərar qəbul olunmuşdur. Qərar əsasında qrup yaradılmış, o da həmin əməliyyat qrupunun tərkibinə daxil edilmişdir. Həmin gün, yəni 11 iyul 2025-ci il tarixdə, saat 12 radələrində İsmayıllı rayonu, Mican kəndində yaşayan Kamandar adlı şəxsin həyətyanı sahəsinə baxış keçirmək üçün getmişlər. Şəxsi çağırmış, özlərini təqdim edib, qərarla tanış etmişlər. Şəxsdən həyətyanı sahəsində narkotik vasitələrin olub-olmadığını soruşduqda, o, səmimi etiraf edərək, öz istifadəsi üçün çətənə bitkilərini əkib-becərdiyini bildirmişdir. Daha sonra onları narkotik tərkibli bitkilərin yanına aparmışdır. Bostan kimi istifadə etdiyi sahədə 29 ədəd çətənə bitkilərinin olmasını görmüşlər. Baxış çəkiliş aparılmaqla sənədləşdirilmişdir. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbiri təxirəsalınmaz olmuşdur. Əməliyyat məlumatı digər əməkdaşa daxil olmuş və əməliyyat tədbirinin davam etdirilməsi üçün rəhbərlik tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra birbaşa şəxsin evinə getmişlər. Təqsirləndirilən şəxs çətənə bitkilərini öz istifadəsi üçün əkib-becərdiyini bildirmiş və onlara heç bir etiraz etməmişdir. 6 ildir İsmayıllı RPŞ-da əməliyyatçı vəzifəsində çalışır, ancaq bu müddət ərzində ona Təqsirləndirilən şəxs barədə narkotik vasitələrin dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmamış, eyni zamanda digər yoldaşlarına da belə bir əməliyyat məlumatının daxil olduğunu eşitməmişdir. Onu rayon sakini kimi tanıyır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Şahid4 bildirmişdir ki, əməliyyatçılarla birlikdə təbdirdə iştirak etmiş və şəxsin həyətinə getmişdir. Şəxs onlara həyətində əkdiyi çətənə bitkilərini göstərmişdir. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, həmin yerdən 29 ədəd çətənə bitkisi aşkar olunmuş və şəxs çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmişdir. Çətənə bitkilərini torpaqdan çıxarmışlar. Bitkilərin qablaşdırılmasında da iştirak etmişdir. Sonra polis şöbəsində şəxsin üzərinə baxış keçirilərkən də iştirak etmişdir. Həmin vaxt şəxsin üzərindən heç nə aşkar olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid ifadələrini dinləyib, tədqiq edən məhkəmə kollegiyası şahidlər Şahid1, Şahid3, Şahid2 və Şahid4 həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların bu ifadələri ardıcıldır, bir-birilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı göstərdiyi hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası həmin ifadələri dürüst və mötəbər sübutlar hesab edir və hökmün əsasına qoyur. Şahidlərin qeyd olunan ifadələrində təqsirləndirilən şəxsə böhtan atmaları üçün əsaslar görmür. Şahid ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: İsmayıllı RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid1 İsmayıllı RPŞ-nın rəisinə ünvanlanmış 11 iyun 2025-ci il tarixli raportu ilə. Həmin raportda göstərilir ki, İsmayıllı rayonunun Mican kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə ilə məşğul olması barədə mənə əməliyyat məlumatı daxil olmuşdur. Odur ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barədə daxil olmuş məlumat ətrafında zəruri olan əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün qərar qəbul edilməsinə göstəriş verilməsi xahiş olunur (İ cild, i/v 02). Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 11 iyun 2025-ci il tarixli qərarla. Həmin qərardan müəyyən olunur ki, İsmayıllı rayonunun Mican kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən, Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə onun yaşadığı evin həyətyanı torpaq sahəsinə və yaşadığı evə baxış keçirilməsi qərara alınmışdır (İ cild, i/v 03). Həyətyanı sahəyə və evə baxış keçirilməsi haqqında 11 iyun 2025-ci il tarixli protokolla. Həmin protokolda göstərilir ki, baxışın həyata keçirildiyi fərdi yaşayış evi İsmayıllı rayonunun Mican kəndində, daşlı-çınqıllı yolun qurtaracağında yerləşir. Həyətyanı sahənin giriş darvazası boz rəngli dəmir qapıdandır. Giriş qapısı isə taxta materialdan olmaqla darvazadan mişar daşı ilə hörülmüş sütun vasitəsilə ayrılır. Qapıdan içəri daxil olduqda təxminən 30 metr qabaqda solda fərdi yaşayış evi görünür. Fərdi yaşayış evi kərpicdən tikilmişdir. Həyətyanı sahədə müxtəlif meyvə ağacları vardır. Fərdi yaşayış evinin arxa tərəfində müxtəlif tərəvəzlər əkilən hissənin arasında 5 metr enində 7 metr 20 santimetr uzunluğunda ərazidə spesifik qoxuya malik, narkotik tərkibli bitkiyə bənzər, ümumilikdə 29 ədəd bitki kolu müəyyən edilir. Bitki kolları torpaqda bitmiş halda olmaqla yaş və kökü üstədirlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitki kollarının ona məxsus olduğunu, özünün əkdiyini, gündəlik dibini sulamaqla, alaq otlarından təmizləməklə qulluq etdiyini bildirmişdir. Daha sonra bitki kolları köklərindən çıxarılmışdır. Bu zaman bitki kollarının hündürlüklərinin kökləri ilə birlikdə ən kiçiyinin 29 santimetr, ən hündürünün isə 210 santimetr olmaqla, müxtəlif hündürlüklərdə olması müəyyən edilmişdir. Mütəxəssis qismində iştirak edən aqronom Rəşid Zülfüqarlı həmin bitki kollarına aqrotexniki qaydada qulluq edildiyini, formasından və iyindən narkotik tərkibli bitki kollarına oxşadığını bildirmişdir. Baxış zamanı aşkar edilərək götürülmüş 29 ədəd çətənə bitkisinə bənzər bitki kolları 2 ədəd sintetik kisədə qablaşdırılaraq üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək, götürülmüşdür. Həyətyanı sahəyə baxış davam etdirildikdə hər hansı narkotik vasitəyə bənzər bitki kolu və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir (İ cild, i/v 15-17). 11 iyun 2025-ci il tarixli mütəxəssis rəyi ilə. Həmin rəydə göstərilir ki, xx.xx.2025-ci il tarixində, təxminən saat 12:45 radələrində rayon polis şöbəsinin dəvəti əsasında İsmayıllı şəhər (keçmiş Mican kəndi) sakini Təqsirləndirilən şəxs iştirakı ilə fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirdik. Baxış zamanı həyətyanı sahədə açıq torpaq sahəsində kartof və pomidor bitkilərinin arasında 29 ədəd kökü üstə, yaş halda olmaqla, narkotik tərkibli bitkiyə oxşar bitkilər aşkar edilmişdir. Aşkar edilmiş narkotik tərkibli bitkiyə oxşar bitkilərin boyu 0.29 metrdən 2,1 metrə qədər olmuş, həmin bitkilərə qulluq göstərilmiş, su verilmiş, dibləri alaq otlarından təmizlənmişdir. Beləliklə, 29 ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (İ cild, i/v 18). Məhkəmə bioloji ekspertizasının 12 iyun 2025-ci il tarixli 17/426 nömrəli rəyilə. Həmin rəydə göstərilir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs... evinin həyətyanı sahəsindən aşkar edilmiş narkotik terkibli bitkilər...” yazısı, adlar və imzalar olan bir ədəd sintetik kisənin içərisindəki 29 (iyirmi doqquz) ədəd, hündürlükləri 29 sm-dən 210 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri - 3780,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X8 11 iyun 2025-ci il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir ( İ cild, i/v. 46-50). Məhkəmə narkoloji ekspertizanın 24 iyun 2025-ci il tarixli 1164 nömrəli rəyi ilə. Həmin rəydə göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (İcild, i/v 203). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməkdə təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 237.2.3-cü maddəsilə tövsif etməyə imkan verir, çünki Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edib, həmin bitkiləri kultivasiya etmək məqsədlə 2025-ci ilin aprel ayının əvvəllərində özünə məxsus, İsmayıllı rayonunun Mican kəndində yerləşən yaşadığı evin arxa tərəfində əkilmiş müxtəlif tərəvəz bitkilərinin arasında 5 metr enində 7,2 metr uzunluğunda torpaq sahəsini kol-kosdan təmizləyərək, əkin üçün yararlı vəziyyətə gətirmiş və istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını həmin yerdə qəsdən qanunsuz olaraq əkib, su verməklə, alaq otlarından təmizləməklə və sair üsullarla aqrotexniki qaydada qulluq göstərərək, ümumilikdə külli miqdar təşkil edən, cəmi 29 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyləri, baxış keçirilməsi haqqında protokol və digər sübutlarla təsdiqini tapmışdır. Həmin vaxt onun təzyiq və təsir altında özünü CM-in 237.2.3-cü maddəsilə təqsirli bilməsinə dəlalət edən hər hansı bir halın olması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək, onlarla razılaşmaya bilmir. İsmayıllı Rayon Mərkəzi Poliklinikasından verilmiş xx.xx.2025-ci il tarixli 18-1-47/2- 789/2025 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonu, Mican kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1979-cu il təvəllüdlü İbrahimov X3 RMX-nın Poliklinika şöbəsinin “Ruhi-əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur (İ cild, i/v 108). Göründüyü kimi, Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntuları olması barədə məlumatlar yoxdur, ona görə də məhkəmədə onun psixi tamlığına şübhə yaranmır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan sübutları CPMin 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə, habelə həmin sübutların mötəbərliyini və ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 237.2.3-cü maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında isə göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci mad). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və törətdiyi əməldən peşman olduğunu bildirməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. İşdən göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə)) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl bütövlükdə bir neçə səbəbdən cəmiyyət üçün böyük risklər və təhdidlər yaradır:

1. Narkotiklərin yayılması və asılılıq problemi. Narkotik bitkilərin kultivasiya edilməsi, onların kütləvi şəkildə bazara çıxarılmasına və daha çox insanın narkotik maddələrdən asılı olmasına səbəb olur. Narkotik maddələr insanların həyatına ciddi zərər vurur, fiziki və psixoloji asılılıq yaradır, eləcə də cəmiyyətdə sosial problemlərin artmasına yol açır. Asılılıq vəziyyətində olan insanlar daha çox cinayətkarlıqla məşğul olurlar, təhsildən uzaqlaşırlar və ümumiyyətlə cəmiyyətin inkişafını əngəlləyirlər.

2. Təhlükəli cinayətkar şəbəkəsinin güclənməsi. Narkotik bitkilərin qanunsuz şəkildə yetişdirilməsi və tədarük edilməsi təşkilatlanmış cinayətkar şəbəkələrinin artmasına və güclənməsinə səbəb ola bilər. Bu şəbəkələr, narkotiklərin ticarəti ilə məşğul olub, yalnız qanunsuz iqtisadiyyatın böyüməsinə deyil, həm də cəmiyyətdə zorakılıq, narkotik ticarəti ilə əlaqədar cinayət hadisələrinin artmasına yol açır.

3. Hüquq-mühafizə orqanlarının resurslarının israfı. Qanunsuz narkotik bitkilərin kultivasiyası, hüquq mühafizə orqanlarının böyük miqdarda vaxt və resurs xərcləməsinə səbəb olur. Bu isə digər daha əhəmiyyətli cinayətlərin qarşısını almağa yönələn fəaliyyətləri zəiflədir və hüquq-mühafizə orqanlarının effektivliyini azaldır.

4. Ekoloji təhlükələr. Narkotik bitkilərin yetişdirilməsi üçün geniş ərazilər tələb olunduğu halda, bu, ətraf mühitin pozulmasına gətirib çıxara bilər. Çox zaman narkotik bitkilər qanunsuz olaraq meşəlik ərazilərdə və ya qorunan təbiət zonalarında yetişdirilir ki, bu da ekosistemin balansını poza bilər. Eyni zamanda, bu bitkilərin becərilməsi üçün istifadə olunan pestisidlər və kimyəvi maddələr torpağı və suyu çirkləndirə bilər.

5. Sosial təhlükələr. Narkotik ticarəti və istifadəçilərinin sayının artması cəmiyyətdə mənəvi və sosial dəyərlərin pozulmasına, ailə daxili zorakılıq, işsizlik, yoxsulluq və digər sosial problemlərin güclənməsinə yol açır. CM-in 237.2.3-cü maddəsində bu əməlin törədilməsinə görə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini (DİN-in BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsinə əsasən, Təqsirləndirilən şəxs heç bir məhkumluğu olmamışdır (İ cild, i/v 159-160)) və törətdiyi əməldən peşman olduğunu bildirməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə görə isə məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 237.2.3-cü maddəsinin sanksiyasına uyğun olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. İşdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:01-də şübhəli şəxs qismində tutulmuş və İsmayıllı Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərarı ilə əvvəli 11 iyun 2025-ci il tarixdən hesablanmaqla, barəsində dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. CPM-in 158.2 və 158.2.2-ci maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. O da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, məhkəmə narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görüldüyündən, cəza çəkdiyi müddətdə ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan əlavə, CPM-in tələblərinə əsasən, maddi sübut olub, İsmayıllı RPŞ-da saxlanılan bir ədəd sintetik bağlamada qablaşdırılmış və ekspertiza tədqiqatından sonrakı çəkisi 3779,42 qram olan 29 ədəd çətənə bitkiləri məhv edilməlidir. İş üzrə 135,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, İsmayıllı RPŞ-da saxlanılan bir ədəd sintetik bağlamada qablaşdırılmış, ekspertiza tədqiqatından sonrakı çəkisi 3779,42 qram təşkil edən 29 ədəd çətənə bitkiləri məhv edilsin. İş üzrə yüz otuz beş manat doxsan yeddi qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rafail Əliyev

Hakimlər: Tural Əfəndizadə

Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar