Məhkəmə qərarları › İş №1(091)-250/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-250/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-250/2022 06.12.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1969-cu ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Yevlax şəhəri Xurşudbanu Natəvan küçəsi ev 6da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax şəhəri, Xurşidbanu Natəvan küçəsi, ev 6-da yerləşən özünə məxsus yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında "Azarbaycan Respublikası qanunu ilə qadağan edilmiş və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikası qanunun 3-cü siyahısına əsasən külli miqdar hesab edilən 20 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını əkib, 20 ədəd külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini yetişdirib qəsdən kultivasiya etmiş, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yevlax şəhəri, Xurşidbanu Natəvan küçəsi, ev 6-da yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə 25 iyun 2022-ci il tarixdə saat 1600-dan saat 1645-dək olan müddətdə keçirilmiş baxış zamanı həmin evin həyətyanı sahəsində Təqsirləndirilən şəxs qəsdən kultivasiya etdiyi ümumi təmiz çəkisi 1 (bir) kiloqram 730 qram, 12 sm-dən 150 sm-dək uzunluqda külli miqdarda 20 ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmidir ki, psixiatrik xəstəxana müalicə aldıqdan sonra yaşadığı evə gəlmiş, təxminən 5-6 gün sonra polis əməkdaşları onun yaşadığı evə gələrək evinə baxış keçirəcəklərini bildirmiş, baxış zamanı yaşadığı evin həyətindən 20 ədəd çətənə bitkisi aşkar edilmişdir. Həmin çətənə bitkilərini həyətində kimin əkməsindən məlumatı olmamış, çətənə bitkilərini görsə də xəstə olduğuna görə həmin bitkiləri çıxarda bilməmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində yaşadığı ünvan 1 ünvanında yerləşən özünə məxsus həyət evində bir qədər əvvəl yerdən tapdığı çətənə kollarının toxumlarını gələcəkdə özü istifadə etmək məqsədilə əkmiş, yetişən kollara qulluq edərək vaxtaşırı su verməklə və diblərini belləməklə peyin verərək qulluq etmişdir. Əkdiyi toxumlardan 20 ədəd kol əmələ gəlmiş, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onu saxlayaraq narkotik tərkibli çətənə bitkilərini əkməkdə şübhəli olduğuna görə yaşadığı həyət evinə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyərək bu barədə ərizə verdikdən sonra ünvan 1-da yerləşən həyət evinə baxış keçirilən zamanı iyirmi ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 Rafail oğlu ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında 25 iyun 2022-ci il tarixdə saat 15 radələrində yaradılmış əməliyyat qrupuna daxil olan Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid3 və dəvət edilmiş aqronom-mütəxəssis Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanındakı evin qarşısına gəlmiş, Təqsirləndirilən şəxs özlərini təqdim edib narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olduğuna görə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq razılaşaraq həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Həmin vaxt mütəxəssis—aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı torpaq sahəsində iyirmi ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Aqronom mütəxəssis Şahid1 aşkar edilmiş bitkilərə baxaraq aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X8 Patrul Bölüyünün polis nəfəri işləyən Şahid3, aqronom-mütəxəssis Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 Rafail oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının 26 iyun 2022-ci il tarixli 17/530 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs həyətində aşkar edilmiş...”sözləri yazılmış sintetik kisənin içərisindəki, uzunluqları 12 sm-dən 150 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri – 1730,0 qram olan 20 (iyirmi) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid1 25 iyun 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 19 avqust 2022-ci il tarixli 512 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materaiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 123 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi patalogiya olan şizofreniya xəstəliyinin paranoid faormasından əziyyət çəkir. Təqsirləndirilən şəxs hal-hazırdakı psixi vəziyyəti qənaətbəxş səviyyədədir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi potologiya hazırda remisiya vəziyyətində olduğundan onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən paranoid şirzofreniya xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyindən əziyyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs əməli anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı paranoid şizofreniya xəstəliyinə xas əlamətlər aşkar olunur. Buna baxmayaraq həmin əlamətlər Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti CM-in 21.3 və 22.2-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 25 iyun 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evinin həyətindən 20 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar kollar aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 25 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1600-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair 27 iyun 2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə cəzası 2 ilə endirilmiş, xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad edilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə CM-in 186.2.2, 221.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsi istinad edilməklə CMin 21.1-ci maddəsinə əsasən barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilmişdir. CM-in 18-ci maddəsinə əsasən məhkumluğu ödənildiyindən və azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilmədiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin resdivi müəyyən edilmir. İş materiallarında olan “Yevlax rayon Mərkəzi Xəstəxanası” X5 alınmış xx.xx.2022ci il tarixli, 1312/22 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji dispanserində “şizofreniya paranoid forma” diaqnozu ilə psixiatrik kabinetdə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər X2 rayon Narkoloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1114 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Yevlax Rayon İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Məhkəmə Təqsirləndirilən şəxs həyətində aşkar olunan narkotik tərkibli çətənə bitkilərini kim tərəfindən əkilməsindən məlumatı olmamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə iş materiallarında olan şahid ifadələri, mütəxəssis və ekspertiza rəyləri, özünün video çəklişlə keçirilən baxış zamanı etirafedici ifadəsi və iş materiallarında olan digər sənədlər əsas verir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin işin hallarına uyğun gəldiyinə görə daha obyektiv və səmimi ifadə kimi qəbul edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs “şizofreniya paranoid forma” diaqnozu ilə psixiatrik kabinetdə qeydiyyatda olmasını, şizofreniya xəstəliyindən əziyyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmaması və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, 25 iyun 2022-ci il tarixdən 27 iyun 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün və 03 oktyabr 2022-ci il tarixdən 24 oktyabr 2022-ci il tarixə kimi psixiatrik stasionarda olduğu 21 gün müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı andan hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan çəkisi 1729,60 qram olan 20 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 25 iyun 2022-ci il tarixdən 27 iyun 2022-ci il tarixə kimi şübhəli şəxs 03 oktyabr 2022-ci il tarixdən 24 oktyabr 2022-ci il tarixə kimi həbsdə və psixiatrik stasionarda olduğu 23 gün müddət ona təyin olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 11 (on bir) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 06 dekabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax Rayon Polis Şöbəsində saxlanılan çəkisi 1729,60 qram olan 20 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilsin, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar