Məhkəmə qərarları › İş №1(091)-250/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-250/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-250/2023 13.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri E.Məmmədov küçəsi 16-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd sellofan bükümdə külli miqdarda 2,954 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, 22 aprel 2023-cü il tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin əməkdaşları tərəfindən Yevlax şəhəri Fizuli küçəsində şübhəli şəxs qismində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib orada həmin günü saat 17:15-dən 17:45-dək olan müddətdə video çəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirilərkən onun əynində olan şalvarın sol yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda 2,954 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-1-ci maddəsi elan olunan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü evdən çıxıb marketə daxil olmaq istəyən vaxt yanında bir maşın saxlamışdır. Həmin vaxt maşından düşən və tanımadığı polis əməkdaşı onun qolundan yapışıb maşına əyləşdirmişdir. Adını dəqiq bilmədiyi həmin şəxs ona demişdir ki, ona nazirlikdən məktub gəlmişdir. Daha sonra həmin şəxslər onu polis şöbəsinə aparmışdır. Polis əməkdaşları polis şöbəsində ona əl-qol atmışdır. Sonra ona demişlər ki, narkoik vasitəni boynuna almasa, onun evinə 01 kiloqram narkotik qoyacaqlar və qardaşını götürüb polis şöbəsinə gətirəcəklər. O da təzyiq altında olduğu üçün narkotik vasitəni boynuna almışdır. Əlavə olaraq onu qeyd edir ki, saxlanıldığı gün üzərində heç nə olmamışdır. Aşkar olunan narkotik vasitə ona aid deyildir. Odur ki, məhkəmə kollegiyasından qeyd etdiklərini nəzərə alaraq, barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, narkotik vasitənin heroin növündən istifadə etmişdir, lakin psixotrop maddə olan metamfetamindən istifadə etməmişdir. Bir ilə yaxındır narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər Rusiya Federasiyasında üç dəfə məhkum olunmuşdur. Xuliqanlıqla məhkum olunmuşdur. O, narkotiklə məhkum olunmamışdır. Polis əməkdaşları ona demişlər ki, narkotik vasitəni boynuna almasa, qardaşını gedib gətirəcəklər. Səhv etmirsə, həmin polis əməkdaşının adı Rəşad olmuşdur. Narkotik vasitəni cibinə vəkilin yanında qoymamışlar. Narkotik vasitəni cibinə yuxarı mərtəbədə qoymuşlar və daha sonra vəkilin yanında cibindən çıxarmışlar. Vəkilinə heç nə deməmişdir. Çünki həmin vaxt təzyiq altında olmuşdur. Polis əməkdaşları onu günorta saat 03 radələrində saxlamışdır. Onu marketin yanında saxlamışlar. Onu saxlayanlar Rəşad və Sərvər adlı polis əməkdaşları olmuşdur. Polis əməkdaşları onu saxlamağa “Kia Sportage” markalı avtomibillə gəlmişdir. Hazırda sözügedən maşının nömrəsini xatırlamır. Saxlanılan vaxt ətrafda kimin olduğunu dəqiq xatırlamır. Polis əməkdaşı Sərvər müəllim onu yanına çağırmışdır. Sonra onu maşına əyləşdirib polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu ikinci mərtəbəyə aparmışlar. Həmin vaxt yanımda Rəşad və Sərvər müəllim olmuşdur. Vəkili Sevda xanım olmuşdur Vəkili ilə konfidensial görüşü olmamışdır. Vəkil videoçəkiliş zamanı gəlmişdir. Polis əməkdaşları ona əl-qol atmışdır. Bədənində izlər olmamışdır. İbtidai istintaq zamanı ilk vəkili Sevda xanım olmuşdur. Sonradan vəkili Hüseyn müəllim olmuşdur. Təzyiq altında olduğu üçün vəkilinə heç nə deməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən vaxt məhkəmə qarşısına çıxmışdır. Məhkəmə zamanı döyüldüyünü bildirməmişdir. Çünki polis şöbəsində demişdilər ki, boynuna almasan evinə daxil olacağıq. Yazılanlar təhqiqatçı və ya başqa bir şəxs tərəfindən ona oxunmamışdır. Müstəntiq ona nə göstəribsə, ona imza çəkmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla, tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir və psixotrop maddələrin aludəçisidir. 21 aprel 2023-cü il tarixdə saat təxminən 14 radələrində yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsində olarkən yerdən 1 ədəd siqaret qutusu tapmış, qutunun içərisinə baxdıqda qutuda 1 ədəd sellofan bükülü olduğunu görmüş, sellofan bükülüyə baxdıqda həmin bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu görmüş və istifadə etmək üçün cibinə qoyub saxlamışdır. Həmin gün yəni, 2023cü il aprelin 21-də saat təxminən 16:30 radələrində Yevlax şəhəri Fizuli küçəsində olan zaman 2 nəfər ona yaxınlaşıb özlərini təqdim edərək Yevlax Rayon Polis Şöbəsinin polis əməkdaşları olduqlarını və ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı CM-in 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Sevda Bəkirovanı özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı X13 Rayon Polis Şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, içərisində psixotrop maddə olan metamfetamin olan bir ədəd sellofan bükülünü təqdim etmişdir. O, sellofan bükümdə psixotrop maddə olan metamfetamin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını və yerdən tapdığını demişdir. Polis əməkdaşları bükülünün içərisindəki kütləyə baxaraq psixotrop maddə olan metamfetaminə bənzədiyini demişlər. Təhqiqatçı həmin sellofan bükülüdə olan psixotrop maddə olan metamfetamini sellofan bükülü ilə birlikdə elektiron tərəzidə çəkmiş, çəkisi 3,1 qram olmuşdur. Təhqiqatçı həmin psixotrop maddə olan metamfetamini sellofan bükülü ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdıraraq 85 nömrəli möhürlə möhürləmişdir. O və müdafiəçisi Sevda Bəkirova zərfin üzərinə imza çəkmişlər. Təhqiqatçı metamfetamini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 21 aprel 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Ramilin şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx.xx.1987-ci il tarixdə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri E.Məmmədov küçəsi 16-da qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Ramilin barəsində müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Ramilin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 21 aprel 2023-cü il tarixli əmri ilə onun, Yevlax Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Yevlax Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X2 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax Rayon Polis Şöbəsinin CAB-nin rəisi, polis polkovnik-leytenantı X11 həmin qrupun rəhbəri təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində o, polis əməkdaşı Sərvərlə birlikdə Yevlax şəhəri Fizuli küçəsində Ramilin yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. O, Ramilə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmişdir. Ramil üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Sərvərlə birlikdə Ramili Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına gətirərək X5ə təhvil vermişlər. O, Ramilin gətirilməsi barədə raport yazmışdır. X1 tərtib etdiyi sənədlər əsasında Ramili şübhəli şəxs qismində tutmuşdur. Ramil Yevlax Şəhər Vəkil Bürosunun vəkili Sevda Bəkirova tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X15 Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Tərxan Allahverdiyev onun, Şahid2 və Sevda Bəkirovanın iştirakı ilə Ramilin üzərində şəxsi axtarış aparmışdır. X8 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax Rayon Polis Şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Ramil əynində olan şalvarın sol yan cibindən 1 ədəd sellofan bükülü təqdim edərək sellofan bükülünün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Yevlax şəhəri şəhəri E.Məmmədov küçəsində yerdən tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. X5 sellofan bükülünü açmış və o, sellofan bükülüdə metamfetaminə bənzər kütlənin olduğunu görmüşdür. Tərxan Allahverdiyev həmin kütləni sellofan bükümlə birlikdə elektron tərəzidə çəkmiş, çəkisi 3,1 qram olmuşdur. X5 həmin kütləni sellofan bükülü ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Ramil və müdafiəçisi Sevda Bəkirova zərfin üzərinə imza çəkmişlər. Tərxan Allahverdiyev zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Tərxan Allahverdiyev zərfdə qablaşdırdığı maddənin metamfetamin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Ramil üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Tərxan Allahverdiyev protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirksçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Şahid1 həmçinin, ifadəsində Ramilin üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini Yevlax şəhəri E.Məmmədov küçəsində yerdən tapdığını, Ramilin narkotik vasitənin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmadığını, Ramilin hər hansı bir şəxsə narkotik satması barədə onun məlumatının olmadığını, Ramili Yevlax şəhərində yaşamış şəxs kimi tanıdığını, Ramillə qohumluğunun, ədavət və düşmənçiliyinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, iş üzrə xx.xx.2023-cü il tarixli raportu tərtib etmiş, həmin raportda göstərilmiş 0,961 qram psixotrop maddənin çəkisi texniki səhvdir. Keçirdiyi şəxsi axtarış zamanı qeyd olunan çəki doğrudur. Şəxsin üzərindən aşkar olunan psixotrop maddə tərəzi vasitəsilə çəkilmiş və bu video çəkilişdə də öz əksini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Yevlax şəhəri E.Məmmədov küçəsi ev 16 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərindən 0,961 qram psixotrop maddə olan metafetamin aşkar olunaraq götürülmüşdür (cild 01, iş vər. 03). xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.1987-ci il tarixdə Yevlax rayonunda doğulmuş Təqsirləndirilən şəxs psixotrop maddə metafetaminin əldə edilməsi, daşınması, saxlanılması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-07). xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 16:30 radələrində Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Yevlax şəhəri E.Məmmədov küçəsi ev 16 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs psixotrop maddə metafetaminin əldə edilməsi, daşınması, saxlanılması, istehlakı və satışı ilə məşğul olması şübhəsi ilə Yevlax şəhəri Fizuli küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 11). xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tarixdə saat 16:55-də şübhəli şəxs qismində tutulmuş, azadlığı faktiki olaraq xx.xx.2023-cü il saat 16:30-dan məhdudlaşdırılmışdır (cild 01, iş vər. 20-21). xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda 3,1 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Çəkilişin əks olunduğu CD disk müvafiq protokola əlavə olunmuşdur (cild 01, iş vər. 27-34). xx.xx.2023-cü il tarixli “ərizə”dən görünrür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilməsi zamanı, həmçinin şübhəli şəxs qismində tutulması zamanı polis əməkdaşları tərəfindən ona heç bir fikizi və pisixi zor tətbiq olunmamasını və heç bir təzyiq və təzyiq göstərilməsini bildirərək, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir (cild 01, iş vər. 37). xx.xx.2023-cü il tarixli 17/365 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzi Şəki regional Bölməsinin 22 aprel 2023-cü il tarixli, 17/365 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 2,954 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Təhqiqata sərf edildi 0,50 qr., qalıq 2,904 qram (cild 01, iş vər. 42-45). 23 aprel 2023-cü il tarixli, 4(039)-53/2023 nömrəli Yevlax Rayon Məhkəməsinin qərarından görünür ki, təqsirləndirilənn şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 aprel 2023-cü il tarixdən hesablanmışdır (01 cild, vər. 85-89). 31 may 2023-cü il tarixli, PHŞ-3456/23 nömrəli “Yevlax RMX” Publik Hüquqi şəxsin təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs sözügedən xəstəxananın psixonevroloji kabinetdində dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 100). xx.xx.2023-cü il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və cəzasının sonu ilə azad olunmuşdur. Hazırda məhkumluğu yoxdur (cild 01, iş vər. 104). 07.07 2023-cü il tarixli Azərbaycan Respublikası Yevlax əhəri İcra Hakimiyyətininn Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ibtidai istintaqa təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (anası və qardaşı ilə) birlikdə Yevlax şəhəri E.Məmmədov küçəsi ev 16 ünvanında yaşayır, yaşayış yeri üzrə qismən yaxşı səciyyələndirilir (cild 01, iş vər. 117-119) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizasının 18 iyul 2023-cü il tarixli, 1220 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 123). xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 124-129). xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkumun Tibbi Kitabçasından çıxarılmış tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X9 qəbul edilərkən ilkin tibbi baxışdan keçirilmiş və onda tutulması və həbsə alınması dövrünə uyğun xəsarətlər aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Kollegiya qeyd edir ki, şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsi həmin əməllərə görə şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə kollegiyası cinayət işi materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Tərxan Allahverdiyev tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “raport”da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin çəkisinin 0,961 qram göstərilməsi ilə bağlı qeyd edir ki, cinayət işi üzrə X5 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “raport”da Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metafetaminin səhv olaraq 0,961 qram göstərilməsi məhkəmə iclasında tədqiq edilmiş şahid ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 2,954 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamış və xx.xx.2023-cü il tarixdə, saat 16:30-da Yevlax şəhəri Fizuli küçəsində şübhəli şəxs qismində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin Polis şöbəsinə aparılmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofan büküm aşkar edilmiş, həmin bükümün içərisində isə təmiz çəkisi 2,954 qram (prosessual hərəkət aparılan zaman 3,1 qram) təşkil edən, yəni külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddənin olmadığını, polis əməkdaşları polis şöbəsində ona əl-qol atmalarını, daha sonra ona psixotrop maddəni boynuna almasa, onun evinə 01 kiloqram narkotik qoyacaqlarını, qardaşını götürüb polis şöbəsinə gətirəcəklərini bildirmiş, o, da təzyiq altında olduğu üçün psixotrop maddəni boynuna almasını bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi ilə razılaşmayaraq, belə hesab edir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmiş, bununla da cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs 21 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonrakı dövrdə tutularkən üzərində psixotrop maddənin olmadığını mübahisələndirməmiş, habelə polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi barədə heç bir dövlət orqanına və ya tibb müəssisəsinə müraciət etməmiş, həmçinin müdafiəçilərinə bu barədə məlumat verməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs 21 aprel 2023-cü il tarixdə tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, irəli sürülmüş ittihamı bu və ya digər hissədə mübahisələndirməmiş, əksinə ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verərək satış məqsədi olmadan 2,954 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatları müdafiə tərəfi əsaslandırmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal/hallar müəyyən edilməmişdir. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Əksinə əməliyyat tapşırığı ilə bağlı 29 iyun 2023-cü il tarixli Yevlax rayon polis şöbəsinin CAB-ın tərəfindən verilmiş raportundan görünür ki, onun narkotik vasitələrin satışı ilə məşğul olması və ya üzərində aşkar edilmiş külli miqdarda 2,954 qram psixotrop maddə olan metamfetamini satmaq məqsədinin olması əməliyyat yolu ilə müəyyən edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz şəkildə əldə edib üzərində saxlamış və üzərində şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,954 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Bundan başqa, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə olan metanfetamin məhz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamışdır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyasının ən aşağı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Sözügedən Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş psixotrop maddənin çəkisini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 21 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Yevlax rayon polis şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,904 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69 (altmış doqquz) manat 0,10 (on) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69 (altmış doqquz) manat 0,10 (on) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 2,904 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd CD diskin iş materialarında saxlanılması nəzərə alınsın. İş üzrə 69 (altmış doqquz) manat 0,10 (on) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar