Məhkəmə qərarları › İş №1(091)-255/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-255/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-255/2024 16.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2006-cı ildə Zərdab şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Zərdab-Ucar avtomobil yolunun üzərində yerləşən “Kür” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında atası Kamil Məmmədlini döydüyü üçün qisas almaq niyyətilə yaşadığı fərdi yaşayış evindən götürdüyü mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bir dəfə vurmaqla döş qəfəsinin sağ yarısının arxa divarından döş və qarın boşluğuna keçərək diafraqmanın, sağ böyrəyin, yoğun bağırsaq müsariqəsinin hematoması, sağ tərəfli hematoraksla və qanaxma ilə müşahidə edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CMin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 2030 radələrində Zərdab rayon Təcili və X3 Stansiyasında işləyən atası X7 Yardım Stansiyasının həyətində döyüldüyünü eşitmiş, bu barədə maraqlandıqda Zərdab rayon Təcili və X3 Stansiyasında baş feldşer işləyən əmisinin arvadı Şahid5 həmin stansiyada işləyən İlham adlı şəxslə arasında sevgi münasibətləri olduğunu, atasının da elə bu söhbətə görə döydüyünü fikirləşmişdir. Buna görə də İlhamın istifadəsində olan mobil nömrəyə zəng edərək atasının kimin döydüyünü soruşmuş, sonuncuya bu barədə söhbət etmək üçün görüşmək istədiyini demişdir. İlham onu birazdan yığacağını deyib telefonu söndürmüş, təqribən beş dəqiqə sonra özünü Ramazan kimi təqdim edən bir nəfər şəxs ona zəng edib Zərdab rayonu ərazisində yerləşən "Kür petrol" adlı yanacaqdoldurma məntəqəsinin yanına çağırmışdır. Evin mətbəxindən bir ədəd bıçaq götürüb arxa tərəfdən şalvarının bel hissəsinə keçirtmiş, saat 21 radələrində Ramazanın dediyi yerə çatmışdır. Həmin yerə çatanda Ramazanın Aqşinlə birlikdə onu gözlədiyini görmüş, həmin yerə yaxınlaşanda Aqşin oradan uzaqlaşıb çıxıb getmişdir. Ramazandan atasını kimin döydüyünü soruşmuş, Ramazan atasının öz işçisi olduğunu, yaxşı edib döydüyünü deyəndə şalvarının bel hissəsində gizlətdiyi bıçağı sol əli ilə çıxardaraq Ramazanın sağ yan hissəsindən bir dəfə vurmuşdur. Bıçaq zərbəsi vurandan sonra Ramazan özü rayon istiqamətində qaçmağa başlamış, Ramazan gedəndən sonra bıçağı elə oralıqda zibilliyə atıb yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxslə barışmış, törətdiyi əməldən peşmançılıq keçirtdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zərdab rayon Mərkəzi Xəstəxanasında sürücü işləyən Şahid2 xəstəxananın digər işçisi, həm də onun dostu olan İlham ilə mübahisələri düşməsi səbəbindən İlham, Aqşin və Əfəndi Zərdab rayonu dörd yol deyilən yerdə söhbət etmiş, buna görə də Kamil Zərdab rayon polis şöbəsinə şikayət etmişdir. Kamilin oğlu Əlövsət bu barədə eşidib onun yanında olan İlhama zəng edib harada olduğunu soruşmuş, İlham Əlövsətə onu birazdan yığacağını deyib telefonu sömdürmüşdür. Təqribən beş dəqiqədən sonra Əlövsətin istifadəsində olan mobil nömrəyə zəng edərək sonuncudan harada olduğunu soruşmuş, Əlövsət rayon polis şöbəsinin qarşısında olduğunu deyəndə sonuncunu Zərdab rayonu ərazisində yerləşən "Kür petrol" adlı yanacaqdoldurma məntəqəsinin yanına çağıraraq tanıçı Aqşinlə birlikdə həmin yerə gedib Əlövsəti gözləməyə başlamışdır. Təxminən 5-10 dəqiqə sonra Əlövsət onların yanına gəlmiş, Əlövsət gələndə Aqşin onlardan uzaqlaşıb çıxıb getmişdir. Əlövsət ona yaxınlaşan kimi atasını kimin döydüyünü soruşmuş, cavab verməyə imkan tapmamış qəflətən böyür hissəsindən bıçaq çıxardaraq onun sağ yan tərəfindən bir dəfə vurmuşdur. Onu bıçaqla vuran kimi Əlövsət qaçmağa başlamış, yaxınlıqda olan tanımadığı bir taksiyə oturaraq onu xəstəxanaya aparmasını istəmişdir. Həmin taksi onu Zərdab rayon Mərkəzi xəstəxanasına apardıqdan sonra əməliyyat olmuşdur. Təqsirləndirilən şəxslə barışmış, sonuncunun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, onunla birlikdə Zərdab rayon Mərkəzi Xəstəxanasında sürücü işləyən Şahid2 2024-cü ilin iyun ayının əvvəllərindən onunla eyni yerdə işləyən və Kamilin qardaşı arvadı olan Günel adlı qadınla niyə münasibət saxladığına görə onunla mübahisə etmiş, Kamilin hər dəfə ona irad tutmasından bezdiyi üçün söhbət əsnasında dostlarına bu barədə bildirmişdir. Bundan sonra dostları ilə Kamili çağırıb birlikdə söhbət etməyi qərara almış, məqsədi həqiqətən də həmin qadınla iş yoldaşlığından əlavə heç bir münasibəti olmadığını izah etmək olmuşdur. Buna görə də xx.xx.2024-cü il tarixdə axşam saatlarında Kamillə Zərdab rayonu ərazisində dördyol deyilən yerdə görüşüb dostları Ramazan, Aqşin və Əfəndi ilə birlikdə söhbət etmiş, bundan sonra Kamil Zərdab rayon polis şöbəsinə şikayət etmişdir. Kamilin oğlu Əlövsət Kamil barədə eşidib onun istifadəsində olan mobil nörməyə zəng edib harada olduğunu soruşmuş, həmin vaxt dostları Ramazan, Əfəndi və Aqşin də onun yanında olmuşlar. Əlövsətə onu birazdan yığacağını deyib telefonu söndürmüş, təqribən beş dəqiqədən sonra Ramazan Əlövsətin istifadəsində olan mobil nömrəyə zəng edərək ondan harada olduğunu soruşmuşdur. Əlövsət rayon Polis Şöbəsinin qarşısında olduğunu deyəndə X8 rayonu ərazisində yerləşən "Kür petrol" adlı yanacaqdoldurma məntəqəsinin yanına çağırmışdır. Əfəndi ilə orada gözləmiş, Əlövsətlə danışmağa Aqşinlə Ramazan getmişdir. Təxminən yarım saatdan sonra Əlövsətin Ramazana bıçaq xəsarəti yetirdiyini eşidib xəstəxanaya getmiş, xəstəxanada Əlövsətin həmin vaxt özü ilə bıçaq gətirib Ramazana bir dəfə həmin bıçaqla xəsarət yetirdiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində əvvəlcədən tanıdığı Zərdab rayon Mərkəzi Xəstəxanasında işləyən Zərərçəkmiş şəxs ona zəng edərək xəstəxananın həyətinə çağırmış, ora getdikdə Ramazanla bərabər Aqşin və Əfəndinin də orada onu gözlədiklərini görmüşdür. Avtomaşından düşən kimi hər üçü heç bir səbəb göstərmədən hay-küy edərək onun üstünə gələrək onu döyməyə başlamış, səs-küyə xəstəxanada sürücü işləyən Səbuhi gəlib onları aralayaraq onu Ramazangilin əlindən almışdır. Səbuhi onun qoluna girib öz avtomaşınına tərəf gətirmiş, onu avtomaşına mindirib oradan uzaqlaşmağını istəmişdir. Oradan uzaqlaşıb şikayət etmək üçün Zərdab rayon polis şöbəsinə gəlmiş, orada izahat verərkən oğlu Əlövsətin onu döydüklərindən xəbər tutub Ramazangil ilə dalaşmaq üçün getdiyini və Ramazanı bıçaqla vuraraq xəsarət yetirdiyini eşitmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərdab rayon Mərkəzi Xəstəxanasında işləyən dostları Əfəndi, İlham və Ramazan ilə aralarında olan söhbət əsnasında İlham xəstəxanada sürücü işləyən Kamilin tez-tez İlhama niyə iş yoldaşı Günel adlı qadınla münasibət saxladığını bildirdiyini, əslində isə belə bir şeyin olmadığını demişdir. Kamili çağırıb birlikdə söhbət etməklə sonuncuya İlhamın həqiqətən də həmin qadınla heç bir münasibəti olmadığını izah etməyi qərara almış, buna görə xx.xx.2024-cü il tarixdə axşam saatlarında Zərdab rayonu, dörd yol deyilən yerdə Ramazan, İlham və Əfəndi ilə birlikdə Kamillə Zərdab rayonu ərazisində görüşüb söhbət etmiş, bundan sonra Kamil Zərdab rayon polis şöbəsinə şikayət etmişdir. Kamilin oğlu Əlövsət Kamil barədə eşidib İlhamın istifadəsində olan mobil nörməyə zəng edib harada olduğunu soruşmuş, İlham Əlövsətə sonuncunu birazdan yığacağını deyib telefonu söndürmüşdür. Təqribən beş dəqiqədən sonra Ramazan Əlövsətin istifadəsində olan mobil nömrəyə zəng edərək sonuncudan harada olduğunu soruşmuş, Əlövsət rayon polis şöbəsinin qarşısında olduğunu deyəndə X9 rayonu ərazisində yerləşən "Kür petrol" adlı yanacaqdoldurma məntəqəsinin yanına çağırmışdır. İlhamla Əfəndi orada qalmış, Əlövsətlə danışmağa Ramazanla özü getmişdir. Təqribən 5-10 dəqiqə sonra Əlövsət onların yanına gəlmiş, Əlövsət gələndə Ramazanla ikisinin təklikdə danışması üçün oradan uzaqlaşıb getmişdir. Təxminən on dəqiqə sonra geri qayıdanda Əlövsəti və Ramazanı orada görməmiş, sonuncuya zəng etsə də danışa bilməmişdir. X1 bıçaq xəsarəti yetirdiyini eşidib xəstəxanaya getmiş, xəstəxanada Əlövsətin həmin vaxt özü ilə bıçaq gətirib Ramazana bir dəfə bıçaq xəsarəti yetirdiyini bilmişdir. Hadisədən sonra Əlövsət ordan qaçaraq uzaqlaşmış, Ramazan isə elə həmin yerdən taksiyə minərək xəstəxanaya getmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərdab rayon Təcili X3 Stansiyasında baş tibb bacısı işləməklə Şahid1 onun iş yoldaşı olmuş, sonuncu ilə aralarında başqa heç bir yaxın münasibət olmamışdır. Qaynı oğlu Əlövsət Ramazana xx.xx.2024-cü il tarixdə bıçaq xəsarəti yetirəndən sonra qaynı Kamilin İlhama güya İlhamla onun arasında sevgi münasibəti olduğunu bildirərək bu münasibətə son qoymasını istədiyini və elə Əlövsətin də Ramazana bıçaqla xəsarət yetirməsinin də səbəbi bu olduğunu bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04 iyul 2024-cü il tarixli, 93 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət - döş qəfəsinin sağ yarısının arxa divarından döş və qarın boşluğuna keçərək diafraqmanın, sağ böyrəyin, yoğun bağırsaq müsariqəsinin hematoması, sağ tərəfli hemotaraksiya və qanaxma ilə müşahidə edilən bir ədəd deşilmişkəsilmiş yara - iti kənarlı əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən deşici-kəsici alət olan bıçaqla vurulma nəticəsində əmələ gəlmişdir, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 07 avqust 2024-cü il tarixli, 556 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı bir ruhi xəstəlik keçirməməsi səbəbindən o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayəti törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs halhazırda da hər hansı ruhi xəstəlik keçirməməsi səbəbindən o, öz hərəkətlərini idarə etmək və onları qiymətləndirmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərər çəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında (güclü ruhi həyəcan vəziyyətində) olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə soyuq silahların kriminalistik ekspertizasının 13 avqust 2024-cü il tarixli, 3-16-16/2-17/682 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, konstruksiyasında dəyişikliklər edilməmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zərdab rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-da qeydiyyatda olmaqla yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə saat 1030-da şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə Zərdab rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında qətimkan tədbirinə dəyişdirilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq təqsirləndirilən şəxsin əməlini CM-in 126.1-ci maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslə barışması, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, törətdiyi əməldən səmimi peşimançılıq keçirməsini, onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və cəzanı ağırlaşdıran hal olmadığına görə məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60.1-ci maddəsinin tətbiqini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək CM-in 70-ci maddəsinə əsasən həmin cəza şərti tətbiq edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 iyun tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) da nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələndirilməsi, əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ondan heç bir şikayət və tələbinin olmaması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxsnа 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməlidir. Cinаyət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmаlıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə Əlövsət Məmmədov barəsində təyin edilmiş cəzanı şərti olaraq tətbiq edərkən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci maddəsinin də tələbini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, CM-in 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan 30,60 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 30,60 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd bıçaq dəyəri olmadığına görə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar