Məhkəmə qərarları › İş №1(091)-258/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-258/2023

04.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-258/2023 04.11.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə İsmayıllı rayonu Zeyvə kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, İsmayıllı rayonu Zeyvə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdən 14 may 2023-cü il tarixə keçən gecə saat 02 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Z.Əliyeva adına olan parkda piyada hərəkət edən zaman saxlanılıb RPŞ-nin inzibati binasına gətirilərək orada xx.xx.2023-cü il saat 02:54 dəqiqədən başlayaraq üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxlayaraq özü ilə daşıdığı 01 ədəd plastik qabda nəm halda təmiz çəkisi 715 qram, quru halda isə təmiz çəkisi 650,650 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd üzəri yapışqan lentlə sarınmış sellofan bükümdə təmiz çəkisi 402,970 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və 01 ədəd üzəri yapışqan lentlə sarınmış sellofan bükümdə təmiz çəkisi 302,184 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əlində olan sellofan torbanın içərisindən aşkarlanaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində fərdi usta kimi fəaliyyət göstərməklə tutulduğu vaxtdan təxminən 15 gün əvvəl tanış olduğu Cəlal adlı şəxs ona Qəbələ rayonunda ev tikintisi ilə bağlı iş olduğunu bildirmiş, həmin vaxt həyətində pilləkən yığdığı Elçin adlı şəxsdən icazə alaraq Cəlal ilə görüşməyə getmişdir. Cəlal ona içərisində tərlik və köynək olduğu bir çanta verərək həmin çantanı Qəbələ rayonundakı parkda kiməsə verməsini bildirmişdir. Cəlalın sifariş etdiyi taksi ilə Qəbələ rayonuna gələrək parkda onu qarşılayacaq şəxsi çayxanada gözləyərkən polis əməkdaşları ona yaxınlaşaraq Qəbəblə rayon Polis Şöbəsinə aparmışlar. Qəbələ rayon Polis Şöbəsində həmin çantaya baxış keçirilən zaman içərisindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Həmin vaxt ikinci şəxsin olmasını görməmiş, həmçinin torbada narkotik vasitə olmasından məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu Zeyvə kəndində qeydiyyatda olsa da təxminən 7 il müddətdir ki Bakı şəhərində Binə-Sovxoz adlanan ərazidə ailəsi ilə birlikdə yaşamış, tutulmamışdan təxminən üç gün əvvəl Bakı şəhərində Binə adlanan ərazidə körpünün altında yerləşən fəhlə bazarında özünü Cəlal kimi təqdim edən şəxs içərisində narkotik vasitə heroin və tiryək, psixotrop maddə metamfatemin olan iki bağlamanı ona verərək həmin bağlamaları kimə təhvil verməli olduğunu bildirməsə də Qəbələ rayonuna çatdırmasını təklif etmiş və onu Qəbələ şəhərində Zərifə Əliyeva adına olan parkın körpü istiqamətində yerləşən giriş qapısında bir nəfər şəxsin qarşılayacağını bildirmişdir. Dolanışığı zəif olduğuna və Cəlal adlı şəxs verilən narkotik vasitəni təhvil verdikdən sonra yüksək gəlirinin olacağına söz verdiyinə görə xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsin idarə etdiyi ağ rəngli olan xarici ölkə istehsalı olan dövlət nömrə nişanını bilmədiyi avtomobilə əyləşib saat 02 radələrində Qəbələ şəhərində yerləşən Zərifə Əliyeva adına parkın deyildiyi kimi körpü istiqamətində yerləşən giriş qapısının qarşısında düşərək əlində sellofan torba tutaraq malı qəbul edəcək şəxsi gözlədiyi zaman davranışları yanından keçən polis əməkdaşlarında şübhə yaratdığı üçün həmin polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onun kim olduğunu, haradan gəldiyini və gəlməkdə məqsədinin nə olduğunu soruşduqları zaman yorğun və həyəcanlı olduğuna görə polis əməkdaşlarına lazımi formada cavab verə bilmədiyinə görə polis əməkdaşları onu şübhəli bilərək üzərinə baxış keçirilməsi və şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə Qəbələ rayon polis şöbəsinə dəvət etmişlər. Qəbələ rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əlindəki rəngli sellofan torbadan özünə aid bir cüt yay şəpiti, bir ədəd qısaqol köynək, eləcə də ağ rəngli yapışqana sarılmış vəziyyətdə olan içərisində narkotik vasitə heroinə, tiryəkə və psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qəbələ rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 14 may 2023-cü il tarixdə saat 02 radələrində Qəbələ şəhəri, Z.Əliyeva adına olan parkın yuxarı hissəsində Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və Qəbələ RPŞ-nin PPXB-nin sabiq polis nəfəri Şahid1 ilə birlikdə gecə gəzintisində olan zaman iki nəfər şəxsin şübhəli şəkildə hərəkət etdiklərini, həmin şəxslərdən birinin əlində sellofan torba olduğunu görüb həmin şəxslərə yaxınlaşdıqda sonuncular qaçmağa başlamış, şəxslərdən biri parkın qaranlıq hissəsi ilə Dəmiraparan çayı istiqamətində qaçmış, əlində sellofan torba olan digər şəxs isə tərəflərindən saxlanılmışdır. Həmin şəxsdən kim olduğu, nə üçün orada olduğu, eləcə də yanında olan şəxsin kim olduğu və nə üçün qaçdığını soruşmuş, həmin şəxs özü barədə məlumat verə bilmədiyindən və narkotik vasitəsinin təsiri altında olmasına şübhələr olduğundan tərəflərindən Qəbələ rayon polis şöbəsinə gətirilmişdir. Qəbələ rayon Polis Şöbəsində həmin şəxsin İsmayıllı rayon sakini Təqsirləndirilən şəxs olduğu məlum olmaqla sonuncu şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əlindəki rəngli sellofan torbadan bir cüt qara rəngli yay şəpiti, 1 şüşə açılmamış “GO” adlı spirtli içki, bir ədəd mavi rəngli 3 düymə qısa qol köynək, eləcə də iki ədəd ağ rəngli yapışqanla sarılı vəziyyətdə qara rəngli sellofan torbada büküm aşkar edilmişdir. Həmin bükümlər açıldıqda bükümlərin birinin içərisində ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kristal toz, digər bükümün içərisində isə bir ədəd üzərinə “Çanax pendiri” sözü yazılmış plastik qabda şabalıdı rəngli qatı formada xüsusi spesifik iyə malik maddə və qara rəngli kristal formada maddə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Qəbələ rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid4, Şahid5, Şahid6, Post Patrul Xidmət Bölüyünün polis nəfərləri Şahid3 və Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvibioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/396 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəx... İştirakçılar.” sözləri, adlar və imzalar yazılmış sellofan torbanın içərisindəki - 01(bir) ədəd plastik qabda, nəm halda təmiz çəkisi 715,0 qram, quru halda təmiz çəkisi- 650,650 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01(bir) ədəd üzəri yapışqan lentlə sarınmış sellofan bükümdə, təmiz çəkisi-402,970 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. - 01(bir) ədəd üzəri yapışqan lentlə sarınmış sellofan bükümdə, təmiz çəkisi-302,184 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 13 iyun 2023-cü il tarixli 359 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər və hal hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs psixi xəstəlik keçirmədiyindən onun məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixiopatik çizgiləri) baxmayaraq o, ona şamil edilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli 1127 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 may 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əlindəki rəngli sellofan torbadan iki ədəd ağ rəngli yapışqanla sarılı vəziyyətdə qara rəngli sellofan torbada büküm, həmin bükümlərin birinin içərisində ağ rəngli narkotik maddə olan metamfetaminə bənzər kristal toz, digər bükümün içərisində isə bir ədəd üzərinə “Çanax pendiri” sözü yazılmış plastik qabda şabalıdı rəngli qatı formada xüsusi spesifik iyə malik maddə, onun yanında isə qara rəngli kristal formada maddə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 92 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, hadisə baş verən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yüngül dərəcədə alkoqol sərxoşluğu və yüngül dərəcədə narkotik maddə sərxoşluğu olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon X3 Hüquqi Şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, PHŞ-6-47/2-436/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın PHŞ-nin poliklinika şöbəsinin “Narkoloji və Ruhi-Əsəb” kabinetində qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Qarnizonun Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə həmin vaxt qüvvədə olan CM-in 243-cü maddəsi ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Tərtər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası MM-nin xx.xx.1997-ci il tarixli “AMNİSTİYA” haqqında qərarının 2-ci maddəsi tətbiq edilməklə xx.xx.1998-ci il tarixdə cəzadan azad olunmaqla məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Xankəndi kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 5—54-36/2-20/2023 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Zeyvə kəndində qeydiyyatda olmaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2013-cü il tarixdə doğulmuş Şəbnəm İsgəndərova adlı bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş 14 may 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0210-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələrin satış məqsədi ilə saxlamasını aşkar olunan narkotik vasitə və psixotrop maddəinin miqdarı, bir neçə çeşiddə olması kimi hallar təsdiq edir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş torbada narkotik vasitə olmasından məlumatı olmaması, həmin torbada olanın satış məqsədi olmadan Qəbələ rayonuna gətirməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs Qəbələ rayonuna iş üçün getdiyini bildirsə də onun gecə saatlarında əlində içərisində narkotik vasitə və psixotrop maddənin olduğu çanta ilə Qəbələ rayonunda parkda olması, həmin vaxt onun iş üçün gəlməsinin inandırıcı olmaması onun ifadəsinin həmin hissədə obyektiv olmayan və qeyrisəmimi ifadələr kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 may 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkololi dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 may 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Qəbələ Rayon Polis Şöbəsində saxlanılan 714,900 qram heroin, 302,084 qram qalmış metamfetamin və 402,870 qram tiryək məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkololi dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar