Məhkəmə qərarları › İş №1(091)-26/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-26/2021

25.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-26/2021 25.01.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1993-cü il tarixdə Zaqatala rayonunun Qımır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Zaqatala rayonunun Qımır kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X4 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 12 radələrində Zaqatala rayonunun Qımır kəndində onunla qonşuluqda yaşayan dayısı Zərərçəkmiş şəxs ona məxsus ot biçmək üçün istifadə edilən alətdən düzgün istifadə etməməsi nəticəsində alətin xarab olacağını və bununla bağlı narazılığını sonuncuya bildirməsi ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yaşadığı Zaqatala rayonunun Qımır kəndində yerləşən fərdi yaşayış evinin həyətində qisas almaq niyyəti ilə sonuncunun qarın nahiyəsinə bıçaqla bir dəfə zərbə vuraraq ona qarının ön divarından qarın boşluğuna nüfuz edən və sol tərəfli hemotoraksla nəticələnmiş dərəcəsinə görə insan həyatı üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ondan heç bir şikayəti və tələbinin olmadığını, himayəsində iki azyaşlı uşağının olduğunu, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda xx xxxxxxxx 2020-ci il tarixdə başlamış Vətən müharibəsində iştirak edərək fəal döyüşlərin sonunadək ön cəbhədə döyüşdüyünü bildirməklə məhkəmədən barəsində şərti məhkum etmənin tətbiq edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə səhər saat 09-10 radələrində yaşadığı evin həyətində olan otları biçmək istəmiş, onun özünə məxsus olan motorları fermada olduğundan və evdə olan motoru işləmədiyi üçün arvadı Səyyarəni Orxangilə göndərib motoru almasını istəmişdir. Səyyarə Orxangilə gedib motoru alıb gəlmiş, təxminən 2-3 saat motorla işlədikdən sonra Orxan onun yanına gəlmiş, motorun isinib-isinmədiyinə baxmışdır. O, Orxana onda motor olmayan vaxtlardan onun motoru olduğunu, ondan çox əvvəldən motor işlətməyi bacardığını demişdir. Orxan getdikdən sonra təxminən bir saat başqa işlərlə məşğul olmuş, Orxan təxminən saat 12 radələrində təkrarən qayıdıb gəlmiş, Orxan motora baxaraq motoru qızdırdığını, motoru pulla aldığını demişdir. O isə Orxana onun onlara məxsus çox əşyaları işlədib xarab etdiyini demiş, Orxan getmək istədikdə ona motorun diskasını dəyişəcəyini, bundan sonra gəlib motoru aparmasını, birdə onların həyətinə gəlməməsini demişdir. O, motorun diskasını dəyişmiş, həmin vaxt Orxan onun ünvanına nalayiq ifadələr işlədərək getmiş, o, motorun diskasını dəyişib geri qayıdan zaman Orxanın ona doğru gəldiyini görmüş, onun hərəkətlərinə və əlində nə olduğuna tam fikir verməmişdir. Sabir həmin vaxt arxadan yaxınlaşıb Orxanı tutub aparmış, o isə çardağın altına gəlmiş, həmin yerə gəldikdən sonra sol qarın nahiyəsindən qan axdığını görmüşdür. Sabir onun yanına gəlmiş, evdən pereks gətirib yaranın üzərinə tökmüş, o, yaranın üzərini təmizlədikdən sonra hamamda çimmişdir. Çimdikdən sonra ağrılar hiss etdiyi üçün Sabirdən onu xəstəxanaya aparmasını istəmiş, Sabir onu onun özünə məxsus **-BA-*** dövlət nömrə nişanlı Niva markalı avtomobillə xəstəxanaya aparmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən bu halların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 əri olan Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə saat 14 radələrində oğlu Orxan kənddə yerləşən mağazalarına gəlmiş, onun üstünün pis vəziyyətdə olduğunu gördükdə ondan nə baş verdiyini soruşmuş, Orxan ağlayaraq özündə olmadığını, bilmədən etdiyini demiş, ondan nə etdiyini soruşduqda o, heç nə deməmişdir. Orxan ona “mama mən bilmədim, dayıma nəsə oldu” demiş, həmin vaxt həyəcanlanıb mağazadan çıxmışdır. Orxan da onun ardınca uşaqlarla birlikdə gəlmiş, onlar evə gedən yolda Cahangirə məxsus Niva markalı avtomobil ilə qarşılaşmış, Cahangir və Səyyarə həmin avtomobilin qabaq oturacağı olmadığı üçün arxada oturmuşlar. O, avtomobili saxladıb nə olduğunu soruşmaq istəsə də, Sabir avtomobili saxlamamışdır. O, Cahangirin evinə gəlmiş, o, evə gəldikdə anası Tatyananın ağladığını görmüşdür. O, ondan nə olduğunu soruşduqda Cahangiri xəstəxanaya apardıqlarını demişdir. Orxan uşaqları da gətirib onun ardınca gələrək evə getmişdir. O, bundan sonra hadisəni Orxanın etdiyini başa düşdüyü üçün evə onun yanına getmiş, ondan hadisənin necə olduğunu öyrənmək istəmişdir. Orxandan nə baş verdiyini soruşduqda o, hadisənin necə baş verdiyini bilmədiyini demişdir. Lakin o, daha sonra Orxanın Cahangiri motor üstündə aralarında yaranmış mübahisə zamanı bıçaqla vurduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə səhər saat 10 radələrində X1 gedib ot biçmək üçün olan motoru alıb gətirməsini istəmiş, Səyyarə Orxangilin evinə gedib ot biçmək üçün olan motoru alıb gətirmişdir. Cahangir motorla fasilələrlə iki-üç saat həyətdə işləmiş, təxminən saat 12 radələrində Orxan onların yaşadığı həyətə gəlmişdir. O, həyətə gəldikdə artıq Cahangir motorla işi bitirib onu tövlənin qarşısında çardağın altında olan yerə qoymuş, Orxan həmin hissədə motorun yanına gedib motora baxıb geri qayıtmış, lakin həmin hissədə Cahangirlə aralarında nə söhbət olduğunu bilməmişdir. Orxan onların evinin həyətindən öz evləri istiqamətdə gedən zaman həyətlərində Cahangirə ünvanlanmış nalayiq ifadələr işlədərək bıçaqla onu vuracağını demiş, Səyyarə isə Orxan həyətdə gedən zaman ona “ayıb deyilmi, sən namaz qılırsan nalayiq ifadələr işlədirsən” demişdir. O, bu zaman Orxana polis çağıracağını, evlərin arasını bağlayıb onu həyətə buraxmamaq lazım olduğunu demişdir. Orxan bir qədər qabağa getdikdən sonra anidən geri qayıtmış, qaçaraq çardağın altına doğru getmişdir. O, həmin vaxt çardağın altında nə baş verdiyini bilməmiş, Sabir Orxanın ardı ilə gedib Orxanı tutub aparmışdır. O, Cahangirə doğru getdikdə onun tövlənin qarşısından çardağın altından evə doğru gəldiyini görmüş, ona yaxınlaşdıqda Cahangirin sol qarın nahiyəsində qan axdığını görmüşdür. Sabir onların yanına gəlmiş, evdən “pereks” adlı dərman gətirib yaranın üzərinə tökmüşdür. Cahangir bundan sonra hamama gedib yuyunmuş, yuyunduqdan sonra özünü narahat hiss etdiyi üçün Sabir və Səyyarə onu xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid2 göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 14 radələrində Zaqatala rayonunun Qımır kəndində yerləşən dayısı Cahangirgilin yaşadığı evdə darvazadan daxil olduqda sağ tərəfdə yerləşən tikilidə olmuşdur. O, həmin yerdə nənəsi Tatyana ilə birlikdə qalmış, həyətdə səs-küy olduğunu eşitmişdir. O, tez həyətə çıxdıqda Orxanın və dayısı Cahangirin yaşıl dəmir hasar olan yerdən içəri tərəfdə olduqlarını görmüşdür. O, həmin yerdə ehtiyat hissələr olan yerə yaxınlaşdıqda Orxanla Cahangirin aralarında dava-dalaş olmasından qorxduğu üçün Orxanı qucaqlayaraq götürüb yaşadığı evə aparmışdır. O, onu evə apardıqdan sonra geri qayıtmış, geri qayıtdıqdan sonra Cahangirin sol yan nahiyəsini tutub gəldiyini, həmin hissəsinin qan olduğunu görmüşdür. O, evdə olan pereks kimi tanıdığı dərmanı yaranın üzərinə töküb yaranı təmizləmiş, Cahangir hamama girib yuyunmuşdur. Cahangir hamamdan çıxdıqdan sonra ağrısının çoxaldığını deyərək təcili tibbi yardım çağırmasını istəmişdir. O, təcili tibbi yardıma zəng etdikdə onlar avtomobillərin çağırış arxası ilə getdiyini demiş, onlar Cahangirə məxsus olan Niva markalı avtomobillə onu xəstəxanaya aparmışlar. Orxanın dayısı Cahangiri motor üstündə aralarında yaranmış mübahisə zamanı bıçaqla vurduğunu bilmiş, lakin hadisə vaxtı həmin yerdə olmadığı üçün hadisənin necə baş verməsindən heç bir məlumatı olmamışdır. Hadisə baş verdikdən sonra Orxanı evə aparmış, onu evə aparıb qayıtdıqdan sonra Cahangirin yan nahiyəsində yara olduğunu, Orxanın onu vurduğunu bilmişdir. Orxanın Cahangirə hansı səbəbdən xəsarət yetirməsindən hadisə vaxtı məlumatı olmamış, sonra olan söhbətlərdən onların aralarında mübahisənin motor üstündə yarandığını bilmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsindən onun da Şahid2 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zaqatala rayonunun Qımır kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsidir. (cild 01, iş vər. 9-17) Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - qarnın ön divarından qarın boşluğuna nüfuz edərək sol tərəfli hemotoraksla nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yaradan sonrakı çapıq toxuma-deşici-kesici alətin təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə bıçağın tiyəsinin kəsməsi təsirindən əmələ gələ bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxta və qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (cild 01, iş vər. 102-104) Cinayət işinin materiallarında olan Zaqatal Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş məktubdan görünür ki, 1993-cü il təvəllüdlü Gözəlov X2 RMX-nin Konsultativ Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində dispanser qeydiyyatda yoxdur. (cild 01, iş vər. 110) Cinayət işinin materiallarında olan kompleks məhkəmə-psixioloji və psixiatrik ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli inkişafında psixi gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: - Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə çətin daxil olma, Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs hazırkı əməli törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). (cild 01, iş vər. 119-121) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə ilə bağlı üzərində olan və ibtidai istintaq zamanı müəyyən edilməyən bıçaqla dayısı Zərərçəkmiş şəxs bir dəfə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid (işdə olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) olan bədən xəsarəti yetirmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən, arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri (arvadı və iki azyaşlı uşağı ilə) ilə birlikdə Zaqatala rayonunun Qımır kəndində yaşayır. Onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (cild 01, iş vər. 65, 118-119) Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 108-109) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli, 107 saylı arayışdan görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs, həqiqətən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək müvafiq hərbi hissəyə təhvil verilmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli N nömrəli hərbi hissənin komandiri Elzamin Behbudov tərəfindən elan edilmiş təşəkkür məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycanın ərazi bütünlüyü uğrunda başlanılan “Vətən Müharibəsi”ndə iştirak etmək üçün Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə qismən səfərbərliklə çağırılaraq N nömrəli hərbi hissənin tabeliyində olan bölmənin tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. Döyüş tapşırıqlarının icrası zamanı fəallıq göstərərək digər döyüşçü yoldaşlarına nümunə olmuş, üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələrək fədakarlıq göstərmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamaqla onunla barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələnməsini, etdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc olmasını və xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək davam edən İkinci Qarabağ müharibəsində ön cəbhədə döyüşlərdə iştirak etməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd edilən halları, həmçinin cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin dayı-bacıoğlu olmaqla qohum olmasını, əvvəllər aralarında hər hansı ədavətin və düşmənçiliyin olmamasını, barışmaqla hazırda da qonşuluqda yaşamalarını, hazırda heç bir ədavətlərinin olmamasını əsas götürərək, habelə təqsirləndirilən şəxsin xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək davam edən İkinci Qarabağ müharibəsində ön cəbhədə döyüşlərdə iştirak etməsini, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 28) Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(033)-27/2020 saylı və xx.xx.2020-ci il tarixli, 4(033)-35/2020 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, daha sonra xx.xx.2020-ci il tarixdən “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild 01, iş vər. 75-77,81-84) Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Zaqatala rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübutun, mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Zaqatala rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu 20 (iyirmi) gün müddətinə X4 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar