Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-264/2023 28.11.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1946-cı ildə Ağdaş şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin aprel ayının ortalarında yaşadığı ünvan 2 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan inkişaf etmiş 36 (otuz altı) ədəd, yəni külli miqdarda çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 1545 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətynaı sahəsində həmin tarixdə saat 1553-dən 1619-dək keçirilmiş baxış zamanı həyətyanı sahədən 03 ədədi torpaqda, 33 ədədi isə müxtəlif ölçülü 29 ədəd dibçəkdə olmaqla ümumilikdə 36 ədəd uzunluqları 28 sm-dən 115 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 1340,0 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək kökündən çıxarılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, səhər saatlarında bazara gedərkən yerdə nə isə olduğunu görüb həmin şeyi gül toxumu bilərək əkmiş, 20 gün sonra pomidor bitkisinə oxşar bitki bitmişdir. Daha sonra həmin bitkiləri dibçəklərə yığaraq orada əkmiş, xx.xx.2023-cü il tarixdə saat 1550 radələrində yaşdığı evin həyətində olarkən Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək oğlunun harada olduğunu soruşmuşlar. Polislərə oğlunun Bakı şəhərində olduğunu bildirdikdən sonra evinə baxış keçirərək narkotik tərkibli çətənə kollarını aşkar etmişlər. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 2023-cü ilin aprel ayının əvvəllərində yol ilə gedərkən küçədə yerdən tapdığı kağız parçasına bükülmüş 36 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarından 33 ədədini 29 ədəd dibçəkdə, 3-nü isə yaşadığı evin həyətində torpağa əkərək həmin bitkilərə qulluq etmiş, xx.xx.2023-cü il tarixdə saat 1550 radələrində yaşdığı evin həyətində olarkən Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olduğunu, ona görə də onun yaşadığı evin həyətinə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyərək dəvət edilmiş aqronom-mütəxəssisin iştirakı ilə yaşadığı evin həyətinə keçirilən baxış zamanı həyətin arxa tərəfində 33 ədədi 29 dibçəkdə, 03 ədədi isə yerdə olmaqla ümumilikdə 36 ədəd, hündürlükləri 28 sm-dən 115 sm-ə kimi çətənə kolları aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 26 may 2023-cü il tarixdə ona ünvan 5 ünvanında yaşayan X1 yaşadığı evin həyətyanı sahəsində əkilib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Ağdaş rayon X7 Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid2 ilə birlikdə saat 15 radələrində Cümşüd Soltanovun yaşadığı ünvan 2 ünvanında yerləşən evin qarşısına gedərək küçədən Cümşüdü səsləmiş, sonuncunun səsinə Cümşüdün atası Təqsirləndirilən şəxs çıxaraq Cümşüdün bir neçə ildir ki, Bakı şəhərində yaşadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin əkilib-becərilməsi barədə məlumat daxil olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs onlara yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini, bundan heç kimin xəbərinin olmadığını bildirmişdir. Bundan sonra dəvət edilmiş aqronom-mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə keçirilən baxış zamanı hasarın yaxınlığında 29 ədəd dibçəkdə 33 ədəd və 3 ədəd torpaqda narkotik tərkibli çətənə kollarına bənzər bitki kolları aşkar edilərək köklərindən çıxarılmaqla qablaşdırıldıqdan sonra götürülmüşdür. X8 bitki kollarına baxaraq həmin kolların hər birinə aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, həmin bitki kollarının ən kiçiyinin ölçüsü 28 sm, ən böyüyünün uzunluğu isə 115 sm olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitki kollarının toxumlarını özünün əkdiyini və bitkilərinin inkişaf etməsi üçün qulluq etdiyini söyləmişdir. Ona daxil olmuş məlumatda ünvan 6 ünvanında yerləşən evin həyətyanı sahəsində narkotik tərkibli çətənə (kannabis) bitkilərinin qanunsuz olaraq əkilibbecərilməsi və bunda Cümşüd Soltanovun şübhəli olması qeyd edilsə də, lakin sonradan keçirilən baxış zaman Təqsirləndirilən şəxs həmin bitkiləri özünün əkib-becərdiyini bildirmiş, məlumatı verən məxfi əməkdaş Təqsirləndirilən şəxs yaşı ilə əlaqədar tərəddüd edərək narkotik tərkibli bitkiləri sonuncunun oğlunun əkməsini söyləmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində ümumilikdə 36 ədəd narkotik tərkibli bitki kolları əkdiyini bildirmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon X7 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 27 may 2023-cü il tarixli 17/424 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar olunmuş 36 ədəd narkotik tərkibli bitkiyə bənzər bitkilər” sözləri olan sintetik kisənin içərisindəki uzunluqları 28 sm-dən 115 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 1340,0 qram olan 36 (otuz altı) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X4 26 may 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2023-cü il tarixli 1186 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsinə dair 26 may 2023-cü il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CDdiskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən evin həyətində olan hündürlükləri 28 sm-dən 115 sm-dək olan 36 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Ağdaş rayon Mərkəzi Xəstəxanası“ X10 tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli PHŞ-6-22/2-858/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X9 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş 26 may 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs saat 1812-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 28 may 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və ahıl yaşda olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdən 28 may 2023-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdən 28 may 2023-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 28 noyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ağdaş rayon Polis Şöbəsində saxlanılan 36 (otuz altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin, iki CD-disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-264/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-264/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver