Məhkəmə qərarları › İş №1(091)-265/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-265/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-265/2023 10.10.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi -X2 iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Qax rayonu, Qax İngiloy kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, 3-cü qrup əlil, məhkumluğu olmayan, Qax rayonu, Qax İngiloy kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq 2023-cü ilin iyul ayının əvvəllərində Qax rayonu, Fıstıqlı kəndi ərazisində gəzən zaman orada yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarını və onun üzərində olan yetişmiş hissələrini yığıb əldə edərək qeyd olunan ərazidə yerləşən torpağın üzərinə sərib qurutmuş, yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarının və onun üzərində olan yetişmiş hissələrinin bir hissəsini də quruması üçün həmin yerdə torpağın üzərinə sərmiş, qurutduğu narkotik vasitəni sellofan torbaya yığıb üzərində daşıyaraq yaşadığı evə gətirmək istəmiş, 14 iyul 2023-cü il tarixdə, saat 15:00 radələrində Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qax rayonu, Fıstıqlı kəndi ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış aparılan zaman əlindəki 01 ədəd sintetik kisənin içərisindən təmiz çəkisi 6725 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və Qax rayonu, Fıstıqlı kəndi ərazisində yerləşən torpağın üzərində quruması üçün sərdiyi 67 ədəd, uzunluqları 73 sm-dən 192-dək, yaş vəziyyətdə təmiz çəkisi 7045 qram olan bitki mənşəli əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-1-ci maddəsi elan olunan ittihamda özünü təqsirli bilərək sərbəst şəkildə ifadə verməmiş, lakin ona ünvanlanan sualları cavablandırarkən ayağında ağrılar olduğu üçün 01 il olar ki, narkotik vasitə olan marixuananı ayda 1-2 dəfə qəbul etdiyini, 2023-cü ilin iyul ayının əvvəllərində dəqiq günü yadında qalmayan vaxtı balıq tutmaq üçün Qax rayonu, Fıstıqlı kəndinin yaxınlığındakı meşə ərazisinə getdiyini, həmin ərazidən çay keçdiyi üçün orada yaxşı çay balıqları olduğunu eşitdiyini, yolla gedərkən yolun sağ tərəfində yabanı halda bitmiş çətənə kollarının olduğunu gördüyünü, onlardan bir qədər yığıb, qurudub, qış vaxtı istifadə etməsini qərara aldığını, bundan sonra həmin kollardan yığıb kənara atdığını, bir neçə gündən sonra həmin yerə gəlib onların qurumasına baxmağı fikirləşdiyini, aradan bir neçə gün keçdikdən sonra sonra gəlib əraziyə baxdığını, həmin kolların quruduğunu gördüyünü, lakin tam qurumadığını, 14 iyul 2023-cü il tarixdə günorta vaxtı yenidən həmin yerə getdiyini, gedərkən özü ilə ağ kisə götürdüyünü, quruması üçün kənara atdığı çətənə kollarına baxarkən onların tam quruduğunu gördüyünü, onların yarpaqlarını yığıb kisəyə doldurduğunu, təxminən 30-35 ədəd kolları da yenidən qopardıb quruması üçün kənara atdığını, daha sonra içərisində qurumuş olan marixuana dolu kisəni çiyninə alıb yola doğru gəldiyini, həmin günü təxminən saat 15:00 radələrində yol kənarında dayandığını, yolda dayanıb taksi gözləyərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim etdiklərini, daha sonra polis əməkdaşlarının ona narkotik vasitənin qanunsuz daşımağı və gəzdirdiyinə görə şübhəli olduğunu bildirdiklərini, polis şöbəsinə gedərək üzərinə və əlindəki kisəyə baxış keçirəcəklərini dediklərini, polisdə onun qanunsuz narkotik vasitə daşıması barədə məlumatın olduğunu bildiyini, bunun üçün də etirazın boş olduğunu görüb polis əməkdaşları ilə birlikdə Qax Rayon Polis Şöbəsinə gəldiyini, polis şöbəsində vəkillə təmin olunduğunu, daha sonra ona bütün hüquq və vəzifələrinin izah olunduğunu, vəkilin və tərcüməçi Şarmazi müəllimin, polis əməkdaşlarının iştirakı ilə, videoçəkilişlə onun üzərinə və əlindəki kisəyə şəxsi axtarış keçirildiyini, ona üzərində olan əşyaları təqdim etməsinin təklif edildiyini, üzərində heç bir şeyin olmadığını, lakin əlində olan içərisində qurudulmuş marixuana olan kisəni polis əməkdaşlarına təqdim etdiyini, onu özünün istifadə etməsi üçün yığıb qurutduğunu və yaşadığı ünvana aparacağını bildirdiyini, bundan sonra həmin kisənin onların iştirakı ilə elektron tərəzidə çəkildiyini, ümumilikdə 6790 qram olmasının müəyyən edildiyini, sonra isə ekspertizaya göndərilməsi üçün qablaşdırıldığını, bundan sonra protokol tərtib edildiyini, həmin protokola vəkili ilə birlikdə imza etdiyini, polis əməkdaşlarının ondan əlindəki kisədən başqa hansısa yerdə narkotik vasitə saxlayıbsaxlamamasını soruşduqlarını, polis əməkdaşlarına Qax rayonu, Fıstıqlı kəndi yaxınlığındakı ərazidə yabanı halda narkotik tərkibli kolları qurutmaq üçün kənara yığdığını və onları təqdim edə biləcəyini dediyini, bundan sonra polis əməkdaşlarının iştirakı ilə qeyd olunan əraziyə getdiklərini, Qax rayonu, Fıstıqlı kəndi yaxınlığındakı ərazidə kənara yığdığı yabanı halda narkotik tərkibli kollarını göstərdiyini, həmin narkotik tərkibli kolların kisəyə qoyularaq tərəzi vasitəsilə çəkildiyini, çəkisinin 7150 qram olduğunu, daha sonra isə ekspertizaya göndərilməsi üçün qablaşdırıldığını, bundan sonra protokol tərtib edildiyini, həmin protokola vəkili ilə birlikdə imza etdiyini, əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməkdə və daşımaqda məqsədinin ondan istifadə etmək olduğunu, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmiş, əməlindən peşman olduğunu qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində Qax Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 14 iyul 2023cü il tarixdə Qax rayonu, Qax İngiloy kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olması, mütəmadi olaraq üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə əməliyyat məlumatının daxil olduğunu, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə polis əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradıldığını, qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydalarının izah edildiyini, bundan sonra daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Qax rayonu, Qax İngiloy kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat tədbirlərini davam etdirdiklərini, 14 iyul 2023-cü il tarixdə, saat təxminən 15:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qax rayonu, Fıstıqlı kəndi ərazisində saxlanılaraq Qax RPŞ-nə gətirildiyini, bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməzdən əvvəl onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən vəkil dəvət edildiyini, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd sintetik kisəni təqdim etdiyini, onun üzərində təhqiqatçı tərəfindən əlavə axtarış keçirildiyini, lakin, maddi sübut əhəmiyyətli hər hansı bir əşyanın aşkar olunmadığını və götürülmədiyini, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sintetik kisənin içərisində nə olduğunun soruşulduğunu, Təqsirləndirilən şəxs həmin 01 ədəd sintetik kisənin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, onu Qax rayonu, Fıstıqlı kəndi ərazisində yerləşən meşə sahəsində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarını yığıb həmin yerə sərib özünün istifadəsi üçün qurutduğunu bildirdiyini, daha sonra şəxsin təqdim etdiyi həmin 01 ədəd sintetik kisənin içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana ilə birlikdə çəkildiyini, 01 ədəd sintetik kisənin içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana ilə birlikdə çəkisinin 6 kiloqram 790 qram olduğunu, daha sonra Təqsirləndirilən şəxs əlində olan 01 ədəd sintetik kisənin iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq üzərinin möhürləndiyini və ekspertiza tədqiqatına göndəriləcəyinin qeyd olunduğunu, daha sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunduğunu, heç bir şikayət və təklifin daxil olmadığını, özünün və digər iştirakçıların protokola imza etdiklərini, Təqsirləndirilən şəxs əlində daşıdığı 01 ədəd sintetik kisənin içərisində olan narkotik vasitədən başqa, Qax rayonu, Fıstıqlı kəndi ərazisində yerləşən meşə sahəsində quruması üçün narkotik vasitə saxladığını bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs qeyd etdiyi Qax rayonu, Fıstıqlı kəndi ərazisində yerləşən meşə sahəsində təhqiqatçı tərəfindən baxış istintaq hərəkətinin keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs Qax rayonu, Fıstıqlı kəndi ərazisində yerləşən meşə sahəsində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarını çıxardıb quruması üçün kənara qoyduğunu bildirdiyini, həmin yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarını göstərdiyini, həmin yerə baxış keçirilən zaman oradan yerə sərilmiş vəziyyətdə narkotik tərkibli çətənə bitki kollarının aşkar olunduğunu, həmin bitki kollarının 01 ədəd kisəyə yığılaraq qablaşdırıldığını, tərəzi vasitəsi çəkildiyini, 01 ədəd kisənin içərisində olan narkotik tərkibli çətənə bitkiləri ilə birlikdə çəkisinin 7 kiloqram 150 qram olduğunu, həmin 01 ədəd kisənin maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq üzərinin möhürləndiyini və ekspertiza tədqiqatına göndəriləcəyinin qeyd olunduğunu, daha sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunduğunu, heç bir şikayət və təklifin daxil olmadığını, özünün və digər iştirakçıların protokola imza etdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 istintaq zamanı ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadələr verərək bir daha onun göstərdiyi xüsüsatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 İdirs oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qax rayon X4 baş aqronomu vəzifəsində işlədiyini, 08 avqust 2023-cü il tarixdə polis əməkdaşlarının onu Qax rayonu, Fıstıqlı kəndi ərazisində yerləşən meşəlik ərazisində kolluq sahəyə baxış keçirilməsində aqronom kimi dəvət etdiklərini, dəvəti qəbul etdiyini, birlikdə Qax rayonu, Fıstıqlı kəndi ərazisində yerləşən meşəlik ərazisinə yollandıqlarını, həmin yerdə kolluq sahəyə baxış keçirdiklərini, baxış zamanı polis əməkdaşlarına həqiqətən də orada yabanı halda narkotik vasitə olan çətənə kollarının bitməsinin mümkün olduğunu dediyini, bundan sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunduğunu, heç bir şikayət və təklifin daxil olmadığını, özünün və digər iştirakçıların protokola imza etdiklərini bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Qax Rayon Polis Şöbəsinə Qax rayon sakini “Tənqiz” adlı şəxsin narkotik vasitə istifadəçisi olması və üzərində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər, 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Qax rayon sakini “Tenqiz” adlı şəxsin cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər, 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat Qax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında “Tənqiz” adlı şəxs Qax rayonu Fıstıqlı kəndi ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, “Tənqiz” adlı şəxsin Qax rayonu Qax İngiloy kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 01, iş vər, 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, tərcüməçinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və həmin tarixdə saat 17:17-dən 17:47-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində daşıdığı 1 ədəd sintetik kisədə 6,79 kq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək iş materiallarına əlavə olunuşdur (cild 01, iş vər, 33-39, 45). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və götürülmə aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, tərcüməçinin və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs 1 ədəd sintetik kisədə Qax rayonu, Fıstıqlı kəndi ərazisində yerləşən meşə sahəsində quruması üçün sərdiyini bildirdiyi yerə baxış zamanı 7150 qram çəkidə narkotik tərkibli çətənə bitki kolları aşkar edilərək götürülmüşdür (cild 01, iş vər, 43-45). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2023cü il tarixli 17/540 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış kağızda “Qax rayonu, Fıstıqlı kəndi yaxınlığında Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 01 ədəd kisədə kütlə...” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, 67 (altmış yeddi) ədəd, uzunluqları 73 sm-dən 192 smdək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri-7045,0 qram olan bitki hissələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd kisə..” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, təmiz çəkisi 6725,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixunadır. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd sintetik kisədə olan qurudulmuş marixuana və digər 01 (bir) ədəd sintetik kisədə olan 67 (altmış yeddi) ədəd çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər (cild 01, iş vər, 49- 53). Cinayət işinin materiallarında olan Qax RMX-dən daxil olmuş 20 iyul 2023-cü il tarixli, PHŞ-6-50/2-656/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX PHŞ-in Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında deyildir (cild 01, iş vər, 102). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, polis əməkdaşlarının, tərcüməçinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını və yetişmiş hissələrini yığaraq qurutduğu yeri əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanılmasını əks etdirən foto şəkillər çəkilərək müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər, 132-137). Cinayət işinin materiallarında olan 08 avqust 2023-cü il tarixli baxış protokolu və aqronom rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qax rayon X4 baş aqronomu Şahid4 iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi yerə, yəni Qax rayonu, Fıstıqlı kəndi ərazisində yerləşən meşə sahəsinə baxış keçirilmiş və həmin yerdə həqiqətən də yabanı halda narkotik tərkibli çətənə bitkilərinin yetişməsinin mümkün olması müəyyən olunmuşdur (cild 01, iş vər, 147-148, 151-152). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitənin satışı ilə məşğul olması müəyyən olunmamış və Qax rayonu Fıstıqlı kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarını satmaq məqsədinin olub-olmaması istiqamətində əməliyyat istintaq marağı doğuran məlumat əldə olunmamışdır (cild 01, iş vər, 155). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin 09 avqust 2023-cü il tarixli, 496 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman və ona qədər hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlı olmuşdur (cild 01, iş vər, 157-160). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 avqust 2023cü il tarixli, 1361 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər, 161). Cinayət işinin materiallarında olan 18 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Qax rayonu, Qax İngiloy kəndində qeydiyyatda olan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əlillik dərəcəsinin olub-olmaması, müsbət halda, hansı qrup əlillik dərəcəsinin olmasının müəyyən edilməsi üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 10 saylı Tibbi Sosial Ekspert Komissiyasına sorğu ünvanlanmış, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 10 saylı Tibbi Sosial Ekspert Komissiyasının 23 avqust 2023-cü il tarixli cavabından müəyyən olunmuşdur ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2002-ci il tarixdən İİİ dərəcəli ümumi xəstəlikdən müddətsiz əlildir (cild 01, iş vər, 162). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər, 172-180). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarxdə Qax Rayon Polis Şöbəsinə “Tənqiz” adlı şəxsin narkotik vasitə istifadəçisi olması və üzərində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, tərcüməçi və müdafiəçi ilə təmin onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən əlində daşıdığı 1 ədəd sintetik kisədə 6,79 kq narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, daha sonra həmin tarixdə polis əməkdaşlarının, tərcüməçinin və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs 1 ədəd sintetik kisədə Qax rayonu, Fıstıqlı kəndi ərazisində yerləşən meşə sahəsində quruması üçün sərdiyini bildirdiyi yerə baxış zamanı 7150 qram çəkidə narkotik tərkibli çətənə bitki kolları aşkar edilərək götürülmüşdür. Götürülmüş kütlələr məhkəmə bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə tərcüməçi və müdafiəçinin də iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı, həmçinin narkotik vasitənin əldə edildiyi yerə baxış zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Qaxingiloy kəndində yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər, 118-119). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, hazırda məhkumluğu yoxdur (cild 01, iş vər. 103-104). Məhkəmə Təqsirləndirilən şəxs 3-cü qrup əlil olmasını CM-in 59.2-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin aşkar olunan narkotik vasitənin çəkisinin çox olmasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 16-17). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər, 86-91). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının 3-cü maddəsinin 2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. İş materialları ilə Təqsirləndirilən şəxs müddətsiz olaraq üçüncü dərəcəli əlil olması müəyyən edildiyindən, onun barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Qax Rayon Polis Şöbəsində saxlanılan 6724,9 qram narkotik vasitə olan qurudulmuş marixuana və 7044 qram olan narkotik tərkibli çətənə bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında olması nəzərə alınmalıdır. İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qax Rayon Polis Şöbəsində saxlanılan 6724,9 qram narkotik vasitə olan qurudulmuş marixuana və 7044 qram olan narkotik tərkibli çətənə bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında olması nəzərə alınsın. İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar