Məhkəmə qərarları › İş №1(091)-269/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-269/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-269/2024 24.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2004-cü il təvəllüdlü, Qəbələ rayon Zarağan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkumluğu olmayan, Qəbələ rayon Zarağan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2024-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 2023-cü ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Qəbələ rayon Daşlıca kəndində yerləşən əkin sahəsinin kənarından yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını və toxumlarını yığaraq, qurudub qanunsuz olaraq kustar üsulla hazırlayıb əldə etdiyi 605,0 qram çəkidə olmaqla külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı yaşadığı Qəbələ rayon Zarağan kəndində yerləşən evin giriş hissəsində saxlamış, eləcə də təxminən iki ay əvvəl istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda 08 ədəd çətənə(kannabis) bitkisini yaşadığı rayonun Zarağan kəndində yerləşən həyətində əkib yetişdirmiş, bundan sonra 05 iyul 2024-cü il tarixdə Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saat 12:40 radələrindən başlayaraq onun yaşadığı, Qəbələ rayon Zarağan kəndində yerləşən evə öz razılığı ilə baxış keçirilən zaman yuxarıda qeyd edilən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd sellofan torbada 605,0 qram çəkidə olmaqla külli miqdarda narkotik vasitə-qurudulmuş marixuana həmin evin giriş hissəsində nərdivana asılı vəziyyətdə aşkar edilərək götürülmüş, eləcə də həmin evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkilərini xeyli miqdarda, yəni 08 ədəd olmaqla hündürlükləri 23 sm-dən 46 sm-dək olan ümumi təmiz çəkisi 20,95 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləri yaş halda, torpağa basdırılmış vəziyyətdə kultivasiya etdiyi (əkib yetişdirdiyi) yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun atası Qarabağ əlilidir və psixoloji problemləri vardır. Atası xəstəliyi ilə əlaqədar mütamadi olaraq psixotrop tərkibli dərmanlardan istifadə edir. Sözün düzü atası sözügedən dərmanları gah atır, gah da atmırmış. Atası gecələri yata bilməmişdir. O da internetdə oxumuşdur ki, marixuana yuxu gətirir. Bundan sonra gedib çətənə toxumlarını yığmış və evə gətirmişdir. Həmin toxumları əkmişdir. Bundan sonra çətənə bitkisinin yarpaqlarını gizlincə dəmləyib atasına verirmiş ki, rahat yata bilsin. Özü də arada dəmləyib içmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, çətənə toxumlarını əkinin kənarından əldə etmişdir.Əkin evə yaxın ərazidə olmamışdır. Həmin əkində çətənə toxumlarını görmüşdür. İnternetdə yazmışdırlar ki, çətənə bitkisini dəmləyib içən zaman əsəblər sakitləşir və yuxu gətirir. Həmin çətənə bitkilərini dəmləyib atasına verirmiş. Atası içib rahatca yatırmış. Arada özü də həmin çətənə bitkisinin yarpağını dəmləyib içmişdir. 8 ədəd çətənə toxumu əkmişdir. Çətənə bitkilərinin boyları çox böyük olmamışdır. Əkdiyi çətənə bitkilərinin yarpaqlarını yığıb qurutmuşdur. Çətənə toxumlarını həyətində kolluq tərəfdə əkmişdir. Aşkar olunan bitkilərin dəqiq çəkisini bilmir. Qramdan anlayışı yoxdur, lakin orada 2-3 dəmləməlik çətənə bitkisinin yarpaqları olmuşdur. Əvvəllər məhkum olunmamışdır. Bu ildən marixuana istifadə etməyə başlamışdır. Polis tərəfindən ona heç bir təzyiq olmamışdır. Törətdiyi əməldən peşmandır. Atası Şəki şəhərində psixi xəstəliyi ilə bağlı müalicə almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilımiş Şahid2 ifadəsində göstərmişdir ki, 05 iyul 2024-cü il tarixdə saat təxminən 12 radələrində Qəbələ rayon Zarağan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, yaşadığı evdə narkotik vasitə saxlaması, eləcə də yaşadığı evin həyətində narkotik vasitələri kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatları əsasında o, Qəbələ RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və ərazinin polis sahə rəisi Şahid3la, eləcə də təhqiqatçı Elşən Qasımovun, həmçinin mütəxəssisin iştirakı ilə birlikdə Qəbələ rayon Zarağan kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Həmin qapıdan Əbül-Məlik Əliyevi çağırmışlar, o qapıya çıxmış, bundan sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bu zaman isə Təqsirləndirilən şəxs etiraf etmiş ki, o, həqiqətən də həyətində narkotik tərkibli bitkiləri əkib-yetişdirir, eləcə də həyətində narkotik vasitə saxlayır. Bu zaman Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək həyətinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Belə olub onun həyətyanı sahəsinə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə bir-birinə yaxın əkilmiş 07 ədəd çətənə kollarına bənzər olan, spesifik iyə malik bitkilər aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərə su, peyin və gübrə verərək qulluq etdiyini bildirmişdir. Həmin bitkilər ekspertiza üçün kök hissəsindən çıxarılıb qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra isə Təqsirləndirilən şəxs bildirmiş ki, çətənə kolunun biri də evin yaxınlığındadır. Belə olub Təqsirləndirilən şəxs göstərdiyi yerdən evin yaxınlığından taxtanın alt hissəsində əkilmiş 01 ədəd çətənə koluna bənzər bitki də aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs bildirmiş ki, həyətində yerləşən evinin giriş hissəsində narkotik vasitə-qurudulmuş marixuana saxlayır. Həmin hissəyə baxış keçirilən zaman orada olan nərdivandan asılı vəziyyətdə qırmızı-sarı rəngli sellofan torbada olan marixuanaya bənzər bitki kütlələri aşkar edilərək qablaşdırılmaqla götürülmüş və təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmişdir. Bundan sonra Əbdül-X14 RPŞ-nə gətirilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, vəkilinin də iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin üzərində hər hansı bir qanunsuz vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şahid1 Şahid2 ifadəsində qeyd olunan xüsusatları təsdiq edərək anoloji ifadələr vermişlər. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, xx.xx.2004-cü il tarixdə Qəbələ rayonu Zarağan kəndində anadan olmuş, həmin kəndin pasport qeydiyyatında olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etməsi və yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələri kultivasiyaetməsi və yaşadığı evdə saxlaması barədə Qəbələ rayon Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04- 05). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə və evə baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş foto cədvəldən və prosessual hərəkətin video görüntünü əks etdirən DVD-R diskdən görünür ki, baxış keçirilən yer Qəbələ rayon Zarağan kəndi, baxış keçirilən obyekt isə Təqsirləndirilən şəxs yaşadığı ev və həyətyanı sahədir. Sonuncunun həyətyanı sahəsinin giriş qapısı gümüşü rəngli metaldan ibarətdir. Təqsirləndirilən şəxs həyətində 7 ədəd bir yerdə, 01 ədəd isə digər bir yerdə çətənə kolu əkdiyini, eyni zamanda yaşadığı evdə şəxsi istifadəsi üçün saxladığı qurudulmuş marixuana olduğunu bildirmiş və könüllü olaraq təqdim edə biləcəyini qeyd etmişdir. Daha sonra sözü gedən giriş qapısından həyətyanı sahəyə daxil olunmuşdur. Həyət kol-kos və ağaclardan ibarətdir. Giriş qapısından bir qədər irəlilədikdən sonra Təqsirləndirilən şəxs dayanaraq 7 ədəd çətənə kolunu həmin ərazidə əkdiyini bildirmiş və çətənə bitkilərini təqdim etmişdir. Həmin əraziyə baxış zamanı oradan bir-birinə yaxın məsafədə əkilmiş 07 ədəd narkotik vasitəyə bənzər çətənə bitkiləri aşkar edilmişdir. Sonuncu həmin bitkiləri peyin, su və gübrə verərək qulluq etdiyini bildirmişdir. Bitkilərə aqronom mütəxəssis də baxış keçirmiş və həqiqətən də bitkilərə aqrotexniki qulluq edildiyini qeyd etmişdir. Həmin bitkilər bioloji ekspertizaya təqdim edilməsi üçün kökündən çıxarılmış, hündürlükləri ölçülən zaman müvafiq olaraq 23 sm, 24 sm, 33 sm, 26 sm, 34 sm, 46 sm və 28 sm olduğu müəyyən edilmişdir. Daha sonra 01 ədəd ağ rəngli kisəyə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs digər 01 ədəd çətənə kolunu yaşadığı evin yaxınlığında əkdiyini bildirmişdir. 07 ədəd çətənə kolunun aşkar olunduğu ərazi ilə yaşadığı ev arasında hasar olduğu üçün ərazi gəlinən yer ilə geri qayıdılmışdır. Bağ sahəsinə daxil olunan giriş qapısının sol tərəfindəki qapıdan yenidən içəri daxil olunmuşdur. Bir qədər irəlilədikdən sonra evin yaxınlığındakı mişar daşı ilə hörülmüş hasarın dibində taxtanın altında 01 ədəd çətənə kolu olduğunu bildirmişdir. Taxtalar qaldırılmış və çətənə kolunu təqdim etmişdir. Həmin çətənə koluna da aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Aqronom həmin çətənə koluna baxış keçirərək bildirmişdir ki, həqiqətən də 01 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə kolu bioloji ekspertizaya təqdim edilməsi üçün kökündən çıxarılmış və hündürlüyü ölçüldükdə müəyyən edilmiş ki, hündürlüyü 45 sm-dir. Həmin 01 ədəd çətənə kolu da ağ kisədə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin giriş hissəsində şəxsi istifadəsi üçün saxladığı qurudulmuş marixuana olduğunu demiş və həmin hissəyə doğru irəliləyərək həmin yeri göstərmişdir. Evin giriş hissəsinə baxış keçirilən zaman tünd qırmızı və sarı rəngdən ibarət 01 ədəd sellofan torbanın ağac materialından ibarət nərdivana asılı olduğu aşkar edilmişdir. Həmin sellofn torba götürülərək baxış keçirilən zaman içərisində açıq vəziyyətdə spesifik iyə malik qurudulmuş halda olan narkotik vasitə-marixuanaya bənzər bitki kütələləri aşkar edilmişdir. Həmin sellofan torba elektron tərəzi ilə çəkilmiş, çəkisinin 716 qram olduğu müəyyən edilmişdir. Bioloji ekspertizaya təqdim edilməsi üçün həmin sellofan torbada qablaşdırılmış və möhürlənərək götürülmüşdür (cild 01, iş vər. 09-27). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “rəy”dən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə baxış zamanı həmin həyətdə olan yaşayış olmayan evin qarşı tərəfində kvadrat formasında yerləşən 04 (dörd) ədəd qazılmış çalada ümumilikdə 07 (yeddi) ədəd, digər yaşadığı evin arxa hissəsində olan tərəvəz sahəsində 01 (bir) ədəd əkilmiş narkotik tərkibli bitki olan, çətənə (kannabis) bitkisinə bənzər bitki kolları aşkarlanmış və həmin bitkilərin dibi bellənərək yumşaldılmış, diblərinə su arxı çəkilmiş, eləcə də xüsusi aqrotexniki qulluq olunmuşdur (cild 01, iş vər. 28). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:37 dəqiqədə Qəbələ RPŞ-nin inzibati binasında tutulmuşdur (cild 01, iş vər. 30). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının 3-16-16-1-17/617 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış kağızda “Bioloji ekspertizaya təqdim edilmək üçün Təqsirləndirilən şəxs həyətindən götürülən 07 ədəd çətənə kolu...” sözləri, adlar və imzalar olan 01(bir) ədəd sintetik kisənin içərisindəki 07(yeddi) ədəd uzunluqları 23 sm-dən 46 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri- 10,78 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış kağızda “Bioloji ekspertizaya təqdim edilmək üçün Təqsirləndirilən şəxs həyətindən götürülən 01 ədəd çətənə kolu...” sözləri, adlar və imzalar olan 01(bir) ədəd sintetik kisənin içərisindəki 01(bir) ədəd uzunluğu 45 sm, yaş vəziyyətdə təmiz çəkisi-10,15 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkisidir. X8 05 iyul 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış kağızda “Bioloji ekspertizaya təqdim edilmək üçün Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə...” yazısı, adlar və imzalar olan 01(bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi 605,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (cild 01, iş vər. 60-64). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Qəbələ RPŞ-nin MSY-dən azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 88). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 01, iş vər. 116). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Zarağan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonu Zarağan kəndində qeydiyyatda olmaqla həmin kənddə atası ilə birlikdə yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə olunur (cild 01, iş vər.120-122). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə saat 12:00 radələrindən başlayaraq Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini əyani göstərməklə bir daha təsdiq etmişdir (cild 01, iş vər.127-131). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli X15 İnkişaf Mərkəzinin rəydən görünür ki, həqiqətən 11 avqust 2024-cü il tarixdə Qəbələ rayon Daşlıca kəndi ərazisində meşəlik və əkin sahələrinin kənarlarında yabanı halda narkotik tərkibli bitkilərin yetişməsi üçün münbit torpaq sahəsi olub-olmamasını təftiş edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə arxların kənarında boş sahələrdə narkotik mənşəli çətənə bitkisi bitə bilər. Yabanı tərkibli narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir (cild 01, iş vər. 138). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Qəbələ RMX PHŞ-dən daxil olmuş 18-1-52/2-2202/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın PHŞ-nin poliklinika şöbəsinin psixiatriya və narkoloji kabinetlərində qeydiyyatda qeydə alınmamışdır (cild 01, iş vər. 139). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 11 iyul 2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının 479 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs nevrotik reaksiyalar keçirməsinə baxmayaraq o, hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq xəstəliyi keçirməmişdir, hal-hazırda da keçirmir. Təqsirləndirilən şəxs hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərinə nəzarət etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1ci maddəsinin təsiri altına düşmür (cild 01, iş vər. 149-151). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 03 sentyabr 2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının 1488 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 152). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş iş üzrə istintaqın hərtərəfli, tam və obyektiv aparılmasını, eləcə də Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə edibetməməsi, narkotik vasitəni qanunsuz olaraq saxlaması və kultivasiya etməsi ilə bağlı əməllərində hər hansı bir şəxs və ya şəxslərin iştirakının olub-olmamasını, Təqsirləndirilən şəxs hər hansı bir şəxs və ya şəxslərə narkotik vasitə-marixuana satıbsatmamasını, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə intensiv şəkildə əlaqə saxlayan şəxsləri müəyyən edib, onlar ətrafında zəruri olan əməliyat-axtarış tədbirləri, o cümlədən müvafiq sorğular keçirərək, qeyd olunan cinayətin törədilməsində Təqsirləndirilən şəxs ilə əlbirliklərinin olub-olmamasını, onlardan qanunsuz olaraq narkotik vasitə əldə edib-etmədiyini, onlara narkotik vasitələr satıb-satmadığını və ya onları narkotik vasitələrin istifadəsinə təhrik edib-etmədiyinin müəyyən edilməsi, eləcə də Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qanunsuz olaraq saxlaması və kultivasiya etməsi kimi əməllərində ailə üzvlərinin məlumatının olub-olmaması, yaxud iş üzrə digər maraq doğuran halları müəyyən etmək, maraq kəsb edən şəxs və ya şəxslər müəyyən edildikdə dindirilmələri və ya iştirakları ilə digər istintaq hərəkətlərinin keçirilməsi üçün istintaqa təqdim olunması istiqamətində mümkün olan bütün zəruri əməliyyataxtarış tədbirlərini keçərərək iş üzrə əhəmiyyət kəsb edəcək məlumat əldə olunduğu halda bu barədə istintaq orqanına məlumat verilməsi üçün, əməliyyat tapşırığına verilmiş cavaba əsasən yuxarıda qeyd edilənlər barədə əməliyyat məlumatlarının daxil olmadığı, müsbət nəticənin əldə olunmadığı bildirilmişdir (cild 01, iş vər. 159-160). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.2, 234.4.3, 234.4-1, 237.2.3 və 237.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilməklə bu barədə material ayrılması, həmçinin X2 barəsində CM-in 234 və 237-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməklə bu barədə material ayrılması qərara alınmışdır (cild 01, iş vər. 170-182). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 308 nömrəli qərarında göstərilmişdir ki, Bakı ş. Sabunçu RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş X4 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi X5 müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ əlin, döş qəfəsinin sağ aşağı ətrafların kiçik ölçülü kor qəlpə yaraları. Sağ əlin yad cismi (qəlpə) (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 469 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 470 nömrəli arayışı, X3 verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, stasionar xəstənin tibbi kartasından çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışda göstərilmişdir ki, X7 xəstəlik səbəbli xx.xx.2001-ci il tarixdən Şəki RQX-nin dispanser müşahidəsindədir. Xəstəlik səbəbli çox saylı müaliəcələr alıb. Son günlər yuxusu pozulub, tez-tez həyəcanlanıb qorxu hissi keçirmiş, əsassız şübhəli fikirlər səsləndirmiş, sayıqlama fikirləri qeyd edilmişdir Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət qanununda nəzərdə tutlmuş əməli törətməsi özünün səmimi etirafı ilə yanaşı hadisə yerinə baxış keçiriləməsi istintaq hərəkəti, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının rəyi və cinayət işi materiallarında digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1 və 237.1-ci maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı etirafedici ifadə verməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə təqsirləndirilən şəxsin 02 gün müddətinə tutulduğu vaxt cəzasına hesablanmaqla çıxılmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmənin başlanğıcı həbsə alındığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Qəbələ Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,77 qram qalmış 08 ədəd çətənə bitkiləri, həmçinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 604,95 qram qalmış qurudulmuş marixuana məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla, çıxılsın və üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs cəzasının əvvəli 24 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbycan Respublikası Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Qəbələ rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,77 qram qalmış 08 ədəd çətənə bitkiləri, həmçinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 604,95 qram qalmış qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Rafail Əliyev Hakimlər Tural Əfəndizadə (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar