Məhkəmə qərarları › İş №1(091)-272/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-272/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-272/2023 03.10.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Şəki Ağır Cinayətlər Məhkəməsi hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Musazadə Elvin Elçin oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X10 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər tarixdə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, evli və himayəsində üç azyaşlı uşağı olan, Göyçay rayon Potu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1982-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, subay, ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 və xx.xx.1987-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, subay, Göyçay şəhəri H.Əliyev prospekti ev 109-da qeydiyyatda olmaqla, Göyçay şəhəri Ə.Kərim küçəsi ev 94-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatına 15 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxslərə qarşı ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, Məmmədov X12 Malik Mahir oğlu, Təqsirləndirilən şəxs1 və özünü İran İslam Respublikasının vətəndaşı “Əkbər” kimi təqdim edən şəxsiyyəti istintaqla dəqiq məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək narkotik vasitə və psixartop maddənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə “vatsap” sosial şəbəkəsində qabaqcadan danışıb razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2 məxsus “Vaz 2107” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 15 may 2023-cü il tarixdə axşam saatlarında “Əkbər” adlı həmin şəxsin Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində narkotik vasitəni gizlətdiyi yerə getmiş, istintaqla dəqiq şəxsiyyəti müəyyən edilməyən qabaqcadan əlbir olduqları “Əkbər” adlı həmin şəxs tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində qoyulmuş Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 8,758 qram olan kustar üsulla hazrılanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə külli miqdar hesab edilməyən təmiz çəkisi 1,918 qram kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini həmin yerdən birlikdə axtarıb taparaq satış məqsədilə qanunsuz olaraq əldə etdikdən sonra Təqsirləndirilən şəxs2 məxsus avtomobil ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birlikdə satış məqsədi ilə qanunsuz olaraq Göyçay rayonuna daşımış, 16 may 2023-cü il tarixdə saat 04 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı hər üçü Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman Göyçay şəhəri M.Hüseynzadə küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilmiş, RPŞ-nin inzibati binasının həyətində yerləşən duracaqda saat 04:10-da Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə videoçəkiliş vasitəsilə baxış zamanı avtomobilin qarşı sağ oturacağının yuxarı hissəsində olan günlük hissəsinin aralığında onun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq birlikdə əldə edib daşıyaraq gizlətdikləri həmin 01 ədəd şəffaf sellofan bükümdə, külli miqdar hesab edilən təmiz çəkisi 8,758 qram olan kustar üsulla hazrılanmış həmin narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə külli miqdar hesab edilməyən təmiz çəkisi 1,918 qram kustar üsulla hazırlanmış həmin psixatrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmənin hazırlıq iclasında Müdafiəçi2 şifahi vəsatət verərək cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və cinayət işinin baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Müdafiəçi2 vəsatətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 qohumları onunla müqavilə bağlamış və ondan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilmələrinə dair Göyçay Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs1 müdafiəçisi kimi cinayət prosesinə qoşulmasını xahiş etmişlər. Belə olub həmin iş üzrə ibtidai istintaqı aparan müstəntiq Pünhan Şükürlüyə bu barədə məlumat vermək üçün onun istifadəsində olan mobil telefon nömrəsinə bir neçə dəfə zəng etmiş, lakin müstəntiq onun telefonlarını açmadığı üçün məcbur qalıb xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə Təqsirləndirilən şəxs1 qohumlarının onunla müqavilə bağladığını bildirən və müdafiəçi qismində işə buraxılmasını xahiş etdiyi müvafiq ərizəni, o cümlədən ona əlavə olunmuş orderi, şəxsiyyət vəsiqəsinin və xidməti vəsiqəsinin surətini Göyçay Rayon Polis Şöbəsinə göndərmişdir. Ərizəni Göyçay Rayon X17 və Təhqiqat qrupuna ünvanlamışdır. Həmin ərizə və ona əlavə olunmuş sənədlər xx.xx.2023-cü il tarixdə Göyçay Rayon Polis Şöbəsinə çatmış, həmin sənədləri polis şöbəsinin dəftərxana müdiri Asim Quliyev rəsmi qaydada qəbul etmişdir. Lakin sonradan xx.xx.2023-cü il tarixdə onun göndərdiyi ərizə və ona əlavə olunmuş sənədlər ərizənin üzərinə karandaş vasitəsi ilə düzəliş edilməklə (belə ki, düzəlişdə Göyçay Rayon Polis Şöbəsində İstintaq və Təhqiqat qrupunun olmaması, Göyçay Rayon Polis Şöbəsində İstintaq bölməsinin fəaliyyət göstərməsi barədə, həmçinin ərizənin üzərinə Göyçay Rayon Polis Şöbəsinin rəisinin adının və soyadının dəqiq göstərilməklə yazılması barədə qeyd aparılmışdır) heç bir müşayiət məktubu olmadan poçt vasitəsi ilə ona geri qaytarılmışdır. Həmin sənədlər poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ona təqdim olunmuşdur. Həmin sənədlər ona təqdim olunanadək o, artıq iş üzrə ibtidai istintaqın yekunlaşmasına az qaldığını, həmçinin ibtidai istintaq orqanı tərəfindən məqsədli şəkildə onun prosesə buraxılmadığı ilə bağlı qənaətə gəldiyi üçün, o cümlədən artıq işin məhkəməyə göndərilmək təhlükəsinin olduğunu hiss etdiyi üçün xx.xx.2023-cü il tarixdə teleqram vasitəsi ilə iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müdafiə hüququnun pozulması ilə bağlı məlumat vermiş, 10 gündən artıqdır ki, müraciət etsə də təqsirləndirilən şəxsə təqdim edilmədiyini bildirmiş və onun tez bir zamanda prosesə buraxılması üçün aidiyyəti şəxslərə göstəriş verilməsini xahiş etmişdir. Həmin teleqram da xx.xx.2023-cü il tarixdə saat 16:49-da müvafiq prokurorluğa təqdim olunmuşdur. Lakin yenə də onun müdafiəçi qismində prosesə buraxılması üçün heç bir tədbir görülməmiş, xx.xx.2023-cü il tarixdə müstəntiq Pünhan Şükürlü ittiham aktını tərtib etməklə cinayət işini Göyçay rayon prokuroruna göndərmiş, yekunda xx.xx.2023-cü il tarixdə Göyçay rayon prokuroru ittiham aktını təsdiq etməklə cinayət işini baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Həmçinin, ünvanladığı teleqrama münasibətdə ona yenə də heç bir rəsmi cavab verilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 istədiyi müdafiəçi ilə müqavilə bağlayaraq onun prosesdə iştirakını təmin etmək, o cümlədən özünün müdafiəsini həmin müdafiəçi ilə birlikdə qurmaq hüququ, dolayısı ilə müdafiə hüququ pozulmuşdur. Odur ki, bu halların nəzərə alınmasının, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və cinayət işinin baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarın qəbul olunmasının vacib olduğunu bildirmişdir. Müdafiəçi tərəfindən qeyd olunan hallar Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiə hüququnun kobud şəkildə pozulması ilə bağlı əsaslı şübhələr yaratdığından, mahiyyəti üzrə araşdırma aparmadan məhkəmə tərəfindən Göyçay Rayon Polis Şöbəsinin dəftərxana müdiri Asim Quliyev, həmçinin iş üzrə ibtidai istintaqı aparan müstəntiq Pünhan Şükürlü məhkəmə iclasına dəvət olunaraq onların izahatı alınmış, həmçinin müvafiq poçt məlumatları və müdafiəçi tərəfindən təqdim olunan sənədlərə baxış keçirilmişdir. Məhkəmənin hazırlıq iclasında X19 izahatında göstərmişdir ki, 2006-cı ildən etibarən Göyçay Rayon Polis Şöbəsində dəftərxana müdiri işləyir. Hazırki iş üzrə ibtidai istintaq gedən zaman Müdafiəçi2 poçt vasitəsilə Göyçay Rayon Polis Şöbəsinə ərizə və order ünvanlamış, lakin ərizə düzgün qaydada yazılmadığı üçün sözügedən ərizənin üzərinə karandaşla düzəliş edərək geri qaytarmışdır. Belə ki, onlara ünvanlanan ərizələr hər zaman Göyçay Rayon Polis Şöbəsinin rəisinin adına ünvanlanır. Müdafiəçi tərəfindən göndərilən ərizə isə rəisin adına ünvanlanmamışdır. Eyni zamanda, birinci dəfə idiki görmüşdür ki, order poçt vasitəsilə gəlir. Daxil olan ərizə ilə bağlı istintaq bölməsinə və ya müstəntiqə məlumat verməmişdir. Ərizə istintaqın rəisinin adına ünvanlanmış olsaydı, yəqinki məlumat verərdi. Ərizənin yazılması qaydası düzgün olmadığı üçün heç kimə məlumat vermədən ərizəni poçt vasitəsilə müdafiəçiyə geri qaytarmışdır. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, təlimata əsasən vətəndaş tərəfindən Göyçay Rayon Polis Şöbəsinə ərizə daxil olan zaman qeydiyyata alıb rəsmi cavab verir. Müdafiəçi2 tərəfindən göndərilən ərizəyə rəsmi cavab verməmişdir. Çünki ərizə şöbə rəisinin adına ünvanlanmamışdır. Göndərilən ərizə rəisin adına ünvanlanmadığı üçün qeydiyyata almamış, istintaq böməsinə göstərmədən, həmin günü poçt vasitəsilə geri qaytarmışdır. Əgər ərizə Göyçay Rayon Polis Şöbəsinə ünvanlanmış olsaydı, qeydiyyata alacaqmış. Ərizənin məzmununu oxumadan başlıq hissəsinə baxıb, geri qaytarmışdır. Ərizə istintaq bölməsinə ünvanlanmadığından, bu işlə bağlı maraqlanıb məlumat verməmişdir. Müdafiəçinin ərizəsini daxil olan günü geri qaytarmışdır. Ərizə beş gün müddət ərzində polis şöbəsində qalmamış, ərizəni həmin gün poçta vermişdir. Ola bilsin ki, ərizə poçtda beş gün qalmışdır. Normal hallarda səhv yazılan ərizəni qələmlə düzəldib geri qaytarmır. Lakin hazırda nəyə görə belə qeyd aparıb müşayiət məktubu olmadan sənədləri poçt vasitəsi ilə geri qaytardığını dəqiq deyə bilmir. Məhkəmənin hazırlıq iclasında X16 izahatında göstərmişdir ki, Göyçay Rayon Polis X5 müstəntiqi vəzifəsində işləyir. Hazırki iş üzrə ibtidai istintaqı aparan müstəntiq o, olmuşdur. İş üzrə ittiham aktını 12 sentyabr 2023-cü il tarixdə tərtib etmiş və cinayət işi ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etmişdir. Prokuror isə 15 sentyabr 2023-cü il tarixdə ittiham aktını təsdiq etmişdir. Hazırki iş üzrə ibtidai istintaq zamanı Müdafiəçi2 ona müraciət etməmişdir. İbtidai istintaq zamanı ona müdafiəçi tərəfindən order və ya ərizə daxil olmamışdır. Müdafiəçi2 Göyçay Rayon Polis Şöbəsinə hazırki işlə bağlı ərizə və ya order göndərməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ona çoxlu zənglər daxil olduğundan, kimin, daha doğrusu Müdafiəçi2 ona dəqiq zəng etdiyini bilməmişdir. Müdafiəçinin prokurorluğa ünvanladığı teleqramla bağlı prokurorluqdan ona zəng olunmuş və ondan işlə bağlı soruşulmuşdur. Həmin vaxt bildirmişdir ki, ona heç kim rəsmi qaydada müraciət etməmiş və ya order verməmişdir. Səhv etmirsə, Müdafiəçi2 prokurorluğa teleqram ünvanlamışdır, həmin vaxt isə səhv etmirsə artıq iş prokurorluqda olmuşdur. Hazırki iş üzrə ittiham aktı təsdiq olunduqdan sonra proklurorluq ondan işlə bağlı soruşmuşdur. Prokurorluğa izah etmişdir ki, Müdafiəçi2 ona rəsmi qaydada order təqdim etməmişdir. Səhv etmirsə müdafiəçinin prokurorluğa ünvanladığı teleqramla bağlı prokurorluq ondan soruşan zaman, artıq o, işi yekunlaşdırıb prokurorluğa göndərmişdir. Məhkəmənın hazırlıq iclasında baxış keçirilən “Ərizə və ona əlavə olunan sənədlər”dən, o cümlədən müvafiq zərfdən görünür ki, Göyçay Rayon X17 və Təhqiqat qrupuna Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən ərizə və ona əlavə olunmuş sənədlər ünvanlanmış və həmin ərizədə Göyçay Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs1 CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqının aparılması göstərilməklə, Təqsirləndirilən şəxs1 yaxın qohumları tərəfindən onunla müqavilə bağlandığını, onun təqsirləndirilən şəxsə təqdim edilməsini və onunla bağlı istintaq hərəkətləri ilə tanış edilməsini xahiş etmişdir. Həmin ərizə və ona əlavə edilən sənədlər xx.xx.2023-cü il tarixdə poçtla yenidən Müdafiəçi2 qaytarılmış, Müdafiəçi2 həmin sənədləri xx.xx.2023-cü il tarixdə təhvil almışdır. Ərizənin üzərində Göyçay Rayon Polis Şöbəsində İstintaq və Təhqiqat qrupunun olmaması, Göyçay Rayon Polis Şöbəsində İstintaq bölməsinin fəaliyyət göstərməsi barədə, həmçinin ərizənin üzərinə Göyçay Rayon Polis Şöbəsinin rəisinin adının və soyadının dəqiq göstərilməklə yazılması barədə karandaşla düzəliş aparılmışdır. Məhkəmənın hazırlıq iclasında baxış keçirilən “Poçt göndərişlərinin izlənməsi” ilə bağlı internet portalından çıxarışdan görünür ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 poçt vasitəsi ilə Göyçay Rayon Polis Şöbəsinə ünvanladığı “SS864750675AZ” nömrəli poçt göndərişi xx.xx.2023-cü il tarixdə poçt şöbəsinə daxil olmuş, xx.xx.2023-cü il tarixdə Göyçay Rayon Polis Şöbəsinə çatdırılmış və dəftərxana müdiri Asim Quliyev tərəfindən qəbul edilmişdir. Məhkəmənın hazırlıq iclasında baxış keçirilən “Göndərilən teleqram məlumatının mətninə dair” və “Göndərilən teleqram məlumatının çatdırılmasına dair” çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:16-da Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Göyçay rayon prokuroruna teleqram ünvanlanmış, həmin teleqram xx.xx.2023-cü il tarixdə saat 16:49-da Göyçay rayon prokurorluğuna təqdim olunmuşdur. Həmin teleqramın mətnində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Göyçay Rayon Polis Şöbəsinin icraatındadır. Order və digər sənədlər 10 gündən artıq müddətdir ki, polis şöbəsinə göndərilsə də, hələ də müdafiəçi kimi təqsirləndirilən şəxsə təqdim edilməmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir və valideynlərinin dediklərinə görə ona təzyiqlər edilir. Müdafiə hüququnun təmin edilməsi və həmin hüququn kobud surətdə pozulmasının qarşısının alınmasına dair müvafiq şəxslərə göstəriş verilməsi xahiş olunur. Dövlət itthimaçısı Dövlət ittihamçısı məhkəmənin hazırlıq iclasında aşkara çıxan halların fonunda sözügedən cinayət işinin məhkəmə baxışına təyin olunmasının qeyri-mümkün olduğunu bildirmiş və şifahi vəsatət verərək cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməklə cinayət işinin baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Müdafiəçi2 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 və digər təqsirləndirilən şəxslərlə onların müdafiəçiləri də ayrı-ayrılıqda qeyd olunanlar əsas götürülməklə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsini və cinayət işinin baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarın qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərkibi məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü ilkin dinləmələr vasitəsilə yoxlamaqla ittiham və müdafiə tərəfinin vəsatətlərini ayrı-ayrılıqda dinləyib, cinayət işinin materiallarına əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməli və müvafiq işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyta keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsində göstərilmişdir ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində isə göstərilmişdir ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntusu sayılır və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntu elə pozuntu hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntunun başqa cür aradan qaldırılması və həmin pozuntu aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyrimümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı yol verilən nöqsanları qeyd edir və bildirir ki, həm milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin üzərində israrla dayandığı, heç bir halda məhdudiyyətin müəyyən edilmədiyi ən təməl hüquqlardan biri cinayət təqibi zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi, yəni onun müdafiə hüququnun pozulmamasıdır. Həm milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından müdafiə hüququ mütləq hüquq kimi bütöv bir mexanizmi xatırlatsa da, adətən təcrübədə bu hüquq iki formada (halda) təzahür edir: - Birinci halda (formada), şəxsin ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında, daha dəqiq desək ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti haqqında ətraflı məlumatlandırılmaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və şəraitə malik olmaq imkanı kimi; - İkinci halda isə şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi halda belə müdafiəçidən pulsuz istifadə etmək hüququ kimi. Hər iki halda qeyd edilən tələblərə əməl edilməsi cinayət təqibi zamanı vacib hüquqi əhəmiyyət kəsb etdiyindən, bunlardan hər hansı birinin pozulması dolayısı ilə şəxsin təməl hüququ olan müdafiə hüququnun bütövlükdə pozulmasını ehtiva edir. Müdafiə hüququ təməl hüquqlardan biri qismində çıxış etdiyindən, təsadüfi deyil ki, həmin hüququnun təmin olunmasının vacibliyi Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarında da, daha dəqiq konvensiyanın 6-cı maddəsində, yəni ədalətli məhkəmə araşdırması hüququ çərçivəsində öz əksini tapmış, Avropa İnsan Hüquqları Məhkəməsinin də qəbul etdiyi qərarlarda bu hüququn nə dərəcədə önəmli olduğu vurğulanmaqla həmin hüququn pozulması halının ümumilikdə məhkəməyədək icraat zamanı, o cümlədən məhkəmə istintaqı zamanı aparılan istintaqın etibarsızlığı üçün əsas ola biləcəyi qeyd edilmişdir. Sözügedən Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “c” yarımbəndində qeyd olunmuşdur ki, cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Göründüyü kimi, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “c” yarımbəndində özünə yer edən müdafiə hüququ üç ayrıca hüququ ehtiva edir: özünü şəxsən müdafiə etmək hüququ, özünü seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə etmək hüququ və müəyyən şərtlər çərçivəsində pulsuz hüquqi yardımın təmin edilməsi hüququ. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında göstərmişdir ki, cinayət törətməkdə ittiham olunan hər hansı şəxs məhkəmə icraatının hər mərhələsində 6-cı Maddənin 3(c) yarımbəndi ilə qorunmalıdır (İmbrioskia İsveçrəyə qarşı, § 37). Beləliklə, bu müdafiə hətta iş məhkəməyə göndərilməzdən əvvəl vacib ola bilər. Belə ki, bu mərhələdə 6-cı maddənin müddəalarına riayət edilməməsi nəticəsində ədalətli məhkəmə araşdırması əsaslı surətdə pozula bilər (Öcalan Türkiyəyə qarşı [BP], § 131; İmbrioskia İsveçrəyə qarşı, § 36; X15rşı, § 41). Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndinin məhkəmədən əvvəlki mərhələdə, başqa sözlə ilkin istintaq müddətində tətbiq edilmə qaydası məhkəmə icraatının xüsusiyyətlərindən və məhkəmə işinin hallarından asılıdır (X7rşı, § 45; Berlinski Polşaya qarşı, § 75). 6-cı Maddə adətən təqsirləndirilən şəxsə polis tərəfindən dindirilmənin ilkin mərhələsindən etibarən hüquqşünas yardımından yararlanmağa icazə verilməsini tələb edir (X3rşı, § 63; Öcalan Türkiyəyə qarşı [BP], § 131; Salduz Türkiyəyə qarşı [BP], § 54; X8rşı, § 59; X7rşı, § 45; Dayanan Türkiyəyə qarşı, § 31). Lakin bu hüquq ciddi səbəblər olduqda məhdudlaşdırıla bilər (X3rşı, § 63; X15rşı, § 41). Hər bir məhkəmə işində sual bundan ibarət olur ki, məhkəmə icraatına bütövlükdə baxıldıqda, məhdudiyyət təqsirləndirilən şəxsi ədalətli məhkəmə araşdırmasından məhrum edibmi (X3rşı, § 63; X7rşı, § 45). Hətta ciddi səbəblər hüquqşünasa çıxış imkanının rədd edilməsinə müstəsna hal kimi bəraət qazandırdıqda belə, bu məhdudiyyət təqsirləndirilən şəxsin 6-cı maddə çərçivəsindəki hüquqlarına gərəksiz xələl gətirməməlidir (Salduz Türkiyəyə qarşı [BP], § 55). Cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir (Salduz Türkiyəyə qarşı [BP], § 51). Bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyəqədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır (Dayanan Türkiyəyə qarşı, § 31). Ümumiyyətlə, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda iştirak deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir (Lagerblom İsveçə qarşı, § 49). Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin təqsirləndirilən şəxs adlandırılan 91-ci maddəsində təqsirləndirilən şəxsin digər hüquqları ilə yanaşı müdafiə hüququ ilə təmin olunması, daha doğrusu müdafiəçi ilə təmin olunmaq hüququ, öz müdafiəsini istədiyi kimi qurmaq hüququ da öz əksini tapmış və sözügedən maddədə göstərilmişdir ki, təqsirləndirilən şəxsin həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq; müdafiəçinin yardımından pulsuz istifadə etmək; müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək; söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, həmçinin öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək və s. hüquqları vardır. Yuxarıda istinad olunan normalar, o cümlədən beynəlxalq qanunvericiliyin müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri hazırki iş üzrə tətbiq edildikdə məhkəmə kollegiyası bu qənaətə gəlir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs1 müdafiə hüququ pozulmuş, belə ki, onun müstəqil olaraq müdafiəçi seçmək, özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və onunla öz müdafiəsini istədiyi kimi qurmaq hüququ təmin olunmamışdır. Bu isə özlüyündə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kimi kobud qanun pozuntusunun baş verməsinə səbəb olmuşdur ki, bu halın özü kifayət edir ki, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilsin və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilsin. Belə ki, cinayət işi üzrə hadisələri (mövcud sübutları mahiyyəti üzrə araşdırmadan) xronoloji ardıcıllıqla sadaladıqda (Təqsirləndirilən şəxs1 münasibətdə) görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 03:35-də Göyçay şəhəri ərazisində saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs1 həmin tarixdə dövlət hesabına müdafəçi ilə təmin olunmaq üçün ərizə ilə polis şöbəsinin rəsinin adına ərizə ilə müraciət etmiş, real olaraq müdafiəçi X9 və vəkil seçmək üçün ona siyahı təqdim olunmuş, o isə müdafiəçi X1, həmin tarixdə sözügedən müdafiəçi ona ayrılmaqla və müdafiəçinin iştirakı ilə saat 05:50-də CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İbtidai araşdırmanın sonrakı mərhələsində isə həmin müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsə dair müxtəlif istintaq hərəkətləri (dindirmə, üzləşdirmə və s.) həyata keçirilmişdir. İbtidai istintaqın yekunlaşmasına az qalmış təqsirləndirilən şəxsin yaxın qohumları tərəfindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ilə müqavilə bağlanılmış və ondan Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün prosesə qoşulması xahiş edilmişdir. Bunu Müdafiəçi2 məhkəməyə təqdim etdiyi orderin və müvafiq polis şöbəsinə ünvanladığı ərizənin surətindən də müəyyən etmək olur. Belə ki, müdafiəçinin təqdim etdiyi orderdən görünür ki, onunla təqsirləndirilən şəxsin yaxın qohumları arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanılmış və həmin tarixdə Müdafiəçi2 müvafiq orderi əldə etmişdir. Lakin yuxarıda qeyd olunan səbəblərdən Müdafiəçi2 cinayət prosesinə müdafiəçi qismində buraxılması və onun təqsirləndirilən şəxsə təqdim olunması mümkün olmamış, daha doğrusu onun prosesə buraxılması ilə bağlı müraciəti təmin olunmamış, işin ibtidai istintaqını aparan müstəntiq xx.xx.2023-cü il tarixdə iş üzrə ibtidai istintaqı yekunlaşdıraraq həmin tarixdə ittiham aktını tərtib etməklə onu cinayət işi ilə birlikdə təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən isə ittiham aktı xx.xx.2023-cü il tarixdə təsdiq olunmaqla cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, cinayət işinin materiallarından müəyyən olunan hal ondan ibarətdir ki, ibtidai araşdırmanın ilkin dövründən başlayaraq Təqsirləndirilən şəxs1 müdafiə hüququnun təmini istiqamətinə ibtidai istintaq orqanı tərəfindən müəyyən hərəkətlər həyata keçirilmiş və o, dövlət hesabına vəkillə təmin olunmuşdur. Bununla da, təqsirləndirilən şəxsin prosessual qanunvericiliklə tənzimlənən dövlət tərəfindən təmin edilən minimal müdafiə hüququ təmin edilmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, hazırki məqamda Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə müdafiə hüququnun pozulması ilə bağlı qənaətə gəlməyə səbəb olan hal bu deyil, ibtidai istintaq orqanı tərəfindən sonuncuya ibtidai istintaqın gedişində daha yüksək səviyyədə hüquqi yardımın göstərilməsi üçün şəraitin yaradılmaması, yəni şəxsin özünün seçdiyi və öz maddi imkanı hesabına müqavilə bağladığı müdafiəçinin prosesə buraxılması və öz müdafiəsini həmin müdafiəçi ilə məhz istədiyi şəkildə qurmaq istiqamətindəki hüququnun məhdudlaşdırılması olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, təqsirləndirilən şəxsin müqavilə üzrə müdafiəçisi Müdafiəçi2 cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində (CPM 92.7-ci maddə) cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini və cinayət prosesinə buraxılması üçün müvafiq ərizəni qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə Göyçay Rayon Polis Şöbəsinə təqdim etmiş, şəxsin ərizəsi və ona əlavə olunan sənədlər heç bir hüquqi əsas olmadan (ərizə və ona əlavə olunan sənədlərin geri qaytarılmasına səbəb olan halların əks olunduğu heç bir müşayiət məktubu və s. olmadan) ona geri qaytarılmaqla onun prosesə buraxılmasının qarşısı süni şəkildə alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.7-ci maddəsində göstərilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir. Müdafiəçi daha sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora teleqram vuraraq bir daha onun və təqsirləndirilən şəxsin hüquqlarının pozulduğunu bildirməyə çalışmış, tez bir zamanda onun prosesə buraxılması üçün müvafiq göstərişin verilməsini prokurordan xahiş etmiş, lakin təkrarən heç nəyə nail ola bilməmiş, onun prosesə buraxılmasının qarşı alınmaqla cinayət işi baxılması üçün müvafiq məhkəməyə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında izahatı alınan müstəntiqin qeyd etdiklərindən də müəyyən olunur ki, ittiham aktı təsdiq olunaraq cinayət işi müvafiq məhkəməyə göndərilmədən öncə artıq həm ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, həm də müstəntiqin Müdafiəçi2 tərəfindən hüquq mühafizə orqanlarına ünvanlanan müraciətdən xəbəri olmuş, lakin buna baxmayaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun, yəni şəxsin özünün seçdiyi və öz maddi imkanı hesabına müqavilə bağladığı müdafiəçinin prosesə buraxılması və öz müdafiəsini məhz həmin müdafiəçi ilə istədiyi şəkildə qurmaq hüququnun məhdudlaşdırılmaması istiqamətində heç bir tədbir görülməmişdir. Bu isə sonda Təqsirləndirilən şəxs1 həm cinayət prosessual qanunvericilik, həm də beynəlxalq qanunvericiliklə təmin olunan müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Hazırki halda isə həmin pozuntunun aradan qaldırılması qeyri-mümkündür. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, müstəntiq tərəfindən yol verilən pozuntular bununla bitməmiş, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarda, o cümlədən ittiham aktında sonuncuya elan olunan ittihamın məzmununda yanlışlığa yol verilmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək cinayətkar fəaliyyətlə məşğul olması ilə bağlı nəticəyə gəlinsə də, sözügedən sənədlərin məzmununda səhvə yol verilərək “Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və özünü İran İslam Respublikasının vətəndaşı “Əkbər” kimi təqdim edən və şəxsiyyəti istintaqa bəlli olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşməsi” əvəzinə, “Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və özünü İran İslam Respublikasının vətəndaşı “Əkbər” kimi təqdim edən və şəxsiyyəti istintaqa bəlli olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşməsi” qeyd olunmuş, Təqsirləndirilən şəxs2 adı həmin sənədlərin, o cümlədən ittihamın məzmununda əks olunmamışdır. Bu hal onu göstərir ki, müstəntiq öz işinə diqqətsiz yanaşmış, kifayət qədər diqqət göstərməmiş və nəticədə də belə bir yanlışlığa yol vermişdir. Halbuki, sözügedən sənədlərdə, o cümlədən elan edilən ittihamda bu kimi hallara xüsusi diqqət yetirilməli, ittihamın məzmununda öz əksini tapan məlumatlar dəqiq göstərilməli və təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham dəqiq və anlaşılan olmalı idi. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi ibtidai istintaq orqanına qaytarıldıqdan sonra bu səhvlər mütləq şəkildə aradan qaldırılmalı və gələcəkdə təqsirləndirilən şəxsə elan olunan ittihamın məzmunu düzəldilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Azərbaycan Respublikası CPMnin 303.3.1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət mühakimə icraatının aparılması şərtləri və prinsiplərinin pozulması hesab edildiyindən, qeyd edilən hallar aradan qaldırılmadan işin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından və bu hallar məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas hesab olunduğundan, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı müdafiə hüququnun pozulması müəyyən edilsə də, gələcəkdə cinayət işinin baxılmasında, obyektiv həqiqətin müəyyən olunmasında müəyyən problemlərin yaranmaması üçün cinayət işindən ona dair ayrıca cinayət işi ayrılmamalı və cinayət işi bütövlükdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 06 oktyabr 2023-cü il tarixdə bitir. Azərbaycan Respublikası CPM-nin 306-cı maddəsindən isə görünür ki, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə məhkəmənin qərarı ilə hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə məhkəmənin qərarı ilə hər biri barəsində həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmış, cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası CPM-nin 159.7-ci və 159.7.3-cü maddələrində göstərilmişdir ki, cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq ağır cinayətlər üzrə - 10 (on) aydan artıq ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməlinin ağır cinayətlər kateqoriyasına aid olması, həmin əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həmçinin azadlıqda qalarsa, istintaqdan yayınma riski və şahidlərə təsir göstərə bilmələri ehtimalları nəzərə alınmalı və onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir ay, yəni xx.xx.2023-cü il tarixə kimi uzadılmalıdır. Odur ki, göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299-301 və 303cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Dövlət ittihamçısının və müdafiə tərəfinin ayrı-ayrılıqda verdikləri vəsatət təmin edilsin. Cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 06 noyabr 2023-cü il tarixə kimi uzadılsın. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin icrası X6 həvalə edilsin. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar