Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-276/2023 19.10.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1969-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 10 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, Q.B.Zakir küçəsi, ev 52 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə 18,213 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 02 (iki) ədəd sellofan bükümdə cəmi 16,861 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 (bir) ədəd göy rəngli sellofan torbada 1935 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib yaşadığı Yevlax şəhəri, Q.B.Zakir küçəsi, ev 52 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı 13 iyun 2023-cü il tarixdə saat 10:30-dan 11:25-dək müddətdə Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, Q.B.Zakir küçəsi, ev 52 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağına videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman masanın üzərindən Təqsirləndirilən şəxs qəsdən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 01 (bir) ədəd sellofan bükümdə 18,213 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 02 (iki) ədəd sellofan bükümdə olmaqla külli miqdarda ayrı-ayrılıqda çəkiləri 16,014 qram və 0,847 qram olan ümumi təmiz çəkisi 16,861 qram külli miqdarında narkotik vasitə olan heroin, 01 (bir) ədəd göy rəngli sellofan torbada 1935 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və üzərində cüzi miqdarda metamfetamin hissəcikləri olan iki ədəd elektron tərəzi aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etsə də narkotik vasitəni satmaq niyyəti olmamışdır. Yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan yalnız heroin və metamfetamin aşkar olunmuş, həmin vaxt orada qurudulmuş marixuana olmamış və həmin qurudulmuş marixuana polis əməkdaşları tərəfindən onun yataq otağına yerləşdirilmişdir. Bu zaman o, qurudulmuş marixuananı oraya qoyan polis əməkdaşlarına etiraz etmiş, videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman marixuananın ona məxsus olmadığını demiş, bundan sonra polis əməkdaşları əvvəlcə videokameranı söndürmüşlər, ardınca isə yenidən videokameranı işlək vəziyyətə gətirib videoçəkilişə davam etmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki olaraq təsirtəzyiqlər olunmasa da qurudulmuş marixuananın ona məxsus olmadığını deyəcəyi təqdirdə ona qarşı qanunsuz hərəkətlər edəcəkləri ilə hədələdikləri üçün qeyd olunan qurudulmuş marixuananın da özünə məxsus olmasını demək məcburiyyətində qalmış, müdafiəçiyə də qurudulmuş marixuananın ona məxsus olmadığını demiş, lakin müdafiəçi həmin narkotik vasitənin də ona məxsus olması barədə ifadə verməli olduğunu ona bildirmişdir. Polis əməkdaşlarının qanunazidd hərəkətləri barədə hüquq-mühafizə orqanlarına, o cümlədən prokurorluq orqanlarına şikayət etməmiş, habelə barəsində həbs qətimkan tədbiri seçilən zaman qurudulmuş marixuananın ona məxsus olmaması barədə məhkəməyə məlumat verməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. Özünə məxsus olan 055 ***-**-** mobil telefon nömrəsinin «WhatsApp» tətbiqindən istifadə edərkən özünü Bərdə rayon sakini kimi təqdim edən şəxslə tanış olmuş və həmin şəxs narkotik vasitə və psixotrop maddə satdığını ona bildirmişdir. O da narkotik vasitə və psixotrop maddə istifadə etdiyini demiş və ona narkotik vasitə və psixotrop maddə satmasını həmin şəxsdən xahiş etmişdir. Bundan sonra həmin şəxs ona kart nömrəsi göndərmiş, o, həmin nömrəyə 300 manat məbləğində pul köçürmüş və qeyd olunan şəxs narkotik vasitə heroini və marixuananı, habelə psixotrop maddə metamfetamini qoyduğu yeri ona demişdir. Bundan sonra o, həmin şəxsin dediyi qaydada Yevlax-Bərdə avtomobil yolundan Yevlax rayonunun ərazisində yerləşən Sərhəd Qoşunlarının hərbi hissəsinə gedən yolun sağ kənarı ilə bir qədər hərəkət etdikdən sonra sağ tərəfdə olan çökəklik ərazidə bir ədəd sellofan torbaya bükülmüş bükülünün olduğunu görüb götürərək özünə məxsus olan fərdi yaşayış evinə aparmış və torbanın içərisinə baxdıqda orada iki bükümdə narkotik vasitə heroinin, bir ədəd torbada narkotik vasitə marixuananın və bir bükümdə isə psixotrop maddə metamfetaminin olması ona məlum olmuşdur. Daha sonra o, həmin metamfetamin və heroindən az miqdarda özünə məxsus elektron tərəzi vasitəsilə çəkərək normaya uyğun olaraq istifadə etmiş, qalan hissəsini isə gələcəkdə istifadə etmək məqsədilə yataq otağında saxlamışdır. 13 iyun 2023-cü il tarixdə təxminən saat 11 radələrində yaşadığı fərdi yaşayış evinin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb yaşadığı fərdi yaşayış evində narkotik vasitə saxlaması barədə məlumatlarının olduğunu və onun iştirakı ilə evə baxış keçirəcəklərini bildirmişlər. O, baxış keçirilməsinə razı olmuş və bu barədə ərizə yazaraq təqdim etmişdir. Bundan sonra o, polis əməkdaşlarına yaşadığı evin ikinci mərtəbəsində olan yataq otağında narkotik vasitə heroin və marixuana, habelə psixotrop maddə metamfetamini saxladığını və həmin kütlələri təqdim edə biləcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən onun iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə yaşadığı evin ikinci mərtəbəsində olan yataq otağına baxış keçirilən zaman orada olan masanın üzərindən istifadə etdiyi şpirislər, iki büküm heroin, bir büküm metamfetamin, bir ədəd torbada marixuana və iki ədəd elektron tərəzi aşkar edilmişdir. O, iki bükümdə olan kütlənin narkotik vasitə heroin, bir bükümdə olan kütlənin psixotrop maddə metamfetamin və bir ədəd torbada olan maddənin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitələri və psixotrop maddəni gələcəkdə özü istifadə etmək üçün evində saxladığını və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra qeyd olunan narkotik vasitələr, psixotrop maddə və iki ədəd tərəzi müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 iyun 2023-cü il tarixdə saat 11 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxlaması və narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısında sonuncunu görüb yaxınlaşaraq qeyd olunan evdə narkotik vasitə və psixotrop maddə olması barədə məlumatın daxil olduğunu və iştirakı ilə evinə baxış keçirəcəklərini demişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməmiş, bu barədə ərizə yazaraq təqdim etmiş, yaşadığı evin ikinci mərtəbəsində olan yataq otağında narkotik vasitə heroin və marixuana, habelə psixotrop maddə metamfetamin saxladığını və həmin kütlələri təqdim edə biləcəyini bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə sonuncunun yaşadığı evin ikinci mərtəbəsində olan yataq otağına baxış keçirilən zaman orada olan masanın üzərindən istifadə etdiyi şpirislər, iki bükümdə, bir bükümdə və bir ədəd torbada olan kütlələr, habelə iki ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs iki bükümdə olan kütlənin narkotik vasitə heroin, bir bükümdə olan kütlənin psixotrop maddə metamfetamin və bir ədəd torbada olan maddənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitələri və psixotrop maddəni gələcəkdə özü istifadə etmək üçün evində saxladığını və qeyd olunan kütlələri «WhatsApp» tətbiqi vasitəsilə tanış olduğu, özünü Bərdə rayon sakini kimi təqdim etmiş şəxsdən 08 iyun 2023-cü il tarixdə aldığını bildirmişdir. Daha sonra qeyd olunan narkotik vasitələr, psixotrop maddə və iki ədəd tərəzi müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 iyun 2023-cü il tarixli raportdan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fərdi yaşayış evinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun Yevlax şəhəri, Q.B.Zakir küçəsi, ev 52 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və bu zaman evin ikinci mərtəbəsində olan yataq otağındakı masanın üzərindən dörd ədəd istifadə olunmuş şpirislər, iki bükümdə narkotik vasitə heroinə bənzər maddələr, bir bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr, bir ədəd torbada narkotik vasitə marixuanaya bənzər maddə, habelə iki ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Baxış keçirilməsinin və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 13 iyun 2023-cü il tarixli 17/463 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs evindən ağ rəngli sellofana bükülmüş metamfetaminə bənzər bir ədəd kütlə aşkarlandı” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 18,213 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evindən kakos adlanan kütlə aşkarlanaraq götürüldü” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 16,014 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evində yanmış vəziyyətdə kakos maddəyə bənzər kütlə aşkarlanaraq götürüldü” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,847 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş 04 (dörd) ədəd şpris aşkar olunaraq götürüldü” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd 2 ml-lik şprisdə və 02 (iki) ədəd 1 ml-lik şprislərdə olan cüzi miqdarda maddə hissəcikləri narkotik vasitə heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. Həmin zərfin içərisindəki 01 (bir) ədəd 2 ml-lik şprisdə narkotik vasitə və psixotrop maddə hissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs evindən 02 (iki) ədəd elektron tərəzi aşkar olundu” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kiçik elektron tərəzilərin hər birinin üzərində olan cüzi miqdarda maddə hissəcikləri psixotrop maddə metamfetamin hissəcikləridir. Həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqdə “Vət. Təqsirləndirilən şəxs yaşadığı evində qurudulmuş vəziyyətdə marixuanayabənzər kütlə aşkar olunaraq götürüldü” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi 1935 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd sellofan bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd şprislərdə olan heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 02 (iki) ədəd sellofan bükümdə olan heroinlərin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd elektron tərəzilərdə olan metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 01 (bir) ədəd sellofan bükümdə olan metamfetaminin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 25 avqust 2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə heroindən və qurudulmuş marixuanadan, habelə psixotrop maddə metamfetamindən istifadə etməsi və qeyd olunan narkotik vasitələrin və psixotrop maddənin satışı ilə məşğul olması, evindən aşkar edilmiş çəkisi 18,213 qram olan psixotrop maddə metamfetamini, 01 ədəd sellofan bükümdə çəkisi 16,014 qram olan narkotik vasitə heroini, 01 ədəd sellofan bükümdə çəkisi 0,847 qram olan narkotik vasitə heroini və 01 ədəd sellofan torbada çəkisi 1935 qram olan narkotik vasitə qurudulmuş marixuananı evində satış məqsədilə saxlaması müəyyən olunmuş, lakin qeyd olunan narkotik vasitələri və psixotrop maddəni haradan əldə etməsini və ona narkotik vasitə və psixotrop maddə satmış tanımadığı Bərdə rayon sakini olan şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 sentyabr 2023-cü il tarixli 1586 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və əldə etdiyi narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi ilə bağlı həmin cinayət işindən ayrıca icraata material ayrılmışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar, 12-ci bəndinə əsasən, 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar və həmin Siyahının psixotrop maddələrə aid olan İİ siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, 13 iyun 2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, bundan sonra Təqsirləndirilən şəxs ərizəsinə əsasən onun və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakları ilə yaşadığı qeyd olunan fərdi yaşayış evinə baxış keçirilmiş və bu zaman narkotik vasitə heroin və qurudulmuş marixuana, habelə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Götürülmüş narkotik vasitələr və psixotrop maddə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 13 iyun 2023-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilərək narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş və saxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitə heroini və qurudulmuş marixuananı, habelə psixotrop maddə metamfetamini qanunsuz əldə etdiyini və saxladığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitədən istifadə etdiyini, lakin narkotik vasitəni satmaq niyyətinin olmadığını, yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan yalnız heroin və metamfetaminin aşkar olunduğunu, həmin vaxt orada qurudulmuş marixuananın olmadığını və həmin qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən onun yataq otağına yerləşdirildiyini, bu zaman qurudulmuş marixuananı oraya qoyan polis əməkdaşlarına etiraz etdiyini, videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman marixuananın ona məxsus olmadığını dediyini, bundan sonra polis əməkdaşlarının əvvəlcə videokameranı söndürdüyünü, ardınca isə yenidən videokameranı işlək vəziyyətə gətirib videoçəkilişə davam etdiklərini və polis əməkdaşları tərəfindən ona qarşı fiziki olaraq təsir-təzyiqlər olunmasa da qurudulmuş marixuananın ona məxsus olmadığını deyəcəyi təqdirdə ona qarşı qanunsuz hərəkətlər edəcəkləri ilə hədələdikləri üçün qeyd olunan qurudulmuş marixuananın da özünə məxsus olmasını demək məcburiyyətində qaldığını, müdafiəçiyə qurudulmuş marixuananın ona məxsus olmadığını dediyini, lakin müdafiəçinin qurudulmuş marixuananın da ona məxsus olması barədə ifadə verməli olduğunu ona bildirdiyini, polis əməkdaşlarının qanunazidd hərəkətləri barədə hüquq-mühafizə orqanlarına, o cümlədən prokurorluq orqanlarına şikayət etmədiyini, habelə barəsində həbs qətimkan tədbiri seçilən zaman qurudulmuş marixuananın ona məxsus olmaması barədə məhkəməyə məlumat vermədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (baxış keçirilməsi haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Xüsusilə qeyd olunmalıdır ki, Mehan Mahmudovun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü məhkəmə istintaqı zamanı nümayiş etdirilən zaman sonuncuya videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman marixuananın ona məxsus olmadığını deməsi və bundan sonra polis əməkdaşlarının əvvəlcə videokameranı söndürmələri, ardınca isə yenidən videokameranı işlək vəziyyətə gətirib videoçəkilişə davam etmələri barədə ifadəsində qeyd etdikləri nəzərinə çatdırıldıqda o, fərdi yaşayış evində iyirmi nəfər polis əməkdaşı yanında olduğu halda nə edə biləcəyini və qurudulmuş marixuanının özünə məxsus olmadığını polis şöbəsində olan zaman bildirdiyini qeyd etməklə özü-özünü ifşa etmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, baxış keçirilən zaman o, həmin prosessual hərəkətlə bağlı heç bir irad bildirməmiş və protokola hər hansı qeyd aparmamışdır. Eyni zamanda ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə məlumat verməmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və qurudulmuş marixuananı, habelə psixotrop maddə metamfetamini əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroinin və qurudulmuş marixuananın, habelə psixotrop maddə metamfetaminin aşkar edilməsini, aşkarlanmış narkotik vasitələrin müxtəlif növlərdə olmasını, narkotik vasitələrin və psixotrop maddənin kütləsinin çox olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və qurudulmuş marixuananı, habelə psixotrop maddə metamfetamini əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsifi düzgündür. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Q.B.Zakir küçəsi, ev 52 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmünün və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 10 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən həmin cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənilmədiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin residivinin olmasını, narkotik vasitənin ayrı-ayrı növlərdə olmasını, narkotik vasitənin və psixotrop maddənin çəkisinin çox olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsində əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 15 iyun 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 13 iyun 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 18,163 qram psixotrop maddə metamfetamin, 16,761 qram narkotik vasitə heroin, 1934,9 qram narkotik vasitə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını və yaşadığı ünvana baxış keçirilməsini əks etdirən iki ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 107,91 (yüz yeddi manat doxsan bir qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 107,91 (yüz yeddi manat doxsan bir qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 13 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 18,163 qram psixotrop maddə metamfetamin, 16,761 qram narkotik vasitə heroin, 1934,9 qram narkotik vasitə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını və yaşadığı ünvana baxış keçirilməsini əks etdirən iki ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 107,91 (yüz yeddi manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-276/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-276/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver