Məhkəmə qərarları › İş №1(091)-278/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-278/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-278/2024 21.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştikrakları ilə, xx.xx.2000-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, natamam orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşadığı arvadı Zərərçəkmiş şəxs bir neçə gün əvvəl ondan küsərək Yevlax şəhərinə valideynlərinin yaşadığı evə getməsinə görə arvadı ilə barışmaq üçün xx.xx.2024-cü il tarixdə səhər saat 06 radələrində Zərərçəkmiş şəxs valideynləri ilə birlikdə yaşadığı Yevlax şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısındakı küçəyə gələrək həyətin küçəyə açılan qapısının bağlı olduğunu görüb həmin fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə keçərək daxil olub həyətdən Zərərçəkmiş şəxs uca səslə çağırmış, lakin Zərərçəkmiş şəxs həyətə çıxmadığını görüb heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs münaqişəyə cəlb etmək məqsədilə uca səslə sonuncunu nalayiq sözlərlə söyməklə öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutaraq ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə həmin evdə və qonşuluqda yaşayan şəxslərin də narahatçılığına səbəb olan evin giriş qapısını bərkdən döyəcləmiş, Zərərçəkmiş şəxs yenə də həyətə çıxmadığını görüb öz xuliqanlıq hərəkətlərini davam etdirərək qəsdən yumruqla vurub evin pəncərəsinin 20 manat dəyərində olan şüşəsini sındırmış, həmin vaxtı Zərərçəkmiş şəxs qardaşı Şahid1 evin giriş qapısını açmasından sonra o, özü ilə gətirdiyi mətbəx bıçağının dəstəyindən sağ əli ilə tutub silah qismində istifadə edərək Zərərçəkmiş şəxs evin giriş qapısını onun üzünə açmamasını bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaq qərarına gəlib həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyməkdə davam edərək sonuncunun üzərinə hücum çəkib Zərərçəkmiş şəxs xx.xx.2015-ci il təvəllüdlü olmaqla azyaşlı qızı X4 və qardaşı Şahid1 gözü qarşısında öz şəxsiyyətini ətrafda olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla birgə istirahət və yaşayış qaydalarına etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, bıçaqdan silah qismində etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq hərəkətlərini davam etdirib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da Zərərçəkmiş şəxs əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək həmin bıçaq ilə Zərərçəkmiş şəxs bir dəfə sağ körpücük altı nahiyəsinə, bir dəfə üst dodağına, bir dəfə sağ göz üst qapağına zərbələr vurub sonuncunun sağlamlığına ağır zərər vuran ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (35%) dayanıqlı (daimi) itirilməsinə səbəb olan “OD-GÖZ almasını dəlib keçən yaralanma (sağ gözün görməsi 0-sıfır), OD- Sağ gözdə daxili mühitlərin tökülməsi” xəsarətini, sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan və buna görə də sağlamlığa ağır zərər vuran xəsarət hesab olunan dodağın və sağ üst göz qapağının kəsilmiş-deşilmiş yarası xəsarətini və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ körpücük altı nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarətlərini yetirməklə xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuş və silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tətbiq olunması və zərərçəkmiş şəxsin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş və məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş həmin ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən təxminən bir ay əvvəl müvəqqəti olaraq ailə üzvləri olan və qeyrirəsmi ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs, 2015-ci il təvəllüdlü qızı Sevgi Həsənova və 2022-ci il təvəllüdlü qızı Dərya Həsənova ilə birlikdə Bakı şəhərinə gedərək Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova prospektində yerləşən bina evində kirayə yaşamış, ev tutub yerləşdikdən sonra qaynanası Gülçöhrə və sonuncunun gəlini Zülfiyyə də onların evinə gələrək birlikdə yaşalmağa başlamışlar. Bundan narazı olduğuna görə arvadı Pərvanə ilə aralarında mübahisələr yaranmağa başlamış, qayınanası Gülçöhrənin “yüngül” həyat tərzi keçirdiyini bildiyi üçün sonuncunun onunla yaşamasına etiraz etmişdir. 2024-cü ilin iyul ayının təxminən 14-15-də arvadının da anası Gülçöhrə ilə birlikdə “yüngül həyat tərzi” keçirdiyini, evdə olmadıqda evə kənar şəxs gətirdiklərini başa düşmüş, buna görə də aralarında münaqişə yaranmışdır. 18 iyul 2024-cü il tarixdə oradan çıxaraq yaşadığı Ağdaş şəhərinə qayıtmış, evdən çıxdıqdan sonra həmin günün səhərisi arvadı Pərvanə və digərləri həmin evdən çıxaraq sonuncuların öz yaşadıqları Yevlax şəhərinə qayıtmışlar. 22 iyul 2024-cü il tarixdə saat 05 radələrində arvadı Pərvanəni qorxuzmaqla ona bir daha xəyanət etməsinin qarşını almaq üçün yüngül formada cəzalandırmaq məqsədi ilə sonuncunun Yevlax şəhəri N.Nərimanov küçəsində yerləşən yaşadığı evə getmiş, həmin vaxt evin həyətinə daxil olub Pərvanəni səsləyərək çağırmışdır. Pərvanə evin həyətinə açılan pəncərənin qarşısına gəlsə də, qapını və pəncərəni açmamış, bu zaman sonuncuya əsəbiləşərək sağ əlini yumruq formasında tutaraq pəncərənin şüşəsinə zərbə endirdiyinə görə şüşə sındığından şüşə qırıntıları sağ biləyini kəsmişdir. Həmin vaxt səs-küyə gələn Pərvanənin qardaşı evin qapısını açdıqda içəriyə daxil olub orada özü ilə gətirdiyi mətbəx bıçağı ilə Pərvanəni iki-üç dəfə vurmuş, Pərvanədən qan axdığını gördüyü üçün bıçağı elə oradaca yerə ataraq qaçıb oradan uzaqlaşmışdır. İlk əvvəl bıçaqlamağı düşünməsə də Pərvanəni evdən çağırdıqdan sonra sonuncu evin qapısını açmadığı üçün həmin anda əsəbiləşərək bıçaqla xəsarət yetirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmaqla törətrdiyi əməldən peçmançılıq çəkdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2014-cü ilin may ayında Təqsirləndirilən şəxsla nikahdan kənar ailə həyatı qurmaqla həmin vaxtdab ər-arvad kimi birlikdə yaşamış, birgə nikahlardan 2015-ci il təvvəlüdlü Sevgi Həsənova və 2022-cü il təvəllüdlü Dərya Həsənova adlı iki qızları dünyaya gəlmişdir. Ağdaş şəhərində Ayxanın valideynlərinin yanında yaşamış, bəzən isə Bakı şəhərinə gedərək orada işləyərək kirayədə yaşamışlar. 04 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova prospektində yerləşən evdə kirayə yaşamış, anası X2 və qardaşı Ömərin arvadı Şahid2 da onlarla birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs çox qısqanc olduğuna görə ona heç bir əsas olmadan qısqanaraq mübahisə yaratmış, onu başqa şəxslərlə danışmaqda və görüşməkdə günahlandırmışdır. Buna görə 18 iyul 2024-cü il tarixdə aralarında baş vermiş mübahisə səbəbindən Ayxan onları Bakı şəhərində qoyaraq Ağdaş şəhərinə qayıtmış, 19 iyul 2024-cü il tarixdə oradan çıxaraq Yevlax rayonuna atası evinə qayıtmışlar. 22 iyul 2024-cü il tarixdə Yevlax şəhəri Nəriman Nərimanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yatan vaxt saat 06 radələrində evin pəncərəsinin qapısının döyüldüyünü, Ayxanın nalayiq sözlərlə onu çağırdığını eşitdiyi üçün yatağından duraraq pəncərəsi evin həyətinə açılan zala keçmiş, pənəcərdən baxanda Ayxanın orada olduğunu görmüşdür. Həmin vaxt Ayxanın səsküyünə qardaşı Ömər və sonuncunun arvadı Zülfiyyə də yuxudan oyanmış, Ayxanla pəncərədən danışan zaman qardaşı Ömər arvadı Zülfiyyəni evin yataq otağının pəncərəsindən yola çıxardaraq kömək üçün dayısı Niyaməddinin evinə göndərmişdir. Evin qapısını və pəncərəsini açmadığı üçün Ayxan sağ əli ilə yumruqla vuraraq otağın pəncərəsini sındırmış, bu zaman pəncərənin şüşəsi Ayxanın sağ qolunu kəsmişdir. Təqsirləndirilən şəxs pəncərəni sındırdıqdan sonra Ayxanı sözlə başa salaraq sakitləşdirmək üçün qardaşı Ömər evin qapısını açmış, bu zaman Ayxan əlindəki bıçaqla evə girmişdir. Evin giriş qapısının yanında bıçaqla bir dəfə sağ qoltuqaltı nahiyəsinə və iki dəfə də üz nahiyəsinə vurmuş, üzünə vurarkən bıçaq onun sağ göz nahiyəsinə dəyərək xəsarət yetirmişdir. Gözündən aldığı xəsarətlə bağlı gözünü cərrahiyyə əməliyyatı edib çıxarmış, Ayxan onu bıçaqla vuran zaman orada qardaşı Ömər və qızı Sevgi olmuşlar. X8rşısına duraraq ona mane olmağa çalışsa da, gücü çatmadığı üçün mane ola bilməmiş, Ayxan bıçaqla üç dəfə onu vurduqdan sonra bıçağı oraya tullayaraq qaçıb getmişdir. Bundan sonra yaşadığı evin yaxınlığında yaşayan Ruslan adlı şəxs öz avtomobili ilə onu Yevlax şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma bacısı olmaqla anası Gülçöhrə və arvadı Zülfiyyə ilə birlikdə 19 iyul 2024-cü il tarixdə Pərvanənin əri Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhərində yaşadıqları evdən çıxaraq Yevlax şəhərinə qayıtmış, 22 iyul 2024-cü il tarixdə saat 06 radələrində evin həyətində səs-küy olduğundan yuxudan oyanaraq pəncərə və qapısı evin həyətinə açılan zala keçdikdə Təqsirləndirilən şəxs evin həyətində olduğunu və bacısı Pərvanənin oyaq halda içəridən Ayxana baxdığını, Ayxanın bacısının ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. Həmin vaxt onunla birlikdə oyanan arvadı Zülfiyyəni yataq otağının küçəyə açılan pəncərəsindən küçəyə çıxardaraq digər küçədə yaxınlıqda yaşayan dayısı Niyaməddini çağırması üçün göndərdikdən sonra Pərvanənin yanına getmiş, bacısı Pərvanə pəncərədən Ayxana getməsini bildirmişdir. Buna baxmayaraq Ayxan getməmiş, nalayiq ifadələr işlədərək sağ əli ilə yumruqla evin pəncərəsini vuraraq sındırmışdır. Həmin vaxt Ayxanın sağ qolunu evin pəncərəsinin şüşəsi kəsmiş, Ayxanın sakitləşmədiyini görüb sonuncunu başa salaraq sakitləşdirmək üçün üçün qapını açan zaman Ayxan içəri daxil olub əlində olan göy, ağ və qırmızı rəngli tutacağı olan mətbəx bıçağı ilə evin giriş qapısının yanında bıçaqla bir neçə dəfə bacısı Pərvanəni vurmuşdur. Bu zaman Ayxana mane olmağa və bıçağı sonuncunun əlindən almağa çalışsa da bunu edə bilməmiş, Ayxan bıçaqla Pərvanəni vurduqdan sonra bıçağı orada tullayaraq qaçıb getmişdir. Ayxan bacısını bıçaqla vuran zaman Pərvanənin azyaşlı qızı Sevgi də orada olmuş, Ayxan getdikdən sonra həmin yerə arvadı Zülfiyyə çağırdığı üçün dayısı Niyaməddin də gəlmişdir. Bundan sonra səsə oraya gələn qoşuları Ruslanın avtomaşını ilə Pərvanəni Xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qayınanası Gülçöhrə ilə birlikdə Bakı şəhərində baldızı Pərvanə ilə sonuncunun əri Ayxanın kirayəyə tutduğu evdə yaşamış, Ayxan əsassız olaraq tez-tez Pərvanə ilə mübahisə yaratmışdır. 18 iyul 2024-ci il tarixdə Ayxan onları orada qoyaraq yaşadığı evdən çıxıb Ağdaş şəhərində yerləşən valideynlərinin evinə gəldiyi üçün 19 iyul 2024-cü il tarixdə birlikdə həmin evdən çıxaraq Yevlax şəhəri Nəriman Nərimanov küçəsində yerləşən evlərinə qayıtmışlar. 22 iyul 2024-cü il tarixdə saat 06 radələrində Ayxan yaşadıqları evin həyətinə daxil olaraq evin həyətində səs-küy yaratdığı və nalayiq ifadələr işlətdiyi üçün yuxudan oyanmış, həmin vaxt Ayxandan qorxduqları üçün evin qapısını açmamışlar. Bu səbəbdən əri Ömər köməklik edərək onu gedib yaxınlıqda yaşayan Ömərin dayısını köməyə çağırması üçün yataq otağının küçəyə açılan pəncərəsindən çölə çıxarmış, küçəyə çıxıb getdikdə əri Ömər isə orada qalmışdır. Ömərin dayısı Niyaməddini yuxudan oyadaraq ona Ayxanın evə gəldiyini deyən zaman Niyaməddin qaçaraq onlara gəlmiş, evə qayıtdıqda Ayxanın Pərvanəni bıçaqlaması səbəbindən onu xəstəxanaya apardıqlarını öyrənmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs ayrılaraq Bakı şəhərindən yaşadığı evə qayıtmış, 22 iyul 2024-cü il tarixdə səhər saatlarında oğlu Təqsirləndirilən şəxs evə gəldikdə Zərərçəkmiş şəxs ilə söhbət etmək üçün Yevlax şəhərinə getdiyini, lakin, Pərvanənin oğlunu əsəbiləşdirdiyi üçün Pərvanəni qorxutmaq üçün bıçağın uc hissəsi ilə yüngülcə vuraraq sonuncuya xəsarət yetirdiyini demişdir. Təqsirləndirilən şəxs paltarlarını dəyişmiş, Zərərçəkmiş şəxs yaşadığı evin pəncərəsinin şüşəsini yumruqla vurub sındırdığı üçün sağ qolu kəsildiyindən qolun sarımışlar. Ayxan saat 17-18 radələrində evdən çıxaraq təslim olması üçün Yevlax rayon polis şöbəsinə getmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 iyul 2024-cü il tarixdə saat 06 radələrində bacısı Gülçöhrənin oğlu Ömərin arvadı Zülfiyyə onu səsləyərək yuxudan oyatdıqdan sonra ona Pərvanəni əri Ayxanın evlərinin həyətində olduğunu, evə daxil olmaq istədiyini və evin həyətində səs-küy saldığını dedikdə tez evdən çıxaraq Pərvanənin yaşadığı evə tərəf qaçmışdır. Evə çatdıqda Pərvanənin qonşusu Ruslanın idarə etdiyi “Ford tranzit” markalı avtomobilinə qoyularaq aparıldığını görmüş, orada ona Təqsirləndirilən şəxs bacısı qızı Pərvanəni bıçaqlayaraq xəsarət yetirməsini öyrənmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 iyul 2024-cü il tarixdə saat 06 radələrində yaşadığı evdə olarkən Pərvanənin qardaşı Ömərin səsinə evdən küçəyə çıxmış, həmin vaxt Ömər küçə ilə qaçaraq «onu tutun!» deyə qışqırmışdır. Küçəyə çıxdıqda Pərvanəgilin evindən səs-küy gəldiyini eşitdiyi üçün həmin tərəfə getmiş, ora getdikdə Pərvanin bıçaqlanmış olduğundan qan içərisində olduğunu görmüşdür. Orada Pərvanəni əri Ayxanın bıçaqlaması ona məlum olmuş, təcili Pərvanəni özünə məxsus olan “Ford Transit” markalı avtomobilə mindirərək tibbi yardım alması üçün Yevlax şəhəri Mərkəzi Xəstəxanasına çatdırmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 469 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - üst dodağın, sağ göz üst qapağının, sağ körpücük altı nahiyənin deşilmiş-kəsilmiş yaraları, sağ göz almasının zədələnməsi deşici-kəsici alətin, ola bilsin ekspertizaya təqdim edilmiş və ya ona bənzər digər bıçaqların tiyəsinin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər deşilmiş-kəsilmiş yaralar səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Sağ göz almasına yetirilmiş xəsarətin ağırlıq dərəcəsi müalicə tam bitdikdən sonra əlavə məhkəmə-tibbi ekspertiza aparılaraq təyin ediləcəkdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 05/469 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs “OD-GÖZ almasını dəlib keçən yaralanması (sağ gözün görməsi 0-sıfır), OD-Sağ gözdə daxili mühitlərin tökülməsi” diaqnozu ilə stasionar müalicə almışdır. Qeyd olunan xəsarət deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğundur. Qeyd olunan xəsarət ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (35%) dayanıqlı (daimi) itirilməsinə səbəb olduğu üçün dərəcəsi sağlamlığa AĞİR zərər vuran xəsarətlərə aid edilir. Zərərçəkmiş şəxs olan xəsarətlərdən üst dodağın və sağ üst göz qapağının çapıqları izi silinməzdir. Belə ki, qeyd olunan çatışmamazlıqları aradan qaldırmaq üçün plastik cərrahi əməliyyata zərurət vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 549-2024/MTKŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qurupu: B alfa/İİİ/ şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus don, bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni alındı. Həmçinin alfa aqllyutinini də alındı. Beləliklə, bu qan ləkələri B alfa/İİİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbikriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 411-2024/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus don üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin eksperimental zədələrlə müqayisəli təhlilinə əsasən demək olar ki, bu zədənin təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus donun ön səthinin sağ yuxarı nahiyəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ körpücükaltı üzərində olan xəsarət ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşür. Üst dodaqda və sağ göz qapağında olan 02 (iki) ədəd xəsarətlər onun paltarı üzərində öz əksini tapmamışdır. Bu da həmin nahiyənin paltarla örtülməməsi ilə izah oluna bilər. Köynəyin ön səthində, yuxarıdan saymaqla 2-ci və 3-cü düymələrin öz yerində olmaması aşkar olundu. Bu düymələrin öz yerində olmaması köynəyin yaxasına küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah edilə bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus don üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin eksperimental zədələrlə müqayisəli təhlilinə əsasən demək olar ki, bu zədənin təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşicikəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM 68.1.1-1 və 67.1-ci maddələri tətbiq edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.5-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətə azadlıqdan mərum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 05 ay 25 gün əvvəl cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. CM-in 18.4.3cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 22 iyul 2024-cü il tarixli ƏQ-366/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Yevlax şəhəri N.Nərimanov prospektində yerləşən fərdi yaşayış evinin pəncərəsinin şüşəsinin sındırması ilə Zərərçəkmiş şəxs 20 (iyirmi) manat məbləğində maddi ziyan vurulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1800-da Yevlax rayon Polis Şöbəsinə könüllü gələrək təqsirini boynuna almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş 19 sentyabr 2024-cü il tarixli 18-1-22/2-1313/2024 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Kannabinoidlərin və heroinin birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdaddır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli 182 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri 20 yanvar küçəsi 74 nömrəli evdə yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2015-ci ildə doğulmuş Sevgi Həsənova və xx.xx.2016-cı ildə doğulmuş Damla Həsənova adlı iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1900-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.3, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs faktiki olaraq ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs qısqanclıq zəminində, yəni sonuncunun ona xəyanət etməsini bəhanə etdiyini bildirərək xəsarət yetirdiyini bildirsə də bu barədə heç bir dəlil təqdim edə bilməmişdir. Daha sonra adı çəkilən Plenum Qərarının 8-c bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən ağır dərəcəli bədən xəsarəti yetirərkən sonuncunun yaxınları olan qardaşı və azyaşlı uşağının orada olmasını bilib görməklə həmin hərəkətləri ilə qeyd olunan şəxslərə xüsusi iztirablar verdiyini dərk etmişdir. Bundan başqa Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-ü bəndində isə qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs əlindəki mətbəx bıçağı ilə xəsarət yetirməmişdən qabaq evdə olan digər şəxslərin istirahətini pozaraq onların yuxudan oyanmasına səbəb olan hərəkətlərə, eyni zamanda evin pəncərəsinin şüşəsini sındırmaqla qərəzli xuliqanlıq hərəkətlərinə yol vermişdir. Ona görə də məhkəmə kollegiyası istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CMin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif olnması qənaətinə gəlir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, könüllü gəlib təqsirini boynuna almasını və himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.2.3, 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının və könüllü gəlib təqsirini boynuna almasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Odur ki, təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 iyul 2024-cü il tarixdən hesablanmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məclləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 22 iyul 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd üzərində zədə olan Zərərçəkmiş şəxs məxsus don, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağı və 1 (bir) ədəd Təqsirləndirilən şəxs məxsus kişi köynəyi məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar