Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-279/2023 04.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1972-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağdaş rayonunun Pirəzə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində və fərdi yaşayış evində saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 1326,61 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evində saxlamış, 15 iyul 2023-cü il tarixdə saat 12:02-dən saat 12:36-dək yaşadığı Ağdaş rayonunun Pirəzə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin birinci mərtəbəsində anbar kimi istifadə olunan otaqdakı masanın üzərindən 01 ədəd şəffaf sellofan bağlamada, təmiz çəkisi 58,22 qram, 01 ədəd sarı rəngli sellofan bağlamada təmiz çəkisi 38,92 qram, 01 ədəd şəfaf plastik qabın içərisində təmiz çəkisi 18,67 qram, 01 ədəd göy rəngli sellofan bağlamada təmiz çəkisi 1210,0 qram olmaqla, ümumilikdə təmiz çəkisi 1325,81 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 14:14-dən saat 14:35-dək üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,64 qram və 0,16 qram olmaqla, ümumi təmiz çəkisi 0,80 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona məxsus olan fərdi yaşayış evinə baxış keçirilən zaman orada bir ədəd plastik qabda, habelə iki ədəd xırda və bir ədəd isə böyük olmaqla üç ədəd sellofan bağlamada təxminən 200-300 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, lakin ona irəli sürülmüş ittiham aktında qeyd olunmuş çəkidə narkotik vasitə olmamışdır. İki ədəd xırda sellofan bağlamada və bir ədəd plastik qabda olan narkotik vasitələr elektron tərəzi vasitəsilə onun yanında çəkilmiş, lakin bir ədəd böyük sellofan bağlamada olan narkotik vasitə əl tərəzisi vasitəsilə çəkilən zaman o, siqaret çəkdiyinə görə polis əməkdaşları videoçəkilişdə görünməməsi üçün ona kənarda dayanmasını bildirmişlər. Əvvəlcə xırda sellofan bağlama çəkilən zaman əl tərəzisi işləməmiş, daha sonra isə həmin işləməyən əl tərəzisi vasitəsilə təkrarən böyük sellofan bağlama çəkilmiş, lakin o, bununla bağlı etiraz etməmişdir. Polis əməkdaşları ona məxsus olan fərdi yaşayış evinə gələnədək narkotik vasitədən istifadə etdiyi üçün şok vəziyyətində olduğundan plastik qabda və sellofan bağlamalarda olan narkotik vasitələr çəkilən zaman ona göstərilsə də tərəzilərə diqqət yetirməmiş, çəki səsləndirilən zaman eşitməmiş və bu səbəbdən də narkotik vasitənin çəkisinin çox olması barədə heç nə bildirməmişdir. Həmin vaxt ona qarşı zor tətbiq olunmamış, polis əməkdaşları həmin plastik qabda və sellofan bağlamalarda olan narkotik vasitələrin üzərinə əlavələr etməmişlər və böyük sellofan bağlama bir dəfə çəkilmişdir. Elektron tərəzi vasitəsilə çəkilən zaman böyük sellofan bağlamada 1290 qram narkotik vasitənin olduğu müəyyən olunsa da o, həmin narkotik vasitənin çəkisinin 129 qram olduğu hesab etmiş, plastik qabda və sellofan bağlamalarda olan narkotik vasitələr çəkilən zaman ona imza etdirilmiş, dörd yerə imza etmiş, daha sonra isə plastik qabda və sellofan bağlamalarda olan narkotik vasitələr qablaşdırılmışdır. Müvafiq protokolu oxumadan imzalamış və sonradan müstəntiq tərəfindən dindirilən zaman böyük sellofan bağlamada olan narkotik vasitənin çəkisinin 1290 qram olması ona məlum olmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitədən istifadə edir. 2022-ci ilin qış aylarında Ağdaş rayonunun Pirəzə kəndinin ərazisində çöllük sahədə narkotik vasitə qurudulmuş marixuananın toxumunu tapmış, özü ilə götürərək həmin toxumu 2022-ci ilin mart ayında fərdi yaşayış evinin həyətyanı sahəsində əkmiş və qulluq göstərmişdir. Daha sonra həmin bitki böyümüş və narkotik vasitə çətənə bitkisinin yarpaqlarını qurudub istifadə etmişdir. 15 iyul 2023-cü il tarixdə saat 12 radələrində Ağdaş rayonunun Pirəzə kəndində yerləşən fərdi yaşayış evinin qarşısında olan zaman Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşmış və yaşadığı fərdi yaşayış evində, ərzaq mağazasında tərkibində narkotik maddələr olan bitkiləri saxlamaqda və həmin bitkiləri əkib-becərməkdə şübhəli olduğunu bildirərək bu haqda soruşmuşlar, o isə fərdi yaşayış evində narkotik tərkibli maddə olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə həmin fərdi yaşayış evinə baxış keçirilən zaman evin birinci mərtəbəsindəki anbar kimi istifadə olunan otaqda 01 ədəd göy rəngli sellofan bağlamanı və plastik qabı təqdim edərək həmin maddələrin narkotik vasitə qurudulmuş marixuna olduğunu və özü əkdiyini bildirmişdir. Plastik qabın içərisində, habelə həmin qabın içərisində olan 01 ədəd sarı rəngli sellofan bağlamada və 01 ədəd şəffaf sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra tərəzi vasitəsilə çəkilən zaman 1-ci sellofan bağlamanın çəkisinin 42,8 qram, 2-ci sellofan bağlamanın çəkisinin 31,2 qram, 3-cü sellofan bağlamanın çəkisinin isə 1,290 qram olması, ardınca isə plastik qabın içərisində olan narkotik vasitə qurudulmuş marixuana sellofan bağlamaya yığılıb çəkilən zaman çəkisinin 16 qram olması müəyyən olunmuşdur. Bundan sonra o, çətənə kollarını əkdiyi yeri təqdim etmiş, aşkar olunmuş narkotik vasitələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra isə polis əməkdaşları ilə birlikdə Ağdaş Rayon Polis Şöbəsinə gəlmiş, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan göy rəngli şalvarın sağ arxa cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 02 ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuşdur. O, bükümdəkilərin narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf etmiş, daha sonra elektron tərəzi vasitəsilə çəkilən zaman 1-ci bükümün çəkisinin 0,5 qram, 2-ci bükümün çəkisinin isə 0,3 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş rayonunun Pirəzə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində, yaşadığı evdə və mağazasında saxlaması, tərkibində narkotik maddələr olan bitkiləri yaşadığı evin həyətində əkib-becərməsi və narkotik vasitədən istifadə etməsi barədə 15 iyul 2023-cü il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə məlumat daxil olmuş, məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş, müvafiq sənədləşmə işləri aparılmış və Ağdaş Rayon Məhkəməsinin 15 iyul 2023-cü il tarixli qərarı çıxarılmışdır. Həmin qərar əsasında qeyd olunan tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Ağdaş rayonunun Pirəzə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman sonuncu evin birinci mərtəbəsindəki anbar kimi istifadə olunan otaqda 01 ədəd göy rəngli sellofan bağlamanı və plastik qabı təqdim edərək həmin maddələrin narkotik vasitə qurudulmuş marixuna olduğunu və özü əkərək əldə etdiyini bildirmişdir. Plastik qabın içərisində, habelə həmin qabın içərisində olan 01 ədəd sarı rəngli sellofan bağlamada və 01 ədəd şəffaf sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra tərəzi vasitəsilə çəkilən zaman 1-ci sellofan bağlamanın çəkisinin 42,8 qram, 2-ci sellofan bağlamanın çəkisinin 31,2 qram, 3-cü sellofan bağlamanın çəkisinin isə 1,290 qram olması, ardınca isə plastik qabın içərisində olan narkotik vasitə qurudulmuş marixuana sellofan bağlamaya yığılıb çəkilən zaman çəkisinin 16 qram olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs çətənə kollarını əkdiyi yeri təqdim etmiş, aşkar olunmuş narkotik vasitələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə Ağdaş Rayon Polis Şöbəsinə gəlmiş, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan göy rəngli şalvarın sağ arxa cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 02 ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümdəkilərin narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf etmiş, daha sonra elektron tərəzi vasitəsilə çəkilən zaman 1-ci bükümün çəkisinin 0,5 qram, 2-ci bükümün çəkisinin isə 0,3 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq 15 iyul 2023-cü il tarixli raportdan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş rayonunun Pirəzə kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində, yaşadığı evdə və mağazasında saxlaması, daşıması, tərkibində narkotik maddələr olan bitkiləri yaşadığı evin həyətində əkib-becərməsi və narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, Ağdaş rayonu, Pirəzə kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi barədə Ağdaş Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri yaşadığı ünvanda, işlətdiyi mağazada saxlaması və ya yaşadığı ünvanda əkib-becərməsi ilə əlaqədar onun yaşadığı evə, işlətdiyi mağazaya, hasarlanmış tikinti obyektlərinə və torpaq sahələrinə daxil olmaqla baxış keçirilməsinə icazə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilmiş və bu zaman sonuncu evin birinci mərtəbəsindəki anbar kimi istifadə olunan otaqda 01 ədəd göy rəngli sellofan bağlamanı və plastik qabı təqdim edərək həmin maddələrin narkotik vasitə qurudulmuş marixuna olduğunu və özü əkərək əldə etdiyini bildirmişdir. Plastik qabın içərisində, habelə həmin qabın içərisində olan 01 ədəd sarı rəngli sellofan bağlamada və 01 ədəd şəffaf sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra tərəzi vasitəsilə çəkilən zaman 1-ci sellofan bağlamanın çəkisinin 42,8 qram, 2-ci sellofan bağlamanın çəkisinin 31,2 qram, 3-cü sellofan bağlamanın çəkisinin isə 1,290 qram olması, ardınca isə plastik qabın içərisində olan narkotik vasitə qurudulmuş marixuana sellofan bağlamaya yığılıb çəkilən zaman çəkisinin 16 qram olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs çətənə kollarını əkdiyi yeri təqdim etmiş, aşkar olunmuş narkotik vasitələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Baxış keçirilməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan göy rəngli şalvarın sağ arxa cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 02 ədəd gümüşü rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 15 iyul 2023-cü il tarixli 17/541 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş narkotik” sözləri, adlar və imzalar yazılmış kağız bağlamanın içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 58,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş narkotik” sözləri, adlar və imzalar yazılmış digər kağız bağlamanın içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 38,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “X3 yaşadığı evdən götürülmüş narkotik” sözləri, adlar və imzalar yazılmış digər kağız bağlamanın içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan bükümdə, təmiz çəkisi 18,67 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş narkotik tərkibli maddəyə bənzər bitki kütlələri” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd göy rəngli sellofan bağlamanın içərisindəki, təmiz çəkisi 1210,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd narkotik tərkibli” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,64 qram və 0,16 qram olmaqla, ümumi təmiz çəkisi 0,80 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, 03 (üç) ədəd sellofan bükümlərdə, 01 (bir) ədəd sellofan bağlamada və 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 14 avqust 2023-cü il tarixli 1566 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 03 iyul 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında Ağdaş rayonunun Pirəzə kəndində yerləşən çöllük sahədən narkotik vasitə çətənə bitkisinin toxumunu tapması, həmin toxumu Ağdaş rayonunun Pirəzə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkməsi və əldə etdiyi çətənə bitkisinin yarpaqlarını qurudaraq fərdi yaşayış evinin birinci mərtəbəsindəki anbar kimi istifadə olunan otaqda şəxsi istifadə məqsədilə saxlaması müəyyən olunmuş, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1, 234.4.3 və 237.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən ayrıca icraata material ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 26 iyul 2023-cü il tarixli PHŞ-6-22/2-1126/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 15 iyul 2023-cü il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş rayonunun Pirəzə kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində, yaşadığı evdə və mağazasında saxlaması, daşıması, tərkibində narkotik maddələr olan bitkiləri yaşadığı evin həyətində əkib-becərməsi və narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, daha sonra Təqsirləndirilən şəxs ərizəsinə əsasən onun və Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakları ilə yaşadığı qeyd olunan fərdi yaşayış evinə baxış keçirilmiş və bu zaman narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Götürülmüş narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan sonra 15 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə gətirilmiş, müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 15 iyul 2023-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı yerə baxış keçirilərək, habelə sonradan müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılaraq narkotik vasitələrin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində və fərdi yaşayış evində saxlayıb daşımışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək polis əməkdaşları tərəfindən ona məxsus olan fərdi yaşayış evinə baxış keçirilən zaman orada bir ədəd plastik qabda, habelə iki ədəd xırda və bir ədəd isə böyük olmaqla üç ədəd sellofan bağlamalarda təxminən 200-300 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar olunduğunu, ona irəli sürülmüş ittiham aktında qeyd olunmuş çəkidə narkotik vasitənin olmadığını, iki ədəd xırda sellofan bağlamalarda və bir ədəd plastik qabda olan narkotik vasitələrin elektron tərəzi vasitəsilə onun yanında çəkildiyini, bir ədəd böyük sellofan bağlamada olan narkotik vasitə əl tərəzisi vasitəsilə çəkilən zaman siqaret çəkdiyinə görə polis əməkdaşlarının videoçəkilişdə görünməməsi üçün ona kənarda dayanmasını bildirdiklərini, əvvəlcə sellofan bağlama çəkilən zaman əl tərəzisinin işləmədiyini, daha sonra isə həmin işləməyən əl tərəzisi vasitəsilə təkrarən sellofan bağlamanın çəkildiyini, lakin bununla bağlı etiraz etmədiyini, polis əməkdaşları ona məxsus olan fərdi yaşayış evinə gələnədək narkotik vasitədən istifadə etdiyi üçün şok vəziyyətində olduğundan plastik qabda və sellofan bağlamalarda olan narkotik vasitələr çəkilən zaman ona göstərilməsinə baxmayaraq, tərəzilərə diqqət yetirmədiyini, çəki səsləndirilən zaman eşitmədiyini, bu səbəbdən də narkotik vasitənin çəkisinin çox olması barədə heç nə bildirmədiyini, həmin vaxt ona qarşı zor tətbiq olunmadığını, polis əməkdaşlarının həmin plastik qabda və sellofan bağlamalarda olan narkotik vasitələrin üzərinə əlavələr etmədiklərini, böyük sellofan bağlamanın bir dəfə çəkildiyini, elektron tərəzi vasitəsilə çəkilən zaman böyük sellofan bağlamada 1290 qram narkotik vasitənin olduğunun müəyyən olunmasına baxmayaraq, həmin narkotik vasitənin çəkisinin 129 qram olduğu hesab etdiyini, plastik qabda və sellofan bağlamalarda olan narkotik vasitələr çəkilən zaman ona imza etdirildiyini, dörd yerə imza etdiyini, daha sonra isə plastik qabda və sellofan bağlamalarda olan narkotik vasitələrin qablaşdırıldığını, müvafiq protokolu oxumadan imzaladığını və sonradan müstəntiq tərəfindən dindirilən zaman böyük sellofan bağlamada olan narkotik vasitənin çəkisinin 1290 qram olmasının ona məlum olduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (baxış keçirilməsi və şəxsi axtarış aparılması haqqında protokollar, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ifadələrində həm üzərində şəxsi axtarış aparılan zaman aşkar olunan iki ədəd kağız bükümdə olan narkotik vasitələrin çəkilərini, həm də özünə məxsus olan fərdi yaşayış evinə baxış keçirilən zaman bir ədəd plastik qabın içərisində, habelə həmin qabın içərisində olan iki ədəd sellofan bağlamada aşkar olunmuş narkotik vasitələrin çəkilərini mübahisələndirmədiyindən məhkəmə həmin hissələrə münasibət bildirməyi zəruri hesab etmir və sonuncu fərdi yaşayış evinə baxış keçirilən zaman aşkar olunmuş bir ədəd böyük sellofan bağlamada olan narkotik vasitənin çəkisini mübahisələndirdiyindən məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman qeydə alınmış videogörüntünün əks olunduğu disk görüntülü şəkildə nümayiş etdirilərkən də müəyyən olunmuşdur ki, ilk əvvəl xırda sellofan bağlamanın biri əl tərəzisi vasitəsilə çəkilən zaman tərəzidə qram əks olunmamışdır və bu hal əl tərəzisinin işlək vəziyyətdə olmaması görüntüsünü yaratsa da ardınca həmin əl tərəzisi vasitəsilə bir ədəd böyük sellofan bağlama çəkilən zaman tərəzinin ekranında qramın 1290 olması görünmüşdür. Məhz çəkiləri az olan sellofan bağlamalar əl tərəzisi vasitəsilə çəkilə bilinmədiyi üçün həmin sellofan bağlamalar elektron tərəzi vasitəsilə çəkilmiş və çəkiləri elektron tərəzinin ekranında müşahidə olunmuşdur. Habelə həm elektron tərəzi, həm də əl tərəzisi vasitəsilə sellofan bağlamalar çəkilən zaman Təqsirləndirilən şəxs orada olmuşdur və bütün sellofan bağlamaların çəkilmə prosesi və bu zaman müəyyən olunmuş qramlar həm videoçəkiliş vasitəsilə qeydə alınmış, həm də səsləndirilmişdir. Eləcə də göstərilən vaxt sellofan bağlamalar çəkilən zaman Təqsirləndirilən şəxs imza etdirilmiş və daha sonra sellofan bağlamalar müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs özünün də etiraf etməsinə əsasən polis əməkdaşları həmin sellofan bağlamalarda olan narkotik vasitələrin üzərinə əlavələr etməmişlər və sonradan həmin sellofan bağlamalar ekspertizaya təqdim olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 15 iyul 2023-cü il tarixli 17/541 nömrəli rəyindən də təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş narkotik tərkibli maddəyə bənzər bitki kütlələri” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd göy rəngli sellofan bağlamanın içərisindəki, təmiz çəkisi 1210,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması, həmin marixuananın, habelə təqdim olunmuş digər bükümlərdə olan qurudulmuş marixuanaların tərkiblərinə görə eyni olması qeyd olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məxsus olan fərdi yaşayış evinə baxış keçirilən zaman bir ədəd böyük sellofan bağlamada aşkar olunmuş narkotik vasitə əl tərəzisi vasitəsilə bir ədəd sellofan bağlama ilə birlikdə çəkildiyindən çəkisi 1290 qram olmuş, daha sonra müvafiq qaydada qablaşdırılıb ekspertizaya göndərilmiş və ekspertiza tədqiqatı zamanı həmin bir ədəd sellofan bağlama çıxarılmaqla narkotik vasitənin təmiz çəkisinin 1210 qram olması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən və üzərində şəxsi axtarış aparılarkən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün qurudulmuş marixuananın qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən və fərdi yaşayış evinə baxış keçirilərkən aşkar olunan narkotik vasitə qurudulmuş marixuana satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəzə kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və qeyd olunan tarixdə o, həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi barədə 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı hökmün çıxarıldığı 04 dekabr 2023-cü il tarixdən hesablanmalı və onun 15 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin olunan cəzadan çıxılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materialarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1326,31 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsini əks etdirən bir ədəd və üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı 04 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 yerləşdirilməsi üçün X1 Mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1326,31 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsini əks etdirən bir ədəd və üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-279/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-279/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver