Məhkəmə qərarları › İş №1(091)-29/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-29/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-29/2024 19.02.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Göyçay rayonu Aşağı Qaraməryəm kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay rayonu Aşağı Qaraməryəm kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Göyçay rayonu, İnçə kəndi ərazisində yerləşən “Şirvan” adlanan şadlıq sarayının həyətindəki adsız kafedə spirtli içki qəbul edərkən həmin kafedə digər masa arxasında əyləşmiş həmkəndlisi və tanışı Zərərçəkmiş şəxs əvvəllər onun telefon zənglərinə və mesajlarına cavab verməməsini bəhanə edərək spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə həmin vaxt qeyd edilən kafedən götürüb meyvə doğradığı soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vurub Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən qarnın ön divarının bir ədəd qarın boşluğuna nüfuz edən və mədənin böyük əyriliyinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən açıq yarası xəsarəti yetirib qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Şirvan” şadlıq sarayında iştirak etdiyi qohumu Taleh Cəbiyevin toy məclisində spirtli içki verilmədiyinə görə saat 19 radələrində həmin toyda iştirak edən tanışı Zərərçəkmiş şəxs masadan qalxıb məclisdən getmiş, sonra o da tək qalxıb spirtli içki içmək üçün şadlıq evinin həyətində olan kiçik kafeyə getmişdir. Ümumi zalda bar masasının yanında odun sobasının yanında Zərərçəkmiş şəxs həmkəndlisi Zahid ilə oturub spirtli içki qəbul etmiş, o da bar masası arxasında əyləşərək Cavidangillə salamlaşıb söhbət edərkən masanın üzərində olan araqdan götürüb içmişdir. Söhbət zamanı Cavidandan nəyə görə “whatsapp”da mesajlarına cavab vermədiyini soruşmuş, Cavidan isə “cavab veriləsi adam deyilsən” sözləri deyərək ona cavab qaytarmışdır. Cavidanın həmkəndlisi Zahidin yanında ona belə cavab qaytarması xoşuna gəlməmiş, lakin, Cavidana heç nə deməyərək mübahisə yaratmamışdır. Həmin vaxt Zahid oradan qalxıb kafeni tərk etmiş, özü isə masada olan almanı qara dəstəyi olan meyvə bıçağı ilə doğramışdır. Cavidanla yenə söhbətə davam edib “heç adamla salamlaşmırsan” bildirmiş, lakin Cavidan ona yenə “salam veriləsi adam deyilsən sən” deyərək kobud cavab qaytararaq eyni zamanda ünvanına nalayiq ifadə işlətdiyinə görə əsəbiləşərək əlində olan həmin meyvə bıçağını 1 dəfə Cavidanın qarın nahiyəsinə vuraraq sonuncuya xəsarət yetirmişdir. Həmin an Zərərçəkmiş şəxs əli ilə qarnından tutub dayanmış, Cavidanın qarnında qan ləkəsi görüb tez oradan uzaqlaşıb getmişdir. Daha sonra onu polis əməkdaşları saxlayıb Göyçay RPŞyə gətirmişlər. Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətdiyinə görə sonuncunu bıçaqla vurmuş, ona görə də özünü CM-in 126.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Göyçay rayonu, İnçə kəndində yerləşən “Şirvan” şadlıq sarayında iştirak etdiyi həmkəndlisinin toy mərasimində spirtli içki verilmədiyinə görə saat 19 radələrində həmkəndlisi Zahid ilə pivə içmək üçün şadlıq sarayının həyətində olan kafeyə getmiş, həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs da orada meyvə ilə araq içmişdir. Əyləşib Zahidlə bir qədər pivə içdikdən sonra Əhsən onlar olan masaya yaxınlaşaraq ona “mən sənə filan vaxtı mesaj yazmışam, sən niyə mənə cavab yazmayıbsan?” deyə sual vermiş, o isə unutqanlıq etdiyini bildirərək üzrxahlıq etmişdir. Həmin vaxt Əhsən “açıqlamasını verməlisən, səbəb nədir ki, mənə yazmamısan” deyərək dirənməyə başlamış, o da “yeri gələndə yadımdan çıxanda mən heç öz atama da cavab verməmişəm, sən kimsən ki?” deyə cavab vermişdir. Bu vaxt Zahid oradan qalxıb kafeni tərk etmiş, həmin vaxt Əhsən əlindəki qara rəngli dəstəyi olan, kiçik ölçülü mətbəx bıçağı ilə qəfildən onun qarın nahiyəsinə bir dəfə zərbə vurduqdan sonra oradan uzaqlaşmışdır. Həmin vaxt kafedən çölə çıxmış və onun bıçaqla vurulduğunu eşidən toy iştirakçıları da oraya toplaşaraq onu xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə iştirak etdiyi Göyçay rayonu, İnçə kəndi ərazisində yerləşən “Şirvan” şadlıq sarayında həmkəndlisinin toy mərasimində bir neçə saat oturduqdan sonra spirtli içki olan pivə içmək üçün Cavidanla birlikdə şadlıq sarayından təxminən 20 metr məsafədə olan kafeyə getmiş, Cavidanla kafedə pivə içdikdən 15-20 dəqiqə sonra Əhsən də oraya gəlmişdir. Cavidanla bir masa arxasında əyləşib pivə içərkən Əhsən onların olduğu masaya yaxınlaşmış və Cavidana “mən sənə filan vaxtı mesaj yazmışam, sən niyə mənə cavab yazmayıbsan?” deyə sual vermiş, Cavidan isə unutqanlıq etdiyini bildirərək üzrxahlıq etmişdir. Həmin vaxt Əhsən “açıqlamasını verməlisən, səbəb nədir ki, mənə yazmamısan” deyərək dirənməyə başlamış, Cavidan da “yeri gələndə yadımdan çıxanda mən heç öz atama da cavab verməmişəm, sən kimsən ki?” deyə bildirmişdir. Həmin vaxt o, problem yaşamaması üçün kafeni tərk edib evinə getmiş, daha sonra isə Əhsənin həmin kafedə Cavidanı bıçaqla vurduğunu bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 12 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - qarnın ön divarının 1(bir) ədəd qarın boşluğuna nüfuz edən və mədənin böyük əyriliyinin deşilmiş – kəsilmiş yarası ilə nəticələnən açıq yarası, iti kəsici kənara malik deşici-kəsici əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, öz boyu hündürlüyündən yıxılması həmçinin şüşə batması nəticəsində yaranması inkar edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 19 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B(İİİ) alfadır. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək və bir ədəd mayka üzərindəki ləkələrdə insan qanı aşkar olunmuş, həmin qanın qrup göstəricisi B(İİİ) alfa olduğundan onun özünə məxsus ola bilər. Bir ədəd bıçaqdan götürülmüş yuyuntunun müayinəsi zamanı qan aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmətrasoloji və soyuq silah ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/651/652 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunan köynəyin üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli, 12 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarların səthində olan zədələr müqayisə edilərək müəyyən edilmişdir ki, bədəndə yerləşən “qarının ön divarının 1 (bir) ədəd qarın boşluğuna nüfuz edən və mədənin böyük əyriliyinin deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə köynəyin və maykanın üzərində olan zədələr (hər birində bir ədəd olmaqla) yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Göyçay rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Mərkəzi Xəstəxanasında psixiatr və narkoloq həkimlərin qeydiyyatında yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin alınmış tələbnamədən görünür ki, Kazımov X4 rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 179.2.4-cü maddəsi ilə təqsirli bilinib 1.000 manat cərimə cəzasına məhkum olunmuş və cəriməni tam ödəmişdir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1730-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 10 yanvar 2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmədən yayındığına görə məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək barəsində axtarış elan edilmiş, Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubla Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində tutularaq xx.xx.2023-cü il tarixdə Göyçay rayon X3 Saxlama Yerinə təqdim edildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Aşağı Qaraməryəm kənd inzibati ərazi nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonu Aşağı Qaraməryəm kəndində yaşamaqla, yaşayış yeri üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2015-ci il tarixdə doğulmuş Asəf Kazımlı və xx.xx.2013-cü ildə doğulmuş İnci Kazımlı adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs onun SMS-lərinə cavab verməməsini bəhanə edərək əlində olan meyvə doğradığı bıçaqla vuraraq sonuncunun sağlamlığına xuliqanlıq niyyəti ilə ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 126.2.4-cü maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq mövcud olduğuna görə məhkəmə onun barəsində CM-in 60-cı maddəsinin tətbiqini qanuni hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı hüquqlarının faktiki olaraq məhdudlaşdırıldığı xx.xx.2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə 10 yanvar 2023-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 01 (bir ) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasında çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 63 AZN (altmış üç manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məclləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə 10 yanvar 2023-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 01 (bir) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 63 AZN (altmış üç manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd bıçaq, 1 (bir) ədəd uzunqol köynək və 1 (bir) ədəd mayka məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar