Məhkəmə qərarları › İş №1(091)-294/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-294/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-294/2023 12.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X8 zərərçəkmiş şəxsin hüquqi varisi: X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Ağsu şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdə saat 17 radələrində sürücülük vəsiqəsi olmadan, idarə etdiyi “Mercedes Benz C200” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun, Ağsu rayonu Muradlı kəndi ərazisindən keçən hissəsində, Ağsu şəhəri istiqamətində hərəkətdə olarkən “Yolhərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən, Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olduğu, həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, avtomobili yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda qeyd edilən tələblərə əməl etməyib, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirərək, avtomobilin idarəetməsini itirib qarşıda dönmə əməliyyatı yerinə yetirən sürücü X3 idarə etdiyi “Qaz 3110” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz C200” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Şahid1 sol diz oynağının ön hissəsində yumşaq toxumanın şişkinliyi fonunda yumşaq toxumanın əzilmiş-cırılmış yarası ilə nəticələnən sol diz oynağında (açma və bükmə) hərəkətlərinin bir qədər məhdudluğu kimi dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almasına, eləcə də “Qaz 3110” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Əkbər Mehdiyevin baş beyinin əzilməsi, toxumasına qişaları altına və mədəciklərə qansızma, başın alın, təpə, sağ gicgah və ənsə nahiyələrinin, hər iki göz yuvası ətrafı yumşaq toxumaların və sol çiyin nahiyəsinin dərialtı hematomaları, ağciyərlərin əzilməsi, sol-təpə alın, sol qaş nahiyələrinin və sol qulaq seyvanının əzilmiş cırılmış yaraları, sol bazu oynağı nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol saidin, sol diz oynağı nahiyəsinin, hər iki baldırın sıyrıqları kimi xəsarətlər alaraq ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 06 radələrində özünə məxsus olan “Mercedes Benz C200” markalı ** XF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu rayonu Ərəbmehdibəy kəndinə getmiş, saat 17 radələrində qayınanası Şahid1 ilə birlikdə Ağsu şəhərinə qayıdarkən Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Ağsu rayonu Muradlı kəndi ərazisindən keçən hissəsində Ağsu şəhəri istiqamətində hərəkətdə olarkən kəndin içərisindən yolun sağ hissəsindən Qaz 3110 markalı avtomobil ondan təxminən 100 metr irəlidə yola daxil olmuş və yolun kənarı olan sağ ehtiyyat hissəsi ilə Ağsu şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Həmin avtomobilin yola daxil olduğunu görüb sürətini bir qədər azaltmış, avtomobil yolun sağ ehtiyyat hissəsi ilə hərəkət edib anidən yola daxil olaraq geri dönmə əməliyyatı etmişdir. Bu vaxt o, əyləci basmaq istəsə də məsafə az olduğundan bunu edə bilməmiş və onun təxminən 80-90 km/saat sürətlə idarə etdiyi avtomobilin qabaq hissəsi həmin avtomobilin sol yan arxa hissəsinə dəymişdir. Zərbənin təsirindən Qaz 3110 markalı avtomobil yoldan çıxıb əks tərəfdə olan yerə düşmüş, onun idarə etdiyi avtomobil isə bir qədər qabağa gedib dayanmışdır. Avtomobilində olan qayınanası Şahid1 avtomobildən yerə düşmüş, hadisə yerinə gələn tanımadığı şəxslərin köməkliyi ilə digər avtomobildə olan şəxs avtomobildən çıxarılaraq hadisə yerinə çağırılan X16 avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Avtomobil idarə etmək üçün sürücülük hüququ olmamışdır. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, 17 iyun 2023-cü il tarixdə mərhum əri Əkbər Mehdiyev qonşusu Şahid2la birlikdə Ağsu şəhərinə getmiş, Şahid2 Ağsu şəhərində avtomobildən düşdükdən sonra Əkbər Ağsu rayon Muradlı kəndində yaşayan qudası Mahmud Əliyevin yaşadığı ünvana getmək istəmişdir. Bildiyinə görə Əkbər Mehdiyev qudası Mahmud Əliyevin yaşadığı ünvana çatmamış geri qayıtmış, həmin vaxt yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin gün saat 17 radələrində ona zəng vuraraq əri Əkbər Mehdiyevin yol-nəqliyyat hadisəsi zamanı xəsarət alaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına aparıldığını demişlər. Ağsu rayon Mərkəzi Xəstəxanasına getdikdən sonra ərini Bakı şəhəri 1 saylı X12 göndərilmiş, 2 həftə müalicə almasına baxmayaraq 01 iyul 2023-cü il tarixdə gecə saat 24 radələrində ölmüşdür. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 1630 radələrində kürəkəni Təqsirləndirilən şəxs onun olduğu Ərəbmehdibəy kəndinə gələrək özünə məxsus olan “Mercedes Benz C200” markalı avtomobil ilə onunla birlikdə Ağsu şəhərinə getmişlər. Avtomobildə arxa sağ tərəfdə əyləşmiş, saat 17 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Ağsu rayonu Muradlı kəndi ərazisindən keçən hissəsində Ağsu şəhəri istiqamətində hərəkət edərkən Qaz 3110 markalı avtomobil anidən yola daxil olmuş, bu vaxt Fuad avtomobili saxlaya bilməyərək avtomobilin qabaq hissəsi ilə həmin avtomobilin sol hissəsindən vurmuşdur. Zərbənin təsirindən Qaz 3110 markalı avtomobil yoldan çıxıb əks tərəfdə olan yerə düşmüş, Fuad isə avtomobili bir qədər irəlidə saxlamışdır. Daha sonra onlar avtomobildən yerə düşmüşlər. Sonra hadisə yerinə gələn tanımadığı şəxslərin köməkliyi ilə digər avtomobildə olan şəxs avtomobildən çıxarılaraq hadisə yerinə çağırılan X16 avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq təqdiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Göyçay rayonu İnçə kəndində iki gün qaldıqdan sonra 17 iyun 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhərinə getmək istəyərkən yolda həmkəndlisi X5 ilə rastlaşmış, sonuncunun idarə etdiyi Qaz-3110 markalı avtomobillə Ağsu şəhərinə getmişdir. Ağsu şəhərində avtomobildən düşdükdən sonra X17 rayon Muradlı kəndi istiqamətində getmiş, Əkbər Mehdiyev getdikdən sonra mobil telefonunun Əkbər Mehdiyevin avtomobilində qaldığı ona məlum olmuşdur. Bu zaman başqa bir telefon tapıb öz telefonunda olan mobil nömrəyə zəng etmiş, həmin vaxt ona cavab verən Əkbər Mehdiyevə telefonunun yadından çıxaraq avtomobildə qaldığını və telefonu gəlib götürmək istədiyini bildirmişdir. X17-Kürdəmir-Bəhrəmtəpə yolunda olduğunu və telefonu gəlib götürməsini dedikdən sonra başqa bir avtomobillə Kürdəmir rayonu istiqamətinə getmişdir. Həmin yolda Ağsu rayonu Muradlı kəndi ərazisində yolnəqliyyat hadisəsi baş verdiyini görüb avtomobildən aşağı düşərkən Əkbər Mehdiyevin idarə etdiyi Qaz-3110 markalı avtomobilin Mercedes markalı avtomobillə toqquşduğunu, Qaz-3110 markalı avtomobil yolun kənarına düşdüyünü görmüşdür. Həmin vaxt müxtəlif xəsarətlər alan Əkbər Mehdiyev X16 avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. O da tez anası Rəziyə Baxışovaya zəng edərək Əkbər Mehdiyevin qohumlarına yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verməsini bildirmiş, bundan sonra isə Ağsu rayon Mərkəzi Xəstəxanasına getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 64/MEŞ saylı rəyində göstərilmişdir ki, Ə.Ə.Mehdiyevin bədənində aşkar edilmiş xəsarətlər - baş beyinin əzilməsi, toxumasına qişaları altına və mədəciklərə qansızma, başın alın, təpə, sağ gicgah və ənsə nahiyələrinin, hər iki göz yuvası ətrafı yumşaq toxumaların və sol çiyin nahiyəsinin dərialtı hematomaları, ağciyərlərin əzilməsi, sol-təpə alın, sol qaş nahiyələrinin və sol qulaq seyvanının əzilmiş cırılmış yaraları, sol bazu oynağı nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol saidin, sol diz oynağı nahiyəsinin, hər iki baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol - nəqliyyat hadisəsi nəticəsində avtomaşının salonunda əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Ə.Ə.Mehdiyevin ölümünün bilavasitə səbəbi başın küt travması ilə əlaqədar baş beyinin və beyinciyin əzilməsi, baş beyinin toxumasına, qişaları altına və mədəciklərə qansızma olmuşdur. Ə.Ə.Mehdiyevin ölümü xx.xx.2023-cü il tarixdə saat 23:00-da X13 baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 94 nömrəli rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Şahid1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol diz oynağının ön hissəsində yumşaq toxumanın şişkinliyi fonunda yumşaq toxumanın əzilmiş-cırılmış yarası ilə nəticələnən sol diz oynağında (açma və bükmə) hərəkətlərinin bir qədər məhdudluğu küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 16 sentyabr 2023-cü il tarixli, 2650 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 24 iyun 2023-cü il tarixli 2176/K nömrəli rəyində göstərilmişdir ki, X2 götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 24 iyun 2023-cü il tarixli 2176A/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/2075 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən QAZ-3110 markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mercedes Benz markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “ Makimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Makimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Ağsu rayonu Muradlı kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Hadisə yerində “Mercedes-Benz C200” markalı ** XF *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz izləri aşkar edilməmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 3-13-16/2/2-3750/23 nömrəli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sistemində ünvan 1 ünvanda yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi olması barədə məlumat qeydə alınmamışdır. İş materiallarında olan “Ağsu rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş 02 sentyabr 2023-cü il tarixli PHŞ-6-25/2-651/23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. Təqsirləndirilən şəxs “Oliqofreniya ifadə olunmuş debillik dərəcəsində, davranış pozulması ilə” diaqnozu ilə Ağsu RMX PHŞ-in psixiatrik kabinetində dispanser qeydiyyatda dayanır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Ağsu şəhər 20 yanvar küçəsi 23 saylı evdə ailə üzvləri ilə birlikdə yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmiş və himayəsində 2023-cü ildə doğulmuş Polad Zərbalıyev adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsinə dair 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəzalar təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi olan arvadı ilə barışaraq sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, mərhum Əkbər Mehdiyevin də hərəkətlərində Yol hərəkəti haqqında qanunun tələblərinin pozuntusu olması və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Qeyd olunan cəzanı yüngülləşdirən halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq, bu cəzanın, yəni təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsinin onun şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. Əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə edərək məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 128 AZN (yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut və müki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Ağsu rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 128 AZN (yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Qaz-3110 markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı və Mercedes Benz C200” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar