Məhkəmə qərarları › İş №1(091)-3/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-3/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-3/2024 23.01.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi: X8 müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Ucar rayonu Yuxarı Şilyan kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Ucar rayonu Yuxarı Şilyan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263.1-3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş halda idarə etdiyi “Mercedes Benz C230” markalı, **- CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ucar rayonu Yuxarı Şilyan kəndinin içərisində asfalt örtüklü yolla Ucar şəhəri istiqamətində hərəkətdə olarkən «Yоl Hərəkəti Hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyərək yolun sağ çiynindən sol çiyninə doğru keçmək istəyən xx.xx.1984-cü il təvəllüdlü piyada X4 gördükdə idarə еtdiyi avtomobilin sürətini tаm dayаnmа həddinə qədər azаltmаyaraq hərəkətini dаvаm еtdirib, sonuncunu vurub ona açıq kəllə-beyin travması, kəllə əsasının xətti sınığı, baş beyinə qansızma, sağ baldır, burun sümüklərinin qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib еhtiyаtsızlıqdаn zərərçəkmiş şəхs X2 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.1-3 və 264-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə saat 20 radələrində əmisi oğlu Qasımla birlikdə idarə etdiyi Mersedes Benz markalı avtomaşınla ərzaq almaq üçün yaşadığı evdən çıxmış, 45-50 km/saat sürətlə Ucar şəhər istiqamətində hərəkətdə olarkən həmkəndlisi Vüsal Xələfov anidən avtomaşının qarşısına keçmişdir. Tormoza basıb avtomaşını saxlasa da, Vüsal avtomaşına dəyib yolun əks istiqamətdə düşmüş, avtomaşını 3-4 metr qabağa verib saxlamışdır. Vüsal Xələfovun yanına gələrək sonuncunun nəfəs alması üçün altda qalmış ayaqlarını düzəltmiş, mal-qara qayıdan vaxt olduğuna görə artıq oraya xeyli adamlar yığışmağa başlamışdır. Hər kəs oraya toplaşandan təxminən 3-5 dəqiqə sonra tibb bacısı olan anasını xəsarət alan şəxsə kömək etməsi məqsədilə yaşadığı evə getmiş, avtomaşının alın şüşəsi sınaraq görünməz hala gəlmişdir. Avtomaşını qapılarında saxladıqdan sonra Vüqar Həsənov adlı şəxsin avtomaşını ilə anası və digər yaxınları ilə birlikdə hadisə yerinə qayıtmış, hadisənin baş verməsi ilə hadisə yerinə qayıtması arasında 6-7 dəqiqə vaxt keçmişdir. Təxminən 11 nəfər şəxslə hadisə yerinə getmiş, hadisə yerinə getdikdən sonra polis əməkdaşları oraya gəlmişdir. Hadisə yerinə çatanda artıq polis əməkdaşları Vüsal Xələfovu hadisə yerinə aparmış, polis əməkdaşları ondan hadisənin necə baş verdiyini soruşaraq hadisə yerində onun fotoşəkillərini çəkmişlər. Hadisə yerində alkotester vasitəsilə onun sərxoşluğunu yoxladıqdan sonra spirtli içki qəbul etmədiyi müəyyən olunmuş, səhəri gün müstintiq onu Ucar Rayon Mərkəzi Xəstəxanasına apararaq ondan qan analizi götürülmüşdür. Vüsal Xələfov təxminən 2-3 metr məsafədən yola girərək onun qarşısına çıxmış, sonuncu anidən onun qarşısına çıxdığına görə hadisənin qarşısını ala bilməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, şəxsiyyət vəsiqəsində doğulduğu gün xx.xx.1990-cı il qeyd edilsə də 29 avqust 2022-ci il tarixdə ad günü olduğuna görə bazarlıq etmək üçün əmisi oğlu Şahid1la birlikdə saat 18 radələrində baş etibarnamə əsasında sürücülük vəsiqəsi olmadan idarə etdiyi MERCEDES BENZ C 230 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Ucar rayonu Yuxarı Şilyan kənd yolunda 45-50 km/saat surətlə kənd yolunda öz hərəkət zolağında hərəkətdə olarkən həmkəndlisi, ruhi-əsəb xəstəsi olan X9 anidən yola çıxmış, o, əyləcə basmasına baxmayaraq idarəetməni itirərək nəticədə Vüsal Xələfovu vurmuşdur. Vüsal avtomobilin ön sol tərəfinə çırpılmış, baş və bədən hissəsi avtomobilin ön şüşəsinə dəydikdən sonra avtomobili saxladıqda Vüsal avtomobilin ön hissəsindən yerə yıxılmışdır. Avtomobili bir qədər irəli sürüb yolun sağ çiynində saxlayıb avtomobildən aşağı düşərək həmin yerə gəlmiş, orada Vüsalın atası olduğunu güman etdiyi Məhəmmədi görmüşdür. Sonradan həmin şəxsin Məhəmməd olmadığını bilmiş, Vüsala yaxınlaşıb sonuncunun ayaqlarını düzəldərək rahat nəfəs almasına şərait yaratdıqdan sonra köməklik edə bilməyəcəyini düşünüb tibb bacısı olan anası Yeganəni gətirmək üçün oradan uzaqlaşmışdır. Avtomobili ilə yaşadığı evə gəldikdən sonra evdəkilərə bu barədə xəbər vermiş, sonra ön şüşəsi sındığı üçün öz avtomobilini həyətdə saxlamışdır. Qonşularının avtomobili ilə anası Yeganə və qardaşı Vüsalı hadisə yerinə gətirmiş, orada xeyli sayda adam olmuşdur. Onlar ora gəldikdə artıq həmkəndli Vüsalı həkimə aparmış, bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxışda iştirak etmiş, hansı istiqamətdən gəlməsini və Vüsalı harada vurmasını göstərmişdir. Hadisə yerindən qaçmaq fikri olmamış, tibbi köməklik etməsi üçün anası Yeganəni götürüb hadisə yerinə qayıtmışdır. Vüsal Xələfovu anidən görmüş, həmin vaxt aralarında 2-3 metr məsafə olmuşdur. İlkin ifadəsində Vüsal Xələfovu 10-15 metr məsafədən gördüyünü deməsini xatırlamamış, həmin məsafəni necə yazıldığını başa düşə bilməmişdir. Həmin gün spirtli içki və ya narkotik və psixotrop maddə qəbul etməmiş, ayıq olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, hadisədən 20-25 gün qabaq mərhum oğlu Vüsal Xələfov evə gələrək Təqsirləndirilən şəxs avtomaşını təhlükəli sürməməsini dediyini, lakin buna baxmayaraq sonuncunun oğlunu aşağılayıb güldüyünü demişdir. xx.xx.2022-ci il tarixdə öz doğum gününü qeyd edən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan evinin yanından keçərkən evə qarpız-yemiş almaq üçün gedən oğlu Vüsal Xələfovu idarə etdiyi Mersedes Benz markalı avtomaşınla ölümcül vuraraq hadisə yerindən qaçmışdır. Hadisə vaxtı yaşadığı evdə olmuş və səsə arvadı ilə birlikdə çölə çıxmışlar. Yerdə uzanan oğlu Vüsalın qulağından və burnundan qan axmış, təxminən yarım saat arvadı ilə birlikdə oğlunun yanında durmuşlar. Yarım saat sonra qaynı avtomaşınla oraya gəldikdən sonra arvadı oğlunu xəsətəxanaya aparmış, Fuad polis əməkdaşları gəldikdən sonra sonuncular tərəfindən hadisə yerinə gətirilmişdir. Hadisə yerində olan qan topalarına görə Fuadın oğlunu yolun əks hissəsində vurduğunu hesab etmiş, oğlunun ölümünə görə təqsirləndirilən şəxslə barışmayaraq sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə saat 20 radələrində əmisi oğlu Təqsirləndirilən şəxsla birlikdə sonuncunun idarə etdiyi Mersedes Benz markalı avtomaşınla 40-45 km/saat sürətlə Ucar şəhər istiqamətində hərəkətdə olarkən həmkəndlisi Vüsal Xələfov təxminən 2-3 metr məsafədən anidən yola çıxmış, Fuad əyləcə bassa da avtomaşını saxlaya bilməyərək Vüsalı vurmuşdur. Fuad avtomaşından düşərək yerdə uzanıqlı qalmış Fuada baxdıqdan sonra geri qayıtmış, avtomaşına oturaraq birlikdə Fuadgilə geri qayıtmışlar. Fuadgilin evlərinin düşüb öz evlərinə getmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evlərinin darvazasının qarşısında dayanan zaman atasının əmisi nəvəsi Təqsirləndirilən şəxs idarə etdiyi MERCEDES BENZ C 230 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə darvazanın qarşısında saxlayıb ona ad günü olduğu üçün evə bazarlıq etmək istədiyini, onu da öz ad gününə dəvət etdiyini dedikdən sonra avtomobilin ön sağ oturacağında əyləşərək kənd arası yolda hərəkətə başlamışdır. Yaşadıqları Ucar rayonu Yuxarı Şilyan kənd yolunda 45-50 km/saat surətlə hərəkətdə olarkən kənd yolunda döngəni döndükdən sonra yol kənarında dayanmış bir nəfər anidən yola çıxmış, Fuad əyləcə basmasına baxmayaraq idarəetməni itirərək idarə etdiyi avtomobil əvvəlcə sağa tərəf, sonra sola tərəf sürüşmüşdür. Bu zaman piyada artıq yolun əks istiqamətinə çıxmış, Fuad piyadanı vurmamaq üçün yenidən sükanı sağa döndərdikdə həmin piyadanı avtomobilin ön sol tərəfi ilə vurmuşdur. Piyadanın baş və bədən hissəsi avtomobilin ön şüşəsinə dəymiş, Fuad avtomobili saxladıqdan sonra piyada avtomobilin ön hissəsindən yerə yıxılmışdır. Fuad avtomobili bir qədər irəli sürüb yolun sağ çiynində saxladıqdan sonra aşağı düşüb həmin yerə gəlmiş, onun özü qan gördüyünə görə halı pisləşərək yerdə olan şəxsə yaxınlaşa bilməmişdir. Fuad avtomobilə minərək avtomobili evlərinə sürmüş, Fuada özünü pis hiss etdiyini və onu öz evlərinə düşürməsini xahiş etmişdir. Sonra Fuad onu darvazalarının ağzında düşürüb çıxıb getmiş, bu barədə öz ailə üzvlərinə məlumat vermişdir. Sonradan Fuadın vurduğu piyadanın həmkəndlisi X9 olduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ucar rayon Polis Şöbəsinin X29 yol-patrul xidməti inspektoru işləyən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Ucar rayonu Yuxarı Şilyan kəndində piyadanın vurulması bağlı daxil olmuş məlumat əsasında yol patrul inspektoru Vüqar Əhmədovla birlikdə hadisə yeri olan Ucar rayonu Yuxarı Şilyan kəndinə getmiş, hadisə yerinə çatdıqda Təqsirləndirilən şəxs hadisə yerində olmamışdır. Orada olan kənd sakinlərindən hadisənin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyini öyrəndikdən sonra sonuncunun yaşadığı ünvana getmiş, həmin vaxt Təqsirləndirilən şəxs anası ilə birlikdə hadisə yerinə gəlmişdir. Fuad piyadanı vurduğu avtomaşınla hadisə yerinə gəlmədiyinə görə yenidən sonuncu ilə birlikdə gedib avtomaşını hadisə yerinə gətirmişlər. Hadisə yerinə baxış zamanı orada iştirak etmiş, hadisə yerində olan qan izlərini görmüşdür. Hadisə yerinə baxış zamanı orada olan şəxslərdən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi əlində yüklə yolu keçmək istəyərkən vurduğunu, sonra avtomaşından düşüb vurduğu şəxsə baxıb oradan uzaqlaşdığını eşitmişdir. Onlar hadisə yerinə məlumat aldıqdan təxminən 35-40 dəqiqə sonra gəlmiş, Fuad isə onlar hadisə yerinə gəldikdən 20-25 dəqiqə sonra hadisə yerinə gəlmişdir. Onlar hadisə yerində olanda zərərçəkmiş şəxs artıq xəstəxanaya aparılmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə saat 18 radələrində Ucar rayonu Yuxarı Şilyan kənd ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində piyada vurulması ilə bağlı daxil olmuş məlumat əsasında polis əməkdaşları ilə birlikdə hadisənin baş verdiyi Ucar rayonu Yuxarı Şilyan kəndində getmiş, hadisə yerində qan izləri olmuşdur. Hadisə yerinə çatdıqda adını sonradan öyrəndiyi piyada həmin kənd sakini X1 RMX-na aparılmış, piyadanı vuran sürücü, adını sonradan öyrəndiyi həmin kənd sakini Təqsirləndirilən şəxs isə kənd camaatı ilə gedib yaşadığı evdən hadisə yerinə gətirmişlər. Orada olan hal şahidlərinin və sürücü Təqsirləndirilən şəxs iştirakı ilə keçirilən hadisə yerinə baxışda iştirak etmiş, hadisə yerinə baxış zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə hansı istiqamətdən gəldiyini, təxmini sürətinin 45-50 km/saat olduğunu, piyadanın yola çıxdığı yeri, piyada yola çıxdığı zaman aralarındakı məsafənin 10-15 metr olduğunu, həmin piyadanı yolun hansı hissəsində vurduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ucar rayon X23 X29 Yol Patrul Xidməti İnspektoru işləyən X17 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir.\ Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə saat 18 radələrində Ucar rayonu Yuxarı Şilyan kəndində hadisə baş verən yerdən Ucar şəhəri istiqamətində boş sahədə otaran xırda buynuzlu heyvanların yanında olmuş, həmin vaxt tappıltı səsi gəldiyinə görə arxaya çevriləndə Vüsal Xələfovun vurulduğunu görmüşdür. Həmin vaxt Vüsalı vuran sürücü avtomaşını saxlayıb düşdükdən sonra bir az baxıb oradan uzaqlaşmışdır. Həmin vaxt Vüsalın yanına yaxınlaşanda sonuncu sağ tərəfi üstə olmaqla burnundan və qulağından qan gəlmişdir. Həmin vaxt həm polisə, həm də 103 xidmətinə zəng vurmuş, təcili tibbi yardım gec gəldiyinə görə Afiq adlı şəxs Vüsalı avtomaşına qoyaraq xəstəxanaya aparmışdır. Sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və kənd sakini Vəfadar Əhmədovla birlikdə hadisə yerinə baxışda hal şahidləri kimi iştirak etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs orada olmamış, kənd bələdiyyəsinin sədri zəng vurub dəvət etdikdən sonra anası ilə birlikdə hadisə yerinə gəlmişdir. Sonradan hadisəni törədən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 eyni məzmunlu ifadə verərək X5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə saat 18 radələrində kənd ərazisində qəssabla söhbət edən zaman əmisi oğlu ona zəng edərək Vüsalı avtomaşın vurduğunu bildirdikdən sonta təcili hadisə yerinə getmiş, orada Vüsalın anası ilə birlikdə Vüsalı avtomaşınına qoyub xəstəxanaya aparmışdır. Sonradan Vüsalı həmkəndliləri Təqsirləndirilən şəxs avtomaşınla vurduğunu bilmiş, ona zəng gəlməmişdən qabaq Fuad avtomaşınla onun olduğu yerdən keçmişdir. Vüsalı xəstəxanaya aparan zaman isə Fuad orada olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs yaşadığı evə gələrək adam vurduğunu, tibbi ləvazimatları götürüb hadisə yerinə getmələrini bildirmiş, tibbi ləvazimatları götürərək qonşuları ilə birlikdə hadisə yerinə getmişlər. Onlar hadisə yerinə çatanda polis əməkdaşları orada olmamış, onlardan sonra oraya gəlmişlər. Həmin vaxt Vüsal Xələfovun atası Məhəmmməd Xələfov ona xəstəxanaya getməsini bildirdiyinə görə X11 getmiş, orada artıq Vüsalın öldüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə saat 18 radələrində qonşuları Yeganə Qasımovanın qışqırtı səsinə sonuncunun evinə getmiş, Təqsirləndirilən şəxs avtomaşınla adam vurduğunu eşitdikdən sonra qonşuları Vüsal Həsənovun avtomaşını ilə hadisə yerinə getmişlər. Sonra hadisə yerindən Fuadın anası Yeganə ilə birlikdə xəstəxanaya getmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 12 nömrəli rəyinə əsasən mərhum X2 meyitində aşkar edilmiş xəsarətlər-açıq kəllə-beyin travması, kəllə əsasının xətti sınığı, baş beyinə qansızma, sağ baldır, burun sümüklərinin qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa AĞİR zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün tibbi sənəddə qeyd edilən vaxtını inkar etmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/2918 nömrəli rəyinə əsasən Mercedes Benz C230 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü F.B.X27 C230 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının 27 aprel 2023-cü il tarixli 4/538 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 1-ci cildinin 6-10-cu vərəqələrində olan Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolun 1-5-ci vərəqələrində “3)” rəqəmi qarşısındakı imzalar, 11-ci vərəqində olan protokola əlavə olunmuş sxemdə “Sürücü: 1.” Qrafasındakı imza – Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Ucar rayon X16 Bölməsinin müstəntiqi işləyən X13 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə daxil olmuş məlumat əsasında Ucar rayonu Yuxarı Şilyan kəndi ərazisində tərəfindən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs verdiyi məlumatlar və hadisə yerində aparılan ölçmələr protokola daxil edilməklə protokol da iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs özü də protokola imza etmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 27 aprel 2023-cü il tarixli 4/538 nömrəli rəyində göstərilənlərlə razılaşmamışdır. Qeyd olunan səbəblərə görə cinayət prosesi tərəflərinin iştirakı ilə yenidən hadisə yerinə baxış keçirilərək müvafiq qeydlər aparılmışdır. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs Ucar rayonu Yuxarı Şilyan kəndindən Bağman kəndi istiqamətində təxminən 45-50 km/saat sürətlə hərəkətdə olarkən 40 metr məsafədən yolun sağında zərərçəkmiş Vüsal Xələfovu gördüyünü, 30 metr hərəkət etdikdən sonra 10 metr qalmış Vüsal Xələfov arxası yola tərəf olmaqla kürəyində içərisində qarpız olan kisə ilə birlikdə qəfildən yola çıxdığını, həmin vaxt əyləcə bassa da avtomaşının qabaq hissəsi ilə Vüsal Xələfovu vurduğunu göstərmişdir. Hadisə yerində olan iş üzrə istintaq aparan müstəntiq və hadisə yerində olan hal şahidləri və iştirakçılar Təqsirləndirilən şəxs hadisə yerinə baxış keçirilən zaman oğlu Ucar rayonu Yuxarı Şilyan kəndindən Bağman kəndi istiqamətində təxminən 45-50 km/saat sürətlə hərəkətdə olarkən 47 metr məsafədən yolun sağında zərərçəkmiş Vüsal Xələfovu gördüyünü, 30 metr hərəkət etdikdən sonra 17 metr qalmış yola çıxan Vüsal Xələfovu avtomaşının qabaq hissəsi ilə Vüsal Xələfovu vurduğunu göstərmiş, həmin vaxt aşkar edilmiş Mersedes markalı avtomaşının tormoz izlərindən də Vüsal Xələfovun yola çıxdığı yer arasında məsafə 17 metr olmuşdur. Məhkəmə tərəfindən hadisə yerinə baxış keçirilməsi zamanı əldə olunmuş məlumatlar əsasında təyin edilmiş təkrar məhkəmə yol—nəqliyyat hadisələri ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 8/2610 nömrəli rəyində göstərilmişdir ki, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz C230 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü F.B.X27 C230 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə ekspert qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ekspertizaya təqdim edilmiş materiallardakı məlumatlara əsasən hadisə yerində qalmış tormoz izinin əvvəlindən piyadanın vurulma yerinə kimi 17 metr məsafə və nəqliyyat vasitəsinin 45-50 km/saat sürətlə hərəkət etməsi halında aparılmış hesablama əsasında həmin nəqliyyat vasitəsinin dayanma məsafəsi 11 metr olduğuna görə sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiqat bu qaydada aparılmış, piyadanın hərəkəti ilə bağlı tədqiqat aparılmasına lüzum olmamışdır. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 3250/K nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı- 0,9‰-dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər( həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid( çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 309-3191-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən avtomobil və sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhdudlaşdırılmamışdır. Təqsirləndirilən şəxs etibarnamə ilə istifadəsində DİN-in MİS-də olan məlumata əsasən Mersedes Benz C230 markalı 57CH182 dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı ildə Binəqədi RPİ tərəfindən ********* nömrəli cinayət işi üzrə CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq həmin tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.1ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinə əlavə edilmiş Ucar rayon İcra Hakimiyyəti başçısının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Ucar rayonu Yuxarı Şilyan kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Ucar rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 050353 nömrəli vəsiqənin surətindən grünür ki, Təqsirləndirilən şəxs İİ (ikinci) qrup əlildir. Qətimkan tədbirinin seçilməsi haqqında 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsini məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-in 263.1-3 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə müdafiə tərəfinin zərərçəkmiş Vüsal Xələfovun anidən avtomaşının qarşısına çıxması və təqsirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanının olmamasına dair dəlillərini özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirərək məhkəmə istintaqı zamanı təsdiq olunmadığını bir daha qeyd edir. Belə ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsin təxminən 10-15 metr məsafədən onun hərəkətdə olduğu yola çıxdığını göstərsə də məhkəmə istintaqı zamanı isə zərərçəkmiş şəxsin 2-3 metr məsafədən qəfildən yola çıxdığını bildirmişdir. Bununla belə məhkəmə tərəfindən hadisə yerinə baxış keçirilən müəyyən olundu ki, ilk dəfə hadisə yerinə baxış keçirilən zaman hadisə yerində aşkar olunmuş tormoz izlərindən piyadanın vurulduğu yerə kimi olan məsafə 17 metr olmuş, hətta təqsirləndirilən şəxsin özü də həmin məsafəyə dair hansısa etirazını bildirməmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təxminən 10-15 metr qalmış zərərçəkmiş şəxsin onun yoluna çıxmasına dair ifadəsini işin hallarına uyğun gəldiyinə görə daha mötəbər ifadələr kimi qəbul edir. Bu hallar iş üzrə digər şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi və ekspertiza rəyi və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs hadisə baş verən gün spirtli içki qəbul etməməsi və nəqliyyat vasitəsini alkoqollu içkilərin təsiri altında sərxoş halda idarə etməməsinə dair ifadəsinə də tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi məsuliyyətdən yayınmaq üçün özünü müdafiə məqsədi ilə verilmiş ifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 2.2.-ci bəndində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkimnarkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Bununla yanaşı qeyd edilməlidir ki, qeyd edilən qaydalar şəxsin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinə münasibətdə tətbiq edilir. Ona görə də iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı məhkəmə üçün əsas sübut kimi çıxış edə bilməz. Cinayət işi üzrə istintaq hərəkətləri aparıldığından burada məhkəmə üçün əsas sübut növü kimi ekspert rəyi çıxış edəcəkdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, hadisə baş verən gün xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs alkotester vasitəsilə yoxlanılaraq ayıq olması qeyd edilsə də iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının rəyi daha əsaslı hesab oluna bilən şəxsə məxsus qan nümunələrinin tədqiq olunması əsasında tərtib olunaraq bu barədə nəticəyə gəlindiyinə görə daha mötəbər hesab edilməlidir. Məhkəmə müdafiə tərəfinin o dəlili ilə də razılaşa bilmir ki, Təqsirləndirilən şəxs qan nümunəsi hadisə baş verən günün səhərisi xx.xx.2022-ci il tarixdə götürüldüyünə görə mötəbər hesab edilə bilməz. Belə ki, iş materiallarından da görünür ki, hadisə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində baş vermiş, Təqsirləndirilən şəxs qan nümunələri isə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində götürülmüşdür. Göründüyü kimi hadisənin baş verməsindən qan nümulərinin götürülməsinə kimi təxminən 14-15 saat vaxt keçmişdir ki, həmin müddət ərzində şəxsin qanında etil spirtinin qalması ehtimalı mövcud olmuşdur. Bundan başqa məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs və qohumu Şahid1 ifadələrində rəsmi sənəddə 1 sentyabr qeyd olunmasına baxmayaraq Təqsirləndirilən şəxs hadisə baş verən gün ad günü olduğuna görə ərzaq almaq üçün getdiklərini bildirmələri də həmin gün Təqsirləndirilən şəxs spirtli içki qəbul etmə ehtimalını bir daha artırmış olur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və İİ qrup əlil olması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, CM-in 263-1.3 və 264-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Məhkəmə, CM-in 45- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakları hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə xərci olan 270 AZN (iki yüz yetmiş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 346, 351-353-cü maddələrini rəhbər tutub məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən əsas cəza əsas cəza ilə əlavə cəza əlavə cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. İş üzrə məhkəmə xərci olan 270 AZN (iki yüz yetmiş) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunsun, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar