Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-30/2022 14.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Müdafiəçi – Yevlax Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1980-cı il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli və himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Yevlax rayonu Aşağı Qarxun kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etməklə 2021-ci ilin mart ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonunun Aşağı Qarxun kəndində yerləşən yaşadığı evin həyətində qanunsuz olaraq xeyli miqdarda 08 (səkkiz) ədəd əkilibbecərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 2021-ci ilin iyul ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda həmin çətənə bitkilərinin yarpaqlarından satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 9450 qram narkotik vasitə olan qurudulmuş marixuana toplayıb əldə edərək yaşadığı həmin evin həyətində sellofan kisədə saxlamış, 11 iyul 2021-ci il tarixdə saat 03:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narotiklərlə Mübarizə İdarəsinə bilavəsitə tabe olan Qərb bölgəsində regonal şöbənin əməkdaşları tərəfindən aqronomun iştirakı və video çəkilişlə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs həyətində kultivasiya etdiyi xeyli miqdarda narkotik tərkibli cəmi 8 ədəd hündürlükləri 90 sm-dən 230 sm-dək ümumi çəkisi 7800 qram olan çətənə (kannabis) bitkiləri və həmin bitkilərdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı ümumi çəkisi 9,450 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 8 ədəd narkotik tərkibli çətənə bitkisini də gələcəkdə istifadə etmək üçün öz həyətində əkmiş və onlara aqrotexniki qaydada qulluq etmiş, yəni diblərini alaq otundan təmizləmiş, sulamışdır. Ona görə də, özünü həmin çətənə bitkilərini əkməkdə təqsirli bilir. Lakin onun həyətindən aşkar olunan qurudulmuş marixuana ona məxsus olmamışdır. Həmin narkotik vasitə Daxili İşlər Nazirliyinin Baş Narotiklərlə Mübarizə İdarəsinə bilavəsitə tabe olan Qərb bölgəsində regonal şöbənin əməkdaşları tərəfindən onun həyətinə qoyulmuş və təzyiq nəticəsində həmin narkotik vasitənin özünə məxsus olması barədə ifadə vermişdir. Odur ki, CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilmir. Hazırda çətənə bitkisini əkdiyinə görə peşmandır. Ona görə də, məhkəmədən barəsində ədalətli qərar olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğunundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində təqsirləndirilən şəxs CM-nin 234.1, 237.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş, lakin ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməmiş, ifadəsində göstərmişdir ki, 1 ildir narkotik vasitə olan marixuana istifadə edir. Narkotik vasitəni isə yaşadığı kəndinin ərazisindən yabanı halda bitmiş çətənə bitkilərindən yığıb istifadə etmişdir. 2021-ci ilin mart ayında yaşadıqları evin həyatyanı məhləsinin ayaq tərəfində 8 ədəd narkotik tərkibli çətənə bitkiləri bitdiyini görmüş, narkotik vasitə qəbul etdiyinə görə həmin bitkiləri tanıyaraq gündəlik olaraq bitkiləri suvararaq qulluq etməyə başlamışdır. O, bitmiş bitkilərin dibinə arx çəkmiş və peyin verməyə başlamışdır. Şitillər böyüyərək boy atmağa başlamışdır. Evdə arvadı X5 və azyaşlı uşaqları ilə yaşasada arvadı uşaqları ilə birlikdə çox vaxt qaynatasıgildə qaldığına görə onun narkotik vasitə əkdiyini bilməmişdir. 11 iyul 2021-ci il tarixdə saat 03 radələrində evdə olarkən onlara Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavəsitə tabe olan Qərb bölgəsinin əməkdaşları gəlmiş və onun həyətyanı sahəsinə onun razılığı əsasında video çəkilişlə baxış keçirmələrin demişlər. O, razı olmuş onlarla birlikdə həyətyanı sahəyə baxış keçirmişlər, həyatyanı sahədə əkib-becərdiyi 8 ədəd çətənə bitkilərini və həmin bitkilərdən yığıb orda saxladığı torbanı aşkar etmişlər, bitkiləri kökündən çıxarıb torbadakı kütlə ilə birlikdə qablaşdırıb möhürləyib götürmüşlər, bu barədə protokol tərtib olunmuş, həmin protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyul 2021-ci il tarixdə Yevlax rayonu Aşağı Qarxun kəndidə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi və narkotik vasitə saxlaması barədə ona məlumat daxil olmuşdur. Onun həyətində narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi və narkotik vasitə saxlaması barədə məlumatına əsasən şöbənin bir qrup əməkdaşları və Yevlax rayonu X4 rəisi X3 ilə birlikdə 11 iyul 2021-ci il tarixdə saat 03 radələrində həmin ünvana getmişdir. Səbuhi evdə olmuş, onun özünün razılığına əsasən video çəkilişlə birlikdə baxış keçirmək üçün evin həyatyanı sahəsinə getmişlər. Həyətyanı məhləsində 8 ədəd çətənə bitkiləri və bir ədəd politelin kisədə qurudaraq yığdığı marixuanaya oxşar kütlə aşkar edilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 11.07.2021-ci il tarixli “Raport”dan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narotiklərlə Mübarizə İdarəsinə bilavəsitə tabe olan Qərb bölgəsində regonal şöbəyə Yevlax rayonu, Aşağı Qarxun kəndində yaşayan Səbuhi adlı şəxsin yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olmuş, əməliyyat müəyyənləşdirilməsi nəticəsində Səbuhi adlı şəxsin xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan 11.07.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində yaşayan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan 11.07.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən evin həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 18). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 11.07.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, aqranomun və Təqsirləndirilən şəxs iştirakı ilə video çəkilişlə sonuncunun yaşadığı Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən evə baxış keçirilmiş və baxış zamanı evin həyətindən əkilibbecərilməsi,yetişdirilməsi və kultivasiya edilməsi qadağan olunmuş 8 ədəd narkotik tərkibli çətənə bitkiləri və bir ədəd sintetik kisədə isə 9450 qram çəkidə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Video çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 21-23) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11.07.2021-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən evin həyətyanı sahəsindən aşkar oluna 08 ədəd bitki kolları, çətənə kollarına oxşar bitki kollarıdır və həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur (cild 01, iş vər. 24). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ekspertiza mərkəzindən alınmış məhkəmə-bioloji ekspertizasının 11.07.2021-ci il tarixli, 17/680 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş bir ədəd sintetik kisədəki çəkisi 9450 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd sintetik kisədə ümumi sayı 8 ədəd, ümumi çəkisi 7800 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş çətənə bitkiləri və marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidilər.(cild 01, iş vər. 39-41) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 14.10.2021-ci il tarixli, 1229 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 122). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Psixo-nevroloji Dispanserdən verilən 25.09.2021-ci il tarixli “arayış”dan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Psixo-nevroloji Kabinetində dispanser müşahidədə dayanmır (cild 01, iş vər. 107). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Narkoloji Dispanserdən verilən 25.09.2021-ci il tarixli “arayış”dan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Narkoloji Kabinetində dispanser müşahidədə dayanmır (cild 01, iş vər. 108). Cinayət işinin materiallarında olan 14.10.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 237.2.1-ci maddəsinin tərkibi olmadığından, barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir (cild 01, iş vər. 124-128). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 11.07.2021-ci il tarxdə Daxili İşlər Nazirliyinin Baş Narotiklərlə Mübarizə İdarəsinə bilavəsitə tabe olan Qərb bölgəsində regonal şöbəyə Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərar alınmış, Təqsirləndirilən şəxs yaşadığı evə gedilmiş, video çəkilişlə evin həyətyanı sahəsinə baxış keçirilmiş və baxış nəticəsində 8 ədəd narkotik tərkibli çətənə bitkiləri və bir ədəd sintetik kisədə isə 9450 qram çəkidə qurudulmuş marixuana aşkar olunmuşdur. Götürülmüş maddələr ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərək narkotik tərkibli bitkilərin və narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən təsirə məruz qalması və məcbur qalıb etirafedici ifadələr verməsi barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası göstərilənlərlə razılaşmır və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təsirə məruz qalması ilə bağlı hər hansı halın aşkar olunmadığını, sonuncunun evinə və evinin həyətyanı sahəsinə baxış keçirilərkən, habelə istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilərkən bu barədə heç bir məlumat vermədiyini, sonrakı müddətdə heç bir hüquq mühafizə orqanlarına müraciət etmədiyini əsas götürərək şəxsin qeyd etdiklərini müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin evinin həyətyanı sahəsinən aşkar olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin həyətyanı sahəsindən aşkar olunan narkotik vasitə şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və müvafiq qaydada qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və əksinə şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin isə işin faktiki halları ilə üst-üstə düşməsi halını, habelə digər sübut növləri ilə təsdiq olunmasını nəzərə alaraq məhz həmin ifadələri həqiqəti əks etdirən ifadə kimi qəbul edir və ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan, doğum haqqında şəhadətnamənin surətlərindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi (arvadı və 2005, 2008-ci il təvəllüdlü uşaqları ilə) birlikdə hazırda Yevlax rayonu, Aşağı Qarxun kəndində yaşayır, barəsində Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 109-113). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 101). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, eyni zamanda həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 11.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 35). Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş təqdimat təmin edilməmişdir (cild 01, iş vər. 86-87). Cinayət işinin materiallarında olan 12.07.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 88). Cinayət işinin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27.07.2021-ci il tarixli, 4(107)-64/2021 saylı qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində əvvəli 27.07.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 96-99). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, 11.07.2021-ci il tarixdən 12.07.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmalı, cəzasının başlanğıcı isə onun həbsə alındığı 27.07.2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın rəyində göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 8 ədəd çətənə bitkiləri və 9449.8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 30,40 AZN (otuz manat, qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11.07.2021-ci il tarixdən 12.07.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 27.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 8 ədəd çətənə bitkiləri və 9449.8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 30,40 AZN (otuz manat, qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-30/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-30/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver