Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-30/2023 12.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Göyçay şəhərində doğulmuş, evli, Azərbaycan Respulikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,959 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Göyçay şəhəri, Natavan küçəsi, ev 67-in qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə saat 18:30-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 3bəsinə dəvət olunub üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,459 qram və 2,500 qram olmaqla ümumilikdə külli miqdarda 5,959 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 avqust 2022-ci il tarixdə saat 17-18 radələrində evdən çıxaraq dostu ilə birlikdə çay içməyə getmiş, 10-15 dəqiqə sonra 4-5 nəfər ona yaxınlaşaraq qoluna qandal vurduqdan sonra polis şöbəsinə aparmışlar. Orada onun üzərinə narkotik vasitə qoymaq istəsələr də, idmançı olduğunu, ibadət etdiyini bildirərək bununla razılaşmamış, ona üzərinə 10 kq narkotik vasitə qoya biləcəklərini bildirmişlər. Bundan sonra onun qohumu olan bibisi oğlunun nömrəsini alıb sonuncu ilə onun mobil nömrəsi vasitəsilə danışaraq şöbəyə dəvət etmişlər. Bibisi oğlu İlham polislərə onun barəsində düzünü demələrini bildirdikdən sonra İlhama onun tutulmalı olduğunu və buna görə onun narkotik vasitə ittihamı ilə tutulmaması üçün silah tapıb gətirməsini bildirmişlər. Bibisi oğlu İlham silah tapıb gətirmədiyinə görə ona narkotik vasitəni boyununa almasını bildirərək, polis əməkdaşlarının onun üzərinə qoyduğu narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşlarının təsiri ilə narkotik vasitəni tapmasını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 17 avqust 2022-ci il tarixdə Göyçay şəhərində avtoyuma məntəqəsinə yaxın ərazidə yerdən iki bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroini taparaq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 18 avqust 2022-ci il tarixdə saat 1830-da ünvan 5 ünvanının yaxınlığında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək sonuncularla birlikdə Göyçay Rayon Polis Şöbəsinə getməsini bildirmişlər. Polis əməkdaşları ilə birlikdə Göyçay rayon Polis Şöbəsinə gəldikdən sonra şübhəli şəxs kimi tutularaq dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 02 ədəd sellofan bükümü təqdim etmişdir. Üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə narkotik vasitə heroin kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 18 avqust 2022-ci il tarixdə Göyçay şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə saat 1830-da ünvan 5 ünvanına gedərək həmin vaxt orada olan Təqsirləndirilən şəxs saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu, həmin heroini şəxsi istifadəsi məqsədilə saxladığını bildirmişdir. İki ədəd sellofan büküm açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin olması müşahidə edilmiş, sonra həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı zor tətbiq edilməmiş, sonuncu ilə hansısa sövdələşmə aparılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri işləyən Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısı oğlu olmaqla 18 avqust 2022-ci il tarixdə saat 20 radələrində anasına zəng vurmuş, anası telefonu ona verdikdən sonra İntiqam ondan təcili polis şöbəsinə gəlməsini istəmiş, sonuncudan nə baş verdiyini soruşduqda İntiqam ona polis şöbəsinə gəldikdən sonra biləcəyini bildirmişdir. Polis şöbəsinə getdikdən sonra orada olan və Bakı şəhərindən gəldiklərini bildirdikləri polis əməkdaşları İntiqamın narkotik vasitə ilə tutulduğunu bildirmiş, polislərə İntiqamın idmançı və ibadət edən biri olduğunu bildirərək deyilənlərə inanmamışdır. Polislər İntiqamın azyaşlı uşağının olmasından məlumatlarının olmadığını, ona görə ondan heç olmasa “obrez” tüfəng tapıb gətirməsini, İntiqamı da həmin silahla sənədləşdirəcəklərini bildirdikdən sonra polislərlə razılaşıb çıxıb getmişdir. Yaşadığı kənddə dostları ona belə bir şeyi etməməsini, əgər hansısa silah tapacağı təqdirdə İntiqamı həm silahla, həm də narkotik vasitə ilə tutacaqlarını bildirmişlər. Buna görə də polis əməkdaşları ona zəng edib maraqlandıqda silah tapa bilməyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 avqust 2022-ci il tarixli 6/4401 nömrəli rəylərində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış paketdəki iki ədəd bükümdəki təmiz çəkiləri 3,459 qram və 2,500 qram olmaqla ümumilikdə 5,959 qram olan maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 avqust 2022-ci il tarixli 4603 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aılılıq sindromu (narkomaniya xəstəliyi) əşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs 3 il əvvəl narkotik vasitə heroini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 18 avqust 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər İnzibati ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Göyçay şəhəri Xaqani küçəsi ev 55-də yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2021-ci ildə doğulmuş Yusuf Mustafayev adlı bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş 18 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1830-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Faktiki təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitə iki bükümdə olmaqla sonuncu ilkin ifadəsində də bunu şəxsi istehlakı üçün saxladığını izah etmiş, onun opoidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi, əvvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması, narkotik vasitələrin satışını təsdiq edəcək hər hansı mobil telefon danışığının və SMS yazışmalarının aşkar olunmaması kimi hallar aşkar olunmuş narkotik vasitəni şəxsi istehlak məqsədi ilə saxlaması qənaətinə gəlməyə əsas verir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxs ona qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gecə saatlarında keçirildiyini bildirsə də iş materialları həmin halı təsdiq edəcək dəlil müəyyən edilməmiş, əksinə iş materiallarında olan xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş raportda Təqsirləndirilən şəxs saat 1830-da Göyçay rayon Polis Şöbəsinə gətirildiyi qeyd edilmiş, Təqsirləndirilən şəxs saat 1915-də şübhəli şəxs qismində tutulduqda sonra saat 1958-də üzərinə şəxsi axtarış keçirilmişdir. Müdafiə tərəfinin şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə dair CD-diskin sübutlar siyahısından çıxarılmasına dair vəsatətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, CPM-in 125.1-ci maddəsində nəzərdə tutulduğu kimi sübutlar onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduqda sübutlar siyahısından çıxarıla bilər. Məhkəmə araşdırması zamanı isə məhkəmə belə bir hal müəyyən etməmiş, şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair 18 avqust 2022-ci il tarixli protokolda qeyd edilənlən iştirakçılar tərəfindən heç bir qeyd və düzəliş verilmədən imzalanmışdır ki, həmin hallar da protokola əlavə edilmiş CD-diskdə öz əksini tapmışdır. X3 ifadəsinə gəldikdə isə məhkəmə qohumu, yəni bibisi oğlu olduğuna görə həmin ifadəni də təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına yönəlmiş müdafiə xarakterli ifadə kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq onun əməli CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin həmin maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 18 avqust 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkololi dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 92 AZN (doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 18 avqust 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 92 AZN (doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar saxlanılan 5,759 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkololi dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-30/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-30/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver