Məhkəmə qərarları › İş №1(091)-301/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-301/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-301/2025 05.02.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20 avqust 2025-ci il tarixdə saat 17 radələrində tanışı, öncədən dostluq etdiyi Zərərçəkmiş şəxs yaşadığı Zərdab rayonunun Qoşaoba kəndində yerləşən evinin yaxınlığında olarkən sonuncu onun ailə üzvlərinin ünvanına əvvəlcədən mobil telefonla danışarkən və üzbəüz söhbət edərkən nalayiq ifadələr işlətdiyi üçün qisas almaq niyyətilə özü ilə gətirdiyi, hazırda istintaqla yeri müəyyən edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs vurmaqla sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ bazunun aşağı üçdə birinin arxa səthində bir ədəd kəsilmiş yara, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin sağ yarısının ön səthinin aşağı hissəsindən döş boşluğuna keçərək plevranın və diafraqmanın zədələnməsi ilə müşahidə olunan kəsilmiş-deşilmiş yara və döş qəfəsinin sol yarısının arxa hissəsindən döş qəfəsinə və qarın boşluğuna keçərək qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşahidə olunan kəsilmiş-deşilmiş yara xəsarətlərini yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərdab rayon sakini Zərərçəkmiş şəxs uzun müddət əvvəl tanımış, aralarında dostluq münasibətləri mövcud olmuş və şəxsi ədavət olmamışdır. 20 avqust 2025-ci il tarixdə təxminən saat 16:00 radələrində Zərərçəkmiş şəxs “TikTok” sosial şəbəkəsi vasitəsilə ona mesaj yazıb Şahid1 onun idarə etdiyi avtomobilə əyləşməsini deyərək onu təhqir etmiş, o isə Şahid1 rəfiqəsi Şahid2 yaşadığı evə getmək məqsədilə onun idarə etdiyi avtomobilə əyləşdiyini demiş, buna baxmayaraq, Zərərçəkmiş şəxs yenə də onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən də o, tanışı Şahid3 yaşadığı evin qarşısına çıxmasını demiş, daha sonra Zərərçəkmiş şəxs qorxutmaq məqsədilə özünə məxsus olan avtomobillə Zərdab rayonunun ərazisində yerləşən “Dədə Qorqud” meydanı kimi adlandırılan yerdə yerləşən dükandan 01 ədəd mətbəx bıçağı almış və bundan sonra Şahid3 yaşadığı əraziyə getdikdə sonuncunun küçədə olduğunu görmüşdür. Şahid3 avtomobilə əyləşdikdən sonra “Dədə Qorqud” meydanı istiqamətində hərəkət etmişlər, bu zaman sonuncu ondan hadisənin və onu çağırmasının səbəbini soruşmuş, o isə Zərərçəkmiş şəxs onu təhqir etdiyini və sonuncu ilə məsələni aydınlaşdırmağa getdiyini bildirmişdir. “Dədə Qorqud” meydanına çatdıqda Şahid3 qohumu Şahid4 orada olduğunu görmüş və bu zaman sonuncunun Şahid3 tərəfindən oraya çağırılması ona məlum olmuşdur. Daha sonra o, Şahid3 və Şahid4 onun idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs yaşadığı küçə istiqamətinə hərəkət etmişlər. Avtomobil ilə hərəkətdə olarkən o, Zərərçəkmiş şəxs mesaj yazaraq çölə çıxmasını xahiş etmiş, saat təxminən 16:50 radələrində qeyd olunan yerə çatmışlar və təxminən 3-4 dəqiqə sonra Zərərçəkmiş şəxs çölə çıxmışdır. Bu zaman Şahid4 sanitar qovşağa getdiyini deyərək oradan uzaqlaşmış, Şahid3 isə təxminən 2 metr kənarda qaz borusunun üzərində əyləşmişdir. O, Zərərçəkmiş şəxs onu təhqir etməsinin səbəbini soruşmuş, sonuncu yenidən onu təhqir etməyə davam etdiyi üçün o, bıçaqla sonuncunun sol çiyin nahiyəsinə zərbə vurmaq qərarına gəlmiş və bu məqsədlə bıçaqla bir zərbə endirmişdir. Bu vaxt Zərərçəkmiş şəxs Şahid3 tərəf dönüb sonuncudan oraya gəlməsinin səbəbini soruşmuş və bu vaxt bıçaq Zərərçəkmiş şəxs kürək nahiyəsinə dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs ona tərəf hərəkət etdikdə sonuncunun ona zərbə vuracağını fikirləşib bıçaqla sonuncunun qarın nahiyəsinə ikinci zərbəni vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs onun yaxasından tutduğu üçün bıçaq sonuncunun sağ qoluna dəymiş, bundan sonra o, sonuncudan kənarlaşmış və bıçağı yaxınlıqdakı qamışlıq əraziyə tullamışdır. Daha sonra Şahid4 Zərərçəkmiş şəxs avtomobilə əyləşdirib həmin yeri tərk etmiş, o isə Şahid3la birlikdə “Dədə Qorqud” meydanı adlandırılan yerə getmiş, ardınca isə Zərdab Rayon Polis Şöbəsinə gedib özünü təqdim etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır, hadisədən sonra zərərçəkmiş şəxslə barışmışdır, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərdab rayon sakini Təqsirləndirilən şəxs uzun müddət əvvəl tanımış, aralarında dostluq münasibətləri mövcud olmuş və şəxsi ədavət olmamışdır. 20 avqust 2025-ci il tarixdə saat 16 radələrində “TikTok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə aralarında sözlü mübahisə yaranmış, bundan bir qədər sonra saat 16:40 radələrində Təqsirləndirilən şəxs onun istifadə etdiyi mobil telefon nömrəsinə mesaj yazaraq küçəyə çıxmasını xahiş etmiş, o da çölə çıxmışdır. Bu zaman küçənin giriş hissəsində X9 Kərimovla birlikdə onu gözlədiyini görmüş, daha sonra Təqsirləndirilən şəxs yaxınlaşıb oraya gəlməsinin, sonuncu isə ondan “TikTok” sosial şəbəkəsində nalayiq sözlər deməsinin səbəbini soruşmuşdur. Bu zaman aralarında sözlü mübahisə yaranmış və mübahisə vaxtı Təqsirləndirilən şəxs bıçaqla onun kürək nahiyəsinə xəsarət yetirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs tərəf hərəkət etdikdə sonuncu onun qarın nahiyəsinə bıçaqla bir zərbə vurmuş, bu zaman o, özünü müdafiə etmək məqsədilə Təqsirləndirilən şəxs yaxasından tutmuş və həmin vaxt bıçaq onun sağ qolunu kəsmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bıçağı oradakı qamışlığa tullamış, daha sonra o, Təqsirləndirilən şəxs kənarlaşdığını görüb sonuncunun gəldiyi avtomobilə tərəf qaçmış və o, avtomobilə çatdıqda Şahid4 də oraya gəldiyini görmüşdür. O, Şahid4 Təqsirləndirilən şəxs ona bıçaqla zərbə vurduğunu demiş və Şahid4 onu öz avtomobilinə əyləşdirib Zərdab Rayon Mərkəzi xəstəxanasına aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uzun müddətdir tanımışdır. 20 avqust 2025-ci il tarixdə saat 16:40 radələrində Şahid3 onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək “Dədə Qorqud” dairəsi adlandırılan yerə gəlməsini xahiş etmiş, o da oraya çatdıqdan bir-iki dəqiqə sonra Şahid3la Təqsirləndirilən şəxs sonuncunun avtomobili ilə oraya gəldiyi görmüşdür. O, Şahid3 nə baş verdiyini soruşmuş, söhbət əsnasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhqir etməsi və bu səbəbdən də sonuncunun Zərərçəkmiş şəxsla görüşmək istəməsi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs avtomobili orada saxlamış və sonuncu, o və Şahid3 onun idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətində hərəkətə başlamışlar. Hərəkətdə olan zaman o və Şahid3 Təqsirləndirilən şəxs dalaşmamasını tövsiyə etmişlər, sonuncu isə yalnız Zərərçəkmiş şəxs dediyi nalayiq ifadələrə aydınlıq gətirmək üçün getdiyini bildirmişdir. Oraya çatdıqda o, sanitar qovağa getmək üçün oradan kənara getmiş, təxminən 5 dəqiqə sonra geri qayıtdıqda Zərərçəkmiş şəxs əli ilə sinə nahiyəsini tutaraq avtomobilə tərəf hərəkət etdiyini görüb nə baş verdiyini soruşmuş və söhbət əsnasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbə vurması ona məlum olmuşdur. Daha sonra o, Zərərçəkmiş şəxs öz avtomobilinə əyləşdirib Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparmış və sonradan Təqsirləndirilən şəxs də Zərdab Rayon Polis Şöbəsinə getməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uzun müddətdir tanımışdır. 20 avqust 2025-ci il tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək yaşadığı evin qarşısına çıxmasını demiş, o da çölə çıxdıqda Təqsirləndirilən şəxs avtomobildə onu gözlədiyi görmüşdür. O, Təqsirləndirilən şəxs onu çağırmasının səbəbini soruşmuş, söhbət əsnasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətməsi və bu səbəbdən də söhbət etməyə getməsi ona məlum olmuşdur. Daha sonra “Dədə Qorqud” dairəsi adlandırılan yerə getmişlər və hərəkətdə olarkən Şahid3 xalasının oğlu Şahid4 də yanlarında olmasının faydalı olacağını düşünərək sonuncunu oraya çağırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs danışdıqlarını Şahid4 də çatdırmış, Təqsirləndirilən şəxs avtomobili həmin yerdə saxlamış, o və Təqsirləndirilən şəxs Şahid4 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətində hərəkətə başlamışlar. Hərəkətdə olduqları müddətdə o və Şahid4 Təqsirləndirilən şəxs dalaşmamasını tövsiyə etmişlər, Təqsirləndirilən şəxs isə yalnız işlətdiyi nalayiq ifadəyə aydınlıq gətirmək üçün getdiyini bildirmişdir. Oraya çatdıqdan 3-4 dəqiqə sonra Zərərçəkmiş şəxs onların yanına gəlmiş, bu zaman Şahid4 sanitar qovşağa getmək üçün qeyd olunan yeri tərk etmiş, o isə təxminən 2 metr kənarda olan qaz borusunun üzərində oturmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməsinin səbəbini soruşmuş, söhbət əsnasında sonuncu yenidən Təqsirləndirilən şəxs və sonuncunun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, ardınca isə Zərərçəkmiş şəxs ona tərəfə dönərək Təqsirləndirilən şəxs ilə gəlməsinin səbəbini soruşmuşdur. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəf döndükdə Zərərçəkmiş şəxs kürək nahiyəsindən qanın axdığını görmüş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarın nahiyəsinə bıçaqla ikinci zərbəni vuran zaman adları qeyd olunan şəxsləri bir-birindən kənarlaşdırmaq üçün ayağa qalxmış və bu zaman Təqsirləndirilən şəxs bıçağı yaxınlıqdakı qamışlığa tullamışdır. Daha sonra Zərərçəkmiş şəxs Şahid4 avtomobilinə tərəf getmiş və bu barədə məlumat vermişdir. Bundan sonra Şahid4 Zərərçəkmiş şəxs avtomobilə əyləşdirib xəstəxanaya aparmış, o isə Təqsirləndirilən şəxs ilə birlikdə “Dədə Qorqud” meydanı adlandırılan yerə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020ci ildən, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs vasitəsi ilə tanımışdır. 17 avqust 2025ci il tarixdə axşam saatlarında rəfiqəsi Şahid2 yaşadığı evə getmək istəmiş, bu məqsədlə sonuncunun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək taksi göndərməsini xahiş etmiş, bir neçə dəqiqə sonra sonuncu ona zəng edib taksi olmadığını, amma bu barədə Samir adlı iş yoldaşından xahiş etdiyini demişdir. Samir adlı şəxs işdə olmadığı üçün dostu kimi Təqsirləndirilən şəxs bu barədə xahiş etmiş, təxminən 10-15 dəqiqə sonra sonuncu onun yaşadığı küçəyə gəlmiş və o da avtomobilə əyləşib Şahid2 yaşadığı evə getmişdir. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs “TikTok” sosial şəbəkəsində ona mesaj yazaraq Təqsirləndirilən şəxs avtomobilinə əyləşməsinin səbəbini soruşmuş, o isə ayrıldıqlarını və onun işlərinə qarışa bilməyəcəyini demişdir. Zərərçəkmiş şəxs bu barədə Təqsirləndirilən şəxs ilə danışacağını, sonuncunu və onu cəzalandıracağını demişdir. 20 avqust 2025-ci il tarixdə saat təxminən 16 radələrində Zərərçəkmiş şəxs yenidən “TikTok” sosial şəbəkəsində Şahid1 mesaj yazaraq Təqsirləndirilən şəxs söhbət etmək üçün gəldiyini, sonuncu ilə məsələni aydınlaşdırdıqdan sonra onunla da söhbət edəcəyini demiş, bir neçə saat sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərdab rayon sakini kimi, Zərərçəkmiş şəxs isə rəfiqəsi Şahid1 vasitəsilə tanımışdır. 17 avqust 2025-ci il tarixdə axşam saatlarında Şahid1 ona zəng edərək onun yaşadığı evə gəlmək istədiyini deyərək taksi göndərməsini xahiş etmiş, o isə tanıdığı bir neçə taksi sürücüsünə zəng etsə də taksi sürücüləri Zərdab rayonunun ərazisində olmadıqları üçün Samir adlı iş yoldaşına zəng edib Şahid1 onun yaşadığı evə gətirməsini xahiş etmişdir. Samir adlı şəxs Zərdab rayonunda olmadığını və Şahid1 onun yaşadığı evə gətirməsini Təqsirləndirilən şəxs xahiş edəcəyini demişdir. Bundan sonra o, Şahid1 zəng edib onu Təqsirləndirilən şəxs gətirəcəyini demiş, 20 avqust 2025-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərdab Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 20 avqust 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə “Zərdab Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən Zərərçəkmiş şəxs “döş qəfəsinin sağ yarısının aşağı hissəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, diafraqmanın və qaraciyərin zədələnməsi, daxili qanaxma, döş qəfəsinin arxa hissəsinin kəsilmiş-deşilmiş yarası və hemotoraks” xəsarətləri ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:05-də Zərdab Rayon Polis Şöbəsinə gələrək Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zərdab rayonunun Qoşaoba kəndidir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin yerdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini və bıçağı oraya tulladığını qeyd etmişdir. Baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 avqust 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 127.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 22 avqust 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 127.1-ci maddəsindən qeyd olunan Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 avqust 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 22 avqust 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və bu zaman o, hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 01 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs məxsus olan “Redmi” markalı mobil telefon baxış keçrilmiş və bu zaman mobil telefonda quraşdırılmış “WhatsApp” tətbiqində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çölə çıxmasını tələb etməsinə dair mesaj aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 07 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış və bu zaman o, hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərdab Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 08 oktyabr 2025ci il tarixli 18-1-79/2-658/2025 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs 21 noyabr 2024-cü il tarixdən həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində “kannobinoidlərdən istifadə” diaqnozu ilə dispanser qeydiyyatdadır, Psixiatriya kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 10 oktyabr 2025-ci il tarixli 142 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onda “döş qəfəsinin sağ yarısının ön səthinin aşağı hissəsindən döş boşluğuna keçərək plevranın və diafraqmanın zədələnməsi ilə müşahidə olunan kəsilmiş-deşilmiş yara və döş qəfəsinin sol yarısının arxa hissəsindən döş qəfəsinə və qarın boşluğuna keçərək qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşahidə edilən deşilmiş-kəsilmiş yara” diaqnozu ilə, 20 avqust 2025-ci il tarixdə deşicikəsici alətin, ola bilsin bıçağın təsirindən törənmiş və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, habelə “sağ bazunun aşağı üçdə birinin arxa səthində bir ədəd kəsilmiş yara” diaqnozu ilə, 20 avqust 2025-ci il tarixdə deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən törənmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş 20 oktyabr 2025-ci il tarixli 120/2-11515/25 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi vaxt ictimai qaydanın pozulmaması müəyyən olunmuş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın yerinin aşkar olunması mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 04 noyabr 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 25 noyabr 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 29,120, 126.2.4 və 143-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşamışdır, 11 yanvar 2023-cü il tarixdə doğulmuş X6 və 31 yanvar 2025-ci il tarixdə doğulmuş X8 onun himayəsindədir, yaşayış və iş yerləri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Zərdab Rayon Qeydiyyat X1 və X5 adına tərtib olunmuş doğum haqqında şəhətnamələrin surətlərindən görünür ki, həmin şəxslərin atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Zərdab rayonu, Qoşaoba kəndi, Şahid3 küçəsi, dalan 4, ev 1 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını və cinayətin açılmasına fəal kömək etməsini CM-in 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, ilk dəfə cinаyət əməlini törətməsini, cinаyət əməlini törətməsindən səmimi peşmаn olmasını, iş yeri və yаşаdığı ərаzi üzrə müsbət xаrаkterizə оlunmаsını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, hadisənin baş vermə mexanizmini, onun hadisədən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməlini törətməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eyni zamanda CM-in 60-cı maddəsinin tələblərini və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda CM-in 70.1-ci maddəsinə əsasən, azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmənin bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış və iş yerləri üzrə müsbət səciyyələnməsi, zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmaması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Qeyd olunanlara əsasən, məhkəmə şərti məhkum etmənin Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməli olmasını məqsədəmüvafiq hesab edir. Habelə CM-in 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə müəyyən vəzifələri qoya bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişdirməmək vəzifələri qoyulmаlıdır. Həmçinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – CİM) 179-cu maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sınаq müddəti dövründə Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Zərdab Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilməlidir. Eləcə də CİM-in 181-ci maddəsinə əsasən, sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərdab Rayon Məhkəməsinin 22 avqust 2025-ci il tarixli qərarından görünür ki, əvvəli 20 avqust 2025-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərdab Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həmin tarixdə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, CM-in 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdаn məhrum etmə növündə cəza şərti olaraq tətbiq edildiyindən onun hökm çıxarılanadək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı, habelə barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında itizam qətimkan tədbiri ilə dəyişdirilməli və barəsində seçimiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zərdab Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 29 avqust 2025-ci il tarixli 18-1-79/2-562/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 sentyabr 2025-ci il tarixli 630 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, əqli geriliyin və sair psixi xəstəliyin əlamətləri müəyyən olunmur. O, təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hərəkətləri CMin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zərdab Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 29 avqust 2025ci il tarixli 18-1-79/2-562/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Psixiatriya kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınаq müddəti ilə şərti hesаb edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə dəyişdirilsin və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Zərdab Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar