Məhkəmə qərarları › İş №1(091)-306/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-306/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-306/2023 26.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclas katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X7, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Zaqatala rayonu Mosul kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Zaqatala rayonu Mosul kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 18 avqust 2023-cü il tarixdə gecə vaxtı Zaqatala rayonu Kəpənəkçi kəndində yerləşən “Alazan” adlı kafedə birlikdə yeyib spirtli içki qəbul etdikdən sonra sabahısı gün üzərində saxladığı pul vəsaitlərinin əskik gəlməsində həmin gecə Təqsirləndirilən şəxs oğurluq etməsindən şübhələnərək aidiyyəti üzrə hüquq–mühafizə orqanlarına şikayət etmək əvəzinə, əsaslı dəlillərə malik olmadığı halda israrla əskik gələn 500 manatla yanaşı haqsız şəkildə əlavə 1500 manat, ümumilikdə isə 2000 manat pul tələb etməsi ilə bağlı aralarında yaranmış mübahisə zəminində sonuncu 19 avqust 2023-cü il tarixdə, saat 2227 radələrində zərərçəkmiş şəxsin həmin qanunsuz hərəkətlərinin təsiri altında alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “Vaz 2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin kafenin qarşısına gələrək avtomobildə gəzdirdiyi - əldəqayırma üsulla biz formasında hazırlanmış, deşici xassəyə malik alətlə qəsdən qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə endirərək qarın divarının daxilə nüfuz edən və peritonu zədələyən 1(bir) ədəd deşilmiş yarası xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 avqust 2023-cü il tarixdə saat 21 radələrində adətən başqa günlərdə olduğu kimi işdən sonra tanışı Zaqatala rayonu Kəpənəkçi kənd sakini Zərərçəkmiş şəxs kafesində Elnurla birlikdə ikisinə bir litr araq içmiş, sonra Kəpənəkçi kənd sakini Muraz da gəlib onlara qoşulmuşdur. Saat 23 radələrində Elnur kafedə olan otaqda yatmağa getdiyini, pivəni özlərinin süzüb içmələrini deyib getmiş, o, 7-8 bakal pivə, Muraz da 2 bakal pivə içmişdir. Elnur yatandan sonra içdikləri pivənin pulunu orada olan dəftərin arasına qoyduqdan sonra saat 02 radələrində hərəsi öz evlərinə getmişlər. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Elnur yaşadığı evə gəlib arvadı Pərvanəyə onun axşam evə pul gətirib-gətirmədiyini soruşmuş, arvadı İlhamın evə pul gətirmədiyini, içkili olmasını və yatdığını dedikdən sonra Elnur da arvadına təkidlə onu oyatmasını demişdir. Onu oyada bilmədiklərinə görə Elnur çıxıb getmiş, saat 13 radələrində yuxudan oyandıqdan sonra arvadı Pərvanəni ona bu barədə bildirdikdən sonra özünə məxsus Vaz 2106 markalı avtomobillə Kəpənəkçi kəndinə Elnurun işlətdiyi kafeyə getmişdir. Orada Elnurdan nə baş verdiyini soruşduqda sonuncu ona klounluq eləməməsini, axşam pulunu oğurladığını, əvvəlcə 60 manat, sonra 460-470 manat pul oğurladığını demişdir. Elnura özünə gəldikdən sonra yığışmalarını, anasını da gətirib and içəcəyini, Elnurun pulunu oğurlamadığını demişdir. Elnur qışqıra-qaşqıra ona pulu gətirməsini bildirmiş, həmin vaxt aralarında dava olmamış Elnura əhəmiyyət verməmişdir. Elnur ona vaxt qoyub 20 dəqiqəyə pulu gətirməli olduğunu bildirmişdir. Elnura heç nə deməyib Mosul kənd icra nümayəndəsi Elmanın yanına gedərək Kəpənəkçidən olan Elnurun ona şər ataraq gecə yatandan sonra cibindən pulunu oğurladığını demiş, Elman müəllim kəndin rəhbəri olduğuna görə sonuncudan bu işi yoluna qoymasını xahiş etmişdir. Şahid3 məlumatlandırandan sonra çıxıb yaşadığı evə getmiş, Elnurun sözlərindən əsəbiləşdiyinə görə günorta evdə tək 750 qramlıq bir şüşə araq içmişdir. 19 avqust 2023-cü il tarixdə saat təxminən 22:00 radələrində Elnurun adını bilmədiyi, lakin üzdən tanıdığı əmisi oğlu Elnurun Mercedes 190 markalı avtomaşını ilə yaşadığı kəndə evinin yanına gəlib ona Elnurun pul vaxtında çatmadığına görə iki min manat pul gətirməli olduğunu demişdir. Elnurun ona göndərdiyi bu sözdən bərk əsəbiləşmiş, özünə məxsus olan Vaz 2106 markalı avtomobili ilə Kəpənəkçi kəndinə Elnurun işlətdiyi kafeyə getmişdir. Saat 23 radələrində kafenin qarşısında dayanan Elnur onu görən kimi yanına gəlmiş, Elnur əlində bıçaq olduğunu və bıçaqla üstünə gəldiyini demişdir. Bu zaman avtomaşının salonunda olan saxlanc yerində saxladığı bizi götürüb avtomaşından düşmüş, üstünə gələn Elnura çatan kimi əlində olan bizlə bir dəfə sonuncunun qarına soxmuşdur. Bundan sonra bizi də götürüb öz avtomaşını ilə evinə gəlmiş, daha sonra evinə gələn polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Orada Elnura xəsarət yetirdiyi bizi polis əməkdaşlarına təqdim etmişdir. Etdiyi əmələ görə səmimi peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxslə barışmış, törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 avqust 2023-cü il tarixdə saat 21 radələrində tanışları İlham və Muraz ona məxsus kafedə onunla birlikdə yemək yeyib araq içmiş, gecə saat 01 radələrində kafedə özünə məxsus istirahət otağında yatmağa getmişdir. Həmin vaxt İlham və Muraz həyətdə pivə içdiklərinə görə sonuncuların nə vaxt getdiklərini bilməmişdir. Səhər açılanda müşahidə kameralarına baxanda gecə sonuncuların saat 04 radələrində getdiklərini bilmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Göyəm kənd sakini Asim adlı şəxs ona fındıq məhsulunun satışından 70 ədəd 20 manatlıq pul əskinasları, yəni 1400 manat pul vermiş, həmin pulu yatanda əynində olan şortikin cibinə qoymuşdur. bundan başqa cibində təxminən 300 manat pul da olmuşdur. Cibində olan pulları sayanda 25 ədəd 20 manatlıq pul əskinaslarının, yəni 500 manat pulun olmadığını bilmiş, kafenin müşahidə kameralarına baxanda İlhamın gecə saat 0310-da kafenin içərisindəki işıqlar sönülü halda həmin işıqları yandırmadan tək halda ağzında alışqanın işığı ilə onun yatdığı otağa daxil olmasını aydın görmüş və bir dəqiqə 30 saniyə içəridə o yatan otaqda qaldıqdan sonra Muraz İlhamın arxasınca o yatan otağın çölündə zalda olanda İlham otaqdan çıxaraq Murazla qarşılaşmışdır. Muraz İlhamın əlindən alışqanın işığını alıb sonuncuya divardakı işığın açarını göstərmiş, İlham gedib işığı yandırdıqdan sonra hər ikisi bar tərəfə getmişlər. Muraz iki bakal pivə süzmüş, İlham isə çölə çıxdıqdan 30 saniyə sonra kafeyə qayıtmışdır. Saat 0410 radələrində Muraz işıqları söndürmüş və ikisi də çıxıb getmişlər. Bundan sonra o, cibindən pulu İlhamın götürdüyünü əmin olduqdan sonra saat 11-12 radələrində İlhamgilə getmiş, həmin vaxt qarşısına çıxan İlhamın arvadına İlhamı çölə çağırmasını bildirmişdir. Pərvanə İlhamın yatdığını və nə məsələnin olduğunu soruşduqdan sonra aralarında pul məsələsinin olduğunu, İlham oyanan zaman onun kafesinə gəlməsini deyərək çıxıb getmişdir. Saat 14 radələrində İlham kafeyə gəlib qışqıraraq pul götürənin ünvanına söyüşlər işlətmiş, İlhamı kafeyə salaraq sonuncuya söyüş söyməməyini, cibindən pulunu götürməsini, pulunu gətirməsi üçün bir saat vaxt verməsini dedikdən sonra İlham çıxıb getmişdir. Daha sonra əmisi oğlu Həzrətəliyə İlhama pulunu vaxtında çatdırmasa sonuncudan 2000 manat pul alacağını çatdırmasını demişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində kafedən çöldə yolda ayrı-ayrılıqda fındıq alveri ilə məşğul olduğu Faldarlı kəndindən olan tanışı Elçin adlı şəxslə söhbət etdiyi zaman İlham özünə məxsus ağ rəngli Vaz 2106 markalı avtomobillə gələrək yanlarında saxlamış, heç bir söz demədən əlində olan deşici alətlə bir dəfə qarnına soxduqdan sonra o biri əli ilə onu vurmaq istəyəndə özünü əli ilə müdafiə etmişdir. İlham ikinci dəfə həmin deşici alətlə onu vurmaq istəyəndə özünü müdafiə edib İlhamın əlindəki aləti vurub yerə salmış, İlham yenidən həmin aləti götürərək onu vuranda qaçmış və qışqıraraq Elçinə İlhamın onu deşməsini bildirərək onu xəstəxanaya aparmasını demişdir. İlham onun arxasınca təxminən 100-150 metr qaçsa da ona çata bilməmiş, həmin vaxt Elçin özünə məxsus Ford markalı maşınla onu xəstəxanaya apararkən, dəmir yolunun yanında təcili yardım maşını ilə qarşılaşmış və təcili yardım maşını ilə xəstəxanaya getmişdir. İlhamın onun pulunu götürməsinə dair videogörüntü uzun müddət keçdiyinə görə silinmiş və həmin görüntüləri götürməmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə əri İlham evə gec gəldiyinə görə yatmış, xx.xx.2023-cü il tarixdə səhər oyananda əri İlhamın evdə yatdığını görmüşdür. 19 avqust 2023-cü il tarixdə saat 12 radələrində İlhamın tanışı Elnur onlara gələrək əri İlhamın evdə olub olmadığını soruşaraq sonuncunu çağırmasını bildirmişdir. İlhamı oyatmaq üçün nə qədər silkələsə də sonuncu oyanmamış, buna baxmayaq Elnur təkidlə İlhamı oyatmasını bildirmişdir. Yenə evə keçib İlhamı oyatmaq istəsə də oyanmamış, Elnur ondan gecə İlhamın evə pul gətirib-gətirməməsini soruşmuşdur. Elnura İlhamın evə pul gətirmədiyini bildirdikdən sonra Elnur İlham oyananda yanına gəlməsini bildirərək çıxıb getmişdir. Elnur gedəndən sonra evə girib İlhamın şalvarının cibinə baxanda orada cəmi 6 (altı) manat pul olduğunu görmüşdür. Saat 14 radələrində İlham oyanarkən sonuncuya Elnurun gəlməsini bildirmiş, sonra İlhamda olan 6 manat pulu işıq pulu üçün almışdır. Həmin vaxt İlham çıxıb getmiş, təxminən 2 saatdan sonra qayıdaraq əsəbi halda ona guya pul oğurlaması barədə İlhama şər atıldığını bildirmişdir. Təxminən bir saatdan sonra saat 17 radələrində İlham evdən çıxıb getmiş, hava qaralanda evə gəldikdən təxminən bir sat sonra polislər gəlib İlhamı aparmışlar. Bundan sonra İlhamın Elnuru bizlə vurduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zaqatala rayon Mosul kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi işləyən Şahid3 ifdəsində göstərmişdir ki, 19 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs kəndin icra nümayəndəliyinə gələrək təklikdə onunla söhbət edən zaman ona Kəpənəkçi kənd sakini Elnur adlı şəxsin özünə məxsus pulu oğurlaması ilə bağlı şər atdığını, haqqında həqiqətə uyğun olmayan fikirlər söylədiyini və bu səbəbdən kənd ərazisində əhali arasında utandığını bildirmiş, ondan kəndin icra nümayəndəsi olduğu üçün bu mövzu ilə bağlı bir tədbir görməsini xahiş etmişdir. İlhamdan Elnurun pulunu oğurlayıb-oğurlamadığını soruşduqda ona Elnurun uzun illərdir ki, dosdu olduğunu və ona qarşı elə bir addım atmayacağını bildirərək oğurlamadığını söyləmiş, İlhama bu məsələ ilə məğul olacağını bildirərək narahat olmamasını tapşırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifdəsində göstərmişdir ki, 19 avqust 2023-cü il tarixdə səhər saatlarında tanışı Elnur ona zəng edərək yaşadığı ünvana gəlmiş və birlikdə İlhamgilə getməyi xahiş etmiş, İlhamın yaşadığı ünvana çatan zaman Elnur ona İlham dünən gecə yatılı olan zaman cibindən pul oğurladığını bildirmişdir. Elnur İlhamın yoldaşı ilə danışmış, həmin danışığa hər hansı bir müdaxilə etməmişdir. İlham yatdığı üçün onlar oradan ayrılaraq Elnurun işlətdiyi kafeyə getmişlər. Kafedə bir müddət qaldıqdan sonra yaşadığı evə gedən zaman arvadı ona İlham onlara gəlib onu axtardığını bildirmiş, İlhamla görüşmək üçün sonuncunun yaşadığı ünvana gedən zaman kənd ərazisində rastlaşmışlar. İlham ilə bu barədə söhbət edən əsnada Elnur ona zəng edərək İlhama əgər 500 manat pulu vaxtında çatdırmasa şikayət edib həmin pulun əvəzində 2000 manat pul alacağını deməsini bildirmiş, Elnurun telefonda dediklərini İlham da eşidərək Elnurun pulunu oğurlamadığını və Elnurun şər atdığını bildirmişdir. Bundan sonra İlhamdan ayrılaraq getmiş, sonradan sonuncunun Elnuru bizlə vurub xəsarət yetirdiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifdəsində göstərmişdir ki, 19 avqust 2023-cü il tarixdə saat 22 radələrində iş yoldaşı Renatla birlikdə Zaqatala rayonu Kəpənəkçi kəndində ofisiant kimi işlədikləri kafenin içərisində əyləşərək çay içən zaman Zərərçəkmiş şəxs və sonuncunun dostu Elçin çöldə ağacın altında əyləşmiş, həmin vaxt kənd yolunda maşın səsi gəldiyini və həmin səsin kafeyə doğru yaxınlaşdığını hiss edib kafeyə müştəri gəldiyini zənn edərək o Renatla birlikdə çölə çıxmışlar. Bu zaman Təqsirləndirilən şəxs avtomaşından düşüb əlində olan alətlə Elnura qarın nahiyəsindən zərbə endirmiş, Elnur qarın nahiyəsindən zərbə aldıqdan sonra orada olan Ford markalı avtomobilin arxasından fırlanaraq oradan qaçaraq uzaqlaşmışdır. İlham Elnurun arxası ilə qaçmış, sonra sakit tərzdə geri qayıdaraq VAZ 2106 markalı avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Elnur Elçinə sonuncunu xəstəxanaya çatdırmasını bildirdiyinə görə Elçin Elnuru xəstəxanaya aparmışdır. Məhəkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 22 avqust 2023-cü il tarixli 312 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-qarın divarında daxilə nüfuz edərək peritonu zədələyən 1(bir) ədəd deşilmiş yara - iti əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, eləcədə yardım üçün Zaqatala RMX-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə iti uca malik deşici əşya ilə (alətlə) (ola bilsin bizlə) vurulmaqla yetirilə bilərdi, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 22 avqust 2023-cü il tarixli 309 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. İş materiallarına olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə ambulator psixiatrik və psixoloji ekspertizasının 14 noyabr 2023-cü il tarixli 720 nömrəli rəyində göstərilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərəkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmiş və ya onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istinta etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs CM-in 21 və 22-ci maddələrinin təsiri aıtəna düşmür. Onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə trasoloji-soyuq silah ekspertizasının 16 noyabr 2023-cü il tarixli 3-16-16/2-31808, 3/1809 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd predment əldəqayırma üsulu ilə biz formasında hazırlanmış deşici xassəyə malik alətdir, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. Təqdim edilmiş köynəyin, qolsuz maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş köynəyin, qolsuz maykanın səthində olan zədələr ucu deşici xassəyə malik olan bir ədəd predmentin, (biz) təsiri nəticəsində yaranmaya xarakterik deşilmə zədələridir. Belə predmetə tiyəsi (tiyənin ölçüləri əsasında) həmin xassəyə malik olan bizlərdə aiddir. Ümumi əlamətlərinə əsasən köynəyin, qolsuz maykanın səthində olan zədələrin təqdim edilmiş bir ədəd bizin də təsirindən yaranması mümkündür. Lakin, təqdim edilmiş köynəyin, qolsuz maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bizin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Köynəyin, qolsuz maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Qeyd olunan zədələr müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissədinə göstərilən şəraitdə yarana bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 noyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin videofayl 02 dəqiqə 22 saniyəni əhatə etməklə Zaqatala rayon Kəpənəkçi kəndində yerləşən Alazan adlı kafenin qarşısında Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilməsini əks etdirən video görüntülərindən ibarətdir. Videogörüntülərə əsasən Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə, saat 2227 radələrində özünə məxsus olan VAZ 2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin kafenin qarşısına gələrək əlində tutduğu əşya ilə Zərərçəkmiş şəxs qarın boşluğuna qəsdən bir dəfə zərbə vurduqdan sonra ərazidən uzaqlaşmış, hadisə baş verən zamanı Elçin adlı şəxs Elnurun yanında, Şahid4 və Şahid1 isə kafenin qarşısında olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon X4 Hüquqi Şəxsin 14 sentyabr 2023-cü il tarixli 18-1-78/2-1066/2023 nömrəli məktubunda gösərilmişdir ki, Zaqatala rayon Mosul kəndində qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Zaqatala rayon X6 Hüquqi Şəxsin narkoloji və Psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 20 avqust 2023-cü il tarixli 340 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mosul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayonu Mosul kəndində yaşamaqla yaşdığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2015-ci ildə doğulmuş Ceyhun Əsədullayev adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə saat 1830-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə cinayət işinin istintaqı zamanı toplanmış dəlillərlə Təqsirləndirilən şəxs CMin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən o, həmin maddə ilə məhkəmə məsuliyyətinə verilməlidir. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq CM-in 126.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi, himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən çoxsaylı halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 avqust 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi olan 128 AZN (yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 128 AZN (yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan bir ədəd uzunqol köynək, bir ədəd mayka və bir ədəd biz məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən) 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar