Məhkəmə qərarları › İş №1(091)-32/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-32/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-32/2022 14.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Sumqayıt Apellyasiya Məhkəməsinin 22.12.2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzasından çıxılmaqla üzərində 05 il 06 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırda cəzasını çəkən və barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən 2021-ci ilin aprel ayının sonlarında, yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsi ev 76 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində qanunsuz olaraq külli miqdarda 184 (yüz səksən dörd) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq edərək, 12 iyul 2021-ci il tarixədək həmin çətənə bitkilərini yetişdirib kultivasiya etmiş, həmin kultivasiya etdiyi çətənə bitkilərindən özünün istifadə etməsi məqsədilə istintaqla müəyyən edilməyən gündə və saatda 1 ədəd quru vəziyyətdə təmiz çəkisi 35,00 qram miqdarında çətənə bitkisinin hissəsini toplamış, 12 iyul 2021-ci il tarixdə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saat 11:50-dan 12:45-dək olan müddətdə Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsi ev 76 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə mütəxəssis aqronomun iştirakı ilə video çəkilişlə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs kultivasiya etdiyi ümumilikdə təmiz çəkisi 43 kq 319,30 qram olan külli miqdarda - 184 (yüz səksən dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və 1 ədəd quru vəziyyətdə təmiz çəkisi 35,00 qram miqdarında çətənə bitkisinin hissəsi qanunamüvafiq qaydada rəsmiləşdirilməklə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilk əvvəl onun evinin həyətindən aşkar olunan çətənə bitkilərindən yalnız 20 ədədinə aqrotexniki qaydada qulluq etdiyini, digər bitkilərin isə yabanı halda bitdiyini qeyd etsə də, məhkəmə istintaqının sonrakı mərhələsində ona CM-nin 237.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdyi xüsusatları təsdiq etmiş və əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 iyul 2021-ci il tarixdə Yevlax şəhəri E.Məmmədov küçəsi ev 76-da yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməklə məşğul olması barədə məlumat daxil olmuş, bu barədə rəhbərliyə məlumat verildikdən sonra polis əmkədaşları ilə birlikdə 12 iyul 2021-ci il tarixdə saat 11 radələrində Yevlax şəhəri E.Məmmədov küçəsi ev 76 ünvanına getmiş, Təqsirləndirilən şəxs orada olduğunu görərək ona yaxınlaşmış və özünü təqdim etmiş, Vüqara narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğu bildirilmiş və ona həyət sahəsinə baxış keçirilməsinin vacibliyi bildirilmiş, Təqsirləndirilən şəxs də həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını demiş, bundan sonra onlar Təqsirləndirilən şəxs, aqronom X2 və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmiş, baxış zamanı həyətyanı sahədən 171 (yüz yetmiş bir) ədəd çətənə bitkisi və həmin çətənə bitkilərinin yanında yerə sərilmiş vəziyyətdə qurudulmamış ümumi çəkisi 3120 (üç min yüz iyirmi) qram bitki kolları aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin çətənə bitkilərinin özünə məxsus olduğunu, çətənə bitkilərini həyətyanı sahəsində yetişdirdikdən sonra istifadə etməsi üçün əkdiyini, çətənə bitkilərini əkməsindən heç kimin xəbərinin olmadığını, əkdikdən sonra çətənə bitkilərinə qulluq etdiyini bildirmiş, aqronom Təqsirləndirilən şəxs əkmiş olduğu çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini təsdiqləmiş, daha sonra Təqsirləndirilən şəxs əkmiş olduğu çətənə bitkiləri köklərindən çıxarılmış, ekspertizaya göndərilməsi üçün kisələrə qoyulmaqla qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1, Şahid4 Sərdar oğlu və Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onların da Şahid2 ilə eyni məzmunlu ifadələr verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan 12.07.2021-ci il tarixli “Raport”dan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4la yaşayan 20.01.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib becərilməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 12.07.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə ünvan 4la yaşayan 20.01.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsi ev 76 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01, iş vər. 13). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış və götürmə aparılması haqqında” 12.07.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, aqranomun və Təqsirləndirilən şəxs iştirakı ilə video çəkilişlə sonuncunun yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsi ev 76 ünvanında yerləşən evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədən 171 (yüz yetmiş bir) ədəd çətənə bitkisi və həmin çətənə bitkilərinin yanında yerə sərilmiş vəziyyətdə qurudulmamış ümumi çəkisi 3120 (üç min yüz iyirmi) qram bitki kolları aşkar edilərək götürülmüşdür. Müvafiq video görüntülər CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 14-18). Cinayət işinin materiallarında olan 12.07.2021-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus Yevlax şəhəri E.Məmmədov küçəsi ev 76 ünvanında yerləşən evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən aşkar olunan 171 ədəd bitki kolları çətənə kollarına oxşar bitki kollarıdır. Həmin bitki kollarına aqrotexniki qaydada qulluq olunmuşdur (cild 01, iş vər. 19). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ekspertiza mərkəzindən alınmış 12.07.2021-ci il tarixli, 17/506 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd böyük sintetik kisənin içərisindəki 171 (yüz yetmiş bir) ədəd, hündürlükləri 12 sm-dən 230 sm-dək, yaş vəziyyətdə, ümumi təmiz çəkisi - 42 kq 335 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd kiçik sintetik kisənin içərisindəki 13 (on üç) ədəd hündürlükləri 73 sm-dən 213 sm-dək, nəm vəziyyətdə, ümumi təmiz çəkisi - 985 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd hündürlüyü 142 sm, quru vəziyyətdə, təmiz çəkisi – 35 qram olan birki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkkotik tərkibli çətənə (kannabis) birkisinin hissəsidir. Tədqiqata təqdim olunmuş, ümumilikdə 184 (yüz səksən dörd) ədəd çətənə (kannabis) bitkiləri və 01 (bir) ədəd çətənə (kannabis) birkisinin hissəsi tərkiblərinə görə eynidirlər. Alim-aqronom X3 tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə birkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (cild 01, iş vər. 42-45). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Psixo-nevroloji Dispanserdən verilən 13.08.2021-ci il tarixli “arayış”dan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Psixo-nevroloji Kabinetində dispanser müşahidədə dayanmır (cild 01, iş vər. 83). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Narkoloji Dispanserdən verilən 12.08.2021-ci il tarixli “arayış”dan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon narkoloji Kabinetində 05.03.2021-ci il tarixdən dispanser müşahidədə dayanır (cild 01, iş vər. 84). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 21.09.2021-ci il tarixli 1124 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 108). Cinayət işinin materiallarında olan 19.10.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1, 234.2 və 237.2.1-ci maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir (cild 01, iş vər. 129-136). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda Yevlax şəhəri E.Məmmədov küçəsi ev 76 ünvanında ailəsi ilə birlikdə yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 106-107). İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, həmin məhkumluqlar 2000ci ildən əvvələ təsadüf etdiyindn, onlara görə olan məhkumluqlar ödənilmişdir. Sonuncu dəfə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.07.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 28.01.2020-ci il tarixdən 07.07.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə hesablanmaqla cəzasını çəkmiş hesab edilmişdir (cild 01, iş vər. 78-79, 117-128). Cinayət işinə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 22.12.2021-ci il tarixli hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.07.2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs münasibətdə qismən ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 05 ay 09 gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 il 06 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hazırda şəxs həmin cəzasını çəkir. CM-in 18.1-ci maddəsində qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bu müddəa şəxsin əməlində cinayətlərin residivinin yaranması üçün barəsində qanuni qüvvəyə minmiş hökmün mövcud olmalı olduğunu ehtiva etdiyindən, CM-in 66.5-ci maddəsində isə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi və bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı olması ilə bağlı müddəa nəzərdə tutulduğundan, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən bundan əvvəlki cinayət əməli ilə bağlı olan hökm qanuni qüvvəsini almamışdır ki, qeyd olunanlara əsasən ona hökmlərin məcmusu ilə deyil, cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsi ilə bağlı vəziyyəti yaranır ki, belə olan halda, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi mövcud olmur. Odur ki, məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətinin təhlükəliliyini, yəni məhkumluğu olmasa da, barəsində məhkəmədə cinayət işi üzrə məhkəmə istintaqı getdiyi halda, özü də ağır cinayətin törədilməsində təqsirləndirildiyi halda, həmin iş üzrə ev dustaqlığında olduğu müddətdə yenidən ağır cinayət əməli törətməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, həmin cəza ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 22.12.2021-ci il tarixli hökmünə əsasən təyin olunan və üzərində saxlanılan cəzanın qismən toplanılması yolu ilə cinayətlərin məcmusu qaydasında qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 12.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 27-28). Cinayət işinin materiallarında olan 14.07.2021-ci il tarixli məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 12.07.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 70-72). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona cinayətlərin məcmusu ilə təyin olunan qəti cəzanın başlanğıcı isə hazırki iş üzrə onun şübhəli şəxs qismində tutulduğu 12.07.2021-ci il tarixdən hesablanmalı, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunan cəzaya hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın rəyində göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 184 ədəd narkotik tərkibli çətənə bitkiləri və 01 ədəd narkotik tərkibli çətənə bitkisinin hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmünə əsasən təyin olunan və üzərində saxlanılan 05 (beş) il 06 (altı) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni 12 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 184 ədəd narkotik tərkibli çətənə bitkiləri və 01 ədəd narkotik tərkibli çətənə bitkisinin hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar