Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-32/2023 11.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1997-ci ildə Şəki şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2mkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq özü istifadə etmək məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 470,29 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib 5,29 qram hissəsini üzərində saxlayıb daşımaqla və 465 qram hissəsini Şəki şəhəri, Sabit Rəhman küçəsində “Çöl yolu” deyilən ərazidə yerləşən Şəki rayon psixiatriya xəstəxanasının yaxınlığında olan yarımtikilidə gizlədərək saxlamış, 23 may 2022-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin və İctimai təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat-axtarış tədbirləri zamanı Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən 10 nömrəli orta məktəbin yaxınlığında həmin tarixdə saat 1610-da saxlanılaraq Şəki şəhəri, X11 prospekti 1 saylı ünvanda yerləşən Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarın sol ön cibindən 1 ədəd şəffaf sellofan bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,29 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra həmin tarixdə keçirilmiş tədbirlərin davamı olaraq Şəki şəhəri, Sabit Rəhman küçəsində “Çöl yolu” deyilən ərazidəki yarımtikiliyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin yarımtikilidə gizlədib saxladığı bir ədəd sellofan torbada, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 465 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan cəmi 2,416 qram çəkidə metamfetamini əldə edib, 03 ədəd qara-ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,441 qram, 0,184 qram və 1,791 qram olmaqla daşıyaraq üzərində saxlamış, 28 iyun 2022-ci il tarixdə Şəki şəhər-rayon X2 mübarizə qrupunun və Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı həmin tarixdə saat 2010 radələrində yaşadığı ünvan 5 ünvanındakı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri X11 prospekti 1 saylı ünvanda yerləşən Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 2147-dən etibarən üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümün içərisində 03 ədəd qara-ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,441 qram, 0,184 qram və 1,791 qram olmaqla ümumi çəkiləri külli miqdar təşkil edən, cəmi 2,416 qram çəkidə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 iyun 2022-ci il tarixdə saat 19 radələrində üzərində içərisində narkotik vasitə oan bir bükümlə yaşadığı küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə getməli olduğunu bildirmiş, polis şöbəsinə getdikdən sonra üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Buna baxmayaraq polislər ona əlavə iki büküm də verərək həmin bükümləri də boynuna almasını bildirmiş, ürəyində problemləri olduğuna olduğuna görə polislərin təklifi ilə razılaşaraq narkotik vasitənin özünə məxsus olmasını boynuna almışdır. Narkotik vasitə istifadəçisi olmaqla hər iki halda şəxsi istifadəsi üçün üzərində narkotik vasitə saxlamış, lakin metamfetamin üzərində az miqdarda olmaqla polislərin ona verdiyi əlavə metamfetamini boynuna almışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin may ayının ortalarında xatırlamadığı tarixdə Şəki şəhəri ərazisindəki Salıncaq meşəsində qoyun otaran zaman ətrafda olan çətənə kolunun yarpaqlarından istifadə etmək üçün sellofan torbaya qoyub yaşadığı Şəki şəhəri S.Mümtaz küçəsi ev 23 ünvanına aparmış və ailə üzvlərinin xəbər tutmamaları üçün və bir qədər nəm olduqlarından tam qurumaları üçün həmin çətənə bitkisinin yarpaqlarını onları topladıqdan sonra yığdığı selofan torbada yaşadığı evin həyətyanı sahəsindəki toyuq damında gizlətmişdir. Səhəri gün isə ailə üzvlərinin xəbər tutmamaları üçün həmin çətənə yarpaqlarını gizlədərək qurutmaqdan ötrü Şəki şəhəri Sabit Rəhman küçəsində “Çöl yol” deyilən ərazidə yerləşən Şəki rayon Psixiatriya Xəstəxanasının yaxınlığında olan yarımtikiliyə apararaq orada saxlamış, xx.xx.2022-ci il tarixdə həmin yarımtikiliyə gedib çətənə yarpaqlarına baxdıqda quruduqlarını görüb çətənə yarpaqlarından bir qədər götürüb istifadə etdikdən sonra daha sonra yenidən istifadə etmək məqsədi ilə həmin qurudulmuş marixuanadan bir qədər götürərək sellofana büküb cibinə qoyduqdan sonra vaxt keçirmək üçün Şəki şəhəri ərazisinə gəzməyə çıxmışdır. O, Şəki şəhəri Heydər Əliyev prospekti boyunca gəzən zaman 10 nömrəli orta məktəbin yaxınlığında olduğu vaxt mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirdikdən sonra üzərində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə polislərlə birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Şəki rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı sol ön cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd sellofan bükülü aşkar olunmuş, həmin kütləni özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülü qablaşdırılaraq götürüldükdən sonra “Çöl yol” deyilən ərazidəki yarım tikilidə də narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirdikdən sonra Şəki şəhəri, Salman Mümtaz küçəsində “Çöl yol” deyilən ərazidəki yarımtikiliyə keçirilən baxış zamanı evin döşəməsində üzərini sellofanla örtərək gizlədib saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı baxış iştirakçılarına təqdim etmişdir. Bundan başqa 26 iyun 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığındakı küçədə gəzişən zaman yerdən tapdığı içərisində psixotrop maddə olan metamfetaminin olduğu bükümləri götürüb siqaret qutusunun içərisində ayrı-ayrı vaxtlarda şəxsi istifadəsi üçün cibinə qoymuşdur. 28 iyun 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evin yaxınlığında küçədə oturan zaman iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onun üzərində şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə saxlamasında şübhəli olduğuna görə birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Etiraz etmədən polis şöbəsinə gedib orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən içərisində daha üç bükümdə metamfetaminin olduğu bükümü təqdim etmişdir. Həmin kütlənin bir hissəsini istifadə etmək, qalan hissəsini isə satmaq niyyəti ilə üzərində saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki rayon X3 X8 əməliyyat müvəkkili işləyən Şahid4 ifadəsində göstərmişdir ki, 28 iyun 2022-ci il tarixdə Şəki şəhər sakini Rofiq adlı şəxsin narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Şəki şəhəri S.Mümtaz küçəsi ev 23 ünvanındakı evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğunu demiş, Təqsirləndirilən şəxs onlarla birlikdə Şəki rayon Polis Şöbəsinə gəldikdən sonra şübhəli şəxs qismində dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən içərisində üç ədəd bükümdə metamfetaminin olduğu 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütləni 2 gün əvvəl yaşadığı evin yaxınlığında tapdığını, bir qədərini istifadə etdiyini, daha sonra isə həmin kütlənin yerdə qalanını 3 ədəd bükümə böldüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 23 may 2022-ci il tarixdə Şəki şəhər sakini «Rofiq» adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan İTB-nin polis sahə rəisi Şahid3 ilə birlikdə Şəki şəhəri H.Əliyev prospektində 10 nömrəli orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs onlarla birlikdə Şəki şəhər-rayon Polis gəldikdən sonra şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı sol ön cibindən içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütləni təxminən yeddi gün əvvəl Şəki rayonu ərazisindəki Salıncaq meşəsindən yığıb, yaşadığı evdə qurutduğunu, sonra isə Şəki şəhəri, Salman Mümtaz küçəsində “Çöl yol” deyilən ərazidəki yarımtikilidə saxladığını, üzərindən aşkar olunan həmin narkotik vasitəni də qeyd etdiyi yarımtikilidə saxladığı həmin narkotik vasitədən götürdüyünü, həmin yarımtikilidə narkotik vasitə saxladığını bildirdikdən sonra Şəki şəhəri Sabit Rəhman küçəsi “Çöl yol” deyilən ərazidə yerləşən Şəki rayon Psixiatriya Xəstəxanasının yaxınlığındakı yarımtikiliyə keçirilən baxış zamanı yarımtikilinin döşəməsində üzərini sellofanla örtərək gizlədib saxladığı, içərisində narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd sellofan torbanı təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki rayon X9 Təhlükəsizilik Bölməsinin sahə rəisi işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 iyun 2022-ci il tarixli, 17/539 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs müdafiəçi: Əliyev E iştirakçılar...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisində olan 03 (üç) ədəd qara-ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,441 qr., 0,184 qr. və 1,791 qr., ümumi çəkiləri – 2,416 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizanın 24 may 2022-ci il tarixli, 17/430 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 5,29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus narkotik vasitəyə bənzər kütlə...” sözləri və imzalar yazılmış göy rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi- 465,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 avqust 2022-ci il tarixli, 1192 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizanın 27 iyul 2022-ci il tarixli, 473 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsnin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətdikdən sonra yenidən qəsdən cinayət törətdiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən edilir. İş materiallarında olan baxış keçirilməsinə dair 28 iyun 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən üç ədəd ayrı-ayrı bükümlərdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsinə dair 23 may 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarının sağ ön cibindən bir ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsinə dair 23 may 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun göstərdiyi Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən “Çöl yolu” adlanan yerin yaxınlığındakı yarımtikilidə göy rəngli sellofan torbada narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki şəhər “Topqarağac” məhəllə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri S.Mümtaz küçəsi 23 nömrəli evdə yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində 2016-cı ildə doğulmuş Xədicə Əhmədova və 2017-ci ildə doğulmuş Tofiq Əhmədov adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan İnvitro MMC-nin xx.xx.2022-ci il tarixli tibbi müayinənin nəticələrinə dair sənəddən görünür ki, Təqsirləndirilən şəxs ekspress metod ilə müayinəsi zamanı onda “Morfin” və “Amphetamin” qəbulu faktı aşkar edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 401 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Əhmədov X5 şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur və müraciət etməmişdir. İş materiallarında olan Şəki Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixi, 1063 nömrəli məktubundan görünür ki, Şəki şəhəri S.Mümtaz küçəsi ev 23 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “Üzvi mənşəli həyəcan pozunluğu” diaqnozu ilə Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli **********1 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin sosial ödəniş (pensiya, təqaüd, müavinət) alan şəxslərə dair informasiya bazasında xx.xx.2016-cı il tarixindən xx.xx.2021ci il tarixinədək ümumi səbəbdən İİ dərəcə (orqanizmin funksiyasının 61-80% pozulmasına görə) əlilliyə görə sosial müavinət alan şəxs kimi qeydiyyatda olub. Vətəndaşa sosial müavinətin ödənişi əlillik müddətinin bitməsi səbəbindən dayandırılıb. İş materiallarına əlavə edilmiş 28 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2107-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 23 may 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1740-da şübhəli şəxs qismində tutulmuşdur. İç materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Şəki rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şəki rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən təsirə və təzyiqə məruz qalmasına dair müraciəti əsasında aparılmış araşdırmaya dair cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə üç bükümdə olsa da sonuncu bunu şəxsi istehlakı üçün həmin bükümlərdə saxlaması ilə izah etmiş, onun narkomaniya xəstəliyindən əzab çəkməsi, əvvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması, saxlanılan zaman tibbi müayinədən keçərkən “Morfin” və “Amphetamin” qəbulu faktının aşkar edilməsi və mobil telefonunda, SMS yazışmalarında psixotrop maddələrin satışını təsdiq edəcək hər hansı faktın aşkar olunmaması kimi hallar onun üzərindən aşkar olunmuş psixotrop maddəni şəxsi istehlak məqsədi ilə saxlaması qənaətinə gəlməyə əsas verir. İş materiallarında yer alan sübutlardan Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə üzərində saxlamasına dair ifadələrinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxs ibtidai araşdırma zamanı cinayəti qismən etiraf etsə də, onun ibtidai istintaqın sonrakı və məhkəmə istintaqı zamanı sərgilədiyi mövqe, yəni psixotrop maddəni şəxsi istifadəsi üçün saxlamasını bildirməsi, bu epizodla bağlı onun etirafını artıq şübhə altına qoymuşdur. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı və şübhəli şəxs qismində dindirilərkən psixotrop maddəni satış məqsədilə saxlamasına dair verdiyi etirafedici ifadələrinə iş üzrə üzrə digər sübutlarla təsdiq olunmadığına görə ifadənin həmin hissəsinə şübhə ilə yanaşır və onlarla razılaşmır. Eyni zamanda cinayət işi materiallarında olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 baş əməliyyat müvəkkili Şahid4 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda “Rofiq” adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması göstərilsə də bununla bağlı əməliyyat qeydiyyat-işi açılmamış, həmçinin əməliyyat tapşırığına verilən cavabda da Təqsirləndirilən şəxs konkret olaraq hansı şəxslərə narkotik vasitə və psixotrop maddə satması qeyd edilməmişdir. Rofiq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmaqla döyülməsi və ona qarşı digər qanunsuzluqlar edilməsinə münsibətdə qeyd edir ki, bu fakt üzrə Şəki Rayon Prokurorluğu tərəfindən araşdırma aparılaraq preyudisial əhəmiyyət kəsb edən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməklə ərizəçiyə həmin qərardan yuxarı prokurora və ya məhkəməyə şikayət vermək hüququnun olması izah edilmişdir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq onun əməli CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin həmin maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalanmalıdır. CM-in 234.1-ci madəsində nəzərdə tutulan əməl CM-in 234.1- 1-ci maddəsi ilə əhatə olunduğundan həmin maddə ona verilən ittihamdan çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi, himayəsində iki azyaşlı uşağının olması və “Üzvi mənşəli həyəcan pozunluğu” diaqnozu ilə Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təkrar törədilməsi və residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutlduğu 28 iyun 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 may 2022-ci il tarixdən 25 may 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 103,65 AZN (yüz üç manat altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 may 2022-ci il tarixdən 25 may 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutlduğu 28 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 103,65 AZN (yüz üç manat altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 5,27 qram və 464,98 qram olan narkotik vasitə qurudulmuş marixuana və 2,266 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-32/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-32/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver