Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-33/2022 22.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1955-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 09 may 2013-cü il tarixədək qüvvədə olan 144-1.1-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 09 may 2013-cü il tarixdən qüvvədə olan 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2011-ci ilin oktyabr ayının əvvəllərində yaşadığı Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən mənzildə Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının Antalya şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra 28 noyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Antalya şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşıladıqdan sonra kirayə yaşadığı mənzildə yerləşdirmiş və 30 noyabr 2011-ci il tarixdən 05 dekabr 2011-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2013-cü ilin sonlarında yaşadığı Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən mənzildə Zərərçəkmiş şəxs2 ilə danışaraq Türkiyə Respublikasının Antalya şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 14 yanvar 2014-cü il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Antalya şəhərinə aparmış, kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra 16 yanvar 2014-cü il tarixdən 13 fevral 2014-cü il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2015-ci ilin iyul ayının ortalarında yaşadığı Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən mənzildə Zərərçəkmiş şəxs2 ilə danışaraq Türkiyə Respublikasının Antalya şəhərində onu fahişəliyə cəlb etməklə daha çox gəlir əldə edəcəyini vəd edib zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 25 iyul 2015-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Antalya şəhərinə aparmış, kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra 27 iyul 2015-ci il tarixdən 11 avqust 2015-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1990-cı ilin sonlarından Türkiyə Respublikasının İstanbul və müxtəlif şəhərlərinə ticarətlə məşğul olmaq, yəni pal-paltar alıb gətirib satmaq üçün gedib-gəlmiş, sonradan ticarətlə məşğul olmaqdan kifayət qədər gəlir əldə edə bilməmiş və buna görə bu işlə məşğul olmağı dayandırmışdır. Həmin ərəfələr bacısı xəstə olduğu üçün sonuncunun övladlarına baxmış, maddi ehtiyacları səbəbindən Türkiyədə fahişəliklə məşğul olmağa başlamışdır. Onu heç kim fahişəliyə cəlb etməmiş, özü sərbəst şəkildə bu işi görmüşdür. 2011-ci ildə Qəbələ rayonunda yas mərasimində olarkən Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, sonuncu ondan xahiş etmişdir ki, onunla birlikdə Türkiyəyə getsin. Bundan sonra bir neçə dəfə Türkiyənin Antalya şəhərinə Arzu ilə getmiş, bir evdə kirayədə qalmış, Arzu özü üçün fahişəliklə məşğul olur, o isə ev işlərini görmüşdür. Arzunun fahişəliklə məşğul olmasından o hər hansı müştəridən pul götürməmiş, sonuncu özü müştərilərlə danışmış, cinsi əlaqədə olmaq üçün getmişdir. O isə evdə qalmış, Arzunun fahişəliklə məşğul olmasında hər hansı şəkildə iştirak etməmişdir. Arzu ilə Azərbaycana gəldikdən sonra sonuncu ilə əlaqəsi kəsilmiş, Zərərçəkmiş şəxs2 onun qardaşı Yaqubun yaxın münasibətdə olduğu şəxsin bacısı olmuşdur. Gülnarə onun Türkiyəyə getdiyini bildikdən sonra özü ondan xahiş etmişdir ki, onunla gedib orada özünə iş tapmaq istəyir. Uzaqdan qohum olduqları üçün razılıq vermiş, birlikdə bir neçə dəfə Türkiyənin Antalya şəhərinə gedib-gəlmişlər. Türkiyədə olduqları müddətdə o, özü tanışı olan müştərilərlə görüşüb cinsi əlaqədə olmuşdur. Gülnarə də onun yanında olmuş, özü müştəri tapıb sərbəst şəkildə müştəri ilə görüşüb müxtəlif hotellərə getmişdir. Kirayə pulunu birlikdə ödəmişlər. O, Gülnarənin müştərilərlə görüşməsindən hər hansı pul əldə etməmişdir. O, hər hansı qadının nə Türkiyədə, nə də Azərbaycanda fahişəliklə məşğul olmasında iştirak etməmiş, özü maddi ehtiyacları səbəbindən fahişəlik etmişdir. Lakin hər hansı şəxsi zorla, yaxud aldadaraq Türkiyəyə aparıb cinsi istismar etməmişdir. Odur ki, qeyd olunanlara əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2011-ci ilin əvvəllərindən tanıyır, həmin ərəfələr Qəbələ rayonunda yaşayan xalası rəhmətə getmiş, yas mərasimində iştirak etmək üçün getdikdə Qənimə də həmin mərasimdə olmuş, sonuncu ilə münasibəti yaranmış, Qənimə bildiyi qədəri ilə qonşu kənddən, daha dəqiq Qəbələnin Nohurqışlaq kəndindən olmuşdur. Qənimənin mobil telefon nömrəsini götürmüş və arabir sonuncu ilə əlaqə saxlayıb danışmışlar. Təqsirləndirilən şəxs Türkiyə Rüspublikasına gedib-gəldiyini, orada pul qarşılığında kişilərlə görüşdüyünü bilmişdir. Belə olub, maddi ehtiyacı ucbatından o da Təqsirləndirilən şəxs ilə birlikdə Türkiyə Respublikasına getmiş, lakin Qənimə onu nəyəsə məcbur etəmişdir. O, Türkiyə Rüspublikasında olarkən özü pul qarşılığında müştəri taparaq onunla cinsi əlaqədə olmuşdur. Qənimə ona Türkiyədə müştəri tapmamış, pul qarşılığında onu kişilərlə görüşdürməmiş, əldə etdiyi puldan Qəniməyə heç bir məbləğdə pul veməmişdir. Qənimə onu cinsi istismar etməmişdir. Ona qarşı heç bir cinayət törətməsə də, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Odur ki, məhkəmədən bu halların nəzərə alınmasını və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı, o cümlədən üzləşdirmə zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından, onun ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi, o cümlədən üzləşdirmə zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadələrində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs 2011-ci ilin əvvəllərindən tanıyır, həmin ərəfələr Qəbələ rayonunda yaşayan xalası rəhmətə getmiş, yas mərasimində iştirak etmək üçün getdikdə Qənimə də həmin mərasimdə olmuş, sonuncu ilə münasibəti yaranmış, Qənimə bildiyi qədəri ilə qonşu kənddən, daha dəqiq Qəbələnin Nohurqışlaq kəndindən olmuşdur. Qənimənin mobil telefon nömrəsini götürmüş və arabir sonuncu ilə əlaqə saxlayıb danışmışlar. 2011-ci ilin may ayının ortalarında Qənimə onu və anasını mənzilinə dəvət etmiş, təklif etmişdir ki, birlikdə Türkiyəyə getsinlər, iş tapıb işləsinlər. Qənimə ilə tanış olmazdan əvvəl o, anası ilə Türkiyədə olmuş, anası ticarətlə məşğul olmuşdur. Qəniməyə razılığını vermiş, danışıb razılaşdıqdan sonra 26 may 2011-ci il tarixdə Qənimə ilə birlikdə avtobusa əyləşib dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Antalya şəhərinə getmişlər. Anası Qənimə ilə birlikdə ticarətlə məşğul olmuş, 22 iyun 2011-ci il tarixdə Qənimə ilə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişlər. Bir neçə gün Qəniməgildə qalmış, 2-3 gün qaldıqdan sonra 25 iyun 2011-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə yenidən Antalya şəhərinə getmişlər. Əvvəlki qaydada Qənimə və anası ticarət malları almağa başlamışlar. 19 iyul 2011-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə yaşadığı Mingəçevir şəhərinə gəlmişlər. 2011-ci ilin oktyabr ayının əvvəllərində Qənimə onu təkbaşına öz evinə dəvət etmiş, ona bildirmişdir ki, artıq böyük qızdır, anası olmadan da ölkədən sərbəst çıxa bilər, işləri olduğu üçün bir neçə günə Türkiyənin Antalya şəhərinə gedəcək, orada onu işə düzəldə bilər, özünə bilet alıb, anasından icazə alıb yanına getsin. Qəniməyə razılıq vermiş, Qənimə Türkiyəyə getmiş, o isə 28 noyabr 2011-ci il tarixdə təkbaşına Türkiyənin Antalya şəhərinə getmişdir. Qənimə onu qarşıladıqdan sonra kirayə tutduğu evə aparmış və orada bildirmişdir ki, Antalya turist məkanı olduğu üçün orada tanıdığı bir çox kişilər var, həmin şəxslərlə onu görüşdürüb pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə bilər, yaşı az olduğu üçün ona yaxşı pul verəcəklər. O, Türkiyəyə pul qazanmaq üçün getmiş, Qənimənin ona başqa təklif etmədiyini görüb razılaşmış, həm də başqa çıxış yolu olmamışdır. Bundan sonra Qənimə onunla cinsi əlaqədə olmaq üçün gün ərzində 3-4 nəfər müştəri tapmış, müştərilər Qəniməni tanıdıqları üçün ona pul verməmiş, Qənimə müştəridən aldığı pulun yarısını ona vermişdir. Bu qaydada 4-5 gün Qənimə onu orada cinsi istismar etmişdir. Sonradan ona bildirmişdir ki, evdən çölə çıxmasın, Azərbaycanda işləri olduğu üçün getməlidir. Bunları dedikdən sonra Qənimə çıxıb getmişdir. Heç bir iş görə bilmədiyi üçün 11 dekabr 2011-ci il tarixdə təkbaşına Azərbaycana qayıtmışdır. 31 may 2021-ci il tarixdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dəvət olunduqdan sonra Qənimənin cinayət məsuliyyətinə cəlb olunmasını istədiyi üçün sonuncu barəsində həmin Baş İdarəyə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2011-ci ildən tanıyır, Qənimə bacısı Təzəgülün yaxın münasibətdə olduğu Yaqub adlı şəxsin bacısıdır. Qənimə tez-tez yaşadığı Yevlax rayonunda bacısının evinə gəlib-getmiş, buna görə də sonuncu ilə münasibəti yaranmışdır. 2013-cü ilin sonlarında Qənimə onu Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən mənzilinə dəvət etmiş, bir qədər ümumi söhbətdən sonra ona bildirmişdir ki, uzun müddətdir Türkiyə Respublikasına gedib-gəlir, bu yaxınlarda da Türkiyəyə getmək fikri var, Qənimə ilə getsə həm yol yoldaşı olar, həm də bekar durmaqdansa onun üçün iş tapa bilər. O Qəniməyə razılıq vermiş və pasportunun olmadığını bildirmişdir. Qənimə bunun problem olmadığını, onunla birlikdə pasport almağa gedəcəyini, yol pulunu da özünün ödəyəcəyini bildirmişdir. Qənimə ilə razılaşdıqdan sonra özünə pasport almış, pasportu hazır olduqdan sonra Qənimə ilə birlikdə pasportu götürmüş və sonuncu 14 yanvar 2014-cü il tarixdə səhər tezdən avtobusla Türkiyəyə gedəcəklərini bildirmişdir. Həmin gün gecə saatlarında Qənimlə ilə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan Türkiyənin Ankara şəhərinə, Ankaradan isə Qənimə bildirdiyinə görə Antalya şəhərinə getmişlər. Çatdıqda Qənimə tanışları ilə əlaqə saxlayıb kirayə ev tutmuş, bundan sonra Qənimə ona bildirmişdir ki, Türkiyədə özü də fahişəliklə məşğul olmuş, həmçinin onunla cinsi əlaqədə olmaq üçün müştərilər tapacaq, həm rahat, həm də tez pul qazanacaqdır. İlk dəfə xarici dövlətdə olduğundan, başqa çıxış yolu olmadığından Qəniməyə razılıq vermiş, sonuncu gün ərzində olduqları evə 3-4 nəfər kişi dəvət edir, onun həmin kişilərlə görüşüb cinsi əlaqədə olmağını təşkil etmişdir. Arabir Qənimə özü də gələn kişilərlə əylənir və cinsi əlaqədə olmuşdur. Türk pulundan başı çıxmadığı üçün Qənimə özü müştəridən pulu almış, dediyinə görə yarısını ona vermişdir. Bu qaydada bir ay Qənimə tərəfindən istismar edilmiş, 13 fevral 2014-cü il tarixdə sonuncu ilə birlikdə dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişlər. O Yevlax rayonunda avtobusdan düşmüş və Qənimədən ayrılmışdır. 2015-ci ilin iyul ayının ortalarında Qənimə yenidən onu yaşadığı Qəbələ rayonuna dəvət etmiş. Bir qədər Türkiyədə olanlardan söhbət etmiş, maddi vəziyyəti ilə maraqlanmış, o da bir qədər əvvəl Gürcüstana getdiyini, lakin normal ticarətlə məşğul ola bilmədiyini bildirmişdir. Qənimə qeyd etmişdir ki, yenidən Türkiyəyə gedəcək, onu da özü ilə birlikdə aparsın, müştərilərindən bəziləri onu bəyənmiş və məhz onunla görüşmək istəyirlər. Qənimə onun maddi vəziyyətinin pis olduğunu bildiyi üçün belə demiş, o da başqa cür dolana bilmədiyi üçün Qəniməyə razılıq vermiş, Qənimə telefonla danışdıqdan sonra ona bildirmişdir ki, 25 iyul 2015-ci il tarixdə avtobusla yola çıxacaqlar. Həmin tarixdə Qənimə ilə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Antalya şəhərinə getmişlər. Qənimə yenidən kirayə ev tutmuş və əvvəlki qaydada onunla cinsi əlaqədə olmaq üçün gün ərzində 3-4 nəfər müştəri evə dəvət etməyə başlamışdır. O müştərilərlə cinsi əlaqədə olduqdan sonra Qənimə pulu alır və bildirdiyinə görə yarısını ona vermişdir. Bu qaydada 10-12 gün Qənimə onu cinsi istismar etdikdən sonra sonuncuya bildirmişdir ki, artıq bu işlə məşğul ola bilmir, gün ərzində bir neçə nəfərlə görüşmək onun üçün dözülməzdir. Qənimə onun həqiqətən pis vəziyyətdə olduğunu görüb bildirmişdir ki, Azərbaycana qayıdacaqlar. 11 avqust 2015-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buaxılış məntəqəsindən keçməklə yaşadığı ünvana gəlmişdir. Qənimə ilə qohumluq münasibətləri olduğu üçün sonuncu barəsində şikayət etmək qərarına gəlməmiş, 01 iyun 2021-ci il tarixdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Sərxan Ağamirov onunla əlaqə saxlayaraq həmin idarəyə dəvət etmiş, hər hansı şəxs tərəfindən istismar olunubolunmamağı barədə soruşmuş, o da Qənimə barəsində bildirmiş və sonuncu tərəfindən cinayətə məruz qaldığını qeyd etmişdir. Bundan sonra X4 barəsində şikayət etmək istədiyini soruşmuş, o da cavabında Qənimənin cinayət məsuliyyətinə cəlb olunmasını istədiyini qeyd etmişdir. Buna görə də Qənimə barəsində həmin Baş İdarəyə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Bu halın nəzərə alınmasını və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir Cinayət işinin materiallarında olan 31.05.2021-ci il tarixli “Şifahi ərizə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək Qəbələ rayonunda tanış olduğu Təqsirləndirilən şəxs tərəfindən maddi vəziyyətinin çətin olduğundan işə düzəltmək adı ilə aldadılaraq 2011-ci ilin may ayından Türkiyə Respublikasının Antalya şəhərinə apararaq 2012-ci ilin fevral ayının əvvəllərinə qədər pul qarşılığında kişilərlə cinsi əlaqədə olmağa məcbur edildiyini və bunun qarşılığında Təqsirləndirilən şəxs qazanc əldə etdiyini bildirmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan 01.06.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək tanışı Təqsirləndirilən şəxs tərəfindən maddi vəziyyətinin çətin olduğundan işə düzəltmək adı ilə aldadılaraq 2015-ci ilin müxtəlif vaxtlarında Türkiyə Respublikasının Antalya şəhərinə apararaq pul qarşılığında kişilərlə cinsi əlaqədə olmağa məcbur edildiyini bildirmişdir (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, 22.09.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir (cild 01, iş vər. 80-83). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 06 sentyabr 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, Zərərçəkmiş şəxs1 28 noyabr 2011-ci il tarixdə saat 22:16 dəqiqədə «P4224344» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 11 dekabr 2011-ci il tarixdə saat 22:57 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 14 yanvar 2014-cü il tarixdə saat 21:05 dəqiqədə «C00110105» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 13 fevral 2014-cü il tarixdə saat 21:29 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 25 iyul 2015-ci il tarixdə saat 19:08 dəqiqədə «C00110105» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 11 avqust 2015-ci il tarixdə saat 23:54 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 07 noyabr 2011-ci il tarixdə saat 03:25 dəqiqədə «P4534899» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 05 dekabr 2011-ci il tarixdə saat 02:45 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 14 yanvar 2014-cü il tarixdə saat 21:05 dəqiqədə «P4534899» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 13 fevral 2014-cü il tarixdə saat 21:30 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 25 iyul 2015-ci il tarixdə saat 19:09 dəqiqədə «P4534899» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 11 avqust 2015-ci il tarixdə saat 23:59 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur (cild 01, iş vər. 77-78). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də ona istinad olunan cinayət əməllərini törətmişdir. Lakin ibtidai istintaq orqanı tərəfindən törədilən cinayətlə və Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın məzmunu ilə bağlı düzgün nəticəyə gəlinsə də, səhvən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 09 may 2013-cü il tarixədək qüvvədə olan 144-1.1-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 09 may 2013cü il tarixdən qüvvədə olan 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 09 may 2013-cü il tarixədək qüvvədə olan 144-1.1-ci maddəsi ilə irəli sürülən ittiham ona qarşı irəli sürülən hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə irəli sürülən ittihamla əhatə edildiyindən, əlavə olaraq ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 09 may 2013-cü il tarixədək qüvvədə olan 144-1.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi düzgün olmamışdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Eyni zamanda, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında da göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 09 may 2013-cü il tarixədək qüvvədə olan 144-1.1-ci maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs cinayət əməli isə iş üzrə dindirilən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi və biridigərinə uyğun gələn digər sübutların məcmusu ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməllər CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı, o cümlədən ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxsləri cinsi istismara məruz qoymamasına dair göstərdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, onun qeyd etdikləri cinayət işinin materialarında olan sübutlarla (zərərçəkmiş şəxslərin ifadələri ilə və s. sübutlarla) təkzib olunur. Odur ki, məhkəmə kollegiyası tərəfindən həmin ifadələr müdafiə xarakterli ifadə kimi qəbul edilir və onunla razılaşılmır. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı qeyd etdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs aralarında olan rəfiqə münasibətlərini əsas götürərək təqsirləndirilən şəxsə qarşı onu ifşa edən ifadə vermək istəməmiş və bu yolla onu cinayət məsuliyyətindən qurtarmağa çalışmışdır. Onun bu ifadəsi təqsirləndirilən şəxsi müdafiə etməyə yönəldiyindən, məhkəmə həmin ifadələri həqiqəti əks etdirən və obyektiv ifadə kimi qəbul etmir, ona görə də şəxsin ibtidai istintaq zamanı heç bir təzyiq qarşısında qalmadan, sərbəst şəkildə verdiyi ifadələri (həm zərərçəkmiş şəxs qismində dindirilərkən, həm də təqsirləndirilən şəxslə üzləşdirilərkən verdiyi ifadələr) həqiqi ifadə kimi qəbul edərək təqsirləndirilən şəxsə qarşı elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda Qəbələ rayonu, Nohurqışlaq kəndində yaşayır, barəsində heç bir şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 121-122). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 40). Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən, habelə cəzasını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan 22.09.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 09 may 2013-cü il tarixədək qüvvədə olan 144-1.1-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 09 may 2013-cü il tarixdən qüvvədə olan 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə təqsirləndirilən şəxsi qismində cəlb edilmiş və barəsində həmin tarixdə başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 97-98, 115- 116). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının başlanğıcı isə hökmün çıxarıldığı tarixdən, yəni 22.04.2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbs edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübutun, məhkəmə məsrəflərinin, mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 22.04.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-33/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-33/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver