Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-35/2021 16.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, xx xxxxxx 1976-cı il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1978-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ucar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ucar şəhəri 28 May küçəsi döngə 1 ev 11 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 2019-cu ilin mart ayının əvvəllərində Kürdəmir rayon sakini, xx.xx.1967-ci il təvəllüdlü, Kürdəmir rayonunun Atakişili kəndində qeydiyyatda olmuş və yaşamış, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 01 ədəd şüşə qabda təmiz çəkisi 0,637 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 54,568 qram, 01 ədəd sellofan bükümün içərisində olan 15 ədəd sellofan bükümdə ümumi təmiz çəkiləri 14,605 qram – ümumilikdə 69,81 qram çəkidə külli miqdarda heroini və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 20,535 qram olan tiryəki satın alaraq xx xxxx 2020-ci il tarixdə tanışı Ucar rayon sakini Təqsirləndirilən şəxs1 Ucar şəhəri 28 May küçəsi döngə 1 ev 11 ünvanında yerləşən evinə qonaq gələrkən daşıyaraq gətirmiş, qeyd edilən narkotik vasitələri həmin evdə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə saxlamış, xx xxxx 2020-ci tarixdə saat 10 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qeyd olunan 69,81 qram çəkidə heroin, 20,535 qram çəkidə tiryək və üzərində heroin hissəcikləri olan 01 ədəd elektron tərəzi həmin evə baxış zamanı aşkar edilərək götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə özünə məxsus olan Ucar şəhəri 28 May küçəsi döngə 1 ev 11 ünvanında yerləşən evinə qonaq gələn tanışı, Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan bir qrup şəxs halında hərəkət edərək sonuncuya məxsus olan 01 ədəd şüşə qabda təmiz çəkisi 0,637 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 54,568 qram, 01 ədəd sellofan bükümün içərisində olan 15 ədəd sellofan bükümdə ümumi təmiz çəkiləri 14,605 qram – ümumilikdə 69,81 qram çəkidə külli miqdarda heroini və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 20,535 qram olan tiryəki və özünə məxsus olan 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,173 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,578 qram – ümumilikdə 1,751 qram çəkidə heroini, istintaqa məlum olmayan mənbədən əldə etdiyi 430 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qeyd edilən ünvanda yerləşən evində satış məqsədi ilə saxlamış, xx xxxx 2020-ci tarixdə saat 10 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan 69,81 qram çəkidə heroin, 20,535 qram çəkidə tiryək, 1,751 qram çəkidə heroin, üzərində heroin hissəcikləri olan 01 ədəd elektron tərəzi, həmçinin xx xxxx 2020-ci il tarixdə onun evinə təkrar baxış zamanı təmiz çəkisi 430 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ilk əvvəl ibtidai istintaq zamanı işgəncəyə məruz qaldığını və ona görə də, etirafedici ifadə vermək məcburiyyətində qaldığını, bu barədə prokurorluqda araşdırma aparıldığını qeyd etmiş, daha sora isə özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan heroin və tiryək istifadəçisi olmuşdur. Sonuncu dəfə 2019-cu ilin mart ayının əvvəllərində o, Kürdəmir rayonunda X1 1050 manat pul müqabilində narkotik vasitə olan heroin və tiryək almışdır. xx xxxx 2020-ci il tarixdə Ucar rayonundakı tanışı Təqsirləndirilən şəxs1 evinə gəlmişdir. Azərdən aldığı narkotik vasitəni də özü ilə birlikdə istifadə etmək üçün Elçingilə gətirmişdir. Həmin narkotik vasitələrdən Elçinlə birlikdə istifadə edirmişlər. xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində Elçinin evinin qapısı döyülmüşdür. Onlar birlikdə qapıya çıxmışlar. Görmüşlər ki, gələnlər polis əməkdaşlarıdırlar. Polis əməkdaşları özlərini təqdim edərək bildirmişlər ki, onlarda Elçinin qanunsuz olaraq narkotik vasitə olan herion saxlaması və satması barədə əməliyyat məlumatı vardır. Buna görə də, evə baxış keçirməlidirlər. Elçin də buna heç bir etirazının olmadığını bildirib öz icazəsi ilə polis əməkdaşlarını içəri dəvət etmişdir. Baxış zamanı polis əməkdaşları onlara təklif etmişlər ki, əgər evdə hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etsinlər. Bundan sonra o, onların Elçinlə birlikdə qaldıqları otaqda olan çarpayının döşəyinin altında ona məxsus olan, onun Kürdəmir rayonunda Kürdəmir rayon sakini X1 aldığı sellofan paketi təqdim edərək bildirmişdir ki, burada ona məxsus narkotik vasitələr heroin və tiryək vardır. Polis əməkdaşları həmin sellofan paketə baxarkən onun içərisindən 01 ədəd qəhvəyi rəngdə böyük büküm, sellofana qablaşdırılmış şəkildə 15 ədəd kiçik büküm, sellofana bükülmüş şəkildə qara rəngli büküm, 01 ədəd içərində narkotik vasitə olan herion qalıqları olan kiçik şüşə qab aşkar edərək götürmüşlər. Bundan sonra polis əməkdaşları Elçindən evdə başqa hər hansı qanunsuz predmet və ya əşya olub-olmadığını soruşduqda Elçin gödəkçəsinin cibindən bir ədəd sellofan bükümü və bir ədəd kiçik kağız bükümünü çıxararaq bildirdi ki, bu narkotik vasitə olan heroindir. Daha sonra bütün aşkar edilmiş narkotik vasitələr hal şahidlərinin də iştirakı ilə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Hazırda əməlindən peşmandır, bibisi birinci qrup gözdən əlildir və onun himayəsindədir, həmçinin himayəsində iki azyaşlı uşağı vardır. Qeyd olunanları nəzərə alaraq əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ilk əvvəl ibtidai istintaq zamanı işgəncəyə məruz qaldığını və ona görə də etirafedici ifadə vermək məcburiyyətində qaldığını, bu barədə prokurorluqda araşdırma aparıldığını qeyd etmiş, daha sora isə özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qardaşı Raufa görə tanımışdır. Tofiqlə 5-6 aydır ki, dostluq münasibətləri saxlayır. Ailə problemləri olduğundan Tofiq 2-3 dəfə gəlib onun evində qalmışdır. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə Tofiq onun yaşadığı evə gəlmişdir. Tofiq onun evinə gələn zaman əlində sellofan paket olmuşdur. O, Tofiqdən onun içində nə olduğunu soruşduqda Tofiq bildirmişdir ki, narkotikdir. Yarısının yiyəsi var gəlib aparacaq, yarısı da ki özünündür. Həmin gün axşam həm o, həm də ki Tofiq həmin narkotik vasitə olan heriondən istifadə etmişlər. xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində evinin qapısı döyülmüşdür. Onlar Tofiqlə birlikdə qapıya çıxmışlar. Görmüşlər ki, gələnlər polis əməkdaşlarıdırlar. Polis əməkdaşları özlərini təqdim edərək bildirmişlər ki, onlarda onun qanunsuz olaraq narkotik vasitə olan heroin saxlaması və satması barədə əməliyyat məlumatı vardır. Buna görə də, evə baxış keçirməlidirlər. O da buna heç bir etirazının olmadığını bildirib öz icazəsi ilə polis əməkdaşlarını içəri dəvət etmişdir. Baxış zamanı polis əməkdaşları onlara təklif etmişlər ki, əgər evdə hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etsinlər. Bundan sonra Tofiq onların birlikdə qaldıqları otaqda olan çarpayının döşəyinin altında özünə məxsus olan sellofan paketi təqdim edərək bildirmişdir ki, burada özünə məxsus narkotik vasitələr heroin və tiryək vardır. Polis əməkdaşları həmin sellofan paketə baxarkən onun içərisindən 01 ədəd qəhvəyi rəngdə böyük büküm, sellofana qablaşdırılmış şəkildə 15 ədəd kiçik büküm, sellofana bükülmüş şəkildə qara rəngli büküm, 01 ədəd içərində narkotik vasitə olan heroin qalıqları olan kiçik şüşə qab və 01 ədəd elektron tərəzi aşkar edərək götürmüşlər. Bundan sonra polis əməkdaşları ondan evdə başqa hər hansı qanunsuz predmet və ya əşya olub-olmadığını soruşduqda o, gödəkçəsinin cibindən bir ədəd sellofan bükümü və bir ədəd kiçik kağız bükümünü çıxararaq bildirmişdir ki, bu, narkotik vasitə olan heroindir. Daha sonra bütün aşkar edilmiş narkotik vasitələr hal şahidlərinin də iştirakı ilə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bundan əlavə, 2019-cu ilin təxminən sentyabr ayında Ucar rayonu ərazisində çöl torpaq sahələrində özü üçün gəzərkən çöl sahəsində bitmiş olan çətənə bitkisinin kollarını tapmışdır. Həmin zaman da o həmin çətənə bitkisinin kollarının yarpaqlarından bir qədər yığıb öz yaşadığı evə gətirmişdir. Evin banında həmin çətənə bitkisindən yığdığı hissələri yerə sərərək qurutmuşdur ki, lazım olduqca istifadə edər. Lakin sonradan çox istifadə etmədiyindən həmin yığdığı marixuananı qara rəngli sellofan paketdə evdə saxlamışdır. xx xxxx 2020-ci il tarixdə isə onun evinə təkrar baxış zamanı təmiz çəkisi 430 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hazırda əməlindən peşmandır, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ucar rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxx 2020-ci il tarixdə ona Ucar şəhəri 28 May küçəsi ev 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 öz yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib saxlaması və satması barədə şöbədə çalışan baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o, raportla dərhal rəhbərliyə məruzə etmiş və müvafiq əməliyyat qrupu yaradılmışdır. Daha sonra onlar qeyd olunan tərkibdə Təqsirləndirilən şəxs1 evinə baxış keçirmək üçün getmişlər. Təqsirləndirilən şəxs1 evinə çatdıqda onlar qapını döyüb ev sahibini çağırmışlar. Elçin özü qapıya gəlmişdir. Onlar özlərini təqdim edib Elçinin qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib saxlaması və satması barədə əməliyyat məlumatının olduğunu və buna görə də, evə baxış keçirməli olduqlarını bildirmişlər. Elçin də heç bir etirazının olmadığını bildirib onları içəri dəvət etmişdir. Evə baxış zamanı yaşayış evinə sağ tərəfdə olan pilləkəndən qalxdıqdan sonra 1-ci otağın girişində Elçin və onun evində qonaq olan Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs2 izah olunmuşdur ki, evdə cinayət tərkibli hər hansı predmet və ya əşya varsa, təqdim etsinlər. Bundan sonra Təqsirləndirilən şəxs2 öz yataq yerini göstərərək bildirmişdir ki, həmin yerdə yataq dəstinin altında narkotik vasitələr vardır. Daha sonra Təqsirləndirilən şəxs2 yataq dəstinin döşəyini qaldıraraq oradan 01 ədəd sellofan torba çıxararaq bildirmişdir ki, həmin sellofan torbanın içərisində narkotik vasitə olan heroin və tiryək vardır. Həmin sellofan torba açıldıqda onun içərisindən qəhvəyi rəngli 01 ədəd böyük büküm, sellofana qablaşdırılmış 15 ədəd kiçik büküm, 01 ədəd sellofana bükülmüş qara rəngli büküm və 01 ədəd kiçik şüşə qab olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin aşkar edilmiş predmetlər onun özünə məxsusdur, Kürdəmir rayonundan alaraq tanışı Təqsirləndirilən şəxs1 evinə gətirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 evdə olan paltarasılandan asılmış gödəkçəsinin cibindən bir ədəd sellofan bükümdə və bir ədəd kiçik kağız bükümü təqdim edərək bildirmişdir ki, həmin maddələr heroindir. Öz istifadəsi üçün almışdır. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr elektron tərəzidə çəkilmiş və ayrı-ayrılıqda zərflərdə qablaşdırılmışdır. Daha sonra həmin otaqda olan şkafdan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid5 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadə əsasında Şahid1 digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, həqiqətən də, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evində polis əməkdaşları ilə birlikdə baxışın keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Yaşayış evinə daxil olduqdan sonra 1-ci otağın girişində Elçin və onun evində qonaq olan sonradan adını bildiyi Tofiqə polis əməkdaşları tərəfindən üzərlərində və evdə olan cinayət xarakterli hər hansı əşya varsa, təqdim etmələri təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 evində qonaq olan Təqsirləndirilən şəxs2 yataq yerini göstərərək yataq dəstinin altından 1 ədəd sellafon torba çıxarmışdır. Bundan sonra iştirakçılarla birlikdə sellafon torba açıldıqda içərisindən qəhvəyi rəngli 1 ədəd böyük büküm, sellofanda 15 ədəd kiçik büküm, 1 ədəd sellofana bükülmüş qara rəngli büküm və 1 ədəd kiçik ölçülü şüşə qab olduğu müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 onun yataq dəstinin altından çıxan maddələrin heroin və tiryək növlü narkotik vasitələr olduğunu qeyd etmişdir. Həmçinin orada olan zaman Təqsirləndirilən şəxs1 də evində saxladığı 1 ədəd sellofan bükümdə, 1 ədəd isə kiçik ölçülü kağız bükümdə olan narkotik vasitə olan maddələri polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid8 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1ı uzun müddətdir ki, tanımışdır. Onunla qohumluq münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs2 da tez-tez Elçinin evinə gəlib-getdiyini görmüşdür. Lakin onların narkotik vasitənin satışı ilə məşğul olması barədə onda hər hansı bir məlumat olmamışdır və bunu görməmişdir. Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, Şahid6 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Ucar rayon sakini Təqsirləndirilən şəxs1 uzun müddətdir ki tanıyır. Onun Təqsirləndirilən şəxs1lə hər hansı bir yaxın qohumluq münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs2 iki ay olar ki tanıyır.O təxminən üç aydır ki, Təqsirləndirilən şəxs1 evində yaşayıb, onun həyət işləri ilə məşğul olur. İki ay olar ki Təqsirləndirilən şəxs2 Elçinin evinə gələrək bir müddət orada yaşayır. Lakin çox qalmırmış. Bir dəfə də Tofiq ailəsi ilə gəlmişdir. Tofiq gələndə özü ilə narkotik vasitələr gətirməsindən şübhələnirmiş. Çünki hər dəfə Tofiq Elçingilə gələndə evə müxtəlif şəxslər gəlib gedirmişlər. Lakin dəqiq olaraq Tofiqin narkotik vasitə gətirdiyini görməmişdir. Təxminən iki gün əvvəl Təqsirləndirilən şəxs2 Kürdəmirdən Təqsirləndirilən şəxs1 yaşadığı evə gəlmişdir. Həmin zaman Tofiqin əlində sellafon paket olmuşdur. Elçin həmin zaman həyətdə Tofiqlə görüşdükdə soruşmuşdur ki, paketdəki nədir. Tofiq də bildirmişdir ki, həmişəkindən, eyni narkotiklərdi. O yenə də heç nəyə fikir verməmişdir. Bundan sonra səhəri gün, yəni xx xxxx 2020-ci il tarixdə Elçinin yaşadığı evə müxtəlif şəxslər gəlib getməyə başlamışdır. O həmin zaman başa düşmüşdür ki, Elçin Tofiqlə birlikdə narkotik satır. xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində polis əməkdaşları Elçinin yaşadığı ünvana gəlmişlər. Həmin zaman o həyətdə olmuşdur. Polis əməkdaşları Elçinə bildirmişdir ki, onlarda Elçinin narkotik vasitə saxlaması və satması barədə əməliyyat məlumatı var və buna görə də Elçinin evinə baxış keçirməlidirlər. Bundan sonra Elçin polis əməkdaşlarına evə baxış keçirilməsi üçün icazə vermişdir. Həmin zaman o baxışda iştirak etməmişdir. Küçəyə çıxıb gözləmişdir. Sonradan ona məlum olmuşdur ki, evdə baxış keçirilərkən Tofiq yatdığı çarpayının altından paketi çıxararaq polis əməkdaşlarına təqdim etmiş, polislər paketdə aşkar olunan narkotik vasitələri tərəzidə çəkərək qablaşdırmışlar. Sorğu zamanı Tofiq bildirmişdir ki, həmin narkotiklər özünə məxsusdur özü istifadə etmək üçün ora gətirmişdir. Lakin, o qeyd etmişdir ki, Tofiq yalan danışır. Tofiq narkotiki Təqsirləndirilən şəxs1 gətirmişdir ki, birlikdə satsınlar. O Elçingilin narkotik vasitə satmalarından əvvəllər şübhələnsə də (tanımadığı şəxslərin gəlib-getməsi), bu barədə dəqiq məlumatı olmamışdır. Lakin sonuncu dəfə həyətdə Tofiq Elçinə bildirəndə ki, “paketdəki həmişəki kimi narkotik vasitələrdir”. Həmin zaman dəqiq bilmişdir ki, onlar narkotik satırlar. Buna görə də qeyd edilən məlumatı dəqiqləşdirmək üçün bir qədər gözləmək qərarına gəlmişdir ki, görsün evə yenə kimlərsə gəlib gedəcəkmi. xx xxxx 2020-ci il tarixdə artıq müxtəlif şəxslər yenidən Elçinə məxsus evə gəlməyə başladıqda özlüyündə yəqin etmişdir ki, Elçin Tofiqlə birlikdə narkotik satır. Buna görə də qərara almışdır ki, səhəri gün bu barədə polisə məlumat versin. xx xxxx 2020-ci il tarixdə isə artıq polis əməkdaşları onlarda olan əməliyyat məlumatı əsasında Elçingildən həmin narkotik vasitələri aşkar edərək götürmüşlər. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli raportdan görünür ki, polis şöbəsinə Ucar şəhəri 28 May küçəsi döngə 1 ev 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələri qanunsuz daşıması, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 6). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Ucar şəhəri 28 May küçəsi döngə 1 ev 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və onun yaşadığı ünvana, üzərinə şəxsi axtarış, baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 7) Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 10) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə hal şahidlərinin, polis əməkdaşlarının, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı Ucar şəhəri 28 May küçəsi döngə 1 ev 11 ünvanına baxış keçirilmiş və baxış zamanı 01 ədəd şüşə qabda təmiz çəkisi 0,637 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 54,568 qram, 01 ədəd sellofan bükümün içərisində olan 15 ədəd sellofan bükümdə ümumi təmiz çəkiləri 14,605 qram heroin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 20,535 qram olan tiryək, o cümlədən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,173 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,578 qram heroin aşkar olunaraq götürülmüş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 11-19) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs1 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı Ucar şəhəri 28 May küçəsi döngə 1 ev 11 ünvanına təkrar baxış keçirilmiş və baxış zamanı 430 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 135-137) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020ci il tarixli 17/176 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı... ev 11-də özünün təqdim etdiyi...” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,173 qram və 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,578 qram, ümumi təmiz çəkiləri – 1,751 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı... ev 11-də aşkar edilərək götürülmüş...” sözləri yazılmış zərfi açdıqda içərisindəki; 01 ədəd şüşə qabda, təmiz çəkisi – 0,637 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 54,568 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd sellofan bükümün içərisində olan 15 ədəd sellofan bükümlərdə, ümumi təmiz çəkiləri – 14,605 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 20,535 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim olunmuş 01 ədəd zərfin içərisindəki 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə və 01 ədəd sellofan bükümdə, həmçinin digər 01 ədəd zərfin içərisindəki 01 ədəd şüşə qabda, 01 ədəd sellofan bükümdə və 01 ədəd sellofan bükümün içərisində olan 15 ədəd sellofan bükümdə heroinlər tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 70-73) Cinayət işinin materiallarında olan əlavə məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 17/549 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı... ev 11-də aşkar edilərək götürülmüş elektron tərəzi.” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd elektron tərəzinin üzərindəki maddə hissəcikləri kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hissəcikləridir.Təqdim olunmuş 01 ədəd elektron tərəzinin üzərindəki heroin hissəcikləri cüzi miqdarda olduğundan onun təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. (cild 01, iş vər. 320-323) Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/183 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 evindən aşkar edilərək götürülmüş ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellofan torbada, təmiz çəkisi – 430,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (cild 01, iş vər. 165-167) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020ci il tarixli 355 nömrəli rəyindən isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 225) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020ci il tarixli 354 nömrəli rəyindən isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 228) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 231 №-li ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. (cild 01, iş vər. 223- 224) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 230 №-li ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. (cild 01, iş vər. 226-227) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə polis şöbəsinə Təqsirləndirilən şəxs1 barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, şəxsin yaşadığı ünvana gedilərək qanunvericiliyin tələbləri çərçivəsində hal şahidlərinin iştirakı ilə şəxsin yaşadığı ünvana baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda narkotik vasitə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı Ucar şəhəri 28 May küçəsi döngə 1 ev 11 ünvanında xx.xx.2020-ci il tarixdə təkrar baxış keçirilmiş və əlavə narkotik vasitə aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəməbioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı işgəncəyə məruz qalmaları və məcbur qalıb etirafedici ifadələr vermələri barədə qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarına əlavə olunmuş Ucra rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd etdikləri xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar təqsirləndirilən şəxslərə təqdim olunmuş və müdafiə tərəfindən mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin aşkar olunan narkotik vasitələrin şəxsi istifadə üçün əldə edərək saxladıqları barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Belə ki, əldə olunan narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından on dəfələrlə çox olması, müxtəlif növdə olan narkotik vasitələr olması, həmçinin həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, bükümlərə yığılmaqla saxlanılması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 evindən aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və müvafiq qaydada qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan, doğum və nikah haqqında şəhadətnamələrin surətlərindən, sərəncamın surətindən və xasiyyətnamədən görünür ki, Nadirov X2 rayonu İ.Məmmədov 59 ünvanında ailəsi, yəni himayəsində olan birinci qrup gözdən əlil bibisi, arvadı, 2016 və 2017-ci il təvəllüdlü iki azyaşlı uşağı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vərəqi 171-174, 203-204) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 198) Qeyd olunalara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində birinci qrup gözdən əlil bibisinin olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ucar şəhəri 28 May küçəsi 2/11 ünvanında ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vərəqi 221-222) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halları müəyyən etmir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum olunmuşdur, Ucar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 09 ay 08 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Bundan əlavə, o, Ucar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib, hökmlərin məcmusu ilə qəti olaraq 04 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilədən yenidən qəsdən cinayət əmli törətdiyinə görə Ucar Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, hökmlərin məcmusu ilə qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə əsasən 05 ay 24 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (cild 01, iş vər. 200-202) Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmünə əsasən isə Təqsirləndirilən şəxs1 CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CMnin 67.1-ci maddəsinə əsasən Ucar Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş cəzadan çəkilməmiş qalan 05 ay 24 gün müddətə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 05 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (cild 02) İş materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Ucar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəza ilə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş 05 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 06 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (cild 01, iş vər. 328-330) CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda onda cinayətlərin xüsusilə təhlükəli residivi yaranır. Belə olan halda CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin xüsusilə təhlükəli residivi müəyyən edilir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, habelə CM-nin 65.2-ci maddəsinin müddəalarını rəhbər tutaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən sərt cəzanın yuxarı həddinin dörddə üçündən az olmayan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Ucar Rayon Məhkəmənin xx.xx.2020-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 59, 163-164) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələbinə görə, cinayətlərin xüsusi təhlükəli residivinə görə şəxslər üçün cəzanın çəkilmə yeri xüsusi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Ucar Rayon Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 38, 158-160) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o,yaşadığı ərazi üzrə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 isə yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Ucar RPŞ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqindən sonra qalan 70,611 qram heroin, 20,435 qram tiryək, Təqsirləndirilən şəxs1 məxsus evdən götürülmüş və ekspertiza tədqiqindən sonra qalan 429,95 qram marixuana, o cümlədən üzərində narkotik vasitə olan heroinin qalıqları olduğu elektron tərəzi dəyəri müəyyən edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 172,75 AZN (yüz yetmiş iki manat, yetmiş beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 86,37 AZN (səksən altı manat, otuz yeddi qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədiləsində təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədiləsində təqsirli bilinsin və 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə profilaktik qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Ucar RPŞ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqindən sonra qalan 70,611 qram heroin, 20,435 qram tiryək, Təqsirləndirilən şəxs1 məxsus evdən götürülmüş və ekspertiza tədqiqindən sonra qalan 429,95 qram marixuana, o cümlədən üzərində narkotik vasitə olan heroinin qalıqları olduğu elektron tərəzi dəyəri müəyyən edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 172,75 AZN (yüz yetmiş iki manat, yetmiş beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 86,37 AZN (səksən altı manat, otuz yeddi qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində X5 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-35/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-35/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver