Məhkəmə qərarları › İş №1(091)-35/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-35/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-35/2022 06.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X18, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 25 avqust 1995-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Yevlax şəhər Gənclər və İdman idarəsində məşqçi müəllim işləmiş, Yevlax şəhəri, M,Hüseynzadə küçəsi, ev 7-də qeydiyyatda olmuş və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs X14 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan müddətdə və mənbədən külli miqdar hesab edilən 5,283 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdar hesab edilən 2,325 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş, həmin 5,283 qram narkotik vasitə olan heroinin külli miqdar hesab edilən 4,851 qramını və külli miqdar hesab edilən 2,325 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini X7 vasitəçiliyi ilə 19 yanvar 2021-ci il tarixdə saat 19:20 radələrində Yevlax şəhəri ərazisində Bakı-Yevlax avtomobil yolunun kənarında yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şahid1 və X15 300 manata satmış, daha sonra Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 25 yanvar 2021-ci il tarixdə saat 15:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X25 şəhəri, Q.Quliyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərinə müdafiəçinin iştirakı ilə və video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sol iç cibindən satış məqsədilə saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,309 qram və bir ədəd açıq şəkildə saxladığı təmiz çəkisi 0,123 qram, ümumi təmiz çəkisi 0,432 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Şahid1 2013-cü ildən tələbəlik illərindən bəri tanımış, Bakı şəhərində qalanda Tural ilə münasibəti yaxşı olmuşdur. Elşən Səfərov isə onun evində usta işləmişdir. Bir dəfə Tural Yevlax şəhərinə gəlmiş, həmin vaxt Elşən də onlarla birgə çay içmiş və bundan sonra Elşən ilə Turalın münasibətləri yaranmışdır. Tural ilə Elşən narkotik vasitə alış-verişi edəndə o, Sumqayıtda olmuş, Yevlax şəhərində olmamışdır. Odur ki, alğı-satqıdan məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən isə göstərmişdir ki, Şahid1la bayramlarda hal-əhval tutmaq üçün arabir telefonla danışmış, Tural həmin ərəfədə ona zəng vuraraq narkotik vasitə istəmiş, o isə cavab olaraq “mən bu yolun yolçusu deyiləm və narkotik vasitə ilə mənim işim olmaz” demişdir. Turalla uzun illərin dostu olmuş və bu səbəbdən Tural onunla əlaqə saxlayaraq ondan narkotik vasitə təşkil etməyini istəmişdir. Lakin nəyə görə Turalın onda narkotik vasitə ola biləcəyini ehtimal etdiyini bilməmişdir. Turala “mən istifadə etmirəm və alış-verişi ilə də məşğul olmuram” demiş və bununla da onların telefon danışığı yekunlaşmış, narkotik vasitə üçün Turalı heç kimə yönləndirməmişdir. Elşənlə münasibəti yaxşı olmuş, Elşən usta işlərini görmüş, Elşənə arada borcu olmuş, sonuncu dəfə 12 yanvarda 650 manat borcunu Elşənə verib Sumqayıt şəhərinə getmişdir. O, heç kimə Elşənə pul borcu olduğunu və buna görə Elşənə pul verilməsinin lazım olduğunu deməmişdir. Həmçinin, Tural onun Elşənə pul borcunun olmasını bilməmişdir. Tural və Elşən əvvəldən bir-birini tanımışdır, o, onları bir araya gətirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göyçay şəhər sakini X10 narkotik vasitə istifadəçisi olması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 21 yanvar 2021-ci il tarixdə Göyçay Rayon Polis Şöbəsinin əməliyyat aparatına məlumat daxil olmuş, həmin məlumat əsasında 21 yanvar 2021-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə raportla rəhbərliyə məruzə olunmuş, bundan sonra həmin günü tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. 21 yanvar 2021-ci il tarixdə saat 17:30 radələrində Əhməd Abulovu yaşadığı Şirvan küçəsində tək gedərkən görüb ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə dəvət etmiş, Əhməd Abulov etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə getmiş, müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuş, bundan sonra polis şöbəsinin Növbətçi Hissəsində müdafiəçisinin, iki nəfər hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə Əhməd Abulovun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Əhməd Abulovun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm aşkar olunmuş, həmin sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmiş, sonra həmin sellofan büküm içərisindəki maddə ilə elektron tərəzidə çəkilmiş, daha sonra həmin büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu zamanı Əhməd Abulov üzərindən aşkar edilmiş maddənin narkotik vasitə olan heroin olduğunu, həmçinin yaşadığı evində də narkotik vasitələr olduğunu bildirmiş, bundan sonra həmin günü yuxarıda adları qeyd olunan şəxslərin iştirakları ilə Əhməd Abulovun yaşadığı evə də baxış keçirilmiş, baxış zamanı Əhməd Abulovun yaşadığı evinin girişində sağ tərəfdən birinci otaqda olan paltar rəfinin aşağı dolabında plastik qabının içərisindən 4 ədəd sellofan büküm və 2 ədəd kağız büküm aşkar edilmiş, sellofan bükümlər açıldıqda içərisində kristal formalı ağ rəngli maddə olduğu müəyyən edilmiş, aşkar edilmiş maddələr kağız və sellofan bükümlərlə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, kağız bükümlər açıldıqda isə birinin içərisində qəhvəyi rəngli, digərinin içərisində isə ağ rəngli maddə olması müəyyən edilmiş, daha sonra içərisində qəhvəyi rəngli maddə olan gümüşü-ağ rəngli kağız büküm elektron tərəzidə çəkilmiş, eyni zamanda içərisində ağ rəngli maddə olan üzəri yazılı kağız büküm də elektron tərəzidə çəkilmişdir. Bundan başqa baxış zamanı həmin otaqda olan televizorun altından-DVD aparatının arxa tərəfindən 1 ədəd siqaret qutusunun sellofan bükümü aşkar edilmiş, həmin büküm açıldıqda içərisində 9 ədəd kiçik sellofan bükümlər aşkar edilmiş, sellofan bükümlərin açıldıqda hər birinin içərilərində qəhvəyi rəngli maddə olması müəyyən edilmiş, aşkar edilmiş maddələr sellofan bükümlərlə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilmişdir. İlkin sorğu zamanı Əhməd Abulov yaşadığı evindən aşkar edilmiş bükümlərdəki maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, yaşadığı evindən və üzərindən aşkar edilmiş narkotik vasitələrlə psixotrop maddələri 19.01.2021-ci il tarixdə Göyçay şəhər sakini tanışı Turalla birlikdə Yevlax rayonunda əldə etdiklərini bildirmiş, bundan sonra aşkar edilmiş sellofan və kağız bükümlər zərfə qoyularaq qablaşdırılmaqla götürülmşüdür. Bundan başqa 25 yanvar 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X20 şəhər sakini Şahid1 ilə birlikdə 300 manat pul qarşılığında narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini aldıqları şəxsin Yevlax şəhər sakini X14 olması müəyyən edilmiş və həmin günü keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Elşən Səfərov idarə etdiyi Opel markalı **-EF-*** qeydiyyat nişanlı avtomobillə saat təxminən 15:00 radələrində Yevlax şəhəri, Qanboy Quliyev küçəsində saxlanılmış, bundan sonra Elşən Səfərov polis şöbəsində şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş və üzərinə müdafiəçinin iştirakları ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Elşən Səfərovun əynində olan gödəkçənin sol iç cibindən bir ədəd sellofan büküm və açıq şəkildə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Açıq şəkildə aşkar edilmiş qəhvəyi rəngli maddə də bir ədəd kağız bükümə bükülərək sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 5,41 qram olmuş, ilkin sorğu zamanı Elşən Səfərov üzərindən aşkar edilmiş maddələrin nə olmasını bilmədiyini və ona məxsus olmadığını bildirmiş, eyni zamanda Elşən Səfərovun idarə etdiyi Opel markalı **-EF-*** qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş, baxış zamanı başqa onun üzərindən və avtomobilindən iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmamış, Elşən Səfərovun üzərindən aşkar edilmiş maddələr bükümlərlə birlikdə zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 21.01.2021-ci il tarixdə Göyçay şəhər sakini X10 narkotik vasitə istifadəçisi olması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Göyçay Rayon Polis Şöbəsinin əməliyyat aparatına məlumat daxil olmuş, həmin məlumat əsasında tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmiş və həmin günü Əhməd Abulov polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Həmçinin həmin günü Əhməd Abulovun yaşadığı evinə də baxış keçirilmiş və baxış zamanı onun yaşadığı evindən narkotik vasitə və psixotrop maddələr aşkar olunaraq götürülmüş, həmin əməliyyat-axtarış tədbirlərində, eləcə də Əhməd Abulovun üzərinə və yaşadığı evinə baxış keçirilərkən orada iştirak etməmişdir. İlkin sorğu zamanı Əhməd Abulov üzərindən və yaşadığı evindən aşkar edilmiş narkotik vasitə olan heronilə psixotrop maddə olan metamfetamini tanışı Göyçay rayon sakini Turalla birlikdə Yevlax şəhərindən aldığını bildirmiş və bu barədə əməliyyat tapşırığı verilmişdir. Həmin əməliyyat tapşırığı əsasında əməliyyat müvəkkili Şahid3la birlikdə 25.01.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X20 şəhər sakini Şahid1 ilə birlikdə 300 manat pul qarşılığında narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini aldıqları şəxsin Yevlax şəhər sakini X14 olması müəyyən edilmiş və həmin gün saat təxminən 15:00 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində X25 şəhəri, Qanboy Quliyev küçəsində idarə etdiyi Opel markalı **- EF-*** qeydiyyat nişanlı avtomobillə saxlanılmış, bundan sonra Elşən Səfərov müstəntiq tərəfindən Yevlax rayon polis şöbəsində şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş və üzərində müdafiəçinin iştirakları ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Elşən Səfərovun əynində olan gödəkçənin sol iç cibindən bir ədəd sellofan büküm və açıq şəkildə qəhvəyi rəngli maddə aşkar edilmiş, açıq şəkildə aşkar edilmiş qəhvəyi rəngli maddə də bir ədəd kağız bükümə bükülərək sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 5,41 qram olmuş, Elşən Səfərov üzərindən aşkar edilmiş maddələrin nə olmasını bilmədiyini və ona məxsus olmadığını bildirmiş, Elşən Səfərovun üzərindən aşkar edilmiş maddələr bükümlərlə birlikdə zərfə qoyularaq qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən həmin protokol imzalanmış, sonradan Elşən Səfərovun üzərindən aşkar edilmiş maddələrin narkotik vasitə olan heroin olduğu, həmçinin X21 Abulovla Şahid1 satdığı narkotik vasitələrlə psixotrop maddələri Yevlax şəhərində Bəxtiyar adlı şəxsdən aldığı və onunla birlikdə əlbir olub satdığı müəyyən edilmiş, Bəxtiyar adlı şəxsin Yevlax şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 7-də yaşayan 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu da əməliyyat məlumatlarına əsasən müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Bəxtiyarın heç nədən xəbəri olmamış, Əhməd Abulova görə Elşən Səfərova zəng vurmuşdur. Belə ki, həmin vaxt Əhməd Abulov ondan narkotik vasitə istəmiş, o da narkotik vasitə tapmaq üçün Elşənə zəng etmişdir. Həmin ərəfədə Bəxtiyara çay içmək üçün zəng vurmuş, onun heç nədən xəbəri olmamışdır. Elşəni tanıdığı üçün özü birbaşa Elşənə zəng edib ondan narkotik vasitə istəmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Elşənlə danışarkən, Bəxtiyarın Elşənə borcu olduğu bilmiş, Elşənlə görüşəcəyi üçün ona demişdir ki, borcu Elşənə verim? O da demişdir ki, ver. Belə olub Elşəndən narkotik vasitə alarkən 260 manat da Elşənə Bəxtiyarın borcundan vermişdir. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid1 göstərmişdir ki, X19 təxminən üç ildir ki, tanıyır, onunla münasibətimiz yaxşı olmuşdur. Əhməd Abulovun arabir narkotik vasitədən istifadə etdiyini bilirdi. 19 yanvar 2021-ci il tarixdə saat təxminən 18:00 radələrində Göyçay şəhərində yerləşən Heydər Əliyev parkında Əhməd Abulovla qarşılaşmış, Əhməd ona ağrıdığını, narkotik vasitə lazım olduğunu, Yevlaxda narkotik vasitənin çox olduğunu demişdir. Əhmədə Yevlaxda bir nəfər tanıdığım şəxs var, ondan soruşum cavabını vermiş, həmin şəxs Yevlax şəhərində yaşayan Bəxtiyar adlı şəxs olmuş, Bəxtiyarı təxminən iki-üç ildir ki, tanımışdır. Təxminən iki-üç il əvvəl Bəxtiyarla Abşeron rayonunda yerləşən adını xatırlamadığı kafedə ofisiant işləyərkən tanış olmuş, Bəxtiyar da həmin kafedə ofisiant işləmiş, həmin vaxtdan əlaqələri yaranmışdır. İstifadəsində olan ***- ***-**-** saylı mobil telefonla Bəxtiyarın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Bəxtiyara bir nəfər dostu olduğunu, ağrıdığını demiş, sonra Əhməd telefonunu alıb Bəxtiyarla danışmış, Bəxtiyara ağrıyıram, ağrıdan çıxmağa dərman lazımdır demişdir. Əhməd Bəxtiyarla danışdıqdan sonra ona Bəxtiyarın dərmandan istifadə etmirəm, özüm də Yevlaxda deyiləm, maraqlanım sənə xəbər edərəm dediyini bildirmiş, təxminən 35-40 dəqiqə sonra Bəxtiyar mobil nömrəsinə zəng edərək Yevlax şəhərində yaşayan “Usta” ləqəbi ilə çağırılan Elşən adlı şəxsin olduğunu, Əhmədə köməklik edəcəyini demişdir. Bəxtiyar Elşən adlı şəxsin mobil nömrəsini ona vermiş, Elşənlə əlaqə saxlayın, sizə köməklik edəcək demiş, istifadəsində olan mobil telefonla Elşənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, Elşənə Bəxtiyar deyən şəxs olduğunu bildirmiş, sonra telefonu Elşənlə danışması üçün Əhmədə vermişdir. Əhməd onun mobil telefonu ilə Elşənlə danışaraq iki büküm heroin və metamfetamin lazım olduğunu demiş, həmçinin ona Yevlaxa getməyi təklif etmiş, Əhmədlə birlikdə ona məxsus “Renault Meganə” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərinə getmişdir. Yolda olarkən Bəxtiyar mobil nömrəsinə zəng etmiş, avtomobili idarə etdiyi üçün Əhmədlə danışmış, sonra Əhməd ondan 200 manat borc istəmişdir. Əhməd ona Bəxtiyarın Elşənə 300 manat pul vermələrini, 40 manat iki bükümün pulu olduğunu, qalan 260 manatı isə Elşənin Bəxtiyara verəcəyini dediyini bildirmiş, saat təxminən 19:50 radələrində Yevlax şəhərində yerləşən Bakı-Yevlax yolunda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında dayanmış, Əhməd onun mobil nömrəsi ilə Elşənə zəng etmiş, təxminən saat 20:00 radələrində isə Elşən həmin yerə gəlmiş, Əhməd ona “ağrıyıram, sən maşından düş, nə lazımdı al” demiş, Əhməd ondan aldığı 200 manat pulun üzərinə 100 manat qoyaraq 300 manat pulu həmin şəxsə verməyini demiş, 40 manat pulun heroin və metamfetaminin pulu olduğunu, qalan 260 manatın isə Bəxtiyara çatacağını bildirmiş, Elşənə 300 manat pul vermiş, Elşən ona iki büküm vermiş, o, isə Elşənə 300 manat pulun 40 manatının iki bükümün pulu olduğunu, qalan 260 manatın isə Bəxtiyara çatacağını demiş, Elşən pulu alıb getmiş, o, isə Əhmədlə birlikdə Göyçaya qayıtmış, həmin iki bükümü də Əhmədə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Bəxtiyarın günahı yoxdur. Belə ki, Turalı Bəxtiyara görə tanımışdır. Həmin vaxtı Tural ona zəng edərək ondan narkotik istəmiş, belə olub ona narkotik vasitə və metamfetamin satmışdır. Turaldan 300 manat pul almış, 40 manat pulu narkotik vasitəyə görə almış, pulun 260 manat isə Bəxtiyara çatası pul olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Turalı Bəxtiyar yaşayan küçədə görmüş sonra salam-sağol yaranmışdır. Turalla münasibəti yaxşı olmuş, ona görə də, Tural ondan narkotik vasitənin olub-olmamasını soruşubdur. Bəxtiyara yazdığı mesajlar ona olan borcla bağlı olmuşdur. Belə ki, Bəxtiyardan borcunun qaytarmasını istəmişdir. Məhkəmə istintaqı zamanı şahid X7 Şəki Ağır Cinayətlər Məhkəməsinin 23.09.2021-ci il tarixli hökmündə əks olunmuş ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Göyçay rayon sakini Şahid1 Bəxtiyar adlı tanışının vasitəsilə tanımış, 19 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Şahid1 ona zəng edib narkotik vasitə və psixotrop maddə lazım olduğunu demişdir. Şahid1 saat 19 radələrində “Reno” markalı avtomobillə Yevlax şəhərinə gəlmiş, sonuncu ilə Yevlax şəhərindəki Bakı-Yevlax magistral yolunun üzərində yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşmüşdür. Turalın yanında həmin vaxt bir nəfər tanımadığı şəxs olmuş, orada Turala narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin vermişdir. Tural heroin və metamfetaminə görə ona 40 manat vermiş, 260 manatı isə Bəxtiyarın ona olan borcundan qaytarmışdır. Turalla razılaşaraq 300 manatı götürmüş, sonra Bəxtiyara zəng edib Turalın ona 260 manat pul verərək Bəxtiyarın borcundan çıxmasını dediyini bildirmişdir. Bəxtiyar ona Turala pul verməyini özü dediyini bildirmiş, Bəxtiyara Turalla aralarında olan alış-veriş barədə heç nə deməmişdir. 25 yanvar 2021-ci il tarixdə saat 1450 radələrində yaşadığı küçədə olarkən Göyçay rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin saxlanmasında və satışında şübhəli olduğunu bildirib polis şöbəsinə getməli olduğunu demiş, polis əməkdaşları ilə birlikdə Yevlax rayon Polis Şöbəsinə getmişdir. Orada şübhəli şəxs kimi tutulduqdan sonra müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sol içəri cibindən bir ədəd sellofan bükümdə və açıq şəkildə narkotik vasitə olan heroin aşkar edilmişdir. Ancaq həmin heroin ona məxsus olmamış, polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. Turala verdiyi narkotik vasitə və psixotrop maddəni təxminən 2021-ci ilin yanvar ayının 17-18-də Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində tapmış, narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini üzərində öz istifadəsi üçün saxlamış, onların ikisinin birlikdə çəkisi təxminən 1,5 qram olmuşdur. Törətdiyi əməldən peşmandır. Cinayət işinin materiallarında olan 21.01.2021-ci il tarixli raportdan görünür ki, polis şöbəsinə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan 30.10.1992-ci il təvəllüdlü X10 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, mütəmadi olaraq üzərində və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 3). Cinayət işinin materiallarında olan 21.01.2021-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə ünvan 1 ünvanında yaşayan X10 cinayət başında ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və onun yaşadığı ünvana və həyətinə daxil olmaqla baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 6) Cinayət işinin materiallarında olan 21.01.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Əhməd Abulovun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,280 qram narkotik vasitə olan herion aşkar edilərək götürülmüş, foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 20-24) Cinayət işinin materiallarında olan ərizədən görünür ki, X19 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 27) Cinayət işinin materiallarında olan 21.01.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə hal şahidlərinin, polis əməkdaşlarının, Əhməd Abulovun və müdafiəçinin iştirakı ilə X10 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı evdən 09 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,336 qr., 0,334 qr., 0,944 qr., 0,385 qr., 0,354 qr., 0,363 qr., 0,346 qr., 0,354 qr., 0,413 qr., ümumi təmiz çəkisi 4,851 qram külli miqdarda narkotik vasitə olan heron, eyni zamanda 01 ədəd plastik qutudakı 04 ədəd sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,443 qr., 0,964 qr., 0,382 qr., 0,361 qr., 0,175 qr., ümumi təmiz çəkisi 2,325 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 28-45) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22 yanvar 2021-ci il tarixli 17/57 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. X10 yaşadığı evdən aşkar edilmiş bükümlər....” sözləri yazılmış zərfin içərisindəki sellofana bükülmüş 09 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,336 qr., 0,334 qr., 0,944 qr., 0,385 qr., 0,354 qr., 0,363 qr., 0,346 qr., 0,354 qr., 0,413 qr., ümumi təmiz çəkisi 3,829 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. 01 ədəd plastik qutudakı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,742 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin 01 ədəd plastik qutudakı 04 ədəd sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə, uyğun olaraq ayrıayrılıqda təmiz çəkiləri 0,443 qr., 0,964 qr., 0,382 qr., 0,361 qr., 0,175 qr., ümumi təmiz çəkisi 2,325 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlərdir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. X10 üzərindən aşkar edilmiş 1 ədəd....sellofan büküm....” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,280 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, ümumilikdə 10 ədəd sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, plastik qabın içərisindəki 04 ədəd sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. (cild , iş vər. 59-62) Cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsinin 26.01.2021-ci il tarixli qərarından görünür ki, Göyçay Rayon Polis X4 Qrupunun əməliyyat müvəkkili polis kapitanı Şahid3 ünvan 2 ünvanında yaşayan X10 yaşadığı evə baxış keçirilməsinə dair 21.01.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 01, iş vər. 147-148) Cinayət işinin materiallarında olan 26.03.2021-ci il tarixli ifadənin yerində yoxlanması haqqında istintaq hərəkətinin protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid1 ifadəsi hadisə yerində yoxlanılmış, Şahid1 Yevlax şəhərində narkotik vasitəni əldə etdiyi yeri göstərmiş və ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində qeyd etmişdir. (cild 02, iş vər. 34-39) İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 25 yanvar 2021-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD diskə əsasən müəyyən edilmişdir ki, X7 əynində olan gödəkçənin sol iç cibindən 0,432 qram narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. (cild 01, iş vər. 123-125) İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 yanvar 2021-ci il tarixli 17/72 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. X7 üzərindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,309 qram və 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,123 qram, ümumi təmiz çəkisi 0,432 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. Həmin heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, 01 ədəd zərfin içərisindəki, 01 ədəd sellofan bükümdə və 01 ədəd ağ rəngli kağız bükümdə olan heroinlər ilə digər 02 ədəd zərfdəki ümumilikdə 10 ədəd sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər.(cild 01, iş vər. 141-143) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 oktyabr 2021-ci il tarixli 1293 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmir, nakomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər. 307) Cinayət işinin materiallarında olan Yevlax RPŞ-nin CAB-nə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, həmçinin Şahid1 və Əhməd Abulova narkotik vasitə və psixotrop maddə satan zaman X14 ilə qabaqcadan əlbir olması müəyyən edilmişdir. (cild 02, iş vər. 221) Cinayət işinin materiallarında olan telefon danışıqlarını özündə əks etdirən disklərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrədən 01.01.2021-ci il tarixdə X7 istifadəsində olan ********** saylı mobil nömrəyə “Qaqa inciyirsən çatmır nie otrada bilmedi bugunki 55 55den nese qalıb ortalixda bilmey istrem men pul gelecey 2min düzeltmey istrem ortalixnan” mesajı, “Ot deyejiydime sene” mesajı gəlmişdir. Bundan başqa 12 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən X7 istifadəsində olan ********** saylı mobil nömrəyə “qaqa axrki bular meni seleme borca salannan soram gelir), qaqulya qadanalaram sevindirde meni 2 qatam 1 qat ele meni)) bextiyardi” mesajı, həmçinin “küçenin bawindayam” mesajı gəlmişdir. Bundan başqa X7 istifadəsində olan ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 09.01.2021-ci il tarixdə “ay bexdeyar gelib pul alanda mazqimi sikirdin indi adboy versen” mesajı, həmçinin nece edek pulu ne qede r seni gozduyum” mesajı gəlmişdir. Baxış zamanı X16 Məmmədliyə müxtəlif vaxtlarda zənglər etdiyi, həmçinin Təqsirləndirilən şəxs də Elşən Səfərova müxtəlif vaxtlarda zənglər etdiyi aralarında əlaqə olduğu müəyyən edilmişdir. Həmçinin baxış zamanı X17 X12 narkotik vasitə və psixotrop maddə satdığı gün, yəni 19 yanvar 2021-ci il tarixdə aralarında telefon danışığı olması müəyyən edilmişdir. (cild 02, iş vər. 159) Cinayət işinin materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 1(091)-171/2021 saylı hökmün surətindən görünür ki, X14 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cild 02, iş vər. 299- 302) Cinayət işinin materiallarında olan Mingəçevir şəhər X6 rayon Narkoloji Kabineti tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Narkoloji Kabinetdə qeydiyyatda durmur. (cild 02, iş vər. 304) Cinayət işinin materiallarında olan Mingəçevir şəhər X2 rayon Psixo-Nevroloji Kabineti tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Psixo-Nevroloji Kabinetdə qeydiyyatda durmurlar. (cild 02, iş vər. 305) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 21.01.2021-ci il tarxdə polis şöbəsinə Əhməd Abulov barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, şəxs saxlanılmaqla üzərinə polis şöbəsində müdafiəçi və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və narkotik vasitə aşkar olunmuş, daha sonra şəxsin ərizəsi əsasında yaşadığı ünvana gedilərək qanunvericiliyin tələbləri çərçivəsində hal şahidlərinin və müdafiəçinin iştirakı ilə şəxsin yaşadığı ünvana baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəməbioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Daha sonra 25 yanvar 2021ci il tarixdə X1 polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sol iç cibindən 0,432 qram narkotik maddə olan heroin aşkar edilərək götürülmüş, götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl X10 üzərinə və yaşadığı evə baxış keçirilərək narkotik maddənin və psixotrop maddə metamfetaminin aşkar edilməsi zamanı, həmçinin X7 üzərinə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi iş üzrə məhkəmə istintaqı zamanı dindirilən şahidlərin ifadələri, habelə şahidlər Şahid1 və X7 ibtidai istintaq zamanı verdikləri ifadələr ilə yanaşı, ekspert rəyləri, o cümlədən cinayət işinin materiallarında olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, Təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs nə qədər inkar etsə də, yəni Şahid1 ilə Elşən Səfərov arasındakı narkotik vasitənin alış-verişindən xəbərsiz olduğunu, Şahid1 Elşən Səfərovla əlaqələndirmədiyini, Elşən Səfərova pul borcunun olmadığını və heç kimdən onun əvəzinə Elşən Səfərova pul verilməsini tapşırmadığını bildirsə də, məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlardan müəyyən olunur ki, onun Şahid1 ilə Elşən Səfərov arasında olan narkotik vasitənin alğı-satqısından xəbəri olmuş, hətta Şahid1 Əhməd Abulov ilk dəfə ona müraciət etdikdən sonra birbaşa Təqsirləndirilən şəxs zəng etmiş və ondan narkotik vasitənin təşkil edilməsini xahiş etmiş, məhz bundan sonra Təqsirləndirilən şəxs Elşən Səfərovla telefon əlaqəsi saxlayaraq Şahid1 adlı şəxsin ona zəng edəcəyini və onlara lazım olan qədər narkotik vasitənin təşkil edilməsini xahiş etmiş, daha sonra zəng edərək Şahid1 Elşən Səfərovun telefon nömrəsini vermiş, belə demək mümkündürsə X22 Qafarovu əlaqələndirmiş, nəticədə hər iki şəxs arasında narkotik vasitənin alğı-satqısı baş vermişdir. Bütün bunlar qeyd edilən tarixdə X22 Qafarov arasında Yevlax şəhərində baş verən narkotik vasitə trafikindən, yəni satışından Təqsirləndirilən şəxs xəbərdar olduğunu, həmin satışda birbaşa iştirak etməsə də, iştirakçılar arasında olan razılaşmaya əsasən göstərilən hərəkətləri onlardan biri (Elşən Səfərov) həyata keçirmiş, o isə Elşən Səfərovla qabaqcadan aralarında müəyyən edilmiş razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlərin edilməsində iştirak etmişdir ki, bununla da ona istinad olunan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 və Elşən Səfərovun qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası tərəfindən həmin ifadələr Təqsirləndirilən şəxs müdafiəsinə yönəlmiş ifadələr kimi qəbul edilir. Məhkəmə hesab edir ki, hər iki şəxs məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiə edən ifadələr verir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs elan olunan ittihamın əsasına məhz qeyd edilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri qoyur. Təqsirləndirilən şəxsə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır, iş yeri üzrə müsbət səciyyələndirilir. (cild 02, iş vərəqi 303, 305 ) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 294) Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan və Yevlax Rayon Məhkəmənin 03.09.2021-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs 03.09.2021-ci il tarixdə ittiham elan etmək üçün təqsirləndirilən şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 2, iş vərəq 240, 260-262) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun tutulduğu vaxtdan, yəni 03.09.2021-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübut olan və Göyçay RPŞ-də saxlanılan 4,301 qram narkotik vasitə olan heroin, həmçinin ümumi təmiz çəkisi 2,075 qram psixotrop maddə olan metamfetamin, habelə Yevlax RPŞ-də saxlanılan 0,432 qram narkotik vasitə olan heroinin Şəki Ağır Cinayətlər Məhkəməsinin 23.09.2021-ci il tarixli, 1(091)-171/2021 saylı və Şəki Ağır Cinayətlər Məhkəməsinin 05.10.2021-ci il tarixli, 1(091)-135/2021 saylı hökmləri ilə məhv edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcinin Şəki Ağır Cinayətlər Məhkəməsinin 23.09.2021-ci il tarixli, 1(091)-171/2021 saylı hökmü ilə həll edilməsi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 03.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-də saxlanılan 4,301 qram narkotik vasitə olan heroinin, həmçinin ümumi təmiz çəkisi 2,075 qram psixotrop maddə olan metamfetaminin, habelə Yevlax RPŞ-də saxlanılan 0,432 qram narkotik vasitə olan heroinin Şəki Ağır Cinayətlər Məhkəməsinin 23.09.2021-ci il tarixli, 1(091)-171/2021 saylı və Şəki Ağır Cinayətlər Məhkəməsinin 05.10.2021-ci il tarixli, 1(091)-135/2021 saylı hökmləri ilə məhv edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərcinin Şəki Ağır Cinayətlər Məhkəməsinin 23.09.2021-ci il tarixli, 1(091)-171/2021 saylı hökmü ilə həll edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar