Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-36/2021 08.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X2 Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, xx xxxxxx 1960-cı ildə Qax rayonu, Qaxmuğal kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla ünvan 212 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 188.1 və 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X9 Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs qəsdən 2020-ci ilin mart ayının əvvələrində Şəki şəhəri, 104-cü kvartalda Şəki Bələdiyyəsinə məxsus qəbiristanlıq üçün nəzərdə tutulmuş torpaq sahəsinin 40 kv metr olan hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kol-kosdan təmizləyib, ətrafını ağac parçaları ilə hasara alıb şumlayaraq içərisində tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərərək həmin torpaq sahəsini özbaşına tutmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən özü istifadə etmək məqsədi ilə əkilib-becərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisinin toxumlarını əldə edib, 2020-ci ilin mart ayının əvvələrində Şəki şəhəri, 104-cü kvartalda «Ağaəli qəbristanlığı» adlanan ərazidə yerləşən Şəki bələdiyyəsinə məxsus 40 kv metr torpaq sahəsində qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə bitkilərini əkib aqrotexniki qaydada qulluq edib becərib yetişdirərək kultivasiya etmiş, xx xxxx 2020-cu il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında saat 17 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində «Ağaəli qəbristanlığı» adlanan ərazidə yerləşən Şəki bələdiyəsinə məxsus torpaq sahəsinə baxış keçirilən zaman həmin sahədən külli miqdarda, yəni 48 ədəd hündürlükləri 35 sm-dən 180 sm-dək yaş vəziyyətdə ümumi təmiz çəkisi 7 kiloqram 285 qram çəkidə əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, arabir narkotik vasitə olan marixunadan istifadə etidiyinə görə təxminən 2018-ci ildə Bakı şəhərində yaşayan qızını görməyə gedərkən orada tanımadığı şəxsdən əldə etdiyi narkotik vasitə olan marixuananın bir hissəsini çəkdikdən sonra içərisində olan çoxlu sayda çətənə toxumlarını şüşə bankaya qoyub yaşadığı evin həyətində olan köhnə soyuducunun içərisinə qoyub gizlətmişdir. 2020-ci ilin təxminən fevral ayında yaşadığı evdən təxminən ***-**** metr kənarda yerləşən kolluq sahəyə xiyar-pamidor şitillərinin dibinə basdırmaq üçün ağac qırmağa gedərkən kolluq sahənin ortasında boş torpaq sahəsini və həmin boş sahənin ətrafını kol-kos örtdüyünü görərək həmin yerin gələcəkdə çətənə bitkisi əkmək üçün əlverişli yer olmasını fikirləşmişdir. 2020-ci ilin mart ayının əvvələrində köhnə soyuducunun içərisində gizlətdiyi çətənə toxumlarını götürüb həmin sahəyə getmiş, toxumları əkmək üçün kolluq sahədə yerləşən torpaq sahəsini şumlamış və toxumları sıra ilə əkmişdir. Toxumları əkdikdən sonra aprel ayının əvvələrində həmin sahəyə ikinci dəfə gedib toxumlara nəzarət etmiş, bitkilərin yaxşı inkişaf etməsi ümün çətənə kollarının yanında olan alaqları təmizləyib diblərini yumşaltmışdır. xx xxxx 2020-ci il tarixdə üçüncü dəfə çətənə kollarına baxmaq üçün gedərkən bir neçə polis əməkdaşı ona yaxınlaşıb kolluq sahədə narkotik vasitə əkməsi barədə məlumat daxil olduğunu bildirib ondan narkotik vasitə əkib-əkmədiyini soruşmuşlar. Həmin vaxt kolluq sahədə çətənə əkməsini səmimi olaraq etiraf edib sonra könüllü olaraq əkdiyi çətənə kollarının yerini polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları çətənə bitkilərini əkdiyi kolluq sahəyə vidoçəkilişdən istifadə etməklə baxış keçirən zaman hündürlükləri 35 sm-dən 180 sm-dək və çəkisi 8.025 kq olan 48 ədəd çətənə kolları aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə X5 Şəhər-Rayon Polis Şöbəsinin İstintaq bölməsindən Təqsirləndirilən şəxs Şəki şəhəri, 104-cü kvartalda tərkibində narkotik tərkibli bitkilər əkib-becərməsi və həmin narkotik tərkibli bitkilərin əkildiyi topraq sahəsinin bələdiyyənin balansında olub-olmaması ilə bağlı rəsmi məlum verilməsi ilə əlaqədar məktub daxil olmuşdur. Daxil olmuş həmin məktubun icrası ilə əlaqədar olaraq qeyd olunan yerə baxış keçirlən zaman həmin ərzainin Şəki Bələdiyyəsinə məxsus "Ağaəli Qəbirstanlığı" adlanan yerdə təxminən 40 kv metr torpaq sahəsi olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Şəki şəhər sakini Təqsirləndirilən şəxs Şəki Bələdiyyəsinə məxsus 104cü kvartal ərazisində yerləşən kolluq sahədə narkotik tərkibli çətənə bitkiləri əkibbecərməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat-istintaq qrupu ilə həmin əraziyə gedib Təqsirləndirilən şəxs həmin yerdə əkilmiş sahəyə gedərkən tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkibbecərdiyini etiraf etdikdən sonra şübhəli şəxs kimi tutularaq dəvət edilmiş müdfiəçisinin və aqronom-mütəxəssisin iştirakı ilə keçirilmiş baxış zamanı Şəki Bələdiyyəsinə məxsus "Ağaəli Qəbirstanlığı" adlanan yerdə təxminən 40 kv metr torpaq sahəsində hündürlükləri 35 sm-dən 180 sm-dək olan 48 ədəd narkotik tərkibli çətənə bitkilərinə oşxar bitkilər aşkar edildikdən sonra kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən aqronom-mütəxəssis Şahid3 bitkilərə baxış keçirdikdən sonra həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsi barədə rəy vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsində əməliyyat müvəkkili işləyən Şahid2 oğlu və aqronom-mütəxəssis Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 17/340 nömrəli ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş hər birinin üzərinə yapışdırılmış vərəqədə "Təqsirləndirilən şəxs qulluq göstərdiyi əraziyə baxış keçirilən zaman aşkar olunmuş" sözləri yazılmış 03 (üç) ədəd sintetik kisələrin içərisindəki, ümumilikdə 48 (qırx səkkiz) ədəd, hündürlükləri 35 sm-dən 180 sm-dək, ümumi təmiz çəkisi- 7 kiloqram 285 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/437 nömrəli ekspetiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərində "Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarını əkdiyi yerdən götürülmüş torpaq nümunəsi" sözləri yazılmış 03 (üç) ədəd sellofan torbalardakı torpaq nümunələrindən əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəscikləri aşkar edilmişdir. Tədqiqata təqdim olunmuş, torpaq nümunələrindən aşkar edilmiş çətənə bitkisinin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisi müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş, torpaq nümunələrinin münbitliyi həmin torpaqdan narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 619 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olmuş, narkomaniya xəstəliyindən əzəb çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il il tarixli baxış protokolundan və ona əlavə olunmuş video çəklişin olduğu CD diskdən görünür ki, Şəki Bələdiyyəsinə məxsus 104-cü kvartal ərazisinə baxış keçirlən zaman aşkar olunmuş 48 ədəd narkotik tərkibli çətənə bitki kolları iş üçün əhəmiyyət kəsb etdiyindən iştirakçılarının iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair xx xxxxxxxx 2020-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qax Rayon İcra Hakimiyyəti Başçısının Qax şəhər X8 üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Qax şəhəri, M.Məmmədov küçəsi, döngə 1 ev 19-da pasport qeydiyyatında və Şəki şəhərində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Şəki şəhər İcra Hakimiyyəti «Olimpiya» məhəllə nümayəndəsinin xx.xx.2020-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şəki şəhəri, 104-cü kvartalda, kol-kos yerdə aqrotexniki qaydada xüsusi qulluq göstərilərək əkib-becərilmiş çətənə bitkilərinin aşkar edildiyi torpaq sahəsi köhnə "Ağaəli qəbirstanlığı" adlanan ərazi olmaqla Şəki Bələdiyyəsinə məxsus torpaqlara aiddir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şəki Mərkəzi Rayon X3 Şəxsi Psixatriya xəstəxanasının xx.xx.2020-ci il tarixli 347 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanaya müraciət etməmiş və qeydiyyatda yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şəki Mərkəzi Rayon Xəstəxanasının Narkoloji şöbəsinin xx.xx.2020-ci il tarixli 1590 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin şöbəyə müraciət etməmiş və qeydiyyatda yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Qax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 1316 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qax rayon poliklinikasının ruhi-əsəb və narkoloji kabnetlərində dispanser qeydiyyatında yoxdur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs əməlində CM-in 237.2.3-cü maddəsinin tərkib əlaməti mövcud olsa da onun əməlində CMin 188.1-ci maddəsinin tərlib əlaməti yoxdur və ona həmin hissədə bəraət verilməlidir. Belə ki, CM-in 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma (mad. 188.1) cinayət məsuliyyətinə səbəb olur. Maddənin məzmunundan göründüyü kimi, təhlil edilən cinayət obyektiv cəhətdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, habelə həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmada ifadə olunur. Maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlıq işləri aparır və ya təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsində təzahür edir. Torpaq sahəsini özbaşına becərmə dedikdə isə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülür. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizlənməsi və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Məhkəmə kollegiyası hesab edir ki, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlmiş təqsirləndirilən şəxsin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi qadağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Başqa sözlə, təqsirkar şəxs becərdiyi torpaq sahəsinin özgəyə məxsus olduğunu, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi təqsirkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması çıxış edir. Yəni şəxs başqasına məxsus torpaq sahəsində heç nə əkməsə də, məsələn dövlət meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Cinayət işinin materiallarında olan sübutlardan, videogörüntüdən, habelə foto cədvəllərdən görünür ki, Şəki bələdiyyəsinə aid "Ağaəli qəbirstanlığı" adlanan ərazidə yerləşən qeyri kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 40 kvadratmetr torpaq sahəsi maddənin dispozisiyasında göstərildiyi kimi, Təqsirləndirilən şəxs tərəfindən özbaşına çəpərlənməmiş, təqsirləndirilən şəxsin həmin torpaq sahəsini becərməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması aşkar edilməmişdir. İşin görünən tərəfi odur ki, təqsirləndirilən şəxs gizli şəkildə bələdiyyə fonduna aid 40 kvadratmetr torpaq sahəsində nəinki torpağın mülkiyyətçisinin, ümumiyyətlə heç bir kəsin məlumatı olmadan 48 ədəd narkotik tərkibli çətənə bitkisi əkmişdir. Təqsirləndirilən şəxsin bu cinayət əməli aşkar edildikdən sonra torpağın mülkiyyətçisinin ona məxsus 40 kvadratmetr torpaq sahəsindən təqsirləndirilən şəxsin ondan icazəsiz istifadə etməsi barədə məlumatı olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm CM-in 237.2.3cü maddəsində nəzərdə tutulan qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama əməlinə, həm də CM-in 188.1-ci maddəsi, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. CM-in 237.2.3-cü maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsində isə göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il 2 nömrəli qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Göründüyü kimi, CM-in 188.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 237.2.3- cü maddəsində nəzərdə tutulan əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərinin hər hansı torpaq sahəsində əkilməsi başa düşülür. Burada cinayətin predmetini əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilərin, onların hissələrinin, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərin qanunsuz kultivasiya edilməsi təşkil edir. Başqa sözlə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama harada və kimə məxsus olan torpaq sahəsində əkilməsindən, kultivasiya edilməsindən asılı olmayaraq cinayət məsuliyyəti yaradır. Bu zaman o da nəzərə alınmalıdır ki, bu cinayət əməli aşkarda deyil, gizlində törədilir. İşdən görünür ki, Murşüd Muxtarov qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Şəki bələdiyyəsinə məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyinə görə CM-in 237.2.3-cü maddəsi ilə bərabər, ona həm də CM-in 188.1-ci maddəsi ilə də ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs bu əməllə cinayətlərin məcmusuna görə təqsirləndirilsə də, onun qəsdi yalnız tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etməyə yönəlmişdir. Belə olan halda Təqsirləndirilən şəxs torpaq sahəsini özbaşına çəpərləmə, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmasına dair ona elan edilmiş ittiham işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. CPM-in 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CMin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, xx xxxx 2020-ci il tarixdən 09 sentyabrn 2020-ci il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs kimi həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı andan hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan – Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 48 ədəd çətənə şitilləri və bir cüt əlcək məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə kimi həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. İş üzrə 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) məhkəmə xərci olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 48 ədəd çətənə şitilləri və bir cüt əlcək məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X9 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-36/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-36/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver