Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-36/2022 08.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, 19 avqust 1979-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, Yevlax şəhəri F.Kərimov küçəsi ev 125-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 12,306 qram miqdarında narkotik vasitə olan heroini və 0,064 qram miqdarında psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 20 iyul 2021-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri F.Kərimov küçəsində həmin narkotik vasitə olan heroinin 0,382 qram miqdarında olan hissəsini və 0,064 qram miqdarında psixotrop maddə olan metamfetamini tanışı Şahid5 15 manata satmış, qalan cəmi külli miqdarda 11,924 qram miqdarında narkotik vasitə olan heroini beş ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 2,432 qram, 2,124 qram, 2,148 qram, 2,935 qram və 2,285 qram miqdarında olmaqla qablaşdırıb satış məqsədi ilə üzərində saxlamış, 20 iyul 2021-ci il tarixdə saat 20:15 dəqiqədə Şahid5 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri İ.Əfəndiyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində həmin gün saat 21:10 dəqiqədən saat 21:30 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki köynəyin döş cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs ona satdığı 0,382 qram miqdarında narkotik vasitə olan heroin və 0,064 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib qablaşdırılmaqla götürülmüş, 05 avqust 2021-ci il tarixdə saat 04:00 dəqiqədə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri F.Kərimov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində həmin gün saat 04:45 dəqiqədən saat 05:01 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş və şəxsi axtarış nəticəsində əynindəki şalvarının sağ yan cibindən beş ədəd sellofan bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı cəmi külli miqdarda 11,924 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 05 avqust 2021-ci il tarixində evdə olan zaman polis əməkdaşları evə daxil olaraq onu Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində döyülmüş, təzyiqə məruz qalmış, üzərinə narkotik vasitə heroin qoyulmuş və məcbur edilmişdir ki, narkotik vasitə heroinin ona məxsus olması ilə bağlı etirafedici ifadə versin. O da məcbur qalıb özünə aid olmayan narkotik vasitə heroini boynuna almışdır. Bir müddət sonra Şahid5lə üzləşdirilmiş, üzləşdirmə zamanı Şahid5 ondan narkotik vasitə heroin aldığını bildirmişdir. Lakin nəyə görə Şahid5 belə ifadə verməsini bilməmişdir. Belə fikirləşir ki, Şahid5 də təzyiq olunmuş və o, məcbur qalıb onun əleyhinə ifadə vermişdir. Odur ki, qeyd olunanların nəzərə alınmaqla barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, polis şöbəsində işgəncəyə məruz qalması ilə bağlı heç bir orqana müraciət etməmiş, istintaq təcridxanasına qəbul olunarkən müayinədən keçmiş, lakin döyülməsi ilə bağlı heç nə bildirməmişdir. Şahid5 heç vaxt narkotik vasitə satmamış, ümumiyyətlə narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən (234.1-ci maddəsi ilə) təqsirli bilərək göstərmişdir ki, təxminən on ildir ki, o, narkotik vasitə - heroindən istifadə etmişdir. 2021-ci ilin iyul ayının ortalarında onun heroini qurtarmışdır. O, mobil telefonla İran İslam Respublikasında yaşamış tanışı Amid adlı şəxsə zəng etmiş və 15 qram miqdarında heroin istəmişdir. Amid 15 qram heroin üçün ondan 220 manat pul istəmiş və pulu bank kartına göndərməsini demişdir. O, Yevlax şəhərində yerləşən mağazaların birindən “MilliÖn” aparatı vasitəsi ilə Amidin bank kartına 220 manat pul yükləmişdir. Səhəri gün Amid ona zəng edərək 15 qram miqdarında heroini Bəhramtəpə adlanan ərazidə gizlətdiyini, heroini gedib oradan götürməsini demişdir. Bundan sonra Bəhramtəpə adlanan əraziyə getmişdir. Amid mobil telefon vasitəsi ilə zəng edib heroinin yerini ona demişdir. Amid heroini yolun kənarında yerləşən dayanacağa qoymuşdur. O, bir ədəd sellofan torbada olan təxminən 15 qram miqdarında heroini götürmüş və Yevlax şəhərinə qayıtmışdır. O, yaşadığı evdə həmin heroini altı ədəd sellofan bükümə ayırmış, sellofan bükümlərin açıq yerini yandırıb yapışdırmışdır. O, həmin heroinləri yaşadığı ünvanda saxlamışdır. 20 iyul 2021-ci il tarixdə saat 18 radələrində qonşusu Şahid5 onun yaşadığı ünvana gələrək istifadə etmək üçün bir büküm heroin istəmişdir. O, bir ədəd sellofan bükümü açmış, təxminən 0,3 qram miqdarında heroini götürüb başqa bir sellofan bükümə qoymuş və Ramilə vermişdir. Lakin, o, Ramildən pul almamışdır. Ramil heroini götürüb getmişdir. O, açdığı bükümdəki heroini istifadə edib qurtarmışdır. 05 avqust 2021-ci il tarixdə saat 04 radələrində o, beş ədəd sellofan bükümdə olmuş heroini cibinə qoyub işə getmək üçün yaşadığı evdən küçəyə çıxmışdır. Həmin vaxt Yevlax rayon polis şöbəsinin əməkdaşları gələrək onu tutmuşlar. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə - heroin satışı ilə məşğul olduğunu, üzərində həmin maddədən saxlamağı barədə məlumat aldıqlarını, şəxsi axtarış aparılmalı olduğunu demişlər. O, polis əməkdaşlarının onu polis şöbəsinə gətirməsinə və üzərində şəxsi axtarış aparılmasına heç bir etiraz etməmişdir. Polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olub Hüseyn Abbasovu özünə vəkil seçmişdir. Bundan sonra X8 rayon polis şöbəsinə gəlmiş və ona təqdim olunmuşdur. X4 iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Ona üzərindəki qanunsuz əşyaları çıxarıb təqdim etmək təklif olunmuşdur. Həmin vaxt o, əynində olmuş şalvarının sağ yan cibindəki beş ədəd sellofan bükümdə olmuş heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, bükümün içərisindəki maddənin heroin olduğunu, heroini İran Respublikasının vətəndaşından aldığını, Şahid5 qonşusu olduğunu, 2020-ci ilin iyul ayının sonlarında Şahid5 bir büküm təxminən 0,3 qram miqdarında heroin verdiyini, heroinə görə pul almadığını, heroini pay verdiyini demişdir. Beş ədəd sellofan bükümdə olan heroin bir ədəd ağ rəngli zərfdə qablaşdırılmışdır. O və müdafiəçisi Hüseyn Abbasov zərfin üzərinə imza çəkmişdir. Müstəntiq tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmçinin, ifadəsində göstərmişdir ki, 05 avqust 2021-ci il tarixdə saat 04:45 dəqiqədən saat 05:01 dəqiqəyədək olan müddət ərzində Yevlax rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılmış, həmin vaxt əynində olmuş şalvarın sağ yan cibindən beş ədəd sellofan bükümdə ayrı-ayrılıqda 2,432 qram, 2,124 qram, 2,148 qram, 2,935 qram və 2,285 qram miqdarında, cəmi - 11,924 qram miqdarında narkotik vasitə heroin aşkar edilmiş, aşkar edilmiş həmin heroinin hamısı ona məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Yevlax şəhərində yaşamış Şahid5 qanunsuz olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə etməsi, saxlaması və istehlakı ilə məşğul olması barədə 20 iyul 2021-ci il tarixdə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, Şahid5 barəsində əməliyyat tədbirlərinin keçirilməsi, üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul edilmişdir. Daha sonra Şahid5 Yevlax şəhərində saxlanılaraq polis şöbəsinə gətirilmiş, müdafiəçi təmin edilməklə üzərinə video çəkilişlə şəxsi axtarış keçirimişdir. Şəxsi axtarış zamanı Şahid5 əynindəki köynəyin döş cibində bir ədəd siqaret sellofanında bir ədəd sellofan bükümdəki heroinə bənzər kütləni və bir ədəd göy-ağ rəngli kağız bükümdəki metamfetaminə bənzər ketləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid5 həmin kütlələrin heroin və metamfetamin olduğunu və həmin kütləni 15 manat pulun müqabilində narkotik vasitələrin satışı ilə məşğul olmuş, Yevlax şəhərində yaşamış tanıdığı Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Heroinə və metamfetaminə bənzər maddələr müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Şahid5 üzərindən aşkar edilmiş 0,382 qram miqdarında narkotik vasitə - heroini və 0,064 qram miqdarında psixotrop maddə olan metamfetamini 20 iyul 2021-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri F.Kərimov küçəsində 15 manat pulun müqabilində Təqsirləndirilən şəxs şəxsi istifadə üçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Müşviq oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Yevlax şəhəri 32ci məhəllə yeni yaşayış massivində yaşamış Şahid5 üzərindən aşkar edilmiş 0,382 qram miqdarında narkotik vasitə heroini və 0,064 qram miqdarında psixotrop maddə metamfetamini Yevlax şəhərində yaşamış Təqsirləndirilən şəxs satıb-satmamasının müəyyən edilməsi üçün icraatına əməliyyat tapşırığı daxil olmuşdur. Həmin əməliyyat tapşırığı əsasında Təqsirləndirilən şəxs Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri F.Kərimov küçəsi ev 125-də qeydiyyatda olmaqla yaşadığını, qanunsuz olaraq narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olduğunu müəyyən etmişdir. 05 avqust 2021-ci il tarixdə saat 04 radələrində o, əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs Yevlax şəhəri F.Kərimov küçəsində yaşadığı evin yaxınlığında saxlayıb Yevlax rayon polis şöbəsinə gətirib cinayət işinin ibtidai istintaqını aparaq müstəntiqə təhvil vermişdir. Yevlax şəhər Vəkil Bürosunun vəkili X9 Abışova müdafiəçi təyin edilmişdir. Müstəntiq xidməti iş otağında onun, Şahid4 və Hüseyn Abbasovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Baş inspektor Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən beş ədəd sellofan bükümdə olan maddəni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs beş ədəd sellofan bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, heroini bir neçə gün əvvəl İran İslam Respublikasının vətəndaşından aldığını, Şahid5 tanıdığını, 20 iyul 2021-ci il tarixdə Şahid5 0,3 qram miqdarında narkotik vasitə heroin verdiyini bildirmişdir. Həmin bükümlərdən iki ədədinin içərisinə baxış keçirilmişdir. Həmin bükümlərdə qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə - heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. İçərisində heroinə bənzər maddə olan beş ədəd büküm müstəntiq tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış başa çatmışdır. Müstəntiq protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid3 həmçinin, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs heroin və metamfetaminin satışı ilə məşğul olmuş, üzərindən aşkar edilmiş heroini də ayrı-ayrılıqda beş ədəd sellofana büküm satmaq məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri F.Kərimov küçəsində 15 manat pulun müqabilində Şahid5 0,382 qram miqdarında heroin və 0,064 qram miqdarında metamfetamin satmışdır. Məhkəmə istintaqı zamanı Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq polunmuş və onun da Şahid3 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 20 iyul 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, polis əməkdaşları tərəfindən döyülmüş, təzyiq göstərilməklə üzərinə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyulmaqla ona aid olması, həmin narkotik vasitə heroin və metamfetamini Yevlax şəhər sakini, qohumluğu olan Təqsirləndirilən şəxs alması barədə ifadə verməyə məcbur edilmişdir. O da məcbur qalıb üzərindən aşkar olunan narkotik vasitə heroin və metamfetamini Təqsirləndirilən şəxs alması barədə ifadə vermişdir. Bir müddət sonra isə Təqsirləndirilən şəxs saxlanılmış, polis şöbəsində onunla üzləşdirilmiş və məcbur qalıb üzərindən aşkar olunanları Təqsirləndirilən şəxs aldığını demişdir. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə verdiyi ifadəsi arasında, həmçinin təqsirləndirilən şəxslə üzləşdirmə zamanı göstərdiyi xüsusatlar arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və həmin ifadəsində şahid göstərmişdir ki, Yevlax şəhərində doğulmuş və ailəsi ilə birlikdə həmin şəhərdə yaşamışdır. O, 2019-cu il tarixdən narkotik vasitə - heroin istifadə etmişdir. O, psixotrop maddə - metamfetaminin heroindən daha güclü maddə olduğunu eşitmişdir. Bu səbəbdən o, metamfetamin də istifadə etmək qərarına gəlmişdir. 20 iyul 2021-ci il tarixdə o, heroin və metamfetamin almaq qərarına gəlmişdir. Həmin gün saat 18 radələrində o, narkotik vasitələrin satışı ilə məşğul olmuş Yevlax şəhəri F.Məmmədov küçəsində yaşamış Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. O, Ramilə ona bir büküm heroin və bir büküm metamfetamin satmasını demişdir. Ramil bir büküm heroin və bir büküm metamfetamin üçün ondan 15 manat pul istəmişdir. Bundan sonra o, Ramilə 15 manat pul vermiş, Ramil isə əvəzində ona bir büküm heroin və bir büküm metamfetamin satmışdır. O, bir büküm heroini və bir büküm metamfetamini əynindəki köynəyinin sol sinə cibinə qoymuşdur. O, piyada olaraq yaşadığı ev istiqamətində getmişdir. Saat 20 radələrində o, İ.Əfəndiyev küçəsində olarkən Yevlax rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona qanunsuz olaraq heroin və metamfetamin istifadəsi ilə məşğul olduğunu, üzərində həmin maddələrdən saxlamağı barədə məlumat aldıqlarını, üzərində şəxsi axtarış aparılmalı olduğunu demişər. O, polis əməkdaşlarının onu polis şöbəsinə gətirməsinə və polis şöbəsində üzərində şəxsi axtarış aparılmasına heç bir etiraz etməmişdir. Polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Yevlax rayon polis şöbəsində təhqiqatçı onun üzərində şəxsi axtarış aparmışdır. Həmin vaxt onun Təqsirləndirilən şəxs aldığı bir büküm heroin və bir büküm metamfetamin aşkar olunaraq götürülmüşdür. Şahid5 həmçinin, ifadəsində göstərmişdir ki, 20 iyul 2021-ci il tarixdə saat 21:10 radələrindən saat 21:30 radələrinədək olan müddət ərzində Yevlax rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılmış, həmin vaxt əynindəki köynəyin sol sinə cibindən bir ədəd sellofan bükümdə 0,382 qram miqdarında narkotik vasitə - heroin və bir ədəd göy-ağ rəngli kağız bükümdə 0,064 qram miqdarında psixotrop maddə metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş həmin heroin və metamfetamin ona məxsus olmuşdur. Üzərindən aşkar olunmuş 0,382 qram miqdarında heroini və 0,064 qram miqdarında metamfetamini Yevlax şəhəri F.Kərimov küçəsi ev 125-də yaşamış Təqsirləndirilən şəxs 15 manat pulun müqabilində alaraq əldə etmişdir Cinayət işinin materiallarında olan 20.07.2021-ci il tarixli “Raport”dan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə Yevlax şəhəri, H.Cəbrayılov küçəsi, yeni yaşayış massivində yaşayan xx.xx.1977-ci il təvəllüdlü Şahid5 narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması, istehlakı və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 03). Cinayət işinin materiallarında olan 20.07.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Şahid5 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan 20.07.2021-ci il tarixli “Şəxsi axtarış aparılması və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Şahid5 üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Şahid5 əynindəki köynəyin döş cibindən siqaret qutusunun sellofanında bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər və bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüş, şifahi sorğu-sual zamanı həmin kütlələri Təqsirləndirilən şəxs 15 manat pulun müqabilində aldığını bildirmiş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 23-31). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının 21 iyul 2021-ci il tarixli 17/524 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Şahid5 üzərindən aşkar olunaraq götürülmüş ... kütlə ...” sözləri yazılmış zərfin içərisindəki; 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,382 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,064 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01, iş vər. 42-44). Cinayət işinin materiallarında olan 05.08.2021-ci il tarixli “Raport”dan görünür ki, ünvan 2 ünvanında yaşayan xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 82). Cinayət işinin materiallarında olan 05.08.2021-ci il tarixli “Şəxsi axtarış aparılması və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən beş ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 100-103). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının 05 avqust 2021-ci il tarixli 17/578 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş beş ədəd sellofan bükümdə ...” sözləri yazılmış zərfin içərisindəki, 05 (beş) ədəd sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri - 2,432 qr., 2,124 qr., 2,148 qr., 2,935 qr., 2,285., ümumi təmiz çəkisi – 11,924 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş beş ədəd sellofan bükümdə ...” sözləri yazılmış zərfin içərisindəki 05 (beş) ədəd sellofan bükümlərdə olan heroinlər ilə üzərində “... Şahid5 üzərindən aşkar olunaraq götürülmüş... kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd selofan bükümdə olan heroin tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 120-121). Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 18 oktyabr 2021-ci il tarixli 626 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır (cild 02, iş vər. 39-41) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 oktyabr 2021-ci il tarixli 1274 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 47). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 20.07.2021-ci il tarxdə Yevlax şəhəri, H.Cəbrayılov küçəsi, yeni yaşayış massivində yaşayan xx.xx.1977-ci il təvəllüdlü Şahid5 narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması, istehlakı və satışı barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs həmin günü şübhəli şəxs qismində saxlanılaraq vəkil ilə təmin edilməklə üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmuş, daha sonra daxil olmuş əməliyyat məlumatı əsasında 05.08.2021-ci il tarixdə Yevlax şəhəri, F.Kərimov küçəsi, ev 125 ünvanında yaşayan xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, vəkil ilə təmin edilməklə üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə aşkar olunmuşdur. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 20.07.2021-ci il tarixdə Şahid5, habelə 05.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilərək narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, həmçinin Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi, habelə ekspert rəyləri, cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə hesab edir və vurğulayır ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü və məcbur qalıb etirafedici ifadələr verdiyini bildirsə də, ibtidai istintaq zamanı bu barədə məlumat verməmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən, təqsirləndirilən şəxs qismində dindirilərkən, habelə Şahid5lə üzləşdirilərkən qeyd edilən xüsusatla bağlı heç nə bildirməmiş, istintaq təcridxanasına qəbul olunarkən müayinə olunduğu zaman üzərində hər hansı xəsarət aşkar olunmamış və həmin müəssisəyə qəbul edilərkən də döyülmə faktı ilə bağlı məlumat verməmişdir. Odur ki, onun polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmadığından, məhkəmə şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır. Əksinə şəxsin ibtidai istintaq zamanı narkotik vasitənin əldə edilməsi ilə bağlı verdiyi ifadəsi hərtərəfli, obyektiv həqiqəti əks etdirdiyi, işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyü üçün məhkəmə məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı sayır və ona elan olunan ittihamın əsasına qoyur. Eyni zamanda, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istinatq zamanı özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, narkotik vasitə satışının həyata keçirilməsi faktının mövcudluğunu onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək saxlamışdır. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə gəldikdə isə məhkəmə həmin ifadəyə də tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxslə olan qohumluq və tanışlıq münasibəti onun Təqsirləndirilən şəxs xeyrinə iafdə verməsini anlaşılan edir. Odur ki, Şahid5 məhz ibtidai istintaq verdiyi ifadəsinin hərtərəfli, obyektiv həqiqəti əks etdirdiyi, işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyü üçün məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı sayır və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 02, iş vərəqi 36). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Yevlax Rayon Məhkəməsinin 26.11.2002-ci il tarixli hökmünə əsasən CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nərimanov Rayon Məhkəməsinin 16.09.2003-cü il tarixli qərarı ilə ona təyin olunan cəza 01 il 11 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, 16.08.2005-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, daha sonra Şəki Rayon Məhkəməsinin 10.01.2008-ci il tarixli hökmünə əsasən CM-in 177.2.1, 177.2.2, və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 10.10.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir (cild 01, iş vər. 195-196). Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, yəni əvvəllər də qəsdən cinayət əməli törətməyə görə bir neçə dəfə məhkum olunmasını və əməllərindən nəticə çıxarmamasını, yenidən bu dəfə qəsdən ağır cinayət əməlini törətməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokollardan və Yevlax Rayon Məhkəmənin 06.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 05.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli 05.08.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 94-95, 153-155). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına aid edilməli, ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı 05.08.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir, həmçinin yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 0,044 qram miqdarında psixotrop maddə - metamfetamin, 0,312 qram miqdarında narkotik vasitə - heroin, 11,674 qram miqdarında narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 (üç) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 143,88 AZN (bir yüz qırx üç manat, səksən səkkiz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 05.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 0,044 qram miqdarında psixotrop maddə - metamfetamin, 0,312 qram miqdarında narkotik vasitə - heroin, 11,674 qram miqdarında narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 (üç) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 143,88 AZN (bir yüz qırx üç manat, səksən səkkiz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-36/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-36/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver