Məhkəmə qərarları › İş №1(091)-38/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-38/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-38/2022 30.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X4, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18.01.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 07.03.2016-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilmədən və ya qanunla müəyyən edilmiş qaydada götürülmədən yenidən cinayət əməli törətdiyinə görə Göyçay Rayon Məhkəməsinin 18.10.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, daha sonra Şəki Apellyasiya Məhkəməsinin 18.01.2018-ci il tarixli qərarına əsasən sözügedən hökm dəyişdirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 19.09.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və hər iki cinayət əməlinə görə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq külli miqdar hesab edilən 01 ədəd şəffaf rəngli sellofan bükümdə qablaşdırmaqla ümumi təmiz çəkisi 18,591 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd şəffaf rəngli sellofan bükümdə qablaşdırmaqla ümumi təmiz çəkisi 2,264 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdar təşkil etməyən 01 ədəd blister kəsiyində olan ümumi təmiz çəkisi 0,16 qram 04 ədəd narkotik vasitə metadon tabletlərini əldə edərək satış məqsədi ilə qanunsuz olaraq yaşadığı evin yataq otağında yerləşən kreslonun üzərində saxlamış, 24 iyul 2021-ci il tarixdə, saat 13 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Göyçay şəhəri, Z.Nəcəfov küçəsi ev 33 ünvanına baxış keçirilərkən yataq otağında olan kreslonun üzərindən ayrı-ayrılıqda olmaqla 02 ədəd sellofan bükümlərdə saxladığı həmin 18,591 qram çəkidə narkotik vasitə heroin və 2,264 qram çəkidə psixatrop maddə metamfetamin, eyni zamanda 01 ədəd blister kəsiyində olan ümumi təmiz çəkisi 0,16 qram 04 ədəd narkotik vasitə metadon tabletlər aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək göstərmişdir ki, onun özündə az miqdarda özü istifadə etmək məqsədi ilə Bakı şəhərində avtovağzaldan iran vətəndaşından əldə etdiyi 1.8 qram çəkidə olan narkotik vasitə heroin və 04 ədəd narkotik vasitə metadon tabletlər olmuş, polis əməkdaşları tərəfindən onun evində axtarış aparılan zaman özləri tərəfindən qoyulan narkotik vasitə və psixotrop maddə də onun adına rəsmiləşdirilib götürülmüşdür. Savadı olmadığından qarşısına qoyulmuş bütün sənədlərə qol çəkmiş, artıq ibtidai istintaq yekunlaşanda bilmişdir ki, ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Bu barədə heç yerə bildirməmiş və şikayət etməmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmaqla barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 12 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə istifadə etdiyinə görə 18.01.2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 07 il müddətinə və 18.01.2018-ci il tarixdə isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuşdur. 19.09.2020-ci il tarixdə cəzasını tam çəkib bitirdikdən sonra azadlığa buraxılmışdır. Buna baxmayaraq o yenə də narkotik vasitə istifadə etməyə davam etmişdir. 24.07.2021-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı evdə tək olan zaman polis əməkdaşları ünvanına gələrək narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olmasını bildirərək evinə və üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Həmin vaxt o da buna heç bir etiraz etmədən evinə baxış keçirilməsinə razı olaraq rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən müdafiəçi X7 ilə təmin olunaraq ona hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşları oraya 2 nəfər də hal şahidi dəvət edərək, həmin şəxslərə də hüquq və vəzifələri izah edildikdən sonra ilk öncə fərdi yaşayış evinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı yaşadığı evin yataq otağında olan kreslonun üzərində saxladığı 03 ədəd şəffaf rəngli sellafon bükümlər və bir ədəd blister kəsiyində olan 04 ədəd üzərinə “Methadone 40” sözləri yazılmış tabletlər aşkar olunmuş, həmin bükümlər açıldıqda 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində qəhvəyi rəngli maddə olması, digər 02 ədəd şəffaf rəngli sellofan bükümlərin içərisində isə şəffaf rəngli maddə olması aşkarlanmışdır. Həmin maddələr ayrı-ayrılıqda aşkar olunduqları bükümlərlə birlikdə elektron tərəzinin üzərinə qoyularaq çəkilmiş, 01 ədəd içərisindəki qəhvəyi rəngli maddə olan bükümün çəkisi 21.3 qram, digər 02 ədəd içərisində şəffar rəngli maddələr olan bükümlər isə 2.6 qram və 3.2 qram olması müəyyən edilmişdir. Bundan sonra isə təhqiqatçı tərəfindən müdafiçinin və iki nəfər hal şahidlərinin də iştirakı ilə həmin bükümlər 01 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənib möhürlənmişdir. Daha sonra isə həmin zərf müvafiq ekspertiza keçirilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun üzərinə də müdafiəçinin, iki nəfər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən protokol imzalanmışdır. Həmçinin ona verilən suallara cavab olaraq yaşadığı evdən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli maddə narkotik vasitə olan heroin olmasını, 02 ədəd şəffaf rəngli sellofan bükümlərin içərindəki maddələrin isə limon duzu, üzərinə “Methodone 40” sözü yazılan tabletlər narkotik vasitə olan tabletlərin isə metodon tabletləri olmasını, onları gələcəkdə özü istfadə etməsi üçün evində saxlayaraq heroini aldığı vaxtdan, metodon tabletlərini də bir neçə gün yaşadığı küçədə yol kənarından tapdığı vaxtdan onlardan az-az istifadə etmişdir. Həmçinin, o evinə baxış zamanı həmin bükümlərin 01 ədəd bükümün içərisindəki narkotik vasitə heroin olmasını, 01 ədəd blister kəsiyində olan 04 ədəd narkotik tərkibli metodon tabletləri və digər 02 ədəd bükümlərdə olan maddə isə limon duzu olmasını qeyd etmiş, aşkar edilmiş maddələrin hamısının, yəni heroin, limon duzu və metodon tabletlərinin özünə məxsus olduğunu bildirmişdir. Ancaq evindən aşkar edilmiş ona məxsus olan 03 ədəd bükümlərin 01 ədəd bükümün içərisindəki maddənin psixatrop maddə olan metamfetamin olmasından xəbəri olmadığını qeyd etmişdir. Daha sonra o evindən aşkar edilmiş heroin narkotik vasitəsini 17.07.2021-ci il tarixdə günorta vaxtlarında Bakı şəhərindən yaşadığı Göyçay rayonuna gəlmək üçün Beynəlxalq avtovağzalda rayona gəlmək üçün avtomobil axtaran zaman həmin vaxt o orada orta bədən cüssəli, orta boylu seyrək saçlı, qarabuğdayı, bığlı bir nəfər şəxsin də avtovağzalda görmüş, həmin şəxsin taksi sürücüləri ilə söhbəti zamanı sonuncunun danışıqlarından İran vətəndaşı olmasını bilmiş, həmin şəxsin xarici görünüşündən və hərəkətlərindən narkotik vasitə istifadəçisi olmasını bildiyi üçün sonuncuya yaxınlaşıb kənara çəkib onda narkotik vasitə olub olmadığını soruşmuş, sonuncu da bir qədər onunla söhbət etdikdən sonra təxminən 25 qram narkotik vasitə olan heroini olmasını və təcili satıb İrana qayıtmalı olduğunu ona demişdir. Həmin vaxt da o da sonuncu ilə razılaşıb 200 manata narkotik vasitə olan heroini almış, elə həmin günü də yaşadığı Göyçay rayonuna qayıtmışdır. Göyçay rayonuna gəldikdən sonra da həmin heroindən gün ərzində 2-3 dəfə istifadə etmişdir. Həmçinin bir ədəd blister kəsiyində olan 04 ədəd metadon tabletlərini də bir neçə gün əvvəl yaşadığı küçədən tapıb özündə saxlamış, əvvəllər də bədənində olan ağrılarını kəsmək üçün metadon tabletlərindən istifadə etməsi səsbəbilə həmin gün də metadon tabletlərini yerdə görüb götürmüşdür ki, gələcəkdə istifadə edəcəkmiş. Ancaq evinə baxış zamanı aşkar edilmiş həmin metamfetamindən heç bir xəbəri olmamış, o sonradan düşünmüşdür ki, evindən aşkar edilmiş 03 ədəd şəffaf rəngli bükümlərin 02 ədədinin içərisində olan limon duzunun bir bükümünün içərisindəki limon duzunu orada olan polislərdən hansısa dəyişib. Ancaq o, 24.07.2021-ci il tarixdə evinə baxış zamanı orada iştirak edən polis əməkdaşlarından Qiyas və Pərviz adlı polisləri tanımış, buna baxmayaraq aşkar edilmiş bükümlərin birini içərisindəki limon duzunu metamfetamin psixatrop maddəsi ilə hansı polis əməkdaşının dəyişməsini konkret olaraq bilməmişdir. O bir neçə ildir ki, ailəsindən boşandığı üçün evində tək yaşamış, buna görə də yaşadığı evdə narkotik vasitə saxlamasından heç kimin xəbəri olmamışdır. Aşkar edilmiş həmin narkotik vasitədən başqa heç kimə verməmiş və ya satmamış, aldığı vaxtdan ancaq özü istifadə etmişdir. Tək yaşadığı üçün hər hansı mobil telefon və ya nömrə istifadə etməmişdir. O son olaraq məhkəmə-kimyəvi ekspertizanın rəyi ilə tanış olaraq evinə baxış keçirilən zaman aşkar olunmuş 03 ədəd sellofan bükümlərin həmin günü elektron tərəzidə göstərilən çəkilərdən rəydəki çəkilər arasında fərq olması ilə bağlı qeyd etmiş ki, rəydə göstərilən çəkilərlə razıdır. Çünki, yaşadığı evə baxış keçirilən zaman aşkar edilmiş bükümlər adi elektron tərəzidə aşkar olunmuş bükümlərlə birlikdə çəkilmiş, ancaq ekspertizanın isə tərəzisi daha dəqiq olmaqla, eyni zamanda aşkar edilmiş maddələr bükümsüz çəkilmişlər. Ona görə də məhkəmə-kimyəvi ekspertizasının 24.07.2021-ci il tarixli 17/539 nömrəli rəyində göstərilən çəkilər düzgün olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, sonuncu əvvəllər də narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə həbs olunmuşdur. Təqsirləndirilən şəxslə aralarında heç bir münasibət olmamışdır. Təqsirləndirilən şəxs son zamanlar yenə də narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, yaşadığı evdə və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 24 iyul 2021-ci il tarixdə tərəfindən şöbə rəhbərliyinə raportla müraciət edildikdən sonra elə həmin günü saat 13 radələrində Elşən Mustafayevin barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyataxtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin bir neçə polis əməkdaşı, iki nəfər hal şahidləri və müdafiəçi Rasim Vəliyevlə birlikdə iştirak etmişlər. Həmin günü saat 13 radələrində Göyçay şəhəri Z.Nəcəfov küçəsi ev 33 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilməsi üçün gedilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən çağırıb sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evində narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də yaşadığı evə baxış keçirilməli olduğu bildirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi ilə bağlı hər hansı bir etirazının olmamasını bildirərək bu barədə rayon polis şöbəsinin rəhbərliyinin adına ərizə ilə müraciət etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs evinə baxış keçirilməsilə bağlı oraya onlar tərəfindən dəvət edilmiş iki nəfər də hal şahidləri iştirak etmişdir. Bundan sonra ilk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi Rasim Vəliyev təqdim edilmiş, həmçinin şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunaq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşları, iki nəfər hal şahidləri və müdafiəçinin iştirakları ilə saat 13:45-də sonuncunun yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Baxış keçirilərkən Təqsirləndirilən şəxs iki mərtəbəli yarım tikili yaşayış evinin birinci mərtəbəsinə yerləşən yataq otağındakı kravatın yanında olan oturacaq kreslonun üzərindən 3 ədəd şəffaf rəngli sellofan bükümlər və 01 ədəd blister kəsiyində olan 4 ədəd üzərinə “Methadone 40 mq” sözləri yazılmış həblər aşkar olunmuşdur. Aşkar olunmuş sellofan bükümlərin 01 ədədi açıldıqda içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Həmin qəhvəyi rəngli maddə elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi 21.3 qram olmuşdur. Digər sellofon bükümlər də açılararaq içərisinə nəzər saldıqda, həmin bükümlərin hər ikisinin içərisində isə şəffaf rəngli maddələr olması görünmüşdür. Bundan sonra həmin 02 büküm sellofan bükümlər də elektron tərəzidə çəkildikdə çəkilərinin ayrı-ayrılıqda 3.2 qram və 2.6 qram olduğunu görmüşdür. Baxış zamanı aşkar edilmiş hər 03 ədəd sellofan bükümlər və bir ədəd blister kəsiyində olan üzərinə “Methadone 40 ” sözləri yazılmış 4 ədəd həblər götürülərək 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3, Şahid4 və Şahid5 ayrı-ayrılıqda Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 24.07.2021-ci il tarixdə Göyçay şəhəri Z.Nəcəfov küçəsi ev 33 ünvanında yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin evinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmiş, baxış keçirilərkən orada ondan başqa bir nəfər də hal şahidi, vəkil və bir neçə nəfər polis əməkdaşları da iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl onlara hüquq və vəzifələri izah olunmuşdur. Baxış keçirilərkən Təqsirləndirilən şəxs iki mərtəbəli yarım tikili yaşayış evinin birinci mərtəbəsinə yerləşən yataq otağındakı kravatın yanında olan oturacaq kreslonun üzərindən 3 ədəd şəffaf rəngli sellofan bükümlər və 01 ədəd blister kəsiyində olan 4 ədəd üzərinə “Methadone 40 mq” sözləri yazılmış həblər aşkar olunmuşdur. Aşkar olunmuş sellofan bükümlərin 01 ədədi açıldıqda içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Həmin qəhvəyi rəngli maddə elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi 21.3 qram olmuşdur. Digər sellofon bükümlər də açılararaq içərisinə nəzər saldıqda, həmin bükümlərin hər ikisinin içərisində isə şəffaf rəngli maddələr olması görünmüşdür. Bundan sonra həmin 02 büküm sellofan bükümlər də elektron tərəzidə çəkildikdə çəkilərinin ayrı-ayrılıqda 3.2 qram və 2.6 qram olduğunu görmüşdür. Baxış zamanı aşkar edilmiş hər 03 ədəd sellofan bükümlər və bir ədəd blister kəsiyində olan üzərinə “Methadone 40 mq” sözləri yazılmış 4 ədəd həblər götürülərək 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da şahid X8 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Elşən əvvəllər də narkotik vasitə satmasına görə əvvəllər də 2 dəfə həbs olunmuşdur. Sonuncu dəfə də Elşənin evindən külli miqdar narkotik vasitə heroin və külli miqdar patı kimi tanıdığı metamfetamin və narkotik vasitə metodon aşkar edilməsi ilə bağlı barəsində araşdırma aparıldığını eşitmişdir. Çünki o özü də əvvəllər narkotik vasitədən istifadə etdiyi üçün Elşəni tanıyır. Ancaq o hazırda narkotik vasitə istifadə etmir. Təqsirləndirilən şəxs bir neçə ay əvvəl türmədən çıxdıqdan sonra sonuncunun yenə də rayon ərazisində narkotik vasitə satmasını eşitmişdir. O özü hazırda narkotik istifadə etmədiyi üçün sonuncudan narkotik almamışdır. Ancaq Elşənin narkotik satmasını rayon sakini kimi eşitmişdir. Məhkəmə istintaqı zamanı Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid9 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan 24.07.2021-ci il tarixli “Raport”dan görünür ki, ünvan 2 ünvanında yaşayan xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olmaqla yaşadığı evdə saxlanması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 02). Cinayət işinin materiallarında olan 24.07.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan 24.07.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə yazılı ərizə verərək polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir (cild 1, iş vərəqi 120). Cinayət işinin materiallarında olan 24.07.2021-ci il tarixli “Baxış aparılması və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, hal şahidlərinin, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Göyçay şəhəri, Z.Nəcəfov küçəsi ev 33 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış nəticəsində 03 ədəd şəffaf rəngli sellafon bükümlər və bir ədəd blister kəsiyində olan 04 ədəd üzərinə “Methadone 40” sözləri yazılmış tabletlər aşkar olunmuş, həmin bükümlər açıldıqda 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində qəhvəyi rəngli maddə olması, digər 02 ədəd şəffaf rəngli sellofan bükümlərin içərisində isə şəffaf rəngli maddə olması aşkarlanmışdır. Həmin maddələr ayrı-ayrılıqda aşkar olunduqları bükümlərlə birlikdə elektron tərəzinin üzərinə qoyularaq çəkilmiş, 01 ədəd içərisindəki qəhvəyi rəngli maddə olan bükümün çəkisi 21.3 qram, digər 02 ədəd içərisində şəffar rəngli maddələr olan bükümlər isə 2.6 qram və 3.2 qram olması müəyyən edilmişdir. Müvafiq foto şəkillər çəkilməklə protokola əlavə olunmuşdur (cild 01, iş vər. 21-29). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının 24 iyul 2021-ci il tarixli 17/539 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş maddələr...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 18,591 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 2,264 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 2,061 qram olan maddə narkotik vasitələrə və psixatrop maddələrə uyğun deyil. Üzərində “Methadone 40” yazısı olan 01(bir) ədəd blister kəsiyində 04(dörd) ədəd həblərin tərkibini müvafiq laboratoriya cihazı olmadığından təyin etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, maddələr müxtəlif növ maddələr qrupuna aid olduğundan müqayisəli tədqiqatı aparılmadı (cild 01, iş vər. 40-44). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının 10 sentyabr 2021-ci il tarixli 6/3696 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş üzərində Methodone 40..Faran ..” göstəriciləri olan 01 ədəd blister kəsəiyində 04 ədəd dərman tabletlərinin tərkibində narkotik vasitə - metodon müəyyən edildi. 04 tabletdə metodonun təsiredici maddəsinin ümumi təmiz çəkisi 0,16 qram təşkil edir. Metodon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış” narkotik vasitələrin siyahısına daxildir (cild 01, iş vər. 139-141). Cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli, 5(046)-51/2021 saylı qərarından görünür ki, Göyçay şəhəri, Z.Nəcəfov küçəsi ev 33 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair 24.07.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 01, iş vər. 153-154). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2021-ci il tarixli 1278 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 150). Cinayət işinin materiallarında olan “Göyçay RMX” publik hüquqi şəxsdən alınmış 17 avqust 2021-ci il tarixli 3667 saylı məktubda göstərilmişdir ki, Göyçay şəhəri Z.Nəcəfov küçəsi ev 33 ünvanında yaşayan xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Göyçay RMX-da psixatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur (cild 01, işvər. 95). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 24.07.2021-ci il tarxdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olması və yaşadığı evdə saxlanması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs həmin günü şübhəli şəxs qismində saxlanılaraq vəkil ilə təmin edilməklə yaşadığı ünvana müdafiəçinin və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onun yaşadığı evdə narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 24.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs evinə müdafiəçinin və hal şahidlərinin də iştirakı ilə baxış keçirilərək narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən narkotik vasitənin əldə edilməsi ilə bağlı özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi ilə bağlı ifadəsi cinayət işinin materialları ilə üst-üstə düşdüyündən və obyektiv həqiqəti əks etdirdiyindən, məhkəmə kollegiyası məhz həmin ifadəni əsaslı sayaraq ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə hesab edir və vurğulayır ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Eyni zamanda, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, şəxsin evindən narkotik vasitə ilə yanaşı psixotrop maddənin və metadon həblərinin də aşkar olunması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni və psixotrop maddəni, metadon həblərini məhz satış məqsədi ilə əldə edərək saxlamışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri, Z.Nəcəfov küçəsi ev 33 ünvanında yaşayır, himayəsində 2007-ci il təvəllüdlü bir azyaşlı uşağı var, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 190-191). İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18.01.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 07.03.2016-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilmədən və ya qanunla müəyyən edilmiş qaydada götürülmədən yenidən cinayət əməli törətdiyinə görə Göyçay Rayon Məhkəməsinin 18.10.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, daha sonra Şəki Apellyasiya Məhkəməsinin 18.01.2018-ci il tarixli qərarına əsasən sözügedən hökm dəyişdirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 19.09.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hər iki cinayət əməlinə görə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 96-109). Belə ki, Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunduğu cinayət əməli ağır cinayət hesab edildiyindən və CM-nin 83-cü maddəsinə əsasən ağır cinayətlərə görə məhkumluğun ödənilməsi üçün nəzərdə tutulan müddət altı il olduğundan, ikinci dəfə məhkum olunduğu cinayət əməli az ağır cinayət hesab edildiyindən və CM-nin 83-cü maddəsinə əsasən ağır cinayətlərə görə məhkumluğun ödənilməsi üçün nəzərdə tutulan müddət iki il olduğundan, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini cəzasının sonu ilə azad olunduqdan ilk əməlinə görə altı il, ikinci əməlinə görə iki il müddət keçmədən törətdiyindən, onun əməlində cəzanı ağırlaşdıran hal olan cinayətlərin təhlükəli residivi müəyyən olunur. Eyni zamanda, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CMnin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, əvvəllər də qəsdən cinayət əməli törətməyə görə dəfələrlə məhkum olunmasını və əməllərindən nəticə çıxarmamasını, məhkumluğu ödənilmədən yenidən eyni cinsli ağır cinayət əməlini törətməsini nəzərə alaraq, habelə CM-nin 65.2-ci maddəsinin müddaəlarını əsas götürərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid edildiyindən və şəxsin əməlində cinayətlərin residivi müəyyən edildiyindən, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokollardan və Göyçay Rayon Məhkəmənin 26.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 24.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli 24.07.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 18, 81-82). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına aid edilməli, ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı 24.07.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir, həmçinin yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 18,541 qram narkotik vasitə heroin, 2,214 qram psixotrop maddə olan metamfetamin və 03 ədəd narkotik vasitə metodon tabletləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 181,84 AZN (bir yüz səksən bir manat, səksən dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 24.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 18,541 qram narkotik vasitə heroin, 2,214 qram psixotrop maddə olan metamfetamin və 03 ədəd narkotik vasitə metodon tabletləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 181,84 AZN (bir yüz səksən bir manat, səksən dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar