Məhkəmə qərarları › İş №1(091)-39/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-39/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-39/2021 01.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlu, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şəki şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxsin hüquqi varisi: X11, xx.xx.2000-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, İsmayıllı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi ev 4b-də qeydiyyatda olmaqla İsmayıllı şəhəri, Natavan küçəsi, ev 34-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X20 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2017-ci il tarixdə İsmayıllı rayonunun Müşkəmir kənd sakini X7 və qeyriləri tərəfindən döyülərək dərəcəsi təyin edilməyən xəsarətlər alması ilə bağlı İsmayıllı rayon Polis Şöbəsinə şikayət etməsi və onun müraciəti əsasında polis şöbəsində araşdırma aparılması səbəbindən Ağasəf Soltanovun həmin vaxtdan etibarən ona mütəmadi olaraq nalayiq söyüşlər söyməsi, təhqir etməsi ilə əlaqədar sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində qərəzli münasibətlər yaranmış və o, Ağasəf Soltanovu ona qarşı etdiyi hərəkətlərə görə qisas alaraq qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 1958-ci ildə SSRİ-də İjevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm, 16 kalibrli, İJ K modelli, 6579 K №-li, xarici çaxmaqlı, yivsiz odlu ov silahı olan təklüləli tüfəngi və üç ədəd həmin silah üçün nəzərdə tutulan patronu əldə edib saxlamış, öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə x xxx 2020-ci il tarixdə səhər saatlarında İsmayıllı rayonunun Müşkəmir kəndində valideynlərinə məxsus olan yaşayış evinin eyvanında dayanaraq X2 adətən olduğu kimi həmin evin qarşısındakı yoldan keçəcəyi vaxtı gözləmiş, həmin gün saat 09:30 radələrində sonuncunun yolla gəldiyini görərək əvvəlcədən əldə edib saxladığı tüfəngi və üç ədəd patronu götürərək yola çıxmış, arxadan Ağasəf Soltanova yaxınlaşaraq dayanmasını söyləyib, təxminən 10 metr məsafədən qəsdən öldürmək məqsədi ilə bir dəfə atəş açaraq Ağasəf Soltanova ənsə sümüyünün xətti sınığı ilə müşayiət olunan ənsə nahiyəsinin 01 ədəd odlu silah-qırma yarası, sol bazu oynağının və sol qoltuqaltı nahiyənin dəlib keçən 03 ədəd odlu silahqırma yaraları, sol bazu sümüyünün, soldan İİ-İİİ-İV, sağdan Vİ, Vİİ qabırğaların qapalı çoxqəlpəli yerdəyişən sınıqları ilə müşayiət olunan sol bazunu və döş qəfəsinin sol yarısını dəlib daxilə keçən, hər iki ağciyərlərin yaralanmaları və kəskin qanitirmə ilə nəticələnmiş dərəcəsinə görə ölümlə nəticələndiyindən həyat ücün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik və baş vermiş ölüm ilə birbaşa səbəbli əlaqəli olan 7 ədəd odlu silah-qırma yaraları xəsarətlərini yetirmiş, bundan sonra xəsarət alaraq yerə yıxılmış Ağasəf Soltanovu qəsdən həyatdan məhrum etməyə yönəlmiş niyyətini başa çatdırmaq üçün o, yerdə uzanmış vəziyyətdə olan Ağasəf Soltanova yaxınlaşaraq üzünü yana çevirməklə sonuncunun baş nahiyəsinə tərəf tüfəngdən daha iki atəş açmış, lakin, sonuncu iki atəş Ağasəf Soltanova dəyməmiş, bundan sonra o, Ağasəf Soltanovu öldürdüyünü düşünərək hadisə yerini tərk etmiş, Ağasəf Soltanov birinci atəş nəticəsində aldığı xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda ölmüş, bununla da o, Ağasəf Soltanovu qəsdən öldürərək həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri Natavan küçəsində qeydiyyatda olub yaşasa da rayonun Müşkəmir kəndində yaşayan nənəsi Vəsinin yanına tez-tez gedib baş çəkmişdir. Müşkəmir kənd sakini X7 mərhum atasının xalası oğlu olmaqla sonuncu ilə əvvəldən münasibətləri normal olsa da, 2017-ci ilin təxminən ortalarında Ağasəfin Zərnava meşəsində əkdiyi təxminən 6-7 ədəd narkotik kollarını yığıb istifadə etməsinə görə münasibətləri korlanmışdır. Həmin vaxt Ağasəf, Sadiq, Lahıc kənd sakini Valehlə birlikdə onu narkotik kollarını oğurladığına görə döydükdən sonra İsmayıllı rayon Polis Şöbəsinə şikayət ərizəsi vermiş, lakin sonradan Ağasəf və onu döyən şəxslər ondan üzr istədiklərinə görə şikayətini geri götürmüşdür. Buna baxmayaraq Ağasəf hər dəfə onu görəndə nalayiq sözlərlə söyüb təhqir etmiş, onu polisin “adamı” olmaqda günahlandırmışdır. Hadisədən təxminən beş gün əvvəl yenə də Müşkəmir kəndinə gələrkən Ağasəfin kəndin girişində olan təzə tikdiyi evinin yanından keçərkən sonuncu onu həyətinə dəvət edərək onunla söhbət etmiş, Ağasəf əvvəlcə onunla mülayim danışsa da sonradan ona qarşı nalayiq ifadələr işlədərək onu polisin “sukası” və “işverən” olduğunu demişdir. Ağasəf fiziki cəhətdən ondan güclü olduğundan həmin vaxt sonuncuya qarşı hər hansı nalayiq ifadə işlətməyə qorxmuş və Ağasəfə sonradan gəlib münasibətlərinə aydınlıq gətirəcəyini deyərək oradan uzaqlaşmışdır. Kənddə olduğu beş gün ərzində həm əkin işləri ilə məşğul olmuş, həm də Ağasəfi güdərək sonuncunun gecələr kənddəki köhnə evində qaldığını, səhərlər isə işləmək üçün kəndin aşağısında yeni tikdirdiyi evə gedərək onların evinin aşağısındakı yoldan keçdiyini müəyyən etmişdir. xx xxx 2020-ci il tarixdə nənəsinə onu səhər saat 07-də yuxudan qaldırmasını deyərək yatmış, xx xxx 2020-ci il tarixdə saat 08 radələrində nənəsi onu yuxudan oyadandan sonra babasından qalma 16 kalibrli qeyri yaşayış sahəsində olan tüfəngi götürüb yatdığı otaqda evin divarında qarderob kimi istifadə olunan yerdə olan yorğan-döşəyin qarşısına qoymuşdur. Oyanandan sonra küçədə gediş-gəlişi müşahidə etməyə imkan verən evin eyvanında oturub Ağasəfin gəlməsini gözləmiş, həmin vaxt tüfəngi və patronları qarderabdan götürüb eyvanda yanına qoymuşdur. Saat 09 radələrində evdən təxminən 500 metr aralıda yerləşən Ağasəfin özünə məxsus köhnə evdən tək çıxaraq gəldiyini görmüşdür. Təklüləli tüfəngə patronun birini yerləşdirib Ağasəfin gəlməsini gözləmiş, digər patronları isə şalvarının sağ ön cibinə qoymuşdur. Ağasəf onun yaşadığı evin qarşısından gəlib keçərkən onu görməmiş, evin qarşısından keçən kimi dərhal eyvandan həyətə düşüb yola çıxmışdır. Ağasəf evin qarşısında olan döngəyə döndükdən sonra dərhal döngəyə tərəf qaça-qaça gedərək kənd sakini Salehin darvazasının qarşısında Ağasəfə təxminən 10 metr məsafə qalarkən sağ əlində olan tüfəngi atəşə hazır vəziyyətə gətirib arxadan Ağasəfə tuşlayaraq qışqırıb “əmi, dayan” demişdir. Bu zaman Ağasəf dayanaraq geri dönmüş, sonuncuya “əmi, mən sənə neynəmişəm” deyərək tüfənglə sinə nahiyəsinə tərəf nişan alaraq atəş açmışdır. Ağasəf üzüyuxarı yerə yıxıldıqdan sonra ikinci patronu tüfəngə qoyaraq sonuncuya tam yaxınlaşmış, tüfəngi Ağasəfin baş nahiyəsinə tərəf tuşlayıb üzünü yana çevirərək bir dəfə də atəş açmışdır. Ağasəfin qanlı vəziyyətini görmək istəmədiyindən və buna görə qorxa biləcəyindən sonuncuya tərəf baxmadan sağ cibində olan üçüncü patronu da tüfəngə qoyub yenidən üzünü yana çevirərək bir dəfə də atəş açmışdır. Üçüncü atəşdən sonra kənddə səs-küy qalxdığını bilərək əlində olan tüfənglə kəndi çıxana kimi qaçmışdır. Müşkəmir kəndindən çıxdıqdan sonra asfalt yolla körpünü keçib Gəndov kəndi ərazisindən Qaraqaya kəndinə tərəf gəlmiş, yolda əsəbindən tüfəngin qundağını zərbə ilə yerə vuraraq sındırmışdır. Qaraqaya kəndi ərazisində əvvəldən tanıdığı polis nəfəri Davudun “Niva” markalı avtomaşınını görərək əl edərək avtomaşını saxlatmış, Davud avtomaşını saxladıqdan sonra avtomaşından tanımadığı 2 nəfər polis əməkdaşı düşmüşdür. Tüfəngi həmin polislərdən birinə təqdim edərək sonuncularla birlikdə İsmayıllı rayon Polis Şöbəsinə gəlmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, mərhum Ağasəf Soltanov onun əri olmaqla Əzimov X10 xalası nəvəsi olmuşdur. 2017-ci ildə Şirxanla Ağsəfin arasında yaranmış narazılıqla əlaqədar İsmayıllı rayo Polis Şöbəsində araşdırma aparılmışdır. Şirxan meşə ərazisində narkotik tərkibli çətənə bitkiləri əkmiş, Ağasəf həmin çətənə bitkilərinin yerini müəyyən etidiyinə görə Şirxanla Ağasəfin arasında yenidən narazılıq yaranmışdır. xx xxx 2020-ci il tarixdə saat 09 radələrində Ağasəf Lahıc qəsəbəsində saçını qırxdırmaq üçün evdən çıxmış, həmin vaxt qızı və oğlu Taleh evdə olmuşdur. Ağasəf darvazadan çıxandan 3-4 dəqiqə sonra dalbadal üç dəfə atəş səsi eşitmiş, qonşuların səs-küyünə dərhal evdən çölə çıxmışlar. Onların evindən təxminən 150-200 metr aralıda olan qonşulari Nigargilin darvazalarının qarşısında xeyli adamların yığışdığını görüb həmin yerə gedərkən əri Ağasəfin qana bulaşmış vəziyytədə, yerdə yolun ortasında üzüyuxarı uzandığını görmüşdür. Həmin vaxt Şirxanın Ağasəfi tüfənglə vurub qaçdığını bilmiş, oğlu Taleh kəndin aşağısına gedərək atasının Niva markalı avtomaşınını gətirdikdən sonra həmin avtomaşınla Ağasəfi xəstəxanaya aparmışlar. Xəstəxanaya çatanda artıq Ağasəfin öldüyünü bilmişlər. Şirxanın Ağasəfi sonuncunun Şirxanın əkdiyi narkotik tərkibli çətənə bitkisini aşkar etdiyinə görə öldürülməsini hesab etmiş və Şirxanla barışmamışdır. Şirxanın barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək X8 yuxarıda göstərdiklərini təqdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə səhər saat 09 radələrində ailə üzvləri ilə birlikdə həyətdə toyuq-cücələrə baxdığı zaman yolda bağladığı eşşəyin yanına tərəf kəndin yuxarı hissəsindən iki qatır gəldiyini görüb oğlu Əliyə çıxıb həmin qatırları geri qovmasını demişdir. Əli yola çıxaraq həmin qatırları geriyə, qonşuları Cavanşirgilin darvazalarına tərəf qovmuşdur. Əli həmin qatırları qovanda Cavanşirgil tərəfdən yoldan ardıcıl üç dəfə atəş səsi eşitmiş, bu vaxt Əli həyətə daxil olub yolda bir nəfərin vurulduğunu dedikdən sonra dərhal yola çıxarkən Şirxanın əlində tüfənglə kəndin aşağısına doğru qaçdığını görmüşdür. Sonra atəş səsi gələn tərəfə gedərkən kənd sakinlərini yerdə uzanıqlı vəziyyətdə olan Ağasəfin başına yığışdığını görmüşdür. X15 tüfənglə vurduğunu bilmişdir. Orada olan şəxslərlə birgə Ağasəfi kəndin aşağısına düşürmüş, Ağasəfin oğlu Tale avtomaşını sürüb gətirdikdən sonra həmin avtomaşınla Ağasəfi xəstəxanaya aparmışlar. Sonradan Ağasəfin öldüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, xx xxx 2020ci il tarixdə saat 09 radələrində atası Şahid1lə birlikdə yaşadığı evin həyətində olarkən sonuncu ona çöldə, yola baxan çəpərin yanına bağladıqları onlara məxsus eşşəyə tərəf gələn iki ədəd qatırı qovmasını dedikdən sonra küçəyə çıxıb həmin qatırları qovanda Cavanşirgil tərəfdən yoldan atəş səsi eşitmişdir. Təxminən 10 metr qabağa gedəndə yenə atəş səsi gəlmiş, döngədən dönüb yolun kəndin içərisinə doğru düzəldiyi hissədə, Ağabağırın evinin aşağısında yolun ortasında Şirxanın əlində təklüləli tüfənglə yerdə uzanmış vəziyyətdə olan Ağasəfin başının üstündə durduğunu görmüşdür. Həmin vaxt ətrafda başqa heç kim olmamış, Şirxanın əlindəki tüfəngi yerdə uzanmış vəziyyətdə olan Ağasəfə tərəf tutduğunu görmüşdür. Qorxudan dərhal evə tərəf qaçarkən həmin vaxt daha bir atəş səsi gəlmişdir. Həyətə girib atasına Ağasəfin tüfənglə vurulduğunu bildirdikdən sonra sonuncu dərhal yola çıxmışdır. Atasının arxasınca getmiş, hadisə yerinə çatanda artıq kənd sakinləri ora yığılmışlar. Şirxan isə artıq qaçıb getmişdir. Sonradan Ağasəfin öldüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 09 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə olarkən çöldən üç dəfə ardıcıl olaraq atəş səsinin gəldiyini eşidib yola çıxarkən darvazasından təxminən 30 metr aralıda qonşusu Ağasəfi yolda uzanmış vəziyyətdə görmüşdür. Həmin vaxt Şirxanın əlində tüfəng Ağasəfdən təxminən 5 metr aralaşaraq kəndin aşağısına doğru getdiyini görmüşdür. Dərhal Ağasəfə yaxınlaşarkən Ağasəfin sağ çiyni üstə yerdə uzandığını və yaralı vəziyyətdə olduğunu görmüş, Ağasəfin sol çiynində, başında güllə yerləri olmuşdur. Ağasəf çətinliklə nəfəs almış, əlini sonuncunun kürəyinin altına salaraq qucağına qaldırmışdır. Həmin vaxt Ağasəf qan qusmuş, artıq bütün kənd sakinləri oraya yığılmışlar. Oraya gələn Ağasəfin oğlu Tale maşını gətirmək üçün qaçmış, Ağasəfi avtomaşının olduğu kəndin aşağısına tərəf aparmışlar. Tale avtomaşını gətirəndən sonra Ağasəfi avtomaşına qoyaraq xəstəxanaya aparmışlar. Sonradan Ağasəfin yolda öldüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsində polis nəfəri işləyən Şahid5 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 09-da işlədiyi rayon Polis Şöbəsinin həyətində səhər təlimatında olarkən Müşkəmir kənd sakinləri zəng edərək həmin kənddə Təqsirləndirilən şəxs həmkəndlisi Ağasəf Soltanovu güllələdiyi barədə məlumat verdikdən sonra rəhbərliyin göstərişi ilə özünə məxsus Niva markalı avtomaşınla polis əməkdaşları Şaiq Əşrəfli və Tural Abumüslümov ilə birgə İsmayıllı rayonunun Müşkəmir kəndinə yola düşmüşlər. Qaraqaya kəndi ərazisində marketin yaxınlığına çatanda əlində sökülmüş vəziyyətdə tüfəng olan Təqsirləndirilən şəxs yolun kənarı ilə magistral yola tərəf gəldiyini görmüş, Şirxana tərəf yaxınlaşanda sonuncu onun idarə etdiyi avtomaşına tərəf əlini yellədərək saxlamağını işarə etmişdir. Avtomaşını saxladıqdan sonra Şirxan onlara yaxınlaşaraq əlindəki tüfəngi təqdim etdikdən sonra onlarla birlikdə rayon Polis Şöbəsinə getmək istədiyini bildirmişdir. Şirxanla birlikdə onun idarə etdiyi avtomaşınla İsmayıllı rayon Polis Şöbəsinə gedərkən sonuncu yolda onlara Ağasəfi onlara təqdim etdiyi tüfənglə üç dəfə atəş açıb öldürdüyünü demişdir. Saat 11 radələrində şöbəyə çatdıqdan sonra Şirxanı və tüfəngi növbətçi hissəyə təhvil verərək rəhbərliyə bu barədə məruzə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şirxan onun kiçik oğlu Nazimin oğlu olmaqla anası və bacısı ilə birlikdə İsmayıllı şəhərində yaşamış, oğlu Nazim 2014-cü ildə vəfat etmişdir. Şirxan yay aylarında tez-tez Müşkəmir kəndinə onun yanına gəlib onlara məxsus torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olmuşdur. X7 bacısı Güllünün doğma oğlu olmaqla onlarla qonşuluqda yaşamış, münsibətləri normal olmuşdur. Ağasəflə Şirxanın arasında narazılığın olması barədə həmin vaxtlar məlumatı olmamışdır. Baş vermiş hadisədən təxminən 5 gün əvvəl Şirxan Müşkəmirə gəlmiş, həmin günlərdə də həmişə olduğu kimi onun yanında qalıb təsərrüfatla məşğul olmuşdur. xx xxx 2020-ci il tarixdə Şirxan tezdən yuxudan durub evdən çıxmış, Şirxan çıxandan az sonra da kənd sakinləri gəlib ona Şirxanın Ağasəfi tüfənglə vurduğunu demişlər. Bundan sonra Şirxan evə gəlməmiş, Şirxanın Ağasəfi hansı səbəbdən öldürməsini bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 16 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı onun meyitində aşkar edilmiş xəsarətlər - ənsə sümüyünün xətti sınığı ilə müşayiət olunan ənsə nahiyəsinin 01 ədəd odlu silah-qırma yarası; sol bazu oynağının və sol qoltuqaltı nahiyənin dəlib keçən 03 ədəd odlu silahqırma yaraları; sol bazu sümüyünün, soldan İİ-İİİ-İV, sağdan Vİ,Vİİ qabırğaların qapalı çoxqəlpəli yerdəyişən sınıqları ilə müşaiyət olunan sol bazunu və döş qəfəsinin sol yarısını dəlib daxilə keçən, hər iki ağciyərlərin yaralanmaları və kəskin qanitirmə ilə nəticələnmiş 07 ədəd odlu silah-qırma yaraları. Bu xəsarətlər həyati olub mərhum A.M.Soltanovun ölümündən az əvvəl patronu mərmi(qırma) ilə doldurulmuş odlu silahdan açılmış 01 (bir) atəş nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ölümlə nəticələndiyindən həyat ücün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir, baş vermiş ölüm ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb sol bazunun, döş qəfəsinin sol yarısının odlu silah yaralanması və hər iki ağciyərlərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X1 bədəni üzərindəki odlu silah yarasında atəşin istiqaməti öndən-arxaya, soldan-sağa, nisbətən yuxarıdan aşağıyadır, atəşin məsafəsi qırmaların kompakt (yığcam) təsir etdiyi yaxın məsafədən açılmış 01 (bir) atəş nəticəsində əmələ gəlmişdir, sol bazunun bayır səthi(giriş), sol bazu oynağının ön səthi və sol qoltuqaltı nahiyəsi çıxış dəliyi (cəmi 03 ədəd), sol bazunun və döş qəfəsinin sol yarısının yaralanması (cəmi 07 ədəd) giriş dəliyi olmuş və yara kanalı döş qəfəsinin sağ yarısında(qabırğalarda və yumşaq toxumalarda) kor qurtarır. Atəş açılan zaman mərhum A.M. Soltanov bədəninin əsasən sol yan səthi atəş açan şəxsə tərəf olmuşdur. Qeyd edilən xəsarətlərin lokalizasiyasına əsasən demək olar ki, atəş açılan zaman mərhum A.M.Soltanov ayaq üstdə olması inkar edilmir. İlkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, X2 ölümü onun meyitinin meyitxanada müayinəsindən təxminən 2-3 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nətiçəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. X1 meyitinin müayinəsi zamanı mübarizə və özünü müdafiə xarakterli xəsarətlər aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə ballistik və trasoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 3/483, 3/484, 3/485, 6/1122 saylı rəyindən görünür ki; tədqiqata təqdim edilmiş silah hissələri 1958-ci ildə SSRİ-də İjevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, İJ K modelli, 6579 K №-li, xarici çaxmaqlı, yivsiz odlu ov silahı- təklüləli tüfəngin hissələridir. 1 rəqəmi ilə işarələnmiş predmet silahın qundağıdır, 2 rəqəmi ilə işarələnmiş predmet həmin qundağın qırılıb qopmuş hissəsidir, 3 rəqəmi ilə işarələnmiş predmet silahın qəlibidir (vurucu-buraxıcı mexanizm daxil olmaqla), üzərində atəş dilçəyi “şeptalo” adlanan detal mövcud deyil, “4” rəqəmi ilə işarələnmiş predmet silahın lüləsidir, hissələrinin üzərində onların təyinatını dəyişdirən hər - hansı əlavə və ya dəyişikliklər edilməmişdir. İJ K modelli, 6579 K №-li, ov silahının vurucu - buraxıcı mexanizminin funksional əhəmiyyət kəsb edən atəş dilçəyi “şeptalo” adlanan detalı üzərində mövcud olmadığından, həmin hissələri vahid bütöv şəklində yığıldığı halda belə nasazdır, atəş açılması üçün yararsızıdır, həmçinin tətiyini çəkmədən ondan öz- özünə atəş açılıb açılmamasını müəyyən edilməsi, mümkün deyildir. İJ K modelli, 6579 K №-li, ov silahının hissələrinin bir - birindən ayrılması, qopması, qırılması və vurucu - buraxıcı mexanizminin daxilində detal çatışmamazlığı - silaha hər hansı mexaniki təsirin (səthi bərk predmetə vurulması, hündürlükdən atılması, üzərinə ağır predemetin atılması və s.) göstərilməsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir - gilizləridir. İJ K modelli, 6579 K №-li, ov silahının hissələri vahid bütöv şəklində olmadığından, nasaz, atəş açılması üçün yararsız vəziyyətdə olduğundan, eyniləşdirmə tədqiqatı üçün eksperimental atılmış gilizlərin əldə edilməsi mümkün olmadığından, tədqiqata təqdim edilmiş 03 (üç) ədəd 16 kalibrli gilizlərin İJ K modelli, 6579 K №-li ov silahından atılıb atılmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata üzərində «X2 meyitindən çıxarılmış 05 ədəd qırma» yazıları olan zərfin içərisindən aşkar edilmiş 5 ədəd və üzərində «4 nömrə ilə nişanlanmış yerdən götürülmüş üstündə tük hissələri olan dəmir hissəcik» yazıları olan zərfin içindən aşkar edilmiş 01 (bir) ədəd, ümumilikdə 06 (altı) ədəd metal predmet müxtəlif kalibrli, yivsiz, odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir- karteçdirlər. Təyinatına uyğun olaraq, həmin karteçin digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 16 kalibrli patrondan, o cümlədən tədqiqata təqdim edilmiş 03 (üç) ədəd gilizlərdən istifadə olunmaqla təqdim edilmiş 16 kalibrli, “İj K” modelli, 6579 K №-li təklüləli ov tüfəngindən də atəş açılması mümkündür, lakin karteçin üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, karteçin hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün, onun təqdim edilmiş 03 (üç) ədəd 16 kalibrli gilizdən istifadə edilməklə, 16 kalibrli, “İj K” modelli, 6579 K №-li təklüləli ov tüfəngindən, habelə başqa hansısa konkret bir silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd tüfəngin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, təqdim edilmiş vəziyyətdə ondan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır. Tədqiqata təqdim edilmiş üzərində “Ağasəf Soltanova” məxsus olduğu qeyd edilən bir ədəd açıq qəhvəyi rəngli jilet və bir ədəd qara rəngli, ağ zolaqlı, uzunqol köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, onların üzərindəki zədələr giriş zədələri olmaqla, odlu silahdan 2 metrdən yuxarı məsafədən açılmış atəş nəticəsində, öndən arxaya doğru istiqamətdə mərmilərinqırmaların təsirindən yetirilməyə xarakterikdir. Belə zədələr təqdim edilmiş, 16 kalibrli tüfəngdən açılan atəş nəticəsində tədqiqata təqdim edilmiş üzərində “mərhum Ağasəf Soltanovun bədənindən çıxarılmış” olduğu qeyd edilən mərmilərin-qırmaların təsirindən də yarana bilər. Geyim əşyalarının üzərində olan zədələrlə qərarda göstərilən Ağasəf Soltanovun meyiti üzərindəki zədələr üst-üstə düşür. Tədqiqata təqdim edilmiş üzərində “Ağasəf Soltanova” məxsus oldğu qeyd edilən bir ədəd qara rəngli, ağ zolaqlı idman şalvarının üzərində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədə(zədələr) və atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyaları üzərində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədə(zədələr) aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının, Təqsirləndirilən şəxs əlinə və üzünə sürtməklə təmiz ağ parça ilə götürülmüş nümunələrin səthində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs və Ağasəf Soltanova məxsus olduğu qeyd edilən geyim əşyalarına baxış keçirildi və onların üzərində əlbəyaxa mübarizə zamanı yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş geyim əşyalarının cib hissələrində dəmir birləşmələrinə məxsus izlər aşkar edildi. Lakin aşkar edilmiş dəmir mikrohissəciklərin izləri hər hansı əşyanın formasını daşımadığına görə həmin izlərin hansı dəmir əsaslı ərintidən hazırlanmış əşyadan qalmasını demək mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 382/2020 saylı rəyindən görünür ki, X2 ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) (sənədlər üzrə axtariş vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş X4 məxsus gödəkçə, köynək, şalvar, Təqsirləndirilən şəxs şalvar, mayka, 02 ədəd paketdə taxta və torpaq hissəcikləri, dəmir hissəciyi, beş ədəd qırma üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq edildikdə yalnız B antigeni alındı. Aqlütininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri ABO sistemi üzrə B (İİİ) qruplu şəxsə, o cümlədən X4 məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş dəmir hissəcik üzərindən götürülmüş 04 ədəd obyekt insanın baş tükləridir. Bu tüklərdə ABO sistemi üzrə qrup tədqiq etdikdə heç bir qrup ontiqenləri alınqmadığı üçün müqayisəli tədqiqat aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixoloji və psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 293/117 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (İsmayıllı RMX PHŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 767 saylı arayış,) anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməməsi, hövsələsiz olması, onda əsəbiliyə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (nevrotik reaksiyalarla müşayət olunan şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs 2020-ci ildə AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında müayinə olunması, İsmayıllı MRX-nın poliklinikasında psixiatriya kabinetində “Yüngül nevrotikreaksiyalar, özünükəsmələrlə” diaqnozu ilə qeydiyyata götürülməsi (İsmayıllı RMX PHŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 767 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz olması, onda əsəbiliyə meyillilik müşahidə edilməsi, tezqıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi və s.) az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs aşağıdakı fərdipsixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi psixi-emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabilliyətinə malik olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamə, hökmün surəti və İsmayıllı rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Əzimov X9 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı RMX Publik hüquqi şəxsindən daxil olmuş xx xxx 2020-ci il tarixli, 767 saylı məktubdan görünür ki, Əzimov X9 RMX-nin konsultativ poliklinika şöbəsində narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdur, lakin ruhi-əsəb kabinetində xx.xx.2020-ci il tarixdən «yüngül nevrotik reaksiyalar, özünü kəsmələrlə» diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yaşayış yeri və ailə tərkibi barədə xx.xx.2020-ci il tarixli, 1523 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi 4b ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə tərkibi anası X12 və bacısı X5 ibarət olmaqla 63 saylı Təsərrüfatbaşına kitabın 6234 saylı ev təsərrüfat nömrəsinə qeydə alınmışdır. Həmin tarixli xasiyyətnamə ilə isə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş könüllü gəlib təqsirini boynuna alma haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə İsmayıllı rayon Polis Şöbəsinə gələrək törətdiyi əməli etraf etmiş və cinayətin aləti olan bir ədəd ov tüfəngini təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci tarixdə saat 1505-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə xx xxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarın nəticə hissəsinin 4-cü bəndindən görünür ki, iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi X8 ifadələrində göstərdiyi Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Müşkəmir kəndində narkotik vasitələr kultivasiya etməsi, X1 həmin narkotik vasitələri aşkar etməsi səbəbindən Təqsirləndirilən şəxs Ağasəf Soltanovu qətlə yetirməsinə dair xüsusatlar iş materialları ilə öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası CM-nin 237-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində İsmayıllı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən təyin olunmuş cəza azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından hazırda törətdiyi cinayət cinayətlərin residivi hesab olunmur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 120.1-ci maddəsinə tövsifi ilə razılaşır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməlindən səmimi peşiman olmasını, könüllü gəlib təqsirini boynuna almasını, «yüngül nevrotik reaksiyalar, özünü kəsmələrlə» diaqnozu ilə dispanser qeydiyyatda olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə edərək törətməsini CM-in 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi həbsə alındığı xx xxx 2020-ci il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd İJ markalı, 6579K nömrəli, 16 çaplı, təklüləli tüfəng və 03 (üç) ədəd giliz iş üzrə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 200 AZN (iki yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və İsmayıllı rayon prokurorluğunda saxlanılan 6 ədəd metal hissəciyi, 2 ədəd torpaqqarışıq qanabənzər nümunələr, X4 məxsus gödəkçə, uzunqol köynək, idman şalvarı, Təqsirləndirilən şəxs məxsus şalvar və yay köynəyi, Təqsirləndirilən şəxs əlinə və üzünə təmiz ağ parçanı sürtməklə götürülmüş iki ədəd nümunələr məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı xx xxx 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 200 AZN (iki yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və İsmayıllı rayon prokurorluğunda saxlanılan 6 ədəd metal hissəciyi, 2 ədəd torpaqqarışıq qanabənzər nümunələr, X4 məxsus gödəkçə, uzunqol köynək, idman şalvarı, Təqsirləndirilən şəxs məxsus şalvar və yay köynəyi, Təqsirləndirilən şəxs əlinə və üzünə təmiz ağ parçanı sürtməklə götürülmüş iki ədəd nümunələr məhv edilsin. Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd İJ markalı, 6579K nömrəli, 16 çaplı, təklüləli tüfəng və 03 (üç) ədəd giliz iş üzrə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X20 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar