Məhkəmə qərarları › İş №1(091)-39/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-39/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-39/2022 02.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X8, müdafiəçi: Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Zaqatala şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Zaqatala rayon Məhkəməsinin 26.05.2021- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdə, saat 23 radələrində Zaqatala şəhəri, 28 May küçəsində Zərərçəkmiş şəxs tanışı Şahid1 ilə mübahisə etməsinə görə Zərərçəkmiş şəxs yanına çağırıb sonuncunun Şahid1 incitməsinə görə mübahisə etmiş və həmin vaxt üstündə olan qayçı ilə iki dəfə qəsdən zərbə vuraraq sonuncuya döş qəfəsinin ön divarında sol ön qoltuq və sol körpücük xətti üzrə iki ədəd deşilmiş-kəsilmiş və sol saidin iki ədəd kəsilmiş yaraları xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq - 2,174 qram çəkidə narkotik vasitə olan heroini əldə etmiş, 10 iyul 2021-ci il tarixdə, saat 13:30 radələrində Zaqatala şəhəri, Nizami küçəsində həmin narkotik vasitəni üzərində qanunsuz olaraq daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxladılmış və Zaqatala Rayon Polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra üzərində həmin gün saat 1443 radələrində şəxsi axtarış aparılarkən əynindəki idman tipli gödəkçənin sağ yan cibində gümüşü-ağ rəngli kağıza bükülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,174 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 07 iyul 2021-ci il tarixdə saat 22 radələrində dostuna məxsus evin yanında dayanarkən təxminən 15-20 metr aralıda bir neçə şəxsin arasında sözlə mübahisə olduğunu gördükdən sonra həmin şəxslərə yaxınlaşarkən 3 nəfər hərbçinin 2 nəfər bir qız və bir oğlan tələbəyə qarşı hədə qorxu gəldiyini görmüşdür. Hərbçilərdən nəyə görə tələbələrə qarşı bu cür hərəkət etdiyini soruşduqda həmin vaxt orada olan qız hərbçilərin sonuncunu narahat etdirdiyini, buna görə də qrup yoldaşı oğlanla bir yerdə hərbçilərlə görüşdüyünü bildirmişdir. Həmin vaxt 2 hərbçi və tələbə oğlan oradan uzaqlaşmış, sonradan adının Həsən olduğunu bildiyi hərbçi isə qızın arxasınca düşərək qolundan tutub dayandırmağa çalışmışdır. Qızın kömək göstərilməsi üçün qışqırdığını gördükdə Həsənə iradını bildirərək qızdan əl çəkməsini tələb etmiş, həmin vaxt Həsən ona işi ilə məşğul olmasını bildirərək üzərinə doğru gəldikdən sonra aralarında başlanmış sözlü mübahisə davaya çevrilmişdir. Həsənə gücü çatmadığına görə cibində olan məişət qayçısını çıxarıb sonuncudan yaxa qurtarmaq məqsədi ilə iki dəfə zərbə vurduqdan sonra dava başa çatmışdir. Bundan sonra yaşadığı evə gəlmiş, hadisə baş verən vaxt orada özündən və Həsəndən başqa heç kim olmamışdır. Bir müddət sonra polis işçiləri onun istifadəsində olan mobil nömrəsinə zəng vuraraq polis şöbəsinə dəvət etmiş, həmin vaxt qorxduğu üçün nənəsinə məxsus fərdi yaşayış evinin açarını götürərək nənəsinə məxsus evdə gizlənmişdir. Bir müddət sonra atası Sokrat hadisədən xəbər tutaraq gizləndiyi nənəsigilin evə gələrək təslim olmasını demişdir. 10 iyul 2021-ci il tarixdə səhər saatlarında atası Sokrat taksi ilə onun gizləndiyi yerə gələrək evdən onu götürərək birlikdə Zaqatala Rayon Polis Şöbəsinə doğru getmişlər. Həmin vaxt atası Sokrat istifadəsində olan mobil telefon ilə polis şöbəsinin rəhbərliyinə zəng vuraraq polis şöbəsinə təslim olmaq üçün onunla birlikdə gəldiklərini bildirmişdir. Atası Sokrat ilə birlikdə şolis şöbəsinə daxil olan zaman qapı postunda oturan polis əməkdaşı əməliyyatçılara məlumat vermiş, əməliyyatçılar onu qarşılayaraq polis şöbəsinin xidməti iş otaqlarına aparmışlar. Polis şöbəsinin inzibati binasında olarkən ona CM-in 29, 120.1-ci maddəsi ilə cinayət işi açılacağı bildirilmiş və ona verəcəkləri narkotikin özünə məxsus olmasını etiraf edəcəyi təqdirdə onun CM-in 234.1 və 128-ci maddələri ilə cəlb edilməsinin mümkün olacağı bildirilmişdir. Həmin vaxt o hesab etmişdir ki, həqiqətən də polis işçiləri istəsələr ona 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası olan CM-nin 29. 120.1-ci maddəsi ilə ittiham verilməsinə nail ola bilərlər. Bu səbəbdən məcbur qalıb narkotikin özünə məxsus olması barədə ifadə verməyə razılıq vermişdir. Məcbur qalıb istintaqın ilkin mərhələsində narkotikin ona məxsus olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2020-ci ilin iyun ayından hərbi xidmətdə olması ilə əlaqədar Zaqatala şəhəri, A.İsayev küçəsində kirayədə qaldığı evlə üzbəüz evdə yaşayan Şahid1 ilə tanış olmuş, sonuncu ilə yaxın münasibəti yaranmışdır. Şahid1 ali məktəbin tələbəsi olduğu üçün nişanlanmamış, lakin sonradan Floranın anası Nüşabə onların münasibətlərinə mane olaraq qızını başqa imkanlı oğlana verəcəyini demişdir. 07 iyul 2021-ci il tarixdə saat 20 radələrində «Dədə Qorqud» parkında olan vaxt Floranın anası Nüşabəni gördükdən sonra Floraya zəng vuraraq harada olmasını soruşmuş, sonuncu ona Heydər Əliyev adına parkda olduğunu bildirmişdir. Bundan sonra parka qalxaraq orada Flora ilə rastlaşdıqda Floranın yanında üç nəfər qız və bir nəfər adının sonradan Hüseyn olduğunu bildiyi oğlanı görmüşdür. Hüseynə yaxınlaşaraq sonuncudan nə məqsədlə Floranın yanında olmasını soruşmuş, bundan sonra Flora ilə piyada söhbət edərək hərəkət etməyə başlamışlar. Bir qədər piyada getdikdən sonra yolun kənarında duran və adının sonradan Oruc olduğunu bildiyi şəxs onu yanına dəvət etmiş, sonuncunun yanına yaxınlaşıb nə lazım olduğunu soruşduqda Oruc onun qolundan tutub əlində olan kəsici alətlə onun ürək nahiyyəsinə bir zərbə vurmuşdur. Orucun birinci zərbəsi onun ürək nahiyyəsinə dəydikdən sonra sonuncunu kənara itələdikdə Oruc ona ikinci zərbəni atmışdır. Həmin zərbənin qarşısını almaq üçün sol qolunu qabağa tutmuş və Orucun əlində olan kəsici alət onun sol qoluna girmişdir. Bundan sonra Orucun yenə onu vuracağından qorxaraq oradan qaçmış, bu zaman Oruc da başqa istiqamətdə qaçıb getmişdir. Meydana tərəf çatanda arxasınca bir nəfər adam gələrək özünü Orucun əmisi oğlu kimi təqdim edərək şikayət etməməsini xahiş etmişdir. Meydanda bulağın yanında bir qədər oturub qanını yuyub oturmuş, bir qədər özünə gəldikdən sonra Zaqatala rayon mərkəzi xəstəxanasına getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun yaşadığı evlə üzbəüz olan evdə kirayədə yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-2107 markalı avtomobili evin pəncərəsinin qarşısında saxlamış və hər dəfə avtomobili işə salanda onları narahat etmişdir. Buna görə də anası Nüşabə Həsənlə görüşərək avtomobili pəncərələrinin qarşısında saxlamamağı demiş, anasına Həsənin hərbçi olduğunu deyərək narahat etməməsini bildirmişdir. Həmin vaxtlar Həsənlə münasibəti yaranmış, lakin sonradan Həsənin hərəkətləri onda qıcıq yaratmağa başlamışdır. Bundan sonra valideynləri onu Həsənə verməyəcəklərini demiş, Həsənə artıq münasibətlərini kəsməyi bildirmişdir. 07 iyul 2021-ci il tarixdə saat 10 radələrində təhsil aldığı ali məktəbə çağırılmış, həmin vaxt bir çox rayonlardan da tələbə yoldaşları gəlmişdir. Tələbə yoldaşları ilə saat 19 radələrində Meydanda görüşmək barədə razılığa gəlmiş, bu məqsədlə meydanda görüşmüşlər. Həmin vaxt görüş yerinə anası Nüşabə ilə birlikdə getmiş, anası meydanda qalaraq o isə tələbə yoldaşları ilə birlikdə Heydər Əliyev adına parka getmişdir. Saat 21 radələrinə qədər oturduqdan sonra parkdan çıxmış, həmin vaxt Həsən yanında iki nəfər hərbçi dostları ilə qarşılarına çıxmışlar. Həsən onu gördükdən sonra arxasınca gəlməyə başlamış, sonuncuya arxasınca gəlməməyi bildirmişdir. Lakin Həsən ona məhəl qoymadan arxasınca gəlməkdə davam etmiş, Azərbaycan Dövlət İqtisad Univerisitetinin Zaqatala filialının qarşısına çatdıqda onunla birlikdə olan tələbə yoldaşları qızlar aralanmışlar. Sonra piyada tək gedərkən Həsən yanında olan iki nəfərlə birlikdə onun arxasınca gəlmiş, Həsən ona yaxınlaşdıqda sonuncunu acılamışdır. Lakin Həsən yenə onun arxasınca gəlməyə davam etmiş, həmin vaxt Həsənin yanında olan iki nəfər tanışı da aralanıb getmişdir. Həsən yenə gəlib ondan qabağa keçərək ona anasına görə ayrıldıqlarını, anasının başı xarab oduğunu və ondan ayrılmayacağını deyib getmişdir. Həsən ondan qabaqda gedən vaxt yolun kənarında dayanan adını sonradan bildiyi Oruc adlı şəxs Həsəni arxadan səsləyərək yaxına gəlməsini bildirmiş, Həsən də Oruca tərəf getdikdə sonuncu Həsəndən haralı olduğunu soruşduqda Həsən şəhərdən olduğunu demişdir. Bundan sonra Oruc ondan Həsənin haradan olmasını soruşduqda Həsənin Zaqataladan olmadığını demiş, bundan sonra X12 rayonuna gəlib qızlara niyə sataşdığını demişdir. Artıq həmin vaxt küçənin tininə çatdığı üçün küçəni dönüb meydana anasının yanına tərəf iti addımlarla getmiş, anasının yanına çatdıqdan təxminən 2-3 dəqiqə sonra Həsənin qolundan qan axaraq yanından ötüb getdiyini, su krantında qolunu yuyub getdiyini görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 07 iyul 2021-ci il tarixdə xidmət saatı başa çatdıqdan sonra saat 20 radələrində şəxsi işləri ilə əlaqədar olaraq onunla birlikdə xidmət edən Şahid3la və Zərərçəkmiş şəxsla birlikdə Zaqatala şəhərinə getmiş, işlərini gördükdən sonra Həsənin təklifi ilə çay içmək məqsədilə Meydan deyilən yerə tərəf getmişlər. Heydər Əliyev parkının qabağında olarkən üç nəfər qız və bir nəfər oğlanın piyada getdiyini gördükləri vaxt Həsən həmin qızların arxası ilə getməyi bildirmişdir. Onlar Həsəndən qızların kim olmasını soruşduqda Həsən qızlardan birini sevdiyini demiş, bundan sonra onlar da Həsən ilə bir yerdə getməyə başlamışlar. Azərbaycan Dövlət İqtisad Univerisitetinin Zaqatala rayon filialının qarşısına çatdıqda Həsən ondan qızların yanında olan oğlanı çağırmasını, oğlana yaxınlaşıb söz deyəcəyini bildirmişdir. Oğlan onun yanına gələn kimi Həsən həmin şəxslə söhbət etməyə başlamış, Həsənin həmin oğlanla nə barədə söhbət etməsini bilməmişdir. Həmin vaxt qızlardan biri Həsənin yanına gələrək oğlanı nəyə görə narahat etmələrini bildirmiş, həmin qıza oğlanla heç bir işlərnin olmadığını, Həsənin oğlanla söhbət etdiyini bildirmişlər. Bundan sonra onlar Həsənin sözü ilə oradan ayrılıb başqa küçə ilə hərəkət etmiş, Həsən də həmin qızla birlikdə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zaqatala rayon X2 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyən Şahid4 ifadəsində göstərmişdir ki, Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin gəzdirməsi və daşıması barədə daxil olmuş məliyyat məlumatı əsasında 10 iyul 2021-ci il tarixdə saat 13 radələrində yaradılmış əməliyyat qrupuna daxil olan Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid5 və Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid6 ilə birlikdə Zaqatala şəhəri Nizami küçəsində olan Təqsirləndirilən şəxs saxlanılaraq Zaqatala rayon Polis Şöbəsinə gətirilmiş, sonuncu şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxs axtarış zamanı idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə çəkisi 2,4 qram olan heroinə oxşar kütlə aşkar oldunmuşdur. Sonradan Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdə Zaqatala şəhəri 28 may küçəsində Zərərçəkmiş şəxs ilə mübahisə edərək sonuncuya qayçı ilə xəsarət yetirdiyi üçün barəsində CM-in 221.3-cü maddəsi ilə cinayət işi istintaq olunduğunu bilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq edilməmiş, sonuncuya heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zaqatala rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid5, Post Patrul Xidmət Bölüyünün polis nəfərləri Şahid6 və Şahid7 Namiq oğlu eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 10 iyul 2021-ci il tarixdə Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət edərək oğlu Təqsirləndirilən şəxs təslim etmələrini istəmiş, bir müddət sonra arvadı ona zəng vurub Orucun evdə olduğunu bildirdikdən sonra tanışı Sulxay Sulxayevin idarə etdiyi avtomaşınla evə gedib Orucu götürərək birlikdə Zaqatala rayon Polis Şöbəsinə getmişlər. Orada Orucu təhvil verdikdən sonra evə qayıtmış, sonradan Orucu çaylax adlanan yerə aparıb guya üzərindən narkotik vasitə aşkar etdiklərini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 eyni məzmunlu ifadə verərək X4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 iyul 2021-ci il tarixli 17/501 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “aşkar olunaraq götürülmüş narkotik vasitə” sözləri yazılmış zərfin içərsindəki gümüşü-ağ rəngli kağıza bükülmüş 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi- 2,174 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 23 iyul 2021-ci il tarixli 866 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alanması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 31.07.2021-ci il tarixli 267 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön divarında sol ön qoltuq və sol körpücük xətti üzrə iki ədəd deşilmiş-kəsilmiş yaralar, sol saidin iki ədəd kəsilmiş yaralar iti kənara malik olan kəsici əşyanın (alətin) təsirindən törənmişdir. Müxtəlif deşici-kəsici əşyaların (bıçaq və ona bənzər xüsusiyyətlərə malik əşyaların) eyni zamanda ekspertizaya təqdim olunmuş qayçının deşici-kəsici xüsusiyyətlərə malik hissələrinin təsirindən törənməsi istisna edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda qeyd edilən 07.07.2021-ci il tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 20.08.2021-ci il tarixli 9\828 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O(İ)-dir. Ekspertizaya təqdim edilmiş qayçı üzərində insan qanı ləkələri aşkar olundu. Həmin qan ləkələrində qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız H antigenti alındı. H antigenti O(İ) qrupun əsasını təşkil edir. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə O (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 18 aprel 2022-ci il tarixli 959 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “Emosional davamsız tip şəxsiyyət pozuntusu” (F.60.3) aşkar olunur. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərcədə ifadə olunmayıb ki, o, cinayət hadisəsi törədilən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon Məhkəməsinin 21.07.2017-ci il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqslrili bilinib qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il mübbətinə islah işləri cəzasına məhkum olunmuş, Zaqatala rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. CM-in 18.4.4-cü maddəsinə əsasən Murad Oruczadəyə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon Məhkəməsinin 12.01.2022-ci il tarixli qərarından görünür ki, Zaqatala rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 1(033)—27/2021 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 il 03 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının qüvvəyə mindiyi 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 01 gün hissəsi 01 (bir) il azaldılmışdır. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 10 iyul 2021-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü-ağ rəngli kağıza bükümü çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin heroinin ona məxsus olduğunu, Tala çayının kənarında gəzən vaxtı tapdığını, heç bir narazılığının olmadığını, ona qarşı fiziki və psixi təzyiq göstərilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon prokurorluğunun 19.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalmasına dair müraciəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər İnzibati Dairəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala şəhəri N.Nərimanov küçəsi 15 saylı evdə yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 21.12.2021-ci il tarixdə Sokrat Muradzadə adlı uşağı olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. İş materiallarına əlavə edilmiş 10 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1430-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Zaqatala rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu əməli satış məqsədi olmadan törtəməsinə dair nəticəyə gələrkən təqsirləndirilən şəxsdə aşkar olunmuş narkotik maddənin yalnız bir növdə və bir bükümdə olmasını, onun narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, Təqsirləndirilən şəxs də məhz narkotik vasitə olan heroinin aşkar olunması, əvəllər narkotik vasitənin satışına görə deyil, məhz narkotik vasitəni saxlamasına görə məhkum olunması kimi halları nəzərə alır. Bundan başqa ibtidai araşdırma orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına cavabda da Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair hər-hansı məlumatın olması göstərilməmişdir. Eyni zamanda cinayət işi materiallarından görünür ki, Zaqatala rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid4 tərtib etdiyi 09.07.2021-ci il tarixli raportda Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq psixotrop maddə saxlamasında şübhəli olduğu göstərilmiş, həmin raportda da Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına dair hansısa məlumat daxil edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq onun əməli CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin həmin maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşlarının narkotik vasitəni onun üzərinə qoymaları, eyni zamanda atası Sokrat Muradovun və tanışları X10 Muradzadəni polis şöbəsinə təhvil vermələri və sonuncunun üzərində narkotik vasitə olmamasına dair ifadələrinə də tənqidi yanaşaraq həmin ifadənin Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmasına istiqamətlənmiş müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə iş materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçinin iştirakı ilə video-çəkilişlə verdiyi ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər əsas verir. Bundan başqa Təqsirləndirilən şəxs əməlinin CM-in 221.3-cü maddəsinə tövsifinə gəldikdə isə məhkəmə tərkibi həmin əməlin də istintaq orqanı tərəfindən düzgün tövsif edilmədiyi qənaətinə gəlir. Belə ki, istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs ictimai yer hesab edilən Zaqatala şəhəri, 28 May küçəsində Zərərçəkmiş şəxs tanışı Şahid1 ilə mübahisə etməsindən bəhanə kimi istifadə edərək, yəni həmin mübahisənin ona aidiyyəti olmadığı və Zərərçəkmiş şəxs tərəfindən ona qarşı hansısa formada qanunsuz hərəkətlər edilmədiyi halda, hər hansı əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yanına çağırıb mübahisə etmiş və həmin vaxt üstündə olan, silah qismində istifadə edilən qayçı ilə iki dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin ön divarında sol ön qoltuq və sol körpücük xətti üzrə iki ədəd deşilmiş-kəsilmiş və sol saidin iki ədəd kəsilmiş yaraları xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs şəxsi mənafeyinə əhəmiyyətli zərər vurmaqla, eləcə də cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozmaqla ictimai qaydanı kobud surətdə pozmuş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə qəsdən silah qismində istifadə olunan əşyadan istifadə edib xuliqanlıq cinayətini törətmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Qərarın 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. “CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində, sonuncunun əvvəllər sevgi münasibətlərində olduğu Şahid1 ilə mübahisə edərək narahat etməsinə görə üzərində olan qayçı ilə vuraraq xəsarət yetirmişdir. Burada nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətindən üstün tutaraq sonuncuya xəsarət yetirməmiş, onun xəsarət yetirməsinin səbəbi əsl motivi başqa bir regiondan olan şəxsin onunla eyni şəhərdə yaşayan zərif cinsin nümayəndəsinə qarşı olan hərəkətlərinə görə həmin şəxsi cəzalandırmaq olmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs hərəkətlərini ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlər kimi qiymətləndirmək olmaz. İstintaq orqanı təqsirləndirilən şəxsin ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə qarşı açıqca hörmətsizliklə ifadə olunan hərəkətlərə yol verdiyini göstərsə də bunu təsdiq edən sübutlar təqdim etməmiş, pozulan ictimai qaydanı təsdiq edən şahid ifadələrini məhkəməyə təqdim etməmişdir. Bundan başqa istintaq orqanı tərəfindən fəaliyyəti pozulmuş ictimai iaşə obyektlərində işləyən və həmin obyektlərin fəaliyyətinin dayandığını təsdiq edən digər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət hüquq nəzəriyyəsinə görə xuliqanlıq cinayəti ictimai qayda əleyhinə yönələn cinayət olmaqla cinayətin əsas obyektini ictimai qayda və ictimai təhlükəsizliyi təmin edən ictmai münasibətlər təşkil edir. Burada əlavə obyekt qismində şəxsin sağlamlığı və əmlakının mühafizəsini təmin edən ictimai münasibətlər çıxış edə bilər. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs niyyəti məhz ictimai qaydanın pozulmasına qarşı deyil, Zərərçəkmiş şəxs özü üçün qanunsuz hesab etdiyi davranışına görə vuraraq xəsarət yetirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsindən onun Zərərçəkmiş şəxs yetirdiyi xəsarətin faktiki dərəcəsinə görə CM-in 128-ci maddəsinə tövsif edilmiş, zərər çəkmiş şəxslə barışdığına görə CM-in 73.2-ci maddəsi tətbiq edilməklə 02 iyun 2022-ci il tarixli qərarla barəsində olan cinayət təqibinə xitam verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi, himayəsində bir azyaşlı uşağının olması və “Emosional davamsız tip şəxsiyyət pozuntusu” xəstəliyindən əziyyət çəkməsi cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 234.1-ci maddəsində azadlıqdan məhurm etmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulsa da məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşıdığına görə bir azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza edilmiş və bundan nəticə çıxarmayaraq yenidən həmin cinayəti törətməsi ona məhz daha sərt olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri edir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutlduğu 10 iyul 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 68.1.1-1-ci maddəsinə əsasən Zaqatala rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 03 (üç) ay 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesablanmaqla 01 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək CM-in 67.1-ci maddəsinə əsasən onun təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 102,54 AZN (yüz iki manat əlli dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Zaqatala rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 03 (üç) ay 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesablanmaqla 01 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək CM-in 67.1-ci maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 10 iyul 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 102,54 AZN (yüz iki manat əlli dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Zaqatala Rayon Polis Şöbəsində saxlanılan 2,124 qram narkotik vasitə heroin, məişət təyinatlı qayçı və Zərərçəkmiş şəxs məxsus qan nümunəsi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar