Məhkəmə qərarları › İş №1(091)-40/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-40/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-40/2021 02.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, xx xxxxx 1992-ci il tarixdə Ağdaş rayonunun Hüşün kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Kükəl kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, yaşadığı Ağdaş rayonunun Kükəl kəndindəki evinin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 27 ədəd külli miqdarda, ümumi təmiz çəkisi 4 kq 900 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini həyətyanı sahəsində torpaqda qanunsuz olaraq 2020-ci ilin may ayının əvəllərində əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, həmin bitkilər xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:25-də yaşadığı Ağdaş rayonunun Kükəl kəndindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə yaşadığı Ağdaş rayonunun Kükəl kəndində yerləşən evinin həyətyanı sahəsində əkib-becərdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin yarpaqlarından sellofan torbaya yığıb qurudaraq ümumi təmiz çəkisi 250,00 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq satış məqsədi olmadan əldə etmiş və yaşadığı evin divarından asmaqla saxlamış, həmin narkotik vasitə xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:40-da yaşadığı Ağdaş rayon Kükəl kəndindəki evinin divarından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı kənddə çöl sahəsindən narkotik tərkibli bitkilərin şitillərini tapmış, həmin bitki kollarını kökündən çıxararaq Ağdaş rayonunun Kükəl kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində torpağa əkmiş, həmin əkdiyi narkotik tərkibli bitkiləri suvarmış, diblərini yumşaltmışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:00 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitmişdir. Həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşları ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməsi barədə məlumat olduğunu söyləmiş, həmin vaxt onlara, həqiqətən də, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini və əməlindən peşman olduğunu bildirmişdir. Daha sonra yaşadığı evin həyətyanı sahəsinə iki nəfər hal şahidinin və aqronomun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin arxasındakı həyətyanı sahədən əkib-becərdiyi 27 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub, kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kollar torbaya qablaşdırılmış və həmin torbanın üzərinə imza etmişlər. Bundan sonra isə həmin həyətdə evin divarından asılmış üzərinə “Oba” sözü yazılmış ağ rəngli sellofan kisənin içərisində 357 qram çəkidə yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsi aşkar olunub, qablaşdırılaraq götürülmüşdür. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs həyətdə evin divarından asılmış üzərinə “Oba” sözü yazılmış ağ rəngli sellofan kisənin içərisindəki narkotik vasitəyə oxşar bitki kütləsinin xarab olduğunu və istifadə üçün yararlı olmadığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, əməlindən peşman olduğunu, həyətdə evin divarından asılmış üzərinə “Oba” sözü yazılmış ağ rəngli sellofan kisənin içərisindən aşkar edilmiş yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsini özünün sərib qurutmadığını, həmin bitkilərin yarpaqlarının öz-özünə quruduğunu, ümumilikdə 30 ədəd narkotik tərkibli bitkilərin şitilləri əkdiyini, lakin içərisində üç ədəd bitki şitilinin quruduğunu, həmin qurumuş bitki şitillərini sellofan kisəyə yığaraq divardan asdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Ağdaş rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Ağdaş rayonunun Kükəl kəndində yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi, qəbul etməsi, üzərində və evində saxlaması barədə RPŞ-yə məlumat daxil olmuş, bununla bağlı olaraq rayon polis şöbəsinin rəhbərliyinə tərəfindən raportla məruzə olunmuş, həmçinin həmin gün özü tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuş və bu barədə müvafiq sənədləşdirmələr aparılmışdır. Bundan sonra həmin gün saat 16-17 radələrində Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon polis şöbəsinin əməkdaşları və aqronom Arif Səmədov ilə birlikdə onun yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün iki nəfər hal şahidi də dəvət olunmuşdur. Daha sonra həyət qapısından Həsəni çağırmış, Həsən qapıya çıxmış və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə onlarda məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdikdə Həsən də buna etiraz etməmiş, həmçinin ərizə ilə müraciət edərək yaşadığı evin həyətinə və həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun, başqa iki nəfər hal şahidi kimi iştirak edən şəxsin, aqronom Arif Səmədovun və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxasındakı həyətyanı sahəsində aqrotexniki qaydada qulluq olunmuş hündürlükləri 50 sm-dən 2 metrə qədər torpağa əkilmiş 27 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunmuş, həmin bitki kolları kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Həmçinin aqronom Arif Səmədov da həmin bitkilərə baxaraq bu barədə rəy vermişdir. Daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kollar torbaya qablaşdırılmış, torbanın üzərinə hal şahidləri və Həsən imza etdikdən sonra həmin torbanın üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulmuşdur. Bundan sonra isə həmin həyətdən evin divarına asılmış üzərinə “Oba” sözü yazılmış ağ rəngli sellofan kisənin içərisindən 357 qram çəkidə yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsi aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marxiuana olduğunu, özünün həmin marixuananı əkdiyini və ağaclardan yığıb qurutduğunu bildirmişdir. Həmin qurudulmuş kütlə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid6 və Şahid5 Şahid7 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:00 radələrində Ağdaş rayonunun Kükəl kəndində küçə ilə gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş rayonunun Kükəl kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirmiş və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin ünvana getmiş, ondan əvvəl bir nəfər hal şahidi də dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onun, digər hal şahidinin və aqronomun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxasındakı həyətyanı sahəsində aqrotexniki qaydada qulluq olunmuş torpağa əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub, kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Həmçinin aqronom Arif Səmədov da həmin bitkilərə baxaraq bu barədə rəy vermişdir. Daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kollar torbaya qablaşdırılmışdır. Daha sonra isə həmin həyətdən evin divarına asılmış üzərinə “Oba” sözü yazılmış ağ rəngli sellofan kisənin içərisində yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marxiuana olduğunu, özünün həmin marixuananı əkdiyi ağaclardan yığıb qurutduğunu bildirmişdir. Həmin qurudulmuş kütlə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində X8 RPŞ-nin MSY-nin postaçısı vəzifəsində xidmət etdiyini, xx.xx.2020-ci il tarixdə Ağdaş rayonunun Kükəl kəndində yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi, qəbul etməsi, üzərində və evində saxlaması barədə RPŞ-yə məlumat daxil olduğunu, bununla bağlı olaraq rayon polis şöbəsində həmin gün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunduğunu və bu barədə müvafiq sənədləşdirmələr aparıldığını, bundan sonra həmin gün saat 16-17 radələrində Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon polis şöbəsinin əməkdaşları və aqronom Arif Səmədov ilə birlikdə onun yaşadığı ünvana getdiklərini, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün iki nəfər hal şahidinin də dəvət olunduğunu, həyət qapısından Həsəni çağırdıqlarını, Həsənin qapıya çıxdığını və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə onlarda məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Həsənin də buna etiraz etmədiyini, həmçinin ərizə ilə müraciət edərək yaşadığı evin həyətinə və həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun, iki nəfər hal şahidi kimi iştirak edən şəxsin, aqronom Arif Səmədovun və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxasındakı həyətyanı sahəsində aqrotexniki qaydada qulluq olunmuş, hündürlüklərinin 50 sm-dən 2 metrə qədər olan torpağa əkilmiş 27 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kollarının aşkar olunub, kökündən çıxarılıb qablaşdırılaraq götürüldüyünü, həmçinin aqronom Arif Səmədovun da həmin bitkilərə baxaraq bu barədə rəy verdiyini, daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kolların torbaya qablaşdırıldığını, torbanın üzərinə hal şahidləri və Həsənin imza etdiklərini, daha sonra torbanın üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, daha sonra isə həmin həyətdən evin divarına asılmış üzərinə “Oba” sözü yazılmış ağ rəngli sellofan kisənin içərisində 357 qram çəkidə yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsinin aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marxiuana olduğunu, özünün həmin marixuananı əkdiyi ağaclardan yığıb qurutduğunu dediyini, həmin qurudulmuş kütlənin qablaşdırılaraq götürüldüyünü, bundan sonra kisənin üzərinə də hal şahidləri və Həsənin imza etdiklərini, daha sonra kisənin üzərinə Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü vurulduğunu, bu barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola təklif və şikayət olmadığından imza etdiklərini, baxış zamanı Həsənin evinin həyətindən və həyətyanı sahəsindən başqa heçnə aşkar edilmədiyini və götürülmədiyini, daha sonra Təqsirləndirilən şəxs Ağdaş RPŞyə apardıqlarını, Həsənin özünün deməsinə görə bitki kollarının toxumlarını təxminən 1 ay bundan qabaq yaşadığı kənddə çöl sahəsindən tapdığını, marixuanaları isə həyətində əkib-becərdiyi bitki kollarından yığaraq qurutduğunu və özü istifadə etmək məqsədi ilə saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs həyətindən cəmi 27 ədəd narkotik tərkibli bitkinin aşkar olunaraq götürüldüyünü, Təqsirləndirilən şəxs evinə baxış zamanı orada polis əməkdaşları, hal şahidləri və aqronomun olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 Üzeyir oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və onun da şahid X4 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, Ağdaş rayonu Kükəl kəndində qeydiyyatda olan, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 08) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Ağdaş rayonu Kükəl kəndində qeydiyyatda olan, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi barədə əməliyyat məlumatı olduğundan təxirəsalınmaz hal kimi Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsi üçün müvafiq əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 05) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə Ağdaş rayonunun Kükəl kəndində yerləşən yaşadığı evin həyətində və həyətyanı sahəsində axtarış aparılmasına və baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. (cild 01, iş vər. 16) Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə hal şahidləri və aqronomun iştirakı ilə Ağdaş rayonu Kükəl kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxasındakı həyətdən hündürlükləri 50 sm-dən 2 metrə qədər olan torpağa əkilmiş 27 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini və onlara qulluq etdiyini bildirmişdir. Həmçinin aqronom Arif Səmədov Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra həmin bitkilər kökündən çıxarılaraq qablaşdırılıb götürülmüşdür. Daha sonra isə həmin həyətdən evin divarına asılmış üzərinə “Oba” sözü yazılmış ağ rəngli sellofan kisə aşkar edilmişdir. Həmin sellofan kisə açılan zaman üzərində qurudulmuş halda yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsi aşkar edilmişdir. Daha sonra həmin bitki kütləsi “Eurolux” markalı elektron tərəzidə çəkilmiş və çəkisinin 357 qram olduğu müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sellofan kisənin içərisindən aşkar edilmiş həmin bitki kütləsini yaşadığı evin həyətində əkdiyi narkotik tərkibli bitkilərin yarpaqlarından yığıb qurutduğunu bildirmişdir. Daha sonra həmin bitki kütləsi qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa heç nə aşkar edilməmiş və götürülməmişdir. (cild 01, iş vər. 17-30) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə Ağdaş rayon PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Ağdaş rayonunun Kükəl kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkarlanmış narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilərə baxış keçirilən zaman həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyi müəyyən olunmuşdur. Bitkilərin dibləri yumşaldılmış, peyin verilmişdir. Aşkarlanmış bitkilərin ümumi sayı 27 (iyirmi yeddi) ədəd olmaqla ən böyüyü 2 (iki) metr, ən kiçiyi 50 (əlli) sm olmuşdur. (cild 01, iş vər. 31) Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/358 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş... bitki kolları.” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki hündürlükləri 50 sm-dən 200 smdək, ümumi təmiz çəkiləri – 4 kiloqram 900 qram olan 27 (iyirmi yeddi) ədəd bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Arif Səmədovun xx.xx.2020-ci il tarixli rəyinə əsasən 27 (iyirmi yeddi) ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış sellofan torbanın içərisindəki təmiz çəkisi – 250,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 27 (iyirmi yeddi) ədəd çətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 58-61) Cinayət işinin materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” X9 xx xxxx 2020-ci il tarixli, 626 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. (cild 01, iş vər. 109) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin təqdim etdiyi xx xxxx 2020-ci il tarixli, 605 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 129) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin təqdim etdiyi xx xxxx 2020-ci il tarixli, 373 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vər. 130-131) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarını araşdıran və sübutlara məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi əsassız olmuşdur və odur ki, ona qarşı irəli sürülmüş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2013-cu il tarixli Qərarında qeyd olunur ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. CM-in 237.1-ci maddəsində də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarda kultivasiya edilməsinə, yəni əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaş-xaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin göstərilir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün əməlin, yəni tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması müəyyən edilməmişdir. Beləliklə, əməlin Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilməsi üçün göstərilən məqsədlərin olub-olmaması əhəmiyyət kəsb etmir. Eyni zamanda sözügedən qərarda göstərilmişdir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olan tərkibində narkotik maddələr olan bitkilərin miqdarının (o cümlədən şəxsi istehlak miqdarının) müəyyən edilməsi məsələsi həll edilərkən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunun İ Siyahısında nəzərdə tutulan miqdarlar (həm qurudulmuş, həm də qurudulmayan halda) əsas götürülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərdən toplanan miqdar “külli miqdar” əlamətini yaratdıqda bu, cəzanı ağırlaşdıran hal hesab olunur və şəxsin əməli CM-in 237.2.3-cü maddəsində qeyd olunan cinayət kimi tövsif edilir. Qeyd olunduğu kimi, cinayət məsuliyyətinə səbəb olan tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz toplanmasının ölçü vahidləri (külli miqdarı) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunda nəzərdə tutulmuş Siyahılarla müəyyən edilir. Həmin Siyahıların “Narkotik vasitələr” adlı İ Siyahısında həm inzibati xəta yaradan səxsi istehlak miqdarı, həm də cinayət məsuliyyətinə səbəb olan şəxsi istehlak miqdarından artıq miqdar, eləcə də bu narkotik vasitələrin külli miqdar hesab edilməsi miqdarı müəyyən olunmuşdur. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərə dair İİİ Siyahı ilə isə bu bitkilərin cinayət məsuliyyətinə səbəb olan say miqdarı külli miqdar kimi müəyyənləşdirilmişdir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, tərkibində narkotik maddələr olan bitkilər (onların hissələri) narkotik vasitə olduğuna görə (“Narkotik maddələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.1-ci maddəsi) CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş külli miqdar məsələsi həll edilərkən göstərilən İ Siyahıda müəyyən olunan miqdarlar (həm qurudulmuş, həm də qurudulmayan halda), külli miqdar (say vahidləri) məsələsi həll edilərkən isə İİİ Siyahı əsas götürülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə isə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndində qeyd olunur ki, tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq Cinayət Məcəlləsinin 234.1 və ya 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Göründüyü kimi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin yığılması tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) qanunsuz əldə edilməsi sayıldığı halda, əkilib-becərilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması həmin bitkilərin qanunsuz kultivasiya edilməsi hesab olunur. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/358 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 27 ədəd çətənə bitkiləri və 250 qram qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs 27 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etdiyi əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin tərkib hissəsi ilə, sonuncunun yaşadığı evin divarından aşkar olunmuş 250 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tərkib hissələrinin eyni olması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs yaşadığı evin divarından aşkar olunmuş 250 qram qurudulmuş marixuana sonuncu tərəfindən kultivasiya etmiş olduğu 27 ədəd çətənə bitkilərindən yığılıb qurudulmuşdur. Tərkibində narkotik maddələr olan çətənə bitkilərinin kultivasiyası aqrotexniki qaydada qulluq olunmuş həmin bitkinin hissələrinin toplanmasını da əhatə etdiyindən və bitki hissələrini toplayan şəxsin əməlini həmin an üçün onun saxlanması da əhatə etdiyindən, yəni kultivasiya etdiyi tərkibində narkotik maddələr olan çətənə bitkilərinin hissələrini toplayan şəxs topladığı məhsulu (bitkinin hissələrini) hər hansı bir yerə qoymaq məcburiyyətində olduğundan, həmin an üçün bu cinayəti törədən şəxs bütövlükdə Cinayət Məcəlləsinin 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmiş sayılır ki, hazırkı halda Təqsirləndirilən şəxs məhz qeyd edilən cinayət əməlini törətmişdir. Konstitusiya Məhkəməsinin Qərarında qeyd edildiyi kimi, əməlin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməsi üçün tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Beləliklə, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması Cinayət Məcəlləsinin 237-ci maddəsinin tərkib əlamətini təşkil etdiyindən əkilmiş narkotik tərkibli çətənə bitkilərinin toplanması bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Həmin bitkilərin toplanmasına, saxlanılmasına görə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə əlavə ittihamın verilməsi qanuna müvafiq deyil. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitkilərini satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə əkibbecərməsini, onun hissələrini satış məqsədi olmadan topladığını bildirməsindən asılı olmayaraq, Təqsirləndirilən şəxs əməli yalnız Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərə dair İİİ Siyahı ilə bu bitkilərin cinayət məsuliyyətinə səbəb olan say miqdarı külli miqdar kimi (15 ədəddən çox olması) müəyyənləşdirildiyindən, təbii ki, əməlin tövsifi zamanı bu hal nəzərə alınmalı və həmin hala uyğun əməlin tövsifi həyata keçirilməlidir. Odur ki, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan çıxarılmalıdır. Beləliklə, məhkəmə istintaqı nəticəsində məhkəmə kollegiyasının gəldiyi qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonunun Kükəl kəndindəki evinin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 27 ədəd külli miqdarda, ümumi təmiz çəkisi 4 kq 900 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini həyətyanı sahəsində torpaqda qanunsuz olaraq 2020-ci ilin may ayının əvəllərində əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, əkib-becərdiyi həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrindən topladığı ümumi təmiz çəkisi 250,00 qram olan qurudulmuş marixuananı sellofan torbaya yığıb evinin divarından asmış və həmin bitkilər, o cümlədən həmin narkotik vasitə xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün yaşadığı Ağdaş rayonunun Kükəl kəndindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Ağdaş rayon Kükəl kəndində yaşayır və qeydiyyatdadır. Onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. (cild 01, iş vər. 123-124) Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 01, iş vər. 108) Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini və əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18:55-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 43) Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. (cild 01, iş vər. 90-91) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, cəzanın başlanğıcı hökmün çıxarıldığı gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 605 nömrəli rəyində göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkiləri tədqiqata sərf edildikdən sonra qalıq qalan 4 kq 898,65 qram olan 27 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və təmiz çəkisi tədqiqata sərf edildikdən sonra qalıq qalan 249,95 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökm etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülən ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan 02 (iki) gün müddət onun cəzasına hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 yerləşdirilməsi üçün X1 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkiləri tədqiqata sərf edildikdən sonra qalıq qalan 4 kq 898,65 qram olan 27 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və təmiz çəkisi tədqiqata sərf edildikdən sonra qalıq qalan 249,95 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X10 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar