Məhkəmə qərarları › İş №1(091)-42/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-42/2021

23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-42/2021 23.08.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri X5 müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Zaqatala rayon vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1991-ci ildə Zaqatala rayonu Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, meşə gözətçisi işləmiş, Zaqatala rayonu, PMK-20 ünvanında qeydiyyatda olmaqla Zaqatala rayonu, Aşağı Tala kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin iclas zalında keçirilən məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1960-cı ildə istehsal olunmuş, 5,6 mm kalibrli, idman təlim məşqləri üçün nəzərdə tutulan “Marqolin” konstruksiyalı, “ЛН-696” nömrəli, atəş açmaq üçün yararlı yivli odlu silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Marqolin” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan texniki cəhətdən saz və istifadəyə yararlı darağı və 06 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və “Toz” modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı olan patronu qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 3,607 qram çəkidə narkotik vasitə heroini və 5,236 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 mart 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 0358də Zaqatala rayonu, Aşağı Tala kəndində saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasına aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 2,613 qram və 2,623 qram olmaqla, ümumilikdə 5,236 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə 3,607 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən, bundan başqa qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi 01 ədəd “Marqolin” modelli, “ЛН-696” nömrəli tapança, içərisində 06 ədəd patron olan sandıqça üzərində olan qəhvəyi rəngli çantadan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç vaxt üzərində silah gəzdirməmiş, atasının adına 2 ədəd “vinçester” markalı ov silahı olsa da həmin silahların evlərində lazımi sənədləri olmuşdur. Bu səbəbdən də, həmçinin özünün meşə gözətçisi olduğuna görə ov silahı olduğundan qanunsuz silah saxlamağa heç vaxt ehtiyacı olmamışdır. 12 mart 2020-ci il tarixdən 13 mart 2020-ci il tarixə keçən gecə yaşadığı Zaqatala rayonu Aşağı Tala kəndindəki evində yatmış vəziyyətdə olarkən polis əməkdaşları onun evinə girərək zorla onu Zaqatala rayon Polis Şöbəsinə aparmışlar. Onun üzrəində heç bir qanunsuz əşya olmamış, polis əməkdaşları narkotik vasitəni onun cibinə qoymuş, sonra odlu silahı da ona təqdim edərək ondan çıxmasını boynuna almasını deyərək ona hədə-qorxu gəlmişlər. Bu səbəbdən də şübhəli şəxs kimi tutularkən və təqsirləndirilən şəxs kimi ifadə verərkən guya narkotik vasitələrin və silahın ona aid olmasına dair ifadə vermişdir. Əslində heç vaxt narkotik vasitə saxlamamış, həmçinin heç vaxt qanunsuz olaraq odlu silah gəzdirməmişdir. X6 da eyni məzmunlu ifadə verərək oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evdən aparıldığını göstərmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, X8 İdarəsinin Meşə Təsərrüfatı İdarəsində Muğanlı meşəbəyliyinin meşə gözətçisi işləməklə heç vaxt narkotik vasitələrdən istifadə etməsə də narkotik vasitələri tanımışdır. Uşaqlıqdan isə silahlara marağı olmuşdur. 07 mart 2020-ci il tarixdə günorta saatlarında anasının məzarını ziyarət etmək üçün qəbiristanlığa getmiş, məzarın yanında bir ədəd qəhvəyi rəngli çantanın olmasını görmüşdür. Həmin çantanı açdıqda içərisində bir ədəd tapançanın və bir ədəd sellofan bükümün olmasını görmüş, tapançanın daxilində olan sandıqçanı açdıqda içərisində altı ədəd güllənin olmasını görmüşdür. Daha sonra sellofanı açdıqda da içərisində üç ədəd büküm olmasını görmüşdür. Həmin bükümlərə baxdıqda onlardan birinin içərisində heroin, digərinin içərisində isə ağ rəngli şüşə adlanan maddə yəni metamfetamin olmuş, həmin əşyaların sahibsiz olduğunu və ətrafda heç kimin olmamasını görüb aşkar etdiyi əşyaları özü ilə götürmüşdür. Çantada olan sellofanı üzərində saxlamış, silahı isə çantaya qoyub üzərində götürmüşdür. Bundan sonra evdəkilərin məlumatı olmaması üçün həmin əşyaları üzərində gəzdirmişdir. 13 mart 2020ci il tarixdə saat 04 radələrində evinin yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşı kimi təqdim edərək onu odlu silah əldə edib gəzdirməkdə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu qərarla tanış etmişlər. Daha sonra onlar onu Zaqatala Rayon Polis Şöbəsinə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə Zaqatala Rayon Polis Şöbəsinə gedərkən orada ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan qəhvəyi rəngli çantanı və əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Sellofan bükümlərdə narkotik vasitə olduğunu və onları tapdığını bildirmişdir. Həmin bükümlər açılıb baxış keçirilən zaman onların daxilində heroin və metamfetamin olması müəyyən edilmişdir. Daha sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə o və digər iştirakçılar imza etmişlər. Daha sonra qəhvəyi rəngli çantaya baxış keçirilən zaman onun daxilində bir ədəd tapança olması müəyyən edilmişdir. Tapançanın sandıqçasına baxış zamanı oradan altı ədəd güllə aşkar edilmişdir. Daha sonra həmin silah da qablaşdırılmış və möhürlənmişdir. Qablaşdırmanın üzəri onun tərəfindən də imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Adamları Girov Götürmə və Hədə-Qorxu ilə Tələb Etmə Cinayətləri ilə Mübarizə Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 12 mart 2020-ci il il tarixdə Baş İdarəyə Zaqatala rayon sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, özündə saxlamaqla daşıması və satması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumatla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı işlədiyi Şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə 12 mart 2020-ci il tarixdə Zaqatala rayonuna gedərək 13 mart 2020-ci il tarixdə saat 03 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu Aşağı Tala kəndindəki evə yaxınlaşmışlar. Evə yaxınlaşan zaman Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin evin qarşısında durduğunu görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra həmin şəxsə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində, həmçinin odlu silah əldə edib saxlayaraq daşımada şübhəli olduğunu bildirərək onlarla birlikdə Zaqatala RPŞ-ə gəlməsini təklif etmişlər. Həmin şəxs də onlara etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Zaqatala rayon Polis Şöbəsində xidməti otaqlarının birində Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi dəvət edilərək hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs çiynindən çarpaz formada asdığı qəhvəyi rəngli çantanı, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümü, əynindəki boz rəngli şalvarın sol yan cibindən manatlıq pul əskinaslarını çıxarıb stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə narkotik vasitə olduğunu, lakin növünü bilmədiyini, çantada isə tapança olduğunu bildirmişdir. Bundan sonra həmin sellofan büküm açılmış və içərisində üç ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümlərdən birinin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, digər iki ədəd sellofan bükümdə isə psixotrop maddə metafetaminə bənzər maddə aşkar edilmişdir. Hər bir bükümdə olan maddələr bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra qəhvəyi rəngli çantaya baxış keçirilmişdir. Həmin çantanın içərisindən bir ədəd ЛН 696 nömrəli tapança tipli silah aşkar edilmişdir. Bundan sonra həmin tapança tipli silahın darağına baxış keçirilmiş və daraqdan altı ədəd patrona bənzər predmet aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı və üzərindən aşkar edilmiş narkotik vasitələri anasının qəbri üstünə gedərkən qəbiristanlıqda tapdığını, maraqlı olduğu üçün üzərində götürdüyünü, polisə təqdim etmək fikrində olduğunu bildirmişdir. Həmin patrona bənzər predmet, daraq, tapança tipli silah və qəhvəyi rəngli çanta bir ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra həmin qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və onun üzərində iş üçün əhəmiyyət kəsb edən nəsə aşkar edilməmişdir. 4 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 mart 2020-ci il tarixli 6/179 nömrəli rəyində göstərilir ki, “Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin sağ yan cibindən aşkar edilib...” yazısı olan paketdə, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,613 və 2,623 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,607 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Vət. Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) ədəd bükümdəki metamfetaminin ümumi çəkisi 5,236 qram və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 13 mart 2020-ci il tarixli 20/151R nömrəli rəyində göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş ЛН-696 nömrəli silah zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində 1960-ci ildə istehsal olunmuş 5,6 mm kalibrli, idman təlim məşqləri üçün nəzərdə tutulan MARQOLİN konstruksiyalı tapançadır, yivli odlu silahlardır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli MARQOLİN konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edildi. Müqayisə zamanı eynilik aşkar edilməmişdir.” İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17.06.2020-ci il tarixli 1643 nömrəli rəyində rəyində göstərilir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.” İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 mart 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdə saat 03:58-də Zaqatala rayonu, Aşağı Tala kəndində saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə dəvət edilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 2,613 qram və 2,623 qram olmaqla, ümumilikdə külli miqdarda - 5,236 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə külli miqdarda - 3,607 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən, bundan başqa qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi 01 ədəd “Marqolin” modelli, “ЛН-696” nömrəli tapança, içərisində 06 ədəd patron olan sandıqça üzərində olan qəhvəyi rəngli çantadan aşkar edilərək götürülmüşdür. Şəxsin üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması “Sony” markalı videokamera aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və bir ədəd “CD” diskə yazılaraq protokola əlavə edilmişdir. Qeyd edilən bir ədəd “CD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15.09.2020-ci il tarixli 012-18919-1220 nömrəli məktubda qeyd edilmişdir ki, “Marqolin” markalı, 5,6 kalibrli, 1960-cı ildə istehsal edilmiş ЛН-696 nömrəli silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. Təqsirləndirilən şəxs aşkar olunmuş odlu silah, döyüş sursatı və onun komplekt hissələrinin, həmçinin narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən olunması məqsədilə BMCMİ-nə ünvanlanmış 16.06.2020-ci il tarixli 007-6350-1220 nömrəli tapşırığa cavab olaraq verilmiş 27.07.2020-ci il tarixli 007-7676-1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş odlu silahın, narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanılması istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edimiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdə saat 0500-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş materiallardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 mart 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə əvvəli 13 mart 2020-ci il tarixdən hesab edilməklə 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 02 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təhdid olunması və təsirlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamə və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 may 2014-cü il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 09.12.2014-cü il tarixli qərarı ilə əməli CM-in 221.2.1-c maddəsinə tövsif edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Suraxanı rayon Məhkəməsinin qərarı ilə 03 ay 28 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək təqsirləndirilən şəxsin əməlinin CM-in 228.1-ci maddəsinə tövsifi ilə razılaşsa da, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli səhvən CM-in 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-in 234.1 və 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu əməli satış məqsədi olmadan törtəməsinə dair nəticəyə gələrkən təqsirləndirilən şəxsdə aşkar olunmuş narkotik vasitələrin külli miqdar təşkil edən (2 qram) normanın minimal həddinə yaxın olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər narkotik vasitələrin satışı və qanunsuz saxlanılmasına görə məsuliyyətə cəlb olunmamasını işin hallarına, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun təkzib olunmaz həqiqət kimi qəbul edir. Eyni zamanda cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat tapşırığı vermiş, həmin əməliyyat tapşırığına Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən verilmiş cavabda isə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməklə onun narkotik vasitəni kənar şəxslərə satmasının müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-nin 234.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq onun əməli CM-nin 234.4.3 və 228.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli CM-nin 234.1 və 228.1-ci maddələrinə tövsif olunmalı və o, CM-in həmin maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalanmalıdır. Məhkəmə bununla belə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və odlu silahın ona məxsus olmaması, ilkin araşdırma zamanı təzyiq və təsir nəticəsində narkotik vasitə və odlu silahın ona məxsus olmasına dair ifadə verməsinə dair ifadəsini özünü məsuliyyətdən yayaınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı verdiyi ifadəsi, məhkəmə kimyəvi, məhkəmə ballistik ekspertizasının rəyləri və işdə olan digər sənədlər əsas verir. Eyni zamanda məhkəmə Əhməd Həzrəyevin də Təqsirləndirilən şəxs yaxın qohumu olmaqla onun ifadəsinə tənqidi yanaşır və həmin ifadəni Əhməd Həzrəyevin öz oğlunu məsuliyyətdən qurtarmaq üçün sonuncunu müdafiə xarakterli ifadə kimi qəbul edir. CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı 13 mart 2020-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi olan 114 AZN (yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən cinayətin törədilməsində alət olmuş 01 ədəd 5,6 mm kalibrli ЛН-696 nömrəli, Marqolin konstruksiyalı tapança, 01 ədəd daraq və tədqiqata sərf edildikdən sonra qalan 03 ədəd 5,6 mm kalibrli patron məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah- Sursat Anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan 5,136 qram çəkidə psixotrop maddə metamfetamin, tədqiqata sərf edildikdən sonra qalıq qalan 3,557 qram narkotik vasitə heroin məhv edilməli, bir ədəd CD-disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 01 (bir) il, 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 13 mart 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 114 AZN (yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan 5,136 qram çəkidə psixotrop maddə metamfetamin, 3,557 qram narkotik vasitə heroin məhv edilsin, bir ədəd CD-disk cinayət işinin materiallarında saxlanılsın. Cinayətin törədilməsində alət olmuş 01 ədəd 5,6 mm kalibrli ЛН-696 nömrəli, Marqolin konstruksiyalı tapança, 01 ədəd daraq və tədqiqata sərf edildikdən sonra qalan 03 ədəd 5,6 mm kalibrli patron məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri cəza müddətinin sonunadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar