Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-42/2023 30.03.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Göyçay şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 64-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən – 2,580 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz əldə edərək satış məqsədilə ümümilikdə 02 ədəd şəffaf sellofan bükümlərdə və 08 ədəd kağız bükümlərdə qablaşdırmaqla yaşadığı evdə satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 09 avqust 2022-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri, Ü,Hacıbəyov küçəsində saxlanılaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altında gizlətdiyi plastik qabın içərisində ayrı-ayrılıqda olmaqla 02 ədəd sellofan bükümlərdə və 08 ədəd kağız bükümlərdə satış məqsədilə saxladığı ümumilikdə 2,580 qram çəkidə külli miqdar hesab edilən həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə gələrək əvvəlcə özlərini qaz istismar sahəsinin əməkdaşları kimi təqdim edərək evə daxil olmuş, həmin vaxt o yatmış vəziyyətdə olmuşdur. Həmin vaxt onda ancaq bir büküm narkotik vasitə olan heroin olmaqla digər hissələr polis əməkdaşları tərəfindən qoyulmuş, polis əməkdaşları əgər əlavə olunan narkotik vasitəni boynuna almasa anasını da məsuliyyətə cəlb edəcəklərini bildirdiklərinə görə məcbur qalıb digər narkotik vasitənin də özünə məxsus olmasını etiraf etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, özünü ancaq evində olan bir büküm heroini saxlamağa görə təqsirli bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edlmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq yaşadığı evdə və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün yaşadığı evinə baxış keçirəcəklərini demişlər. Yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsinə dair ərizə yazdıqdan sonra şübhəli şəxs qismində tutularaq dəvət edilmiş müdafiəçinin iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən evinə videoçəkilişlə baxış keçirilən zaman evin girişdən solda yerləşən yataq otağında olan çarpayının üstündəki döşəyin altında gizlətdiyi içərisində narkotik vasitə olan plastik qabı təqdim etmişdir. Həmin qabın qapağı açıldıqda içərisində narkotik vasitə heroin olan 08 ədəd gümüşü rəngli kağız büküm, 2 ədəd sellofan büküm və 1 ədəd ağ rəngli kağız büküm aşkar edilmişdir. Aşkar edilmiş maddələr elektron tərəzidə çəkilərkən sellofan bükümlərdəki maddələrin çəkisi sellofanla birlikdə 1,32 və 1,36 qram, gümüşü rəngli kağız bükümlərdəki maddələrin çəkisi isə kağızla birlikdə 0,05 qram, 0,06 qram, 0,08 qram, dörd ədədnin hər biri 0,7 qram olmuşdur. Aşkar edilmiş sellofan və kağız bükümlərdəki heroini təxminən xx.xx.2022-ci il tarixdə tanımadığı və özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq həmin şəxsin bank kartı vasitəsilə göndərdiyi 70 manat müqabilində qoyduğu Yevlax rayonu Xaldan qəsəbəsi ərazisində yol kənarından götürərək şəxsi istifadə məqsədilə evində saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 09 avqust 2022-ci il tarixdə saat 16 radələrində Göyçay şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə yaşadığı ünvan 3 ünvanına baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsinə dair ərizə yazmış, həmin vaxt orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı evin yataq otağında olan çarpayının üstündəki döşəyin altında gizlətdiyi içərisində narkotik vasitə olan plastik qabın içərisində 08 ədəd gümüşü rəngli kağız büküm, 2 ədəd sellofan büküm və 1 ədəd ağ rəngli kağız büküm aşkar edilmişdir. Gümüşü rəngli kağız bükümlər və sellofan bükümlər açıldıqda onların hər birinin içərisində qəhvəyi rəngli maddələr, ağ rəngli kağız büküm açıldıqda isə içərisində kristal formalı şəffaf rəngli maddə aşkar edilmişdir. Aşkar edilmiş maddələr elektron tərəzidə çəkilərkən sellofan bükümlərdəki maddələrin çəkisi sellofanla birlikdə 1,32 və 1,36 qram, gümüşü rəngli kağız bükümlərdəki maddələrin çəkisi isə kağızla birlikdə 0,05 qram, 0,06 qram, 0,08 qram, 0,12 qram və 4 ədədinin hər birinin çəkisi isə 0,07 qram olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş sellofan və kağız bükümlərdəki qəhvəyi rəngli maddələrin narkotik vasitə heroin, kağız bükümdəki şəffaf rəngli maddənin isə limon duzu olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Aşkar olunan bükümlər qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X5-Patrul Xidmət Bölüyünün komandiri işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istəsə də Elvin ona narkotik vasitə satmamış, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs son vaxtlar rayon ərazisində narkotik vasitə satmasını eşitmiş, özü hal-hazırda narkotik vasitə istifadə etmədiyi üçün Elvindən narkotik vasitə almamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 avqust 2022-ci il tarixli 17/620 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş bükümlər...” sözləri və imzalar yazılmış zərfi açdıqda içərisindəki: ümümilikdə 02 (iki) ədəd şəffaf sellofan bükümdə və 08 ədəd (səkkiz) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, ayrıayrılıqda təmiz çəkiləri – 1,020, 1,296, 0,038, 0,035, 0,030, 0,034, 0,031, 0,030, 0,031 və 0, 035 qram ümümi çəkiləri – 2,580 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd kağız bükümdə, təmiz çəkisi - 0,605 qram olan maddə narkotik və psixotrop maddələrə aid deyildir. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekaspertizasının 23 fevral 2023-cü il tarixli 17/105 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş bükümlər” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellafan bükümdə və 08(səkkiz) ədəd kağız bükümdə ilkin tədqiqat zamanı ümumi çəkiləri- 1,284 qram olan qəhvəyi rəngli heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Həmin zərfin içərisindəki digər 01(bir) ədəd şəffaf bükümdə ilkin tədqiqat zamanı təmiz çəkisi- 1,296 qram olan tünd qəhvəyi rəngli heroin digər 01(bir) ədəd şəffaf sellofan bükümdə 08(səkkiz) ədəd kağız bükümdə olan heroinlərdən xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlənir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2022-ci il tarixli 1312 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-sitifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan baxış keçirilməsinə dair 09 avqust 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evə baxış keçirilən zaman yataq otağındakı çarpayının üstündəki döşəyin altında bir ədəd plastik qab, həmin qabın içərisində çəkiləri 0,05 qram, 0,06 qram, 0,08 qram, 0,12 qram və dörd ədədinin hər biri 0,7 qram olan içərisində narkotik vasitə heroinə oxşar maddə olan kağız bükümlər, çəkiləri 1,32 və 1,36 qram olan içərisində narkotik vasitə heroinə oxşar maddə olan iki ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə olduğu 06 (altı) ay 08 (səkkiz) gün müddət cəzasına hesablanıb çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-in 18-ci maddəsinin tələbinə görə hazırki cinayəti məhkum olunmamışdan əvvəl törətdiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay şəhər İcra Hakimiyyəti Başçısının Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Göyçay RMX” publik hüquqi şəxsdən alınmış xx.xx.2022-ci il tarixli 2986 saylı məktubda göstərilmişdir ki, ünvan 2 ünvanda yaşayan 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Göyçay RMX-da narkoloji və psixatrik kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 09 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1615-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Göyçay rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin bir hissəsinin ona məxsus olmaması, özünə məxsus olan narkotik vasitə olan heroini isə satış məqsədi olmadan saxlamasına dair ifadəsini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı polis əməkdaşlarının onun evində aşkar olunmuş bir büküm narkotik vasitə olan heroinin üzərinə əlavə olaraq digər bükümləri qoymalarını və anasını da məsuliyyətə cəlb edəcəklərini bildirməklə ona təzyiq etdiklərinə görə digər narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsini göstərsə də məhkəməyədək icraat zamanı bununla əlaqədar nə ibtidai araşdrımaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki, məhkəməyə şikayət etməmiş, əksinə videoçəkilişlə aparılan baxış zamanı etdiyi əməli etiraf edərək aşkar olunan narkotik vasitələrin özünə məxsus olmasını göstərmişdir. Həmçinin məhkəmə tərkibi qeyd etməyi zəruri bilir ki, aşkar olunan narkotik vasitələrin tərkiblərinə görə fərqli olması da Təqsirləndirilən şəxs qeyd etdiyi kimi həmin narkotik vasitənin ona məxsus olmaması qənaətinə gəlmək üçün kifayət etmir. X7 Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən də görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə tutulan zaman barəsində narkotik vasitənin qanunsuz satışına görə cinayət işi üzrə araşdırma aparılmışdır. Bütün bunlar isə məhkəmə tərkibində belə bir qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz alqı—satqısı ilə məşğul olmaqla bir növ bunu özü üçün peşəyə çevirmiş və müxtəlif növlərdə narkotik vasitələr əldə edə bilməsi tam olaraq mümkün olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs evində ayrı-ayrı tərkiblərdə və bükümlərdə narkotik vasitə olan heroinin aşkar olunması onun həmin narkotik vasitələri müxtəlif mənbələrdən əldə etməklə satışını təşkil etməsini bir daha təsdiq edir və məhkəmə bir daha qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutlduğu 09 avqust 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 66.5-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 1(091)-129/2022 nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il 05 (beş) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya qismən toplanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 1(091)-129/2022 nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il 05 (beş) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanılsın, Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 09 avqust 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 2,580 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-42/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-42/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver