Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-43/2021 23.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlu, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1970-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər xx.xx.2007-ci il tarixdə X5 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, daha sonra xx.xx.2017-ci il tarixdə Ağdaş rayon məhkəməsinin hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X6 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə X5 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuş, həmçinin xx.xx.2017-ci il tarixdə Ağdaş rayon məhkəməsinin hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, istintaqa məlum olmayan mənbədən 01 ədəd sellofan torbada külli miqdar hesab olunan təmiz çəkisi 505 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 16 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0.726 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 05 ədəd ümumilikdə təmiz çəkisi 1,125 qram narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tramadol həblərini satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında qanunsuz olaraq satış məqsədilə saxlamış, xx.xx.2020-ci il tarixdə saat 12:20 radələrində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı evində axtarış keçirilən zaman həmin narkotik vasitələr və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs təkrarən satış məqsədilə 2020-ci ilin may ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,576 qram və 0,828 qram, ümumilikdə təmiz çəkisi 1,404 qram narkotik vasitə olan heroini təkrarən satış məqsədilə qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitələri qanunsuz olaraq təkrarən satış məqsədilə üzərində saxlayıb daşımış, xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Ağdaş şəhəri Vaqif küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş və polis şöbəsində onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək xx.xx.2020-ci il tarixdə səhər saatlarında evində olduğunu, həmin vaxt polis əməkdaşlarının onun evinə gəldiklərini, ona evində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat olduğunu bildirdiklərini, bundan sonra onun evinə müdafiəçi və iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirildiyini, baxış zamanı soyuducunun üstündə 01 ədəd kağız büküm aşkar olunduğunu, həmin büküm açıldıqda içərisindən 16 ədəd kiçik kağız bükümlər aşkar olunduğunu, həmin kiçik kağız bükümlərin açıldığını, içərisindən qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar olunduğunu, həmin maddələrin narkotik vasitə olan “kokos”, yəni heroin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra onun yatdığı evdə sandığın üstündə olan döşəklərin arasından 01 ədəd sellofan büküm və göy rəngli sellofan torba aşkar olunduğunu, sellofan bükümün içərisindən 07 ədəd dərman həbləri aşkar olunduğunu, həmin dərman həblərinin ağrıkəsici olduqlarını və narkotik tərkibli olduqlarını dediyini, sellofan torba açıldıqda isə içərisindən yaşıl rəngli xüsusi iyə malik bitki kütləsi aşkar olunduğunu, həmin bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu, ancaq həmin narkotik vasitənin onun olmadığını, onu polis əməkdaşlarının onun evinə yatağın arasına qoyduqlarını, bundan sonra kağız bükümlərin və dərman həblərinin kağız zərfə qablaşdırılaraq götürüldüyünü, daha sonra onun barəsində olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiyini və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyini, daha sonra xx.xx.2020-ci il tarixdə saat təxminən 10 radələrində Ağdaş şəhəri Vaqif küçəsi ilə piyada gedən zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, ona üzərində narkotik vasitə olması barədə məlumat olduğunu bildirdiklərini, onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində vəkil və iki nəfər hal şahidinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildiyini, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd sellofan bükümü, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd Nokia markalı telefon və 01 ədəd şpris çıxardıb masanın üzərinə qoyduğunu, sellofan bükümlər açılan zaman içərisindən qəhvəyi rəngli toz və kristal halında olan maddələrin aşkar edildiyini, həmin maddələri polis əməkdaşının onun üzərinə qoyduğunu bildirmişdir. Odur ki, özünə aid olan narkotik və dərman vasitələrini şəxsi istifadə üçün əldə edib saxlamağa görə özünü təqsirli sayır, xəstə olduğu üçün narkotik vasitədən əl çəkə bilmir, hazırda əməlindən peşmandır, məhkəmədən əməlinin CM-nin 234.1 və 240.1-ci maddələrinə tövsif olunmasını və barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulan yüngül həddə cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövrünün ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan sonuncunun ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən (234.1-ci maddəsi ilə) təqsirli bilərək 2020-ci ilin may ayının əvvəllərində Ağdaş rayon bazarının yaxınlığı ilə gedən zaman yerdən 02 ədəd sellofan büküm tapdığını, həmin sellofan bükümləri açıb baxan zaman içərisindən narkotik vasitə olan heroin olduğunu gördüyünü, özü ağrıları olduğu üçün narkotik vasitələrin müxtəlif növlərindən istifadə etdiyini, həmin 02 ədəd sellofan bükümdə olan narkotik vasitələri özü istifadə etmək məqsədilə üzərində saxladığını, xx.xx.2020-ci il tarixdə saat təxminən 10 radələrində Ağdaş şəhəri Vaqif küçəsi ilə piyada gedən zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, ona üzərində narkotik vasitə olması barədə məlumat olduğunu bildirdiklərini, onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində bir vəkil və iki nəfər hal şahidinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı ona üzərində olan əşyaları çıxardıb masanın üzərinə qoyması təklif olunduğunu, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd sellofan büküm, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd Nokia markalı telefon və 01 ədəd şpris çıxardıb masanın üzərinə qoyduğunu, sellofan bükümlər açılan zaman içərisindən qəhvəyi rəngli toz və kristal halında olan maddələr aşkar edildiyini, həmin maddələrin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirdiyini, sellofan bükümlər açılan zaman elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 0,98 və 0,68 qram olduğunu, aşkar edilmiş narkotik vasitələrin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, şəxsi axtarış zamanı fotoşəkillərin çəkildiyini, protokol tərtib olunduğunu, iştirakçıların protokola imza etdiklərini, üzərindən aşkar edilmiş narkotik vasitəni 2020-ci ilin may ayının əvvəllərində Ağdaş rayon bazarının yaxınlığından yerdən tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını, hazırda narkotik vasitəni tapdığı yeri xatırlamadığını, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, xx.xx.2020-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının onun yaşadığı ünvan 3 nömrəli ünvana baxış keçirən zaman oradan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 505 qram narkotik vasitə olan qurudulmuş marixuana və 16 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,726 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi barədə evindən həmin narkotik vasitələrin aşkar edildiyini, xəstə olduğu üçün həmin narkotik vasitələrdən istifadə etdiyini, bədənində olan ağrıları narkotik vasitə istifadə etməklə kəsdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik maddələri saxlaması, satması və narkotik maddələrdən istifadə etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, əməliyyat tədbirlərinin keçirilməsi üçün tərəfindən müvafiq sənədləşmələr aparıldığını, daha sonra həmin gün saat təxminən 10 radələrində CAB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid5 və Şahid4 ilə birlikdə Ağdaş şəhəri Vaqif küçəsində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını gördüklərini, həmin vaxt İntizamın onları görən kimi özünü şübhəli apardığını və İntizamın onlardan uzaqlaşmaq istədiyini, dərhal ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini və onu RPŞ-yə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində iki nəfər hal şahidinin, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə İntizamın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı İntizamın əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd sellofan büküm, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd Nokia markalı telefon və 01 ədəd şpris aşkar olunduğunu, sellofan bükümlər açılan zaman içərisindən qəhvəyi rəngli toz və kristal halında olan maddələrin aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirdiyini, bundan sonra sellofan bükümlərin elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 0,98 və 0,68 qram olduğunu, aşkar edilmiş narkotik vasitələrin zərfə qablaşdırıldığını, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu və hal şahidlərinin həmin zərfə imza etdiklərini, bundan başqa Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilmədiyini, bütün bunlar barədə fotoşəkillərin çəkildiyini, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokola imza etdiklərini, həmçinin xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evindən narkotik vasitə aşkar olunduğunu, həmin günü evə baxış keçirilərkən soyuducunun üstündən 01 ədəd kağız büküm aşkar olunduğunu, həmin büküm açıldıqda içərisində 16 ədəd kiçik kağız bükümlər aşkar olunduğunu, həmin kiçik kağız bükümlər açıldığını, içərisindən qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar olunduğunu, İntizamın həmin maddələrin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək üçün evində saxladığını bildirdiyini, 16 ədəd kağız bükümlərin elektron tərəzidə çəkildiyini, ümumilikdə çəkilərinin 1.05 qram olduğunu, bundan sonra onun yatdığı evdə sandığın üstündə olan döşəklərin arasından 01 ədəd sellofan büküm və göy rəngli sellofan torba aşkar olunduğunu, sellofan bükümün içərisindən 07 ədəd dərman həbinin aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin dərman həblərinin ağrıkəsici və narkotik tərkibli olduqlarını dediyini, sellofan torba açıldıqda içərisindən yaşıl rəngli xüsusi iyə malik bitki kütləsinin aşkar olunduğunu, İntizamın həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu dediyini və özü istifadə etmək üçün saxladığını bildirdiyini, həmin sellofan torbanın elektron tərəzidə çəkildiyini, çəkisinin 516 qram olduğunu, Təqsirləndirilən şəxs evindən və üzərindən aşkar edilmiş narkotik vasitələri özü istifadə etmək məqsədilə saxladığını bildirdiyini, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitəni İntizamın özünün istifadə etmək məqsədilə əldə etdiyini, lakin həmin vaxt onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçildiyini, daha sonra 2020-ci ilin aprel ayının sonlarından İntizamın narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olduğunu, İntizamın bir neçə şəxsin yanında barəsində cinayət işinin olduğunu, həbs ediləcəyini, həmin vaxta qədər narkotik vasitə satıb pul qazanacağını danışdığını, həmin məlumatların əməliyyat aparatına daxil olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində, həqiqətən də, xx.xx.2020-ci il tarixdə başqa bir nəfər hal şahidinin, o cümlədən vəkilin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən orada hal şahidi qismində iştirak etdiyini, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qeyd edilən narkotik vasitələrin aşkar olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8, həqiqətən də, xx.xx.2020-ci il tarixdə başqa bir nəfər hal şahidinin, o cümlədən vəkilin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən orada hal şahidi qismində iştirak etdiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində olan soyuducunun üstündə 01 ədəd kağız büküm aşkar olunduğunu, həmin büküm açıldıqda içərisindən 16 ədəd kiçik kağız bükümlərin aşkar olunduğunu, həmin kiçik kağız bükümlərin açıldığını, içərisindən qəhvəyi rəngli, toz və kristal halında olan maddənin aşkar olunduğunu, bundan sonra onun yataq otağında olan sandığın üstündə olan döşəklərin arasından 01 ədəd sellofan büküm və göy rəngli sellofan torba aşkar olunduğunu, sellofan bükümün içərisindən 07 ədəd dərman həbi aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin dərman həblərinin də ağrıkəsici və narkotik tərkibli olduqlarını dediyini, sellofan torba açıldıqda isə içərisindən yaşıl rəngli xüsusi iyə malik bitki kütləsinin aşkar olunduğunu, daha sonra həmin sellofan torbanın zərfə qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 Şahid8 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində Təqsirləndirilən şəxs bir yerli kimi bir neçə il olar ki, tanıdığını, onun da özü kimi narkotik vasitələrin alüdəçisi olduğunu bildiyini, lakin heç vaxt ondan narkotik vasitə almadığını bildirmişdir. Şahid12 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə şahid qismində dindirilərkən verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və verdiyi həmin ifadəsində Şahid12 əvvəllər narkotik vasitələrin qanunsuz olaraq istifadəsi ilə məşğul olduğu üçün məhkum olunduğunu, Təqsirləndirilən şəxs tanıdığını, İntizama el arasında “Qara” dediklərini, onu 2-3 il olar ki, tanıdığını, İntizamdan təxminən 2020-ci il mart ayında iki dəfə onun yaşadığı binanın yanında ondan 5 manata narkotik vasitə heroin aldığını, lakin İntizamın ona verdiyi narkotik vasitənin miqdarını bilmədiyini, daha sonra İntizamı polis əməkdaşlarının həbs etdiklərini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində Təqsirləndirilən şəxs onun qonşusu olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunun şahidi olmadığını göstərmişdir. Şahid13 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə şahid qismində dindirilərkən verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və verdiyi həmin ifadəsində Şahid13 əvvəllər iki dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunduğunu, özünün narkotik vasitə heroindən arabir istifadə etdiyini, İntizami az bir müddətdir ki, tanıdığını, onunla adi münasibətlərinin olduğunu, təxminən 2020-ci ilin mart-aprel aylarında İntizamdan narkotik vasitə heroin aldığını, həmin narkotik vasitəni onun yaşadığı binanın yanında aldığını, lakin nə qədər olması və hansı qiymətə almasını hazırda xatırlamadığını, İntizamın narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitdiyini göstərmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, satması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 5). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün müvafiq əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 6) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Ağdaş şəhəri Vaqif küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş, iki hal şahidi və bir vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd sellofan büküm, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd Nokia markalı telefon və 01 ədəd şpris çıxardıb masanın üzərinə qoymuş, sellofan bükümlər açılan zaman içərisindən qəhvəyi rəngli toz və kristal halında olan maddələr aşkar edilmiş, həmin maddələrin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmiş, sellofan bükümlər açılan zaman elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq 0,98 və 0,68 qram olmuş, aşkar edilmiş narkotik vasitələr zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, şəxsi axtarış zamanı fotoşəkillər çəkilmiş, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. (cild 01, iş vər. 27-32) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 17/270 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...iki ədəd sellofan büküm...” sözləri yazılmış zərfin içərisində 02 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,576 qram və 0,828 qram ümumi təmiz çəkisi – 1,404 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 40-43) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 01, iş vərəqi 77). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs üzərində, yaşadığı evdə və evin həyətində axtarış aparılması üçün müvafiq əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 78) Cinayət işinin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(014)-30/2020 saylı qərarından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi ilə əlaqədar olaraq onun üzərində şəxsi axtarış aparılması, yaşadığı ünvan 4 ünvanında yerləşən evə və evin həyətinə baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 86) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli Təqsirləndirilən şəxs yaşadığı evinə baxış və götürmə protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 12:20 radələrində Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evinin mətbəxində olan soyuducunun üstündən 01 ədəd kağız büküm aşkar edilmiş, həmin kağız büküm açıldıqda içərisindən 16 ədəd xırda kağız bükümlər aşkar edilmiş, həmin bükümlər açıldıqda içərilərindən qəhvəyi rəngli, toz və kristal halında olan narkotik vasitəyə oxşar maddələr aşkar edilmiş, həmin bükümlər elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq 0,04, 0,05, 0,08, 0,05, 0,04, 0,04, 0.07, 0,10, 0,05, 0,06, 0,08, 0,08, 0,05,0,11, 0,08 və 0,07 qram olmuş, daha sonra digər otaqdan sandığın üzərinə yığılmış döşəklərin arasından 01 ədəd sellofan büküm aşkar edilmiş, həmin sellofan büküm açıldıqda içərisindən 07 ədəd dərman həbi aşkar olunmuş, həmin dərman həbləri və aşkar edilmiş 16 ədəd kağız bükümlər kağız zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, daha sonra həmin döşəklərin arasından göy rəngli sellofan torba aşkar olunmuş, sellofan torbanın içərisindən başqa göy rəngli sellofan torba çıxmış, həmin torba da açıldıqda içərisindən rəngli xüsusi iyə malik, qurudulmuş halda olan bitki kütləsi aşkar olunmuş, həmin sellofan torba elektron tərəzidə çəkilmiş, çəkisi 516 qram olmuş, sonra həmin bitki kütləsi qablaşdırılmış, üzərinə möhür vurulmuş, baxış zamanı fotoşəkillər çəkilmiş, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. (cild 01, iş vər. 102-121) Cinayət işinin materiallarında olan məhkəmə-bioloji və məhkəmə materialların ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfi açdıqda içərisində 16 (on altı) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ümumi təmiz çəkiləri 0,726 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. 01 (bir) ədəd üzərində “Tramadol Hydrochloride 225” yazısı olan blister kəsiyində olan 05 (beş) ədəd tünd çəhrayı rəngli dairəvi formalı tablet formasında həblər “Tramadol” dərman preparatıdır. “Tramadol” dərman preparatı 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin siyahısına” daxildir. Təqdim edilmiş 05 (beş) ədəd tablet formalı həblərdə “Tramadol” preparatının təsir maddəsinin ümumi miqdarı – 1,125 qram (bir ədəd həbdə təsir maddəsinin miqdarı 0,225 qramdır) təşkil edir. 02 (iki) ədəd açıq-yaşıl rəngli dairəvi formalı tablet formasında olan həblərin tədqiqatını müfaviq labarotoriya cihazları olmadığından aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 16 (on altı) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...” sözləri və imzalar yazılmış sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 505,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan – qurudulmuş marixuanadır. (cild 01, iş vər. 130-133) Cinayət işinin materiallarında olan əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17/465 nömrəli rəyindən görünür ki, üzərində Təqsirləndirilən şəxs evindən aşkar olunmuş sözləri yazılmış zərfin içərisindəki 16 ədəd gümüşü-ağ rəngli kağızların içərisindəki heroinlər ilə üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sözləri yazılmış zərfin içərisindəki 02 ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə fərqlidirlər. (cild 02, iş vər. 31-36) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixdə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X7 məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində “Tiryək narkomaniyası” diaqnozu ilə narkoloji qeydiyyatdadır. (cild 01, iş vər. 179) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 404 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 37) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2020 il tarxdə polis şöbəsinə ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, vəsatət və təqdimatla məhkəməyə müraciət olunaraq müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunması xahiş olunmuş və məhkəmədən müvafiq qərar alınmış, şəxsin yaşadığı ünvana gedilərək qanunvericiliyin tələbləri çərçivəsində hal şahidləri və müdafiəçinin iştirakı ilə şəxsin yaşadığı ünvana baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda narkotik vasitələr və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olan tramadol həbləri aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə-bioloji və məhkəmə materiallar ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Daha sonra xx.xx.2020 il tarixdə polis şöbəsinə ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, satması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, qanunvericiliyin tələbləri çərçivəsində hal şahidləri və müdafiəçinin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmiş və sonuncunun üzərindən narkotik vasitələr aşkar olunmuşdur. Götürülmüş maddələr də məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərək narkotik vasitələrin və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olan tramadol həblərinin aşkar edilməsi zamanı, o cümlədən xx.xx.2020-ci il tarixdə üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitələrin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin əvvəllər Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi onun ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilərkən özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini qismən etiraf etməsinə dair ifadəsi xx.xx.2020-ci il tarixdə müxtəlif növdə olan narkotik vasitələrin, habelə psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olan tramadol həblərinin onun yaşadığı evdən, o cümlədən narkotik vasitələrinin xx.xx.2020-ci il tarixdə onun üzərindən cinayət prosessual qanunverciliklə nəzərdə tutulmuş qaydada aşkar edilməsi və rəsmiləşdirilməsi ilə bağlı hissədə cinayət işinin materialları ilə üst-üstə düşdüyündən və obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə kollegiyası məhz həmin ifadəni əsaslı sayaraq ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi hissəsində qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cəza nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb olunmasından yaxa qurtarmağa çalışmışdır. Belə ki, əldə olunan narkotik vasitələrin növlərinin müxtəlifliyi, həmin narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin şəxsin evindən psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tramadol həblərinin aşkar olunması və sonuncunun məhz həmin həblərdən sui-istifadə nəticəsində yaranan xəstəlikdən əzab çəkməməsi, habelə həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, bükümlərə yığılmaqla saxlanılması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin evindən aşkar olunan narkotik vasitələr və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olan tramadol həbləri şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və ayrıca qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həmin narkotik vasitələri və sözügedən həbləri satmaq niyyəti ilə deyil, sadəcə saxlamaqla bağlı özünü təqsirli bilməsinə dair məhkəməyədək icraat zamanı qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir. (cild 01, iş vərəqi 188-189) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2007-ci il tarixdə X5 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuş, həmçinin xx.xx.2017-ci il tarixdə Ağdaş rayon məhkəməsinin hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir. (cild 01, iş vər.176-178) Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmədən qəsdən ağır cinayət əməli törətmişdir. CM-nin 18.2.2-ci maddəsinə əsasən isə bu halda şəxsin əməlində cinayətlərin təhlükəli residivi yaranır. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən əməlində təhlükəli residivin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan təhlükəli residivin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq CM-nin 65.2-ci maddəsində əks olunanları əsas götürməklə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmayan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Belə ki, CM-nin 65.2-ci maddəsində göstərilmişdir ki, təqsirli şəxsə təhlükəli residivə görə təyin edilən cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokollardan və Ağdaş Rayon Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 19,95, 233-236) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 1,610 qram heroin, 504,95 qram olan qurudulmuş marixuana və 05 ədəd tramadol həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 257,41 AZN (iki yüz əlli yeddi manat, qırx bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət onun cəza müddətinə hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan 04 (dörd) gün müddət cəzasına hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində 08 (səkkiz) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 1,610 qram heroin, 504,95 qram olan qurudulmuş marixuana və 05 ədəd tramadol həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 257,41 AZN (iki yüz əlli yeddi manat, qırx bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində X6 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-43/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-43/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver