Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-43/2022 09.02.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X13, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X20, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx xxxxxxx 1991-ci ildə Ağcabədi rayonu Mehrablı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu Mehrablı kəndində qeydiyyatda olmaqla Qəbələ rayon Zarağan kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18.07.2021-ci il tarixdə saat 1830 radələrində Qaraməryəm- İsmayıllı-Şəki yolunun Qəbələ rayon Zarağan kəndində keçən hissəsində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan baş etibarnamə ilə sahibliyində olan, idarə etdiyi “Vaz 21099” minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri istiqamətinə yolun sağ hərəkət zolağı ilə saatda 80 km/saat sürətlə hərəkətdə olarkən “X26” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, yəni, Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi əsasında idarə etməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli,yaşayış məntəqələri daxilində nəqliyyat vasitəsini saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda, eləcə də adı çəkilən qanunun 50-ci maddəsinin 1-ci hissəsinin yuxarıda göstərilən tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, sadalanan yol hərəkəti qaydalarını pozaraq, yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, avtomobilini sürücülük hüququ verən sürücülük vəsiqəsi olmadan yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox, yəni, 80 km/saat sürətlə idarə etmiş, nəticədə Qəbələ şəhəri istiqamətində yolun solundan sağına tərəf piyada 9,60 metr məsafə qət etmiş Qəbələ rayon Əmirvan kənd sakini 21.04.1944-cü il təvəllüdlü X9 avtomobilinin ön sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlığından sonuncunun baş beyin qişalarına və toxumasına qansızma, daxili qanaxma, sol ağ ciyərin əzilməsi travmatik şok, sol bazu sümüyünün açıq, sağ qamış və incik sümüklərinin qapalı qəlpəli yerdəyişən sınığı, başın sol gicgah-təpə və sol təpə-ənsə nahiyəsinin, sol bazunun ön orta 1/3-nin əzilmiş cırlmış yarası, başın dərialatı hematoması, sol kürək, döş qəfəsinin sol qoltuqaltı, hər iki dirsək, sol əlin üst nahiyələrinin, hər iki dizin ön səthinin, sol baldırın içəri orta, sağ baldırın ön orta 1/3-nin və sol ayağın İ barmağının üst səthinin sıyrıqları kimi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulması ilə nəticələnən aldığı bədən xəsarətlərindən 19 iyul 2021-ci il tarixdə saat 01 radələrində Qəbələ rayon diaqnostika mərkəzində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, baş etibarnamə ilə idarə etdiyi özünə məxsus Vaz 21099 minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəl sürücülük vəsiqəsi olmasa da 29 iyul 2021-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi əldə etmişdir. 18 iyul 2021-ci il tarixdə saat 1830 radələrində həmin avtomobil ilə Qəbələ rayon Zarağan kəndindən Qəbələ şəhərinə gedən zaman Qaraməryəm-İsmayıllı-Şəki yolunun Zarağan kəndindən keçən hissəsi ilə 80 km/saat sürətlə üç zolaqlı yolun Qəbələ şəhəri istiqamətində sağdan birinci zolağında hərəkətdə olarkən Zarağan kəndinin mərkəzindəki yol dairəsində sol tərəfindən dövlət qeydiyyat nişanını bilmədiyi Vaz 2110 markalı avtomobil onun solundan ötmə əməliyyatı aparmış, hərəkətinə davam edərkən yolda nə isə maneə olduğunu bildiyinə görə həmin an dərhal tormozu basaraq sürətini təxminən 40 km/saat sürətə kimi salmışdır. Avtomobilini sağa doğru meyilləndirmiş, bu zaman yolda bir kişi piyadanın yolun ortasında iti, yeyin addımlarla yolun solundan sağına tərəf avtomobilinin qarşısına gəldiyini görmüşdür. Buna görə də avtomobilini sola meyilləndirmiş, ancaq piyadadan yayına bilmədiyinə görə piyada avtomobilinin qarşı tərəfinə keçərək avtomobilinin ön hissəsinin sağ hissəsi ilə həmin piyadanı vurmuşdur. Arxasından hərəkət edən avtomobil ötmə əməliyyatı həyata keçirən zaman onun görmə qabiliyyətini məhdudlaşdırdığı üçün zərərçəkmiş şəxsi görə bilməmiş, zərərçəkmiş şəxsi gördüyü anda tormozu bassa da zərərçəkmişlə toqquşmadan yayına bilməmişdir. Piyada avtomobilinin kapotunun üzərinə qalxaraq təxminən 20-22 metr irəli gedərək kapotun üzərindən yerə düşmüş, nəticədə avtomobilinin ön şüşəsi sınmışdır. Avtomobilini dərhal olduğu yerdə saxlayaraq yerə düşmüş və oradan təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə yerində dayanaraq polis əməkdalarının gəlməsini gözləmiş, qısa zamanda təcili tibbi yardım avtomobili gələrərk piyadanı xəstəxanaya aparmışdır. Sonradan avtomobil ilə vurduğu piyadanın əvvəllər tanımadığı Qəbələ rayon Əmirvan kənd sakini X16 olduğunu və həmin şəxsin 18 iyul 2021-ci il tarixdən 19 iyul 2021-ci il tarixə keçən gecə yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən xəstəxanada ölməsini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X17 ifadəsində göstərmişdir ki, mərhum Sədiyar Vəliyev doğma atası olmaqla 18 iyul 2021-ci il tarixdə saat 1830 radələrində həmkəndliləri Fərşan Allahverdiyevin idarə etdiyi Ford markalı avtomobillə Qəbələ şəhərinə getmişdir. Həmin gün oğlu Vasif Vəliyevin qız toyu olduğuna görə Qəbələ şəhərində reyestr idarəsinin arxa tərəfində qız həyətinə toya getmişlər. Avtomobildə atası Sədiyar da olmuş, Zarağan kəndində Fərşan mağazadan bəzi şeylər almaq məqsədi ilə avtomobili saxlamış, atası Sədiyar aptekdən dərman almaq üçün avtomobildən yerə düşmüşdür. Fərşan avtomobili yolun Qəbələ şəhəri istiqamətdə sağında kənarda ehtiyat hissədə saxlamış, atası Sədiyar dərman almaq üçün yolun əks tərəfinə keçərək dərman alıb qayıdan zaman sürətlə gələn bir boz rəngli Vaz 21099 markalı avtomobil yolun asfalt örtüyünün üzərində atasını vurmuşdur. Atası təxminən 10 metrə qədər irəli gedərək yerə düşmüş, dərhal avtomobildən düşüb oraya təcili tibbi yardım avtomobili çağırıb atasını xəstəxanaya aparmışdır. Vaz 21099 markalı avtomobilin sürücüsü də avtomobilini saxlayaraq yerə düşmüş, sonradan sürücünün Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmin gün gecə saatlarında yəni, 19 iyul 2021-ci il tarixə keçən gecə atası Sədiyar yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən vəfat etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 iyul 2021-ci il tarixdə saat 19 radələrində Qəbələ rayonu Zarağan kəndinin mərkəzindəki mağazaya gedərkən Zarağan kəndində yol dairəsindən təxminən 100-150 metr məsafədə üzü Qəbələ şəhəri istiqamətdə nömrəsini xatırlamadığı metallik rəngli Vaz 21099 markalı avtomobilin dayandığını, orada polislərin və xatırlamadığı digər şəxslərin toplaşdıqlarını görmüş, VAZ 21099 markalı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs da orada olmuşdur. Oradakı şəxslərdən az əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21099 markalı avtomobillə ehtiyatsızlıqdan yolu keçən piyada Sədiyar Vəliyevi vurduğunu, sonuncunun az əvvəl xəstəxanaya aparıldığını bilmişdir. Həmin vaxt orada olan polis əməkdaşları ona yaxınlaşaraq piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verən hadisə yerinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini xahiş etmiş, könüllü olaraq buna razılıq vermişdir. X14 da hal şahidi kimi iştirak etmiş, sürücü Təqsirləndirilən şəxs və yol polis əməkdaşlarının iştirakı ilə müstəntiq tərəfindən hadisə yerinə keçirilən baxış zamanı hadisə yerinin müayinəsi və metrə ilə ölçmə işləri aparılmışdır. Sürücü Təqsirləndirilən şəxs hadisə yerini təqdim etməklə və Vaz 21099 markalı avtomobili də orada olmuşdur. Hadisə yerində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə məxsus təxminən 10 və 14 metr olmaqla iki ədəd çox səthi tormoz izi olmuş, Təqsirləndirilən şəxs piyadanı vurduğu yeri təqdim etmişdir. Piyadanın vurulduğu yer Qəbələ şəhəri istiqamətdə yolun sağdan üçüncü zolağı olmuş, Vaz 21099 markalı avtomobildən təxminən 7-8 metr məsafədə qan izləri də olmuşdur. Baxış zamanı həmçinin fotoşəkillər və hadisə yerinin sexmi çəkilmiş, baxış haqqında protokolu tərtib edilmiş sxemi imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 iyul 2021-ci il tarixdə saat 1830 radələrində Qəbələ rayon X19 Hissəsindən rayonun Qaraməryəm-İsmayıllı-Şəki yolunun Zarağan kəndindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə daxil olmuş məlumat əsasında dövlət yol polisi bölməsinin inspektoru Şahid3la birgə hadisə yerinə getmiş, piyadanın vurulduğu yer Zarağan kəndinin mərkəzindəki yol dairəsindən təxminən 80 metr Qəbələ şəhəri istiqamətdə olmuşdur. Yol nəqliyyat hadisəsi yolun Qəbələ şəhəri istiqamətdə gedən hərəkət hissəsində baş verməklə hadisə yerində Vaz 21099 markalı, **- RG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü Qəbələ şəhəri istiqamətdə yolun asfalt örtüyünün üzərində dayanmışdır. Avtomobilin yanında olan bir nəfər tanımadığı şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək avtomobilin sonuncuya məxsus olduğunu və ehtiyatsızlıqdan yolu keçən bir nəfər kişi piyadanı avtomobili ilə vurduğunu, xəsarət almış şəxsin oraya toplaşan şəxslər tərəfindən xəstəxanaya aparıldığını demişdir. Şahid3la dərhal hadisə yerini mühafizə edərək oraya istintaq qrupunun gəlməsini gözləmiş, müstəntiq oraya gəldikdən sonra dəvət edilmiş hal şahidlərinin, sürücü Təqsirləndirilən şəxs, onun və Şahid3 iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri sürücü Aydın Məməmdov tərəfindən təqdim edilmiş, baxış Qaraməryəm-İsmayıllı-Şəki yolunun Zarağan kəndindən keçən hissəsində üzü Qəbələ şəhəri istiqamətində aparılmışdır. Hadisə yerinə baxış zamanı yol-nəqliyyat hadisəsi baş vermiş yerin iki istiqamətli hərəkət yolu olduğunu, hər iki yolu bir-birindən otlu, yaşıl sahənin ayırdığını, yaşıl otlu sahə üzərində işıq dirəkləri olduğu, hərəkət hissələrindən biri Qəbələ şəhəri istiqamətində, digəri isə Ağdaş rayonu istiqamətində olduğu müəyyən edilmişdir. Hadisə Qəbələ şəhəri istiqamətinə nəqliyyat axınının nəzərdə tutulan hərəkət hissəsində baş vermişdir. Həmin hərəkət hissəsində piyadanın vurulduğu yerdə 3 (üç) hərəkət zolağı olmaqla bir-birindən kəsik-kəsik xətlərlə ayrılırmışdır. Təqsirləndirilən şəxs piyadanın yolun Qəbələ şəhəri istiqamətdə solundan sağına doğru keçdiyini bildirmiş, Qəbələ şəhəri istiqamətində yolun eni ölçüldükdə piyada vurulan hissədə təxminən 11 metr, piyadanın vurulma yeri Qəbələ şəhəri istiqamətində yolun sağından, yəni, asfalt örtüyünü kənarından asfalt örtüyünün ortasına tərəf 1,90 metr, Qəbələ şəhəri istiqamətində sağdan birinci hərəkət zolağında olduğunu, piyadanın vurulduğu yerdən yolun solundakı səkiyə kimi, yəni, piydanın təxminən 9 metr məsafə qət etdiyi müəyyən edilmişdir. Piyadanın vurulduğu yerdən əvvəldə 1,20 “Piyada keçidi” xəbərdarlıq yol nişanı olmuş, avtomobilin ön hissəsindən bir qədər aralıda qan ləkələri olmuşdur. Sürücü Təqsirləndirilən şəxs həmin qan ləkələrinin vurduğu piyada X10 məxsus olduğunu bildirmişdir. Vaz 21099 markalı avtomobilin qabaq sağ tərəfində əziklər olmuş, sağ qabaq işıq sınmış, qabaq ön şüşə isə əzilmiş, sınmış vəziyyətdə avtomobilin solununa səpələnmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 12.08.2021-ci il tarixli 22 nömrəli rəyində göstərilmişdir ki, X8 meyitində baş beyin qişalarına və toxumasına qansızma, daxili qanaxma, sol ağ ciyərin əzilməsi travmatik şok, sol bazu sümüyünün açıq, sağ qamış və incik sümüklərinin qapalı qəlpəli yerdəyişən sınığı, başın sol gicgah-təpə və sol təpə-ənsə nahiyəsinin, sol bazunun ön orta 1/3-nin əzilmiş cırlmış yarası, başın dərialatı hematoması, sol kürək, döş qəfəsinin sol qoltuqaltı, hər iki dirsək, sol əlin üst nahiyələrinin, hər iki dizin ön səthinin, sol baldırın içəri orta, sağ baldırın ön orta 1/3-nin və sol ayağın İ barmağının üst səthinin sıyrıqları kimi xəsarətləri vardır. X2 bədəni üzərində aşkar edilən xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə yəni, 18 iyul 2021-ci ildə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyadada törənə bilər. X2 bədəni üzərində aşkar edilən xəsarətlər küt alətin(əşyaların)təsirindən törənmişlər.Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. X2 ölümünə səbəb baş beyinin qişalarına və toxumasına qansızma, daxili qanaxma, sol ağ ciyərin əzilməsi, sol bazu sümüyünün açıq, sağ qamış və incik sümüklərinin qapalı yerdəyişən sınığı ilə müşayitə olunan ağır dərəcəli travmatik şok olmuşdur və hadisə vaxtı aldığı həmin xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. X2 meyitindən götürülmüş qanda və sidikdə aparılmış məhkəmə kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-lifli ekspertizasının 26 sentyabr 2021-ci il tarixli 17/704 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, VAZ 21099 markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün oturacaq və söykənəcək hissələrinin səthləri üzərində və Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın, 01 ədəd qısaqol köynəyin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, VAZ 21099 markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün söykənəcək hissəsinin səthi üzərindən tapılmış qara rəngli elastan kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş VAZ 21099 markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün oturacaq hissəsinin səthi üzərindən tapılmış açıq-qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın və 01 ədəd qısaqol köynəyin səthləri üzərindən tapılmış qəhvəyimtli-boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə VAZ 21099 markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, sürücü oturacağı üzlüyünün hissələrinin səthi üzərindən geyim əşyalarının tərkib liflərinə uyğun liflərin və geyim əşyalarının səthləri üzərindən sürücü oturacağı üzlüyünün hissələrinin tərkib liflərinə uyğun liflərin aşkar edilməsinə əsasən sürücü oturacağı üzlüyünün hissələri ilə geyim əşyalarının qarşılıqlı təmasda olması halı mümkündür. İş materiallarənda olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 17 sentyabr 2021-ci il tarixli 8/2190 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21099 minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X26” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “X26” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində müksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “X26” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Metodiki vəsaitin tələblərinə əsasən piyada məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi yolnəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 02 sentyabr 2021-ci il tarixli 520 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, o öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 22 iyul 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 18 iyul 2021-ci il tarixdə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayon Zarağan kəndindən keçən hissəsində piyada X1 Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21099 minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə ehtiyatsızlıqdan vurulması və nəticədə Sədiyar Vəliyevin aldığı ağır bədən xəsarətlərindən ölməsi ilə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq hadisə baş verən yoldan əks istiqamətdə yerləşən ərzaq malları mağazasının videomüşahidə kamerasından götürülmüş və hadisənin baş vermə anını qeydə almış 01 ədəd DVD diskdəki videogörüntüyə baxış keçirilmişdir. Videogörüntü 18.07.2021-ci il tarixdə saat 18:37:19 saniyədən başlamışdır. Saat 18:37:25-də piyada Sədiyar Vəliyevin əks istiqamətli yola adi yeriş addımları ilə daxil olması, saat 18:37:33-də isə yolun ortasındakı səkinin üzərinə çıxması, saat 18:37:36-dan yol nəqliyyat hadisəsi baş vermiş hərəkət yoluna daxil olaraq adi yeriş addımları ilə təxminən 7-8 addım yola köndələn addımlaması, saat 18:37:48-də isə iti, yeyin addımlarla 2-3 addım yola köndələn addımlaması və saat 18:37:49-da isə həmin piyadanın avtomobillə vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi, piyadanın yerə yıxılmış vəziyyətdə qalması, Vaz 21099 minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin isə dayanması görünür. İstintaq zamanı 18.08.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Vaz 21099 minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ işığının, ön şüşəsinin xırda ölçülü sınıqlarla salona tərəf düşdüyü müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin DYPB-nin rəisinin təqdim etdiyi 28 iyul 2021-ci il tarixli raporta əsasən Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayon Zarağan kəndindən keçən hissəsində sürət həddi 60 km/saat həddində müəyyən edilmiş, Təqsirləndirilən şəxs adına X5 sürücülük vəsiqəsi qeydə alınmamışdır. Yol hərəkəti qanunvericiliyinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdir. İş matreiallarında olan 09.08.2021-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X23 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X21 daxil olmuş 3/751 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və X4 Rayon X12 Hüquqi Şəxsin polikilinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda yoxdurlar. İş materiallarına əlavə edilmiş 16.08.2021-ci il tarixli Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X23 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X21 daxil olmuş 718 nömrəli məktubdan görünür ki, əsasən Məmmədov X7 rayon X12 Hüquqi Şəxsin polikilinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ rayonu X12 hüquqi şəxsdən təqdim edilmiş 146 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunda Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi baş verən zaman ayıq olduğu müəyyən edilmişdir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Mehrablı kəndi üzrə ərazi nümayəndəsinin təqdim etdiyi 17.08.2021-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində 2019-cu ildə doğulmuş Miray Məmmədli adlı azyaşlı qızı var və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 26.12.2021-ci ildə doğulmuş Ramal Məmmədov adlı bir uşağı vardır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyanın tam ödənilmiş, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmamışdır. Qətimkan tədbirinin seçilməsinə dair 27 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə Məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi hallar məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında tam təkzib olunur. Belə ki, o, öz müdafiəsi üçün hadisə vaxtı onunla eyni istiqamətdə hərəkət edən digər avtomobilin onun idarə etdiyi avtomobilin önündə olması səbəbindən görmə qabiliyyətinin məhdudlaşdığı üçün piyadanı görə bilmədiyini göstərmişdir. Lakin tədqiq olunmuş sübutlardan, o cümlədən hadisənin əks olunduğu video-görüntüdən və məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “X26” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, yaşayış məntəqələri daxilində nəqliyyat vasitəsini saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda bunlara riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəzalar təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi olan X17 ilə barışaraq sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, himayəsində iki az yaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Qeyd olunan cəzanı yüngülləşdirən halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı həbs olunduğu andan hesablanmalıdır. Əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə edərək məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsas müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan 171,94 AZN (yüz yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Qəbələ rayon Polis Şöbəsində saxlanılan 01 ədəd şalvar, 01 ədəd köynək Təqsirləndirilən şəxs qaytarılmalı, Vaz 21099 minik markalı avtomobilin sürücü oturacağının üzərindən götürülmüş 01 ədəd çexol üzlük isə dəyəri olmadığına görə məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 09 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 171,94 AZN (yüz yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Qəbələ rayon Polis Şöbəsində saxlanılan 01 ədəd şalvar, 01 ədəd köynək Təqsirləndirilən şəxs qaytarılsın, Vaz 21099 minik markalı avtomobilin sürücü oturacağının üzərindən götürülmüş 01 ədəd çexol üzlük isə dəyəri olmadığına görə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-43/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-43/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver