Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-43/2023 20.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Kirovabad şəhərində (indiki Gəncə şəhəri) doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Şəki rayonu Birinci Biləcik kəndində yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263- 1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 22:20 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Aşağı Layısqı kəndinin ərazisindən keçən 18-ci kilometrliyində, xx.xx.2022-ci il tarixədək etibarlı olan AB 731808 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinin müddəti bitməsinə baxmayaraq sürücülük vəsiqəsini yenisi ilə əvəz etməyərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ-21074 markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə 60 km/saat sürətlə Qax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, yolun sağından soluna keçən piyada Hacı-X6 avtomobilin qarşı sağ qanad hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Mehman Hacı-Rəhimova döş sümüyünün sınığı, ağciyərlərin əzilməsi, daxili qanaxma fonunda qapalı kəllə beyin travması, baş beyin maddəsinə və qişalarına qansızma əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə şəxsi işi ilə əlaqədar idarə etdiyi VAZ-21074 markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvandan çıxıb elektrik sayğacına pul vurmaq üçün getmişdir. Həmin vaxt o, VAZ-21074 markalı avtomobili Qax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində təxminən 60 km/saat sürətlə hərəkətdə olmuş, təxminən 22:20 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Aşağı Layısqı kəndinin ərazisindən keçən 18ci km-də, sonradan adını bildiyi X7 oğlu qəflətən yolun sağından çıxıb əllərini yuxarı qaldıraraq özünü onun idarə etdiyi avtomobilin qarşısına atmışdır. O, hadisənin qarşısını almaq üçün avtomobilin əyləcindən istifadə etmiş, lakin məsafə yaxın olduğundan, idarə etdiyi avtomobilin qarşı sağ hisəsi ilə Mehman Hacı-Rəhimovu vurmuş və o, avtomobilin alın aynasının sağ tərəfindən dəyib yolun orta hissəsinə yıxılmışdır. Mehman hadisə yerində vəfat etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, hadisə təxminən axşam saat 22:20 radələrində baş vermiş, hadisə olan vaxt hava qaranlıq olmuş və yolun qarşı tərəfindən də maşın gəmişdir. İdarə etdiyi maşının sürəti təxminən 50-60 km/saat olmuş, şəxs qarşısına qəfil çıxdığı üçün, hadisənin qarşısını ala bilməmişdir. Həmin vaxtı sürücülük vəsiqəsi üzərində olsa da, sürücülük vəsiqəsinin vaxtı bitmiş, lakin sürücülük vəsiqəsinin vaxtının bitməsi barədə məlumatı olmamışdır. Piyada onun qarşısına 8-10 metr məsafə qalanda çıxmış, yəni o, piyadanı gördüyü vaxt, onunla arasındakı məsafə təxminən 8-10 metr olmuş və piyada onun qarşısına qəfildən qaçaraq çıxmışdır. Məhz bu səbəbdən hadisənin qarşısını ala bilməmişdir. Piyada onun qarşısına düzünə qaçaraq çıxmış, çəpinə çıxmamışdır. Hadisə yerinə müstəntiq gəlmiş, hadisə yerinə baxış keçirmiş, protokol və sxem tərtib etmişdir. O da həmin vaxt hadisənin necə baş verməsini müstəntiqə göstərmiş, piyadının düzünə onun qarşısına çıxmasını müstəntiqə bildirmişdir. Müstəntiqin yaxın məsafədə onun maşınının görüş məsafəsini ölçüb-ölçməməsi barədə məlumatı olmamışdır. Sxem onun yanında tərtib olunmuş, ondan başqa hadisənin şahidi Şahid6 və Rakif adlı şəxslər olmuşdur. Ramaldan adlı şəxs yolun qarşısından ona doğru hərəkət edən maşının sahibi olmuş, Rakif adlı şəxs hadisə baş verən vaxt yolun kənarında dayanan kənd sakini olmuşdur. Hadisə baş verən yolun işıqlanması olmamış, ancaq maşının işıqları ilə hərəkət etmişdir. Hadisə baş verən vaxt yolun qırağı ilə bir nəfər başqa şəxs hərəkət etmiş, o həmin şəxsi avtomobil ilə keçdikdən sonra, qəfildən qarşısına mərhum çıxmışdır. Aralarındakı məsafə qısa olduğu üçün hadisənin qarşısını ala bilməmişdir. Belə ki, piyada onun qarşısına 10 metr məsafə qalmış qəfil qaçaraq çıxmışdır. O, şəxsi qaçaraq yola çıxdığı vaxt görmüşdür. Hadisənin qarşısını almaq üçün əyləci basmış, lakin piyada ilə arasındakı məsafə qısa olduğu üçün hadisənin qarşısını ala bilməmişdir. O, əyləcə basdığı vaxt maşın piyadaya dəymişdir. Həmin vaxt onun maşını təxminən 50-60 km/saat sürətlə hərəkət etmişdir. Belə ki, hadisə olan yolda sürət həddi 60 km/saat qoyulmuşdur. Piyada əllərini qaldıraraq qəfildən onun qarşısına çıxmış, o düşünmüş ki, şəxs maşını saxlatmaq istəyir. Həmin vaxt əyləci basmışdır, lakin hadisədən yayına bilməmişdir. Hadisənin qarşısını almaq üçün əyləci basıb maşını sol tərəfə çəkmiş, lakin yayına bilməmişdir. Ola bilsin ki, maşını sağ tərəfə çəksə, hadisədən yayına bilərmiş. Lakin, piyada qarşısına qəfil çıxdığı üçün, həm də həmin vaxt həyəcanlı olduğu üçün, maşını sağ tərəfə çəkə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərilmişdir. Eyni zamanda bildirmişdir ki, spirtli içkilərdən istifadə etsə də, ərinin psixoloji problemləri olmamış, ailəsi ilə münasibəti yaxşı olmuş və hadisə baş verən günü işə getmişdir. Qeyd olunanların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə təxminən 12 radələrində əvvəllər tanıdığı X7 oğlu ilə birlikdə əvvəllər onlarla birlikdə fəhləlik edən Şəki rayonunun Biləcik kəndində yaşayan Rəşidin evində olan ad günü məclisinə getmiş, həmin məclisdə Rəşidin adını bilmədiyi qonşusu da olmaqla dörd nəfər olmuşdur. Onlar məclisin sonuna qədər iştirak etmişlər. Təxminən saat 20 radələrində Mehman Hacı-Rəhimov getmək istədiyini bildirmiş və onlar birlikdə sağollaşıb oranı tərk etmişlər. Həmin vaxt o, Mehmana taksi çağırmağı bildirmiş, lakin Mehman onunla razılaşmayıb piyada getmək istədiyini bildirib yoluna davam etmişdir. O, yorğun olduğu üçün arxada yavaş-yavaş getmiş, Mehman isə ondan təxminən 30-40 metr qarşıda hərəkət etmişdir. Təxminən saat 22:20 radələrində Şəki rayonunun Aşağı Layısqı kəndinnin ərazisindən keçən 18-ci km-də, Mehman qəflətən özünü Qax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkət edən sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin önünə atmışdır. Bundan sonra o, hadisə baş verən yerə yaxınlaşmış və Mehmanın xəsarət aldığını, aldığı xəsarətlərdən hadisə yerində öldüyünü görmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Şahid1 göstərmişdir ki, Mehman evə piyada getmək istədiyini bildirmiş, Mehman yolda hərəkət etdiyi zaman, gah yolun ortasına çıxmış, gah da yolun sağ istiqaməti ilə hərəkət etmişdir. Elə olmuş ki, Mehman özünü qəfildən maşının qarşısına atmışdır. Mehman hadisə günü sərxoş vəziyyətdə olmuş, Mehman məclisə getdiyi vaxt qardaşının öldüyü yerə baxıb ağlamışdır. Mehman ona intihar etmək istədiyini bildirməmiş, həmçinin, ona özünü maşının qabağına atacağını deməmişdir. Mehman ondan 30-40 metr irəlidə yolun sağ istiqaməti ilə hərəkət etmişdir. Birdən baxarkən Mehmanın özünü maşının qarşısına atmasını görmüşdür. Hadisə günü Mehmanla birlikdə Rəşidin ad günü məclisinə getmişlər. Mehman həmin məclisdə onun yanında ölmək istədiyini bildirməmişdir. İbtidai istintaq zamanı hadisəni olduğu kimi danışmış, müstəntiq də onun dediklərini qeyd edib və sonradan ona oxumuşdur. Çünki o, latın qrafikası ilə yazıb oxuya bilmir. Mehmanın maşının qarşısına çəpinə və ya düzünə çıxdığını dəqiq görməmişdir. Mehmanla eyni istiqamətdə hərəkət etmiş, lakin Mehman ondan 30-40 metr irəlidə hərəkət etmişdir. Mehmana demişdir ki, taksi ilə getsinlər, lakin o, taksi ilə getmək istəmədiyini bildirmişdir. Hadisə vaxtı hava qaranlıq olmuşdur. Mehman yolun sağ istiqaməti ilə hərəkət etmiş, lakin maşın gördüyü vaxt özünü maşının qarşısına atmışdır. Xatırladığı qədəri ilə Mehman özünü 2-3 dəfə yoldan keçən maşınların qarşısına atmışdır. Mehman həm kəndə doğru gedən maşınların, həm də şəhər istiqamətinə doğru hərəkət edən maşınların qarşısına çıxmışdır. Mehman qəflətən təqsirləndirilən şəxsin idarə etdiyi maşının qarşısına özünü atmışdır. Hadisə baş verən vaxt Mehman maşının qabağına dəymişdir. O özü də içkili vəziyyətdə olduğu üçün, təqsirləndirilən şəxsin maşını hadisədən yayınmaq üçün sola və ya sağa çəkdiyini dəqiq xatırlamamışdır. Həmin vaxt Mehman ona sərxoş olduğunu, evə çatana qədər ayılmaq istədiyini və bu səbəbdən piyada getmək istədiyini bildirmişdir. Mehman hadisə günü sərxoş vəziyyətdə olmuşdur. Hadisə baş verdikdən sonra şok keçirmişdir. Bundan sonra hadisə yerinə kimin gəldiyini dəqiq xatırlamamışdır. Əgər səhv etmirsə, Mehman yolda hərəkətdə olduğu vaxt bir nəfərdən siqarət götürmüş, Mehmanın siqaret götürdüyü şəxs yolun qırağında olmuş, həmin şəxsin hadisəni görüb-görməməsini dəqiq xatırlamamışdır. Hadisə günü Mehmanla birlikdə araq və pivə içmişdir. Səhv etmirsə, Mehmanla yarım litr araq içmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən 09:30 radələrində əvvəllər tanıdığı X7 oğlu ona zəng edərək Şahid1 ilə birlikdə ad günü ilə əlaqədar yaşadığı Şəki rayonunun İkinci Biləcik kəndinə gəlmək istədiklərini bildirmişdir. Bu zaman o, onlara gələ biləcəklərini demişdir. Həmin gün təxminən saat 13:30 radələrində yaşadığı Şəki rayonunun İkinci Biləcik kəndinə gəlmişlər. Onlara gəldikdə içkili içmişlər və o, soruşduqda yolda gələn zaman içdiklərini bildirmişlər. Bundan sonra onların evində onun ad günü ilə əlaqədar olaraq süfrə açılmış və o da Mehman Hacı-Rəhimovla Şahid1 süfrədə əyləşib yemək yeməyi təklif etmişdir. Bu zaman onun evində biraz da spirtli içki içmişlər. Onun evində süfrə ətrafında oturub yemək yeyən zaman Mehman Hacı-Rəhimov bir neçə dəfə əyləşdiyi masadan qalxıb özünü həyətdə olan fındıq ağaclarına vuraraq qardaşı ölüb deyə o da yaşamaq istəmir dediyinə görə onlar onu sakitləşdirərək yenidən masaya əyləşdirmişlər. Bir müddətdən sonra Mehman Hacı-Rəhimov və Şahid1 yola salmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində Mehman Hacı-Rəhimovun yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 18 iyul 2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar olaraq yaşadığı Şəki rayonunun Aşağı Layısqı kəndindən çıxıb Zaqatala rayonuna getmiş, işlərini bitirdikdən sonra geriyə yaşadığı Şəki rayonunun Aşağı Layısqı kəndinə qayıtmaq üçün yola düşmüşdür. Yolda gedərkən içkili vəziyyətdə olan bir vətəndaş ondan siqaret istəmiş, o da ona siqaret verərək hara getdiyini soruşmüşdür. Şəxs ona Şəki şəhərinə getdiyini bildirmişdir. Həmin şəxs onun yanında olarkən yoldan keçən maşınların qarşısına özünü atmışdır. Həmin vətəndaşa yaxınlaşaraq əgər istəyirsə onun üçün taksi çağıra biləcəyimi bildirmiş, lakin şəxs ona taksi ilə getmək istəmədiyini və dostunu gözlədiyini bildirmişdir. Bundan sonra vətəndaşa siqaret verərək 30-40 metr aralanmış, bir anda üzünü arxaya doğru döndüyü vaxt, həmin şəxsin özünü yoldan keçən maşının qarşısına atdığını görmüşdür. O, hadisə yerinə gəldiyi vaxt orada təqsirləndirilən şəxsin yanında polis əməkdaşı olduğunu görmüş, hadisəni təxminən 30-40 metrdən görmüş, həmin polis əməkdaşı hadisə yerinə maşınla yaxınlaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə olan günü xidmətdə olmamış və ona məxsus avtomobillə evinə doğru hərəkət etmişdir. Aşağı Laysqı kəndində yerləşən məktəbin yanına doğru yaxınlaşdığı zaman görmüşdür ki, tanımadığı şəxs içkili halda yoldan keçən maşınların qarşısına çıxaraq əl edir. Həmin şəxs onun da idarə etdiyi maşının qarşısına çıxmışdır. Həmin vaxt dərhal maşını yolun sağ istiqamətinə doğru manevr etdirərək şəxsi keçib getmiş, piyadanı keçdikdən sonra istəmişdir ki, dönüb arxaya baxsın, həmin vaxt maşının sol yan güzgüsündən arxaya baxdığı zaman görmüşdür ki, piyada arxadan gələn maşının qarşısına özünü atmışdır. Bundan sonra dərhal hadisə yerinə getmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra təcili tibbi yardıma zəng etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Şahid6 göstərmişdir ki, hadisəni maşının güzgüsündən görmüş, belə ki, həmin vaxt kəndə doğru hərəkət etmiş, təqsirləndirilən şəxs isə yolun qarşı istiqamətindən şəhərə doğru hərəkət etmişdir. Maşının güzgüsündən arxaya baxdığı zaman görmüşdür ki, piyada qəfil yola çıxaraq maşının üstünə doğru qaçmış və beləcə hadisə baş vermişdir. Hadisənin baş vermə anını maşının sol yan güzgüsündən görmüşdür. Hadisədən əvvəl piyadanın yanından keçmiş, həmin vaxt piyadanın içkili olduğu hiss olunmuşdur. Piyadaya siqnal vermiş, lakin o diqqət etməmişdir. 30-40 metr irəlilədikdən sonra maşının sol yan güzgüsündən arxaya baxmışdır. Elə bu vaxt hadisə baş vermişdir. Piyada ilk əvvəl özünü onun idarə etdiyi maşının qarşısına atmışdır. O, piyadanı keçib 30-40 metr irəlilədikdən sonra bir anda arxadan səs eşitmiş və beləcə hadisə baş vermişdir. Hadisə olan ərazi işıqlı olmuş, çünki yolun qarşısında məktəb var imiş və məktəbin qarşısındakı işıqlar yolu işıqlandırmışdır. Piyada yolun solunda hərəkət etmiş, özünü yoldan keçən maşınların qarşısına atmışdır. Piyada yolun solunda sarı xəttin bir az içərisində hərəkət etmişdir. Piyadanın sərxoş vəziyyətdə olduğu açıq-aşkar görünmüşdür. Yol tam işıqlı olmamış, lakin məktəbin qarşısındakı işıqlar yolu işıqlandırmışdır. O, Şəki rayonu Birinci Biləcik kəndində yaşayır və təqsirləndirilən şəxsi kəndçisi olduğu üçün tanımışdır. İbtidai istintaq zamanı hadisəni necə görmüşsə, o formada müstəntiqə ifadə vermişdir. Bakı şəhərinə gedəcəyi üçün tələsirmiş, ola bilsin ki, ibtidai istintaq zamanı ifadəsini tam oxumadan imza çəkmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq etmişdir. Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar o, yaşadığı Şəki rayonu Birinci Biləcik kəndi kəndindən çıxıb Şəki şəhərinə getmişdir. O, orada işlərini bitirdikdən sonra geriyə yaşadığı Şəki rayonu Birinci Biləcik kəndinə qayıtmaq üçün yola düşmüşdür. Həmin gün axşam təxminən saat 22:20 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Aşağı Layısqı kəndinin ərazisindən keçən 18-ci km-də, təxminən 25-30 metrlikdən bir nəfərin yolun kənarında olan sarı xətlə sağa sola səndələyərək gəldiyini görmüşdür. O, idarə etdiyi avtomobili yolun sağında saxlayıb ona yoldan kənara çıxmağını demək istəyib yaxınlaşmaq istəyən zaman həmin şəxs sonradan adını bildiyi X7 oğlu yolun sağından soluna doğru hərəkət edib həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Bu zaman Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Aşağı Layısqı kəndinin ərazisindən keçən 18ci km-də, həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkət edərkən, qəflətən özünü onun yoluna atan Mehman Hacı-Rəhimovu vurmamaq üçün tormoz əyləcindən istifadə etsə də, məsafə yaxın olduğundan, bu mümkün olmamış və onu vurmuşdur. O, dərhal toqquşma baş verən yerə doğru getmişdir. O, artıq toqquşma baş verən yerə çatan zaman piyada Mehman Hacı-Rəhimova ilkin tibbi yardım göstərmişlər, lakin Mehman Hacı-Rəhimov aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, şəxsi işi ilə əlaqədar axşam təxminən saat 22:20 radələrində idarə etdiyi avtomobillə yaşadığı Şəki rayonunun Birinci Biləcik kəndindən çıxıb Şəki şəhəri gedərkən Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Aşağı Layısqı kəndinnin ərazisindən keçən 18-ci km-də, yol-nəqliyyat hadisəsi baş verdiyini görmüşdür. Bundan sonra o, idarə etdiyi avtomobili yol kənarında saxlayaraq düşüb hadisə yerinə gələn polis əməkdaşlarına yaxınlaşmış, hadisə barədə məlumat aldıqda ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 22:20 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Aşağı Layısqı kəndinin ərazisindən keçən 18-ci km-də, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkət edərkən, yolun sağından soluna keçən piyada Hacı-X6 vurmuş, nəticədə piyada Mehman Hacı-Rəhimov aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xususatları təstiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, BDYPİ-nin 5-ci tağım üzrə inspektor vəzifəsində işləyir, polis serjantıdır. Bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Şahid8 və Şahid9 ilə birlikdə xidmətdə olduqları zaman onlara təxminən saat 22:25 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Aşağı Layısqı kəndinin ərazisindən keçən 18-ci km-də, yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Onlar həmin məlumata əsasən qeyd olunan əraziyə getmişlər, həmin vaxt orada onlara məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 22:20 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Aşağı Layısqı kəndinin ərazisindən keçən 18-ci km-də, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkət edərkən piyada Hacı-X6 vurmuş, nəticədə piyada Mehman Hacı- Rəhimov aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Bundan sonra onlar hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak etmiş və bu barədə tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə tanış olub imza etmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Şahid7 göstərmişdir ki, sürücü həmin vaxt hadisə yerində olmuş, o, müstəntiq gəldikdən sonra hadisə yerinə baxışda iştirak etmişdir. Hadisə yerində ölçü işləri aparılmış, təqsirləndirilən şəxs hadisə yerində ilkin ifadəsində bildirmişdir ki, maşınla vurduğu şəxs sərxoş vəziyyətdə olmuşdur. Həmin şəxs hadisənin necə baş verdiyini danışmış, buna əsasən hadisə yerində ölçü işləri aparılmışdır. Hadisə yerində sxem tərtib olunmuş və hadisə yeri metrə ilə ölçülmüş, həmin vaxt onlar da ölçü işlərində müstəntiqə kömək etmişdir. Hadisə ilə bağlı səhv etmirsə şəxs ilkin ifadəsində bildirmiş ki, gecə vaxtı olduğuna görə piyadanı görməmiş, piyada əllərini havaya qaldıraraq maşının üstünə qaçmışdır. Belə də piyada qəfildən onun qarşısına çıxdığı üçün, o, hadisənin qarşısını ala bilməmişdir. Onlar hadisə yerinə gəldikdə təxminən saat gecə 11:00 radələri olmuş və hava qaranlıq olmuşdur. Hava yağışlı olmamışdır. Üzərindən xeyli vaxt keçdiyindən, tam xatırlamasa da, səhv etmirsə şəxs hadisə yerində ilkin ifadəsində qeyd etmişdir ki, piyada maşınlara əl etmiş, belə olduğu halda piyada yolun hərəkət hissəsində olmuş və onun qarşısına qəfildən qaçaraq çıxmışdır. Sxemdə və protokolda onun imzası vardır. Hadisə uzun müddət əvvəl baş verdiyi üçün, ola bilsin ki, hər şeyi dəqiq xatırlamamışdır. Xatırladığı qədəri ilə sürücünün hadisə yerində müstəntiqə hər hansı bir şəxsin piyadanın yola çəpinə və ya düzünə çıxması barədə məlumat verməsini eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 Şahid7 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xususatları öz ifadəsində təstiq etməklə yanaşı bildirmişdir ki, hadisə yerində müstəntiq tərəfindən ölçmə işləri metrə ilə aparılmış və sırf təqsirləndirilən şəxsin piyadanı vurduğu yer və onun düzünə və ya çəpinə hərəkət etməsi ilə bağlı göstərməsinə əsasən məsafələr ölçüldüyünü qeyd etmişdir. Məhkəmə istintaqında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, onun da Şahid7 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 22:20 radələrində Şəki-Qax yolunun avtomobil yolunun Şəki rayonu Aşağı Layisqi kəndinin ərazisindən keçən 18-ci km-də, 1983-cü il təvəllüdlü Şəki rayonu Birinci Biləcik kəndində yaşayan, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkət edərkən, piyada 1965-ci il təvəllüdlü Şəki şəhəri Y.Süleymanov küçəsi 31-də yaşayan, Hacı-X6 vurmuş, nəticədə piyada X8 oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür (cild 01, iş vər. 05). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 18.07.202-ci il tarixli protokoldan görünür ki, hadisə Qax rayonu ərazisindən Şəki rayonuna istiqamətdə asfalt yolda baş vermişdir. Hadisə baş verən yerdə yolun hərəkət hissəsi asfalt örtüklü, quru, hamar və düzdür. Hadisə yerində yolun ümumi eni 7 metrdir və yol 2 zolaqdan ibarətdir, hər zolaq isə 3.5 metrdir. Yolda hərəkət hissədə qarşı-qarşıya nəqliyyat oxunu ayırmaq üçün uzununa düz nişanlanma xətti vardır. Yolda işıqlandırılma yoxdur. Baxış zamanı müəyyən olunmuşdur ki, yolun sağından soluna çəpinə keçən piyada Qax rayonu istiqamətindən Şəki rayonu istiqamətində hərəkət VAZ 21074 markalı ** CG ***6 DQN-li avtomobillə toqquşmuşdur. Baxış zamanı piyadanın vurulduğu yer müəyyən olunmuş və məlum olmmuş ki, piyadanın vurulduğu yerdən yolun sağına məsafə 2,3 m, yolun soluna məsafə 4,7 m, geriyə məsafə kənd qəbiristanlığının girirş qapısının sol küncünə qədər 33,8 metrdir. Piyada yolun sağından soluna vurulana kimi adi yerişlə çəpinə 5,5 m məsafə qət etmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Murtuzovu piyadanı vurduğu yeri göstərmişdir. Hadisədən sonra avtomobil üzü Şəki rayonu istiqamətində dayanmışdır. Protokola müvafiq olaraq hadisənin baş vermə sxemi və foto şəkillər əlavə olunmuşdur (cild 01, iş vər. 06-15). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan görünür ki, hadisə nəticəsində avtomobilin qabaq sağ istiqamət göstərici işığı və qabaq alın şüşəsi zədələnmişdir və ümumi olaraq, avtomobil texniki cəhətdən normal vəziyyətdə olmuşdur. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01 iş vər. 34-38). Cinayət işi materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin xx.xx.2022-ci il tarixli 016-119600-1222 nömrəli məktubundan görünür ki, Qİİ-nin uçot bazasında xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə (xx.xx.2022-ci il tarixədək etibarlı olan) AB 731808 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (cild 01 iş vər. 80). Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertin xx.xx.2022-ci il tarixli 39 saylı rəyindən görünür ki, mərhum Hacı-X4 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakılar aşkar edilmişdir: - müştərək travma, qapalı kəllə beyin travması, baş beynin əzilməsi, baş beyin maddəsinə qansızma, sifətin ön hissəsinin, alnın, sağ alın-gicgah nahiyyəsinin sıyrılmış yaraları, döş qəfəsinin küt travması, döş sümüyünün sınığı, hər iki ağ ciyərin kökünün əzilmiş yaraları, daxili qanaxma, böyrəklərdə ocaqlı qansızmalar. Hacı- X4 meyitində aşkar edilmiş xəsarətlər həyatidir, ölümündən az əvvəl bər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Hacı-X4 ölümünə səbəb döş sümüyünün sınığı, ağ ciyərlərin əzilməsi, daxili qanaxma fonunda qapalı kəllə beyin travması, baş beyin maddəsinə və qışalarına qansızma olmuşdur, dərəcəsinə görə ölümünə səbəb olduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və onun ölümü meyit müayinə olunan vaxtdan 8-10 saat əvvəl baş vermişdir. Hacı-X4 meytinin məhkəmə-tibbi ekspertizası zamanı yüngül alhoqol sərxoşluğu əlamətləri aşkar edilmişdir (cild 01 iş vər. 53-57). Cinayət işi materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/2633 №-li rəyindən görünür ki, VAZ-21074 markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 01 iş vər. 83-86). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Həmçinin, həmin Məcəllənin 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26-cı maddəsinə əsasən isə cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır. Belə ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində baş verən cinayətlər ehtiyatsızlıqdan törədilən cinayət sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsinə baxmayaraq, yəni faktiki olaraq sürücülük vəsiqəsi, dolayısı ilə də sürücülük hüququ olmadan VAZ 21074 markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib, həmin avtomobillə 60 km/saat sürətlə Qax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmiş və ehtiyatsızlıqdan yuxarıda qeyd edilən cinayət əməlini törətmişdir ki, onun əməli özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının, yol nəqliyyat vasitələrinin məhkəmə ekspertizalarının rəyləri, o cümlədən digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir və ona görə də, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 263-1.3 maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (hadisə yerinə baxış protokolu və ona əlavə olunmuş sxem, ekspert rəyi və s.) vasitəsi ilə Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Hadisə vaxtı orada olan və hadisəni görən şahidlərin (Şahid6, Şahid5 və Şahid1) ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslərin təqsirləndirilən şəxsin müdafiəsinə yönəlmiş xüsusatları qeyd etmələri müdafiə taktikası ilə deyilmiş və təqsirləndirilən şəxsi məsuliyyətdən qurtarmağa hesablanmış sözlərdir. Belə ki, şahidlərin təqsirləndirilən şəxslə eyni kənddən, eyni çevrədən olmaqla təqsirləndirilən şəxsi, onun ailəsini tanıması və onunla, yaxınları ilə yaxşı münasibətlərinin olması, onların məhkəmə iclasında təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Hadisə yerinə sonradan gələn yol patrul xidmətinin əməkdaşlarından Şahid7 məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsində göstərdiklərinə gəldikdə isə (hadisə yerinə gəldikdən sonra baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs soruşarkən mərhumun özünü avtomobilin önünə atması ilə bağlı Təqsirləndirilən şəxs qeyd etdiklərini eşitməsinə dair) məhkəmə kollegiyası qeyd edir ki, şahid özü məhkəmə istintaqı zamanı hadisənin üzərindən xeyli vaxtın keçdiyini, artıq hadisələri təxmini xatırladığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir ki, iş materiallarında olan sübutlarla şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi üst-üstə düşdüyündən, məhkəmə kollegiyası artıq hadisənin üzərindən xeyli müddətin keçməsi səbəbindən onun hadisədən qısa müddət sonra verdiyi ifadəsinin daha etibarlı olduğu qənaətinə gəlir və şəxsin həmin ifadəsini əsaslı sayaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı hadisə baş verdikdən sonra “Kanal S” televiziya kanalının əməkdaşlarının hadisə yerinə gəldiklərini və orada hadisə ilə bağlı video reportaj hazırladıqlarını bildirmiş və həmin görüntüləri əks etdirən CD disk təqdim etmişdir ki, həmin CD disk məhkəmə tərəfindən qəbul edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuşdur. Həmin CD diskə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, diskdə əksini tapan video görüntü hadisənin baş verməsi ilə bağlı hər hansı bir sübutu, hadisənin necə baş verməsini əks etməmiş, sadəcə həmin günü sözügedən saatlarda, sözügedən məkanda yol nəqliyyat hadisənin baş verməsini əks etdirmişdir. Həmin video görüntülərdə əksini tapmaqla ifadə verən şəxslərin ifadələrinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin şəxslər ibtidai istintaq zamanı müxtəlif statuslarda dindirilmiş və ifadə vermişdir ki, yekunda məhkəmə onların hər birinə qiymət vermişdir. Odur ki, müdafiə tərəfin təqdim etdiyi sözügedən sübut da Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edən sübut növü kimi qəbul edilə və onun bəraətinin əsasını təşkil edən dəlil rolunu oynaya bilməz. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CMnin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 istintaq orqanına müraciət edərək baş vermis yol nəqliyyat hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir (cild 01, iş vər. 52). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, xx.xx.2007-ci il təvəllüdlü qızı və xx.xx.2009-cu il təvəllüdlü oğlu ilə) birlikdə Şəki rayonu, Birinci Biləcik kəndində qeydiyyatdadır və yaşayır. Yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 91-93). Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 132). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin hadisənin baş vermə mexanizmini, onun hadisəsindən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona maddi yarım etməsini, habelə təqsirləndrilən şəxsin şəxsiyyətini, eyni zamanda CM-in 60-cı maddəsinin tələblərini və Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 22-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 126, 136). Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə və CM-nin 56.1.1-ci maddəsinə istinadən qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi yaşadığı yer üzrə Şəki Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Eyni zamanda, iş üzrə maddi sübut olan VAZ 21074 markalı ** CG *** markalı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması və mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Şəki Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan VAZ 21074 markalı ** CG *** markalı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-43/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-43/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver