Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-43/2024 06.03.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X11 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ev 1, mənzil 20-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri, 20 yanvar küçəsi ev 6A, mənzil 10-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən külli miqdar daxil olmaqla narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 1 ədəd şəffaf sellafon bükümün içərisində təmiz çəkisi 4.912 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 yanvar küçəsi, “Güllü bağ” dairəsi yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 19:50-dən 20:00-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə - heroin əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-1-ci maddəsi elan olunan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmişdir. Ancaq 10 ilə yaxındır ki, narkotik vasitə istifadə etmir. Polis əməkdaşı onu Mingəçevir şəhərində saxlamışdır. 2023-cü ilin may ayının biri anası ilə birlikdə Yevlax şəhərində yerləşən Əkşəm kəndinə getmiş və mayın dördü anası ilə birlikdə Mingəçevir şəhərinə gəlmişdir. Daha sonra anası ilə birlikdə taksiyə əyləşib ev istiqamətində getmişdir. Taksi sürücüsünün adını bilməmiş, lakin idarə etdiyi maşın “Opel” markalı maşın olmuşdur. Onu bir nəfər polis əməkdaşı saxlamışdır. Həmin polis əməkdaşını əvvəllər tanımışdır. Polis əməkdaşı onu saxlayan vaxt yanında anası və taksi sürücüsü olmuşdur. Evə 10 dəqiqə qalmış arxalarınca əvvəllər tanıdığı polis əməkdaşının gəldiyini görmüşdür. Həmin polis əməkdaşı mülki geyimdə və mülki maşınlarda olmuşdur. Onu may ayının dördü təxminən axşam saat 6 radələrində evlərinin arxasında saxlamışlar. Güllü bağ deyilən ərazidən bir az aşağıda saxlanılmışdır. Saxlanılan vaxt anası yanında olmuşdur. Belə ki, anası ilə birlikdə Yevlax şəhərindən çıxıb evlərinə gedirmişlər. Taksidə gedən vaxt, taksi sürücüsü arxalarınca maşın gəldiyini bildirmişdir. Həmin polis əməkdaşı anasının yanında ona zor tətbiq edərək maşından düşürmüş və onu özünün maşınına aparmışdır. Bundan sonra onu Mingəçevir Şəhər Polis Şöbəsinə aparmışdır. Polis əməkdaşı onu saxlayan vaxt haradan gəldiyini soruşmuşdur. O da polis əməkdaşına Şəki şəhərindən gəldiyini demişdir. Saxlanılmadan əvvəl Şəki şəhərində olmamışdır. Ümumiyyətlə 15 ildir ki, Şəki şəhərində olmamışdır. Şəkinin kəndində tanışları vardır. Saat təxminən 6 radələrində onu polis şöbəsinə aparmışdırlar. Polis şöbəsində onu iki saat saxlamışdırlar. İki saatdan sonra ona vəkil təqdim olunmuşdur. Vəkil gəlməzdən əvvəl isə ona təzyiq göstərib boynuna narkotik vasitə qoymuşdurlar. Polis şöbəsində onu döymüşlər. Üzərinə narkotik vasitə qoyandan sonra videoçəkiliş olmuşdur. İki azyaşlı uşaq gətirmişlər ki, əgər narkotik vasitəni boynuna almasa, bu uşaqlar onun üzünə duracaqlar. Cibinə narkotik vasitə qoyan vaxt rəis müavini kamera çəkdiyini deyərək polis əməkdaşını danlamışdır. Polis şöbəsindəki kamera görüntüləri sorğu verilib götürülsə, məlum olar ki, narkotik vasitəni cibinə polis əməkdaşı qoymuşdur. Vəkili axşam saat 9 radələrində gəlmişdir. Vəkili gələnə qədər müdafiəsiz qalmışdır. Daha sonra videoçəkiliş olmuşdur. Bundan sonra ittiham aktına yazmışlar ki, güya narkotik vasitəni Şəki şəhərindən tapmışdır. 20 ildir ki, Şəki şəhərində olmur. Onu narkoloji ekspertizaya da aparmışdırlar. Həmin vaxt ondan qan analizi almadan rəy vermişdirlər. Polis əməkdaşları ilə qərəzli münasibəti olmamışdır. Üzərində daima telefonu olmuşdur. Saxlanılan vaxt üzərində mobil telefon olmuşdur. Həmin vaxt üzərində ***-***-**- ** və ***-***-**-** saylı nömrələr olmuşdur. İbtidai istintaq zamanı ifadə verməmişdir. Ona ifadəsi oxunmamışdır. Polis əməkdaşları ilə heç bir ədavəti olmamışdır. Polis əməkdaşları saxlanılmadan əvvəl onu axtarmışlar. Mingəçevir şəhərində Şəhidlər Xiyabanında telefon oğurlanmışdır. Həmin telefonu kimsə unudub getmiş və o, da həmin telefonu götürmüşdür. Telefonu götürüb Bakı şəhərinə getmişdir. Telefonu götürməsi ilə bağlı qardaşı ona zəng etmişdir. O, götürdüyünü bildirmişdir. Qardaşı onu polis əməkdaşlarının axtardıqlarını demişdir. Sonra polis əməkdaşları onu saxlamışdır. Saxlanılan vaxt götürdüyü telefon üzərində olmuşdur. Elan edilən ifadəni oxumuşdur. İfadəni oxuyub “İfadəni təsdiq edmirəm” yazmış, etmirəm kəlməsini “D” hərfi ilə yazmışdır ki, kimsə başa düşməsin. Çünki polis əməkdaşları başının üstündə dayanmışdır. Prokurorluğa yazmışdır ki, kamera görüntüləri götürülsün. Polis əməkdaşları ona təzyiq göstərmişlər. Başında xəsarətlər olmuşdur. Vəkili sadəcə bir dəqiqə görmüş və vəkilə heç nə deyə bilməmişdir. Çünki yanında polis əməkdaşları olmuşdur və onlardan qorxmuşdur. Onu prokurorun yanına aparmışlar. Prokurora ona olunan qanunsuzluqla bağlı heç nə deməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilmək üçün məhkəmə qarşısına çıxmışdır. Həmin vaxt məhkəməyə ona olunan qanunsuzluqla bağlı heç nə bildirməmişdir. Çünki polis əməkdaşlarından qorxmuşdur. İstintaq təcridxanasına gəldikdən sonra prokurorluğa şikayət ərizəsi yazmışdır. X5 daxil olan vaxt üzərində xəsarətlər olmamışdır. Cibinə narkotik vasitə qoyan zaman ondan soruşmuşlar ki, haradan tapdığını yazaq? O da demişdir ki, Şəki şəhərini yazsınlar. Anası ilə birlikdə Yevlaxın kəndindən evlərinə doğru gəlmişdir. Bakı şəhərində ofisiant işləmişdir. May ayından oktyabr ayınadək ofisiant işləmişdir. Polis əməkdaşı ona heç bir açıqlama verməmiş və onu zor tətbiq edərək maşından düşürüb öz maşınına əyləşdirmişdir. Tutulan vaxt anası telefon işlətməmişdir. Tutulmadan bir gün əvvəl telefon danışığı olmuşdur. Taksini çağırmamışdır. Evli deyildir. Anası təqaüdçüdür. İmzalar ona aiddir. Həmçinin cinayət işi üzrə keçirilmiş 13 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərmişdir ki, polis əməkdaşları iki uşaq gətirmişdir ki, narkotik vasitəni boynuna almasa, onun üzünə duracaqlar. Həmin vaxt polis şöbəsində kamera olmuş və çəkiliş aparılmışdır. Narkotik vasitəni polis əməkdaşları cibinə qoymuşdur. Əvvəllər narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitəyə görə həbs olunmamışdır. Polis əməkdaşları ilə ədavəti və düşmənçiliyi yoxdur. Tutulduğu vaxt narkotik vasitədən istifadə etməmişdir. Qorxduğu üçün polis əməkdaşları ilə razılaşmışdır. Polis əməkdaşları anasının yanında onu döyə-döyə aparmışdır. Anasından başqa taksi sürücüsü və marketdə olan insanlarda polis əməkdaşlarının ona zor tətbiq etməsini görmüşlər. 15 ildir ki, Şəki şəhərində olmamışdır. Anten dairə məlumatları çıxarılsa, bu hal müəyyən olunar. Anasının adı Sədaqət Mahmudovadır. Taksi sürücüsünün adını bilmir, lakin sürdüyü maşın “Opel” markalı maşın olmuşdur. Onu saxlamaq üçün 3 maşın polis əməkdaşı gəlmişdir. Polis əməkdaşları onu 04 may tarixində axşam saat 06 radələrində saxlamışdır. Mobil telefonu var, lakin hazırda nömrəsini xatırlamır. Əgər səhv etmirsə, ittiham aktında nömrəsi qeyd olunmuşdur. Döyülmə faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğuna şikayət ərizəsi ünvanlamışdır. İbtidai istintaq zamanı ifadə verməmişdir, lakin yazmışdır ki, ifadəsini özü yazmış və təsdiq etmişdir. Başının üstündə dayandıqları üçün elə yazmış ki, görməsinlər. Polis əməkdaşları ilə ədavəti və düşmənçiliyi yoxdur. Onu 2022-ci il tarixdə polis şöbəsinə aparmışlar. Onu döyərək, boynuna oğurluq qoymaq istəmişlər. Sonra ev sahibi gəlib demiş ki, oğurluq edən şəxs bu deyildir. Polis əməkdaşları onu döyə-döyə polis şöbəsinə aparmışdır. Həmin vaxt başında şişlər olmuşdur. X15 qəbul olan vaxt ona demişlər ki, desin ki, güya yıxılmışdır. O da elə demişdir. Təcridxanaya qəbul olan vaxt döyüldüyünü deməmişdir. Təcridxanaya daxil olan vaxt müayinə olunmuşdur, lakin həmin vaxt artıq bədənində xəsarətlər qalmamışdır. Döyülmə faktı ilə bağlı Baş prokurorluğa şikayət ərizəsi ünvanlamışdır. Prokurorluq əməkdaşları döyülmə faktı ilə bağlı onu dindirməmişlər. Prokurorluğa iyun ayında ərizə yazmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Ümumiyyətlə, ibtidai istintaq zamanı ifadə verməmişdir. Həmin ifadələri Mahir müəllim yazmışdır. Şəki şəhərində qohumları yoxdur. Taksi sürücüsünün adını xatırlamır, lakin sürdüyü maşının markası “Opel”dir. Taksi sürücüsü orta yaşlı olmuşdur. Polis əməkdaşlarının onu döymələrini taksi sürücüsü və anası görmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər də bir neçə narkotik vasitələrdən də istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə o, Şəki rayonuna qohumlarının evinə getmişdir. xx.xx.2023-cü il tarixdə Şəki rayonundan Mingəçevir şəhərinə gəlmək üçün avtovağzala getmiş və avtovağzalda yolun kənarından bir ədəd şəffaf rəngli sellafona bükülmüş büküm tapmışdır. Həmin büküm maraqlı olduğu üçün bükümü yerdən götürüb açıb içərisinə baxmışdır. O, narkotik vasitədən istifadə etdiyi üçün bükümün içərisindəkinin nakotik vasitə olan heroin olmasını iyindən və rəngindən tanımışdır. Bundan sonra o, ətrafa baxmış və heç kimin görmədiyinə əmin olduqdan sonra həmin bükümü özü istifadə etmək üçün əynindəki qara rəngli gödəkçənin sol iç cibində “Bakı” siqaret qutusunun içərisində gizlətmişdir. Bundan sonra o, həmin bükümün içərisində olan heroindən istifadə etmişdir və qalan heroini yenədə əynindəki qara rəngli gödəkçənin sol cibində gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, artıq Mingəçevir şəhərinə gəlmişdir və Mingəçevir şəhəri, Güllü bağ dairəsi yaxınlığından piyada keçib evə gedən zaman xx.xx.2023-cü il tarixdə Şəki rayonundan tapdığı narkotik vasitə olan heroin əynində olan qara rəngli gödəkçənin sol cibində Bakı siqaret qutusunun içərisində olmuşdur. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb polis vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Mingəçevir şəhər polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Bundan sonra hüquqlarını müdafiə etmək üçün vəkil X9 iştirakı ilə üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuşdur. O da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Baxış zamanı əynindəki qara rəngli gödəkçənin sol cibindən Bakı siqaret qutusunun içərisində bir ədəd sellafona bükülmüş büküm aşkar olunmuşdur. Daha sonra onun, vəkilinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin bir ədəd sellafon bükümə baxış keçirilmişdir. Həmin büküm açıldıqda orada olan kütlənin rəngindən və spesfik iyindən narkotik vasitə-heroinə oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmişdir və heroinə oxşar kütlənin ümumi çəkisi 5.22 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmiş ki, həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şəki rayonu, avtovağzalın yaxınlığında yerdən tapmışdır. Həmçinin o verilən suallara cavab olaraq bildirmişdir ki, o narkotik vasitələrin satışı ilə məşğul deyildir və üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisi ilə razı deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə saat 19 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2 və Ruşanov X12 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, 20 yanvar küçəsi ilə Mingəçevir şəhəri M.Maqomayev küçəsinin kəsişməsində yerləşən Güllü bağ dairəsi deyilən yerdə piyada keçən zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişdirlər. Bundan sonra Mahmudov X13 ŞPŞ-nə gətirilmişdir. Vəkil X9 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçirilmiş və bu zaman video çəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində olan Bakı markalı siqaret qutusunun içərisindən bir ədəd sellafon büküm aşkar olunmuşdur. Həmin bir ədəd sellafon büküm açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə heroinə oxşar kütlə olması aşkar olunmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş və narkotik vasitə olan heroinə oxşar kütlənin ümumi çəkisi 5.22 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd sellafon bükümdəki kütlənin narkotik vasitə olan heroin olduğunu, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Şəki rayonunda, avtovagzalda olan zaman yerdən tapdığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 istintaq zamanı ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadələr verərək bir daha onun göstərdiyi xüsüsatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, oğlu ilə birlikdə kənddən gəlirmiş. Bazarın yaxınlığında avtobusdan düşüb taksiyə minmişlər. Bundan sonra evlərinə doğru taksi ilə hərəkət etmişdirlər. Evlərinə çatana yaxın arxadan bir maşın siqnal verərək arxalarınca gəlmişdir. Elə bu vaxt taksi maşını saxlamışdır. Onları saxlayan maşından bir nəfər düşmüşdür. Maşından düşən mülki geyimli şəxs oğlunun qolundan yapışıb maşından düşürmüşdür. Sonra oğlu Vüsalı özünün idarə etdiyi maşına əyləşdirmişdir. Həmin vaxt oğlu demişdir ki, qorxmasın, birazdan gələcəkdir. Həmin vaxt axşam yeddi və ya altı olmuşdur. Onların qarşısını kəsən maşın polis maşını olmamışdır. Bundan sonra evinə gəlmişdir. Axşama qədər oğlunu gözləmiş, lakin oğlu gəlməmişdir. Sonradan bilmişdir ki, oğlunu polis əməkdaşları tutmuşdur. Oğlu əvvəllər narkotik vasitədən istifadə etmiş və tutulmuşdur. Tutulduğu ərəfələrdə oğlunun narkotik vasitə istifadə etdiyini görməmişdir. Onların maşınını saxlayan şəxsin Vüsalı tanıyıb-tanımadığını bilməmişdir. Onların maşınının qarşısını kəsən maşın balaca xarici maşın olmuş, rəngi isə səhv etməmişdirsə ya ağ, ya da gümüşü rəngdə olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Mingəçevir Şəhər Polis Şöbəsinə “Vüsal” adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər, 03). xx.xx.2023-cü il tarixli “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, “Vüsal” adlı şəxsin cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər, 05-06). xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, istifadəsi və satışı məşğul olmasında şübhəli bilinən Mingəçevir şəhəri, 20 Yanvar küçəsi,ev 6A, mənzil 10 da yaşayan, “Vüsal” adlı şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Güllü bağ dairəsi adlanan ərazidə saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 01, iş vər. 11). xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 22). xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və həmin tarixdə saat 19:50-dən 20:00-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı “Bakı” adlı siqaret qutusunun içərisində bir ədəd sellofan bükümdə çəkisi 5,22 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntü DVD diskə köçürülərək protokola əlavə olunuşdur (cild 01, iş vər, 27-29). xx.xx.2023-cü il tarixli 17/379 nömrəli Məhkəmə Ekspertizası Mərkəzi Şəki regional bölməsinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellafon bükümdə təmiz çəkisi - 4.912 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 01, iş vər. 35-38). xx.xx.2023-cü il tarixli, 4(051)-42/2023 nömrəli Mingəçevir Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər, 69-70). DİN BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Hazırda məhkumluğu yoxdur (cild 01, iş vər. 86-88). xx.xx.2023-cü il tarixli, 964 nömrəli Mingəçevir Şəhəri Mərkəzi Xəstəxanası Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci ildən narkoloji dispanserdə qeydiyyatdadır (cild 01, iş vər. 90). xx.xx.2023-cü il tarixli, 787 nömrəli Mingəçevir Şəhəri Mərkəzi Xəstəxanası Mingəçevir şəhər Rayonlararası Pisxo-Nevroloji Dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji dispanserdə qeydiyyatda durmur (cild 01, iş vər. 91). xx.xx.2023-cü il tarixli, 1071 nömrəli Məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01 iş vər, 95). Mingəçevir şəhəri 12 saylı MİS-in təqdim etdiyi arayışlar və xasiyyətnamədən görünür ki, Mahmudov X13 şəhəri 20 Yanvar küçəsi ev 6 mənzil 10 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər, 97-98). xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər, 137-141). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 4383/2023/767 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəlki tarixə aid burnunda deformasiya, hər iki saiddə 01 ədəd çapıq və qarnında 03 ədəd çapıq (2006) toxuma aşkar edilmişdir. Mingəçevir ŞPŞ-nin MSY-nin tibbi müayinə keçirilməsi və X4 qeydiyyatı kitabı və Şəhər, Rayon, Xətt Polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir ŞPŞ-nin MSY-nə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə keçirilmiş müayinədə onun bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli Mingəçevir Şəhər Polis Şöbəsinin məktubundan görünür ki, polis şöbəsinin inzibati ərazisində olan video müşahidə kamerasına baxış keçirilən zaman, yaddaş qurğusunun maksimum yaddaş tutumu bir ay olduğu üçün, xx.xx.2023-cü il tarixdə qeydə alınan görüntüləri müəyyən etmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin məktubundan görünür ki, ********** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. 21 fevral 2024-cü il tarixli "xxxx" MMC - nin məktubundan görünür ki, ********* saylı nömrənin qərarda göstərilən müddətdə Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Həmin nömrə xx.xx.2023-cü ildən deaktivdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 13 dekabr 2023-cü il tarixədək qüvvədə olmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Kollegiya qeyd edir ki, şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsi həmin əməllərə görə şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 yanvar küçəsi, “Güllü bağ” dairəsi yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 19:50-dən 20:00-dək olan müddətdə üzərinə şəxsi axtarış keçirilmiş və 1 ədəd şəffaf sellafon bükümün içərisində təmiz çəkisi 4.912 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibindən “Bakı” adlı siqaret qutusunun içərisində bir ədəd sellofan bükümdə çəkisi 4,912 qram (prosessual hərəkət aparılan zaman 5,22 qram) təşkil edən, yəni külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək onu may ayının dördü təxminən axşam saat 6 radələrində evlərinin arxasında saxladıqlarını, polis əməkdaşının anasının yanında ona zor tətbiq edərək maşından düşürtdüyünü, onu özünün maşınına əyləşdirdiyini, Mingəçevir Şəhər Polis Şöbəsinə gətirildiyini, polis əməkdaşının onu saxlayan vaxt haradan gəldiyini soruşmasını, onun polis əməkdaşına Şəki şəhərindən gəldiyini deməsini, saxlanılmadan əvvəl Şəki şəhərində olmamasını, 15 ildir Şəki şəhərində olmamasını, polis şöbəsində onu iki saat saxlanılmasını, vəkil gəlməzdən əvvəl isə ona təzyiq göstərib boynuna narkotik vasitə qoyulmasını, polis şöbəsində onun döyülməsini, üzərinə narkotik vasitənin qoyulmasını və ibtidai istintaq zamanı ifadə verməməsini, ifadəni oxuyub “İfadəni təsdiq edmirəm” yazmasını, lakin “etmirəm” sözünü “d” hərfi ilə yazmasını, polis əməkdaşlarının ona təzyiq göstərmələrini, başında xəsarətlərin olmasını, polis əməkdaşlarından qorxmasını, polis əməkdaşları polis şöbəsində ona fiziki və psixi təzyiq göstərmələrini və təzyiq altında olduğu üçün narkotik vasitəni boynuna almasını bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi ilə razılaşmayaraq, belə hesab edir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmiş, bununla da cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə istintaqında tədqiq edilmiş şəxsi işin materiallarından sorğu verilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus “Məhkumun tibbi kitabçası”nın təsdiq edilmiş surəti elan edilməklə tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şəki İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçmiş, lakin həmin vaxt baxış zamanı onun bədənində döyülmə və işgəncəyə aid xəsarət izinin olması aşkar olunmamışdır. Həmçinin sorğu verilərək götürülmüş və məhkəmə iclasında tədqiq edilmiş “X7 və X4 Qeydiyyat” kitabının surətindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir ŞPŞ-nin MSY-nə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə keçirilmiş müayinədə onun bədənində hər hansı bir xəsarət aşkar olunmamış və xəsarətlərin olması barədə qeydiyyat aparılmamışdır. Ümumiyyətlə cinayət işi materiallarında Təqsirləndirilən şəxs üzərində xəsarət izinin olmasını bu və ya digər şəkildə təsdiq edə biləcək heç bir tibbi və digər sənəd mövcud deyil. Bundan başqa, Təqsirləndirilən şəxs və müdafiəçisi polis əməkdaşları tərəfindən döyülməsi və bədənində xəsarət izinin olması barədə məhkəməyə hər hansı tibbi sənəd təqdim etməmişdir. Habelə sorğu verilərək məhkəmə istintaqında tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:30-da Mingəçevir ŞPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında qeyd etmişdir ki, ifadəni oxumuş, “İfadəni təsdiq edmirəm” yazmış, lakin “etmirəm” sözünü “d” hərfi ilə yazmışdır. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində narkotiq vasitə olan heroini Şəki rayonunda avtovağzal yolunda tapmasını qeyd etsə də, məhkəmə istintaqında uzun müddət Şəki rayonunda olmamasını göstərmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cinayət prosessual münasibətin subyektlərindən fərqli olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə olunmaq məqsədilə ifadə verməkdən imtina etmək və ya digər şəxslərin hüquqlarını pozmadan, qanunla qadağan olunmayan müdafiə üsullarından istifadə etmək hüququ olmaqla yanaşı şübhəli və təqsirləndirilən şəxsin cinayətin subyekti kimi yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi cinayət qanunvericiliyində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 91.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarın elan edilməsi, təqsirləndirilən şəxsin hüquq və vəzifələrinin izah olunması və qərarın ona təqdim edilməsindən imtina etmiş, habelə kimyəvi ekspertizanın rəyi ilə razı olmadığını bildirmişdir. Göründüyü kimi heç bir təsir olmadan Təqsirləndirilən şəxs sərbəst şəkildə hüquqlarından istifadə etmiş, 04 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonrakı dövrdə, tutularkən üzərində narkotik vasitənin olmadığını mübahisələndirməmiş, habelə polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi barədə heç bir dövlət orqanına və ya tibb müəssisəsinə müraciət etməmiş, həmçinin müdafiəçisinə bu barədə məlumat verməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, əksinə ibtidai araşdırma zamanı ifadə verərək satış məqsədi olmadan 4,912 qram çəkidə narkotik vasitə olan heroini Şəki şəhərindən tapmasını israrla özü bildirmişdir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs döyülməsi, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Beləliklə kollegiya belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal/hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Bundan başqa, məhkəmə kollegiyası iş üzrə əlavə şahid X3 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələrlə razılaşmır. Belə ki, iş üzrə əlavə şahid X1 Mahmudovun anası olması onun təqsirləndirilən şəxsin müdafiəsinə yönələn ifadə verməsini anlaşılan edir. Buna görə də, əlavə şahid Sədaqət Mahmudovanın məhkəmə iclasında belə ifadə verməklə Təqsirləndirilən şəxs məsuliyyətdən, cəzadan yayındırmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə kollegiyası X3 məhkəmə istintaqında verdiyi ifadəsində göstərilən məlumatların işdəki mötəbər sübutlarla təkzib olunduğu üçün mötəbər sübut saymır və kollegiya tərəfindən qəbul olunmur. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini qanunsuz şəkildə əldə edib üzərində saxlamış və üzərində şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,912 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilmişdir. Bundan başqa, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan heroini məhz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamışdır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyasının aşağı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Sözügedən Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 may 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Mingəçevir şəhər polis şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,862 qram təşkil edən narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan 4.862 çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-43/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-43/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver