Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-44/2021 10.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlu, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxx 1994-cü il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki azyaşlı uşağı olan, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ucar rayonunun Bərgüşad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X17 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 126.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, xx.xx.2020-ci il tarixdə saat 01 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində yaşadığı Ucar rayonunun Bərgüşad kəndində yerləşən evinin həyətyanı sahəsində keçirilməklə başa çatmış şənlik tədbirindən sonra evin həyətyanı sahəsinin qamışlıqla əhatələnən çəpərindən çöl-küçə tərəfində atası X11 ilə əmisi oğlu Şahid1 arasında əlbəyaxa mübahisənin yarandığını görüb qisas almaq niyyəti ilə həyətyanı sahədə olan təsərrüfat-məişət təyinatlı beli götürüb qaçaraq mübahisənin davam etdiyi yerə yaxınlaşmış, əmisi oğlu Şahid1 qəsdən vuraraq xəsarət yetirmək üçün götürdüyü belin sapından iki əli ilə tutaraq havaya qaldırmaqla insan həyatı üçün təhlükəli orqan olan baş nahiyəsinə ağır zərbə vurmaq üçün edəcəyi əməlinin ictimai təhlükəli olduğunu dərk edərək havanın qaranlıq və özünün sərxoş vəziyyətdə olması səbəbindən endirəcəyi zərbənin atası Bayram Abbasova dəyərək ictimai təhlükəli nəticələr verəcəyini qabaqcadan görmüş, lakin bunu arzu etməməklə belə nəticənin baş verməsinə şüurlu surətdə yol verib cinayət əməlini davam etdirərək yuxarıdan aşağıya doğru 01 dəfə belin işçi hissəsinin tini ilə qəsdən Bayram Abbasovun baş nahiyəsindən vurub insan həyatı üçün təhlükəli olan təpə sümüyünün basılmış sınığı, baş beyinin yumşaq toxumalarına qansızma ilə müşayiət olunan açıq kəllə-beyin travması, təpə nahiyəsinin 01 ədəd əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş və bundan sonra Bayram Abbasov təcili tibbi yardım avtomobili ilə "Ucar rayon Mərkəzi Xəstəxanası" X13, daha sonra isə "Göyçay rayon Mərkəzi Xəstəxanası" X13 çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməsinə baxmayaraq aldığı xəsarətlər xx.xx.2020-ci il tarixdə Bayram Abbasovun ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 126.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərdi ki, hadisə ehtiyatsızlıqdan baş vermişdir, çünki onun atasına xəsarət yetirmək niyyəti olmamışdır. Kiçik qardaşı Sadiq Ədilovun sünnət edilməsi ilə əlaqədar olaraq evdə xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində qonaqlıq məclisi təşkil olunmuşdur. Sünnət qonaqlığından sonra o, evdə oturmuş və səs-küy eşitdiyi üçün həyətə düşmüşdür. Həyətə düşdükdə Şahid3 Ələddin Abdullayevi təhqir etdiyini görmüşdür. Həmin şəxslər içkili olmuşlar. Həmin vaxt Şahid3 yaxınlaşıb Ələddin Abdullayevin yaşlı adam olduğunu və spirtli içki təsiri altında söyüş söydüyünü və fikir verməməsini deyib məclisdən uzaqlaşmışdır. Qısa müddətdən sonra yenidən səs-küy eşitdiyi üçün həyətə yaxınlaşdıqda Şahid3 Ələddin Abdullayevi təpiklə vurduğunu görmüşdür. Şahid3 yaxınlaşıb qolundan tutub sakitləşdirmək istədikdə Şahid3 onu nalayiq ifadələrlə təhqir edib üzünə bir dəfə sillə ilə vurmuş, o da Şahid3 sillə vurduqda aralarında mübahisə yaranmışdır. Daha sonra evə qalxdıqda həmin vaxt Şahid2 onun ayağından tutaraq evin eyvanında yerə yıxmış, qeyd olunan vaxt Şahid2 ilə əlbəyaxa mübahisə yaranmış və bir-birlərinin boyun nahiyəsindən yapışaraq yerdə uzanılı vəziyyətdə olmuşlar. Mübahisənin böyüməməsi üçün qohumlar onları ayırmışlar. Əsəbləşdiyi üçün evdə olan balaca qaz balonunu həyətə atdıqda qaz balonu Şahid1 əlinə dəymişdir. Bundan sonra digər qohumlar onu sakitləşdirib evə salaraq qapının cəftəsini bağlamışlar. Məclisin gedişində artıq davamlı olaraq mübahisələrin yarandığını görüb qohumlar evlərinə getməyə başlamışlar. İçəridə təminən 5 dəqiqə qalmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 01 radələrində həyətdən Şahid1 hündür səslə qışqırdığını eşidib qapını açmaq istəsə də, ilk öncə qapını aça bilməmiş, lakin bir neçə dəfə cəhd edib qapını açmış və evin sol tərəfində yerləşən çəpər hissəsində X14 Abbasovun bir-biri ilə tutaşdığının və dalaşdığının şahidi olmuşdur. O, evin həyətinə düşüb yan tərəfdə olan beli götürüb mübahisə edən tərəflər istiqamətdə qaçmağa başlamış və çəpərə yaxınlaşıb, iki əli ilə beli qaldırıb çəpərə söykənib dalaşan Bayram Abbasov və Şahid1 olan istiqamətdə bərk zərbə ilə Şahid1 qorxutmaq üçün çəpərin üst tərəfindən vurmuşdur. Qeyd olunan vaxt Bayram Abbasov çəpərlə birlikdə həyətyanı istiqamətdə yerə arxası üstə yıxılmış və qan gördükdən sonra özünü itirmişdir. Hadisə yerində olan Şahid4 onun belindən tutaraq saxlamış, o isə əlindəki beli dəfələrlə yerə çırparaq qışqırmaqla atasına köməklik istəmişdir. Hadisə yerinə ilkin olaraq Şahid2 gələrək onun əlində olan beli alıb kənara atmış və Şahid4 ilə birlikdə Şahid2 onu sakitləşdirmişlər. Daha sonra hadisə yerinə Şahid5, Kərim İbrahimov və digər qohumlar gəlmişlər, qohumların köməkliyi ilə Bayram Abbasovu evin eyvanına aparmışlar. Evdə işıq şəraitində baxdıqda Bayram Abbasovun başından dayanmadan qan axmasının şahidi olmuşdur. Şahid5 soyuducuda olan buz parçasını Bayram Abbasovun başında xəsarət olan hissəyə qoysa da, axan qanın qarşısını kəsə bilməmişdir. Daha sonra 102 və 103 xidmətinə hadisə barədə məlumat vermiş, təcili tibbi yardım avtomobili ilə Bayram Abbasov ilk əvvəl Ucar rayon mərkəzi xəstəxanasına, daha sonra isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına göndərilmişdir. Edilmiş tibbi yardımlara baxmayaraq xx.xx.2020-ci il tarixdə Bayram Abbasov Göyçay Mərkəzi Rayon Xəstəxanasında ölmüşdür. Həmçinin bildirmişdir ki, çəpər istiqamətdə vurduğu bel istəmədən Bayram Abbasova dəymişdir. O, həmin beli çəpər istiqamətində vurmaq istəmiş, atası Bayram Abbasova vurmaq istəməmişdir. Hazırda əməlindən çox peşmandır, ehtiyatsızlıqdan atasını öldürmüşdür. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi olan əmisi ilə barışmışdır, ona qarşı hər hansı şikayət və tələb yoxdur. İki azyaşlı övladı vardır, hazırda boşanmışdır, uşaqlar anası ilə yaşasa da, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəyir, uşaqlar onun himayəsindədir. Məhkəmədən bu halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Sadiq Ədilovun sünnət edilməsi ilə əlaqədar olaraq evdə xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrindən qonaqlıq məclisi təşkil olunmuşdur. Belə ki, kişilərin məclisi həyətyanı sahədə evin giriş qapısının yaxınlığında, qadınların məclisi isə evin dəhlizində olmuşdur. Məclisdə ondan başqa Bayram Abbasov, Bayram Abbasovun övladları Təqsirləndirilən şəxs və Sadiq Ədilov, Çingiz Abbasov, Rüstəm Abbaslı və Şahid6, Bayram Abbasovun qudası Ələddin Abdullayev, Ələddin Abdullayevin övladı Abdulla Abdullayev, Şahid3, Şahid1, Şahid2, Şahid4 və digər şəxlər olmuşlar. Kişi məclisində araq növündə spirtli içki olmuş və onun kimi qonaqların əksəriyyəti spirtli içki qəbul etmişlər. Bir qədər yeyib-içdikdən sonra X2 Abbasovun ünvanına nalayiq sözlər işlətmişdir. Qeyd olunan vaxt məclisdə olan Xanoğlan Abbasovun övladı Rüstəm Abbaslı istifadə etdiyi nalayiq sözlərə görə Ələddin Abdullayevə öz iradını bildirmiş, həmin vaxt Şahid1 Rüstəm Abbaslıya sakitləşməsini bildirərək Ələddin Abdullayevin sərxoş və ağsaqqal olduğunu nəzərə almasını xahiş etmişdir. Bundan bir qədər keçmişdir ki, X3 Abbasovun ünvanına nalayiq sözlər işlətmişdir. Deyilən nalayiq sözlərə qarşılıq olaraq Şahid3 Ələddin Abdullayevi təhqir edib təpiklə vurduqda sonuncunun tərəfini saxlayan Təqsirləndirilən şəxsla Şahid3 arasında mübahisə yaranmış və tərəflər əlbəyaxa olaraq dalaşmışlar. Qohumlar Şahid3 və Təqsirləndirilən şəxs ayıraraq mübahisənin böyüməsinin qarşısını almışlar. Təqsirləndirilən şəxs əsəblərinə hakim ola bilməyib evə qalxmış və həmin vaxt Şahid2 Təqsirləndirilən şəxs ayağından tutaraq evin eyvanında yerə yıxmışdır. Evin eyvanında Şahid2 ilə Təqsirləndirilən şəxs arasında əlbəyaxa mübahisə yaranmış və tərəflər bir-birlərinin boyun nahiyəsindən yapışaraq yerdə uzanılı vəziyyətdə olmuşlar. Daha sonra mübahisənin böyüməməsi üçün qohumlar tərəfləri ayırmışlar. Təqsirləndirilən şəxs sakitləşməyib evdə olan balaca qaz balonunu Şahid1 üstünə atmış və qaz balonu sonuncunun əlinə dəymişdir. Məclisin gedişində artıq davamlı olaraq mübahisələrin yarandığını görüb qohumlar evlərinə getməyə başlamışlar. xx.xx.2020-ci il tarixdə saat 01 radələrində o, öz evinə getmək istəyərkən həyətdən qışqırıq səslərini eşidib evdən sol tərəfdə hasar olan tərəfə getmişdir. Evin həyətyanı sahəsi qamışlıqlarla hörülü olmaqla hasar şəklində əhatələnmişdir. Deyilən yerə çatdıqda Təqsirləndirilən şəxs “atam öldü, atam öldü” məzmununda qışqırmasının, Bayram Abbasovun qamışlıqdan hörülmüş çəpərdən həyət istiqamətində yerdə yıxılmış vəziyyətdə olmasının, həmçinin qeyd olunan yerdə Şahid5, Kərim İbrahimovun olmasının şahidi olmuşdur. Daha sonra hadisə yerinə Elməddin Eyvazlı və Şahid6 gəlmişlər. Qohumların köməkliyi ilə Bayram Abbasovu eyvana qaldırmış, evdə işıq şəraitində baxdıqda Bayram Abbasovun başında dayanmadan qan axmasının şahidi olmuşdur. Şahid5 soyuducuda olan buz parçasını Bayram Abbasovun başında xəsarət olan hissəyə qoysa da, axan qanın qarşısını kəsə bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs 102 və 103 xidmətinə hadisə barədə məlumat vermiş, təcili tibbi yardım avtomobili ilə Bayram Abbasov ilk əvvəl Ucar RMX PHŞ, daha sonra isə tibbi göndərişlə Göyçay MRX PHŞ-yə göndərilmişdir. Edilmiş tibbi yardımlara baxmayaraq xx.xx.2020-ci il tarixdə Bayram Abbasov Göyçay MRX PHŞ-də ölmüşdür. Onu da əlavə etmişdir ki, təqsirləndirilən şəxslə mərhum qardaşı Bayram Abbasovun münasibətləri çox yaxşı olmuşdur, heç bir düşmənçiliyi olmamışdır. Hadisə ehtiyatsızlıqdan baş evrmişdir. Hazırda qardaşı oğlu olan təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid1 zərərçəkmiş şəxsin hüquqi varisinin qeyd etdiyi xüsusatları təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, məclisin gedişində artıq davamlı olaraq mübahisələrin yarandığını görüb anası Şahid4 ilə birlikdə piyada olaraq həyətyanı sahənin qapısından çıxaraq evinə tərəf getmişdir. Bayram Abbasovun həyətyanı sahəsi qamışlıqlarla hörülü olmaqla hasar şəklində əhatələnmişdir. Həyətyanı sahədə olan işıq yola düşdüyü üçün Bayram Abbasov onu qamışlığın əks tərəfində küçədə görmüş və qamışlığı əli ilə aralayıb üstünə hücum etmişdir. Bayram Abbasov onun sinə hissəsindən yumruqla 01 dəfə vurduqdan sonra onlar əlbəyaxa olaraq tutaşmışlar. Həmin vaxt Bayram Abbasovun sol çiyni və onun sağ çiyni qamışlıq tərəfə olmuş və həyətyanı sahədən qamışlıq istiqamətində olan Təqsirləndirilən şəxs yaxınlaşaraq əlindəki bel ilə onu vurmaq istəmişdir. O, Bayram Abbasovdan əl çəkib geri çəkilsə də, Bayram Abbasov onun yaxasından tutduğu üçün onunla birlikdə irəli gəldiyindən Təqsirləndirilən şəxs havaya qaldırıb endirdiyi belin tiyəsi sonuncunun baş nahiyəsinə dəymişdir. Təqsirləndirilən şəxs iki əli ilə belin sapından tutaraq yuxarı qaldırıb ona tərəf vurmaq istədikdə belin tiyəsi ona deyil Bayram Abbasovun baş nahiyəsinə dəymiş və zərbənin təsirindən Bayram Abbasov qarğıya tərəf yıxılmışdır. Həmçinin o da qamışlıqdan hörülmüş çəpərdən küçə istiqamətində yerə yıxılmışdır. Şahid4 Təqsirləndirilən şəxs gövdəsindən tutaraq saxlamış, sonuncu isə əlindəki beli dəfələrlə yerə çırparaq “atam öldü, atam öldü” məzmununda qışqırmışdır. Həmçinin Təqsirləndirilən şəxs Şahid4 qucaqlayıb “dostu atamı vurdum, atamı vurdum” demişdir. Hadisə yerinə ilkin olaraq qardaşı Şahid2 gələrək Təqsirləndirilən şəxs əlində olan beli alıb kənara atmış və Təqsirləndirilən şəxs sakitləşdirmişdir. Daha sonra hadisə yerinə Bayram Abbasovun arvadı Şahid5, Şahid6, Kərim İbrahimovun, Elməddin Eyvazlının, Şaban Abbasovun gəldiklərini görüb o və ailə üzvləri hadisə yerini tərk etmişlər. X7 Göyçay Rayon Mərkəzi Xəstəxanasında öldüyünü eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2, Şahid3, Şahid5, Şahid6 və Şahid4 Şahid1 ifadəsində göstərdiyini xüsusatları təsdiq edərək eyniməzmunlu ifadələr verdilər. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.2020-ci il tarixdə Göyçay Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı Səlimova Göyçay Rayon Polis Şöbəsinə zəng edərək Ucar rayonunun Bərgüşad kənd sakini 1969cu il təvəllüdlü X5 “açıq kəllə-beyin travması, təpə sümüyünün qəlpəsi basılmış sınığı” diaqnozu ilə xəstəxanaya daxil olduğu barədə məlumat vermişdir. (cild 01, iş vər. 8) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Məlumat”dan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 10:45-də Göyçay Rayon Polis Şöbəsinin Növbətçi X4 Rayon Polis Şöbəsinə zəng edərək Ucar rayonunun Bərgüşad kənd sakini 1969-cu il təvəllüdlü X5 aldığı xəsarətlərdən Göyçay Rayon Mərkəzi Xəstəxanasında vəfat etməsi barədə məlumat vermişdir. (cild 01, iş vər. 43) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 327 nömrəli “Sərxoşluq müayinəsi üçün tibbi arayış” Aktından görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş vəziyyətində olmuşdur. (cild 01, iş vər. 44) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” 10.07. 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Ucar rayonunun Bərgüşad kəndində yerləşir. Hadisə yerinə iki nəfər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı cinayətin aləti olma ehtimalı olan 01 ədəd bel, 02 ədəd qamış fraqmenti parçası, üzərində qanabənzər ləkələr olan torpaqdan 01 ədəd nümunə, 01 ədəd daş parçası götürülmüş və hadisə yerinə aid fotoşəkillər çəkilməklə protokola əlavə olunmuşdur.(cild 01, iş vər. 10-24) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-kriminalistik və məhkəməkriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 335-MTKŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş predmet işçi metallik hissəsi zavod üsulu və dəstəyi əldə düzəltmə üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı beldir və soyuq silah hesab edilmir. (cild 01, iş vər. 202-205) Cinayət işinin materiallarında olan məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2020ci il tarixli 525/2020-MTBŞ nömrəli rəyindən görünür ki, X5 şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu, ABO sistemi üzrə O alfa beta (1)-dir. ekspertizaya təqdim edilmiş lopatka (bel), 01 ədəd daş parçası, 02 ədəd qamış fraqmenti parçası, 01 ədəd kosmetik çöp üzərində olan ləkələr üzrə O alfa beta (1) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri üzrə O alfa beta (1) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə X8 məxsus ola bilər. (cild 01, iş vər. 208-212) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 11 nömrəli tibbi-ekspertiza rəyindən görünür ki, X6 aşkar edilmiş xəsarət – təpə sümüyünün basılmış sınığı, baş beyinin yumşaq toxumalarına qansızma ilə müşayiət olunan açıq kəllə-beyin travması, təpə nahiyəsinin 01 ədəd əzilmiş yarası məhdud təsir səthinə malik küt alətin, ola bilsin ekspertizaya təqdim edilmiş, belin işçi hissəsinin tininin təsirindən törənmişdir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vuran xəsarətlərə xas əlamətlərə malikdir və tibbi sənəddə göstərilən tarixdə və qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsi istisna edilmir. Xəsarətin xarakteri və lokalizasiyasına əsasən güman etmək olar ki, xəsarət alan zaman X11 vertikal (ayaqüstə) və ya yarı oturmuş vəziyyətdə olmuşdur. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə-beyin travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün tibbi sənəddə qeyd edilən tarixini və vaxtını inkar etmir. X5 adına tərtib edilmiş xəstəlik tarixində onun xəstəxanaya daxil olarkən alkoqollu içkiləri qəbul edib-etməməsi barədə qeydiyyat yoxdur. (cild 02, iş vər. 144-147) Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 415/173 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırkı ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Rəyin psixoloji ekspertizaya dair nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs səciyələndirən əsas fərdi-psixi xüsusiyyətlər praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olmadır. Təqsirləndirilən şəxs əqli inkişafinda gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi, o, öz hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosianal halda olmuşdur. Həmin cinayət əməlini törədərkən keçirdiyi emosianal halın yaranma səbəblərindən biri əmi uşaqları ilə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). (cild 02, iş vər. 149- 151) Cinayət işinin materiallarında olan “Ucar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 1217 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetlərində dispanser qeydiyyatında yoxdur. (cild 02, iş vər. 42) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarını araşdırıb, mövcud sübutlara ayrı-ayrılıqda qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, həqiqətən də, xx.xx.2020-ci il tarixdə gecə saat 01 radələrində X11 baş nahiyəsindən belin işçi hissəsinin tini ilə yetirilən və yetirildiyi anda insan həyatı üçün təhlükəli olan təpə sümüyünün basılmış sınığı, baş beyinin yumşaq toxumalarına qansızma ilə müşayiət olunan açıq kəllə-beyin travması, təpə nahiyəsinin əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarət nəticəsində aparıldığı Göyçay Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşin mübahisə olunan tərəfi isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs atası mərhum Bayram Abbasovun sağlamlığına qəsdən deyil, məhz ehtiyatsızlıqdan ağır dərəcəli bədən xəsarəti yetirdiyini bildirdiyi halda ibtidai istintaq orqanı onun atası mərhum Bayram Abbasova dolayı qəsdlə ağır dərəcəli bədən xəsarəti yetirdiyi və nəticədə həmin xəsarətlərin ehtiyatsızlıqdan Bayram Abbasovun ölümünə səbəb olması qənaətinə gəlmiş və ibtidai istintaqın yekununda Təqsirləndirilən şəxs CM-nin 126.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Lakin məhkəmə kollegiyası aparılmış ibtidai araşdırma nəticəsində ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs atası Bayram Abbasova ehtiyatsızlıqdan ağır dərəcəli bədən xəsarəti yetirməsi və nəticədə sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi fonunda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 126.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi əsassız olmuşdur. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən, cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət hüquq elmində cinayət tərkibinin dörd məcburi əlamətinin mövcudluğu qəbul edilir və mübahisələndirilmir. Bunlar cinayətin obyekti, cinayətin subyekti, cinayətin obyektiv cəhəti və cinayətin subyektiv cəhətidir. Bu əlamətlər ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən zəruri əlamətlər olduğundan mütləqdir ki, hər hansı cinayət əməli araşdırılarkən sözügedən dörd məcburi əlamət müəyyən olunsun. Bu məcburi əlamətlərdən biri də, sözsüz ki, cinayət törədən şəxsin təqsirini, yəni əmələ olan münasibətini, onun qəsddən və ya ehtiyatsızlıqdan hərəkət etməsini müəyyən edən cinayətin subyektiv cəhətidir. Bu əlamətin müəyyən olunması ilə cinayət törədən şəxsin, təqsirli olan şəxsin törətdiyi əmələ olan psixi münasibəti müəyyən olunur. Bunun nəticəsində şəxsin sözügedən cinayəti törədərkən təqsirin qəsd forması ilə hərəkət etməsi və ya şəxsin hərəkətlərində təqsirin ehtiyatsızlıq formasının olması müəyyən olunur. Odur ki, hər bir cinayət əməlində cinayətin subyektiv cəhətinin müəyyən olunması çox vacibdir. CM-nin 24-cü maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Həmçinin həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Habelə həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Göründüyü kimi, CM-nin Ümumi hissəsində təqsirin qəsd və ehtiyatsızlıq formasının mövcudluğu göstərilsə də, cinayət qanunvericiliyinin Xüsusi hissəsində təqsirin qarışıq formasını ehtiva edən cinayət əməllərinin əks olunduğu maddələr də mövcuddur. Təqsirin bu formasında həm qəsd, həm də ehtiyatsızlıq özünü göstərir. Bu növ cinayətlərdən biri də qəsdən sağlamlığa ağır zərərvurmanın ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olması əməlidir ki, sözügedən cinayət əməli CM-nin 126.3-cü maddəsində öz əksini tapmışdır. Bu qəbildən olan cinayətlərin xüsusiyyəti ondan ibarətdir ki, cinayət törətmək istəyən şəxsin hərəkəti təqsirin qəsd forması ilə əhatə olunur və həmin qəsd məhz zərər yetirilməsi arzu edilən şəxsə qarşı istiqamətlənir, həmçinin yetirilən xəsarət məhz qəsdin istiqamətləndiyi şəxsə yetirilir. Yalnız niyyət həmin şəxsi həyatdan məhrum etməyə yönəlmir və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs aldığı xəsarətdən vəfat edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı mövcud şəraitdə Təqsirləndirilən şəxs əməlinə məhz təqsirin qarışıq formasında mövcud olan cinayət əməli kimi yanaşmış və nəticədə sonuncunun əməlini CM-nin 126.3-cü maddəsinə tövsif etməklə ona həmin maddə ilə ittiham irəli sürmüşdür. Lakin ibtidai istintaq orqanı nəzərə almamışdır ki, həmin şəraitdə Təqsirləndirilən şəxs xəsarət yetirmək istədiyi, qəsdin istiqamətləndiyi şəxs atası Bayram Abbasov olmamış, onun niyyəti atasına xəsarət yetirmək olmamış və bunu arzu etməmiş, yalnız ehtiyatsızlıqdan Təqsirləndirilən şəxs belin işçi hissəsinin tini ilə endirdiyi zərbə Bayram Abbasova dəymişdir ki, nəticədə Bayram Abbasov aldığı xəsarət nəticəsində xəstəxanada vəfat etmişdir. Bunu həm hadisədə birbaşa iştirak edən Şahid1 ifadəsi, həm təqsirləndirilən şəxsin ifadəsi, həm də cinayət işinin materiallarında olan digər sübutlar təsdiq edir. Belə olan halda Təqsirləndirilən şəxs həmin an etdiyi hərəkət, yəni belin işçi hissəsinin tini ilə zərbənin endirilməsi atası Bayram Abbasova münasibətdə qəsdlə əhatə olunmamış, həmin an üçün məhz ehtiyatsızlıqdan sözügedən hadisə və onunla əlaqəli olan nəticə baş vermişdir. Odur ki, mövcud şəraitdə Təqsirləndirilən şəxs atası mərhum Bayram Abbasova münasibətdə törətdiyi əməl ehtiyatsızlıqla əhatə olunduğundan onun əməlinin CM-nin 126.3-cü maddəsi ilə tövsif olunması yolverilməzdir. Beləliklə, cinayət işi üzrə gəlinən qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 01 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində yaşadığı Ucar rayonunun Bərgüşad kəndində yerləşən evinin həyətyanı sahəsində keçirilməklə başa çatmış şənlik tədbirindən sonra evin həyətyanı sahəsinin qamışlıqla əhatələnən çəpərindən çöl-küçə tərəfində atası X11 ilə əmisi oğlu Şahid1 arasında əlbəyaxa mübahisənin yarandığını görüb həyətyanı sahədə olan təsərrüfat-məişət təyinatlı beli götürüb qaçaraq mübahisənin davam etdiyi yerə yaxınlaşmış, götürdüyü belin sapından tutaraq işçi hissəsi ilə əmisi oğlu Şahid1 vurmaq istəyərkən öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməmiş, nəticədə həmin an Şahid1 geri çəkildiyindən onun paltarının yaxa nahiyəsindən tutan Bayram Abbasov ona tərəf əyilmiş və ehtiyatsızlıqdan Təqsirləndirilən şəxs əlində olan belin işçi hissəsinin tini Bayram Abbasovun baş nahiyəsindən dəyməklə insan həyatı üçün təhlükəli olan təpə sümüyünün basılmış sınığı, baş beyinin yumşaq toxumalarına qansızma ilə müşayiət olunan açıq kəllə-beyin travması, təpə nahiyəsinin əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş və Bayram Abbasov aldığı xəsarətlərdən aparıldığı Göyçay Rayon Mərkəzi Xəstəxanasında vəfat etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli məhz təqsirin ehtiyatsızlıq forması ilə əhatə olunduğundan və nəticə etibarı ilə zərərçəkmiş şəxs Bayram Abbasov məhz ehtiyatsızlıqdan yetirilmiş xəsarət nəticəsində vəfat etdiyindən Təqsirləndirilən şəxs əməli məhz CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan ehtiyatsızlıqdan adam öldürmə kimi tövsif olunmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Ucar rayon İHB-nin Bərgüşad kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2020-ci il tarixli 346 №-li arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2 övladı var və həyat yoldaşından boşanmışdır, xx.xx.2020-ci il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (cild 02, iş vər. 9-14) Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin materiallarında olan Ucar RPŞ-dən xx.xx.2020-ci il tarixli, 187-13990- 1220 nömrəli məktubla daxil olmuş DİN-nin Baş Əməliyyat və X1 alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən 1500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli “amnistiya” qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (cild 01, iş vər. 222-224) Cinayət işinin materiallarında olan Ucar rayon Məhkəməsindən xx.xx.2020-ci il tarixli 1(063)-25/2015 saylı məktubla daxil olmuş xx.xx.2015-ci il tarixli 1(063)25/2015 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən 1500 manat cərimə cəzasına məhkum edilmişdir. (cild 02, iş vər. 30- 32) Cinayət işinin materiallarında olan Ucar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 695 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 28 May- Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli qərarının 1.8-ci bəndi tətbiq edilməklə Ucar rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzasından azad edilmişdir. (cild 02, iş vər. 84) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət əməli törətdiyi üçün məhkum olunsa da, sonradan Amnistiya qərarına əsasən cəzadan azad edilmiş və CM-nin 18-ci maddəsinin tələblərinə əsasən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edildiyi üçün Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan olan cinayətlərin residivi yaranmamışdır. Odur ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 93) Cinayət işinin materiallarında olan Ucar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(063)-22/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 140-142) Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, onun tutulduğu, həbsdə olduğu vaxt cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Ucar rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd bel, 02 ədəd qamış fraqmenti parçası, üzərində qanabənzər ləkələr olan torpaqdan 01 ədəd nümunə, 01 ədəd daş parçası CPM-nin 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddianın, ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut və Ucar rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd bel, 02 ədəd qamış fraqmenti parçası, üzərində qanabənzər ləkələr olan torpaqdan 01 ədəd nümunə, 01 ədəd daş parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X15 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-44/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-44/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver