Məhkəmə qərarları › İş №1(091)-44/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-44/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-44/2023 25.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1966-cı ildə Ucar rayonu, Kirovkənd kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Ucar rayonu Ə.Məmmədxanlı (Çiyni) kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş 60 (altmış) ədəd çətənə bitkisi toxumlarını 2022-ci ilin mart ayının axırlarında və aprel ayının əvvəllərində yaşadığı Ucar rayonu Ə.Məmmədxanlı kəndində yerləşən evinin həyətyanı sahəsində yerləşən tövlənin qarşısındakı torpaqda əkərək, həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 60 (altmış) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2022-ci ilin iyun ayında dəqiq günü və saatı istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan həmin kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkilərinin hissələrini toplayıb qurutmaqla kustar üsulla şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 83,13 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayaraq yaşadığı evdə 1 ədəd kağız karton qutunun içərisində gizlədərək saxlamış, 21 iyul 2022-ci il tarixdə saat 14 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda yerləşən evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 60 (altmış) ədəd yaş vəziyyətdə təmiz çəkisi 37 kiloqram 872,30 qram təşkil edən çətənə (kannabis) bitkiləri torpaqda əkilmiş vəziyyətdə olmaqla evin həyətyanı sahəsinin giriş hissəsinin sol tərəfində yerləşən tövlənin qarşısındakı ərazidən aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı qeyd olunan evə keçirilmiş baxış zamanı evin giriş hissəsində yerləşən açıq eyvanın döşəməsinin altında 1 ədəd kağız karton qutuda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda hazırlayaraq əldə edib gizlədərək saxladığı təmiz çəkisi 83,13 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.2.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yaz aylarında kənd ərazisində yol kənarında tapdığı bir ədəd sellofan torbada olan az miqdarda qurudulmuş marixuananı istifadə etmiş, orada olan toxumları isə 2022-ci ilin mart ayının sonu, aprel ayının əvvəllərində yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlənin qarşısında yerləşən torpaq sahəsində əkərək toxumlara su vermiş, torpağını yumşaltmış, tövlədə olan peyindən həmin toxumları becərmək üçün istifadə etmişdir. Əkdiyi toxumlardan əmələ gələn çətənə kollarının yarpaqlarından 2022-ci ilin iyun ayında toplayıb əldə etdiyi marixuananı şəxsi istifadəsi üçün bir ədəd karton qutuya qoyub evin giriş hissəsində açıq eyvanın döşəməsinin altında istifadə etmək məqsədilə saxlamışdır. 21 iyul 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin küçə qapısının qarşısında dayanan zaman Ucar rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməkdə və həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləyib qeyd olunan yerlərə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyərək bununla əlaqədar ərizə yazdıqdan sonra yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirilən zamanı həyətə giriş hissədən solda yerləşən tövlənin qarşısında əkdiyi çoxlu sayda çətənə kollarını göstərmişdir. Həmin cəmi 60 ədəd çətənə kolları yerdən çıxarıldıqdan sonra müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Daha sonra yaşadığı evin giriş hissəsində yerləşən açıq eyvanın döşəməsinin altında saxladığı içərisində qurudulmuş marixuana olan bir ədəd karton qutunu təqdim etmiş, həmin qutunun içərisındə açıq vəziyyətdə olan qurudulmuş mariuxuana olduğu qutuda qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ucar rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə Ucar rayonu Ənvər Məmmədxanlı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və yaşadığı evin həyətində narkotik vasitələr əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında CAB-nin əməliyyat müvəkkili Şahid2, PPXB-nün komandiri Şahid3, manqa komandiri X2 və Şahid5 ibarət yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ucar rayon Ə.Məmmədxanlı kəndindəki evinin qarşısına gedib həmin vaxt orada olan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib sonuncuya həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməkdə şübhəli olduğuna görə həmin yerlərə video çəkiliş vasitəsi ilə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etirazının olmamasına dair ərizə təqdim etdikdən sonra sonuncunun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində sol tərəfdə yerləşən tövlənin yanında hasar formasında düzülmüş dəmir şiferlərin arasındakı olan ərazidə torpaqda əkilmiş vəziyyətdə olan altmış ədəd çətənə bitkiləri aşkar edilmişdir. Baxışda iştirak edən aqronom mütəxəssis həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmiş, bitkilər çıxarıldıqdan sonra qablaşdırılaraq götürülmşdür. Daha sonra sonra evin giriş hissəsində açıq eyvanın döşəməsinin altında bir ədəd karton qutunun içərisində qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, spesifik qoxuya malik kütlə aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ucar rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən X5, Post Patrul Xidmət Bölüyünün komandiri nəfəri işləyən Şahid3 Səhəddin oğlu, manqa komandiri işləyən Şahid4 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 22 iyul 2022-ci il tarixli, 17/576 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış ağ kağızda “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş..” sözləri yazılmış 6 (altı) ədəd sintetik kisənin içərisindəki, nəm vəziyyətdə ümumi çəkiləri – 37 kiloqram 870 qram olan 58 (əlli səkkiz) ədəd bitki nümunələri əkib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs həyətyanı sahəsində götürülmüş 2 ədəd..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki, nəm vəziyyətdə ümumi çəkiləri - 2,30 qram olan 02 (iki) ədəd bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Ağarəhim Tağıyevin 22 iyul 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində üzərinə yapışdırılmış ağ kağızda “...Təqsirləndirilən şəxs yaşadığı evin giriş hissəsindən açıq eyvanın alt tərəfindən götürülmüş ..” sözləri, adlar və imzalar yazılmış kardon qutusunun içərisindəki, təmiz çəkisi - 83,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 oktyabr 2022-ci tarixli, 1561 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 11 avqust 2022-ci il tarixli 497 №-li ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq, o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edlimiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Ucar rayonu Ə.Məmmədxanlı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində hasar kimi düzülmüş şiferlərin arasında 60 ədəd narkotik tərkibli çətənə bitkiləri, evin giriş hissəsində açıq eyvanın döşəmənin altında kağız karton qutunun işərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 21 iyul 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1715-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 23 iyul 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” X8 alınmış 15 avqust 2021-ci il tarixli PHŞ/6.77-2-2022-472 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” X8 alınmış 19 oktyabr 2022-ci il tarixli 356 nömrəli məktubdan görünür ki, Ucar rayonu Ə.Məmmədxanlı kənd sakini, xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 27 oktyabr 2002-ci il tarixdən “Ucar Rayon Mərkəzi Xəstəxanası” X10 poliklinika kabinetində “Sağ ciyərin infiltrativ vərəmi, tənəffüz çatmamazlığı İİ dərəcə” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Sağ ağciyərin infiltrativ vərəmi. Dağılma və keçid mərhələsində. TAP İİ dərəcə.” Diaqnozu ilə ikinci dərəcə əlillik verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon İcra Hakimiyyəti Başçısının Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonu Ə.Məmmədxanlı kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1 və 237.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. Məhkəmənin belə qənaətə gəlməsinə şahid ifadələri, iş üzrə təyin edilmiş ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, İİ qrup əlil olmaqla “Sağ ağ ciyərin infiltrativ vərəmi. Dağılma və keçid mərhələsində. TAP İİ dərəcə.” xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-in 69.3-cü maddəsinə əsasən 21 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı andan hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplansın, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 25 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ucar Rayon Polis Şöbəsində saxlanılan çəkisi 37 kiloqram 871,70 qram olan 60 (altmış) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, çəkisi 83,08 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar