Məhkəmə qərarları › İş №1(091)-46/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-46/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-46/2023 31.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax Şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1975-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 1A mənzil 10-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 1,929 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Yevlax şəhəri, H.Əliyev prospekti 14 saylı binanın qarşısında 12 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,840 qram, 0,185 qram, 0,277 qram, 0,195 qram, 0,191 qram, 0,036 qram, 0,032 qram, 0,029 qram, 0,037 qram, 0,033 qram, 0,035 qram və 0,039 qram olmaqla, cəmi ümumi təmiz çəkisi 1,929 qram narkotik vasitə olan heroini tanışı Şahid1 75 manat pul qarşılığında satmış, Şahid1 06 avqust 2022-ci il tarixdə saat 21:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində narkotik vasitənin qanunsuz satışında şübhəli bilindiyinə görə saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək həmin tarixdə saat 21:30 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynində olan şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisində qəsdən satış məqsədilə Təqsirləndirilən şəxs 75 manat pul müqabilində alaraq əldə edib saxladığı 12 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkisi 0,840 qram, 0,185 qram, 0,277 qram, 0,195 qram, 0,191 qram, 0,036 qram, 0,032 qram, 0,029 qram, 0,037 qram, 0,033 qram, 0,035 qram və 0,039 qram olmaqla cəmi ümumi təmiz çəkisi 1,929 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq 0,883 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 08 avqust 2022-ci il tarixdə, saat 18:30-da Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz satışında şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən Yevlax şəhəri Q.Quliyev küçəsində tutularaq polis şöbəsinə gətirilib üzərində həmin günü saat 19:05-dən 19:17-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarının sol yan cibindən qəsdən təkrarən satış məqsədi ilə əldə edib 01(bir) ədəd qara sellofan bükümdə saxladığı 0,883 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən axşam saat 19-20 radələrində Yevlax şəhəri Xəqani küçəsində Nəsimi adlı şəxslə görüşərək sonuncuya 45 manat verərək onun müqabilində bir bükümdə 1,5 qram narkotik vasitə olan heroin almışdır. Heroini aldıqdan sonra ondan ayrılmışdır. Bundan sonra o, həmin narkotik vasitə heroindən bir qədər istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18:30 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində olan zaman tanımadığı şəxslər ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdirərək onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. O isə etiraz etməyib polis əməkdaşları ilə Yevlax Rayon Polis Şöbəsinə gəlmiş, orada olan zaman müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt əynində olan şalvarın sol yan cibindən 01 ədəd qara rəngli bükümdə olan narkotik vasitə heroini çıxardıb təqdim etmişdir. Sorğu-sual zamanı həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu və həmin heroini özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunan kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, heç kimə, o cümlədən Şahid1 narkotik vasitə satmamışdır. Şahid1 çox güman ki, polis əməkdaşlarını təzyiqi nəticəsində onun əleyhinə ifadə vermiş və üzərindən aşkar olunan narkotik vasitəni ondan aldığını bildirmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə polis şöbəsində olan zaman məlumat daxil olmuşdur ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 1a, mənzil 10da yaşayan Təqsirləndirilən şəxs hal-hazırda Yevlax şəhəri ərazisindədir və Sənanın üstündə narkotik vasitə olan heroin var. O, bu barədə rəhbərliyə məlumat verdikdən və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra polis nəfəri Şahid3 ilə birlikdə təxminən saat 18:30 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsinə getmiş, Sənanı Yevlax şəhəri Q.Quliyev küçəsində görmüş və Sənana yaxınlaşaraq özlərini təqdim etmiş, Sənana onlarla polis şöbəsinə getməsini bildirmişdir. Sənan da etiraz etməyib onlarla polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkil dəvət edilmiş, Sənana hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə Sənanın üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sənanın əynindəki şalvarının sol yan cibindən 01(bir) ədəd qara sellofan bükümdə olan narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu-sual zamanı Sənanın özü həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində yaşayan tanışı Nəsimi adlı şəxsdən 45 manat müqabilində aldığını, özünün narkotik vasitə istifadəçisi olduğunu və həmin heroini üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsuatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən törətdiyi oğurluq cinayətinə görə axtarışda olmuş, saxlanıldıqdan sonra onun üzərinə narkotik vasitə heroin qoyulmuş və həmin heroini Sənan adlı şəxsdən alması ilə bağlı ifadə verməyə məcbur edilmişdir. Polis əməkdaşları tərəfindən edilmiş təzyiq nəticəsində məcbur qalıb üzərindən aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmiş, həmçinin aralarında keçirilən üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı bunları deyərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq edir və bir daha bildirir ki, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə almamışdır. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid1 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində Yevlax şəhər sakini Sənan adlı şəxslə Yevlax şəhərində görüşmüş və Sənandan özü istifadə etmək məqsədi ilə 75 manata 3 qram narkotik vasitə olan heroin almış, o, həmin heroindən bir dəfə istifadə etmiş, qalanını isə «prima» markalı siqaret qutusuna yığıb üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 21:00 radələrində yaşadığı binanın qarşısında olan zaman yanında avtomaşın saxlamış, avtomaşından 2 nəfər düşüb ona yaxınlaşaraq özlərini təqdim etdərək polis əməkdaşları olduqlarını, ona narkotik vasitə satmaqda, istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək polis şöbəsinə getməli olduğunu bildirmiş və onu Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt əyənində olan şalvarın sağ yan cibindən 01 ədəd «Prima» markalı siqaret qutusunun içərisində olan 12 ədəd bükümlərdə olan narkotik vasitə herinləri çıxardıb təqdim etmişdir. O, sorğu-sual zamanı həmin bükülülərin içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini Yevlax şəhərində Sənan adlı şəxsdən 75 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 03). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 18:30-da daxil olmuş əməliyyat məlumatına əsasən Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 1a, mənzil 10 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Yevlax şəhəri, Q.Quliyev küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış aparılması və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı X7 əynindəki şalvarının sol yan cibindən 01 ədəd qara sellofan bükümdə saxladığı 0,883 qram miqdarında narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 24-32). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2022-ci il tarixli 17/619 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,883 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (cild 01, iş vər. 43-44). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış aparılması və götürmə haqqında” protokolun surətindən görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Şahid1 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid1 əynində olan şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisində saxladığı 12 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,840 qram, 0,185 qram, 0,277 qram, 0,195 qram, 0,191 qram, 0,036 qram, 0,032 qram, 0,029 qram, 0,037 qram, 0,033 qram, 0,035 qram və 0,039 qram olmaqla cəmi ümumi təmiz çəkisi 1,929 qram narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 59-67). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2022-ci il tarixli 17/617 saylı rəyindən görünür ki, Şahid1 üstündən aşkar edilmiş 05 (beş) ədəd sellofan bükümdə və 07 (yeddi) ədəd kağız bükümlərdə olan narkotik vasitə olan heroinə bənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir və heroinlərin ayrı-ayrılıqda təmiz çəkiləri – 0,840 qram, 0,185 qram, 0,277 qram, 0,195 qram, 0,191 qram, 0,036 qram, 0,032 qram 0,029 qram 0,037 qram, 0,033 qram, 0,035 qram və 0,039 qram olmaqla heroinlərin ümumi çəkiləri – 1,929 qram təşkil edir (cild 01, iş vər. 71-73) Cinayət işinin materiallarında olan 09.08.202-ci il tarixli “Üzləşdirmə haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və Şahid1 müdafiəçilərin iştirakı və videoçəkiliş vasitəsi ilə üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Şahid1 üzərindən aşkar edilmiş 12 (on iki) bükümdə 1,929 qram narkotik vasitə olan heroinləri tutulduğu gün tutulmamışdan əvvəl Təqsirləndirilən şəxs istifadə etməsi üçün 75 (yetmiş beş) manat verərək aldığını bildirmişdir. Üzləşdirmənin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 87-90). Cinayət işinin materiallarında olan 19 avqust 2022-ci il tarixli 17/638 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd bükümdə - 0,883 qram olan narkotik vasitə - heroin ilə Şahid1 üzərindən aşkar olunmuş 12 ədəd bükümdə - 1,929 qram narkotik vasitə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir (cild 01, iş vər. 136). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2022ci il tarixli 1672 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 169). Cinayət işinin materiallarında olan Yevlax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 verdiyi narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə olan heroinləri Təqsirləndirilən şəxs haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və həmçinin Şahid1 satdığı narkotik vasitələr olan heroinləri Nəsimi adlı şəxsdən alıb-almamasını müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təqdim edilməsi mümkün olmamışdır (cild 01, iş vər. 155). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər X4 rayon Narkoloji Kabinetindən 19 avqust 2022-ci il tarixli 1366 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə xx.xx.2022-ci il tarixdən qeydiyyatda durur (cild 01, iş vər. 134). Cinayət işinin materiallarında olan Yevlax rayon X1 Kabinetindən daxil olmuş 22 avqust 2022-ci il tarixli PHŞ-2409/22 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 135). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 177-187). Cinayət işinin materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-198/2022 saylı hökmündən görünür ki, Şahid1 CM-in 177.2.3 və 234.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2-ci maddəsinə qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarxdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs həmin günü şübhəli şəxs qismində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, vəkil ilə təmin edilməklə üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunub qanuna müvafiq qaydada rəsmiləşdirilib qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş kütlə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl həyata keçirilən əməliyyat axtarış tədbirləri zamanı, o cümlədən narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, əvvəllər CM-in 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, habelə ekspert rəyləri, cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı üzərindən aşkar olunan narkotik vasitə heroinin ona aid olması, Şahid1 isə narkotik vasitə satmaması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, təqsirləndirilən şəxs heç kimə, o cümlədən Şahid1 narkotik vasitə satmadığını bildirsə də, Şahid1 ibtidai istintaq zamanı dindirilmiş, eyni zamanda təqsirləndirilən şəxslə üzləşdirilmişdir. Həmin ifadələrində o, məhz Təqsirləndirilən şəxs 75 manat qarşılığında ona narkotik vasitə satdığını təsdiq etmişdir. Odur ki, təqsirləndirilən şəxsin qeyd etdikləri öz təsdiqini tapmadığından, məhkəmə şəxsin məhkəmə istintaqı zamanı həmin xüsusatla bağlı qeyd etdiklərinə tənqidi yanaşır və onlarla razılaşmır. Şahid1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə (Təqsirləndirilən şəxs ona narkotik vasitə satmaması barədə qeyd etdiklərinə) gəldikdə isə məhkəmə kollegiyası həmin ifadəyə də tənqidi yanaşır. Məhkəmə kollegiyası hesab edir ki, Şahid1 hazırda özünün məhkum olması, məhkumluq həyatı yaşaması və həbsxana aləmində, məhkum düşüncəsində kiminsə üzünə qarşı onun əleyhinə ifadə verilməsi yaxşı qəbul edilmədiyindən, onun bu formada ifadə verməsi anlaşılandır. Odur ki, şahidin ibtidai istintaq zamanı heç bir təzyiq, təsir altında qalmadan sərbəst şəkildə işin obyektiv halları ilə üst-üstə düşən məzmunda verdiyi ifadə məhkəmə kollegiyası tərəfindən əsaslı qəbul edilir və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadə qoyulur. Təqsirləndirilən şəxsin özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən şəxsi istehlak miqdarından dəfələrlə çox miqdarda narkotik vasitənin aşkar olunması, habelə şəxsin narkotik vasitənin satışını həyata keçirdiyinə dair real sübutların olması (Şahid1 şahid ifadəsi, axtarış və götürmə protokolu, ekspertiza rəyi və s.) onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs üzərindən aşkar olunan sözügedən narkotik vasitəni şəxsi istehlak məqsədi ilə deyil, məhz satış məqsədi ilə əldə edib üzərində saxlamış, həmçinin narkotik vasitənin satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası ilə birlikdə Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 1a, mənzil 10 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 158-160). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə ölkə hüdudlarından kənarda məhkum olunmuşdur. Hazırda üzərində çəkilməmiş məhkumluğu yoxdur (cild 01, iş vər. 150-151). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar, o cümlədən CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, cəzanın məqsədinin təmin edilməsi üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materialarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 10-11). Cinayət işinin materialarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 111-115). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesaba alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə CM-in 99-1.1-ci maddəsində göstərilən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,783 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1,449 qram narkotik vasitə olan heroinin Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-198/2022 saylı hökmü ilə məhv edilməsi və 03 (üç) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 138,20 AZN (bir yüz otuz səkkiz manat, iyirmi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,783 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1,449 qram narkotik vasitə olan heroinin Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)- 198/2022 saylı hökmü ilə məhv edilməsi və 03 (üç) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 138,20 AZN (bir yüz otuz səkkiz manat, iyirmi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar