Məhkəmə qərarları › İş №1(091)-46/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-46/2024

15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-46/2024 15.01.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1970-ci ildə Ucar şəhərində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, işsiz, həbs olunanadək Ucar rayonunun Çiyni kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxx 1992-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz girməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq edilməsi ilə müşayiət olunan, Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə bağlı olan basqın etməklə quldurluq cinayət əməli törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 04 fevral 2023-cü il tarixdə saat 19 radələrində tamah niyyəti ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə ögey qardaşı oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanınmamaları üçün qara rəngli maska tipli papaqdan istifadə etməklə yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs2 Ucar rayonunun Çiyni kəndində yerləşən evinə qanunsuz girməklə Təqsirləndirilən şəxs1 ilə birlikdə silah qismində istifadə etdikləri mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs2 evinin yataq və qonaq otağı kimi istifadə edilən otağına basqın edərək yataqda əyləşən Zərərçəkmiş şəxs1 ayaq, əl və üz-gözünü özləri ilə gətirdiyi yapışqan lentlə bağlayıb sonuncuya hər iki gözaltı nahiyənin, sol gözün bayır bucağının sıyrıqları ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək əlində olan mətbəx bıçağını həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə nümayiş etdirməklə, evin istifadə olunmayan otağında yerləşən yatağın üzərindəki döşəklərin altından Zərərçəkmiş şəxs2 məxsus 5000 (beş min) manat pulu, eləcə də yataq və qonaq otağı kimi istifadə edilən otaqda olan stolun üzərindən Zərərçəkmiş şəxs1 istifadəsində olan əri Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 30 manat dəyərində “Novio t828” markalı mobil telefonu və həmin mobil telefonun üzərində olan 4 manat dəyərində 050 ***-**-** mobil telefon nömrəsini götürüb ümumilikdə Zərərçəkmiş şəxs2 5034 manat dəyərində ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz girməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq edilməsi ilə müşayiət olunan, Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə bağlı olan basqın etməklə quldurluq cinayət əməli törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 04 fevral 2023-cü il tarixdə saat 19 radələrində tamah niyyəti ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə ögey əmisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanınmamaları üçün qara rəngli maska tipli papaqdan istifadə etməklə yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs2 Ucar rayonunun Çiyni kəndində yerləşən evinə qanunsuz girməklə Təqsirləndirilən şəxs2 ilə birlikdə silah qismində istifadə etdikləri mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs2 evinin yataq və qonaq otağı kimi istifadə edilən otağına basqın edərək əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən yataqda əyləşən Zərərçəkmiş şəxs1 sözlə hədə qorxu gələrək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ayaq, əl və üz-gözünü yapışqan lentlə bağlayıb sonuncuya hər iki gözaltı nahiyənin, sol gözün bayır bucağının sıyrıqları ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək əlində olan mətbəx bıçağını həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə nümayiş etdirməklə, evin istifadə olunmayan otağında yerləşən yatağın üzərindəki döşəklərin altından Zərərçəkmiş şəxs2 məxsus 5000 (beş min) manat pulu, eləcə də yataq və qonaq otağı kimi istifadə edilən otaqda olan stolun üzərindən Zərərçəkmiş şəxs1 istifadəsində olan əri Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 30 manat dəyərində “Novio t828” markalı mobil telefonu və həmin mobil telefonun üzərində olan 4 manat dəyərində 050 ***-**-** mobil telefon nömrəsini götürüb ümumilikdə Zərərçəkmiş şəxs2 5034 manat dəyərində ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək, CM-in 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və CM-in 181.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinə daxil olanadək Təqsirləndirilən şəxs1 hara və hansı səbəbə görə getdiklərini bilməmiş, sonuncu ilə aralarında razılaşma olmamış və o, sonuncuya bu barədə heç nə danışmamışdır. Təqsirləndirilən şəxs1 ona çıxıb getmələrini təklif etmiş, o isə bir nəfər şəxslə işinin olduğunu, bu məqsədlə getməli olduqlarını və yanında olmasını demişdir. Onunla Zərərçəkmiş şəxs2 arasında olan məsələ ilə bağlı Təqsirləndirilən şəxs1 sonradan məlumatı olmuş və evə hansı səbəbə görə gəldiklərini Təqsirləndirilən şəxs1 evə çatdıqdan sonra bilmişdir. Həmin evə daxil olan zaman əlində bıçaq olmamış və ibtidai istintaq zamanı da müdafiəçinin iştirakı ilə dindirilərkən verdiyi ifadəsində bu barədə demişdir. Həmin evdə olan zaman pulu olduğu yerdən götürmüş, qeyd olunan vaxt Təqsirləndirilən şəxs1 çöldə olmuşdur. Evə daxil olmağı əvvəlcədən planlaşdırmamışlar və spirtli içki qəbul etdikdən sonra bu barədə qərara gəlmişlər. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları zərbələr endirərək onu döymüşlər. Penitensiar müəssisəyə daxil olarkən polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı məlumat verməmiş, müayinə olunan zaman onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamış, sifətində olan xəsarət isə penitansiar müəssisənin əməkdaşları tərəfindən qeydə almamışdır. Törətdiyi əməldən peşmandır, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, mərhum anası X4 1970-ci illərdə atası Təqsirləndirilən şəxs1 boşandığı üçün Zərərçəkmiş şəxs2 atası Yusif Həsənov tərəfindən anasının əxlaqsız hərəkətlər etməsi barədə yalan fikirlər söyləndiyinə görə anası məcbur olub kənddən çıxaraq Ucar şəhərində yaşamış, bir müddət sonra isə atası Təqsirləndirilən şəxs1 anasını həmin evdə öldürmüşdür. Bundan sonra o, əvvəlcə mərhum nənəsi Sərfinaz Həsənovanın yanında böyümüş, 1990-cı ildən 2022-ci ilin may ayınadək Rusiya Federasiyasında yaşamış və 1990-cı ildə Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilmişdir. 2022-ci ilin may ayında Azərbaycan Respublikasına geri qayıdıb Ucar rayonunun Çiyni kəndində yaşamağa başlamış, lakin qeyd etdiyi məsələlərə görə Zərərçəkmiş şəxs2 atası Yusif Həsənova qarşı ürəyində olan kin və ədavət hissi hələ də qalmış, kənddə yaşadığı müddətdə Zərərçəkmiş şəxs2 da atası kimi əxlaqsız həyat tərzi keçirməsini gördükdə sonuncuya qarşı ədavət hissi yaranmış və 2022-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs2 bu barədə soruşmuşdur. Zərərçəkmiş şəxs2 isə həm kişiliyinə, həm də puluna görə kənddə iki nəfər şəxs varsa birinin özü olduğunu demiş, nəticədə Zərərçəkmiş şəxs2 da atası Yusif Həsənovla eyni xarakterdə olan şəxs olması fikri onda formalaşmışdır. Bundan sonra o, Şahid1la söhbət edərkən Zərərçəkmiş şəxs2 qarşı olan hisslərini deyib sonuncunun pula qarşı həddindən artıq həris insan olduğunu və bu səbəbdən sonuncunun yaşadığı evə daxil olaraq pulunu ələ keçirmək istədiyini bildirmiş, Şahid1 isə qeyd olunan hərəkətləri etməməsini tövsiyə etmişdir. Bir müddət sonra o, Bakı şəhərində yaşayan ögey qardaşının oğlu Təqsirləndirilən şəxs1la söhbət edən zaman sonuncuya Zərərçəkmiş şəxs2la bağlı fikirlərini demiş, Təqsirləndirilən şəxs1 da onunla razılaşmışdır. Daha sonra o, Bakı şəhərində dəqiq xatırlamadığı yerdən iki ədəd qara rəngli sifəti tam örtən maska tipli papaq, bir ədəd şalvar və iki cüt yaşıl rəngli rezin əlcək almış, 02 fevral 2023-cü il tarixdə Ucar rayonuna qayıtmış və 03 fevral 2023-cü il tarixdən etibarən Təqsirləndirilən şəxs1la birlikdə Şahid2 Ucar rayonunun Çiyni kəndində yerləşən bağında işləməyə başlamışdır. 04 fevral 2023-cü il tarixdə həmin bağda olan zaman törədəcəkləri əməllə bağlı Təqsirləndirilən şəxs1la söhbət etmişlər və həmin tarixdə təxminən saat 18 radələrində bağdakı işlərini bitirib etibarnamə əsasında idarə etdiyi “Qazel” markalı, **-UM- *** dövlət qeydiyyat nişanlı yük maşını ilə həmin yeri tərk etmişlər. Bir müddət hərəkət edib Zərərçəkmiş şəxs2 evinin arxa tərəfində olan arxüstü yolun yaxınlığında avtomobili saxlamış, o və Təqsirləndirilən şəxs1 avtomobildən enən zaman o, qabaqcadan Bakı şəhərində olarkən aldığı qara rəngli papağı, əlcəkləri, özü üçün aldığı şalvarı, bağda olan zaman istifadə etdikləri mətbəx bıçağını və avtomobildə olan boz rəngli yapışqan lenti qabaqcadan yığdığı bir ədəd sellofanı götürmüş, Şahid2 Təqsirləndirilən şəxs1la işinin olduğunu, avtomobili idarə edərək xalası Anya isgəndərovanın yaşadığı evə getməsini və sonradan özlərinin də oraya gələcəklərini demişdir. Bundan sonra Şahid2 qeyd olunan avtomobili idarə edərək oradan uzaqlaşmış, o və Təqsirləndirilən şəxs1 birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı ev istiqamətində hərəkət edib həmin evə təxminən 150-200 metr qalmış hərəkətlərini dayandırmışlar və havanın qaralmasını gözləmişlər. Hava qaraldıqdan sonra özü ilə gətirdiyi geyim əşyalarını geyinmiş, gətirdiyi yapışqan lenti və mətbəx bıçağını götürmüş, saat təxminən 18:45-də Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı evinin arxa tərəfinə gəlmişlər və evə daxil olmuşlar. Daha sonra televizorun olduğu otaqdan səslərin gəldiyini eşidib həmin otağa daxil olduqda Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 yatağın üzərində oturduğunu görmüşlər və dərhal sonuncunun üzərinə gələrək əvvəlcə ayaqlarını, daha sonra əllərini arxa tərəfdən, ardınca isə gözlərini və ağız nahiyəsini yapışqan lentlərlə bağlamışlar. O, Zərərçəkmiş şəxs1 ilə orta məktəbdə birlikdə oxuduqları üçün onun səsini tanımamasına görə bütün sözlərini Təqsirləndirilən şəxs1 qulağına sakit şəkildə deyib sonuncu vasitəsilə fikirlərini Zərərçəkmiş şəxs1 çatdırmışdır. Daha sonra onun göstərişi ilə o, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qorxmamasını demiş və ərinin harada olduğunu soruşmuş, sonuncu isə ərinin evdə olmadığını və saat təxminən 21 radələrində gələcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ərinin əxlaqsız hərəkətlərindən məlumatının olub-olmamasını soruşmuş, sonuncu isə bu barədə məlumatının olmadığını demiş, toxunmamalarını xahiş etmiş və evdə olan qızıllarının yerini deyərək götürmələrini təklif etmişdir. Ardınca Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 pulların yerini soruşduqda sonuncu pulun digər otaqda olan yatağın üzərindəki döşəklərin altında olduğunu qeyd etmişdir. Bundan sonra o, həmin otağa gedərək yatağın üzərində olan döşəkləri götürmüş və bu zaman orada pulun olduğunu görmüşdür. Daha sonra o, həmin pulu götürüb əynində olan şalvarın sol yan cibinə qoymuş, ardınca isə Zərərçəkmiş şəxs1 məxsus olan “Novio t828” markalı mobil telefonu da götürüb evi tərk etmişlər. Bundan sonra xalası Anya İsgəndərovanın evi istiqamətində hərəkət edən zaman yolda olarkən Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonu, əynində olan şalvarı, əllərindəki əlcəkləri, taxta saplı mətbəx bıçağını və üzərlərində olan papaq tipli qara rəngli maskaları su arxına tullamışlar. Sonradan o, evdən götürdükləri 5000 manat pulun 1300 manatını Təqsirləndirilən şəxs1 vermiş, qalan hissəsini isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək, CM-in 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək və CM-in 181.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Ucar rayonunun ərazisində yerləşən bağda əmisi Təqsirləndirilən şəxs2la birlikdə işlədikdən sonra sirtli içki qəbul etmişlər. Bundan sonra əmisi Təqsirləndirilən şəxs2 ona getməli olduqlarını bildirmiş, lakin o, gedəcəkləri yerlə bağlı sonuncudan soruşmamışdır. Polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış, polis əməkdaşları əvvəlcə ayağının alt hissəsinə rezin dəyənəklə, daha sonra isə belində olan kəmərlə zərbələr endirərək onu döymüşlər və əynində olan şalvarı aşağıya tərəf endirib barəsində əxlaqsız hərəkətlər edəcəkləri ilə hədələdikləri üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmaq məcburiyyətində qalmış, lakin döyülmə nəticəsində onun bədənində xəsarətlər yaranmamışdır. Fərdi yaşayış evinə gedən zaman əmisi ona papaq deyil, maska vermiş və həmin evə çatdıqdan sonra əmisi Təqsirləndirilən şəxs2 qeyd olunan evi göstərərək göstərilən evə daxil olacaqlarını demişdir. Hadisə vaxtı onda və ya əmisində bıçaq olubolmadığını xatırlamır. Lentin alınmasında və həmin lentlə Zərərçəkmiş şəxs1 əl və qolunun bağlanmasında iştirak etməmiş, lakin əmisinin Zərərçəkmiş şəxs1 əl və qolunu lentlə bağlamasının şahidi olmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun ögey əmisidir. 2023-cü ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs2 Ucar rayonunun Çiyni kəndində yaşayan Zərərçəkmiş şəxs2 əxlaqsız hərəkətlər etdiyini və həmin şəxsin evinə daxil olaraq evində olan pulları götürmək istədiyini demiş, o da qeyd olunan hərəkətləri edərkən yanında olmaq istədiyini əmisi Təqsirləndirilən şəxs2 demişdir. Səhərisi gün Təqsirləndirilən şəxs2 Bakı şəhərində dəqiq olaraq harada yerləşdiyini bilmədiyi mağazadan özü üçün bir ədəd şalvar, hər ikisi üçün iki ədəd qara rəngli üzü bağlayan maska və iki cüt yaşıl rəngli rezin əlcək almışdır. 02 fevral 2023-cü il tarixdə əmisi Təqsirləndirilən şəxs2 məxsus “Qazel” markalı yük maşını ilə birlikdə Ucar şəhərinə gəlmiş və 03 fevral 2023-cü il tarixdən etibarən sonuncu ilə birlikdə Şahid2 Ucar rayonunun Çiyni kəndində yerləşən bağında işləməyə başlamışlar. 04 fevral 2023-cü il tarixdə həmin bağda olan zaman törədəcəkləri əməllə bağlı Təqsirləndirilən şəxs2la söhbət etmişlər və qeyd olunan tarixdə təxminən saat 18 radələrində bağdakı işlərini bitirib əmisi Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi “Qazel” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə həmin yeri tərk etmişlər. Bir müddət hərəkət edib Zərərçəkmiş şəxs2 evinin arxa tərəfində olan arxüstü yolun yaxınlığında Təqsirləndirilən şəxs2 avtomobili saxlamış, o və Təqsirləndirilən şəxs2 avtomobildən enən zaman sonuncu qabaqcadan Bakı şəhərində olarkən aldığı qara rəngli papağı, əlcəkləri, özü üçün aldığı şalvarı, bağda olan zaman istifadə etdikləri mətbəx bıçağını və avtomobildə olan boz rəngli yapışqan lenti qabaqcadan yığdığı bir ədəd sellofanı götürmüş, Təqsirləndirilən şəxs2 onunla işinin olduğunu, avtomobili idarə edərək Anya İsgəndərovanın yaşadığı evə getməsini və sonradan özlərinin də oraya gedəcəklərini Şahid2 demişdir. Bundan sonra Şahid2 qeyd olunan avtomobili idarə edərək oradan uzaqlaşmış, o və Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı ev istiqamətində hərəkət edib həmin evə təxminən 150-200 metr qalmış hərəkətlərini dayandırmışlar və havanın qaralmasını gözləmişlər. Hava qaraldıqdan sonra özü ilə gətirdiyi geyim əşyalarını geyinmişlər, Təqsirləndirilən şəxs2 isə özü ilə gətirdiyi yapışqan lenti və mətbəx bıçağını götürmüş, saat təxminən 18:45-də o və Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı evinin arxa tərəfinə gəlmişlər və evə daxil olmuşlar. Daha sonra televizorun olduğu otaqdan səslərin gəldiyini eşidib həmin otağa daxil olduqda Zərərçəkmiş şəxs2 arvadı olduğunu güman etdiyi bir nəfər qadının yatağın üzərində oturduğunu görmüşlər və dərhal əmisi Təqsirləndirilən şəxs2 sonuncunun üzərinə gedərək əvvəlcə ayaqlarını, daha sonra əllərini arxa tərəfdən, ardınca isə gözlərini və ağız nahiyəsini yapışqan lentlərlə bağlamışdır. Bundan sonra əmisi Təqsirləndirilən şəxs2 onun qulağına həmin qadının orta məktəb vaxtlarından sinif yoldaşı olmasını, ona görə də səsindən tanıya biləcəyini bildirmiş və dediklərini Zərərçəkmiş şəxs1 çatdırmasını qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 göstərişi ilə o, Zərərçəkmiş şəxs1 qorxmamasını demiş və ərinin harada olduğunu soruşmuş, sonuncu isə ərinin evdə olmamasını və saat təxminən 21 radələrində gələcəyini demişdir. Daha sonra o, Zərərçəkmiş şəxs1 ərinin əxlaqsız hərəkətlərindən məlumatının olub-olmamasını soruşmuş, sonuncu isə bu barədə məlumatının olmadığını demiş, toxunmamalarını xahiş etmiş və evdə olan qızıllarının yerini deyərək götürmələrini təklif etmişdir. Ardınca o, Zərərçəkmiş şəxs1 pulların yerini soruşduqda sonuncu pulun digər otaqda olan yatağın üzərindəki döşəklərin altında olduğunu qeyd etmişdir. Bundan sonra o, qadının yanında qalmış, əmisi Təqsirləndirilən şəxs2 isə digər otağa keçmək üçün eyvana çıxmış, təxminən 2 dəqiqə sonra isə yenidən həmin otağa geri qayıdıb pulu götürdüyünü ona bildirmişdir. Əmisi Təqsirləndirilən şəxs2 stolun üzərində olan qadına məxsus olan “Novio t828” markalı mobil telefonu da götürmüş və birlikdə evi tərk etmişlər. Bundan sonra Anya İsgəndərovanın evi istiqamətində hərəkət edən zaman yolda olarkən evdən götürdükləri mobil telefonu, əyinlərində olan şalvarı, əllərindəki əlcəkləri, taxta saplı mətbəx bıçağını və üzlərindəki papaq tipli qara rəngli maskaları su arxına tullamışlar. Sonradan Təqsirləndirilən şəxs2 evdən götürdükləri 5000 manat pulun 1300 manatını ona vermiş, qalan hissəsini əmisi özündə saxlamış, o da ona verilən pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ucar rayonunun Çiyni kəndində əri Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 bir neçə ay əvvəl saxladığı heyvanları sataraq əldə etdiyi pulu yaşadıqları evin istifadə olunmayan otağında olan yatağın döşəklərinin altında gizlədərək yaz aylarında yenidən heyvan almaq üçün saxlamışdır. 04 fevral 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evin qonaq və yataq otağı kimi istifadə edilən otağında yerləşən yatağın üzərində əyləşib televizora baxan zaman üzlərində qara rəngli maska olan bir nəfər uzun boylu və dolu bədənli və bir nəfər arıq və ortaboylu olmaqla iki nəfər şəxs qapını açaraq içəriyə daxil olmuşlar və həmin şəxslərdən uzun boylu və dolu bədənli olanı əvvəlcə ayaqlarını, sonra isə əllərini, gözlərini və ağız nahiyəsini yapışqan lentlərlə bağlamışdır. Gözləri bağlanarkən yanındakı masanın üzərinə həmin şəxslərdən uzunboylu və dolu bədənli olan şəxsin taxta saplı bıçaq qoymasını gördüyü üçün qorxudan səsini çıxarmamış, evə basqın edən şəxslərdən arıq olanı narahat olmamasını, onunla işinin olmamasını və evdəki pulların yerini deməsini bildirmiş, lakin o, pulların yerini deməmişdir. Daha sonra həmin şəxs ondan ərinin əxlaqsız hərəkətlərindən məlumatının olubolmamasını soruşmuş, o isə bu barədə məlumatının olmadığını və evdə pulun olmadığını deyərək boynunda olan qızıl boyunbağını götürmələrini təklif etmiş, qeyd olunan şəxs isə onunla razılaşmayaraq təkidlə pulun yerini deməsi bildirmişdir. Həmin vaxt əl-qolu bağlı olduğuna, eləcə də az əvvəl evə basqın edən şəxslərin birinin əlində bıçaq gördüyü üçün ona daha ağır xəsarət yetirəcəklərindən qorxub pulun evin digər otağında olan döşəklərin altında olmasını demişdir. Həmin vaxt bütün sualları arıq və ortaboylu olan şəxs vermiş, dolu bədənli və uzun boylu olan digər şəxs isə hadisə vaxtı səsini çıxarmamışdır. Bundan bir neçə dəqiqə sonra evdə olan şəxslərin səsləri gəlmədiyi üçün evdən getdiklərini hesab etmiş, yapışqan lentlə bağlı olan sağ əlini dartıb çıxarmış, ardınca sifətində olan lentləri açıb otaqda olan masanın üzərinə baxdıqda əri Zərərçəkmiş şəxs2 məxsus olan, lakin istifadə etmək üçün ona verilmiş “Novio t828” markalı mobil telefonun olmamasını görmüşdür. Daha sonra ayaqlarının bağlandığı yapışqan lentləri də açmış və qonşusu Şahid6 evinə getmişdir. Bundan sonra həmin evdə yaşayan Şahid3 baş vemiş hadisəni danışaraq əri Zərərçəkmiş şəxs2 zəng etməsini xahiş etmişdir. Bir müddət sonra əri Zərərçəkmiş şəxs2, Şahid6 və bir neçə nəfər kənd sakinləri oraya gəlmişlər və o, baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra birlikdə evə gedib oraya baxış keçirərkən evin yaşayış olmayan yataq otağında yük döşəklərinin yerə dağıdılmasını görmüşlər və əri Zərərçəkmiş şəxs2 döşəklərin arasına baxdıqdan sonra 7000 manat pulunun götürülməsini deyərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs2 ona hadisə baş verən zaman evdə olan 7000 manat məbləğində deyil, 5000 manat məbləğində pulunun götürülməsini və əvvəlcədən həmin yerdə saxladığı 7000 manat məblğində pulun 2000 manatını şəxsi ehtiyacları üçün xərclədiyini və bunu unutduğunu bildirmişdir. Hadisə nəticəsində ona maddi ziyan vurulmamış, evdən götürülən pul, istifadəsində olan bir ədəd “Novio t828” markalı mobil telefon və həmin mobil telefonun üzərində olan 050 ***-**-** mobil telefon nömrəsi əri Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Vurulmuş maddi ziyan ödənilməmişdir, hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ucar rayonunun Çiyni kəndində arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşayır. O, bir neçə ay əvvəl saxladığı heyvanları sataraq əldə etdiyi pulu yaşadıqları evin istifadə olunmayan otağında olan yatağın döşəklərinin altında gizlədərək yaz aylarında yenidən heyvan almaq üçün saxlamışdır. 04 fevral 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Ucar rayonunun Çiyni kəndində yerləşən çayxanada həmkəndliləri Şahid6, Şahid5 və Şahid4la birlikdə olan zaman həmkəndlisi və qonşusu Şahid6 mobil telefon nömrəsinə zəng gəlmiş, sonuncu mobil telefonla danışdıqdan sonra ona gəlini Şahid3 zəng edərək həyat yoldaşı Zərərçəkmiş şəxs1 evdə olarkən üzlərində qara rəngli maska olan şəxslərin evinə basqın edərək əl-qolunu, ağız, göz və sifətini yapışqan lentlə bağlayaraq evdə olan pulunu və həyat yoldaşı Zərərçəkmiş şəxs1 istifadə etməsi üçün verdiyi mobil telefonu götürmələrini demişdir. Daha sonra o, həmkəndliləri Şahid6, Şahid4 və Şahid5lə birlikdə evinə gəlmiş, arvadı Zərərçəkmiş şəxs1 yaxınlaşdıqda sonuncunun sifətində qızartıların olduğunu görmüş və bunun səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs1 isə həmin tarixdə saat 19 radələrində yaşadığı evin qonaq və yataq otağı qismində istifadə olunan otağında oturub televizora baxan zaman iki nəfər üzlərində qara rəngli maska olan şəxslərin otağa daxil olaraq əl qolunu və ağız-göz nahiyələrini yapışqan lentlə bağlayıb ona zor tətbiq etmələrini, eləcə də evin istifadə olunmayan yataq otağında olan pulu və bir ədəd, ona məxsus, “Novio t828” markalı mobil telefonu və telefonun üzərindəki 050 ***-**-** mobil telefon nömrəsini aparmalarını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 və yanında olan digər şəxslərlə birlikdə yaşadığı evə baxış keçirərkən evin yaşayış olmayan yataq otağına daxil olduqda yük döşəklərinin yerə dağıdılmasını, həmin döşəklərin arasında olan 5000 manat pulun yerində olmadığını görmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. Hadisə baş verən zaman evdə olan 7000 manat məbləğində pul deyil, 5000 manat məbləğində pulu götürülmüş, əvvəlcədən həmin yerdə saxladığı 7000 manat məbləğində pulun 2000 manatını şəxsi ehtiyacları üçün xərcləmiş və bunu unutmuşdur. Evinə basqın edən şəxslər yaşadığı evdən 5000 manat nağd pul, ona məxsus, lakin həyat yoldaşının istifadəsində olan bir ədəd 30 manat dəyərində “Novio t828” markalı mobil telefon və telefonun üzərindəki 5 manat dəyərində 050 ***-**-** mobil telefon nömrəsini götürməklə ona 5034 manat maddi ziyan vurmuşlar. Sonradan ona vurulmuş maddi ziyan ödənilməmişdir, hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını və ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 04 fevral 2023-cü il tarixdə saat 19 radələrində Ucar rayonunun Çiyni kəndində yerləşən yaşadığı evdə olarkən qonşusu Zərərçəkmiş şəxs1 qorxmuş və həyəcanlı vəziyyətdə həmin evə gəlmiş, o da sonuncunun sifətində qızartıların olduğunu görmüş və bunun səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs1 isə həmin tarixdə saat 19 radələrində yaşadığı evin qonaq və yataq otağı qismində istifadə etdikləri otağında olan zaman üzlərində qara rəngli maska olan iki nəfər şəxsin evə daxil olaraq əl qolunu və ağız-göz nahiyələrini yapışqan lentlə bağlayıb zor tətbiq etmələrini, eləcə də evindən pul və bir ədəd “Novio t828” markalı mobil telefonu aparmalarını demiş və əri Zərərçəkmiş şəxs2 zəng edərək bu barədə məlumat verməsini xahiş etmişdir. Bundan sonra qayınatası Şahid6 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Zərərçəkmiş şəxs2la əlaqə saxlayıb evinə üzlərində qara rəngli maska olan şəxslərin daxil olaraq arvadı Zərərçəkmiş şəxs1 əl-qolunu, sifətini, göz və ağız nahiyələrini bağlamaqla zor tətbiq edib evindən pul və mobil telefon aparmalarını deməsini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 sol gözətrafı nahiyəsindəki qızartının evinə basqın etmiş şəxslərin sifətini yapışqan lentlə bağlayan zaman yetirdiklərini qeyd etmişdir. Təxminən 10 dəqiqə sonra Zərərçəkmiş şəxs2, qayınatası Şahid6 və həmkəndliləri Şahid5 və Şahid4 birlikdə evə gəldikdə Zərərçəkmiş şəxs1 baş vermiş hadisə barədə həmin şəxslərə danışmış və bundan sonra qayınanası Həcər Bayramova, qayınatası Şahid6, qardaşı Vasif Qasımov, anası Qaragöz Qasımova, həmkəndliləri Şahid5 və Şahid4, eləcə də Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə birlikdə sonuncuların yaşadıqları evə baxış keçirərkən evin istifadə olunmayan yataq otağında sağ divara bitişik yataq və yatağın kənarlarında yerdə səliqəsiz vəziyyətdə olan döşəklərin olduğunu görmüşlər, Zərərçəkmiş şəxs2 döşəklərə nəzər yetirdikdən və onların alt hissələrinə baxdıqdan sonra döşəklərin arasında olan 7000 manat pulunun götürülməsini bildirmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 04 fevral 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Ucar rayonunun Çiyni kəndində yerləşən çayxanada Şahid6 və Şahid5lə birlikdə olan zaman Şahid6 istifadəsində olan mobil telefon nömrəsinə zəng gəlmiş, sonuncu mobil telefonla danışdıqdan sonra Zərərçəkmiş şəxs2 evinə üzlərində qara rəngli maska olan şəxslərin daxil olaraq arvadı Zərərçəkmiş şəxs1 əlqolunu, sifətini, göz və ağız nahiyələrini bağlamaqla zor tətbiq edib evindən pul və mobil telefon aparmalarını bildirmişdir. Bundan sonra o, Şahid5, Şahid6 və Zərərçəkmiş şəxs2 birlikdə sonuncuya məxsus avtomobil ilə Zərərçəkmiş şəxs2 evinə getmişlər və Zərərçəkmiş şəxs1 nə baş verməsini soruşmuşlar. Zərərçəkmiş şəxs1 isə həmin tarixdə saat 19 radələrində yaşadığı evin qonaq və yataq otağı qismində istifadə etdikləri otaqda olan zaman üzlərində qara rəngli maska olan iki nəfər şəxsin evə daxil olaraq əl-qolunu və ağız-göz nahiyələrini yapışqan lentlə bağlayıb zor tətbiq etmələrini, eləcə də evindən pul və bir ədəd “Novio t828” markalı mobil telefonu aparmalarını demişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, həmin şəxslərin qonşuları, eləcə də Şahid5 və Şahid6la birlikdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaşadıqları evə baxış keçirərkən evin istifadə olunmayan yataq otağında sağ divara bitişik yataq və yatağın kənarlarında yerdə səliqəsiz vəziyyətdə olan döşəklər olduğunu görmüşlər, Zərərçəkmiş şəxs2 döşəklərə nəzər yetirdikdən və onların alt hissələrinə baxdıqdan sonra döşəklərin arasında olan 7000 manat pulunun götürülməsini bildirmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs2la birlikdə sonuncunun yaşadığı evin istifadə olunmayan yataq otağına baxış keçirərkən bəzi əşyalara toxunduğu üçün evdən aşkar olunaraq götürülmüş əl-barmaq izlərindən bir ədədi ona məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid4 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun xalasının oğludur. Təqsirləndirilən şəxs2 uzun müddət Rusiya Federasiyasında yaşamış və 2022-ci ilin may ayında Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlib Ucar rayonunun Çiyni kəndində yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs2la söhbət əsnasında sonuncu ona Zərərçəkmiş şəxs2la söhbət etdiyini, söhbət zamanı sonuncunun puluna görə kənddə iki nəfər şəxs varsa birinin özü olduğunu dediyini bildirmiş, həmin sözə görə Zərərçəkmiş şəxs2 qarşı qəzəbli olmasını və sonuncunun evinə daxil olaraq evində olan pulunu ələ keçirmək istədiyini bildirmiş, o isə qeyd olunan hərəkətləri etməməsini Təqsirləndirilən şəxs2 tövsiyə etmişdir. 04 fevral 2023-cü il tarixdə saat 19 radələrində kürəkəni Şahid2 Təqsirləndirilən şəxs2 istifadəsində olan “Qazel” markalı yük maşınını idarə edərək yaşadığı evə gəlmiş, Təqsirləndirilən şəxs2 işinin olduğunu və bir qədər sonra gələcəyini demişdir. Bir müddət sonra Şahid2la birlikdə evin həyətinə düşdükdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orada olduğunu görmüş və evə daxil olmamalarının səbəbini soruşmuşdur. Həmin şəxslər isə yorğun olduqlarını, bu səbəbdən evə daxil olmadıqlarını bildirmişlər, daha sonra isə Təqsirləndirilən şəxs1 və Şahid2 Təqsirləndirilən şəxs2 idarə etdiyi “Qazel” markalı yük maşını ilə həmin yeri tərk edib getmişlər. Sonradan araşdırma zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs2 evinə daxil olaraq sonuncunun arvadı Zərərçəkmiş şəxs1 əl-ayağını və gözlərini bağlayaraq evindən 5000 manat pul götürməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, bacanağı Təqsirləndirilən şəxs2 uzun müddət Rusiya Federasiyasında yaşamış və 2022-ci ilin may ayında Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlib onun Ucar rayonunun Çiyni kəndində yerləşən evində yaşamağa başlamışdır. 2023-cü ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ögey qardaşının oğlu Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhərindən evinə qonaq gəldikdə, həmin şəxslərə Ucar rayonunun Çiyni kəndində yerləşən bağda aparılacaq işlərdə kömək etmələrini bildirdiyi üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 04 fevral 2023-cü il tarixdən etibarən orada işləməyə başlamışlar. Həmin tarixdə bağda işləyərkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kənara çəkilib söhbətlər etdiklərini görmüş, lakin hansı mövzuda söhbət etdiklərini bilməmişdir. Həmin gün saat 18 radələrində bağda işlərini yekunlaşdırıb Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi “Qazel” markalı yük maşını ilə həmin yeri tərk etmişlər. Bir müddət hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs2 arxüstü adlanan yerdə avtomobili saxlamış, sonuncu ilə Təqsirləndirilən şəxs1 avtomobildən aşağı düşmüşlər və bu zaman Təqsirləndirilən şəxs2 bir ədəd sellofan torbanı da götürmüşdür. Bundan sonra həmin şəxslər ona birlikdə işlərinin olmasını, avtomobili idarə edərək Anya İsgəndərovanın yaşadığı evə getməsini və sonradan özlərinin də oraya gələcəklərini demişlər. Bundan sonra o, qeyd olunan avtomobili idarə edərək Anya İsgəndərovanın evinə getmişdir. Bir müddət sonra Şahid1la birlikdə həyətinə düşdükdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orada olduğunu görmüş və Şahid1 həmin şəxslərdən evə daxil olmamalarının səbəbini soruşmuşdur. Həmin şəxslər isə yorğun olduqlarını, bu səbəbdən evə daxil olmadıqlarını bildirmişlər, daha sonra isə o və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 idarə etdiyi “Qazel” markalı yük maşını ilə həmin yeri tərk edib getmişlər. Sonradan araşdırma zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs2 evinə daxil olaraq sonuncunun arvadı Zərərçəkmiş şəxs1 əl-ayağını və gözlərini bağlayaraq evindən 5000 manat pul götürməsi ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 04 fevral 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə sat 19:26-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sistemindən daxil olmuş məlumatda Zərərçəkmiş şəxs2 zəng edərək 2 nəfər şəxsin onun evinə gələrək arvadı Zərərçəkmiş şəxs1 boğazına lent bağlayaraq bıçaqla öldürəcəyi ilə hədələməsi və evdə olan 7000 manat pulu götürüb həmin yeri tərk etməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şifahi ərizə haqqında 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə saat 19 radələrində Ucar rayonunun Çiyni kəndində yerləşən yaşadığı fərdi yaşayış evində olan zaman iki nəfər maska taxmış şəxsin həmin evə gələrək onun əlqolunu bağlayıb evdə olan 7000 manat məbləğində pulu və içərisində 050 579-60-35 mobil telefon nömrəsi olan bir ədəd “Novio t828” markalı mobil telefonu götürüb evi tərk etdiklərini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Ucar rayonunun Çiyni kəndində Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evidir. Baxış keçirilən zaman evin istifadə olunmayan yataq otağında giriş qapısından sağ tərəfdə olan yataqın üzərindəki döşəklərin səliqəsiz vəziyyətdə yerdə olması, eləcə də evin giriş pilləkənlərinin, yataq və qonaq otağı kimi istifadə edilən otaqdakı masanın və eyvanda olan masanın üzərində boz rəngli yapışqan lentlərin olması müəyyən edilmiş və evdən aşkar edilmiş üç ədəd əl barmaq izləri ilə birlikdə götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06 fevral 2023-cü il tarixli 56 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizası zamanı onda “hər iki gözaltı nahiyənin, sol gözün bayır bucağının sıyrıqları” diaqnozu ilə, 04 fevral 2023-cü il tarixdə küt alətin, dırnağın təsirindən əmələ gəlmiş, sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 181.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsin tanınmaya təqdim edilməsi haqqında 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs2 göstərərək xarici görünüşünə, yəni boy və çəkisinə görə evinə basqın edən şəxslərin biri olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsin tanınmaya təqdim edilməsi haqqında 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs1 göstərərək xarici görünüşündən və səsindən evinə basqın edib onunla danışan şəxsin həmin şəxs olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmi tarixdə cinayət işi üzrə əməl CM-in 181.1-ci maddəsindən həmin Məcəllənin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 fevral 2023-cü il tarixli 115 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinənin gedişində düşdüyü vəziyyətə tənqidi münasibət bəsləməsi və cəza almaq ehtimalını anlaması, onda qavrama, emosiya, təfəkkür, yaddaş və intellekt pozuntularının müşahidə olunmaması, kəskin psixoproduktiva simptomatik aşkar edilməməsi və s.) sübut edir. O, hazırki cinayət əməlini törətdiyi zaman və ona qədər hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. O, psixi xəstəlik keçirmədiyindən cinayət hadisəsini törətdiyi zaman öz hərəkətlərinə cavab vermək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. O, hal-hazırda da heç bir psixi xəstəlik keçirmir. O, hal-hazırda psixi xəstəlik keçirmədiyindən öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 fevral 2023-cü il tarixli 116 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki tibbi sənədlər (28 nömrəli şəhər poliklinikasından verilmiş 270 nömrəli arayış, “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsdən verilmiş 2364 nömrəli arayış) verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinənin gedişində onda az ifadəli emosional davamsızlığın aşkar edilməsi, bir qədər hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi, psixoproduktiv simptomatika aşkar edilməməsi, onda qavrama, təfəkkür, yaddaş və intellekt pozuntularının müşahidə olunmaması, tənqidi funksiyaların saxlanılması, törətdiyi əməldən peşman olduğunu bildirməsi və s.) sübut edir. O, hazırki cinayət əməlini törətdiyi zaman və ona qədər hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. O, psixi xəstəlik keçirmədiyindən cinayət hadisəsini törətdiyi zaman öz hərəkətlərinə cavab vermək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. O, hal-hazırda da heç bir psixi xəstəlik keçirmir. O, hal-hazırda psixi xəstəlik keçirmədiyindən öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 aprel 2023-cü il tarixli, 9/1756 nömrəli rəyindən görünür ki, analoji mallara müvafiq olaraq orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin fevral ayına 01 ədəd “Novio t828” markalı mobil telefonun satış üçün kompklektləşdirilməsinə daxil olan aksesussuarların olmaması nəzərə alınmaqla 30 manat və 01 ədəd 050 ***-**-** mobil telefon nömrəsi 04 manat olmaqla ümumi orta bazar qiyməti 34 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 21 aprel 2023-cü il tarixli protokoldan görünür ki, diskin içərisində iki ədəd vidofaylın olduğu müəyyən edilmiş, birinci videofaylda 0 dəqiqə 59 saniyə müddətində videogörüntü olmuş, həmin videogörüntünün 47-ci saniyəsində çöllük sahə istiqmətində “Qazel” markalı yük maşınının getməsi görünmüş, Təqsirləndirilən şəxs2 görünən “Qazel” markalı yük maşınının etibarnamə əsasında özünə məxsus olmasını, videogörüntünün Şahid2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 evinin arxa tərəfində arxüstü adlanan yerə gedərkən çəkildiyini bildirmiş və Təqsirləndirilən şəxs1 onun dediklərini təsdiqləmişdir. Diskdə olan ikinci videofayla baxış keçirən zaman “Qazel” markalı yük maşınının yenidən çöllük sahədən geri qayıtdığı görünmüş, Təqsirləndirilən şəxs2 videogörüntüdəki “Qazel” markalı yük maşınının arxüstü adlanan yerdə Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobildən düşdükdən sonra Şahid2 tərəfindən yenidən avtomobilin sürülərək xalası Anya İsgəndərovanın evinə gedərkən çəkildiyini bildirmiş, Təqsirləndirilən şəxs1 da onun dediklərini təsdiq edərək əlavəsinin olmamasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2023-cü il tarixli 988 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin acılığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində CM-in 134, 180, 181.3.2 və 182-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş 05 aprel 2023-cü il tarixli 2364 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 28 yanvar 2022-ci il tarixdən “Opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə həmin mərkəzdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 26 iyul 2023-cü il tarixli PHŞ-6-77/2-963/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 nömrəli Qərarının (bundan sonra – Qərar) 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Bu Qərarın 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Bu Qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Bu Qərarın 11-ci bəndinə əsasən CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Bu Qərarın 15-ci bəndinə əsasən qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-in 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Bu Qərarın 18-ci bəndinə əsasən əgər şəxs CM-in müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Bu Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bu Qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bu Qərarın 21-ci bəndinə əsasən oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs “daxil olmaq” əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-in 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir. Bu Qərarın 23-cü bəndinə əsasən CM-in 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları-cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Özgə əmlakının talanması gedişində zərərçəkmişin zorakılıqla azadlığı məhdudlaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq və ya quldurluq cinayətinin olması, zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmişin soyuq otaqda və ya kamerada saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Bu Qərarın 25-ci bəndinə əsasən silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Bu Qərarın 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olubolmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Bu Qərarın 27-ci bəndinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, müvafiq olaraq, xeyli və ya külli və ya xüsusilə külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınmalıdır. Belə hallarda təqsirkarların ayrı-ayrılıqda taladıqları əmlakın məbləği, talanmış əmlakın hansı ölçüdə bölüşdürülməsi onların əməlinin tövsifinə təsir etmir. Oğurluq, soyğunçuluq, quldurluq edən şəxsin məqsədi xeyli miqdarda özgə əmlakını ələ keçirmək olduğu halda, onun iradəsindən asılı olmayan səbəblərdən faktiki ələ keçirilən əmlak xeyli miqdardan az olarsa, əməl başa çatmış quldurluq kimi CM-in 181.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Bu zaman faktiki olaraq talanmış əmlakdan çıxış etməklə əməlin həm də bitmiş oğurluq və ya soyğunçuluq, yəni başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi tövsif edilməsinə ehtiyac yoxdur. Yalnız şəxsin faktiki ələ keçirdiyi özgə əmlakının məbləği cinayətkar məqsədlə ehtiva olunan məbləğdən az olsa da, “xeyli miqdarda ziyan”ın hüdudlarında olduqda, məsələn təqsirkar əlli min manat məbləğində özgə əmlakını ələ keçimək məqsədi ilə oğurluq, soyğunçuluq etdiyi halda faktiki olaraq otuz min manat məbləğində ziyan vurduqda, əməl cinayətə cəhd və yaxud başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi deyil, faktiki ələ keçirilmiş məbləğə görə başa çatmış xeyli miqdarda ziyan vurmaqla oğurluq və yaxud xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz girməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq edilməsi ilə müşayiət olunan, Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə bağlı olan basqın etməklə quldurluq cinayət əməli törətmişlər. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq verdiyi ifadələrində özünü tam təqsirli bilərək Zərərçəkmiş şəxs2 yaşadığı evə daxil olaraq pulunu ələ keçirmək istədiyini Təqsirləndirilən şəxs1 dediyini, sonuncunun bu təkliflə razılaşdığını, Bakı şəhərində olarkən aldığı qara rəngli papağı, əlcəkləri, özü üçün aldığı şalvarı, bağda olan zaman istifadə etdikləri mətbəx bıçağını və avtomobildə olan boz rəngli yapışqan lenti qabaqcadan yığdığı bir ədəd sellofanı götürdüyünü, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs2 evinə daxil olduqlarını, daha sonra evdə olan Zərərçəkmiş şəxs1 əvvəlcə ayaqlarını, daha sonra əllərini arxa tərəfdən, ardınca isə gözlərini və ağız nahiyəsini yapışqan lentlərlə bağladığını, sonuncu ilə orta məktəbdə birlikdə oxuduqları üçün onun səsini tanımamasına görə bütün sözlərini Təqsirləndirilən şəxs1 qulağına sakit şəkildə deyib sonuncu vasitəsilə fikirlərini Zərərçəkmiş şəxs1 çatdırdığını, onun göstərişi ilə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 pulların yerini soruşduğunu, sonuncunun dediyi yerdən 5000 manat məbləğində pulu götürdüyünü, ardınca isə Zərərçəkmiş şəxs1 məxsus olan “Novio t828” markalı mobil telefonu da götürdüyünü və evi tərk etdiklərini qeyd etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinə daxil olanadək Təqsirləndirilən şəxs1 hara və hansı səbəbə görə getdiklərini bilmədiyini, sonuncu ilə aralarında razılaşmanın olmadığını, Təqsirləndirilən şəxs1 bu barədə heç nə danışmadığını, sonuncunun ona çıxıb getmələrini təklif etdiyini, bir nəfər şəxslə işinin olduğunu, bu məqsədlə getməli olduqlarını və yanında olmasını Təqsirləndirilən şəxs1 dediyini, onunla Zərərçəkmiş şəxs2 arasında olan məsələ ilə bağlı Təqsirləndirilən şəxs1 sonradan məlumatının olduğunu, evə hansı səbəbə görə gəldiklərini evə çatdıqdan sonra bildiyini, həmin evə daxil olan zaman əlində bıçağın olmadığını və ibtidai istintaq zamanı da müdafiəçinin iştirakı ilə dindirilərkən verdiyi ifadəsində bu barədə dediyini, həmin evdə olan zaman pulu olduğu yerdən götürdüyünü, bu zaman Təqsirləndirilən şəxs1 çöldə olduğunu, evə daxil olmağı əvvəlcədən planlaşdırmadıqlarını, spirtli içki qəbul etdikdən sonra bu barədə qərara gəldiklərini, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qaldığını, polis əməkdaşlarının zərbələr endirərək onu döydüklərini, penitensiar müəssisəyə daxil olarkən polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı məlumat vermədiyini, müayinə olunan zaman onun bədəni üzərində hər hansı xəsarətin aşkar olunmadığını və sifətində olan xəsarətin penitansiar müəssisənin əməkdaşları tərəfindən qeydə alınmadığını göstərmişdir. Digər Təqsirləndirilən şəxs1 isə ibtidai istintaq verdiyi ifadələrində özünü tam təqsirli bilərək Zərərçəkmiş şəxs2 yaşadığı evə daxil olaraq pulunu ələ keçirmək istəməsi barədə Təqsirləndirilən şəxs2 ona dediyini, sonuncunun bu təklifi ilə razılaşdığını, Təqsirləndirilən şəxs2 Bakı şəhərində olarkən aldığı qara rəngli papağı, əlcəkləri, özü üçün aldığı şalvarı, bağda olan zaman istifadə etdikləri mətbəx bıçağını və avtomobildə olan boz rəngli yapışqan lenti qabaqcadan yığdığı bir ədəd sellofanı götürdüyünü, onunla birlikdə Zərərçəkmiş şəxs2 evinə daxil olduqlarını, daha sonra Təqsirləndirilən şəxs2 evdə olan Zərərçəkmiş şəxs1 əvvəlcə ayaqlarını, daha sonra əllərini arxa tərəfdən, ardınca isə gözlərini və ağız nahiyəsini yapışqan lentlərlə bağladığını, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ilə orta məktəbdə birlikdə oxuduqları üçün səsini tanımamasına görə bütün sözlərini onun qulağına sakit şəkildə deyib onun vasitəsilə fikirlərini Zərərçəkmiş şəxs1 çatdırdığını, Təqsirləndirilən şəxs2 göstərişi ilə Zərərçəkmiş şəxs1 pulların yerini soruşduğunu, sonuncunun dediyi yerdən Təqsirləndirilən şəxs2 5000 manat məbləğində pulu götürdüyünü, ardınca isə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 məxsus olan “Novio t828” markalı mobil telefonu da götürdüyünü, evi tərk etdiklərini, yolda hərəkətdə olan zaman evdən götürdükləri mobil telefonu, əyinlərində olan şalvarı, əllərindəki əlcəkləri, taxta saplı mətbəx bıçağını və üzlərindəki papaq tipli qara rəngli maskaları su arxına tulladıqlarını qeyd etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əmisi Təqsirləndirilən şəxs2la birlikdə sirtli içki qəbul etdikdən sonra sonuncunun ona getməli olduqlarını bildirdiyini, haraya gedəcəkləri yerlə bağlı Təqsirləndirilən şəxs2 soruşmadığını, polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qaldığını, polis əməkdaşlarının əvvəlcə ayağının alt hissəsinə rezin dəyənəklə, daha sonra isə belində olan kəmərlə zərbələr endirərək onu döydüklərini, əynində olan şalvarı aşağıya tərəf endirib barəsində əxlaqsız hərəkətlər edəcəkləri ilə hədələdikləri üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmaq məcburiyyətində qaldığını, döyülmə nəticəsində onun bədənində xəsarətlərin yaranmadığını, fərdi yaşayış evinə gedən zaman əmisinin ona papaq deyil, maska verdiyini, həmin evə çatdıqdan sonra əmisi Təqsirləndirilən şəxs2 qeyd olunan evi göstərərək göstərilən evə daxil olacaqlarını dediyini, hadisə vaxtı onda və ya əmisində bıçaq olub-olmadığını xatırlamadığını, lentin alınmasında və həmin lentlə Zərərçəkmiş şəxs1 əl və qolunun bağlanmasında iştirak etmədiyini və əmisinin Zərərçəkmiş şəxs1 əl və qolunu lentlə bağlamasının şahidi olduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə təqsirləndirilən şəxslər ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydılar bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdilər. Lakin təqsirləndirilən şəxslər bu barədə heç kəsə məlumat verməmişlər. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs2 adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 X2 qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Habelə Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 X2 qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində “sağ baldır nahiyəsinin ön səthində 01 ədəd, sağ bud nahiyəsinin arxa səthində 02 ədəd qartmaqlaşmış yara” xəsarətləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin xəsarətlərlə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşlarının əvvəlcə ayağının alt hissəsinə rezin dəyənəklə, daha sonra isə belində olan kəmərlə zərbələr endirərək onu döydüklərini qeyd etmişdir. Həmin xüsusatla bağlı şahid qismində dindirilmiş X5 ifadəsində Təqsirləndirilən şəxs1 müayinə edən zaman aşkar olunmuş xəsarətləri özünün qeyd etdiyini, təqsirləndirilən şəxs penitensiar müəssisəyə daxil olarkən bədəninə və üzərinə baxış keçirildiyini, təqsirləndirilən şəxsin bədənində hər hansı xəsarət olduğu halda akt tərtib olunduğunu, Təqsirləndirilən şəxs1 aşkar olunmuş xəsarətlərin yaranma vaxtını müəyyən edə bilmədiyini və xəsarətlərin hansı şəraitdə yaranmasını əməliyyat şöbəsinin müəyyən etdiyini qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində tərtib olunmuş 5376 nömrəli şəxsi iş götürülərək məhkəmə iclasında tədqiq olunmuş və həmin şəxsi işdən aktın, xüsusi məlumatın, məlumatın və Təqsirləndirilən şəxs1 izahatının surətləri çıxarılaraq cinayət işinin materiallarına əlvə edilmişdir. Qeyd olunan şəxsi işdə olan aktdan, xüsusi məlumatdan və məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 X2 qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində “sağ baldır nahiyəsinin ön səthində 01 ədəd, sağ bud nahiyəsinin arxa səthində 02 ədəd qartmaqlaşmış yara” xəsarətləri aşkar edilmiş və Təqsirləndirilən şəxs1 həmin xəsarətləri tutulmamışdan əvvəl, yəni hələ azadlıqda olan zaman aldığını bildirmişdir. Eləcə də Təqsirləndirilən şəxs1 izahatından görünür ki, o, yuxarıda qeyd olunan xəsarətlərin tutulmamışdan əvvəl yarandığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən zərbələrin vurulduğunu qeyd etdiyi nahiyələrində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun hər hansı xəsarət aşkar olunmamış, X2 qəbul olunan zaman onun bədən səthində aşkar olunmuş “sağ baldır nahiyəsinin ön səthində 01 ədəd, sağ bud nahiyəsinin arxa səthində 02 ədəd qartmaqlaşmış yara” xəsarətləri isə tutulmamışdan əvvəl aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sağ baldır nahiyəsinin ön səthində 01 ədəd, sağ bud nahiyəsinin arxa səthində 02 ədəd qartmaqlaşmış yara” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Beləliklə, təqsirləndirilən şəxslərin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadəsinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadənin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı qeyd etdiklərinin, eləcə də zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onların tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxslər cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib onlara həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ucar rayonunun Çiyni kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir, 27 iyun 2016-cı ildə doğulmuş Banu Kərimova və 10 iyun 2018-ci ildə doğulmuş Fidan Kərimova onun himayəsindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 Ucar rayonunun Çiyni kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Həsənova X7 rayonunun Çiyni kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halın olmasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxslərin şəxsiyyətini, təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, qeyd olunan cinayətlərin törədilməsində təqsirli şəxslərin rollarını, iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, vurulmuş zərərin həcminə və xarakterinə təsirlərini nəzərə alaraq onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaların təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxslər həmin cəzaları real olaraq çəkməklə islah oluna bilərlər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində göstərilən cinayət əməlləri ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 03 ay 23 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 03 ay 23 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 03 ay müddətə uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 03 ay müddətə uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaların başlanğıcı onların şübhəli şəxs qismində tutulduqları 15 fevral 2023-cü il tarixdən hesablanmalı və onların həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır, lakin onun həmin mərkəzdə qeydiyyatda olması nəzərə alınmalıdır. Həmçinin məhkəmə cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 yaşadığı evin eyvanında və yataq otağında olan masaların üzərindən aşkar edilmiş təqsirləndirilən şəxslər tərəfindən əl-qolunun və sifətinin bağlandığı yapışqan lentlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs1 yaşadığı evin giriş pilləkanlarının üzərindən aşkar edilmiş yapışqan lentlər, eləcə də yataq otağının qapısının üzərindən iki ədəd, həmin otaqda yerdə olan şəffaf rəngli sellofan torbanın üzərindən isə iki ədəd olmaqla ümumilikdə aşkar edilmiş 04 ədəd əl-barmaq izləri və baş vermiş hadisədən əvvəl Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinin qeydə alındığı bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia verilməmişdir. Lakin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 ümumilikdə 5034 manat məbləğində maddi ziyan vurulmuş və ödənilməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddia verməsələr də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan həmin zərərçəkmiş şəxsin xeyrinə təqsirləndirilən şəxslərdən tutulmalıdır. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 07 nömrəli Qərarının 66-cı bəndində göstərilmişdir ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin CPM-in 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, CPM-in 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. CPM-in 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 vurulmuş və ödənilməmiş 5034 (beş min otuz dörd) manat maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 2517 (iki min beş yüz on yeddi) manat tutularaq Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 25 (iyirmi beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 yaşadığı evin eyvanında və yataq otağında olan masaların üzərindən aşkar edilmiş təqsirləndirilən şəxslər tərəfindən əl-qolunun və sifətinin bağlandığı yapışqan lentlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs1 yaşadığı evin giriş pilləkanlarının üzərindən aşkar edilmiş yapışqan lentlər, eləcə də yataq otağının qapısının üzərindən iki ədəd, həmin otaqda yerdə olan şəffaf rəngli sellofan torbanın üzərindən isə iki ədəd olmaqla ümumilikdə aşkar edilmiş 04 ədəd əl-barmaq izləri və baş vermiş hadisədən əvvəl Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinin qeydə alındığı bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 vurulmuş və ödənilməmiş 5034 (beş min otuz dörd) manat maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 2517 (iki min beş yüz on yeddi) manat tutularaq Zərərçəkmiş şəxs2 qaytarılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 25 (iyirmi beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar