Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-47/2024 11.01.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxx 1992-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Yevlax rayonunun Havarlı kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməklə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə külli miqdarda 1520,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib qanunsuz olaraq qara rəngli sellafon torbada saxlamış, 09 may 2023-cü il tarixdə saat 22:05-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, istehlakı və satışında şübhəli bilindiyinə görə Yevlax rayonunun Quşçu kəndində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin tarixdə saat 23:00-dan saat 23:35-dək olan müddət ərzində orada videoçəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 01 (bir) ədəd qara rəngli sellofan torbada 1520,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər metamfetamindən istifadə etsə də azadlıqdan məhrumetmə növündə cəzanı çəkdikdən sonra istifadə etməmiş və istifadəsində 070 431- 19-09 mobil telefon nömrəsi olmuşdur. 09 may 2023-cü il tarixdə saat 21:00 radələrində Yevlax rayonunun Xaldan qəsəbəsindən Ağdaş şəhəri istiqamətində yol ilə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları üzərində şəxsi axtarış aparıb mobil telefonunu əlindən almışlar. Daha sonra polis şöbəsinə aparılmış və orada olan zaman polis əməkdaşları ona mobil telefonunda olan üç ədəd fotoşəkli və yazışmaları göstərərək İran İslam Respublikasının vətəndaşı ilə əlaqəsinin olduğunu bildirmişlər. Polis əməkdaşlarının dedikləri həqiqət olmamış, İran İslam Respublikasının vətəndaşı ilə aralarında yazışma olmuşdursa onun yazdıqları mətnlər və səs yazıları onun mobil telefonunun “WhatsApp” tətbiqində qalmalı olduğu halda, qeyd olunan məlumatlar aşkar olunmamışdır. O, İran İslam Respublikasının vətəndaşı ilə danışmamışdır və ibtidai istintaq zamanı onun İran İslam Respublikasının vətəndaşına yazdığı deyil, həmin vətəndaşdan ona gələn mesajlar göstərilmişdir və həmin yazışmalar da polis əməkdaşları tərəfindən təşkil olunmuşdur. Ona yazılan mesajları və göndərilən fotoşəkilləri polis şöbəsinə aparıldıqdan sonra görmüş və fotoşəkillər ona polis əməkdaşları tərəfindən saxlanıldığı tarixdə göndərilmişdir. Fotoşəkillər onun mobil telefonuna polis əməkdaşları tərəfindən saxlanıldığı tarixdən əvvəlki gün gəlmiş olsaydı, onları görməmək ehtimalı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onda narkotik vasitə heroin olmamış və həmin narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirilmişdir. Onda 1500 qram narkotik vasitə olsaydı yaşadığı ev daha təmirli vəziyyətdə olardı, habelə narkotik vasitələrin satışı ilə məşğul olsaydı üzərindən tərəzi aşkar edilərdi və ya satdığı şəxslər müəyyən olunardı. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları əllərini və ayaqlarını bağlayıb rezin dəyənəklə ayağının alt hissəsinə və baş nahiyəsinə zərbələr endirərək onu döymüşlər. Qeyd olunan səbəblərə görə, habelə polis əməkdaşı Şahid2 onu aldadaraq CM-in 234.1-ci maddəsi ilə ittiham olunacağını dediyi üçün narkotik vasitənin özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qalmışdır. Sonradan penitensiar müəssisəyə daxil olan zaman həkim tərəfindən yoxlanılmamışdır, habelə barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən istifadə edir. Təxminən 3-4 ay əvvəl Mingəçevir şəhərində yerləşən “Baku Electronics”dən “Redmi Note 10” markalı mobil telefon almış və bu zaman mobil telefonda “WhatsApp” tətbiqi olmuşdur. O, həmin tətbiqə daxil olan zaman İran əlifbasının hərfləri ilə mesajların yazıldığını görmüş və həmin İran İslam Respublikasına aid mobil telefon nömrəsinə sual işarəsini göndərmiş, daha sonra qeyd olunan nömrədən ona Azərbaycan dilinə tərcümə edilmiş şəkildə narkotik maddələrin alğısatqısı ilə məşğul olması barədə mesaj göndərilmişdir. O, narkotik vasitədən istifadə etdiyi üçün həmin şəxsdən narkotik vasitə almaq qərarına gəlmiş və qeyd olunan şəxslə 03 ay müddətində “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Daha sonra o, həmin şəxsdən narkotik vasitə göndərməsini xahiş etmiş, özünü Rza kimi təqdim edən qeyd olunan İran İslam Respublikasının vətəndaşı olan şəxs isə 09 may 2023-cü il tarixdə ona narkotik vasitə göndərəcəyini, göstərilən narkotik maddəni özünün təyin etdiyi yerə qoyaraq ona məlumat verəcəyini demiş, narkotik vasitəni götürdükdən sonra bunun qarşılığında ona göndərdiyi plastik kartın hesabına 1000 manat məbləğində pul köçürməsini ondan xahiş etmiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. 09 may 2023-cü il tarixdə həmin şəxs ona narkotik vasitəni Yevlax rayonunun Quşçu kəndində yerləşən kənd qəbirstanlığına qoyduğunu bildirmiş və “WhatsApp” tətbiqi vasitəsilə həmin yerin fotoşəkilləri ona göndərmişdir. Bundan sonra o, həmin yerə gedib orada olan qara rəngli sellofona bükülüdə olan narkotik vasitə heroini götürmüş və yaşadığı Yevlax rayonunun Havarlı kəndinə gedən zaman polis əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitələri əldə etməsində, üzərində saxlamasında və satmasında şübhəli olduğunu deyərək onu Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. Daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman qara rəngli gödəkçəsinin iç hissəsinə qoyduğu içərisində narkotik vasitə heroin olan qara rəngli büküm aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O, aşkar olunmuş narkotik vasitəni özü üçün istifadə etmək məqsədi ilə saxlamış, heç kəsə narkotik vasitə heroin satmamış və satmaq məqsədi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 09 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etməsi, daşıması, saxlaması və istehlak etməsi barədə 09 may 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə Yevlax rayonunun Quşçu kəndində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçəsinin iç hissəsinə qoyduğu içərisində narkotik vasitə heroin olan 01 ədəd qara rəngli büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu, narkotik vasitədən istifadə etdiyini, həmin narkotik vasitəni bu məqsədlə üzərində saxladığını, satış məqsədinin olmadığını, həmin kütləni 09 may 2023-cü il tarixdə saat 21 radələrində Yevlax rayonunun Quşçu kəndinə məkan-xəritə vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxsin göndərdiyini və həmin şəxslə aralarında olan razılığa əsasən 1000 manat məbləğində pulu plastik kartın hesabına köçürdüyünü bildirmişdir. Daha sonra elektron tərəzi vasitəsilə çəkilən zaman narkotik vasitənin çəksinin 01 kq 548 qram olması müəyyən edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş X5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 may 2023-cü il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə Yevlax rayonunun Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 09 may 2023-cü il tarixli qərardan görünür ki, Yevlax rayonunun Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 may 2023-cü il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Yevlax rayonunun Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması şübhəsi ilə həmin tarixdə sat 22:05-də Yevlax rayonunun Quşçu kəndində yerləşən qəbirstanlığın yaxınlığında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 09 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçəsinin iç hissəsinə qoyduğu içərisində narkotik vasitə heroin olan 01 ədəd qara rəngli büküm aşkar edilmişdir. Şəxsi axtarışın aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 10 may 2023-cü il tarixli 17/389 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər 01 ədəd qara sellofana bükülmüş bükülü” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki üzəri yapışqan lentlə sarınmış 01 (bir) ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi 1520,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona və mobil telefonun yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında 11 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Redmi Note 10” markalı mobil telefona baxış keçirilmiş, bu zaman mobil telefonun foto qalereyasında olan olan fotoşəkillərə baxıldıqda 01 ədəd bükülünün fotoşəklinin və bükülünün yerləşdirilməsinə işarə edən yaşıl rəngli ox işarəsi çəkilmiş fotoşəkillərin olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 10 avqust 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olması və narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları daxil olsa da onun üzərindən aşkar olunmuş narkotik vasitələri haradan və kimdən əldə etməsini və kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 avqust 2023-cü il tarixli 1363 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və narkotik vasitə heroinin əldə olunma mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi haqqında 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 02 avqust 2023-cü il tarixli 577 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdən həmin dispanserdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Psixonevroloji Dispanserindən daxil olmuş 03 avqust 2023-cü il tarixli 1023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar, təmiz halda 800 qram və daha artıq çəkidə narkotik vasitə heroin isə xüsusilə külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə külli miqdarda 1520,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib qanunsuz olaraq qara rəngli sellafon torbada saxlamış, 09 may 2023-cü il tarixdə saat 22:05-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, istehlakı və satışında şübhəli bilindiyinə görə Yevlax rayonunun Quşçu kəndində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin tarixdə saat 23:00-dan saat 23:35-dək olan müddət ərzində orada videoçəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 01 (bir) ədəd qara rəngli sellofan torbada 1520,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmiş, narkotik vasitənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” yeni redaksiyada verilmiş, nəticədə yenə də təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etsə də artıq təmiz halda 800 qram və daha artıq çəkidə narkotik vasitə heroin isə xüsusilə külli miqdar təşkil etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxta münasibətdə hazırda onun əməli ağırlaşmışdır. Belə ki, CM-in 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3- 1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 234.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdırdığından, habelə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən yuxarıda adı çəkilən Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz və qeyd olunan səbəblərə görə Təqsirləndirilən şəxs törətdiyi həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 09 may 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Yevlax rayonunun Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 09 may 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir Beləliklə də, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməklə saxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək tutulmamışdan təxminən 3-4 ay əvvəl Mingəçevir şəhərində yerləşən “Baku Electronics”dən “Redmi Note 10” markalı mobil telefon aldığını, bu zaman mobil telefonda “WhatsApp” tətbiqinin olduğunu, həmin tətbiqə daxil olan zaman İran əlifbasının hərfləri ilə mesajların yazıldığını gördüyünü, qeyd olunan İran İslam Respublikasına aid mobil telefon nömrəsinə sual işarəsini göndərdiyini, sonra həmin nömrədən ona Azərbaycan dilinə tərcümə edilmiş şəkildə narkotik maddələrin alğısatqısı ilə məşğul olması barədə mesaj göndərildiyini, narkotik vasitədən istifadə etdiyi üçün həmin şəxsdən narkotik vasitə almaq qərarına gəldiyini, qeyd olunan şəxslə 03 ay müddətində “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxladığını, daha sonra həmin şəxsdən narkotik vasitə göndərməsini xahiş etdiyini, özünü Rza kimi təqdim edən qeyd olunan İran İslam Respublikasının vətəndaşı olan şəxsin 09 may 2023-cü il tarixdə ona narkotik vasitə göndərəcəyini, həmin narkotik maddəni özünün təyin etdiyi yerə qoyaraq ona məlumat verəcəyini dediyini, narkotik vasitəni götürdükdən sonra bunun qarşılığında ona göndərdiyi plastik kartın hesabına 1000 manat məbləğində pul köçürməsini ondan xahiş etdiyini, sonuncunun bu təklifi ilə razılaşdığını, 09 may 2023-cü il tarixdə həmin şəxsin ona narkotik vasitəni Yevlax rayonunun Quşçu kəndində yerləşən kənd qəbirstanlığına qoyduğunu bildirdiyini və “WhatsApp” tətbiqi vasitəsilə həmin yerin fotoşəkillərini ona göndərdiyini, bundan sonra həmin yerə gedib orada olan qara rəngli sellofona bükülüdə olan narkotik vasitə heroini götürdüyünü və yaşadığı Yevlax rayonunun Havarlı kəndinə gedən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, narkotik vasitəni özü istifadə etmək məqsədi ilə saxladığını, heç kəsə narkotik vasitə heroin satmadığını və satmaq məqsədinin olmadığını desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə əvvəllər metamfetamindən istifadə etməsinə baxmayaraq azadlıqdan məhrumetmə növündə cəzanı çəkdikdən sonra istifadə etmədiyini, istifadəsində 070 431-19-09 mobil telefon nömrəsinin olduğunu, 09 may 2023-cü il tarixdə saat 21:00 radələrində Yevlax rayonunun Xaldan qəsəbəsindən Ağdaş şəhəri istiqamətində yol ilə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşlarının üzərində şəxsi axtarış aparıb mobil telefonunu əlindən aldıqlarını, daha sonra polis şöbəsinə aparıldığını və orada olan zaman polis əməkdaşlarının ona mobil telefonunda olan üç ədəd fotoşəkli və yazışmaları göstərərək İran İslam Respublikasının vətəndaşı ilə əlaqəsinin olduğunu bildirdiyini, polis əməkdaşlarının dediklərinin həqiqət olmadığını, İran İslam Respublikasının vətəndaşı ilə aralarında yazışma olduğu halda onun yazdıqları mətnlərin və səs yazılarının onun mobil telefonunun “WhatsApp” tətbiqində qalmalı olduğu halda, qeyd olunan məlumatların aşkar olunmadığını, İran İslam Respublikasının vətəndaşı ilə danışmadığını və ibtidai istintaq zamanı onun İran İslam Respublikasının vətəndaşına yazdığı deyil, həmin vətəndaşdan ona gələn mesajların göstərildiyini və həmin yazışmaların da polis əməkdaşları tərəfindən təşkil olunduğunu, ona yazılan mesajları və göndərilən fotoşəkilləri polis şöbəsinə aparıldıqdan sonra gördüyünü, fotoşəkillərin ona polis əməkdaşları tərəfindən saxlanıldığı tarixdə göndərildiyini, fotoşəkillər onun mobil telefonuna polis əməkdaşları tərəfindən saxlanıldığı tarixdən əvvəlki gün gəlmiş olsaydı, onları görməmək ehtimalının olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman onda narkotik vasitə heroinin olmadığını və həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirildiyini, onda 1500 qram narkotik vasitə olsaydı yaşadığı evin daha təmirli vəziyyətdə olmalı olduğunu, habelə narkotik vasitələrin satışı ilə məşğul olsaydı üzərindən tərəzinin aşkar edilməli olduğunu və ya satdığı şəxslərin müəyyən edilməli olduğunu, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qaldığını və polis əməkdaşlarının əllərini və ayaqlarını bağlayıb rezin dəyənəklə ayağının alt hissəsinə və baş nahiyəsinə zərbələr endirərək onu döydüklərini, qeyd olunan səbəblərə görə, habelə Şahid2 onu aldadaraq CM-in 234.1-ci maddəsi ilə ittiham olunacağını dediyi üçün narkotik vasitənin özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qaldığını, sonradan penitensiar müəssisəyə daxil olan zaman həkim tərəfindən yoxlanılmadığını, habelə barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə narkotik vasitənin ona məxsus olmadığını bildirdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı bir qeyd aparılmamışdır. Eləcə də ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmiş, lakin həbs olunmamışdan əvvəl aldığı “sol saiddə çoxsaylı köhnə çapıq toxuma” xəsarətləri aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bədən səthində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun hər hansı xəsarət aşkar olunmamış, müayinə olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlər isə tutulmamışdan əvvəllər aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sol saiddə çoxsaylı köhnə çapıq toxuma” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinə 09 may 2023-cü il tarixdə saat 22:30 radələrində gətirilmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus olan 070 431-19-09 mobil telefon nömrəsinin anten əhatə dairəsinə dair məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsi 09 may 2023cü il tarixdə saat 23 radələrində, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt Yevlax rayonunun ərazisində olmuşdur. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntünün əks olunduğu disk məhkəmə iclas zalında görüntülü şəkildə nümayiş etdirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ilə yanaşı üzərindən aşkar edilmiş mobil telefona da baxış keçirilmiş, bu zaman mobil telefonun “WhatsApp” tətbiqinə göndərilmiş məlumatlar tədqiq olunarkən fotoşəkillərin ona polis əməkdaşları tərəfindən saxlanıldığı 09 may 2023-cü il tarixdə deyil, həmin tarixdən bir gün qabaq olmaqla 08 may 2023-cü il tarixdə göndərildiyi müəyyən olunmuşdur. Bunlardan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, narkotik vasitə ilə bağlı İran İslam Respublikasının vətəndaşı ilə telefonla əlaqə saxladığını, həmin şəxsin narkotik vasitəni qoyduğu yerin fotoşəklini və ünvanını ona göndərdiyini, qeyd olunan yerə gedərək narkotik vasitənin orada olduğunu gördüyünü, lakin götürmədiyini və bu zaman polis əməkdaşları tərəfindən saxlanıldığını qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraiti ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə, habelə narkotik vasitəni əldə etməsinin məqsədi ilə bağlı isə ibtidai istintaq zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraiti ilə bağlı ibtidai istintaq zamanı qeyd etdiklərinin, eləcə də digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroinin aşkar edilməsini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan heroini əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsifi düzgündür. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonunun Havarlı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Rəhimov X1 Şəhər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən həmin cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənilmədiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin residivinin olmasını, narkotik vasitənin çəkisinin çox olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsində əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 09 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı həmin tarixdə saat 22:05-dən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 09 may 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 09 may 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1519,800 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Note 10” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1519,800 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Note 10” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-47/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-47/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver