Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-48/2022 08.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7,097 qram miqdarında narkotik vasitə olan heroini, 1 ədəd üzərində “Methadone 40” yazısı olan (1 ədəd həbin tərkibində metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram) qəhvəyi rəngli, dairəvi formalı həb formasında olmaqla sintetik narkotik vasitə olan metadonu, 0,032 qram miqdarında psixotrop maddə olan metamfetamini və qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq üzərində «225mq» yazılan 2 ədəd qırmızı rəngli dairəvə formalı həblərdə 0,450 qram (bir ədəd həbdə tramadolun təsir miqdarının mqdarı 0,225 qram) narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadolu əldə edərək yaşadığı ünvan 1-də yataq otağında masanın üzərində saxlamış, Yevlax Rayon Polis Şöbəsinin və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 06 avqust 2021-ci il tarixdə saat 19:00 dəqiqədən saat 19:45 dəqiqəyədək olan müddət ərzində həmin evə video çəkilişlə keçirilmiş baxış zamanı yataq otağındakı masanın üzərindən bir ədəd sellofan bükümdə Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə əldə edib saxladığı cəmi külli miqdarda 7,097 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd göyağ rəngli kağız bükümdə 0,032 qram miqdarında psixotrop maddə olan metamfetamin, 1 ədəd üzərində “Methadone 40” yazısı olan qəhvəyi rəngli, dairəvi formalı həb formasında sintetik narkotik vasitə olan metadon və üzərində «225mq» yazısı olan 2 ədəd qırmızı rəngli həblərdə 0,450 qram narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadol və üzərində heroin hissəcikləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü evdə olan vaxt qəfildən polis əməkdaşları evə daxil olaraq onu saxlamış və evə narkotik vasitə, metadon həbləri və psixotrop maddə metamfetamin, elektron tərəzi qoyaraq təzyiq göstərmiş, həmin kütlələrin və tərəzinin ona məxsus olması barədə ifadə verməsini tələb etmişlər. Evdən aşkar olunan həmin maddələr və tərəzi Daxili İşlər Nazirliyinin Baş Narotiklərlə Mübarizə İdarəsinə bilavəsitə tabe olan Qərb bölgəsində regonal şöbənin əməkdaşları tərəfindən onun evinə qoyulmuş və təzyiq nəticəsində həmin narkotik vasitənin özünə məxsus olması barədə ifadə vermişdir. Qeyd edilənlərə əsasən məhkəmədən barəsində ədalətli qərar olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğunundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, əvvəllər bir neçə dəfə narkotik vasitələrə görə məhkum olunmuşdur. Son vaxtlar o narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Təxminən 5-6 gün əvvəl Bakı şəhərində «Vasmoy» adlanan bazarda tanımadığı şəxsdən 1 qramını 22 manata olmaqla 3-4 qram bir bükümdə narkotik vasitə olan heroin almış, istifadə etmək üçün özündə saxlamış, daha sonra yaşadığı Yevlax şəhəri Yeni Yevlax küçəsi ev 5 mənzil 3-də yataq otağında masanın üzərinə qoymuş və arada bir həmin heroindən istifadə etmişdir. 06 avqust 2021-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı evdə olarkən qapı döyülmüş, qapını açan zaman qapını döyən şəxslərin polis əməkdaşları olduğunu görmüş, polis əməkdaşları ona narkotik vasitələrin saxlamasında və satışında şübhəli olduğunu deyərək evə baxış keçirmək istədiklərini bildirmiş, o da də yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirərək bu barədə ərizə yazmış, həmin vaxt bir nəfər polis əməkdaşı da videokamera vasitəsi ilə çəkiliş aparmış, bundan sonra o polis əməkdaşlarını yaşadığı evdə yataq otağına aparmış və masanın üzərindəki bir ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroini təqdim edərək heroin olduğunu bildirmiş, polis əməkdaşları həmin bükülünün içərisindəki kütləyə baxaraq narkotik vasitə olan heroinə bənzədiyini demiş, həmin kütlə kağız bükülüdə elektron tərəzidə çəkilmiş, çəkisi 7,70 qram olmuş, daha sonra polis əməkdaşları masanın üstündə olan bir ədəd kağız bükümdə olan kütləni ona göstərərək nə olduğunu soruşmuş, o da həmin kütlənin limon duzu olduğunu bildirmiş, həmin bükülülərdəki kütlələr qablaşdırıraq zərfə qoyulub möhürlənmiş, bundan başqa polis əməkdaşları onun istifadə etdiyi dərmanları və narkotik vasitə olan heroini bədəninə vuran zaman istifadə etdiyi şprisləri, masanın üzərində olan eletron tərəzini və dərman həblərini də qablaşdırıraq götürmüş, bu barədə protokol tərtib edilərək, ucadan oxunmuş, o da digər iştirakçılarla birlikdə protokolu imzalamış, bundan sonra polis əməkdaşları ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 avqust 2021-ci il tarixdə ünvan 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs hal-hazırda yaşadığı evdə olması və onun narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, o bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə təxminən saat 19 radələrində ünvan 2 ünvanına getmiş, Etibara videoçəkiliş vasitəsilə evinə baxış keçirilməsinin vacibliyi bildirilmiş, Etibar da evinə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə etirazı olmadığını bildirirək bu barədə ərizə yazmış, bundan sonra onlar baxışa başlamış, baxış zamanı Etibarın yataq otağında olarkən Etibar stolun üstündə olan 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli kütləni təqdim edərək həmin kütlənin heroin olmasını, 1 ədəd ağ rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddəni göstərərək həmin maddənin limon duzu olmasını bildirmiş, daha sonra isə əlavə olaraq 3 ədəd psixotrop maddə olan metamfetaminə bənzər dərmanı, 1 ədəd şəffaf şüşə flakonu, 4 ədəd şprisi, 1 ədəd alışqanı və 1 ədəd dərman şüşəsində olan çoxlu sayda olan dərmanı və masanın üzərində olan elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr, əşyalar və elekron tərəzi əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş, sorğu-sual zamanı Etibarın özü həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini Bakı şəhəri “Vasmoy” bazarı adlanan bazardan tanımadığı şəxsdən 22 manata aldığını və məqsədinin gələcəkdə istifadə etməsi olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş həmin kütlələr və əşyalar müdafiəçinin iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 06.08.2021-ci il tarixli “Raport”dan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə heroin əldə etməsi, saxlaması, istehlakı və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan 06.08.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Yevlax şəhəri, Yeni Yevlax küçəsi, ev 5, mənzil 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 5). Cinayət işinin materiallarında olan 11.07.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Yeni Yevlax küçəsi, ev 5, mənzil 3 ünvanında yerləşən evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 06.08.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə video çəkilişlə sonuncunun yaşadığı Yevlax şəhəri, Yeni Yevlax küçəsi, ev 5, mənzil 3 ünvanında yerləşən evə baxış keçirilmiş və baxış zamanı 7,097 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd göy-ağ rəngli kağız bükümdə 0,032 qram miqdarında psixotrop maddə olan metamfetamin, 1 ədəd üzərində “Methadone 40” yazısı olan qəhvəyi rəngli, dairəvi formalı həb formasında sintetik narkotik vasitə olan metadon və üzərində «225mq» yazısı olan 2 ədəd qırmızı rəngli həblərdə 0,450 qram narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadol və üzərində heroin hissəcikləri olan elektron tərəzi aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (cild 01, iş vər. 11-14). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 07.08.2021-ci il tarixli, 17/585 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 7,097 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan – heroindir. 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,032 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Tədqiqata təqdim edilmiş zərfin içərisində, açıq vəziyyətdə 03 (üç) ədəd həblərin və şüşə qabın içərisində 12 (on iki) ədəd bütöv, həmçinin 04 (dörd) ədəd yarım həblərin tərkibini müvafiq laboratoriya cihazı olmadığından təyin etmək mümkün olmadı. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 01 (bir) ədədə başlığı qırıq şüşə ampulanın içərisindən aşkar edilmiş cüzi miqdarda maddə hissəcikləri – heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. 03 (üç) ədəd 1 ml-lik şprislərdən aşkar edilmiş cüzi miqdarda olan maye qalıqları –heroin məhlulunun qalıqlarıdır. Həmin heroin məhlulu qalıqları cüzi miqdarda olduğuna görə tərkibindəki heroinin quru maddəsinin təmiz çəkisini müəyən etmək mümkün olmadı. 01 (bir) ədəd 1 ml-lik şprisdən və 1 (bir) ədəd alışqanın üzərindən narkotik vasitə və psixotrop maddə qalıqları aşkar edilmədi (cild 01, iş vər. 36-37). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 11 oktyabr 2021-ci il tarixli 17/732 saylı rəyindən görünür ki, 01 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri – heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş -1 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin obyekti ilə təqdim edilmiş 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan heroinin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı (cild 01, iş vər. 131-134). Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 22 sentyabr 2021-ci il tarixli 6/3849 saylı rəyindən görünür ki, “225 mq” yazılan 2 ədəd qırmızı rəngli, dairəvi formalı həb güclü təsir edən maddə olub, 2 ədəd həbin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,450 qramdır. Həmin zərfdə olan üzərində “Methadone 40” yazılan 1 ədəd qəhvəyi rəngli, dairəvi formalı həb sintetik narkoti vasitə - metadondur. Üzərində olan göstəricilərə əsasən 1 ədəd həbin tərkibində metadonun təsiredici maddəsinin miqdarı 0,04 qramdır. Üzərində “Tuzerüin 25 mq” yazılan şüşə qabda 12 ədəd bütöv və 4 ədəd yarım olan, ağ rəngli dairəvi formalı həblər narkotik vasitə, psixotrop maddələrə, zəhərli və güclü təsir edən maddələrə aid deyildir (cild 01, iş vər. 125-128). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər X4 rayon Narkoloji Kabineti tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2003-cü ildən Yevlax rayon Narkoloji Kabinetdə qeydiyyatda durur. (cild 01, iş vər. 70) Cinayət işinin materiallarında olan Mingəçevir şəhər X1 rayon Psixo-Nevroloji Kabineti tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs baş beyinin zədələnməsi nəticəsində davranış pozuntuları diaqnozu ilə Psixo-Nevroloji Kabinetdə qeydiyyatda dayanır. (cild 01, iş vər. 71) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2021-ci il tarixli 1257 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicəyə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 139). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası psixonevroloji dispanserinin 10 avqust 2021-ci il tarixli 447 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır (cild 01, iş vər. 105-106). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 06.08.2021-ci il tarxdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə heroin əldə etməsi, saxlaması, istehlakı və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərar alınmış, Təqsirləndirilən şəxs yaşadığı evə gedilmiş, video çəkilişlə evə baxış keçirilmiş və baxış nəticəsində 7,097 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd göyağ rəngli kağız bükümdə 0,032 qram miqdarında psixotrop maddə olan metamfetamin, 1 ədəd üzərində “Methadone 40” yazısı olan qəhvəyi rəngli, dairəvi formalı həb formasında sintetik narkotik vasitə olan metadon və üzərində «225mq» yazısı olan 2 ədəd qırmızı rəngli həblərdə 0,450 qram narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadol və üzərində heroin hissəcikləri olan elektron tərəzi aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş maddələr ekspertizaya təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərək narkotik maddənin, metadon həblərinin, metamfetaminin, elektron tərəzinin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən təsirə məruz qalması və məcbur qalıb etirafedici ifadələr verməsi barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası göstərilənlərlə razılaşmır və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təsirə məruz qalması ilə bağlı hər hansı halın aşkar olunmadığını, sonuncunun evinə baxış keçirilərkən, habelə istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilərkən bu barədə heç bir məlumat vermədiyini, sonrakı müddətdə heç bir hüquq mühafizə orqanlarına müraciət etmədiyini əsas götürərək şəxsin qeyd etdiklərini müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin evindən aşkar olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, evdən həmçinin metadon həbləri və psixotrop maddə metamfetaminin aşkar olunması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin evindən aşkar olunan narkotik vasitə, metadon həbləri və psixotrop maddə metamfetamin şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və müvafiq qaydada qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və əksinə şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin isə işin faktiki halları ilə üst-üstə düşməsi halını, habelə digər sübut növləri ilə təsdiq olunmasını nəzərə alaraq məhz həmin ifadələri həqiqəti əks etdirən ifadə kimi qəbul edir və ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Yeni Yevlax küçəsi, ev 5, mənzil 3 ünvanında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 94-95). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti 23 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 28.01.2016-cı il tarixli müayinə olunan şəxs barədə məlumata dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlillik müəyyən olunmuşdur (cild 01, iş vər. 97). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər üç dəfə məhkum olunmuş, sonuncu dəfə Yevlax Rayon Məhkəməsinin 02.06.2011-ci il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.09.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş və qanunla müəyyən edilmiş qaydada götürülmüşdür (cild 01, iş vər. 121-122). Beləliklə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal onun ikinci dərəcəli əlil olmasıdır. Təqsirləndirilən şəxsin əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini, yəni əvvəllər dəfələrlə məhkum olunmasına baxmayaraq nəticə çıxarmayıb yenidən bu dəfə qəsdən ağır cinayət əməli törətməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, eyni zamanda həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 06.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 23-24). Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 08.08.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə əvvəli 06.08.2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 65-67). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu 06.08.2021ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın rəyində göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəksə də, onda ikinci dərəcəli əlillik müəyyən edildiyindən, onun barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilməz. Odur ki, onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 7,047 qram heroin, 0,012 qram metamfetamin, 01 ədəd eletron tərəzi, 01 ədəd “Tramadol” 225 mq həbi, ½ ədəd “Metadon 40” həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 232,58 AZN (iki yüz otuz iki manat, əlli səkkiz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 06.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 7,047 qram heroin, 0,012 qram metamfetamin, 01 ədəd eletron tərəzi, 01 ədəd “Tramadol” 225 mq həbi, ½ ədəd “Metadon 40” həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 232,58 AZN (iki yüz otuz iki manat, əlli səkkiz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-48/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-48/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver