Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-48/2023 26.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1984-cü ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,116 qram psixotrop maddə olan metamfetamini istintaqla müəyyən olunmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 1000-da narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri H.Aslanov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün saat 1100 dəqiqədən saat 1130 dəqiqəyədək müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli üzərində L və R hərfləri olan plastmas qabın içərisində açıq halda olan Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda 2,116 qram psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 avqust 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı Yevlax şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinə gedib orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibində olan ağ rəngli qabın içərisində saxladığı psixotrop maddə olan metamfetamin aşkar edilərək qabla birlikdə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Həmin psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə Yevlax şəhər ərazisində yerləşən “dəvəçi” qəbiristanlığından içərisində olduğu ağ rəngli qabla birlikdə tapmış, metamfetamin istifadəçisi olduğu üçün şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkili işləyən X1 ifadəsində göstərmişdir ki, 04 avqust 2022-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında əməliyyat qrupuna daxil olan Post Patrul Xidmət Bölüyünün polis nəfəri, Şahid2 ilə birlikdə həmin vaxt Yevlax şəhəri H.Aslanov küçəsində yerləşən Təqsirləndirilən şəxs yaxınlaşaraq qanunsuz olaraq üzərində psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirərək onlarla birlikdə rayon Polis Şöbəsinə gəlməsini bildirmişlər. Təqsirləndirilən şəxs Yevlax rayon Polis Şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd iki gözlü üzərində L və R hərfi olan ağ rəngli plastmas qutunu təqdim etmişdir. Plastmas qutunu açıb içərisinə baxdıqda bir gözünün içərisində ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə axşam saatlarında Yevlax şəhəri ərazisində yerləşən Dəvəçi qəbirstanlığında yerdən tapdığını, psixotrop maddə istifadəçisi olduğu üçün həmin maddəni istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş şahid Yevlax rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri işləyən Şahid2 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/612 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd plastmas qabda, təmiz çəkisi – 2,116 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 avqust 2022-ci il tarixli 1219 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 04 avqust 2022-ci il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd iki gözlü üzərində L və R hərfi olan ağ rəngli plastmas qutu aşkar edilmiş, bundan sonra Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, onun üzərindən hər hansı bir şübhəli əşya və ya predment aşkar edilməmişdir. Bir ədəd iki gözlü üzərində L və R hərfi olan ağ rəngli plastmas qutunu açıb içərisinə baxdıqda bir gözünün içərisində ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə, digər gözünün içərisində isə 1 ədəd bijuteriya boyunbağı olduğunu aşkar edilmişdir. Ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə plastmas qabla birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 14 qram olması müəyyən edildikdən sonra qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2010-cu ildə doğulmuş Xəzəl Zabitova, xx.xx.2012-ci ildə doğulmuş Mehriban Zabitova, xx.xx.2015-ci ildə doğulmuş Simuzər Zabitova, xx.xx.2018ci ildə doğulmuş Rəbiyət Zabitova və xx.xx.2021-ci ildə doğulmuş Hüseyn Zabitov adlı beş azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli PHŞ-2042/22 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbayca Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 3 saylı X8 filialı tərəfindən veriliş 25 avust 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ümumi səbəbdən İİİ dərəcəli əlilliyə görə sosial müavinət alır. İş materiallarına əlavə edilmiş 04 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1000-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, İİİ qrup əlil olması və himayəsində beş azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 26 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 2,066 qram miqdarında psixotrop maddə-metamfetamin məhv edilsin, bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas iclasında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-48/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-48/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver