Məhkəmə qərarları › İş №1(091)-49/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-49/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-49/2023 31.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək, ona 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağdaş şəhəri, H.Əliyev prospekti 85/43-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2,210 qram narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri saxlayaraq daşımaqda şübhəli olduğundan, Ağdaş Rayon Polis Şöbəsinə gətirilməklə, polis şöbəsinin Növbətçi Hissəsində xx.xx.2022-ci il tarixdə saat 00:08-dən 00:21-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd üzərində “Prima” yazısı olan siqaret qutusunun içərisindən satış məqsədi olmadan qanunsuz əldə edərək saxladığı külli miqdarda 1 ədəd selofan bükülüdə təmiz çəkisi 2,210 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılan zaman onun üzərində narkotik vasitə heroin olmuş, lakin ittiham aktında göstərilən miqdarda narkotik vasitə olmamışdır. Belə ki, onun üzərində yarım qramdan az narkotik vasitə olmuş, saxlanıldıqdan sonra polis şöbəsinə aparılmış və həmin vaxt üzərindən aşkar olunan narkotik vasitənin çəkisi polis əməkdaşları tərəfindən artırılmışdır. Əməlindən peşmandır və barəsində ədalətli qərar qəbul etməklə ona yüngül cəzanın təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əməliyyatçılar üzərindən aşkar olunan narkotik vasitənin çəkisini artırmış, həmin vaxt müdafiəçisi onun yanında olmamış, polis əməkdaşları üzərindən aşkar edilən narkotik vasitənin çəkisini artırdıqdan sonra müdafiəçisi gəlmiş və bu barədə müdafiəçisinə məlumat vermişdir. Üzərinə baxış keçirilməsində videoçəkiliş aparılmış, həmin vaxt müdafiəçisi yanında olmuş və müdafiəçisi videoçəkiliş əsnasında gəlmişdir. O, ibtidai istintaq zamanı ifadə verməmiş və ona təqdim olunan sənədlərə imza çəkmişdir. Saxlanılan vaxt üzərində yarım qramdan az heroin olmuş, ona olunan təzyiqlə bağlı hər hansı bir yerə müraciət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 2022-ci ilin iyul ayının ortalarında Bakı şəhəri Nizami rayonu xalqlar dostluğu parkında olan zaman oturacağın altında yerdən bir ədəd qara rəngli sellofan torba tapmış və açıb içərisinə baxdıqda bir ədəd sellofan balaca bükülü tapmışdır. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin kütlənin heroin olduğunu görmüş və gələcəkdə istifadə etmək məqsədilə götürüb cibinə qoymuşdur. Ağdaş şəhərinə gəldikdən sonra da həmin bükümü siqaret qutusunun içərisində saxlamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 23:20 radələrində Ağdaş şəhəri H.Əiyev prospektində yerləşən kolxoz bazarı deyilən yerin yaxınlığında yol ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona üzərində narkotik vastənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirmişlər və onu Ağdaş RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə gəlmiş, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd üzərinə “Prima” yazısı yazılan siqaret qutusu və 01 ədəd üzərinə “Vest” sözləri yazılmış alışqan aşkar olunmuşdur. Onun üzərindən aşkar olunmuş 01 ədəd siqaret qutusunun içərisinə baxış keçirilən zaman içərisindən 06 ədəd siqaret dənələri və 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Aşkar olunmuş 01 ədəd sellofan büküm açılarkən içərisində qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Həmin 01 ədəd sellofan bükümdə olan narkotik vasitənin “kakos” olmasını və istifadə etdiyinə görə üzərində saxladığını bildirmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilərkən, çəkisi 2,31 qram olmuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 01 ədəd içərisində qəhvəyi rəngli, toz və kristal halında olan narkotik vasitəyə bənzər maddə kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış və protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri H.Əliyev prospekti 85/43-də qeydiyyatda olan, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında tərəfindən həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Ağdaş şəhəri “Kolxoz” bazarı deyilən yerin yaxınlığında hərəkətdə olan zaman Ruslanın yolun kənarı ilə piyada getməsini görmüşlər, bundan sonra Ruslana yaxınlaşaraq özlərini təqdim edərək ona narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Ruslanı Ağdaş RPŞ-yə dəvət etmiş, Ruslan da onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmişdir. Ağdaş RPŞ-də Ruslana dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Ruslanın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Ruslanın əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd üzərinə “Prima” yazısı yazılan siqaret qutusu və 01 ədəd üzərinə “Vest” sözləri yazılmış alışqan aşkar olunmuşdur. Aşkar olunmuş 01 ədəd siqaret qutusunun içərisinə baxış keçirilən zaman içərisindən 06 ədəd siqaret dənələri və 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Aşkar olunmuş 01 ədəd sellofan büküm açılarkən içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin 01 ədəd sellofan bükümdə olan narkotik vasitənin “kakos” olmasını və istifadə etdiyinə görə üzərində saxladığını bildirmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilərkən, çəkisi 2,31 qram olmuşdur. Daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd içərisində qəhvəyi rəngli, toz və kristal halında olan narkotik vasitəyə bənzər maddə kağız zərfə qablaşdırılaraq, üzərinə möhür vurulmuşdur. Daha sonra bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş şəhəri H.Əliyev prospekti 85/43 ünvanında yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Ağdaş şəhəri H.Əliyev prospekti 85/43 ünvanında yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 23:20-də Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Ağdaş şəhəri H.Əliyev prospekti 85/43 ünvanında yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi şübhəsi ilə Ağdaş şəhəri, H.Əliyev prospektində, “Qara bazar” adlanan yerə yaxın ərazidə saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd üzərində “Prima” yazısı olan siqaret qutusunun içərisindən 1 ədəd selofan bükümdə təmiz çəkisi 2,210 qram olan narkotik vasitə heroin aşkar edilərək aşkar edilərək götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunuşdur (cild 01, iş vər. 30-31). Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/588 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-2.210 qram olan maddə kustar üsulla hazırlnamış narkotik vasitə -heroindir. (cild 01, iş vər. 38-40). Cinayət işinin materiallarında olan “Ağdaş RMX” X7 alınmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Ağdaş rayonu Güvəkənd kəndində yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX-nın polilinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. (cild 01, iş vər. 101). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Ağdaş şəhəri Heydər Əliyev prospekti 85/43 ünvanında yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat əldə etmək üçün müvafiq tədbirlər keçirilmiş, lakin onun narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə olunmamışdır (cild 01, iş vər. 105). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1582 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannbinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 108). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 114-118). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarxdə Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş şəhəri H.Əliyev prospekti 85/43 ünvanında yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin də iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin çox hissəsinin ona məxsus olmaması və həmin kütlənin onun üzərindən aşkar olunan narkotik vasitəyə polis əməkdaşları tərəfindən əlavə edilməsi barədə qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası şəxsin məhkəmə istintaqı zamanı həmin hissədə qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir altında qalmadan verdiyi ifadəsini əsaslı sayır və məhz həmin ifadəni ona elan olunan ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (anası və qardaşı ilə) birlikdə Ağdaş şəhəri Heydər Əliyev prospekti 85/43 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 103-104). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək, ona 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CMin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 106-107). Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək, ona 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 27). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əvvəli 25.07.202-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 69-72). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 2,160 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358 -ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 2,160 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69,10 AZN (altmış doquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar