Məhkəmə qərarları › İş №1(091)-51/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-51/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-51/2024 17.04.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əfəndizadə Tural Qurbanəli oğlu, hakimlər Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı Şəhəri 3 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olmuş, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 12,209 qram çəkidə psixotrop maddə metamfetamini və 0,354 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Göyçay rayonu, Çayarxı kəndi ərazisinə qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə saat 16:30-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 2 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli idman şalvarının sol yan cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,257 qram, 2,957 qram və 3,995 qram olmaqla ümumilikdə külli miqdarda 12,209 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə 0,354 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu Göyçay rayonu ərazisində saxlayaraq Göyçay Rayon Polis Şöbəsinə aparmışlar. Onların saxlanılma səbəbi başqa bir cinayət işi ilə əlaqəli olmuşdur. Belə ki, Göyçay Rayon Polis Şöbəsində yoxlanıldıqdan sonra orada qırx dəqiqə qalmışlar. Bundan sonra onları Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmin gecəni idarədə qalmışlar. Səhəri günün axşamı polis əməkdaşlarından biri ona yaxınlaşıb narkotik vasitə vermiş və demişdir ki, bu narkotik vasitəni götürsün və üzərində saxlasın. Əlavə olaraq qeyd etmişdir ki, narahat olmasın, hər şey yoluna düşəcəkdir. O, narkotik vasitəni boynuna almamışdır. Bundan sonra narkotik vasitəni onların üzərlərinə qoymuşlar və videoçəkiliş olmuşdur. Göyçay Rayon Polis Şöbəsinə aparılan vaxt üzəri yoxlanılmış və müvafiq qeydiyyat aparmışlar. Üzərində narkotik vasitə olsaydı, elə həmin vaxt aşkar edilərdi. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitənin marixuana növündən istifadə etmişdir. Əvvəllər narkotik vasitənin heroin növündən istifadə etmiş, lakin daha sonra istifadə etməmişdir. Tutulan vaxt üzərində narkotik vasitə olan heroin olmamışdır. Bir ilə yaxındır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitə olan heroini 3-4 aydır istifadə etmir. Polis əməkdaşları ilə düşmənçiliyi və ədavəti yoxdur. İbtidai istintaq zamanı narkotik vasitə ilə bağlı heç bir ifadə verməmişdir. İbtidai istintaq zamanı ona demişlər ki, imza çəksin, o da imza çəkmişdir. Saxlanılan vaxt üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmamışdır. Saxlanılan vaxt üzərində sadəcə narkotik vasitə olan marixuana olmuşdur. Metamfetamin və heroini sonradan əlavə etmişlər. Həmin narkotik vasitəni videoçəkilişdən əvvəl polis əməkdaşı vermiş və ona demişdir ki, narahat olmasın, videoçəkiliş olsun, hər şey yaxşı olacaqdır. Onları başqa bir cinayətə görə saxlamışlar. İki gün təzyiqlərə məruz qalmışdır. Ona görə də, narkotik vasitəni boynuna almışdır. Şəxsi axtarış zamanı vəkili yanında olmuşdur. Elə vəkilin yanında onların üzərinə qoymuşlar. Polis əməkdaşlarının onları saxlama səbəbləri başqa olmuşdur. Belə ki, İmayıllı rayonundan olan bir “Kamran” adlı şəxsdən pul alacaqları olmuşdur. Həmin şəxslə görüşməyə getmişlər. Həmin vaxt dava düşmüşdür və həmin “Kamran” adlı şəxsi başqa şəxslər vurmuşdur. Sonra Kamranı harasa aparmışlar. Həmin uşağın atası da onları polisə şikayət etmişdir. Halbu ki, onların bu işlə əlaqələri olmamışdır. Sonradan Kamran özü istintaq zamanı onları göstərib demişdir ki, bu uşaqların işlə əlaqəsi yoxdur. Onlar sadəcə həmin davada olmuşlar deyə, saxlanılmışdır. Daha doğrusu Kamranın oğurlanması məsələsinə görə saxlanılmışlar. 21 dekabr, saat 17 radələrində saxlanılmışlar. Saxlanıldıqdan sonra onları Göyçay Rayon Polis Şöbəsinə aparmışlar. 40 dəqiqə orada qaldıqdan sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Axşam radələrində Bakı şəhərində sözügedən idarədə olmuşlar. Həmin vaxt onlardan Kamranın harada olduğunu soruşmuşlar. Onlar da demişlər ki, Kamranın harada olduğunu bilmirlər. Həmin gün axşam onların üzərinə narkotik vasitəni qoymuşlar. Səhəri gündə videoçəkiliş olmuşdur. Kamran onlara pul borclu olan oğlandır. Vüqar isə Bakı şəhərində yaşamışdır. Kamranı elə məhz Vüqar aparmışdır. Sonradan Vüqarı tutmuşlar. Sonradan Kamran və Vüqarı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Onları sırayla düzmüşlər və Kamrandan soruşmuşlar ki, onu kim aparmışdır? Həmin vaxt Kamran bildirmişdir ki, onu Vüqar aparmışdır. Onu saxladıqdan sonra birinci Göyçay Rayon Polis Şöbəsinə aparmışlar. Onu birbaşa Bakı şəhərinə aparmamışlar. Göyçay Rayon Polis Şöbəsində üzərlərinə şəxsi axtarış keçirmişlər. Təxminən 40 dəqiqə orada olmuşlar. Sonra onları Növbətçi Hissədə qeydiyyata almışlar. Bakı şəhərinə Avtandilin maşını ilə getmişlər. Səhv etmirsə, yanlarında Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları olmuşdur. Elan olunan ifadəni müstəntiq özü ona demişdir, o da yazmışdır. Elan olunan ifadəni müstəntiq özündən demişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, əvvələr arada bir psixotrop maddə metamfetamindən və narkotik vasitə qurudulmuş maruxianadan yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə qəbul etmişdir. Narkotik vasitəni sonuncu dəfə təxminən 3-4 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində anket məlumatlarını bilmədiyi şəxslə görüşüb onunla söhbət edən zaman onun narkotik vasitə satdığını bilib ondan şəxsi istifadəsi üçün 200 manata təxminən 10 qram psixotrop maddə metamfetamin və təxminən 0,300-0,400 qram narkotik vasitə qurudulmuş marixuana almışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Göyçay rayonu, Çayarxı kəndinin girişində tanışı Şahid5la idarə etdiyi “Mercedes Benz C180” markalı, **-MP-*** qeydiyyat nişanlı avtomobilin yanında dayanan zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını və onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdirlər. Bundan sonra polis əməkdaşları onları Aftandilin idarə etdiyi “Mercedes Benz C180” markalı, **-MP-*** qeydiyyat nişanlı avtomobil ilə birlikdə Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Polis idarəsində müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, Aftandilin üzərinə isə baxış keçirilmişdir. O, üzərində psixotrop maddə və narkotik vasitə olduğunu bildirib, əynində olan boz rəngli idman şalvarının sol yan cibində olan 03 ədəd sellofan bükümü və 01 ədəd gümüşü rəngli kağız bükümü, sağ yan cibində olan 01 ədəd “İphone” markalı və 02 ədəd “Nokia” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümün və 01 ədəd gümüşü rəngli kağız bükümün içində psixotrop maddə olduğunu, digər 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə olduğunu qeyd etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin, 01 ədəd kağız büküm açılarkən bükümün içərisində psixotrop maddə metamfetamin müşahidə edilmişdir. Digər 01 ədəd sellofan büküm açılarkən bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra Şahid5 üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilən narkotik vasitələrdən Şahid5 məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xeylli müddətdir Təqsirləndirilən şəxs ilə dostluq münasibəti vardır. Elyarla birlikdə Göyçay rayonuna getmişlər. Əllərində telefonlara aid müxtəlif ekranlar olmuşdur. Həmin telefon ekranlarını Göyçay rayonunda olan telefon ustasına verəcəkmişlər. Həmin vaxt ona aid olan nəqliyyat vasitəsini Elyar idarə etmişdir. Yolda getdikləri yerdə yol polis əməkdaşı onları saxlatmış və onlar maşını saxlamışlar. Polis əməldaşı sənədləri istəmişdir. Elə sənədləri verən vaxt bir də görmüşlər ki, yanlarında əməliyyatçılar vardır. Həmin polis əməkdaşları onları maşından çıxarıb əllərinə qandal vurmuşlar. Sonra onları Göyçay Rayon Polis Şöbəsinə aparmışlar. Göyçay Rayon Polis Şöbəsində üzərilərinə şəxsi axtarış keçirmişlər. Üzərilərində qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. 40 dəqiqə polis şöbəsində qaldıqdan sonra həmin əməliyyatçılar onu və Elyarı ona məxsus avtomobil ilə Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Onlara orada məlum olmuşdur ki, şəhərdə olan dava-dalaş söhbətinə görə onları tutmuşlar. Onlar da həmin davada qismən iştirak etmişlər. Sonra həmin dava ilə bağlı onlara suallar vermişlər. Həmin davada kimsə oğurlanmışdır. Həmin vaxt hər şey necə olubsa ayrı-ayrılıqda hər şeyi danışmışlar. Bundan sonra onlara narkotiklə bağlı suallar vermişlər. Şəxsən əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Bundan sonra onları başqa bir otağa aparmışlar. Psixotrop maddə olan metamfetamini Elyarın üzərinə qoymuşlar və sonra videoçəkiliş olmuşdur. Şəxsən o, bu prosesin şahidi olmuşdur. Onların üzərilərində metamfetamin və heroin olmamışdır. Şəxsən Elyarın üzərinə qoyulduğunun şahidi olmuşdur. Əgər onlarda narkotik vasitə olsa idi, Göyçay Rayon Polis Şöbəsində aşkar olunardı. Çünki, həmin vaxt polis şöbəsində üzərilərinə şəxsi axtarış keçirmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, saxlanılan vaxt Elyar üzərində narkotik vasitə olması ilə bağlı polis əməkdaşlarına məlumat verməmişdir. Ümümiyyətlə saxlanılan vaxt heç elə bir söhbət olmamışdır. Çünki, onları maşından dərhal çıxarıb qollarına qandal vurub polis şöbəsinə aparmışlar. Baxış zamanı onun üzərindən qeyri-qanuni heç nə aşkar edilməmişdir. Bakı şəhərində olan vaxt onun üzərinə qoymuşlar. Onları Bakı şəhərinə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları gətirmişdir. Onları saxladıqdan sonra ilk növbədə Göyçay Rayon Polis Şöbəsinə aparmışlar. Daha sonra onları ikinci mərtəbədə otağa aparmışlar. Sonra əllərini ciblərinə salıb nə varsa çıxarmışlar. Daha sonrasında onları Bakı şəhərinə aparmışlar. Təxminən iki ay əvvəl istintaqa dəvət edilmişdir. Müstəntiq ona sənədlərə imza çəkməyini bildirmişdir. O isə etiraz etmiş və razılaşmamışdır. Ona təqdim olunan sənədlərə imza çəkməmişdir. Çünki, ona təqdim edilən ifadəni oxumuş və görmüşdür ki, hadisələr elə cərəyan etməmişdir. O da ifadəyə imza etməmişdir. İş materiallarında göstərilən imzalar ona məxsus deyildir. İfadəni oxumuş və görmüşdür ki, hadisələr elə cərəyan etməmişdir. Ona görə də, imza etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 21 dekabr 2022-ci il tarixdə baş idarəyə Göyçay rayonu, Bığır kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsində o 21 dekabr 2022-ci il tarixdə, saat 16:30 radələrində Göyçay rayonunun Çayarxı kəndi yaxınlığında daha bir nəfər yanında olan Şahid5 ilə sonuncunun idarə etdiyi “Mercedes Benz C180” markalı, **-MP-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq baş idarəyə dəvət edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən üç ədəd sellofan bükümü, bir ədəd gümüşü rəngli kağız bükümü, sağ yan cibindən üç ədəd mobil telefonları çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan bükümün və bir ədəd gümüşü rəngli kağız bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu, digər bir ədəd sellofan bükümün içərisində “nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddələr, bir ədəd kağız büküm açılarkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması və digər bir ədəd sellofan büküm açılarkən bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddələri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində anket məlumatlarını bilmədiyi şəxsdən 200 manata şəxsi istifadə üçün aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra Şahid5 üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir Sonra Şahid5 idarə etdiyi “Mercedes Benz C180” markalı **- MP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı narkotik vasitələr, o cümlədən qanunsuz digər əşyalar aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022ci il tarixli “raport”dan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “Elyar” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixtrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Müəyyən edilmişdir ki, “Elyar” adlı şəxs xx.xx.1993-cü ildə Göyçay rayonunda doğulmuş, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxsdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022ci il tarixli “raport”dan görünür ki, Təqsirləndirilən şəxs tutulması, eləcə də onun barəsində əməliyyat–axtarış tədbirlərinin keçirilməsində Göyçay Rayon Polis Şöbəsinin bir nəfər əməkdaşının iştirakının təmin edilməsi ilə əlaqədar icazə verilməsi xahiş edilmişdir (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022ci il tarixli, 196-46072-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması ilə əlaqədar keçiriləcək əməliyyat tədbirində iştirak etmələri məqsədi ilə Göyçay Rayon Polis Şöbəsinin cinayət–axtarış bölməsinin əməliyyat müvəkkili X3 ibarət əməliyyat qrupu yaradılmışdır (cild 01, iş vər. 13). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022ci il tarixli “raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Göyçay Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək 21 dekabr 2022-ci il tarixdə saxlanılaraq baş idarəyə gətirilmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Göyçay Rayon Polis Şöbəsinin və BMCMİ-nin əməkşdalarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Göyçay rayonu ərazisində saxlanılmışdır (cild 01, iş vər. 16). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022ci il tarixli “raport”dan görünür ki, 21 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1993-cü ildə Göyçay rayonunda anadan olmuş, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 16:30-da Göyçay rayonu, Çayarxı kəndində Şahid5 idarə etdiyi "Mercedes Benz C180" markalı, 99-MP- 518 qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış, eləcə də avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxsla bağlı prosessual hərəkətlərin aparılmasından ötrü müşayiət altında saxlanıldığı yerdən Şahid5la birlikdə sonuncunun idarə etdiyi "Mercedes Benz C180" markalı, **-MP-*** qeydiyyat nişanlı avtomobillə baş idarəyə gətirilmişdir (cild 01, iş vər. 17). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 21:10-da Təqsirləndirilən şəxs əvvəli 21 dekabr 2022-ci il tarixdə, saat 16:30-dan hesablanmaqla şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 26). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə saat 16.30-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 2 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli idman şalvarının sol yan cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,257 qram, 2,957 qram və 3,995 qram olmaqla ümumilikdə külli miqdarda 12,209 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə 0,354 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli 6/7127 və 7/1434 nömrəli rəylərində göstərilir ki, - tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış bir ədəd kağız zərfdəki 03 ədəd bükümdə təmiz çəkiləri 5,257 qram, 2,957 qram və 3,995 qram olmaqla ümumilikdə 12,209 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,354 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 01, iş vər. 56-60, 62-65). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 21 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 102-106). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 təqdim etdiyi məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən sözügedən xəstəxanada müalicədə olmamışdır (cild 01, iş vər. 124). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 təqdim etdiyi məktubdan görünür ki, Təqsirləndirilən şəxs sözügedən xəstəxanada müalicədə olmamışdır və qeydiyyatda yoxdur (cild 01, iş vər. 128). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022ci il tarixli “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərardan görünür ki, "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis polis kapitanı Şahid4 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 21 dekabr 2022-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir (cild 01, iş vər. 129-131). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay RİHB-nin Bığır kənd bölgəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (atası, anası, bacısı və qardaşı) Göyçay rayonu Bığır kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 133-135). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azercell Telekom MMC-dən daxil olmuş məlumatlara baxış keçirilmiş və cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 160-161). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X10 məhkəmə-tibbi ekspertizasının 30 dekabr 2022-ci il tarixli 602/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi (cild 01, iş vər. 207-208). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburinarkoloji tibbi yoxlamasının 18 fevral 2023-cü il tarixli 949 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub, lakin narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 209-210). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işinin Təqsirləndirilən şəxs aid hissədə ibtidai istintaqı tamamlandığından ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda narkotik vasitənin mənbə xüsusatına görə material ayrılmışdır. Həmçinin, X2 barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir (cild 01, iş vər. 211-216). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 13 dekabr 2023-cü il tarixdə "xxxx" MMC-dən məhkəməyə daxil olmuş Əliyar Əhmədovun istifadəsində olan 0-55-993-11-13 mobil nömrənin anten məlumatlarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:53-də Təqsirləndirilən şəxs Göyçay rayon Bığır kəndi, saat 16:23-dən, 18:10-dək Konyak Zavod/ Göyçay rayon Atatürk küçəsi 17-də, saat 18:11-də “Göyçay şəhəri,Şirvan küçəsi ev 2-də, saat 19:21-də Padar-Ağsu New/ “Ağsu rayonu Padar kəndi”, saat 19:40-da Ağsu _Ashirim_1 “ŞamaxıMMBM Ağsu meşəbəyi, 32-ci kvartal, 38-ci bölmə” /Samakhy/ və saat 22:40-da Ağsu _Ashirim_1 “ŞamaxıMMBM Ağsu meşəbəyi, 32-ci kvartal, 38-ci bölmə” /Samakhy/ anten dairələrinin ərazisində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 15 dekabr 2023-cü il tarixli Azercell MMC-dən daxil olmuş Avtandil Məmmədova məxsus 0-51-566- 19-66 mobil nömrənin SMS məlumatlarından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:46 dəqiqədə 0-55-754-00-44 mobil nömrəsindən “İsmayıl.da evin qapisinin ceftesin sindiriblar. Mawin gelib gedib/ sen 1wey yaz mene, ya kiminse nomresine/ xeber gonder$ mutleq.turala deyecem Aftandil sagdi.vsyo” mətnindən ibarət SMS göndərilmişdir. ***-***- **-** və 050-399-9779 saylı nömrələrin sorğu verilmiş müddətdə Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/1989 nömrəli qərarından görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 36-38-ci vərəqlərində olan 21 dekabr 2022-ci il tarixli (şəxsi axtarış, baxış və götürmə aparılması haqqında) "Protokol"un 1-ci vərəqinin aşağı sol küncündəki imza, 2-ci vərəqinin aşağı sol küncündəki imza, 3-cü vərəqində "6." qrafasında "Şahid5" yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 43-cü vərəqində olan 21 dekabr 2022-ci il tarixli (Baxış və götürmə aparılması haqqında) "Qərar"ın aşağı hissəsində "İmza:" qrafasında "Şahid5" yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 45-46-cı vərəqlərində olan 21 dekabr 2022-ci il tarixli (Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında) "Protokol"un 1-ci vərəqinin aşağı sağ küncündəki imza, 2-ci vərəqinin aşağı hissəsində "6." qrafasında "Şahid5" yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 51-52-ci vərəqlərində olan 21 dekabr 2022-ci il tarixli "İzahat"ın 1-ci vərəqində "İmza:" qrafalarındakı imzalar və "Məmmədov" yazıları, izahatın aşağı sol küncündə olan imza, 2-ci vərəqinin aşağı hissəsində "Cavab:" qrafasında "Əlavəm yoxduR, ifadəmi oxudum, sözlərimlə düzgün yazılıb imzam ilə təsdiq ediRǝm" yazıları, həmin yazıların aşağısında "İmza; Məmmədov. A.V" yazıları və "Məmmədov. A.V" yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 163-166-cı vərəqlərində olan 21 fevral 2023-cü il tarixli şahidi dindirmə "Protokolu"nun 1-ci vərəqinin aşağı hissəsində olan imza 2-ci vərəqində "İmza:" qrafasında olan imza və vərəqin aşağı hissəsində olan imza, 3-cü vereqinin aşağı hissəsində olan imza, 4-cü vərəqində "İmza:" qrafasında "Şahid5" yazılarının qarşısında olan imza - Şahid5 tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Göyçay RPŞ-nin 2022-ci il tarixli “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nın 20-23 dekabr 2022-ci il tarixlərə aid hissələrinin surətlərindən görünür ki, həmin tarixlərdə Göyçay RPŞ-yə gətirilmiş şəxslərin adları olan siyahılarda Təqsirləndirilən şəxs adı qeyd edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymət verərək belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi yoxdur və aşağıdakı səbəblərə görə verilmiş ittiham üzrə ona bəraət verilməlidir. Belə ki, itiham tərəfinin təqdim edərək istinad etdiyi əsas sübutlar kimi təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə video çəkilişlə baxış keçirilməsinə dair protokol və ona əlavə edilmiş CD-disk göstərilmişdir. Həmin sübuta münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X5 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüququları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir (qərarın 2-ci bəndi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə xx.xx.2014-cü il tarixli Qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Bəhs edilən Qərarın 69-cu bəndində göstərilmişdir ki, “Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi”. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbiri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş, birgə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Göyçay rayonu Çayarxı kəndi ərazisində saxlanıldıqdan sonra Göyçay Rayon Polis Şöbəsində deyil, oradan təxminən 2 saat 30 dəqiqə - 3 saat vaxt sərf etməklə 180-200 km aralıda olan Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış və həmin idarənin inzibati binasında üzərinə baxış keçirilmişdir. Eyni zamanda, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları təqsirləndirilən şəxsin üzərinə dərhal aşkar olunduğu yerdə, o cümlədən təqsirləndirilən şəxsin aşkar olunduğu yerə ən yaxın olan Göyçay Rayon Polis Şöbəsində, eyni zamanda Göyçay rayonundan Bakı şəhəri istiqamətində olan digər (İsmayıllı, Şamaxı, Qobustan, Hacıqabul və s.) rayon polis şöbələrində təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməməsinin səbəbini izah edə bilməmişlər. Məhkəmə kollegiyası zəruri olaraq qeyd edir ki, həm “şübhəli şəxsin tutulması haqqında” qərarda, həm də protokolda Təqsirləndirilən şəxs tutulması xx.xx.2022-ci il tarixdə saat 21:10 dəqiqə göstərilməsinə baxmayaraq, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxt xx.xx.2022-ci il, saat 16:30-dan hesab edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin polis əməkdaşlarının nəzarəti altında saat 16:30-dan saat 21:10-dək müddət ərzində, yəni 3-3,5 saatlıq müddət qət edilən yolda içərisində narkotik vasitə olan sellofan bükümü üzərində saxlaması məhkəmə üçün inandırıcı görünmür. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddə və narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmasına şübhə ilə yanaşır. Hər bir halda hazırkı işdə axtarış və götürmənin Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlilin olmaması ilə yanaşı, hansı səbəbə Eliyar Əhmədovun azadlığının faktiki məhdudlaşdırıldığı Göyçay rayonu, Çayarxı kəndindən təxminən on –on beş dəqiqəlik məsafədə yerləşən Göyçay Rayon Polis Şöbəsinə deyil, məhz Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmasını aydınlaşdırmaq mümkün olmamışdır. Məhkəmə hazırkı işin hallarına gəlincə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən əvvəlcə Göyçay Rayon Polis Şöbəsinə aparıldığını, oradan isə Bakı şəhərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını göstərmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən Göyçay Rayon Polis Şöbəsinə gətirilən şəxslərin qeydiyyatı kitabından 20-23 dekabr 2022-ci il tarixlərə aid olan qeydlərin surətləri sorğu verilərək alınmış, Göyçay RPŞ-nın 2022-ci il tarixli “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nın surətləri məhkəmə iclasında tədqiq edilərkən Təqsirləndirilən şəxs sözügedən tarixdə Göyçay Rayon Polis Şöbəsinə gətirilmə faktı təkzib olunmuş və bir daha Təqsirləndirilən şəxs hər hansı bir zərurət və səbəb olmadan saxlanıldığı ərazidən, yəni Göyçay rayonundan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması faktı öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Göyçay rayonundan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması faktını həmçinin, məhkəmə iclasında dindirilmiş polis əməkdaşları olan şahidlər də açıq şəkildə etiraf etmişdir. Habelə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,354 qram narkotik vasitə olan qurudulmuş marixuana ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən onun üzərində narkotik vasitə qurudulmuş marixuananın olmasını bildirmiş, lakin psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu söyləyərək mübahisələndirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, narkotik vasitə olan marixuananın Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olması faktı aparılmış məhkəmə istitaqında öz təsdiqini tapmamış və cinayət işinin materialları ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası X2 məhkəmə iclasında verdiyi ifadəsi ilə bağlı qeyd edir ki, Avtandil Məmmədov ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuduğunu və ifadəsi ilə razılaşmayaraq ifadəsini imzalamaqdan imtina etdiyini göstərmişdir. Bununla əlaqədar məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və təyin edilmiş məhkəmə xətşünaslıq ekzpertizasının nəticəsində imzaların Avtandil Məmmədov tərəfindən icra edildiyi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 21 dekabr 2022-ci il tarixli “Raport”dan müəyyən olunur ki, Göyçay rayonu Çayarxı kəndidə saxlanılmış Təqsirləndirilən şəxs Avtandil Məmmədovla birlikdə sonuncunun idarə etdiyi “Mercedes Benz C180” markalı, **- MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Baş İdarəyə gətirilmiş, 21 dekabr 2022-ci il tarixdə, saat 21:45-də Təqsirləndirilən şəxs barəsində axtarış və götürmə, Avtandil Məmədovun üzərinə və idarə etdiyi “Mercedes Benz C180” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə isə baxış prosessual hərəkətləri aparılmış, Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddə və narkotik vasitə aşkar edilməsinə baxmayaraq Avtandil Məmmədovun üzərindən və idarə etdiyi nəqliyyat vasitəsindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar edilməmiş və yekunda xx.xx.2022-ci il tarixdə Avtandil Məmmədovun izahatı alınmışdır. 15 dekabr 2023cü il tarixli Azercell MMC-dən daxil olmuş Avtandil Məmmədova məxsus ***-***-**-** mobil nömrənin SMS məlumatlarından xx.xx.2022-ci il tarixdə saat 10:46 dəqiqədə ***-***-**-** mobil nömrəsindən “İsmayıl.da evin qapisinin ceftesin sindiriblar. Mawin gelib gedib/ sen 1 wey yaz mene, ya kiminse nomresine/ xeber gonder. mutleq. turala deyecem Aftandil sagdi. vsyo” mətnində SMS göndərilməsi müəyyən olunmuş və həmin SMS-dən görünür ki, Avtandil Məmədov onu tanıyan şəxslər (yaxınları) tərəfindən axtarılır və onlar ondan kiməsə yazmasını və ya xəbər etməsini gözləyirlər. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Avtandil Məmmədovun xx.xx.2022ci il tarixdə üzərinə və idarə etdiyi avto nəqliyyat vasitəsinə baxış keçirilmiş və həmin tarixdə izahatı alınmasına baxmayaraq Avtandil Məmədovun xx.xx.2022-ci il saat 10:46dək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasını, hansı səbəbə və əsasla saxlanılmasını müəyyən etmək mümkün olmamışdır. Baxmayaraq ki, Avtandil Məmmədov məhkəmə istintaqında verdiyi ifadəsində ibtidai istintaq zamanı ifadəsi alınarkən ifadəsinə imza etməkdən imtina etməsini qeyd etsə də, bununla bağlı məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsində olan imzasının ona məxsus olması müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə onun ifadəsinə imza etməkdən imtina etməsi ilə bağlı qeyd etdiklərinə tənqidi yanaşır, lakin onun hər hansı əsas olmadan uzun müddət qanunsuz saxlanılmaqla faktiki olaraq polisin nəzarətində olması, habelə onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini həm Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə, həm də cinayət işinin materialarında olan digər sənədlərlə üst-üstə düşüb bir–birini tamamladığından məhkəmə kollegiyası Avtandil Məmmədovun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatların daha mötəbər və inandırıcı olduğunu hesab edir. Habelə 13 dekabr 2023-cü il tarixdə "xxxx" MMC-dən məhkəməyə daxil olmuş Əliyar Əhmədovun istifadəsində olan 0-55-993-11-13 mobil nömrənin anten məlumatları tədqiq edilərkən xx.xx.2023-cü il tarixdə saat 15:53-də Təqsirləndirilən şəxs Göyçay rayon Bığır kəndi, saat 16:23-dən, 18:10-dək Konyak Zavod/ Göyçay rayon Atatürk küçəsi 17-də, saat 18:11-də “Göyçay şəhəri,Şirvan küçəsi ev 2-də, saat 19:21-də Padar-Ağsu New/ “Ağsu rayonu Padar kəndi”, saat 19:40-da Ağsu _Ashirim_1 “ŞamaxıMMBM Ağsu meşəbəyi, 32ci kvartal, 38-ci bölmə” /Samakhy/ və saat 22:40-da Ağsu _Ashirim_1 “ŞamaxıMMBM Ağsu meşəbəyi, 32-ci kvartal, 38-ci bölmə” /Samakhy/ anten dairəsində olması müəyyən olunmuşdur. Göründüyü kimi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarından və Göyçay rayon polis şöbəsinin əməkdaşından ibarət yaradılmış qrupun birgə keçirdikləri əməliyyatın nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il, saat 16:30-dan saxlanılmasına baxmayaraq Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra 16:30-dan, 18:10-dək Göyçay rayonunda olmuş və o, Göyçay rayon polis şöbəsinə aparılmamış, lakin onun həmin zaman kəsiyində Göyçay rayonunda harada, necə, hansı şəraitdə və hansı səbəbə görə Göyçay rayon ərazisində nəzarətdə saxlanılması müəyyən olunmadığından ittiham tərəfinin sübutlarına münasibətdə məhkəmə kollegiyasında əsaslı şübhələr yaranmışdır. Həmçinin kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 22:40 dəqiqələrində Ağsu _Ashirim_1 “ŞamaxıMMBM Ağsu meşəbəyi, 32-ci kvartal, 38-ci bölmə” /Samakhy/ anten dairəsinin əhatə etdiyi ərazidə olması həmin tarixdə saat 21:10 dəqiqədə Təqsirləndirilən şəxs tutulmasını, həmçinin qeyd edilən tarixdə saat 21:45 dəqiqədə Təqsirləndirilən şəxs barəsində axtarış və götürmə prosessual hərəkətinin aparılmasını imkansız edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq xx.xx.2022-ci il tarixdə saat 16:30-da saxlanılmasını və üzərində şəxsi axtarış aparılanadək keçən müddət ərzində, yəni 3-4 saat ərzində polisin nəzarətində qalmasını əsas götürərək, həmçinin üzərində aşkar olunmuş maddi sübutların (psixotrop maddə metanfetamin və narkotik vasitə qurudulmuş marixuananın) onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübutlar kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutların əldə edilmə üsulunun və bu sübutların mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin həll edilməsi üçün Konstitusiyanın və beynəlxalq hüquqi aktların, habelə beynəlxalq məhkəmə təcrübəsinin yuxarıda göstərilən müddəaları ilə yanaşı, həmçinin CPM-də insan və vətəndaş hüquq və azadlıqlarını təmin edən maddələrə də diqqət yetirilməlidir. Nəzərə alınmalıdır ki, CPM-in 9-cu maddəsinə uyğun olaraq cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir. Bu Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin məcəllənin 10.5-ci maddəsinə əsasən qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmçinin həmin məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Kollegiya qeyd edir ki, sübut mənbələri sübutların müəyyən edilməsinin prosessual forması olmaqla bitmir, sübut mənbələri sübutların alınmasının prosessual formasıdır və hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyinə uyğun olmalıdır. Məhkəmə kollegiyası sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartlarını əsas kimi götürür və ibtidai araşdırma zamanı əldə edilmiş sübutların keyfiyyətini, əldə olunma şəraitini, mötəbərliyini və düzgünlüyünü şübhə altına alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən etdiyi presedent hüququnda, həm də cinayət qanunvericiliyinin tələblərinə uyğun cinayət işi üzrə toplanmış sübutları yoxlayaraq və qiymətləndirərək həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı etirafedici ifadələr versə də məhkəmə istintaqı zamanı ibtidai araşdırma zamanı verdiyi ifadələrini təkzib etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın əsası kimi çıxış edən sübutların əldə edilməsi cinayət-prosessual qanunvericiliyin və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə olunmuşdur. Belə olan hallarda və işin halları ilə təsdiq edildiyindən məhkəmə tərkibi təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələrinə daha obyektiv və səmimi ifadə kimi qəbul edir. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Belə olan halda bəhs edilən şübhələr və ziddiyyətlər CPM-nin 145.3-cü maddəsinə əsasən ittiham tərəfinin heç bir sübutu ilə aradan qaldırılmadığına görə Təqsirləndirilən şəxs xeyrinə həll olunmalıdır. CPM-in 42.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törədilməsinə aidiyyəti olmadıqda məhkəmə baxışı nəticəsində ona qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Yuxarıda sadalananlara görə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalından azad olunmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut olan – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 12,059 qram psixotrop maddə metamfetamin və 0,334 qram narkotik vasitə qurudulmuş marixuana onun əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini, nəqliyyat vasitəsinə baxış keçirilməsini əks etdirən 2 (iki) ədəd diskin, "xxxx" və "xxxx" MMC-dən götürülmüş 4 (dörd) ədəd diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 288 (iki yüz səksən) manat ekspertiza xərci Azərbaycan Respublikası dövlət büdcəsinin hesabına ödənilməlidir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 350, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs 288 (iki yüz səksən səkkiz) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 12,059 qram psixotrop maddə metamfetamin və 0,334 qram narkotik vasitə qurudulmuş marixuana onun əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini, nəqliyyat vasitəsinə baxış keçirilməsini əks etdirən 2 (iki) ədəd diskin, "xxxx" və "xxxx" MMC-dən götürülmüş 4 (dörd) ədəd diskin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar