Məhkəmə qərarları › İş №1(091)-52/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-52/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-52/2021 10.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu ( sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinnin Ağır Cinayətlər Məhkəmələrdə Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlunun, müdafiəçi Yevlax Şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakları ilə xx xxxx 1963-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax rayonu Bəydilli kəndində qeydiyyatda olmaqla həbs olunana kimi həmin ünvanda yaşamış, xx xxxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X4 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxtda narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etməklə 2020-ci ilin mart ayının əvvəllərində Yevlax rayonunun Bəydilli kəndində yerləşən yaşadığı evin həyətində qanunsuz olaraq külli miqdarda 60 (altmış) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, xx xxxx 2020-ci ildə həmin çətənə bitkilərinin yarpaqlarından satış məqsədi olmadan özü istifadə etmək məqsədilə qanunsuz olaraq ümumi çəkisi 4 kq 395 qram narkotik vasitə olan qurudulmamış marixuana toplayıb əldə edərək yaşadığı evin həyətində yerə sərərək saxlamış, həmin gün saat 11:10-da Yevlax RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həyətində kultivasiya etdiyi külli miqdarda narkotik tərkibli cəmi -60 (altmış) ədəd çətənə (kannabis) bitkiləri və həmin bitkilərdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı ümumi çəkisi 4 kq 395 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cu maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında «Kür» çayının yaşadığı kəndin ərazisindən keçən hissəsində çətənə bitkisi görmüş, ağacında olan toxumlarından yığaraq gələcəkdə həyətyanı məhləsində əkmək üçün evlərinə gətirmişdir. 2020-ci ilin mart ayında həmin toxumları yaşadığı evin həyətyanı məhləsinin ayaq tərəfində əkmişdir. Toxumlardan 60 ədədi bitmişdir. Bitmiş şitillərin dibini boşaldaraq seyrəlmiş, şitillərin dibinə arx çəkmiş və peyin vermişdir. Şitillər təxminən 1-2 metr hündürlüyə boy atmışdır. Həmin ağacların yarpaqlarından toplayıb qurudaraq gündəlik istifadə etmişdir. xx xxxx 2020-ci ildə saat 08 radələrində məhləyə getmiş, bitkilərdən gələcəkdə istifadə etmək üçün yarpaqlarından yığıb kolların yanına sərmişdir. Həmin gün saat 11 radələrində evdə olarkən onlara Yevlax rayon polis şöbəsinin əməkdaşları gəlib onun evinin həyətyanı sahəsinə baxış keçirmiş və baxış zamanı əkib-becərdiyi 60 ədəd çətənə bitkisini və istifadə etmək üçün yığıb oraya sərdiyi kütləni aşkar edib qablaşdırıb möhürləyib götürmüşlər. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 11 radələrində Yevlax rayonu Bəydilli kəndidə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə məlumat əsasında baxış keçirmişlər . Baxış zamanı həyətyanı məhləsində 60 ədəd çətənə bitkisi və həmin bitkilərdən yığıb qurutmaq üçün sərdiyi kütlə aşkar edilmişdir. Həmin bitkinin dibi yumşaldılmış, ətrafı digər alaq otlarından təmizlənmiş suvarılmışdır. Aşkar edilmiş həmin bitkilərin kolları kökündən çıxarılmış, həmin bitki kolları torbaya qoyularaq qablaşdırılmış və fotoşəkillər çəkilmiş, bundan sonra protokol tərtib edilmiş və protokolu imza etmişlər. Şahid qismində dindirilmiş Şahid2 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 11 radələrində evdə olan zaman polis əməkdaşları gəlmiş və Xanoğlanın əkib becərdiyi 60 ədəd narkotik tərkibli çətənə kolları və narkotik vaitə aşkar edilərək götürülmüşdür. Şahid4 və Şahid3 məhkəmədə Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Şahid X2 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 11 radələrində Yevlax rayonu Bəydilli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsində mütəxəssis kimi iştirak etmiş və baxış zamanı aşkar edilmiş 60 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq edildiyini müəyyən etmişdir. 60 ədəd spesfik iyli, ətrafları alaq otlarından təmizlənmiş, dibləri bellənib yumşaldılmış, suvarılmış, peyinlənmiş, xüsusi qaydada düzəldilmiş ləkdə sıra ilə əkilmiş narkotik xassəli çətənə (kannabis) bikiləri və həmin bitkilərdən yığılaraq sərilmiş vəziyyətdə olması aşkar olunmuşdur. Bitkiləri nəzərdən keçirərkən həmin bitkilərin xüsusi aqrotexniki qaydada qulluq edilməklə əkilib-becərilib yetişdirilmiş və kultivasiya edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri olmasını müəyyən etmişdir. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahədə əkib-becərdiyi 60 ədəd çətənə bitkisini və istifadə etmək üçün yığıb oraya sərdiyi kütləni aşkar edib qablaşdırıb möhürləyib götürmüşlər. xx xxxx 2020-ci il tarixli 17/449 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 60 ədəd hündürlüyü 150 sm-dən 205 sm-dək hündürlükdə olan, ümumi çəkisi 424,715 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləridir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində istifadə etmək üçün qurutduğu 2 ədəd sintetik kisənin içərisindəki ayrı-ayrılıqda çəkisi 2 kq 445 qram və 2 kq 150 qram olmaqla ümumi çəkisi 4 kq 395 qram olan bitki məşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tərkibinə görə eynidir. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 471 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərinə qiymət vermək, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 928 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən suiistifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir ki, satış məqsədi olmadan, şəxsi istehlakı üçün 4 kq 395 qram narkotik vasitə olan qurudulmamış marixuana toplayıb, əldə edərək yaşadığı evin həyətində yerə sərərək saxlamışdır. Həmin ittiham isə öz təsdiqini tapmır. İş materialından görünür ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri topladıqdan sonra onları həmin yerdə həyətində sərmişdir. Onu kənar yerə daşımamışdır. Toplanmış narkotik vasitənin isə yerinin dəyişməsi, onun icazəsi olan həyəti daxilində olmuşdur. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi” haqqında qanunun 1.0.9-cu maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin CM-nin 234.1-ci maddəsinə uyğun olaraq əldə edilmə dedikdə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşması kimi qəbul edilməsi, başqa mallara və ya əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı bir üsulla yiyələnməsinə yönəldilmiş hərəkət kimi nəzərdə tutmuşdur. Həmin qanunun 1.0.6-cı maddəsi narkotik tərkibli bitkilərin kultivasiyası anlayışına onların əkilməi, becərilməsi və toplanmasını daxil etmişdir. Əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması isə CM-nin 237-ci maddəsinin tərkib əlaməti kimi ehtiva edilmişdir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələri olan yarpaqlarının, digər hissələrinin hansı məqsədlə toplanmasından asılı olmayaraq CM-nin 237-ci maddəsi ilə tövsif edilməlidir. Onun yarpaqlarının toplanmasına görə əlavə ittiham verilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası CM-nin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 25 fevral 2013-cu il tarixli qərarında da göstərilmişdir ki, CM-nin 237.1-ci maddəsi ilə əməlin tövsif edilməsi üçün narkotik tərkibli bitkilərin, onların hissələrinin istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Külli miqdar narkotik vasitələrin (qurudulmuş və ya qurudulmamış) miqdarı məsələsi həll edilərkən isə bu barədə qanun qəbul edilənə kimi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»a əsasən həll edilməlidir. Konstitusiya Məhkəməsi toplanmış narkotik vasitələrin (qurudulmuş və ya qurudulmamış) miqdarı məsələsi həll edilərkən bu barədə qanun qəbul edilənə kimi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»a istinad edilməsini göstərməklə də əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması anlayışı ilə narkotik vasitənin əldə edilməsi anlayışını bir- birindən ayırmışdır. Bu həm də onu ehtiva edir ki, narkotik tərkibli bitkinin əkilib becərilməsinə görə bir maddə, onun hissəsi yığıldıqda isə digər bir maddə də verilməsi düzgün deyildir. Bu ona gətirib çıxarır ki, ağac kökü üstə olanda, bütov olanda bir maddə ilə, həmin ağacın hissələri toplandıqda isə həm ağaca görə, həm də onun hissələrinə görə əməl tövsif edilməlidir. Bu bir əmələ görə şəxsin təkrar cəzalandırılması anlamına gətirib çıxarar. Təfsir isə əməlin ağırlaşdırması halına görə edilə bilməz. Odur ki, bu halda əməlin tövsifi üçün narkotik tərkibli çətənə bitkilərini satış və ya satış məqsədi olmadan əkilməsinin, həmin çətənə bitkilərinin hissələri olan yarpaqlarının satış və ya şəxsi istehlak üçün toplanmasının əməlin tövsifinə heç bir əhəmiyyəti yoxdur. Hətta, təqsirləndirilən şəxslər həmin narkotik tərkibli çətənə bitklərini satış məqsədi ilə əkib becərmələrini, onun hissələrini satış məqsədi ilə toplamalarının bildirsələrdə əməlin CM-nin 237-ci maddəsində başqa, başqa maddəyə də tövsif edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»a əsasən isə çətənə bitkisi kolları 15 ədəddən çox olduqda külli miqdarı təşkil edir .Təqsirləndirilən şəxs aşkar edilən çətənə bitkisi kolları 60 ədəd olmuşdur ki, bu da külli miqdar təşkil edir. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli CM-nin 237.2.3-cü maddəsinə düzgün olaraq tövsif edilmişdir. CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham isə CM-nin 237.2.3-cü maddəsi ilə əhatə olunduğunda “CM-nin 234.1-ci maddəsi” rəqəm ifadəsi ona verilmiş ümumi ittihamdan çıxarılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi barədə məlumat yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası verilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2020-ci ildə şübhəli şəxs kimi tutulmuş və xx xxxx 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid edildiyindən CMnin 56.1.2-ci maddəsinə əsasən o, təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Ekspertiza xərci 35 (otuz beş) manat 97 ( doxsan yeddi ) qəpik təşkil edir. Həmin pul təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Heydər oğluna verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan «rəqəm ifadəsi» xaric edilsin. CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu müddət həmin cəzaya hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 35 (otuz beş) manat 97 ( doxsan yeddi ) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 60 ədəd çətənə bitkisi və 4 kq 394,90 qram qurudulmamış marixuana məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X4 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar